Prezident İlham Əliyev Xətai
rayonundakı 58 nömrəli məktəbdə əsaslı
yenidənqurma işlərindən sonra yaradılan şəraitlə
tanış olub
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
13-də Xətai rayonundakı 58 nömrəli tam orta məktəbin
binasında əsaslı təmir və yenidənqurma işlərindən
sonra yaradılan şəraitlə tanış olub.
Dövlətimizin
başçısına məlumat verildi ki, məktəbdə
yeni dərs ilində şagirdlərin tədris, təlim və
tərbiyə işlərinin yüksək səviyyədə
həyata keçirilməsi üçün hər cür
şərait yaradılıb.
Tədris
ocağında ulu öndər Heydər Əliyevin və
Prezident İlham Əliyevin təhsilin inkişaf etdirilməsi
ilə bağlı gördükləri işləri əks
etdirən fotostend qurulub. Bu il məktəb üçün 20
əlavə sinif otağı, 1 informatika və 3 fənn
laboratoriyası inşa olunub. 576 şagird yerlik yeni sinif
otaqlarında təlim-tərbiyə, tədris prosesinin yüksək
səviyyədə həyata keçirilməsi
üçün bütün şərait yaradılıb.
Diqqətə
çatdırıldı ki, 58 nömrəli orta məktəbin
binası 1926-cı ildə inşa edilib. 420 yerlik məktəbdə
faktiki 900 şagird təhsil alırdı. Təbii ki, bu,
sıxlığa səbəb olmaqla yanaşı, təhsilin
keyfiyyətinə də təsirsiz
ötüşmürdü. Məktəb üçün
tikilən yeni sinif otaqları isə vəziyyəti
kökündən dəyişəcək. Yeni tədris ilindən
şagirdlər daha geniş və müasir təhsil tələblərinə
cavab verən sinif otaqlarında dərs keçəcəklər.
Kompyuter avadanlıqları ilə təchiz olunmuş siniflər,
müxtəlif tədbirlərin keçirilməsi
üçün nəzərdə tutulan akt zalı da
hazır vəziyyətə gətirilib.
Beləliklə,
dövlətimizin başçısının məktəblərin
maddi-texniki bazasının möhkəmləndirilməsi ilə
bağlı müəyyənləşdirdiyi strategiya nəticəsində
ölkəmizdə güclü təhsil infrastrukturu
formalaşıb. Milli dəyərlər üzərində
qurulan təhsil modeli isə gənc nəslin nümunəvi vətəndaş
kimi formalaşmasında mühüm rol oynayır.
Prezident
İlham Əliyev yeni dərs ilində kollektivə uğurlar
arzuladı.
AZƏRTAC
Azərbaycan.- 2016.- 15 sentyabr.- S. 1.