Əsl məhəbbət dastanı

 

Yaxud yarım əsr birgə yaşamaq və yaratmaq hikməti

 

İki tarixçi, iki elmlər doktoru və professor, ömrünü Azərbaycan elminin inkişafına, eləcə də gənc alimlərin yetişməsinə həsr etmiş iki fədai. Nikbin xasiyyətli, geniş ürəkli, lakin prinsipial, ədalətli və ciddi iki insan. Tək-tək insanların həyat yolları, əqidə və amalları bu cür oxşar olur. Şair “iki ömür yolu - bir dəmir yolu” deyəndə, bəlkə də, eyni yolu tutub əl-ələ verərək bir istiqamətdə irəliləyən iki beləsini nəzərdə tutub?!.

Bir müdrik isə qadınla kişini həyatın qoşa akkordu adlandırıb. Tamilla Musayeva və Adil Məmmədov səslərini birləşdirərək bir akkord, sözlərini birləşdirərək bir imza yaradıb, yollarını birləşdirərək həyatda birgə addımlayıblar. Hər ikisi gənc yaşlarından taleyini AMEA-nın Bakıxanov adına Tarix İnstitutu ilə bağlayıb. Ulduzları da burada barışıb. Amma bu, uzun illərin tanışlığından, aralarında iş yoldaşı kimi yaranan xoş və saf münasibətlərdən, həmkar kimi sıx əməkdaşlıqdan sonra baş verib. Bəlkə də, qismət, alın yazısı belə imiş...

Onları yaxından tanıyaq: tarix elmləri doktoru, professor, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Tamilla Musayeva. 1931-ci ildə Bakıda anadan olub. AMEA-nın Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın müasir tarixi şöbəsinin baş elmi işçisidir.

Tamilla xanımın tədqiqatlarının dairəsi genişdir. Əsasən isə alimi Azərbaycan qadınlarını azadlıq və bərabərliyə aparan mürəkkəb yollarının öyrənilməsi, onların təhsili, ölkənin ictimai-siyasi və iqtisadi həyatına cəlb edilməsi məsələləri maraqlandırır. Elmi axtarışlarının mövzusu ilk dəfə olaraq Azərbaycanda və bütün Cənubi Qafqazda keçirilən bitərəf qadınların qurultaylarının və konfranslarının materiallarını aşkara çıxarmaq, qadınların azadlığa qovuşması prosesində bu tədbirlərin rolunu göstərməkdir. 100-dən çox elmi əsərin, o cümlədən 4 monoqrafiyanın müəllifidir.

Tamilla Musayeva “Azərbaycan tarixi” kimi ümumiləşdirilmiş 3 və 7 cildlik əsərlərin yazılmasında yaxından iştirak edib. Azərbaycanın tarix elmini beynəlxalq elmi konfrans və simpoziumlarda layiqincə təmsil edib. Elmi kadrların hazırlanmasında böyük əməyi olub. Çalışdığı institutun və ölkənin ictimai həyatında fəal iştirak edir. Uzun illər Bakı Şəhər Qadınlar Şurasının üzvü olub.

Adil Məmmədov institutun şöbə müdiridir. 1929-cu ildə Ağdam rayonunun Seyidli kəndində anadan olub. “Azərbaycan tarixi”nin 3-cü cildində ölkədə iqtisadiyyatın inkişafı, fəhlə sinfinin formalaşması və sosializm yarışının genişlənməsinə aid bölməni yazıb. Həmçinin “Azərbaycan tarixi oçerkləri”, “Bakı şəhərinin tarixi”, “Gəncə şəhərinin tarixi” kimi nəşrlərin müəlliflərindən və redaktorlarından biridir.

Adil müəllim də bir çox gənc alimlərin elmi rəhbəri, dissertasiya müdafiəsi zamanı opponenti olub. Əsas vəzifəsindən və elmi tədqiqatlarından əlavə ictimai işlərdə fəal iştirak edib. Uzun illər AMEA-nın Rəyasət Heyəti nəzdində milli məsələlər üzrə elmi şuranın, respublika “Bilik” cəmiyyətinin, “Azərbaycan arxivi” jurnalının redaksiya heyətinin üzvü olub.

Adil müəllimin Azərbaycan kişilərinin əksəriyyətinə xas olan bir xüsusiyyəti var. O, “sevirəm” deməyi xoşlamır. Bəlkə də bu sözü heç vaxt deməyib. Amma sevməyinə möhkəm sevib və bunu əməlləri ilə sübut edib. O, bu barədə heç danışmağı da sevmir. Tamilla xanım isə bir-birini tanıdıqları və sonra birgə yaşadıqları onilliklər ərzində baş verənləri xatırlayaraq həvəslə danışır:

- O, instituta məndən əvvəl gəlmişdi, aspiranturada oxuyurdu. Mən də universiteti (BDU-nu - red.) bitirəndən sonra buraya işləməyə gəldim. Beləcə tanış olduq. Eyni şöbədə çalışırdıq. Vaxt keçdikcə mənə qayğı göstərdiyini hiss edirdim. Gah nə isə alıb gətirirdi, gah da hədiyyə bağışlayırdı. İşdə çətinliyim olanda dərhal kömək əlini uzadırdı. Sonrakı hisslərimiz də yavaş-yavaş yarandı və getdikcə möhkəmləndi.

Bu cütlüyə görə, birgə həyat quranların arasında mütləq sevgi olmalıdır. Lakin ailənin möhkəmliyi üçün bu, azdır! Ümumi maraqlar üst-üstə düşməli, ər və arvad arasında qarşılıqlı hörmət hökm sürməlidir. Başqa sözlə, əsl sevgi qadınla kişinin eyni istiqamətdə baxması deməkdir. Bu, ailənin uzunömürlü olması üçün mühüm şərtdir. Müsahiblərimizin fikrincə, müasir dövrdə boşanmaların sayının çox olmasının səbəbi də məhz ailədə qadınla kişinin bir-birini anlamamasında, bəlkə də anlamaq istəməməsində, yaxud buna heç çalışmamasındadır.

“Biz bir-birimizə həmişə sevgi və hörmətlə yanaşmış, kömək etmişik. - Tamilla xanım belə deyir. - Mən rus dilində təhsil almışam. Odur ki, əsasən bu dildə mütaliə edir və yazıram. Ana dilində işləməli olanda müəyyən bir çətinliyim yaranarsa, Adil mənə kömək edir. O isə əksinə, Azərbaycan dilində oxuyub və bu dildə yazıb-yaradır. Əgər elmi işləri ilə bağlı Adilə rus dilində ədəbiyyata, mənbələrə müraciət etmək lazım gəlirsə, o zaman mən ona kömək edirəm. Zərurət yarananda biz bir-birimizin məqalələrini tərcümə də edirik”.

Bir çox məqalə və monoqrafiyalar da var ki, onları bu iki alim birgə yazıb və əsərin altından qoşa imza atıblar.

Adil müəllimin fikrincə, istər kişinin, istərsə də qadının öz həyat yoldaşı üçün məsuliyyət hissi olmalıdır. Onlar bir-birini qorumalı, qayğı ilə əhatə etməlidirlər!

Odur ki, bu evdə iki nəfərin bir-birinin başına pərvanə kimi dolanması təsadüfi deyil. Birinin başı ağrıyanda digəri özünə yer tapa bilmir və onların hər ikisi bunu çox təbii sayır, heç gizlətməyə də çalışmır. Hər ikisi onlara kiminsə qulluq etməsindən xoşlanmır. Əksinə, bir-birinə qayğıdan zövq alırlar.

Tamilla xanım deyir ki, mən heç vaxt bazar-dükan tanımamışam. Yəni əsas bazarlığı Adil edib. Kommunal xərcləri həmişə səliqə ilə özü ödəyib.

Ümumən götürəndə isə, bu ailədə konkret iş-vəzifə bölgüsü olmasa da, kişi öz işini, qadın da öz işini tanıyıb. Amma Tamilla xanım ciddi axtarışlarla məşğul olanda, qələmə sarılıb gərgin işləyəndə onun qabağına bir stəkan pürrəngi çay qoymağı Adil müəllim özünə əskiklik saymayıb: “Mən Adilin yanında kimdənsə nə isə xahiş etsəm, o, birinci ayağa qalxıb bunu özü yerinə yetirmək istəyər. Hətta bəzən xəstə olduğu halda da”.

Tamilla xanım da ona eyni diqqət və qayğı ilə cavab verib. Duyanda ki yoldaşının meylindən hansısa bir yemək keçir, işinin çox, vaxtının az, özünün isə yorğun olduğuna baxmayaraq, həmin xörəyi zövq və sevgi ilə hazırlayaraq süfrəyə gətirib.

Onlar deyirlər ki, mübahisə etdikləri də az olmayıb. Belə anlarda kimin ürəyində nə varsa, açıq deyib. Sonra hər ikisi dərindən düşünərək bir-birini başa düşüb. İrəliyə doğru barış əlini də biri yox, hər ikisi uzadıb.

Ömürlərinin xeyli hissəsi kitabxanalarda, arxivlərdə keçib. Beynəlxalq konfrans və simpoziumlarda iştirak etmək üçün uzaq yerlərə getməli olublar. Moskva və Tbilisi şəhərləri ilə bağlı həyatlarının çox xatirələri var. O şəhərlərin arxivlərində işləyərək elmi tədqiqatlar aparıblar. Necə deyərlər, həm ziyarət, həm ticarət. Belə yaradıcılıq ezamiyyətləri zamanı həm işləyib, həm də səyahət və istirahət ediblər. Məsəl var ki, insan ən çox yolda tanınar. Bu yollar da onları sınaqdan keçirən vasitələrdən birinə çevrilib.

Amma nə qədər səyahət etsələr də, öz ev-ocaqlarına çox bağlı olublar. Subaylıqda Adil müəllimin bir otağı varmış. Tamilla xanım isə anası ilə birlikdə ikiotaqlı mənzildə yaşayırmış. Talelərini birləşdirəndən sonra onlar bu evləri də birləşdiriblər. Tamilla xanımın anası uzun illər onlarla birlikdə yaşayıb. Qaynana ilə kürəkən arasında əsl ana-övlad münasibəti olub, qarşılıqlı hörmət hökm sürüb. Ümumiyyətlə, Adil müəllim də, Tamilla xanım da qohumcanlıdırlar.

Kişinin öz xanımının valideynlərinə, doğmalarına hörmətlə yanaşması, gəlinin isə düşdüyü ailəyə qaynayıb-qarışması, bütün qohum-əqrəbaya xoş münasibət göstərməsi Azərbaycan ailəsinin yazılmamış qanunlarındandır. Bu, bizim mənəviyyatımızdan, mentalitetimizdən irəli gələn şərtdir ki, Adil-Tamilla tandemində də vacib bir amil kimi özünü təbii şəkildə göstərib və ailənin möhkəmliyinə xidmət edib.

Söhbət bu mövzuda düşəndə Tamilla xanım bacısı Saragilin Bilgəhdəki bağını xatırlayır. Deyir ki, həyat yoldaşının işi ilə əlaqədar bacımgil bağda çox qala bilmirdilər, oraya hərdənbir, əsasən istirahət günlərində gəlirdilər. Adillə mən oranın sakinlərinə çevrilmişdik. Uzun illər ətrafdakı qonşular arasında bağa birinci gəlib, oradan axırıncı gedən biz olardıq. Yəni ilin az qala yarıya qədərini bağda keçirərdik. Bilirsiniz, elmlə, yaradıcılıqla məşğul olan insanların məzuniyyəti, istirahət günləri olmur. Odur ki, biz Bilgəhdə həm istirahət edirdik, həm də yeri gəldikcə işləyirdik. Bağda mənim bir hobbim də yarandı. Bağın bütün meyvəsindən mürəbbə bişirirdim. Bu həvəsimi görən Adil bağın bolluca əncir-üzümünü yığır və məni “xammal”la təmin edirdi. Biz qohumlarımızın hər birinə ayrıca pay düzəldirdik. Uşaqlar bağa gələndə isə Adil onları yığıb dənizə aparırdı.

“Biz heç vaxt alqı-satqı ilə məşğul olmamışıq. Gənclərə bacardığımız köməyi etmişik. Biz yazıb-yaratmışıq, elmə xidmət etmişik. Elmimiz üçün əsl kadrlar yetişdirmişik. Bu, bizi yaşadıb”.

Bunu Tamilla xanım həm də həyat yoldaşının adından deyir. Bu sözlərin əsasında dayanan isə o fikirdir ki, bu cütlük həyatını elmə həsr edib. Obrazlı ifadə etsək, öz vətənpərvərliklərini elm sahəsində nümayiş etdiriblər. Elmə verdikləri töhfələrdən əlavə, həm də çoxsaylı kadr yetişdiriblər. Deyirlər ki, gəncləri çox sevirik. Eyni zamanda elmi rəhbəri olduğumuz aspirantlara həmişə tələbkarlıqla yanaşmışıq. Təkid etmişik ki, kitabxanalara, arxivlərə, fondlara getsinlər, toxunduqları mövzunu ətraflı öyrənsinlər. Onlar bunun bəhrəsini görəndə bizə minnətdar olublar.

Ümumiyyətlə, gənclər həmişə bu cütlüyə tərəf can atıb, onları əhatəyə alıblar. Ona görə də Adil müəllim və Tamilla xanım özlərini heç vaxt tək hiss etməyiblər. Evləri həmişə qonaq-qaralı olub. Həmişə də qonağı mentalitetimizə uyğun olaraq xoş üzlə və duz-çörəklə qarşılamağı seviblər. Tamilla xanım deyir ki, bacım qızı Rənanı anamla birlikdə mən böyütmüşəm. Odur ki, onu lap çox istəyirik. Bacımın uşaqları və nəvələri, Adilin qohum-əqrəbası ilə bir-birimizə çox bağlıyıq. Yaxında olanlar öz yerində, Rənanın Kanadada yaşayan qızı Kəmalə bizi bir gün yaddan çıxarmır. Mən xəstəxanada yatanda lap tez-tez zəng vurur, deyirdi ki, səsimi eşitmək istəyir.

Bu iki insanın birgə yaşayıb özlərini xoşbəxt hiss etməsinə, əslində, doğrudan da xoşbəxt olmasına ərlə arvad arasında körpü sayılan övladın yoxluğu belə maneə törətməyib! Biz bu mövzuda bir kəlmə də danışmadıq. Sadəcə, gəldiyim qənaətin doğruluğuna bir daha inanmaq üçün sonda dolayısı ilə soruşdum ki, ailəni pozan hansı səbəblər ola bilər? Cavab belə oldu:

- Əgər iki nəfəri bir-birinə bağlayan hisslər həqiqi sevgidirsə, bu hiss heç vaxt, heç bir səbəbdən sovuşub getmir, deməli, ailə də dağılmır.

- Bəs deyirlər ki, yaş çoxaldıqca sevgi azalır.

- Bu, boş söhbətdir, - deyərək gülümsəyirlər. - Əksinə, illər keçdikcə bir-birinə bağlılıq, qayğı, diqqət çoxalır, ön sıraya adlayır. Odur ki, sevgi “buxarlanmır”, bir keyfiyyətdən digərinə keçir. Yaxşı sevgi iki insanı qoşa qarımağa istiqamətləndirir. Biz indiyədək razılıq və dostluq şəraitində belə bir ömür yaşamışıq və hamıya möhkəm ailə ittifaqı arzulayırıq.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2016.- 16 sentyabr.- S. 7.