Şəmkirdə dünya alimlərinin marağında olan iki tarixi abidədə tədqiqat işləri davam etdirilir

 

Son illər respublikamızın bölgələrinin inkişafı ilə yanaşı, bir çox tarixi abidələrin üzə çıxarılaraq bərpa edilməsi istiqamətində də uğurlu addımlar atılır. Belə tarixi abidələrdən ikisi Şəmkir rayonunda yerləşir. Onlardan biri Qaracəmirli, digəri isə Muxtariyyə kəndləri yaxınlığında miladdan əvvəl V-IV əsrlərə aid yaşayış yeriböyük saray qalıqlarıdır ki, bu da yaxın gələcəkdə turizm obyekti kimi böyük əhəmiyyətə malik olacaqdır.

2006-cı ildən bu ərazidə Azərbaycan-Almaniya arxeoloji ekspedisiyası qazıntı işlərinə başlamışdır. Almaniya hökumətinin vəsaiti ilə aparılan arxeoloji qazıntılar zamanı müəyyən edilmişdir ki, burada 2500 il əvvəl şəhər tipli böyük yaşayış yeri olmuşdur. Şəhərdə saraylar və digər tikililər bir-birindən xeyli aralı olmaqla parklarla, bağlarla əhatə olunmuşdur. Divarlar əsasən çiy kərpiçlə hörülmüş, böyük binaların sütunlu portikləri və uzun kolidorları olmuşdur. Buradakı tikililəri Əhəmənilər imperiyasının şəhərləri Pasarqad, Persopol tikililəri ilə müqayisə etmək olar. Tarixdə isə ilk belə nəhəng imperiya Qərbdə Misir daxil olmaqla Şimal-Şərqi Afrikadan Şərqdə Hindistandakı Hind çayına qədər, Cənubda Hind okeanı və İran körfəzindən şimalda, Cənubi Qafqaz daxil olmaqla Böyük Qafqaz dağlarına qədər ərazini əhatə edirdi. Yunan tarixçisi Herodot bununla bağlı yazarkən həmin imperiyanın tərkibində 70-dən çox xalqın adını sadalayırdı. Əhəmənilər imperiyasında yaranan mədəniyyət bu xalqların ümumi mədəniyyəti idi ki, onlar barədə də çoxsaylı tarixi faktlar və tədqiqat əsərləri mövcuddur.

Hazırda ərazidə arxeoloji qazıntılar uğurla davam etdirilir. Beynəlxalq Şəmkir-Qaracəmirli arxeoloji ekspedisiyanın rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professor İlyas Babayev gəlişimizin məqsədini biləndə görülən işlərdən həvəslə danışdı. Dedi ki, Əhəmənilər imperiyasında yaranan mədəniyyət də həmin xalqların ümumi mədəniyyəti idi. Bu barədə çoxsaylı tarixi faktlar və tədqiqat əsərləri var. Güman edilir ki, Qaracəmirli kəndi yaxınlığında yerləşən yaşayış yeri Əhəmənilər imperiyasının bütün Cənubi Qafqazı idarə edən inzibati mərkəzi olmuşdur. Miladdan əvvəl 330-cu ildə Makedoniyalı İsgəndərin Şərqə yürüşü nəticəsində həmin imperiya süqut edərkən bu yaşayış yeri də dağılmış və məhv olmuşdur. Sonra Şimali Azərbaycan ərazisində mərkəzi şəhəri Qəbələ olan Qafqaz Albaniyası dövləti yaranmışdır. Albaniya tayfalarının birləşməsi və burada müstəqil dövlətin yaranması üçün şərait Əhəmənilər dövrünə aiddir.

İlyas Babayev onu da diqqətə çatdırdı ki, Qaracəmirli yaxınlığındakı qədim yaşayış yerində qazıntı işləri aparılarkən böyük inzibati, təsərrüfat, istehsalat ölçülərində tikintilərin və dini abidələrin qalıqları aşkar edilmişdir ki, bunların da hamısı müstəsna elmi əhəmiyyəti olan abidələrdir. Onların arasında böyük sarayın qalıqları xüsusi əhəmiyyətə malikdir. Sarayın 510 kvadratmetr ölçüdə giriş binası və 400x450 metr ölçülərində həyəti olmuşdur. Burada qazıntı zamanı propleyanın sütunlu portikləri, 4 sütunu olan mərkəzi zalı və yan otaqlarının qalıqları aşkar olunmuşdur. Əsas saray propleyadan 250 metr qərbdə yerləşərək 0,5 hektar sahəni əhatə edir. Propleya, sarayonun divarla əhatə olunmuş həyətinin ümumi sahəsi 20 hektara yaxındır. Sarayın divarları bəzi yerlərdə 1,6 metrə çatır.

Beynəlxalq arxeoloji ekspedisiyanın rəhbəri onu da bildirdi ki, hazırda nəinki Qafqazda, eləcə də bütün dünyada belə bir abidə qalıqlarına rast gəlinməyib. Elə buna görə də bu abidə beynəlxalq aləmdə diqqət mərkəzindədir. Hazırda azərbaycanlılarla yanaşı AlmaniyaGürcüstan alımləri də tarixin bir çox məqamlarına işıq salacaq həmin abidənin tezliklə öyrənilməsinə böyük həvəs göstərirlər. Hətta dünyanın bir çox ölkələrinin alimlərinin də bu arxeoloji qazıntıda iştirak etmək arzusunda olduqlarını söyləyirlər.

Son illər Şəmkirə gələn xarici turistlərin ən çox maraq göstərdikləri tarixi yerlərdən biri də qədim Şəmkir şəhər qalasıdır. Rayonun Muxtariyyə kəndinə yaxınlaşanda ilk nəzəri cəlb edən zamanın sınaqlarından keçən və günümüzədək gəlib çatan qala divarlarıdır. Qala divarının üst hissəsinə qalxanda köhnə şəhər yeri aydın görünür.

2006-cı ildən AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun Şəmkir ekspedisiyasının Muxtariyyə kəndi ərazisində apardığı arxeoloji qazıntılar zamanı ikinci bir dünya əhəmiyyətli tarixi abidə aşkar edilmişdir. Qazıntı zamanı burada qədim Şəmkir qalası bir çox tarixi faktlara işıq salmışdır. Ekspedisiyanın rəyinə əsasən şəhərin qalıqları 30 hektar ərazini əhatə edir. Qalanın düşməndən qorunması üçün 8 qülləsi və 4 qapısı olub. Məlumata görə, saray Əhəmənilər dövlətinin vaxtında inşa olunub. Qədim qala divarları aran memarlıq üslubunda işlənib. Divarın hündürlüyü 7, eni isə təxminən 2 metrdir. Divarın tikintisində istifadə olunan qırmızı kərpiclər elə bu yerdəcə kustar üsulla hazırlanıb. Digər daşlar və çaydaşları Şəmkir ərazisindən və Şəmkirçaydan toplanıb.

2013-cü ilin birinci rübünün sonlarında ərazidə yeni “Şəhristan” adlanan qədim inzibati bina və ətrafında şəhərin digər qalıq hissələri aşkar olunub. Güman olunur ki, keçmişdə İpək yolu da məhz bu ərazidən keçib. Təxminən XI əsrə aid olan köhnə körpübunu bir daha sübut edir. Ərəb, Bizans, Hulakü və Atabəylərdən sonra ərazi rusların hücumuna məruz qalıb. Qazıntılar zamanı rusların burada yaratdığı “hərbi qarnizonun qalıqları, yaşayış evləri və onlara məxsus pul vahidləri bunu deməyə əsas verir. Hazırda ərazidə qalanın digər qalıqlarını aşkar etmək məqsədilə qazıntılar davam etdirilir.

Bu abidə də miladdan əvvəl 550-ci ildən 330-cu ilədək mövcud olan Əhəmənilər imperiyasına məxsus tikililərlə müqayisə olunur. Alimlər qədim şəhərin hələlik bir neçə yerində qazıntı işləri aparırlar. Çoxlu sayda saxsı qablaro dövrün məişət əşyaları üzə çıxarılıb ki, onların da hər biri ayrıca qeydiyyata alınıb. Qədim şəhərdə yeraltı kanalizasiya xətti və yerüstü kəhrizlər də aşkarlanıb. Tarixi mənbələrə görə, monqol istilaçıları Şəmkiri dağıtdıqdan sonra XIV əsrdə onu bərpa etmək istəyiblər. Lakin şəhərin mövcudluğu üçün lazım olan sosial baza tam dağıdıldığından bu, mümkün olmamışdır.

Hazırda hər iki tarixi abidədə arxeoloji qazıntılar davam etdirilir. Söz yox ki, tədqiqat işləri başa çatdırıldıqdan sonra bu ərazilər xarici turistlər üçün əsas maraq ünvanına çevriləcəkdir.

 

Sabir ƏLİYEV,

 

Azərbaycan.- 2016.- 11 sentyabr.- S. 9.