Los-Ancelesdə Qarabağa həsr olunan sənədli filmin premyerası keçirilib
ABŞ-ın Los-Anceles şəhərində Azərbaycanın
Qarabağ bölgəsindən
məcburi köçkün
düşmüş uşaqlara
həsr olunan “Gənc səslər, qədim nəğmə” adlı sənədli filmin premyerası keçirilib. Tanınmış amerikalı muğam
ustası Cefri Verbok tərəfindən çəkilmiş filmin nümayişi Azərbaycanın
Los-Ancelesdəki baş
konsulluğunun təşəbbüs
və dəstəyi ilə təşkil olunub.
Təbirdə Los-Ancelesdə akkreditə olunmuş ölkələrin
baş konsulları, müxtəlif dövlət
və qeyri-hökumət
təşkilatlarının rəhbərləri, KİV nümayəndələri,
elm və təhsil xadimləri və digər şəxslər
iştirak ediblər.
Filmin nümayişindən
əvvəl Azərbaycanın
Los-Ancelesdəki baş
konsulu Nəsimi Ağayev Ermənistanın
Azərbaycana qarşı
apardığı işğalçılıq
və etnik təmizləmə siyasəti
və bu siyasət nəticəsində
1 milyondan çox azərbaycanlının öz
doğma torpaqlarından
didərgin düşməsi
barədə danışıb. Diplomat azərbaycanlı qaçqın
və məcburi köçkünlərin 400 mindən
çoxunu uşaqların
təşkil etdiyini, filmdə Ermənistanın
ölkəmizə qarşı
həyata keçirdiyi
təcavüzün qurbanı
olan bu uşaqlardan
bəhs edildiyini diqqətə çatdırıb.
Baş konsul vurğulayıb ki, Qarabağdakı doğma torpaqlarından didərgin
salınmış və
bütün uşaqlıqları
məhv edilmiş azərbaycanlı uşaqlar
artıq böyüsələr
də hələ də müharibənin və işğalın vurduğu psixoloji zərbələrlə, həmin
illərin ağrı-acısı
ilə yaşayırlar. O, “Gənc
səslər, qədim
nəğmə” sənədli
filminin də bu qəbildən önəm kəsb etdiyini, bu ekran
əsəri vasitəsilə
əslində sadəcə
azərbaycanlı uşaqların
deyil, dünyanın müxtəlif yerlərində
meydana gələn müharibələrin yaratdığı
ağrı-acılara və
məhrumiyyətlərə məruz qalan günahsız azyaşlıların
probleminə diqqət
çəkildiyini vurğulayıb.
Baş konsul belə bir sənət
əsərinin ərsəyə
gətirilməsinə verdiyi
dəstəyə görə
Avropa Azərbaycan Cəmiyyətinə, eləcə
də film layihəsinin
təşəbbüskarı və müəllifi olan C.Verboka təşəkkürünü bildirib.
Tədbir filmin nümayişi ilə davam edib. Ermənistanın işğalçılıq siyasətini və azərbaycanlılara qarşı
törətdiyi hərbi
cinayətlər nəticəsində
meydana gələn bəşəri faciəni
özünəməxsus şəkildə
təqdim edən film tamaşaçılarda böyük
marağa səbəb
olub.
Nümayişdən sonra söz filmin müəllifi C.Verboka verilib. O, belə
bir əlamətdar tədbirdə iştirak etməkdən məmnunluğunu
bildirərək filmin
çəkilişləri ilə
bağlı Azərbaycana
səfərləri müddətində
azərbaycanlı məcburi
köçkünlərlə, o cümlədən öz yurd-yuvalarından didərgin
düşmüş uşaqlarla
bağlı əldə
etdiyi kövrəldici
təcrübələrini bölüşüb,
bu barədə tamaşaçıların suallarını
cavablandırıb. İstedadlı musiqiçi, həmçinin
Azərbaycanın zəngin
musiqi irsi və çoxəsrlik mədəni dəyərləri
barədə xoş təəssüratlarını ifadə edib.
Nümayişdən sonra istedadlı musiqiçi Azərbaycan tarı və kamançasında milli musiqimizdən yadda qalan nümunələr ifa edib. Film və Azərbaycan musiqisindən nümunələr
tamaşaçılar tərəfindən
böyük rəğbətlə
qarşılanıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Los-Anceles
Azərbaycan.- 2016.- 17 sentyabr.- S. 5.