Bakıda 42-ci Ümumdünya Şahmat
Olimpiadasının təntənəli bağlanış mərasimi
keçirilib
Bakıda təşkil olunan 42-ci Ümumdünya Şahmat Olimpiadasının sentyabrın 13-də Milli Gimnastika Arenasında təntənəli bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycan Repsublikası Baş nazirinin birinci müavini, Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov və təşkilatın digər nümayəndələri, şahmat üzrə dünya çempionları, dövlət və hökumət rəsmiləri iştirak ediblər.
Bakının ev sahibliyi etdiyi və sentyabrın 2-dən start götürən Olimpiada indiyədək Azərbaycanda keçirilən ən kütləvi yarış kimi tarixə düşüb. Bu mötəbər yarışda 175 ölkədən 181 kişi və 142 qadın komandası mübarizə aparıb. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstəricidir. Azərbaycan bu Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunub.
On bir turdan ibarət yarışlarda kişilərin mübarizəsində aktivində 20 xal olan ABŞ millisi çempion adını qazanıb. Eyni xala malik Ukrayna isə ikinci yeri tutub. Rusiya millisi isə 17 xalla bürünc medal qazanıb. Hesabında 15 xal olan əsas komandamız yarışı 12-ci sırada tamamlayıb. İkinci yığmamız 14 xalla 26-cı, üçüncü komandamız isə 13 xalla 49-cu pillədə yer alıb.
Qadınların yarışında qalib adını 20 xalla Çin şahmatçıları qazanıblar. Hesabında 17 xal olan Polşa ikinci, Ukrayna isə üçüncü pillədə yer alıb. Azərbaycanın əsas komandası yarışı 16 xalla 8-ci pillədə başa vurub. On üç xal toplayan üçüncü komandamız 30-cu, ikinci yığmamız isə 32-ci olub.
Mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sonra E, D, C, B, A kateqoriyaları üzrə qaliblər mükafatlandırılıb.
Mükafatları şahmatçılara turnirin direktoru Panayotis Nikolopulos və Olimpiadanın baş hakimi Faiq Həsənov təqdim ediblər.
Lövhələr üzrə fərdi mükafatları qadın və kişi şahmatçılara Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov verib.
Birinci lövhə üzrə qalibləri Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov mükafatlandırıb.
42-ci Ümumdünya Şahmat Olimpiadasında qadınların yarışında müvafiq olaraq, ilk üç pilləni tutan Çin, Polşa və Ukrayna komandalarına medalları Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov təqdim edib.
Qadınların yarışında Olimpiadanın qalibi Çin millisinə Vera Mençik kuboku da təqdim olunub.
Bakı Şahmat Olimpiadasında kişilərin yarışında ilk üç yeri tutan ABŞ, Ukrayna və Rusiya millilərinə medalları FIDE-nin prezidenti Kirsan İlyumjinov verib.
ABŞ millisi, həmçinin
Hamilton Russel kuboku ilə təltif edilib.
Sonra Nona Qaprindaşvili
kubokunun qalibləri mükafatlandırılıb. Mükafatı qadınlar arasında şahmat üzrə beşqat dünya çempionu Nona Qaprindaşvili
təqdim edib.
Mükafatçılara Azərbaycanın milli geyimlərinin əsas komponentlərindən olan papaq və şal
da hədiyyə edilib.
Mərasimdə qalib komandaların şərəfinə dövlət
himnləri səsləndirilib.
Mükafatlandırma mərasimindən
sonra çıxış
edən FIDE-nin prezidenti Kirsan İlyumjinov 42-ci Ümumdünya
Şahmat Olimpiadasının
yüksək səviyyədə
təşkilinə görə
Azərbaycan dövlətinə
təşəkkürünü bildirərək deyib: “Yarışın təşkilatçıları
irimiqyaslı şahmat
turnirlərinin təşkilində
yeni standart müəyyənləşdirdilər. Növbəti Olimpiadanın
təşkilatçıları bu səviyyəyə nail olmaq üçün çox çalışmalıdılar.
Biz bu gün
möhtəşəm yarışı
başa vururuq. Ancaq sabah
minlərlə gənc
qız və oğlan idmanın bu növü ilə məşğul olmağa başlayacaq və şahmatın incəliklərini öyrənməyə
çalışacaqlar. İnanıram ki, biz qonaqpərvərliyi
ilə seçilən
Azərbaycana yenidən
qayıdacağıq”.
Şahmatın inkişafına davamlı
dəstəyinə görə
Prezident İlham Əliyevə təşəkkürünü
bildirən Kirsan İlyumjinov ölkəmizin
mötəbər beynəlxalq
yarışlara həmişə
yüksək səviyyədə
ev sahibliyi
etdiyini, idmançıların
və qonaqların Azərbaycandan xoş təəssüratlarla ayrıldığını
vurğulayıb.
Sonra FIDE-nin bayrağı arenaya gətirilib və beynəlxalq şahmat qurumunun himni səsləndirilib.
Növbəti Olimpiadanın keçiriləcəyi
ölkəyə FIDE-nin
bayrağının təqdim
edilməsi üçün
Azərbaycanın gənclər
və idman naziri Azad Rəhimov və Gürcüstanın
idman və gənclərlə iş üzrə naziri Tariel Xeçikaşvili səhnəyə dəvət
olunublar.
Gənclər və idman naziri Azad Rəhimov 42-ci Ümumdünya Şahmat Olimpiadasının müvəffəqiyyətlə
başa çatması
münasibətilə təbriklərini
çatdıraraq deyib:
“Ümid edirəm ki, qonaqlar ölkəmizdən
xoş təəssüratlarla
ayrılacaqlar. 175 ölkədən ən güclü şahmatçıların
mübarizə apardıqları
dünyanın ən mötəbər şahmat
turnirinin yüksək
səviyyədə keçirilməsi
həqiqətən böyük
uğurdur”.
Azərbaycanın mötəbər beynəlxalq
tədbirlərə və
yarışlara yüksək
səviyyədə ev sahibliyi etdiyini diqqətə çatdıran nazir gələn il ölkəmizdə daha bir irimiqyaslı yarışın – IV İslam
Həmrəyliyi Oyunlarının
keçiriləcəyini bildirib.
A.Rəhimov növbəti
Olimpiadaya ev
sahibliyi edəcək Gürcüstana müvəffəqiyyətlər
arzu edib.
Gürcüstanın idman və gənclərlə iş üzrə naziri Tariel Xeçikaşvili
növbəti – 43-cü Olimpiadanın
Batumidə təşkil
olunacağını vurğulayaraq,
bu baxımdan azərbaycanlı həmkarlarının
təcrübələrindən yararlanmaq üçün
səmərəli əməkdaşlığın
önəmini xüsusi
vurğulayıb. Ölkələrimiz arasında bir çox sahələrdə
uğurlu dostluq və əməkdaşlıq
əlaqələrinin mövcudluğunu
qeyd edən qonaq buna görə
Gürcüstan hökuməti
adından minnətdarlığını
bildirib.
Gürcüstan şahmat məktəbinin uğurlarından danışan
T.Xeçikaşvili 2018-ci ildə
43-cü Ümumdünya Şahmat
Olimpiadasının Batumidə
yüksək səviyyədə
keçiriləcəyinə əminliyini ifadə edib. O, rəhbərlik etdiyi
İdman və Gənclərlə İş
üzrə Nazirliyin, həmçinin ölkəsinin
Şahmat Federasiyasının
bu istiqamətdə əlindən gələni
edəcəyini bildirib.
Qonaq çıxışının
sonunda Gürcüstanda
idmanın, o cümlədən
şahmatın inkişafına
göstərdiyi fəal
dəstəyə görə
Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinə (SOCAR) minnətdarlığını
bildirib.
Çıxışlardan sonra FIDE prezidenti Kirsan İlyumjinov 42-ci Ümumdünya Şahmat Olimpiadasını bağlı
elan edib.
Daha sonra 2018-ci ildə
43-cü Ümumdünya Şahmat
Olimpiadasına ev sahibliyi edəcək Batumi şəhəri
ilə bağlı videoçarx nümayiş
olunub.
Mərasim Gürcüstanın “Kaxaberi
and Xanums” musiqi qrupunun çıxışı
ilə davam edib.
Sonda Azərbaycanın
Əməkdar Artisti Sevda Ələkbərzadənin
ifa etdiyi “Sarı gəlin” mahnısı tamaşaçılar
tərəfindən yüksək
coşqu ilə qarşılanıb.
Azərbaycan.- 2016.- 15 sentyabr.- S. 11.