Xalçaçılıq
sənaye üsulu ilə inkişaf
etməlidir
Prezidentin müvafiq
qurumların qarşısına qoyduğu
bu vəzifə tezliklə reallaşacaq
Ölkə iqtisadiyyatının müəyyən sahələrinin inkişafı qəbul olunan qərarlardan və yatırılan sərmayələrin həcmindən asılıdır. Milli-mədəni irsimizlə bağlı sahələrin inkişafı isə hər bir ölkə vətəndaşının bu sahəyə xüsusi rəğbəti və sevgisindən keçir. Məsələn, Yaponiya ən çox ipək geyimlərdən istifadə edən ölkədir. Bunun səbəbi yaponların milli geyimlərinə, qədim ənənələrinə olan sonsuz sədaqətidir. Min illər keçəndən sonra müasir yaponlar avropalılar kimi geyinsə də, ənənəvi olaraq ipəkdən tikilən milli geyimlərə xüsusi rəğbət bəsləyir, bunu həyatlarının ayrılmaz bir hissəsi sayırlar.
Bu baxımdan xalça hər bir azərbaycanlı üçün xüsusi məna kəsb edir. Təsadüfi deyil ki, Azərbaycan xalçaları UNESCO-nun qeyri-maddi irsi kimi tanınır. İndi Azərbaycanın xalça brendi dünya bazarında layiqli yer tutur. Keçmiş SSRİ-də ilk dəfə xalça muzeyi də Bakıda yaradılmışdır. Prezident İlham Əliyevin sərəncamı ilə Bakıda - Dənizkənarı Milli parkda Xalça Muzeyinin tikilən yeni unikal binası isə Azərbaycan memarlığında nadir nümunələrdən sayılır.
Bu ilin əvvəlində Moskvada açılmış Azərbaycan xalçasının böyük qalereyası tamaşaçıların sonsuz marağına səbəb olmuşdur, başqa sözlə desək, xalçamız şimal paytaxtında dan ulduzu kimi parlamışdır. Qalereyada ipək və yundan 9 xalçaçılıq məktəbinin nümunələri sərgilənmişdir. Təkcə bu fakt onu göstərir ki, Azərbaycan xalçası yeni ölkələr fəth edir. Biz Azərbaycan xalçalarını dünyada tanıtdıqca, onun təbliğini gücləndirdikcə yeni iqtisadi imkanlardan başqa, həm də özümüzü, milli mədəniyyətimizi dünyaya daha yaxından tanıtmaq şansı qazanırıq. Bu yerdə tarixdən kiçik bir misal gətirək: XVI əsrdə Azərbaycana gələn ingilis səyyahı Antoni Cenkinson Şamaxıda Abdulla xanın yay iqamətgahındakı qızıl-gümüş saplarla toxunmuş xalça haqqında məlumat alır. Yüz il sonra holland səyahətçisi Yan Streyts isə Şamaxı hakiminin atının üstünə salınan çulun qızıl saplarla toxunub mirvari və qiymətli qaş-daşlarla bəzədildiyindən yazır.
Hazırda bölgələrimizdə 10 xalça istehsalı müəssisəsinin, Sumqayıtda əyirmə-boyama müəssisəsinin yaradılması nəzərdə tutulur. Həmin müəssisələrdə 1700-ə yaxın iş yerinin açılması planlaşdırılır. Xalça istehsalı ilə məşğul olan müəssisələrin sayının gələcəkdə 30-a çatdırılması və həmin müəssisələrdə 5000 nəfərin işlə təmin olunması gözlənilir. Bununla yanaşı, “Azərbaycanda xalçaçılığın inkişafı üzrə Dövlət Proqramı”nın layihəsi üzərində iş gedir. Bir sözlə, günün reallığı ondan ibarətdir ki, Azərbaycan xalçalarının əsrlər boyu qazandığı şöhrəti geri qaytarmaq, onun dünya bazarındakı əvvəlki mövqeyini bərpa etmək istiqamətində tədbirlər görülür.
Ölkədə bugünün özündə xalçaçılıqla məşğul olan onlarla kiçik müəssisə mövcuddur. Xalçaçılığın inkişafının sənaye üsuluna keçirilməsi və həmin işdə dövlət dəstəyi bu sahənin uzaq perspektivlərini yaxınlaşdırır. Son illər bir çox sahələr kimi, xalçaçılığın da inkişafına ən yüksək səviyyədə diqqət artır. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Prezidentin bu ilin may ayının 5-də imzaladığı sərəncam ölkədə xalçaçılığın inkişafına geniş yol açır.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında da bu sahəyə ətraflı toxunmuşdur: “Bu yaxınlarda “Azərxalça” Səhmdar Cəmiyyəti yaradılıbdır. Xalçaçılıq sənəti bizim milli sərvətimizdir. Əsrlər boyu Azərbaycan xalçaçılığı inkişaf etdirilibdir və Bakının mərkəzində - bulvarda açılmış Xalça Muzeyi həm özlüyündə bir memarlıq əsəridir və eyni zamanda, bizim qədim sənətimizi bütün dünyada nümayiş etdirir. Ancaq əfsuslar olsun ki, xalçaçılıq sənaye kimi Azərbaycanda az inkişaf edib. Ancaq fərdi qaydada bu sahə ilə məşğul olanlar xalça toxuyurlar və bunu həm ölkə daxilində, həm də xaricə sata bilirlər”. Dövlət başçısı qeyd etmişdir ki, bu sahədə ölkəmizin böyük ənənələri mövcuddur. Xalça sənəti Azərbaycan xalqının böyük sərvətidir və dünya miqyasında biz qabaqcıl yerlərdəyik. Azərbaycan xalçaları məktəblərə, rəng və naxışlarına görə bənzərsizdir. Hər xalça, demək olar ki, bir sənət əsəridir. Məhz bu amilləri nəzərə alan dövlətimiz belə qərar qəbul edib ki, xalçaçılıq ölkəmizdə kortəbii yox, məqsədyönlü şəkildə inkişaf etsin. Gündəmə çıxan problemlər həllini sürətlə tapsın.
Xalçaçılığın inkişafı ölkənin ən qədim sənət növlərindən birinə yeni həyat verəcək, minlərlə insan yeni iş yerləri ilə təmin olunacaq. Məsələlərin kompleks həlli xalçaçılıq sənayesinin yaradılmasına imkan verəcək. Digər tərəfdən isə, Azərbaycan xalçalarının qədim şöhrətinin özünə qaytarılması milli-mədəni dəyərlərimizi daha geniş təbliğ etməklə yanaşı, ixracyönümlü məhsul kimi ölkəmizə böyük həcmdə valyuta gətirəcək.
Dövlət başçısı qısa müddət ərzində bu sahə üzrə nə etmək barədə də iclasda məlumat vermişdir: “Artıq bütün struktur məsələləri öz həllini tapıb. Eyni zamanda Prezident Administrasiyasına göstəriş verilib ki, müxtəlif bölgələrdə yerlər ayrılsın və xalçaçılıqla məşğul olanlar orada işləsinlər. Göstəriş artıq icra edilir. Dövlət tərəfindən bütün lazımi avadanlıqlar, dəzgahlar təmin edilir və ediləcək. Birinci mərhələdə min və ondan sonrakı mərhələlərdə 5 min iş yeri açılacaq. Həm məşğulluq təmin olunacaq - xüsusilə nəzərə alsaq ki, daha çox qadınlar bu işlərlə - toxuculuqla, xalçaçılıqla məşğuldurlar, - biz qadınları işlə təmin edəcəyik və həm də ixrac məhsulu yaranacaq. Beləliklə, biz burada bir neçə məqsədə nail olacağıq”.
Bahadur İMANQULİYEV,
Azərbaycan.- 2016.- 11
sentyabr.- S. 8.