Azərbaycan-Fransız Universitetinin açılışı
olub
Sentyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye
Universitetində (ADNSU) 2016-2017-ci tədris ilindən etibarən fəaliyyətə
başlayan Azərbaycan-Fransız
Universitetinin (UFAZ) açılış
mərasimi keçirilib.
AZƏRTAC
xəbər verir ki, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Fransanın Azərbaycandakı
səfiri Orelia Buşez, bu ölkənin Təhsil Nazirliyinin Avropa, beynəlxalq əlaqələr
və əməkdaşlıq
nümayəndəliyinin rəhbəri
Marian Brunhof, Strasburq Universitetinin beynəlxalq əlaqələr üzrə
prorektoru Fransis Kern,
UFAZ-ın müəllim
və tələbələri,
valideynlər iştirak
ediblər.
M.Cabbarov ölkəmizdə təhsilin
inkişafı istiqamətində
həyata keçirilən
tədbirlərdən, Azərbaycan-Fransız
Universitetinin yaradılmasının
əhəmiyyətindən danışıb. Bildirilib ki, Azərbaycan
Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Ollandın birgə təşəbbüsü
ilə reallaşdırılan
UFAZ layihəsi iki ölkə arasında əlaqələrin hərtərəfli
inkişafında yeni bir mərhələdir.
Nazir layihənin
həyata keçirilməsində
göstərilən dəstəyə
görə Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Diqqətə çatdırılıb ki, UFAZ-a 2016-2017-ci tədris
ili üçün
dörd ixtisas üzrə (kimya mühəndisliyi, kompyuter
elmləri, geofizika mühəndisliyi, neft və qazın kəşfi və hasilatı) tələbə
qəbulu həyata keçirilib. Tədris Fransa universitetlərindən
cəlb edilən, həmçinin yerli mütəxəssislər tərəfindən
ingilis dilində aparılacaq və təhsilini uğurla başa vuran məzunlara iki diplom veriləcək.
Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının
ali təhsil
müəssisələrinə keçirdiyi qəbul imtahanlarının nəticələrinə
əsasən birinci qrup üzrə 500-dən artıq bal toplamış
300-dək abituriyentin qatıldığı
imtahanın nəticələrinə
görə 143 nəfər
UFAZ-da oxumaq hüququ qazanıb. Onlardan 120-si nəfəri dövlət
sifarişi, 23 nəfəri
isə ödənişli
əsaslarla təhsil alacaq.
Fransanın Azərbaycandakı səfiri
xanım Orelia Buşez iki ölkənin təhsil əlaqələrinin əhəmiyyətindən
danışıb. O, UFAZ-ın
təhsilə töhfə
verəcəyinə əminliyini
bildirib.
Daha sonra mərasim iştirakçıları UFAZ-la yaxından tanış
olublar. Qonaqlara ali məktəbin
tədris şəraiti
ilə bağlı ətraflı məlumat verilib.
Qeyd edək ki, 2015-ci il aprelin 25-də Fransa Respublikası Prezidentinin
Azərbaycana səfəri zamanı ölkəmizin təhsil naziri ilə Fransanın milli
təhsil, ali təhsil və tədqiqat naziri arasında imzalanmış universitet əməkdaşlığı sahəsində
niyyət məktubu və “Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ)” layihəsinin həyata keçirilməsi
barədə Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 9 iyun tarixli Sərəncamına əsasən, UFAZ
Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinin nəzdində fəaliyyətə
başlayıb.
Azərbaycan.- 2016.- 16 sentyabr.- S.3.