Azərbaycan
dövləti təhsil sisteminin inkişafı
üçün bütün lazımi tədbirləri
görür
Bakıdakı 311 nömrəli
orta məktəbin yeni binasının
açılışında iştirak edən Prezident
İlham ƏLİYEV dövlətin
əsas prioritetlərini bir daha bəyan etdi:
* Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar. Ona görə təhsilin keyfiyyəti indi ön plana çıxır.
* Gənc nəslimiz vətənpərvər olmalıdır, milli ruhda böyüməlidir.
* Azərbaycan cəmiyyəti bundan sonra da çox möhkəm, milli, mənəvi dayaqlar əsasında inkişaf etməlidir.
* Siyasətimizin təməlində milli maraqlarımız, milli dəyərlərimiz, Azərbaycan dəyərləri dayanır. Bu dəyərlər hər bir Azərbaycan vətəndaşı üçün hər şeydən üstün olmalıdır.
* Bizim taleyimiz öz əlimizdədir.
* Məqsədimiz müstəqillikdir, azadlıqdır, xalqın firavanlığıdır.
* Biz öz yolumuzla gedirik, heç kimin qarşısında baş əymirik, özümüzü ləyaqətlə aparırıq, milli maraqlarımızı qoruyuruq, Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tuturuq və bu siyasət davam etdirilməlidir. Bu gün bu siyasət var, bu siyasəti mən aparıram və heç bir qüvvə məni bu yoldan döndərə bilməz.
* Biz ləyaqətli siyasət aparırıq və xalqın maraqlarını həmişə müdafiə edirik.
* Gənclərimiz bu ilin aprelində Azərbaycanın dövlət bayrağını Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsində qaldırıblar. Bu böyük parlaq qələbəni bizim gənc əsgər və zabitlərimiz qazanıblar, bütün xalq qazanıbdır, ordumuz qazanıbdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də - Bilik günündə Bakının Sabunçu rayonundakı 311 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində iştirak edib.
Dövlət başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış oldu.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, 311 nömrəli məktəb 2007-ci ildən fəaliyyət göstərir. Sonradan ərazidə əhalinin çoxalması ilə əlaqədar məktəbə gələn şagirdlərin sayında da böyük artım olub. Bu da təbii ki, təhsilin keyfiyyətinə təsirsiz ötüşməyib və məktəb üçün yeni binanın tikintisi artıq zərurətə çevrilib. Bütün amillər nəzərə alınaraq Sabunçu dairəsində 311 nömrəli məktəb üçün üçmərtəbəli yeni binanın tikintisinə qərar verilib. İnşaat işləri yüksək səviyyədə, bütün standartlar nəzərə alınmaqla həyata keçirilib. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin təhsilə göstərdiyi qayğını, Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən Sabunçu rayonunda təhsil müəssisələrində şəraitin müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində görülən işləri əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda təhsil sahəsində nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində inşa olunan 311 nömrəli məktəbin yeni binasında da şagirdlərin təlim-tərbiyəsi və tədris prosesinin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Ümumi sahəsi 6700 kvadratmetrdən çox olan məktəbdə 47 sinif otağı var.
Dövlət başçısı ilk dəfə məktəbə qədəm qoyan birinci sinif şagirdləri ilə görüşdü, onları Bilik günü münasibətilə təbrik etdi.
Prezident
İlham Əliyev: Salam uşaqlar.
Şagirdlər:
Salam.
Prezident
İlham Əliyev: Yaxşı oxuyun. Müəllimlərin
sözünə baxın, əlaçı olun.
Dövlət başçısı şagirdlərlə
şəkil çəkdirdi.
Daha sonra Prezident İlham Əliyev sinif otaqlarında yaradılan
şəraitlə maraqlandı.
Bildirildi ki, 960 şagird yerlik məktəbdə
informatika otağından əlavə, hərbi hazırlıq,
fizika, kimya, biologiya üzrə fənn laboratoriyaları
yaradılıb, onların hamısı əyani vəsaitlər
və tədris avadanlığı ilə təchiz olunub. Müxtəlif
tədbirlərin keçirilməsi üçün hər
cür şəraitin yaradıldığı akt zalından əlavə,
540 kvadratmetr sahəsi olan və müxtəlif avadanlıqla təchiz
edilən idman zalı da şagirdlərin ixtiyarına verilib.
Məktəbin şagird və məzunları müxtəlif
beynəlxalq bilik və idman yarışlarında, olimpiadalarda
mühüm uğurlara imza atıblar. Bu təhsil ocağının məzunları
ali məktəbə qəbul
imtahanlarında yüksək nəticələri ilə
seçilirlər. Son illərin statistikasına
görə, məktəbi bitirən məzunların 70-80 faizi
tələbə adını qazanıb. Bu il məktəbi bitirənlərdən 12 nəfəri
500-dən, 5 nəfəri isə 600-dən çox bal
toplayıb.
Bütün bunlar göstərir ki, zəngin təbii sərvətləri
ilə dünyanın diqqətində olan Azərbaycanda bu sərvətlərdən
səmərəli istifadə etməklə insan
kapitalının daha da inkişaf etdirilməsi başlıca
amilə çevrilib. Prezident İlham Əliyevin təhsilin
inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir
ki, bu mühüm amil dövlət siyasətinin əsas
prinsiplərini təşkil edir. Dövlət
başçısının təhsilin inkişafına
verdiyi önəmin nəticəsidir ki, son illərdə
müasir məktəb binaları tikilir, mövcud müəssisələr
üçün yeni tədris korpusları inşa olunur.
Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri
də əhatə edir, məktəblərin maddi-texniki
bazası gücləndirilir. Heydər Əliyev
Fondu da dövlət səviyyəsində həyata
keçirilən bu fəaliyyət proqramına güclü dəstək
verir.
Sonra Prezident İlham Əliyev məktəbin müəllim
və şagird kollektivi ilə görüşdü.
Dövlət başçısı görüşdə
çıxış etdi.
Prezident İlham Əliyevin
çıxışı
- Salam,
sabahınız xeyir olsun. Sizi ürəkdən
salamlayıram. Bu gün ölkəmizdə yeni dərs ili başlayır. Bu münasibətlə
sizi təbrik edirəm. Eyni zamanda bu gün
məktəbin həyatında çox əlamətdar bir
gündür. Məktəbin yeni binası
tikilib istifadəyə verilir. Bu münasibətlə
də sizi təbrik edirəm.
Bu əlamətdar hadisə onu göstərir ki, Azərbaycan
dövləti təhsil sisteminin inkişafı
üçün bütün lazımi tədbirləri
görür.
Məktəbin əvvəlki binası ilə
bağlı mənə məlumat verildi. İndiki
bina əsaslı şəkildə fərqlənir. Çox gözəl, keyfiyyətli tikilib. Burada ən müasir avadanlıq
quraşdırılıb. İndi müəllimlərin
də şəraiti yaxşılaşıb. Uşaqlar da yaxşı məktəbdə
oxuyacaqlar. Yəni burada bütün
standartlar ən yüksək səviyyədədir. Son illər ərzində Azərbaycanda tikilən və
əsaslı təmir olunan məktəblərin şəraiti,
bax, belədir.
Bu il Bakı şəhərində on orta məktəb
və peşə məktəbi əsaslı təmir
edilmişdir. Yeni korpuslar tikilmişdir. Bir məktəb - 311 nömrəli bu məktəb
üçün isə yeni bina tikilmişdir.
Son 4-5 il ərzində Bakı şəhərində
məktəblərin mütləq əksəriyyəti əsaslı
təmir olundu. Hələ ki, təmirsiz 17 məktəb var.
Biz gələn il və 2018-ci ildə
onları da təmir edəcəyik. Eyni zamanda bəzi
məktəblərdə uşaqlar iki növbədə
oxuyurlar, o cümlədən bu məktəbdə. Ona görə bizim məqsədimiz ondan ibarətdir
ki, bütün məktəblər birnövbəli fəaliyyətə
keçsinlər. Əlbəttə, buna
nail olmaq üçün ya yeni korpuslar, ya da yeni məktəblər
tikilməlidir, o cümlədən bu ərazidə. Düzdür, burada yerlə bağlı problemlər
var. Ancaq yerli icra hakimiyyətinə göstəriş verdim
ki, baxsınlar, araşdırsınlar, bu ərazidə harada
mümkündürsə orada yeni məktəb tikilsin. Beləliklə, Bakı şəhərinin məktəblərinin
maddi-texniki bazası tam yeniləşəcək.
O ki
qaldı bütövlükdə ölkə üzrə gedən
proseslərə, deyə bilərəm ki, son on il
ərzində Azərbaycanda üç mindən çox məktəb
tikilib və ya əsaslı şəkildə təmir edilib. Düzdür, hələ də qəzalı vəziyyətdə
məktəblər var. Ancaq onların da tikintisi, bərpası
nəzərdə tutulur və hesab edirəm ki, yaxın illər
ərzində bir dənə də təmirsiz, qəzalı məktəb
olmayacaq. Bütün bu işlər, əlbəttə
ki, böyük vəsait tələb edir. Azərbaycan
dövləti güclü dövlətdir və sosial sahə,
təhsil sahəsi bizim üçün prioritetdir. Ona
görə biz bu məqsədlərə nail olmaq
üçün lazımi maliyyə resursları da təmin
edirik.
Təhsil hər bir dövlətin gələcəyidir. Biz fəxr
edirik ki, Azərbaycanda savadlılıq təxminən 100
faizdir. Bu, çox böyük göstəricidir.
Elə etməliyik ki, bütün uşaqlar
savadlı, bilikli olsunlar, gələcəkdə özləri
üçün gözəl həyat qura bilsinlər, dövlətimiz
üçün dəyərli vətəndaşlar olsunlar.
Ona görə təhsilin keyfiyyəti indi ön
plana çıxır. Bu istiqamətdə
də islahatlar aparılır. Eyni zamanda
müəllimlərin fəaliyyətini stimullaşdırmaq
üçün islahatlar aparılır. Müəllimlərin
əməkhaqları qaldırılır. Əlbəttə
ki, hər bir məktəbin əsas qiyməti onun fəaliyyətinin
göstəriciləri ilə bağlıdır. Hər bir məktəb
çalışmalıdır ki, təhsilin səviyyəsi
yüksək olsun.
Azərbaycan uğurla inkişaf edən ölkədir. Son illər ərzində
biz bütün istiqamətlər üzrə böyük
nailiyyətlərə imza atmışıq. Elə etməliyik ki, bu inkişaf dayanıqlı
olsun. Buna nail olmaq üçün isə
əlbəttə ki, insanlar hazırlıqlı, gənclər
bilikli olmalıdırlar. Əgər inkişaf
etmiş ölkələrin tarixinə və bu gününə
baxsaq, görərik ki, o ölkələrdə təhsil,
texnologiya, elm inkişaf edir. Biz də bu
yolla gedirik. Azərbaycanda gənc nəslin
bilikli, savadlı olması ölkəmizi gücləndirir.
Çünki iqtisadiyyatda, sənayedə,
bütün sahələrdə çox gözəl mütəxəssislər
lazımdır. Ölkəmizin çox
uğurlu inkişaf dinamikası var. Kadr
hazırlığı, mütəxəssislər, peşəkarlar,
əlbəttə ki, bu dinamikaya əlavə güc verəcək.
Ona görə təhsilin keyfiyyəti ilə
bağlı çox önəmli addımlar atılır,
islahatlar aparılır.
Əlbəttə ki, müəllimlərdən və
şagirdlərdən çox şey asılıdır. Şagirdlər
bilməlidirlər ki, həyatda yaxşı yer tutmaq və Vətənə
daha böyük fayda gətirmək üçün
yaxşı oxumalıdırlar. Əlbəttə
ki, müəllimlər bu əsas yükü öz üzərinə
götürüblər. Ona görə də
məktəb tikintisi həm şagirdlər, həm də
müəllimlər üçündür. Bura müəllimlərin
iş yeridir. Belə gözəl şəraitdə
işləmək, əlbəttə, hər bir insana zövq
verir. Biz gələcəkdə də bu məsələlərin
həlli ilə bağlı lazımi tədbirləri görəcəyik.
Eyni zamanda bizim gənc nəslimiz vətənpərvər
olmalıdır, milli ruhda böyüməlidir. Burada da, əlbəttə
ki, müəllimlərdən çox şey
asılıdır. Gənclərin həm
ailələrdə, həm məktəblərdə milli ruhda
tərbiyə alması xüsusi əhəmiyyət
daşıyır. Xüsusilə indiki
şəraitdə ki, dünyada müxtəlif proseslər
gedir, qloballaşma adı ilə faktiki olaraq eyniləşmə
siyasəti aparılır, kütləvi informasiya vasitələri
ilə müxtəlif təxribatlar ortaya atılır. Ona görə Azərbaycan cəmiyyəti bundan sonra
da çox möhkəm, milli, mənəvi dayaqlar əsasında
inkişaf etməlidir. Bu gün bu, belədir.
Bu gün bizim siyasətimizin təməlində
milli maraqlarımız, milli dəyərlərimiz, Azərbaycan
dəyərləri dayanır. Bu dəyərlər
hər bir Azərbaycan vətəndaşı
üçün hər şeydən üstün
olmalıdır. Elə etməliyik ki, gələcək
nəsil də bu istiqamətdə inkişaf etsin. Ona
görə vətənpərvərlik, Vətənə olan
bağlılıq, milli mənəvi dəyərlər məktəblərdə
mütləq geniş vüsət almalıdır, müəllimlər
də bu istiqamətdə daha fəal iş
aparmalıdırlar. Xüsusilə nəzərə
alsaq ki, xalqımız çox istedadlı xalqdır, dünya
xəzinəsinə çox böyük töhfələr
veribdir, tarix boyu bizim görkəmli nümayəndələrimiz
dünya üçün böyük işlər
görmüşlər.
Bu gün Azərbaycan dövləti güclü dövlətlər
sırasındadır. Bu il biz müstəqilliyimizin bərpasının
25 illiyini qeyd edəcəyik və nəticələr də
göz qabağındadır. Bu gün biz
bütün istiqamətlər üzrə inkişafdayıq,
güclü iqtisadiyyat qurmuşuq, güclü sosial sahə
yaratmışıq, 3 mindən çox məktəb, 600-dən
çox xəstəxana - bütün bunlar Azərbaycan dövlətinin
gördüyü işlərdir. Bu gün
Azərbaycan dünya miqyasında seçilən ölkələrdəndir
ki, öz daxili imkanlarına arxalanaraq irəliyə gedir.
Biz heç bir yerdən yardım almırıq,
buna ehtiyac da yoxdur, öz hesabımıza yaşayırıq və
dünyada öz hesabına yaşayan ölkələrin
sayı o qədər də çox deyil. Ona
görə hər bir Azərbaycan vətəndaşı
haqlı olaraq fəxr etməlidir ki, müstəqil dövlətdə
yaşayır. Bu gün bizim taleyimiz öz
əlimizdədir. Biz əsrlər boyu
başqa dövlətlərin tərkibində
yaşamışıq və o dövrü indiki dövrlə
müqayisə edəndə görürük ki, ən sürətli
inkişaf dövrü müstəqillik dövrüdür.
Nəyə görə? Çünki
taleyimiz öz əlimizdədir.
Biz öz gələcəyimizi qururuq, biz qabağa
gedirik. Ona görə bu müsbət dinamikanı davam etdirmək,
inkişafı dayanıqlı etmək üçün bir
daha deyirəm ki, vətənpərvərlik, milli dəyərlər,
milli ruh xüsusi yer tutur. Çünki
dünyada bizim önəmimiz artır. Bizim işimizə
qarışmaq istəyənlərin sayı da az
deyil. Bu illər ərzində müxtəlif
dövrlərdə bizim işimizə qarışmaq istəyənlər
öz məqsədlərini güdürdülər. O məqsədlər
bizim məqsədlərlə üst-üstə
düşmür. Bizim məqsədimiz müstəqillikdir,
azadlıqdır, xalqın firavanlığıdır. Bəzi xarici dairələrin məqsədi isə
tam başqadır - bizə diktə etmək, Azərbaycanı
alətə çevirmək, Azərbaycan xalqının iradəsini
qırmaq və ondan sonra Azərbaycan kimi qüdrətli
ölkədən öz məqsədləri üçün
istifadə etməkdir. Bu isə bizim
üçün fəlakət olar. Biz
başqa ölkələrin təcrübəsini, yaxın
tarixini görürük. O ölkələr ki xaricdən
idarə olunur, o ölkələr dağıdılır. O
ölkələr ki xarici mənfi təsirə qarşı
müqavimət göstərmir, o ölkələr, xalqlar məhv
olur. Son 10 il ərzində Yaxın Şərqdə
milyonlarla insan həlak olub. On milyonlarla insan əlil,
qaçqın, köçkün olub, ölkələr,
bütün infrastruktur dağıdılıb. Bunu edənlər xarici qüvvələrdir. Ona görə bizim gənclər də, müəllimlər
də bu reallığı bilməlidirlər. Bizə təzyiqlər ona görə artır ki, biz
öz yolumuzla gedirik, heç kimin qarşısında baş əymirik,
özümüzü ləyaqətlə aparırıq, milli
maraqlarımızı qoruyuruq, Azərbaycan xalqının
maraqlarını hər şeydən üstün tuturuq və
bu siyasət davam etdirilməlidir. Bu gün
bu siyasət var, bu siyasəti mən aparıram və heç
bir qüvvə məni bu yoldan döndərə bilməz.
Mən istəyirəm ki, burada, bu mərasimdə
iştirak edən gənclər də gələcəkdə
bu yolla getsinlər. Çünki gələcəkdə
ölkəmizi gənclər idarə edəcəklər.
Ölkələrin inkişafını şərtləndirən
onun insanlarıdır. Ölkəni
hansı insanlar idarə edirlərsə və xalq onları dəstəkləyirsə,
bax, o siyasət də aparılır. Ona
görə biz həmişə müstəqil
olmalıyıq. Heç vaxt müstəqilliyimizi
əldən verməməliyik. Müstəqillik
deyəndə mən rəsmi atributları nəzərdə
tutmuram. Müstəqil siyasət müstəqilliyin
əsas amilidir və belə olan halda həmişə
inkişaf, əmin-amanlıq olacaq, Azərbaycan xalqı rahat,
təhlükəsizlik şəraitində yaşayacaq, necə
ki bu gün yaşayır. Bizim siyasətimiz
bundan ibarətdir. Hesab edirəm ki, bizim
nümunəmiz bir çox ölkələr üçün
də cəlbedicidir. Ona görə bu
gün dünyada Azərbaycanı böyük rəğbətlə
qarşılayırlar, bizə inanırlar, sözümüzə
inanırlar. Ona görə ki, biz ləyaqətli
siyasət aparırıq və xalqın maraqlarını həmişə
müdafiə edirik. Mən istəyirəm
ki, gənclər də bu istiqamətdə inkişaf etsin.
Əminəm ki, belə də olacaq.
Bizim gənclərimiz müstəqilliyimizi qoruyurlar. Bizim gənclərimiz
bu ilin aprel ayında erməni işğalçıları
üzərində parlaq hərbi qələbə qazanıblar.
Şəhidlər vermişik. Ancaq bizim gənclərimiz bu ilin aprelində Azərbaycanın
dövlət bayrağını Ağdərə, Füzuli, Cəbrayıl
rayonlarının bir hissəsində qaldırıblar. Bu böyük parlaq qələbəni bizim gənc əsgər
və zabitlərimiz qazanıblar, bütün xalq
qazanıbdır, ordumuz qazanıbdır. Amma
əsas özünü qabağa verən, şəhidlik zirvəsinə
ucalan bizim gənclərimizdir. Bizim gənclərimiz
bayrağımızı Rio Olimpiya Oyunlarında
qaldırıblar. Biz medalların sayına
görə dünya miqyasında 14-cü yerdəyik. Bu, tarixi qələbədir. Müsəlman
aləmində birinciyik. Yenə də bunu
gənclər edibdir.
Yəni gənclərimiz bu gün ölkəmizin
şöhrətini, qüdrətini yüksəklərə
qaldırırlar. Biz fəxr edirik ki, belə gənclərimiz
var və gənclərimiz gələcəkdə də
bütün istiqamətlərdə belə fədakar, vətənpərvər
və peşəkar olmalıdırlar. Əminəm
ki, belə gözəl məktəbdə nəticələr
daha da yaxşı olacaq. Bir daha sizi təbrik
edirəm.
* * *
Məktəbin
müəllimi Şaməddin Babayev dedi:
- Möhtərəm cənab Prezident, Sabunçu rayonuna xoş gəlmisiniz. Sizin Sabunçu rayonuna gəlişiniz rayonumuzun sakinlərini və biz müəllimləri ürəkdən sevindirir.
Cənab Prezident, Sizin tapşırığınıza əsasən inşa edilmiş bu gözəl məktəb yeni dərs ilində Sabunçu rayonunun təhsil işçilərinə ən gözəl hədiyyədir. Cənab Prezident, Sabunçu rayonunun təhsil işçilərinə, sakinlərinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Möhtərəm cənab Prezident, dünyada baş verən siyasi prosesləri yaxından izləyirik və fəxr edirik ki, Azərbaycan kimi qüdrətli bir dövlətdə yaşayırıq. Siz əmin-aman bir dövlət qurmusunuz. Sizə dərin minnətdarlığımızı bildiririk. Allah sizi qorusun!
* * *
Müəllimə Nurlana Bağırova dedi:
- Möhtərəm cənab Prezident, biz müəllimlər əlimizdən gələni edəcəyik ki, şagirdlərimiz milli ruhda tərbiyə alsınlar, vətənpərvər olsunlar, zirvələrə ucalsınlar. Dəyərli vaxtınızı sərf edib bu müasir məktəbin açılışında bizimlə bərabər iştirak etdiyinizə görə Sizə kollektiv adından bir daha dərin minnətdarlığımızı bildiririk. Bu unudulmaz günü Sizinlə tarixə həkk etdiyimizə görə çox xoşbəxtik.
* * *
Məktəbin
direktoru Esmira Muradova dedi:
- Cənab
Prezident, çox sevinirik. Sevincimizin həddi-hüdudu
yoxdur. Məktəbin yeni binası bizə
gözəl hədiyyədir. Biz bu hədiyyəyə
və həm də bu gün - Bilik günündə bizimlə
bir yerdə olmağınıza, bu gözəl bayramı
bizimlə birlikdə keçirməyinizə görə Sizə
təşəkkür edirik. Bizə
etdiyiniz hədiyyəyə görə kollektivimiz adından,
valideynlər və şagirdlər adından Sizə minnətdarlığımızı
bildiririk. Tam qətiyyətlə deyirik ki,
bu cür möhtəşəm, müasir avadanlıqla təchiz
olunmuş məktəbdə işləmək nə qədər
qürur, fərəh hissi doğurursa, bir o qədər də
məsuliyyətimizi artırır.
Mən qısaca da olsa məktəbin nəticələri
barədə məlumat vermək istəyirəm. Son dörd ildə bizim məktəbimizdən
ali məktəblərə qəbul
olunanlar 70 faiz təşkil edir. Sonuncu ilin nəticələri
isə bizim üçün daha fərəhləndiricidir.
Bizim beş şagirdimiz 600-dən, 12
şagirdimiz isə 500-dən yuxarı bal toplayaraq ali məktəblərə
qəbul olunub. Bu, bizi daha yaxşı işləməyə
ruhlandırır.
Cənab
Prezident, biz Sizə güvənirik, Sizi sevirik, Sizinlə
qürur duyuruq və daim Sizin siyasətinizi
dəstəkləyirik. Biz Sizinlə fəxr
edirik. Fəxr edirik ki, bu gün Siz buraya gəlmisiniz.
Prezident
İlham Əliyev: Sağ olun.
* * *
Sonda xatirə şəkilləri çəkdirildi.
AZƏRTAC
Azərbaycan.- 2016.- 16 sentyabr.- S1.
2.