İstedadlı
tarzən
Ömrünü çox sevdiyi musiqiyə, xüsusən muğam və segaha həsr edən Rafiq Rüstəmovun yaradıcılıq yolundan söz açan məqalə, portret-oçerk, radio-televiziya verilişləri kifayət qədərdir. Onun haqqında belə yazılardan biri də bu yaxınlarda London mətbuatında işıq üzü görmüşdür. Rafiq Rüstəmov Londonda və Avropanın digər şəhərlərində, dövlət tədbirlərində və konsertlərdə tarda ifa etdiyi muğamlarla tamaşaçıları heyrətləndirmişdir.
1945-ci ildə Ağdamda dünyaya göz açan Rafiq Rüstəmov erkən, daha doğrusu, 12 yaşından konsertlərdə ifaya başlayıb və musiqi müsabiqələrində iştirak edib. Atası Rəhim Rüstəmov dövrünün söz adamı kimi tanınıb. Balaca Rafiqdəki səsin musiqili olduğunu duyub. Buna görə də onun Ağdam Uşaq Musiqi məktəbində oxumasını istəyib və ürəyindən keçənləri gizlətməyib: “Əgər sən tarda yaxşı çalmağı bacarsan, əla bir ifaçı olsan, bu, mənim şeirlərimə ilham verəcək”.
İlk
tar müəllimi Cəlal
Əliyev olub. Ustad tarzən o illəri və ilk tar müəllimini xoş xatirələrlə xatırlayır:
“Müəllimim mənə
muğamın sirlərini
tapmağa kömək
edən musiqinin böyük bir xəritəsini çəkmişdi.
Ustadım xalq artisti,
professor Ramizin, tanınmış
gitaraçı Rafiq Hüseynovun, həmçinin
Vaqif Əbdülqasımovun
da müəllimi olub. O, muğamın
yalnız klassik üslubda ifa edilməsinin vacibliyini bizə dönə-dönə
başa salar və improvizəsinə icazə verməzdi. Əlbəttə, ustadımdan öyrənmişəm
ki, 15 muğamın yeddisi əsas, səkkizi isə köməkçi sayılır.
İndiyə kimi hər hansı ustad sənətkarın muğam
yaratdığını eşitməmişəm.
Tarın
imkanları çoxdur.
Amma müəllimimdən öyrənmişəm
ki, muğam və segah necə
yaradılıbsa, eləcə
də ifa edilməlidir. Bunun üçün tar yaxşı
köklənməlidir ki,
tarzən özünü
tələbkar tamaşaçı
auditoriyasında sərbəst
apara bilsin, öz ifasından zövq alsın. Tarın 11 simi və 17 pilləli səs düzümü var. Bu nizam
1870-ci ildə ölməz
ustad sənətkarımız
Sadıqcan tərəfindən
yaradılıb. Tar musiqi
aləti kimi yalnız bizdə deyil, bir çox
Şərq xalqlarının
ansambllarında solo statuslu
alət kimi qəbul edilir. Amma Azərbaycan tarı ilə, məsələn,
İranınkının arasında
xeyli fərq var. İran tarı bizimkindən tembrinə, sim sayına, səsinə və düzəlmə materialına
görə fərqlənir.
Bizim tar dövlətimizin,
həmçinin Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı Mehriban Əliyevanın milli mənəvi sərvətlərimizə
qayğısı sayəsində
UNESCO-nun Qeyri-Maddi Mədəni
İrs Siyahısına
daxil edilərək beynəlxalq miqyasda qorunur”.
Rafiq Rüstəmov söyləyir ki, muğamın bütün sirlərini - incəliklərini, fəlsəfəsini - janrların mənasını şagirdlərinə həvəslə öyrədib. Ustad tarzəndən dərs alan Rafiq Rüstəmov Üzeyir Hacıbəyli adına Ağdam Musiqi Texnikumuna (indiki kollec) qəbul edilib. Məktəbi bitirdikdən sonra direktor istedad və qabiliyyətini nəzərə alaraq onun müəllim kimi çalışmasını tövsiyə edib. Beləliklə, Rafiq Rüstəmov məşhur “Şur” ansamblının konsertmeysteri təyin olunub.
Nəinki musiqi, əslində, bütün sənət növləri onu yaşadanlara daim şöhrət gətirib. Muğam sənətinin tar ifaçılığı ilə bir daha sevdirilməsində böyük xidmətlər göstərən Rafiq Rüstəmov nəinki regionda, eləcə də Yaxın və Uzaq Şərqdə, Avropa məkanında tanınır. Sevilən muğamlarımız, amerikalı ilə çinlinin barmaqlarında da səsləndirilən tar Rafiq Rüstəmovun yaradıcılıq bioqrafiyasının zənginləşməsində əsas rol oynayıb. İlk dəfə şöhrət tacını o, gənclik illərində qoyub: 1974-cü ildə keçirilən Sovet Musiqi Festivalında qızıl medala layiq görülüb. Bu barədə belə deyir: “Şur” ansamblına konsertmeyster təyin olunduqdan sonra bu ali mükafata layiq görülmüşəm. 15 kitab və 150-yə yaxın qəzet-jurnalda sənətkarlığımdan və uğurlarımdan söz açılan yazılar dərc edilib. Fəxri adlara, medallara layiq görülməyimin səbəbi də məhz tar ifaçılığı sənətinə bağlılığım və məhəbbətlə sevdirməyimdir. Bəlkə, bunlardan da maraqlı isə övladlarımın hamısının muğamın adını daşımalarıdır. Qızımın adı Şahnaz, oğlanlarımınkı isə Rahab, Şüştər və Mahurdur. Baxın, həyatım muğama necə bağlıdır: muğamlar övladlarım kimi mənə doğmadır”...
Ömrünü başdan-başa muğama həsr edən Rafiq Rüstəmov ötənləri xatırlayarkən söylədi ki, Ağdamda muğam məktəbi o zaman rayon partiya komitəsinin katibi Sadıq Murtuzayevin təşəbbüsü ilə yaradılıb: “Bu musiqi ocağı Şərq dünyasında uşaqlar üçün ilk muğam məktəbi idi. Xocalıda qapı-qapı gəzib istedadlı uşaqlar axtarırdıq ki, yeni açılan məktəbə cəlb edək. Musiqi yarışmaları keçirirdik. Ən yaxşı ifaçı muğam məktəbinə qəbul edilirdi. Az sonra həmin uşaqlar “Qarabağ bülbülləri” adı ilə dünyaya səs saldılar. 1987-1989-cu illərdə Bakıda Azərbaycan Dövlət Filarmoniyasında verdiyimiz konsertlərdən sonra ardıcıl qastrol səfərləri başladı. 1988-2012-ci illər ərzində Moskvadan başlayaraq dünyanın məşhur musiqi və mədəniyyət mərkəzləri sayılan Türkiyənin Ankara, İstanbul, Tacikistanın Düşənbə, İtaliyanın Roma, İraqın Babil, eləcə də Fransa və İsveçrənin müxtəlif şəhərlərində keçirilən beynəlxalq festivalların iştirakçısı və laureatı olduq. Məhz bu illərdə bir çox ölkədə dövlət tərəfindən təşkil edilən tədbirlərdə yüksək səviyyədə iştirak etdiyimiz üçün “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görüldüm”.
Rafiq Rüstəmovun musiqi xəzinəmizin qorunub saxlanması və istedadlı uşaq və yeniyetmələrin bu sahəyə cəlb edilməsi yolundakı fədakarlığı ədəbi ictimaiyyətin də diqqətində olub. Ötən il R.Behbudov adına Dövlət Mahnı Teatrında Ağdam Muğam məktəbinin direktoru Rafiq Rüstəmovun 70 illik yubiley tədbirinin keçirilməsi də buna parlaq misaldır.
30 yaşı tamam olan Ağdam Muğam məktəbi hazırda Bakıdakı 284 nömrəli tam orta məktəbin binasında fəaliyyət göstərir. Rafiq Rüstəmovun səmərəli əməyi hesabına burada hər cür şərait yaradılıb: məktəbin foyesində muğam ocağının dünənini və bugününü əks etdirən şəkillər nümayiş etdirilir. Məktəbin muğam muzeyində Xan Şuşinskinin büstü qoyulub, korifey sənətkarların portretləri asılıb.
Vaxtilə Ağdam Muğam məktəbindən pərvazlanan sənətkarların uğur qazanmasında Rafiq Rüstəmovun xidmətləri böyük olub. Bunu böyük sənətkarlar da vurğulayır. Xalq artisti Canəli Əkbərov özünəməxsus ənənəyə malik Qarabağ muğam sənətinin Rafiq Rüstəmov kimi davamçıları olduğunu fəxrlə qeyd edir.
Rafiq Rüstəmovun ömrü hədər keçmir. Doğulduğu Qarabağdan uzaqlarda ömrünün payız fəslinə qədəm qoyan sənətkarın ruhu-canı muğam, segah olduğu üçün sabaha nikbin baxır. İnanır ki, Şuşadan, Ağdamdan, külli Qarabağdan boy verən nəğməli səslər azalmayacaq. Elə onun yetirmələrindən olan əməkdar artistlər - Firuz Səxavətlə Sevinc Sarıyevanın avazında səslənən muğam, segah və mahnılar da bu nikbinliyə köklənib.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.- 2016.- 11 sentyabr.- S. 9.