Prezident İlham
Əliyev Niderlandın Azərbaycanda yeni təyin
olunmuş səfirinin etimadnaməsini qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
14-də Niderland Krallığının ölkəmizdə
yeni təyin olunmuş səfiri Onno Kerversin etimadnaməsini qəbul
edib.
Səfir Onno Kervers fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Onno Kervers etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan
Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Azərbaycan ilə Niderland arasında əlaqələrin
yaxşı səviyyədə
olduğunu deyən dövlətimizin başçısı
qeyd etdi ki, ölkəmiz bu əlaqələri daha da genişləndirmək
niyyətindədir. Niderland Krallığının
Baş naziri Mark Rütte ilə beynəlxalq tədbirlər
zamanı görüşünü
xatırlayan Prezident İlham Əliyev bu ölkənin nazirlərinin və digər rəsmi şəxslərinin böyük
nümayəndə heyətləri
ilə Azərbaycana səfərlərinin əməkdaşlığımızın
genişləndirilməsi baxımından
əhəmiyyətini vurğuladı.
Dövlətimizin başçısı Niderlandın bir sıra şirkətlərinin
Azərbaycanda uğurla
fəaliyyət göstərdiklərini,
mühüm layihələr
həyata keçirdiklərini
qeyd etdi. Niderland Krallığının
Avropa İttifaqının
vacib üzvü kimi Avropa məsələlərində
mühüm rol oynadığını deyən
Prezident İlham Əliyev həm ikitərəfli, həm də Azərbaycan-Avropa İttifaqı əlaqələrinin
inkişafı üçün
çox müsbət
perspektivlərin mövcud
olduğunu bildirdi, bu əlaqələrin gələcəkdə uğurla
inkişaf edəcəyinə
əminliyini vurğuladı.
Dövlətimizin başçısı səfir Onno Kerversin bu əlaqələrin
inkişafına öz
töhfəsini verəcəyinə,
iki ölkə arasında əməkdaşlığın
uğurlu inkişafının
gələcəkdə də
davam edəcəyinə
ümidvar olduğunu bildirdi.
Niderlandın Kralı Əlahəzrət
Villem-Aleksandrın ölkəmizə
və Azərbaycan xalqına ən xoş arzularını çatdıran səfir Onno Kervers ölkələrimiz
arasında nisbətən
qısa müddət ərzində qurulan əlaqələrin dinamik
inkişaf etdiyini dedi. Daha sonra səfir
Bakının gözəlliyinin
onda dərin təəssürat yaratdığını
bildirdi. Niderland şirkətlərinin Azərbaycanda
müxtəlif sahələrdə
fəal işlər gördüyünü deyən
Onno Kervers enerji, informasiya-kommunikasiya
texnologiyaları, o cümlədən
kənd təsərrüfatı
sahələrində əlaqələrin
genişləndirilməsi üçün
yaxşı imkanların
mövcud olduğunu vurğuladı.
Prezident İlham Əliyev Niderlandın Kralı Əlahəzrət Villem-Aleksandrın
xoş arzularına görə minnətdarlığını
bildirdi, onun da ən xoş
arzularını Niderland
Kralına çatdırmağı
xahiş etdi.
AZƏRTAC
Azərbaycan.- 2016.- 15 sentyabr.- S. 3.