Bakı Olimpiadası şahmat tarixinə düşdü

 

 

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadası başa çatmışdır. Yüksək səviyyədə təşkil olunmuş mötəbər yarış həm iştirakçılar, həm qonaqlar, həm də FIDE rəsmiləri tərəfindən bəyənilmiş və müsbət dəyərləndirilmişdir. Olimpiada zamanı 10 minlərlə insan turnirin keçirildiyiBaku Crystal Hallda yaradılan sərgi salonunu, əyləncə guşələrini böyük maraqla ziyarət etmişdir. Bu yarışlar ölkəmizdə şahmatın daha da inkişafına böyük təkan verəcək.

Xatırladaq ki, Azərbaycanda keçirilən ən kütləvi yarış kimi tarixə düşmüş Olimpiadada 175 ölkədən 181 kişi və 142 qadın komandası medallar uğrunda mübarizə aparırdı. Bu, ölkələrin sayına görə, olimpiadalar tarixində rekord göstərici idi. Ölkəmiz bu yarışlarda üç qadın və üç kişi komandası ilə təmsil olunurdu.

Əsas ümidlər Azərbaycanın kişilərdən ibarət komandası ilə bağlı idi. Yüksək reytinqə malik beynəlxalq qrossmeysterlərimiz Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Eltac Səfərlidən ibarət komandamız medallar uğrunda mübarizə aparacağı gözlənilirdi.

İki dəfə Avropa çempionu olmuş, ötən Olimpiadada 2-5-ci yerləri bölüşmüş şahmatçılarımız doğma divarlar arasında təbii ki, daha uğurlu çıxış etməli idi. İlk dörd turda qələbə qazanan komandamız ümidləri bir az da möhkəmləndirmişdi. Lakin sonradan Hindistan, Yunanıstan, Rusiya və İngiltərə yığmaları ilə oyunlarda itirilən xallar medal ümidlərimizin üzərindən xətt çəkdi. Naydiç imkanlarından aşağı səviyyədə çıxış etmiş, Məmmədyarov və Rəcəbov inamlı təsir bağışlamamışlar. Müəyyən dərəcədə Rauf Məmmədovun və gənc Eltac Səfərlinin çıxışını qənaətbəxş hesab etmək olar.

Əsas komandamızın kapitanı Aleksey Dreyev şahmatçılarımızın zəif çıxışını Teymur Rəcəbovun oyun praktikasının az olması ilə və psixoloji təzyiqlə əlaqələndirmişdir. Öz növbəsində, komandanın məşqçisi fransalı, beynəlxalq qrossmeyster Etyen Bakro “belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan” - deyə bildirmişdir: “Heç vaxt nəinki hansısa partiyanın, ümumiyyətlə matçın necə nəticələnəcəyini bilmirsən. Təbii ki, ümidlərimiz böyük idi... Bəzən kiçik nüanslar lazımi nəticənin qazanılmasına mane oldu”.

Yekunda kişilərdən ibarət əsas komandamız 15 xal toplayaraq yarışları 12-ci pillədə başa vurmuşdur. Azərbaycan-2 komandası 14 xalla 26-cı olmuşdur. Üçüncü komandamız isə 13 xalla 49-cu pillədə qərarlaşmışdır.

Olimpiadanın qalibi isə 20 xal qazanan ABŞ millisi olmuşdur. Eyni xala malik Ukrayna yığması əlavə göstəricilərə görə ikinci yerdə qərarlaşmışdır. Üçüncü yeri isə 18 xalla Rusiya millisi tutmuşdur.

Qadınlardan ibarət Azərbaycan-1 komandasının qarşısına isə ilk onluqda yer almaq vəzifəsi qoyulmuşdur. İnamlı təsir bağışlayan şahmatçılarımız (Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Gülnar Məmmədova, Aydan Höcətova və Nərmin Kazımova) ilk 7 turda məğlubiyyətsiz çıxış etmişlər. Səkkizinci turda gələcək çempionlara - Çin idmançılarına və Olimpiadanın bürünc mükafatçısı Ukrayna yığmasına məğlub olan komandamız sonradan toparlanaraq KolumbiyaMalayziya üzərində qələbə qazanmışdır. Beləliklə, yekunda 8-ci yeri tutan qadın şahmatçılarımız ümidləri doğrultmuşlar. İkinciüçüncü komandalarımız hərəyə 13 xal qazanmışdır. Lakin əlavə göstəricilərə görə Azərbaycan-3 şahmatçıları 30-cu, Azərbaycan-2 komandası isə 32-ci yeri tutmuşlar.

Olimpiadanın qalibi isə 20 xal toplayan Çin şahmatçıları olmuşdur. Polşa yığması 18 xalla 2-ci yeri tutmuş, Ukrayna millisi isə 17 xalla 3-cü yerə yiyələnmişdir.

Komandalarımızın çıxışına Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov da münasibət bildirmişdir. O, nəticələrə görə təəssüfləndiyini bildirmiş və şahmatçılarımıza Olimpiadadan öncə hər cür şərait yaradıldığını vurğulayaraq nisbətən zəif çıxışı psixoloji amillərlə əlaqələndirmişdir.

“Komandalarımız güclü hazırlıq keçmişlər. Lakin bu idmandır və hər dəfə arzulanan nəticə qazanmaq mümkün olmur. Ola bilər ki, komandamızda haradasa psixoloji sınma yaranmışdır... Bununla belə, həyat davam edir. Olimpiadanın təşkili baxımından nəticələr əladır. Yarışların gedişində heç bir mənfi hal yaşanmamışdır. Əfsuslar olsun ki, Olimpiada artıq başa çatdı. Təşkilat və Əməliyyat Komitəsinin üzvləri bu mötəbər yarışların yekunlaşmasına görə təəssüflənirlər. Sponsorlara dərin minnətdarlıq etmək istərdim. Onların iştirakı Olimpiadanı gözəl edən amillərdən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmış və Baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi Təşkilat Komitəsi işinin öhdəsindən layiqincə gəlmişdir” - deyə Mahir Məmmədov bildirmişdir.

Ölkəmizdə, xüsusilə regionlarda şahmatın yüksək sürətlə inkişaf etdiyini vurğulayan federasiya rəsmisi böyük idmançı və məşqçi ordusunun yetişdiyini qeyd etmişdir. Şahmat qarşıdakı illərdə ölkəmizdə daha da inkişaf edəcək və Azərbaycan yenə də mötəbər yarışların ev sahibi olacaq.

Olimpiadanın keçirildiyi günlərdə Bakıda həm də FIDE-nin 87-ci konqresi baş tutmuşdur. Tədbirdə çıxış edən FIDE prezidenti Kirsan İlyumjinov 42-ci Ümumdünya Şahmat Olimpiadasının uzun müddət yaddaşlardan silinməyəcəyini əminliklə vurğulamışdır: “Olimpiadanın təşkilində əməyi olan hər kəsə təşəkkür edirəm, onlaraçox sağ ol” deyirəm. Eyni zamanda Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin işini qeyd etməyə bilmərəm. 2016-cı ildə mütəmadi olaraq nümayəndələrimiz hazırlıqla tanış olmaq üçün Azərbaycana səfər ediblər. Hər zaman Əməliyyat Komitəsində gərgin getdiyi barədə məlumat verirdilər. Bu gün həmin işin nəticəsini bütün dünya görür. FIDE adından Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin üzvlərinə, komitənin direktoru Mahir Məmmədova minnətdarlığımızı bildiririk”.

Çıxışının sonunda Kirsan İlyumjinov Bakı Şahmat Olimpiadasının yüksək təşkilatçılığı və şahmatın inkişafındakı xidmətlərinə görə Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədova xüsusi mükafat təqdim etmişdir.

Konqresdə qərara alınmışdır ki, 44-cü Ümumdünya Şahmat Olimpiadası 2020-ci ildə Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilsin.

Bakı Şahmat Olimpiadası tarixin yaddaşına qovuşdu. Növbəti 43-cü Ümumdünya Şahmat Olimpiadası isə 2018-ci ildə Gürcüstanın Batumi şəhərində keçiriləcək.

 

Rizvan CƏFƏROV,

 

Azərbaycan.- 2016.- 15 sentyabr.- S. 11.