2016-cı il
pambıqçılığın inkişafı
üçün həlledici il olacaq
İlham Əliyev: "Bu, bir
başlanğıcdır və əminəm ki, bundan sonra
pambıqçılıq Azərbaycanda sürətlə
inkişaf edəcək, geniş vüsət alacaq"
AZƏRTAC
xəbər verir ki, sentyabrın 17-də Sabirabadda Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə
pambıqçılığın inkişafı məsələlərinə
dair respublika müşavirəsi keçirilib.
Dövlətimizin başçısı müşavirədə giriş nitqi söylədi.
Azərbaycan Prezidenti İlham
Əliyevin giriş nitqi
-Bugünkü
müşavirə ölkəmizdə
pambıqçılığın inkişafına həsr
olunur. Bu müşavirənin Sabirabad rayonunda
keçirilməsi təsadüfi deyil. 1970-ci illərdə,
1980-ci illərin əvvəllərində ulu öndər Heydər
Əliyev Sabirabadda hər il zona
müşavirəsi keçirirdi. Pambıqçılıqla
bağlı o müşavirələrdə çox dəyərli
göstərişlər verilirdi. Bu ənənəyə
sadiq olaraq mən pambıqçılığın
inkişafı ilə bağlı birinci ümumrespublika
müşavirəsinin keçirilməsi üçün də
Sabirabad rayonunu seçdim. Mən əminəm
ki, Sabirabad rayonunda və bütün başqa pambıq əkilən
rayonlarımızda pambıqçılığın bərpası
işi sürətlə gedəcək, biz
pambıqçılığın şöhrətini bərpa
edəcəyik. Bu, həm insanlar, həm
dövlət üçün böyük gəlir gətirən
bir sahədir.
1970-1980-ci illərdə Ulu Öndər Sabirabada və
pambıqçılıqla məşğul olan digər
rayonlara səfər edərkən məni də özü ilə
aparırdı. Mən də o illərdə dəfələrlə
onunla bərabər Sabirabadda olmuşam, o müşavirələrdə
iştirak etmişəm. Pambıq
tarlalarında, tarla düşərgələrində
pambıqçılarla görüşü zamanı onunla bərabər
olmuşam. Yəni, o xatirələr mənim
ürəyimdə yaşayır və bu gün daha da
aydın görünür ki, ulu öndər Heydər
Əliyev nə qədər uzaqgörən və xalqa
bağlı olan bir insan idi. Çünki
o, yaxşı bilirdi ki, pambıqçılığın Azərbaycanın
müttəfiq respublika kimi inkişafında və Azərbaycan
vətəndaşlarının rifah halının
yaxşılaşdırılmasında çox mühüm
yeri var.
Əfsuslar olsun ki, bu gün pambıqçılıq Azərbaycanda
tənəzzülə uğrayıb. Bunun müəyyən
obyektiv və subyektiv səbəbləri var. Bugünkü
müşavirə ona görə təşkil edilir ki, biz həm
keçən bir neçə ay ərzində görülən
işlərlə bağlı fikir mübadiləsi aparaq, -
burada məruzələr səslənəcək, - eyni zamanda,
gələcək illər üçün fəaliyyət
planı hazırlanır və biz bu gün bu barədə də
danışacağıq.
Azərbaycanda müxtəlif istiqamətlər üzrə
sürətli inkişaf dövrü yaşanır. Mən
2003-cü ildə ilk dəfə prezident vəzifəsinə
seçilərkən bəyan etmişdim ki, fəaliyyətimin
əsas istiqamətlərindən biri regionların
inkişafı ilə bağlı olacaq. Beləliklə,
prezident seçkilərindən bir neçə ay sonra -
2004-cü ilin əvvəlində birinci regional inkişaf
proqramı qəbul edilmişdir. O proqram çərçivəsində
ölkəmizdə beş il ərzində
600 min iş yerinin yaradılması nəzərdə tutulurdu.
Beş il ərzində - 2008-ci ilə qədər
bu məqsəd təmin edildi.
Regionların inkişafı böyük investisiya
qoyuluşu tələb edirdi. Çünki biz, ilk
növbədə, regionlarda çox möhkəm və
müasir infrastruktur yaratmalı idik. Əfsuslar olsun ki,
1970-ci illərdə regionlarda yaradılmış infrastruktur
sıradan çıxmışdı – yollar bərbad vəziyyətdə
idi, elektrik xətləri demək olar ki,
dağıdılmışdı, onların bir hissəsi kəsilib
xaricə satılmışdı, qaz təchizatı
ümumiyyətlə yox idi, su ilə bağlı böyük
problemlər var idi və regionların inkişafından
söhbət belə gedə bilməzdi. Çünki
inkişafı şərtləndirən əsas amillər
infrastrukturla bağlıdır.
Məhz buna görə 2004-cü ildən başlayaraq
bölgələrdə genişmiqyaslı infrastruktur layihələri
icra olundu. Bu gün Azərbaycanın bütün bölgələri
elektrik, qaz, içməli su ilə təmin edilir. Əgər 2003-cü ildə elektrik enerjisini və
qazı xaricdən idxal edirdiksə, bu gün biz elektrik enerjisini,
qazı ixrac edirik. Son illər ərzində
Azərbaycanda tikilmiş elektrik stansiyaları nəinki tələbatımızı
ödəyir, hətta ixrac potensialı da yaradır. Həmçinin qaz sahəsində də bu gün Azərbaycan
həm regionda, həm gələcəkdə dünyada,
Avropada çox önəmli qaz hasil və ixrac edən ölkəyə
çevrilir.
Kənd yolları ilə bağlı problemlər həll
olunur, o cümlədən Sabirabad rayonunda. Bu il bu məqsədlər
üçün 200 milyon manatdan çox vəsait nəzərdə
tutulubdur. Magistral yolların demək olar ki,
hamısı artıq yaxşı vəziyyətdədir.
Bakı-Sabirabad yolu da, - bilirəm,
sabirabadlılar bu yoldan çox əziyyət çəkirdilər,
- artıq əsaslı təmir olunaraq insanların istifadəsinə
verilmişdir. İnfrastruktur layihələrinin
icrası əsas şərt idi. Bununla bərabər,
işsizliyin aradan qaldırılması məsələsi də
çox kəskin problem kimi mövcud idi. Bu
məsələ də öz həllini tapdı. Bu
gün Azərbaycanda işsizliyin səviyyəsi çox
aşağıdır və işləmək istəyən
özü üçün iş tapa bilər.
Bizim qarşımızda duran vəzifələrdən
biri ərzaq təhlükəsizliyi məsələsi idi. Çünki
sovetlər vaxtında biz əsas ərzaq məhsullarını
Azərbaycana başqa respublikalardan gətirirdik. Misal üçün, toyuq ətini, mal ətini,
südü, şəkəri, digər əsas ərzaq məhsullarını
biz Rusiyadan, Ukraynadan gətirirdik. Ona
görə, qarşıya vəzifə qoyulmuşdu ki, biz ərzaq
təhlükəsizliyimizi təmin etməliyik. Odur ki, Azərbaycanda
taxılçılığın, heyvandarlığın,
ümumiyyətlə, bitkiçiliyin inkişafı sürətlə
getmişdir. Bu gün biz
özümüzü ətlə tam təmin edirik. Toyuq əti ilə 100 faiz, süd və süd məhsulları
ilə təqribən 80 faiz səviyyəsində təmin
edirik. Əminəm ki, növbəti 2-3 il
ərzində öz tələbatımızı tam ödəyəcəyik
və eyni zamanda, xaricə də süd məhsulları ixrac
edəcəyik. Ona görə bizim əsas məqsədimiz
bu məsələlərlə bağlı idi və deyə
bilərəm ki, ərzaq təhlükəsizliyi məsələlərinin
həlli işində çox böyük nailiyyətlər
var.
Ancaq əfsuslar olsun ki, kənd təsərrüfatının
digər sahələri bir qədər diqqətdən kənarda
qalıb. Bunun da obyektiv və subyektiv səbəbləri var.
Hesab edilirdi ki, biz bazar iqtisadiyyatı şəraitində
yaşayırıq və bazar iqtisadiyyatı hər şeyi tənzimləyir,
hər şeyi yoluna qoyur. Ancaq həyat
göstərir ki, bu, belə deyil. Əlbəttə
ki, biz bazar iqtisadiyyatına sadiqik, bu gün
iqtisadiyyatımızın 80 faizdən çoxu özəl
sektorda formalaşır və sahibkarlığın
inkişafına çox böyük dəstək verilir, o
cümlədən çox böyük maliyyə dəstəyi.
Son illər ərzində sahibkarlara müxtəlif
layihələri icra etmək üçün 1 milyard manatdan
çox məbləğdə güzəştli kreditlər
verilmişdir. Ancaq
pambıqçılığın tənəzzülə
uğraması göstərir ki, dövlət mütləq bu
işlərə müdaxilə etməlidir. Bazar iqtisadiyyatı heç də o demək deyil ki,
hər şey yolunda olacaq. Pambıqçılığın
tənəzzülə uğraması bunun bariz nümunəsidir.
Ona görə, qərar qəbul edildi ki, bu gün bir halda ki ərzaq
məhsulları və ərzaq təhlükəsizliyi ilə
bağlı məsələlərin böyük əksəriyyəti
öz həllini tapıb və artıq icrada olan layihələr
yaxın zamanlarda öz bəhrəsini verəcək, indi
dövlət kənd təsərrüfatının
inkişafına həm daha da güclü dəstək verməlidir,
həm də bu sahəyə daha da böyük miqyasda
müdaxilə etməlidir. O mənada müdaxilə etməlidir
ki, biz fermerlərə kömək göstərək,
onların problemlərini həll edək və ölkəmizdə
ənənəvi olan, ancaq əfsuslar ki, tənəzzülə
uğrayan sahələri bərpa edək və inkişaf etdirək.
Beləliklə,
hesab edirəm ki, bu il bu sahədə
dönüş ili olmuşdur. Bir daha
qayıdıram sovet vaxtına. O vaxt ümumittifaq xalq təsərrüfatı
bölgüsü aparılırdı. Bəzi
respublikalarda heyvandarlıq, taxılçılıq
inkişaf edirdi. Azərbaycanda isə qeyd
etdiyim kimi, üzümçülük,
pambıqçılıq, tütünçülük,
çayçılıq, baramaçılıq və digər
sahələr inkişaf edirdi. Sovet
İttifaqı dağılandan sonra respublikalararası əlaqələr
də kəsildi və beləliklə, biz çətin bir vəziyyətlə
üzləşmişdik. Bu gün biz respublika
üçün ənənəvi olan kənd təsərrüfatı
sahələrini bərpa edirik və 2016-cı il
bu istiqamətdə dönüş ili olmalıdır.
Bu il baramaçılıqda böyük
inkişaf müşahidə olunur. Əgər 2015-ci ildə cəmi
200 kiloqram yaş barama istehsal olunubsa, bu il
70 tona çatıb. Görüləcək tədbirlər
nəticəsində bir neçə ildən sonra Azərbaycanda
min ton barama tədarük ediləcək. Görün
minlərlə, on minlərlə insan nə qədər
böyük qazanc əldə edəcək.
Bu il tütünçülüklə
bağlı ciddi addımlar atılıb. Biz
tütünün tədarükünü iki dəfə
artırmaq niyyətindəyik.
Əvvəlki illərdə
üzümçülüklə bağlı
görülmüş tədbirlər öz bəhrəsini
verir. Ancaq hesab edirəm ki, bu, lazımi səviyyədə
deyil və daha da böyük investisiyalar qoyulmalıdır.
İxrac qabiliyyətli məhsulların istehsalını
artırmaq üçün müxtəlif bölgələrdə
böyük fındıq bağları salınacaq. Demək olar
ki, mövcud fındıq bağlarından iki dəfə
çox yeni bağlar salınacaq. Artıq
yerlər də müəyyən edildi və işlər
görülür. Səmərəsiz
istifadə olunan torpaqlarda planlı şəkildə növbəli
əkin təmin ediləcək.
İndi bizim böyük örüş sahələrimiz
var. Kənd təsərrüfatı ilə məşğul
olanlar yaxşı bilirlər ki, burada da normativlər var, bir
hektarda nə qədər mal-qara saxlanmalıdır. Bu normativlər
də pozulur. Nəzərə alsaq ki,
heyvandarlıqla bağlı çox ciddi dövlət
proqramı icra edilir, minlərlə, on minlərlə baş
cins mal-qara gətirilir. İndi biz süni mayalanma sisteminə
keçirik və beləliklə, üç-dörd il ərzində Azərbaycanda mal-qaranın
cinsi tam dəyişdiriləcək. Həm ətlik,
həm də südlük mal-qara sahəsində böyük
məhsuldarlıq təmin ediləcək. Bunun
üçün iribuynuzlu mal-qaranın qapalı yerlərdə
saxlanması layihələri icra edilir.
Böyük torpaq sahələri daha da səmərəli
şəkildə dövriyyəyə buraxılacaq. Ona görə, bu il çox ciddi təftiş aparılır. Bəzi torpaqlar müxtəlif adamlar tərəfindən
qanunsuz olaraq zəbt edilib və o torpaqlarda heç bir fəaliyyət
göstərilmir. O torpaqların icarə müqavilələri
ləğv edilməlidir. Artıq bir çox müqavilələrin
icarəsi ləğv olunub, bu proses davam etdirilir. Dövlət orqanları, yerli orqanlar və ictimaiyyət
tərəfindən çox ciddi nəzarət
olmalıdır. Mən dəfələrlə
demişəm ki, ictimai nəzarət Azərbaycanda
güclü olmalıdır. İctimai nəzarət,
yəni, vətəndaşların nəzarəti güclü
olarsa, onda biz bu işləri daha da böyük uğurla həll
edə bilərik.
İxracyönümlü məhsulların istehsalı bu
gün ölkə qarşısında prioritet vəzifə
olaraq dayanır və bu vəzifə icra edilməlidir. Bu nə ilə
bağlıdır? İlk növbədə,
biz bunu ona görə etməliyik ki, ölkəmizin mövcud
olan bütün kənd təsərrüfatı
potensialını 100 faiz səviyyəsində həyata
keçirək. Bir qarış torpaq
boş qalmamalıdır. Bu, məhsuldarlığı
artıracaq, insanlara daha da böyük maddi gəlir gətirəcək,
dövlətə də bunun böyük xeyri olacaq.
Kənd təsərrüfatının inkişafı Azərbaycanda
prioritet sahədir. İndi fermerlər torpaq vergisi istisna
olmaqla bütün vergilərdən azaddırlar. Böyük həcmdə subsidiyalar verilir. Fermerlərə subsidiya şəklində 200 milyon
manata yaxın vəsait verilir. Kənd təsərrüfatı
texnikası, gübrələr alınır, onlar və yanacaq
fermerlərə güzəştli şərtlərlə
verilir. Burada da həm dövlət nəzarəti,
ictimai nəzarət güclü olmalıdır, həm də
yerli icra orqanları bu işlərdə daha da fəal
olmalıdırlar ki, dövlət tərəfindən
ayrılan vəsait ünvana çatsın və bunun nəticəsi
olsun. Ona görə, subsidiyalarla
bağlı məsələlər indi təhlil edilir, yeni təkliflər
hazırlanır.
Bununla bərabər, bildiyiniz kimi, dünyada neftin qiymətinin
düşməsi ilə bağlı bizim gəlirlərimiz də
azalıb. Əgər qiymət üç-dörd dəfə
düşürsə, gəlirlər də
üç-dörd dəfə azalır. Biz
Azərbaycana valyuta axınını təmin etməliyik.
Ona görə, ixracyönümlü məhsulların
istehsalı xüsusi əhəmiyyət daşıyır.
Pambıq da ixracyönümlü məhsuldur.
Təsadüfi deyil ki, pambığa “Ağ
qızıl” deyirlər. Bu il
pambıqçılığın bərpasının birinci
ilidir. İndi statistikaya baxdıqda göz
önünə çox acınacaqlı mənzərə
çıxır. Əgər Ulu Öndərin yorulmaz səyləri
və zəhmətkeşlərin böyük fədakarlığı
nəticəsində 1970-80-ci illərdə bir milyon ton
pambıq tədarük edilirdisə, keçən il cəmi 35 min ton yığılıb. Əgər
o illərdə 300 min hektarda pambıq əskilirdisə,
keçən il cəmi 18 min hektarda
pambıq əkilib. Bu, nə deməkdir?! Bu, pambıqçılığın məhvi deməkdir.
Bu, dözülməzdir və artıq ciddi tədbirlər
görülür. Düzdür, biz bu il
bir az gecikmişik. Ancaq bu il yenə də
yaxşı nəticələr gözlənilir. Bu gün burada rayonlar üzrə
çıxış edənlər məruzələrində
deyəcəklər. Bu il
bütövlükdə 51 min hektar sahədə pambıq əkilib.
Keçən illə müqayisədə bu, təxminən
üç dəfə çoxdur.
Əgər
keçən il 35 min ton pambıq
yığılıbsa, bu il ən az 100 min ton pambıq
yığılmalıdır. Gələn il
üçün bizim daha da böyük planlarımız var.
Gələn ilə hazırlıq işləri artıq
başlayıb. Bu il buna böyük vəsait
sərf olunub, operativ olaraq bütün lazımi tədbirlər
görülübdür. Suvarma ilə, elektrik
enerjisi ilə bağlı tədbirlər görülüb,
yeni pambıqyığan kombaynlar, minlərlə adda kənd təsərrüfatı
texnikası gətirilib və bəzi texnikalar hələ ki,
yoldadır. Gələn ay onlar da gəlib
çatacaq və 2017-ci ildə də gətiriləcək.
Dünyada iqtisadi böhranın davam etdiyi indiki şəraitdə
gəlirlərimiz 3-4 dəfə azalıb. Buna baxmayaraq
biz yenə də kənd təsərrüfatı texnikası
alıb fermerlərə güzəştli şərtlərlə
vermək üçün yüz milyonlarla dollar vəsait xərcləyirik
ki, onlar da pul qazansınlar və dövlətə də bunun
xeyri olsun.
Pambıqçılığın inkişafı
iqtisadi məsələlərin həlli ilə yanaşı,
eyni zamanda, sosial məsələdir. Çünki mənə verilən
məlumata görə, bu il 24 rayonda
pambıq tarlalarında 70 minə yaxın insan işləyəcək
və bu, məşğulluğun artırılması deməkdir.
Son 13 il ərzində ölkəmizdə 1
milyon 300 min iş yeri yaradılıb. Bu, tarixi
nailiyyətdir. İşsizliyin aradan
qaldırılması istiqamətində çox ciddi
addımlar atılıb. Ancaq bu, daimi proses
olmalıdır. Nə üçün? Çünki bəzi başqa ölkələrdən
fərqli olaraq Azərbaycanda demoqrafik dinamika çox müsbətdir.
Bu da bizim iqtisadi inkişafımızla
bağlıdır və əhali artır. Əgər 1970-ci illərdə əhali təqribən
7 milyon nəfər idisə, bu gün 10 milyona
yaxınlaşır. Əgər o illərdə
pambıq yığımına tələbələri cəlb
edirdilərsə, bu gün buna ehtiyac yoxdur.
Çünki bizdə kifayət qədər əmək
resursları var. Ona görə,
pambıqçılığın inkişafı yeni iş
yerlərinin yaradılması deməkdir. Hesab edirəm ki, gələn
il əkin sahələri daha da artacaq və
beləliklə, işləyənlərin sayı da
artmalıdır. Pambıq əkilən rayonlarda
yüz minlərlə insan bu işlərə cəlb ediləcək.
Biz bu il pambığın alış qiymətini
də 20 faiz qaldırdıq. Ancaq yenə də
baxmalıyıq, bəlkə yenə də qaldırmaq
lazımdır. Bu gün buraya gələrkən
görkəmli pambıqçı, Sosialist Əməyi Qəhrəmanı
Fatma xanım Hüseynovanın briqadasında olmuşam.
Sağ olsun, mənim üçün çay süfrəsi də
açmışdı. Biz yaxşı xatirələri
bölüşdük, gəlin Fatma xanımı salamlayaq.
Orada da söhbət əsnasında deyildi ki, bəli,
alış qiymətləri artıb, ancaq yaxşı olar bir az da artsın. Əlbəttə,
yaxşı olar, biz də bunu istəyirik, fəhlələr
üçün daha yaxşı olacaq. Ona
görə, mən indi müvafiq orqanlara tapşırıq
verirəm ki, - Prezident Administrasiyası, Kəndə Təsərrüfatı,
İqtisadiyyat nazirlikləri, pambıqla məşğul olan
firmalar da baxsınlar, - biz nə qədər mümkünsə,
əlbəttə, alış qiymətini
qaldırmalıyıq. İlk növbədə
ona görə ki, insanlar daha da çox pul əldə etsinlər.
Eyni zamanda, biz
pambıqçılığın inkişafının
stimullaşdırılması üçün əlavə tədbirlər
görməliyik. Biz bu il qısa
müddət ərzində - cəmi bir neçə ayda
inzibati yollarla böyük işlər gördük,
texnikanın cəlb edilməsi, suvarma, elektrik ilə
bağlı məsələləri operativ qaydada həll
etdik. Ancaq biz elə etməliyik ki, kəndlilər
özləri də maraqlı olsunlar. Belə
olan halda əlbəttə ki, biz daha da çox məhsul əldə
edəcəyik.
Əlbəttə, məhsuldarlıqla bağlı olan məsələlər
də gündəlikdədir. 1970-ci illərdən fərqli
olaraq bu gün dünyada daha da müasir texnologiyalar var və
biz o texnologiyaları Azərbaycana gətiririk və gətirməliyik
ki, məhsuldarlıq daha artsın. Əgər keçən
il hektardan məhsuldarlıq 20 sentner idisə, hesab edirəm
ki, biz görüləcək tədbirlər nəticəsində
bunu təqribən 30-35, bəlkə də 40 sentnerə
qaldıra bilərik. Beləliklə,
özünüz yaxşı bilirsiniz ki, bu, nə deməkdir.
Mən Prezident Administrasiyasının bu işlərdə
fəaliyyətini xüsusilə vurğulamaq istəyirəm.
Vaxt məhdudiyyətinə baxmayaraq biz məhz Prezident
Administrasiyasının səyi və yerli icra
orqanlarının rəhbərlərinin fəaliyyəti nəticəsində
bu il bu dönüşə nail ola bildik. İcra başçıları da, fəallar da, zəhmətkeşlər
də çox yaxşı işlədilər.
Bir daha
demək istəyirəm ki, 2016-cı il
pambıqçılığın inkişafı
üçün həlledici il olacaq. Bu, bir
başlanğıcdır və əminəm ki, bundan sonra
pambıqçılıq Azərbaycanda sürətlə
inkişaf edəcək, geniş vüsət alacaq. Dediyim kimi, bunun həm insanlara, həm dövlətə
böyük xeyri olacaq.
İndi isə keçək müzakirələrə.
X X X
Sabirabad
Rayon İcra Hakimiyyətinin başçısı Nazim İSMAYILOV
çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident.
Bu gün sabirabadlılar adından Sizi sonsuz coşqu ilə
salamlamaqdan çox böyük məmnunluq duyuram. Bugünkü
müşavirə sanki bizi 70-80-ci illərə qaytarır.
Həmin dövrdə Azərbaycan dövlətinin
qurucusu və memarı ulu öndər Heydər Əliyevin rəhbərliyi
ilə respublikanın iqtisadiyyatının bütün sahələrində
inqilabi dəyişikliklər baş vermiş, ölkəmiz o
vaxtlar SSRİ respublikaları içərisində liderə
çevrilmişdi.
Xoş xatirələrlə
bildirirəm ki, indi toplaşdığımız bu möhtəşəm
Mədəniyyət sarayı da ulu öndərimizin təşəbbüsü
ilə tikilib və 1976-cı ildə
açılışında onun özü şəxsən
iştirak edib. 1969-1982-ci illərdə ümummilli lider
Heydər Əliyev rayonumuza 14 dəfə səfər edərək
pambıq sahələrində işlərin gedişi ilə tanış olub, bu zalda 8 dəfə zona
müşavirələri keçirib.
Bu gün isə Siz, cənab Prezident,
pambıqçılığın inkişafı ilə
bağlı bu müşavirədə iştirakınızla
bizə hədsiz sevinc hissləri bəxş edirsiniz.
Möhtərəm
Prezident, məhz həmin illərdə kənd təsərrüfatının
inkişafı əsas prioritet sahə olaraq ən yüksək
zirvəyə qalxmış, pambıqçılıq ölkə
iqtisadiyyatının möhkəmləndirilməsində
müstəsna rol oynamaqla, əhalinin sosial-iqtisadi vəziyyətinin,
bütövlükdə həyat səviyyəsinin yüksəldilməsinə
geniş imkan yaratmışdı. Təsadüfi deyildi ki,
1981-ci ildə ölkə üzrə tədarük olunan 1
milyon tondan çox pambığın 110 min tonu Sabirabad
rayonunun payına düşürdü ki, bu da həmin ildə
respublikada istehsal olunan məhsulun 12 faizini təşkil edirdi.
Ulu öndərimiz pambıqçılıqla bağlı
danışarkən demişdi: “Ağ qızıl”
respublikamızın sərvətidir,
pambıqçılıqda əldə olunan nailiyyətlər
xalqın firavanlığı deməkdir”.
Bu gün pambığa qayıdış kəndlərimizə
yeni nəfəs gətirib, insanlarda böyük coşqu və
yüksək əhvali-ruhiyyə yaradıb.
2016-cı
il yanvarın 26-da Sizin sədrliyinizlə
keçirilən “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın icrasının
ikinci ilinin yekunlarına həsr edilmiş konfransda
pambıqçılığın inkişaf etdirilməsi ilə
əlaqədar qarşımıza çox ciddi vəzifələr
qoyulub. Həmin tapşırığın icrasını təmin
etmək məqsədilə bütün imkanlar təhlil olunaraq
qısa müddətdə qərargah yaradılıb, şirkətlərlə,
aidiyyəti xidmət təşkilatları ilə birgə əlaqəli
iş qurulub və cari ildə 6113 hektar sahədə pambıq
əkilərək aqrotexniki qaydada becərilib. Hazırda
əl ilə məhsul yığımına
başlanılıb, maşınla yığım işlərinə
hazırlıq gedir. Bugünədək 500
tona yaxın pambıq toplanaraq tədarük olunub. Ötən müddət ərzində
pambıqçılıqda çalışan 5 min nəfərə
1 milyon manatdan artıq əməkhaqqı ödənilib.
Mütəxəssislərin keçirdiyi baxışın nəticələrinə
görə, cari ildə hər hektardan 20 sentner olmaqla, rayon
üzrə 12 min ton məhsul istehsalı gözlənilir.
Bu gün məmnunluq hissi ilə bildirirəm ki, rayonda
pambıq əkinlərinin artması hesabına rayonun
Axtaçı kəndində mövcud olan “MKT” İstehsalat
Kommersiya Məhdud Məsuliyyətli Cəmiyyətinin pambıq
zavodu işə salınıb və hazırda orada 90 nəfər
işçi çalışır. Həmin şirkət
tərəfindən rayonlararası təchizat bazasının
da Sabirabadda yaradılması, təbii ki, rayonda
pambıqçılığın inkişafına müsbət
təsirini göstərəcək.
Möhtərəm
cənab Prezident, qeyd etmək istəyirəm ki, ötən il
rayon üzrə cəmi 1633 hektar sahədə pambıq əkilərək
hər hektardan 11,3 sentner olmaqla, 1853 ton məhsul
götürülüb. 2017-ci ildə isə
rayonda 15 min hektar suvarılan sahələrdə pambıq əkilməsi
nəzərdə tutulur. Həmin sahələrin 2274
hektarını dövlət ehtiyat fondu, 7175 hektarını bələdiyyələrin
örüş təyinatlı, 5551 hektarını isə pay
torpaqları təşkil edir.
Təcrübə göstərir ki, yüksək məhsul
götürmək üçün pambıq əkiləsi sahələrin
şumu faraş və keyfiyyətli aparılmalı,
qış aratına üstünlük verilməli, torpaq əkinə
aqrotexniki qaydalara uyğun hazırlanmalı, aprel ayında
növbəti ilin məhsulu üçün əkin
aparılmalıdır. Bütün bunlar nəzərə
alınaraq qarşıya qoyulan vəzifələrin yerinə
yetirilməsini təmin etmək məqsədilə şirkətlərlə
birlikdə pambığa yararlı sahələr seçilərək
müqavilələrin bağlanmasına, pambıq əkini
üçün şum aparılmasına
başlanılıb. Əl əməyinin
yüngülləşdirilməsi, pambığın maya dəyərinin
aşağı salınması məqsədilə növbəti
ildə əkinlərin yuva üsulu ilə aparılması,
torpaqların məhsuldarlığını artırmaq
üçün növbəli əkinlərin tətbiq
olunmasına üstünlük verilməsi nəzərdə
tutulur. Əlbəttə, bu işlərin
görülməsi üçün suvarma və meliorativ tədbirlərin
nə qədər vacib olduğu hamıya məlumdur.
Cənab
Prezident, Sabirabad rayonunda torpaqların suvarılması ilə
bağlı son illərdə çox mühüm tədbirlər
həyata keçirilib. Sizin müvafiq
tapşırığınızla rayonun Sarxanbəyli,
Moranlı, Bala Həşimxanlı və Əliləmbəyli
kəndlərinin su təminatının
yaxşılaşdırılması üçün “H”
kanalının yenidən qurulması, Sabirabad və Salyan rayonlarında
yerləşən qış otlaqlarında meliorativ tədbirlərin
aparılması layihələrinin başa
çatdırılması rayon üzrə 25817 hektar sahənin
əkin dövriyyəsinə qatılmasına imkan yaradacaq.
Cənab Prezident, bu layihəyə görə həmin ərazidə
yaşayan 10 minlərlə insanın sevincinin həddi-hüdudu
yoxdur və onlar Sizə əbədi minnətdardırlar.
Qeyd
etdiyim kimi, gələn il rayon üzrə
pambıq əkinlərinin iki dəfədən çox
artırılması nəzərdə tutulur və təbii
ki, Sizin tapşırığınıza uyğun olaraq,
pambıqçılığın inkişaf etdirilməsi digər
sahələrin sıxışdırılması hesabına
olmamalıdır. Sabirabad rayonunun əkin sahəsi cəmi 48,7 min hektardır. Həmin sahələrin
24 min hektarı taxıl, 20 min hektarı yonca əkinləri
altındadır. Nəzərə alsaq ki, əhali hər
il 6-7 min hektar sahədə bostan-tərəvəz
bitkiləri də əkir və belə olan halda torpaq
balansında kəsir yaranır. Bu problemi həll
etmək üçün təhlillər aparılıb, 16 min
hektar örüş və qış otlaq sahələrinin əkinəyararlı
və suvarma perspektivləri olduğu üçün təyinatının
dəyişdirilməsi barədə hökumət
qarşısında vəsatət qaldırılıb. Bildirirəm ki, cari ildə həmin sahələrin 3
min hektarında pambıq əkilib, lakin əkin torpağı
olmadığından pambıqçılığa tətbiq
edilmiş güzəştlərdən istifadə etmək
mümkün olmayıb. Ümid edirik ki, bu
məsələnin həlli istiqamətində müvafiq tədbirlər
görüləcək.
Möhtərəm cənab Prezident, Sizi əmin edirəm
ki, tapşırığınıza müvafiq olaraq,
pambıqçılığın inkişafı ilə
bağlı bundan sonra da tərəfimizdən bütün
imkanlar səfərbər edilərək qarşımıza
qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə
çalışacağıq.
Diqqətinizə
görə çox sağ olun.
* * *
Ağcabədi
Rayon İcra Hakimiyyətinin başçısı Şahin MƏMMƏDOV
çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident.
Respublikamızda
sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi,
torpaqlardan səmərəli istifadə edilməklə ölkənin
ərzaq təhlükəsizliyinin təmin edilməsi, yeni
iş yerlərinin yaradılması, ən başlıcası
isə insanların həyat şəraitinin
yaxşılaşdırılması sahəsində
qarşıya qoyduğunuz vəzifələr ali
məqsədlərə xidmət edir və bu baxımdan bu
müşavirənin çox böyük önəmi var.
Bugünkü müşavirənin ahəngi bir daha
göstərir ki, cənab Prezident, Siz ümummilli liderimizin
siyasi kursuna çox sadiqsiniz, onun xalqın, dövlətin mənafelərinə
xidmət edən ənənələrini dönmədən
davam etdirirsiniz, böyük rəhbərin ideyalarını
yaşatmaqla ölkəni yeni inkişafa aparırsınız.
Ağcabədililər də seçilən yolun,
qarşıya qoyulan vəzifələrin məsuliyyətini dərindən
dərk edir, göstərilən qayğını, etimadı
yüksək qiymətləndirirlər. Bu,
bütün sahələrə, o cümlədən
pambıqçılığın inkişafına da öz
töhfəsini verir.
Tapşırığa
əsasən, pambıq əkini dövriyyəsinin
artırılması məqsədilə bütün qüvvələr
səfərbər olunub, yerli icra hakimiyyəti və bələdiyyə
orqanları, keçmiş qabaqcıl təsərrüfat
işçiləri, bu işə cəlb edilmiş pambıq əkini
ilə məşğul olan şirkətlərlə əlaqəli
iş qurulub. Təcrübəli
pambıqçılar və baramaçılarla
görüşlər keçirilib, onların təklifləri
dinlənilib, əldə olan təcrübənin işə tətbiqi
üçün geniş izahat işləri aparılıb.
Nəticədə bu il rayon üzrə ötən illə
müqayisədə 2,5 dəfə
çox, yəni 3661 hektar sahədə pambıq əkilib. Əkin sahələri aqrotexniki qaydada becərilib və
ilkin hesablamalara görə, hər hektardan 25-30 sentner məhsul
gözlənilir. Halbuki keçən il hər hektardan cəmi
15,5 sentner məhsul
götürülmüşdü. Biz bu il
məhsulun əsasən maşınla
yığılmasını planlaşdırmışıq və
nəzərdə tutulan sahələrdə xüsusi aqrotexniki
tədbirlər görülüb.
Pambıq sahələrinin əkilib-becərilməsinə
və məhsulun toplanmasına cəlb olunan 7000-dən
çox rayon sakini işlə təmin edilib ki, bu,
insanların məşğulluğu üçün çox
əhəmiyyətlidir.
Qeyd etmək
istərdim ki, rayon baramaçıları bu il bəslədikləri
80 qutu ipəkqurdu toxumundan 3675 kiloqram məhsul əldə
ediblər ki, bu da 28 min 592 manat vəsait deməkdir. Bu qədər vəsaitin qazanılması əhalinin
maddi vəziyyətinin yaxşılaşdırılması
üçün əhəmiyyətlidir və əmin edirəm
ki, gələcəkdə baramaçılıq da rayonun gəlirli
sahələrindən birinə çevriləcək.
Cənab
Prezident, Siz yaxşı bilirsiniz ki, Ağcabədi sovetlər
dövründə respublikanın ən iri
pambıqçılıq rayonlarından biri olub və əhali
bu gün də sahənin inkişafında maraqlıdır. Çünki biz bilirik ki, pambıq strateji və
ölkəyə valyuta gətirən məhsuldur.
Rayon ərazisində
pambıq istehsalı ilə məşğul olan “MKT İK” və
“CTS AGRO” MMC-nin pambıq emalı zavodu və innovasiya
filialı fəaliyyət göstərir. Həmin
müəssisələr pambığın əkilib-becərilməsi
üçün torpaq mülkiyyətçiləri ilə
qabaqcadan müqavilə bağlamaqla müəyyən
edilmiş qaydada onlara hektara uyğun olaraq kredit formasında vəsaitlərin
ayrılmasını vaxtlı-vaxtında təmin ediblər.
Pambığın becərilməsində əvvəllər
texnika çatışmazlığı olsa da, Sizin
tapşırığınıza əsasən aqrolizinq vasitəsilə
rayonumuza texnikalar gətirildi, əkin prosesində olan problemlər
qısa müddətdə aradan qaldırıldı. Bununla belə,
hazırda rayonda 10 ədəd pambıqyığan
maşın olsa da, bu, azlıq təşkil edir. Məhsulun vaxtında və itkisiz
yığılması üçün əlavə olaraq 10 ədəd
pambıqyığan maşının ayrılmasına ehtiyac
var.
Qeyd etmək
istəyirəm ki, “MKT İK” MMC-nin Ağcabədi innovasiya
filialı tərəfindən cari ildə əkilən 700
hektar pambıq sahəsinin suvarılmasında müasir suvarma
sistemindən - pivotdan istifadə olunub ki, bu da suvarma suyuna qənaət
etməklə su itkisini azaldır, torpağın
şoranlaşmasının qarşısını alır,
eyni zamanda yüksək məhsuldarlığın əldə
edilməsinə şərait yaradır. Sözsüz
ki, gələcəkdə bu sistemin tətbiqi genişləndiriləcək.
Rayonda pambıqçılığın inkişafı
istiqamətində görülmüş müvafiq tədbirlər
nəticəsində 2017-ci ildə 8000 hektarda pambıq əkilməsi
nəzərdə tutulur. Bu torpaqların hamısı suvarılan
torpaqlardır. Həmin sahələrin 1000 hektarı
dövlət fonduna, 550 hektarı bələdiyyə fonduna,
6450 hektarı isə xüsusi mülkiyyətə aiddir. Gələn
il pambıq əkiləcək
torpaqların böyük əksəriyyətinin xüsusi
mülkiyyətdə olması onu göstərir ki,
insanların bu sahəyə marağı böyükdür və
birbaşa onların güzəranının
yaxşılaşdırılmasına xidmət edəcək.
Artıq gələcək əkinlər
üçün hazırlıq işlərinə
başlanılıb, əkiləcək pambıq sahələri
müəyyən edilib.
Son illərdə Sizin diqqət və qayğınız,
xüsusi göstərişinizlə rayonda suvarma sistemində
xeyli müsbət irəliləyişlər əldə olunub. Eyni zamanda məlumat
vermək istəyirəm ki, bəzi əkin sahələrinin
suya olan tələbatının ödənilməsində hələ
də müəyyən problemlər qalmaqdadır. Bununla əlaqədar təkliflər Prezident
Administrasiyasına və müvafiq orqanlara təqdim edilib.
Görülən işlərin davamı olaraq rayon ərazisində
yerləşən 5800 hektar qış otlaq sahəsinin təyinatının
dəyişdirilərək ehtiyat fondu torpaqları
kateqoriyasına keçirilməsi üçün Nazirlər
Kabinetinə və digər aidiyyəti nazirliklərə
müvafiq sənədlər təqdim olunub. Hazırda
aidiyyəti qurumlar tərəfindən sənədləşdirmə
işləri aparılır.
Məndən əvvəl həmkarımın qeyd etdiyi
kimi, bu günlərdə ipəkçiliyin inkişafına
dövlət dəstəyi haqqında verdiyiniz sərəncam
bütün ağcabədililərin də ürəyincə
olub. Hesab edirik ki, baramaçılıqda olduğu kimi,
pambıqçılıqda da subsidiyaların son məhsula
görə verilməsi sahibkarların pambıq əkininə
olan marağını gələcəkdə daha da
artıracaq.
Möhtərəm cənab Prezident, qarşıya
qoyduğunuz vəzifələr vacib olduğu qədər də
məsuliyyətlidir. Bu, hər bir vəzifəli şəxsdən
yeni yollar aramağı, öz işində dönüş yaratmağı
tələb edir.
Ağcabədi Rayon İcra Hakimiyyəti, rayonun
bütün sakinləri Sizin kənd təsərrüfatı
məhsullarının, xüsusilə
pambıqçılığın inkişafı ilə əlaqədar
həyata keçirdiyiniz tədbirləri dəstəkləyir
və aidiyyəti qurumlarla birlikdə qarşıya qoyulan vəzifələrin
layiqincə yerinə yetiriləcəyinə söz verirlər.
Diqqətinizə
görə çox sağ olun.
* * *
“MKT
İstehsalat Kommersiya” MMC-nin baş direktorunun müavini Bəhruz CAMALOV
çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident.
Hörmətli müşavirə
iştirakçıları.
Xalqımızın ümummilli lideri Heydər
Əliyevin müəyyən etdiyi mütərəqqi daxili və
xarici siyasi kursun zati-aliniz tərəfindən uğurla davam və
inkişaf etdirilməsi sayəsində ölkəmiz qısa
müddətdə regionun lider dövlətinə
çevrilib, dünya birliyinin layiqli üzvü olaraq qlobal əhəmiyyətli
bir çox layihələrin lokomotivi kimi öz dəyərli
töhfələrini verir. Sizin bilavasitə təşəbbüsünüz
və rəhbərliyiniz altında son illər ölkəmizdə
reallaşdırılan iqtisadi islahatlar, sahibkarlıq fəaliyyətinin
təşviq edilməsi, sahibkarlar üçün münbit
şəraitin yaradılması istiqamətində atılan
addımlar, imzalanan fərman və sərəncamlar artıq
öz bəhrəsini verməkdədir. Qeyd
etmək istəyirəm ki, respublikamızda qeyri-neft sektorunun,
o cümlədən kənd təsərrüfatının
strateji sahələrindən hesab olunan pambıqçılığın
inkişaf etdirilməsi ilə bağlı zati-alinizin qəbul
etdiyi müdrik qərarlar, verdiyiniz tapşırıq və
tövsiyələr sayəsində ölkəmizdə
pambıqçılığın sürətli
inkişafı üçün qısa müddətdə əlverişli
şərait yaradılıb.
Möhtərəm cənab Prezident, respublikada pambıqçılığın
inkişaf etdirilməsi ilə bağlı tapşırıq
və tövsiyələrinizə əsasən, 2016-cı ildə
pambıq əkini üçün 50 min hektar sahə hədəf
götürülüb. Bu məqsədlə “MKT İstehsalat
Kommersiya” MMC tərəfindən aidiyyəti dövlət
qurumları və pambıq istehsalçıları ilə
birgə pambıq əkininə yararlı torpaqların müəyyən
edilməsi üçün qısa müddət ərzində
ərazilərə baxış keçirilib və fəaliyyət
istiqamətləri müəyyənləşdirilib.
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının dəstəyi,
habelə yerli icra hakimiyyəti orqanları, müvafiq qurumlar,
şirkət və fermerlərin səyi nəticəsində
“MKT” tərəfindən 24 rayon üzrə 31474 hektar sahədə
pambıq əkini aparılıb. Bunun 5000 hektarı “MKT”-nin
innovasiya təsərrüfatlarında, qalan 26474 hektarı isə
2949 fermerlə bağlanan müqavilələr əsasında əkilib.
Ümumilikdə şirkət üzrə 30713
hektar sahədə çıxış alınıb.
Qeyd etmək
istərdim ki, 2015-ci ildə şirkət üzrə əkin
sahəsi 7730 hektar, orta məhsuldarlıq 28,5
sentner olub. Bu, respublika üzrə 2015-ci ildə 18,8 sentner təşkil edib. 2016-cı il
üçün planlaşdırılan əkin sahəsi əvvəlcə
10-14 min hektar olsa da, Sizin tapşırıqlarınızdan
sonra əkin sahəsinin 31,5 min hektara qədər
artırılması mümkün olub.
Hörmətli cənab Prezident, pambıqçılara
göstərdiyiniz qayğı və diqqət bu gün öz
bəhrəsini verməkdədir. Belə ki, pambıq əkininə
ayrılan subsidiyalar, gübrə və pestisidlərə tətbiq
olunan güzəştlər, “Aqrolizinq” Açıq Səhmdar
Cəmiyyəti tərəfindən gətirilən
texnikaların güzəştli şərtlərlə
satılması fermerlərin daha çox qazanc əldə etməsinə
zəmin yaradıb. “Aqrolizinq” ASC tərəfindən
təchizatı nəzərdə tutulan müasir suvarma sistemlərinə
də güzəşt tətbiq edilməsi məsələsi
gündəmdədir.
Hazırda “MKT” şirkəti 2817 ədəd texnika ilə
fermerlərə xidmət göstərməkdədir. Şirkət
tərəfindən dəyəri 2 094 425 ABŞ dolları olan
690,475 ton yüksək reproduksiyalı, məhsuldar pambıq
toxumu idxal edilib və mövsüm üçün toxum tələbatı
tam ödənilib.
Cari
mövsümdə şirkət tərəfindən pambıq əkini
üçün 31506 hektarda şum, 76520 hektarda mala, tandem
disk, 14055 hektarda arat, 31474 hektarda səpin, 20388 hektarda seyrəltmə,
70835 hektarda suvarma, 117469 hektarda kultivasiya, 80503 hektarda kətmənləmə
işləri aparılıb. Sahələrə
6836 ton gübrə verilib, 52000 litr kimyəvi preparatdan istifadə
edilib, ümumilikdə 17.328.595 manat maliyyələşdirmə
həyata keçirilib.
“MKT” tərəfindən sahələrdən 65000 tondan
artıq xam pambığın toplanması gözlənilir ki,
bu da respublika üzrə tədarük ediləcək məhsulun
65 faizi deməkdir. Xam pambıq 13 qəbul məntəqəsində
tədarük, 10 pambıqtəmizləmə zavodunda isə
emal ediləcək. Qeyd edək ki, 10
pambıqtəmizləmə zavodu həm də qəbul məntəqəsi
kimi fəaliyyət göstərir. Tədarük ediləcək
xam pambığın emalından 24700 ton mahlıc, 32500 ton
çiyid, çiyidin emalından isə 3600 ton rafinə
edilmiş yağ və 21600 ton jmıx alınacaq. Daxili tələbat (iplik, tekstil, heyvandarlıq) təmin
edildikdən sonra ixracdan 34 milyon ABŞ dolları məbləğində
vəsaitin daxil olması gözlənilir.
Möhtərəm cənab Prezident, növbəti illərdə
pambıqçılıqda məhsuldarlıq və keyfiyyət
göstəricilərini yüksəltmək məqsədilə
hazırda aşağıda qeyd olunan işlərə
başlanılıb.
2017-ci təsərrüfat
ilində pambıq əkini üçün müqavilə
bağlanması və şum aparılması işlərinə
start verilib, toxumçuluğun inkişaf etdirilməsi məqsədilə
elmi-texniki bazanın yaradılması və lifsizləşdirilmiş
toxumluq çiyid istehsalı zavodunun layihə tikintisi üzərində
işlər aparılır. Gələn il
pambıq əkininin qismən, 2018-ci ildən başlayaraq tam
yerli istehsal toxumla təchiz olunması
planlaşdırılır. Əkilməyən
sahələrin əkinəyararlı vəziyyətə gətirilməsi
prioritet vəzifələrdəndir və hazırda müvafiq
qurumlarla ərazilərin monitorinqi aparılır, pivot
müasir suvarma sistemlərinin tətbiqi ilə bağlı
yeni layihələr üzərində işlər gedir.
Pivot sistemlərinin tətbiqi sudan istifadəyə qənaət
etməklə yanaşı, ənənəvi üsulla
müqayisədə məhsuldarlığın 1,5-2 dəfə artırılmasına, eyni
zamanda növbəli əkin sisteminə böyük imkanlar
yaradır. Taxıl pambıq üçün sələfli
bitki olduğundan pivot suvarma sistemləri ilə təchiz
olunmuş sahələrdə
pambıqçılığın inkişafı eyni zamanda
taxılçılığı da inkişaf etdirəcək.
Qeyd etmək istərdim ki, “MKT”-nin Yevlax, İmişli,
Ağcabədi, Beyləqan, Saatlı və Samux rayonlarında
yerləşən innovasiya təsərrüfatlarında 6750
hektar sahəni əhatə edən 149 ədəd pivot
müasir suvarma sistemləri quraşdırılıb və bu
istiqamətdə işlər davam etdirilir. Hazırda
Yevlax innovasiya təsərrüfatında tam
formalaşmış sahələr üzrə 45-50 sentner məhsul
gözlənilir.
Möhtərəm
cənab Prezident, “MKT İstehsalat Kommersiya” MMC olaraq,
pambıqçılığın inkişaf etdirilməsi ilə
əlaqədar göstərdiyiniz ali
dövləti qayğıya görə Sizə bir daha təşəkkür
edir və zati-alinizi əmin edirik ki, qarşıya
qoyduğunuz bütün tapşırıqların tez bir
zamanda və keyfiyyətlə həyata keçirilməsi
üçün bundan sonra da bütün səylərimizi səfərbər
edəcəyik.
Diqqətinizə görə təşəkkür edirəm.
* * *
Saatlı
Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin CABBAROV
çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident.
Pambıqçılığın
insanların sosial həyatında nə qədər
böyük rol oynadığını dönə-dönə
bildirən ulu öndər respublikaya rəhbərlik etdiyi
1970-ci illərdə bu sahənin inkişafına böyük
önəm verir, pambığı neftlə müqayisə edərək “neft qara
qızıldırsa, pambıq ağ qızıldır”
deyirdi. Həmin dövrlərdə
pambıqçılığa Saatlı rayonunda da xüsusi
diqqət ayrılmış və nəticədə 1981-ci ildə
15 min hektardan çox sahədə pambıq əkilərək
60 min tona yaxın məhsul toplanmışdı.
Danılmaz həqiqətdir ki, Sizin rəhbərliyinizlə
həyata keçirilən uğurlu aqrar islahatlar,
müşavirə və konfranslarda kənd təsərrüfatının
inkişafı ilə bağlı dəyərli
tapşırıq və tövsiyələriniz ötən əsrin
70-ci illərində olduğu kimi, insanların torpağa
münasibətini əhəmiyyətli dərəcədə
dəyişib və bu sahəyə marağı
artırıb.
Hər kəs yaxşı bilir ki, “Kənd təsərrüfatı
məhsulları istehsalçılarına dövlət dəstəyi
haqqında” sərəncamınız aqrar bölmədə
dinamik inkişafın təməlini qoyub. Sizin ölkəmiz
üçün kənd təsərrüfatının ənənəvi
sahələrindən olan pambıqçılığın
inkişafına göstərdiyiniz diqqət,
tapşırığınızla pambığın
alış qiymətinin artırılması, yanacaq və
motor yağlarına görə subsidiyaların pambıq əkininə
də 90 manat məbləğində verilməsi Saatlı
rayonunda bu sahədə dönüş yaradıb. Bunun nəticəsidir ki, bu mövsümdə rayon
üzrə ötən ildəkindən iki dəfə
çox, yəni 8109 hektar sahədə pambıq əkilib.
Cənab
Prezident, Sizin də qeyd etdiyiniz kimi, pambıq strateji, ölkəyə
valyuta gətirən məhsul olmaqla yanaşı, ümumən
pambıqçılıq əhalinin həyat səviyyəsinin
yüksəlməsinə və insanların işə cəlb
edilməsinə əhəmiyyətli dərəcədə təsir
göstərən sahədir. Bu il Saatlıda
pambıq istehsalına 6 min nəfərə yaxın
işçi cəlb olunub ki, bu da kənd rayonu
üçün əhalinin məşğulluğu
baxımından böyük rəqəmdir. Onu da qeyd etmək
istəyirəm ki, Sizin tapşırığınızla
pambıq istehsalçılarına mövsümün əvvəlindən
bugünədək lazımi köməklik göstərilib.
Onlar pambıq toxumu, müxtəlif texnika, aqreqat
və mineral gübrələrlə, suvarma suyu ilə təmin
olunublar və aqrotexniki qaydalara əməl edilib.
Sizin hər hektardan ən azı 20 sentner məhsuldarlığa
nail olunması barədəki təklifinizin rayon üzrə
yerinə yetiriləcəyini indidən söyləmək
mümkündür. Belə ki, bu mövsümdə rayonda hər hektardan 20
sentnerdən yuxarı, yəni ümumilikdə 20 min tona
yaxın pambıq toplanması gözlənilir.
Cənab
Prezident, Sizin rayonların yerli büdcələrinin respublika
büdcəsindən dotasiya almadan formalaşması və əhalinin
iş yerləri ilə təminatı barədə
tapşırığınız da pambıq əkininin
artırılması hesabına öz müsbət həllini
tapacaq.
Torpaqlardan
daha səmərəli istifadə olu
nması,
istifadəsiz saxlanılan torpaqların geri alınaraq istifadə
edənlərə verilməsi ilə bağlı
tapşırığınıza əsasən 4 min hektar
torpaq sahəsi geri alınıb və dövlət ehtiyat
fonduna qaytarılıb. Qarşıya məqsəd
qoyulub ki, suvarılan mövcud torpaq sahələrindən
istifadə etməklə növbəti ildə iki dəfə
artıq, yəni 17 min hektardan çox sahədə pambıq əkini
aparılsın. Eyni zamanda
taxılçılıq, xüsusən buğda istehsalı
da diqqətdə saxlanılacaq. Belə ki,
cari ildə 16541 hektarda buğda əkilmişdisə, növbəti
ildə bu rəqəm 17 min hektardan yuxarı olacaq.
Saatlı rayonunda illik emal gücü 90 min ton olan
üç müəssisə fəaliyyət göstərir. İstehsalçılar
topladıqları məhsulu əvvəlcədən
bağladıqları müqavilələr əsasında həmin
müəssisələrə satırlar. Müsbət
haldır ki, məhsullarının dəyərini həmin
gün də alırlar. Bununla belə, ali
diqqətinizə çatdırmaq istəyirəm ki, bu gün
istifadə olunan pambıq toxumları, istər lifli, istərsə
də lifsiz çiyidlər, əsasən xaricdən gətirilir
və yalnız cüzi bir hissə ölkədə istehsal
olunur. Ötən il rayonda 118 ton lifli
çiyid istehsal olunaraq istehsalçılara satılıb. Bu toxumdan istifadə edilməklə əkilən sahələrdə
normal məhsuldarlıq gözlənilir. Müqayisə
üçün bildirirəm ki, xaricdən gətirilən
lifli toxumun bir kiloqramı 30-35 qəpiyə başa gəlirsə,
yerli istehsaldan əldə olunan toxum 20 qəpikdir. Bir hektara lifli çiyid 60-65 kiloqram, hər
kiloqramı 5 manata alınan lifsiz çiyid isə 20 kiloqram səpilir.
Nəzərə alsaq ki, gələn il
pambıq əkini genişləndiriləcək və min
tonlarla çiyidə ehtiyac olacaq, bu, milyonlarla valyutanın
ölkədən kənara çıxması ilə
yanaşı, eyni zamanda məhsulun maya dəyərinin də
artmasına öz təsirini göstərəcək. İstehsalçıları lifli və lifsiz
çiyidlə yerli toxum hesabına tam təmin etmək
mümkündür. Bunun üçün
mütərəqqi texnologiyalara əsaslanan pambıq toxumu
istehsal edən zavodun inşasına zəruri ehtiyac var.
Möhtərəm cənab Prezident, Saatlı rayonunda
43504 hektar qış otlaq sahəsi olub. Bundan 3335
hektar əkin dövriyyəsinə cəlb edilməklə,
“MKT İstehsalat Kommersiya” MMC-nin istifadəsinə verilib.
Həmin cəmiyyətin tabeliyində iri
innovasiya fermer təsərrüfatı yaradılaraq bu
mövsümdə 900 hektar sahədə pambıq əkilib ki,
bunun da 600 hektarında müasir tipli pivot suvarma sistemi
quraşdırılıb. Bu sahələrdə
hər hektardan 25 sentnerdən yuxarı məhsuldarlıq
gözlənilir. Sözügedən
innovativ təsərrüfatda da növbəti ildə pambıq
əkini sahələrinin genişləndirilməsi nəzərdə
tutulub.
Hazırda
rayon üzrə qalan 40169 hektar qış otlağı sahələrinin
25 min hektarında irriqasiya və meliorasiya tədbirləri
görülməklə, heyvandarlığın
inkişafına xələl gətirmədən taxıl,
pambıq və digər əkinlər aparıla bilər. Növbəti illərdə ilkin olaraq həmin sahənin
11186 hektarında taxıl və pambıq əkilməsi
mümkündür. Bunun üçün ərazinin
suvarma suyu ilə təminatına ehtiyac var. Bu sahələrə
suyun verilməsi məqsədilə mənbəyini Bəhramtəpə
hidroqovşağından götürən Qızılarx
kanalının su tutumunu genişləndirməyə,
1910-1915-ci illərdə çəkilmiş Orta Muğan
kanalında yenidənqurma işləri aparılmasına, 14
kilometr isə yeni kanal çəkilməsinə ehtiyac duyulur.
Bununla bağlı hazırlanmış təkliflər
Prezident Administrasiyasına təqdim olunub.
Cənab
Prezident, Sizi əmin edirəm ki,
pambıqçılığın inkişafı ilə
bağlı verdiyiniz tapşırıqların yerinə
yetirilməsi istiqamətində Saatlı rayonunda bundan sonra da
bütün imkanlar səfərbər ediləcək, əhalinin
məşğulluğunun təmin edilməsi və həyat səviyyəsinin
daha da yüksəldilməsi üçün qarşıya
qoyulan vəzifələr icra olunacaq.
* * *
İmişli
Rayon İcra Hakimiyyətinin başçısı Vilyam HACIYEV
çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident.
Respublikamızın sosial-iqtisadi inkişafı ilə
bağlı aparılan uğurlu siyasət ölkəmizin
bütün regionlarında olduğu kimi, İmişli rayonunda
da öz bəhrəsini verməkdədir. Bu, kənd təsərrüfatı,
xüsusilə də əkinçilik sahəsində daha
çox hiss olunur. Belə ki,
taxılçılıq və pambıqçılıq sahəsində
məhsuldarlığın artırılması, iri fermer təsərrüfatlarının
yaradılması, ölkəmizin idxaldan
asılılığını azaltmaq üçün əkin
dövriyyəsinə yeni torpaq sahələrinin cəlb edilməsi,
kiçik və orta fermer təsərrüfatlarının fəaliyyəti
üçün münbit şərait yaradılması təmin
edilib. Bütün bunların nəticəsidir
ki, İmişli rayonu öz büdcəsini özü maliyyələşdirir.
Gələcəkdə büdcə gəlirlərinin
daha da artırılması üçün rayonumuzda əkin
dövriyyəsini əvvəlki illərə nisbətən
xeyli artırmağı nəzərdə tutmuşuq.
Cənab
Prezident, Sizin pambıqçılığın yenidən
inkişaf etdirilməsi ilə bağlı verdiyiniz
tapşırıqlar biz imişlililərin ürəyincə
oldu. Tapşırıqlarınızın icrasını təmin
etmək məqsədi ilə rayonda bütün qüvvələr
səfərbər olunub, yerli icra hakimiyyəti və bələdiyyə
orqanları, keçmiş qabaqcıl təsərrüfat
işçiləri bu işə cəlb edilib, pambıq əkini
ilə məşğul olan şirkətlərlə əlaqəli
iş qurulub, müşavirələr və görüşlər
keçirilib, təkliflər dinlənilib. Nəticədə
bu il rayon üzrə ötən illə
müqayisədə iki dəfə çox, yəni 5051 hektar
sahədə pambıq əkilib. Pambığın
aqrotexniki qaydada dörd dəfə kompleks becərilməsi təmin
edilib, suvarmalar vaxtında aparılıb, bitkilərə
mineral gübrələr vaxtında verilib, pambığın
ziyanvericilərdən qorunması üçün kimyəvi
preparatlarla dərmanlanması vaxtında başa
çatdırılıb. Yüksək
aqrotexniki qaydada becərilən pambıq sahələrindən
10 min tondan artıq məhsul gözləyirik. Ümidvaram ki, yığımın sonuna bu rəqəmi
üstələyəcəyik.
Növbəti təsərrüfat ilində isə
İmişli rayonu üzrə 12 min hektar sahədə
pambıq əkilməsi planlaşdırılır. Bu məqsədlə
indidən hazırlıq işlərinə
başlanılıb, əkiləcək pambıq sahələri
müəyyənləşib, icarədarlar və sahibkarlarla
maarifləndirmə işləri aparılıb.
İmişli rayonu sovet dönəmində də
respublikanın böyük pambıqçılıq
rayonlarından biri olub. Ümummilli liderimiz bir neçə dəfə
İmişli rayonunda olub, pambıqçılarla
görüşlər keçirib. Bunun nəticəsi
olaraq İmişlidə 1970-1980-ci illərdə
pambıqçılıqda məhsul istehsalı 50 min tona
çatıb. Bu gün biz həmin ənənəyə
sadiq qalaraq, Nazirlər Kabinetinin birinci yarımilliyinin
yekunlarına həsr olunmuş müşavirəsində Sizin
dediyiniz “Biz pambıqçılığı tam bərpa etməliyik”
- fikrinizi əsas tutaraq, rayonumuzda yaxın gələcəkdə
pambıq istehsalını 50 min tona çatdırmağa
çalışırıq. Bunun
üçün mövcud olan imkanlardan istifadə edəcəyik.
İmişli rayonunda əkinçilik məqsədilə
istifadə olunmayan torpaq sahələrinin əkin dövriyyəsinə
qaytarılması üçün müvafiq tədbirlərin
görülməsi vacib məsələlərdəndir. Rayonun torpaqları
“ağır” və “şorakət” torpaqlar olduğu
üçün meliorasiya və irriqasiya işlərinin
aparılmasına, müasir suvarma sistemlərinin qurulmasına
ehtiyac var. Bu sistem tətbiq olunduqdan sonra torpaqların təkrar
şoranlaşmasının qarşısını almaq
mümkün olacaq. Yüksək məhsul istehsalına nail
olmaq üçün həmin əkin sahələrindən
torpaq nümunələri götürülərək bitki tələbatına
uyğun yemləmə rasionları tətbiq edilməlidir.
Kənd təsərrüfatının davamlı
inkişafını təmin etmək məqsədilə
növbəti əkin sisteminin tətbiq olunması vacib amildir. Belə ki,
rayonumuzda pambıqçılıq, taxılçılıq
və şəkər çuğunduru istehsalının
inkişafı üçün geniş imkanlar var. Növbəli
əkin üsulu ilə hər üç aqrar sahəni
inkişaf etdirmək olar. Bu da fermerlər
üçün sərbəst seçim şəraiti yaradar,
həm də yüksək məhsuldarlıq əldə
olunmasına və ümumilikdə əkinçiliyin
inkişafına kömək etmiş olar. Ən
başlıcası isə bu, insanların məşğulluğunu,
eyni zamanda, gəlirlərini artıracaq, güzəranlarını
yaxşılaşdıracaq, ölkəmizə valyuta
axınının artmasına xidmət edəcək.
Cənab
Prezident, bu gün İmişli rayonunda 70109 hektar dövlət
qış-otlaq torpaqları var. Əvvəllər həmin
torpaqlardan qoyunçuluğun inkişafı üçün
istifadə edilirdi. Həmin torpaqların əkinəyararlı
hissələrinin əkin fonduna qaytarılmasına zəruri
ehtiyac yaranıb. İlk növbədə əkin
dövriyyəsinə qatılacaq 3000 hektar əlavə torpaq
sahəsinin suvarılması üçün mövcud olan
problemlərlə əlaqədar təkliflər Prezident
Administrasiyasına və müvafiq orqanlara təqdim olunub.
Hazırda rayonumuzda kənd təsərrüfatının
dinamik inkişafını təmin etmək üçün
bütün mümkün imkanlardan geniş istifadə edilir. Belə ki, əkin
dövriyyəsinin artırılması, sahibkarların bu
işə cəlb edilməsi, yüksək ixtisaslı mütəxəssislərin
köməyindən istifadə edilməklə əkinçilikdə
məhsuldarlığın artırılması daim diqqət
mərkəzində saxlanılır.
Rayon pambıqçıları adından Sizi əmin
edirəm ki, kənd təsərrüfatı sahəsində
yüksək məhsul istehsalına nail olacaq, əhalinin məşğulluğunu
təmin edəcək və qarşımıza qoyduğunuz
bütün vəzifələri sonadək uğurla yerinə
yetirəcəyik.
* * *
“CTS AGRO”
MMC-nin baş direktor əvəzi Arif
İBRAHİMOV çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident.
İlk növbədə pambıqçılığın
inkişafına diqqət və vaxt
ayırdığınıza görə pambıq
istehsalçıları adından Sizə minnətdarlığımızı
bildiririk.
Bildiyiniz kimi, Azərbaycanda pambıqçılıq ənənəvi
istehsal sahələrindən biridir. Ölkəmizdə
pambıq istehsalına və xam pambığın sənaye
üsulu ilə ilkin emalına hələ XIX əsrin əvvəllərindən
başlanılmışdı. Sovet hakimiyyəti
illərində də həmin ənənə davam etmiş,
bu sahənin elmi əsaslarla intensiv inkişafı isə
ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan
Respublikasına rəhbərlik etdiyi illərdə təmin
edilmişdi. Həmin dövrdə Azərbaycan
pambıq istehsalına görə ittifaqda öncül yerlərdən
birini tuturdu. Müqayisə üçün qeyd etmək
lazımdır ki, əgər Azərbaycanda 1969-cu ildə
pambıq istehsalı 299 min ton, məhsuldarlıq isə hər
hektar üçün 15 sentner idisə, 1970-ci illərin
sonunda pambıq istehsalı 830 min tona, 1980-ci illərin əvvəllərində
isə 1 milyon tona çatmış və məhsuldarlıq hər
hektar üçün 30,8 sentner olmuşdu.
Möhtərəm
cənab Prezident, 2015-ci il mövsümündə “CTS AGRO” Məhdud
Məsuliyyətli Cəmiyyətin maliyyə durumunun
ağır olmasına baxmayaraq, 9380 hektar sahədən 12 min
572 ton xam pambıq tədarük edilib, həmin xam
pambığın emalından alınan məhsulların
satışından 6,2 milyon ABŞ dolları və 2,1 milyon
manat əldə olunub. Sizin tapşırığınıza əsasən
ölkədə qeyri-neft sektorunun, xüsusilə
pambıqçılığın inkişafını təmin
etmək məqsədilə 2016-cı il mövsümündə
respublikanın 18 rayonunda fəaliyyət göstərən
1254 fermerlə bağlanmış müqavilələr əsasında
17 min 352 hektarda, o cümlədən 2796 hektarı MMC
torpaqları olmaqla, pambıq əkilib. Görülmüş
tədbirlər nəticəsində 2015-ci illə müqayisədə
pambıq əkini sahələri təxminən iki dəfə
artıb.
“CTS AGRO”
MMC-nin tabeliyində 6 pambıq emalı zavodu, 6 pambıq tədarükü
məntəqəsi, Biləsuvar rayonunda təcrübə-sınaq
təsərrüfatı və Şirvan pambıq emalı
zavodunda yağ emalı sexi fəaliyyət
göstərir. Qeyd etmək lazımdır ki, Biləsuvar
rayonundakı təcrübə-sınaq təsərrüfatında
2227 hektar sahə müasir tələblərə cavab verən
pivod qurğularından ibarət suvarma sistemi ilə təmin
olunub ki, bu da yüksək məhsuldarlıq əldə etməyə
imkan yaradır.
Pambıqçılıq
üzrə inkişaf etmiş ölkələrin iş təcrübəsinə
istinad edilərək, vəsaitin təyinatı üzrə
istifadə edilməsi və şəffaflığın təmin
edilməsi üçün fermerlərlə
bağlanmış dördtərəfli müqavilələr əsasında
hər hektara orta hesabla tələb olunan vəsaitə
uyğun olaraq, aşağı faizlə - illik 6 faiz olmaqla
kredit ayrılıb. 2016-cı il
sentyabrın 1-dək MMC-nin öz vəsaiti və “Aqrarkredit” Səhmdar
Kredit Təşkilatının vəsaiti hesabına fermerlərə
8 milyondan artıq kredit verilib.
Cənab
Prezident, Sizin tapşırığınıza əsasən
xam pambığın növlər üzrə alış qiymətlərinə
yenidən baxılıb, əvvəlki illə müqayisədə
qiymətlər əhəmiyyətli dərəcədə
artırılıb. Bir ton xam pambığın
alış qiyməti 400 manatdan 500 manata qaldırılıb.
Bundan əlavə, yüksək keyfiyyətli
pambıq təhvil verən və məhsuldarlıq göstəricisi
hər hektar üçün 20-40 sentnerdən yüksək
olan fermerlər təhvil verəcəkləri hər ton xam
pambığa görə müvafiq olaraq 15-50 manat məbləğində
mükafatlandırılacaq.
2016-cı
il mövsümündə cəmiyyət tərəfindən
fermerlərə pambığın əkilib becərilməsində
lazım olan texniki xidmət göstərilib, Türkiyədən
lifsiz toxum, kimyəvi preparatlar və “Aqrolizinq” xətti ilə
güzəştli qiymətlərlə “Amonium-nitrat” və
“Amofos” gübrələri alınaraq istehsalçılara
çatdırılıb.
Cəmiyyətin
mülkiyyətində 650 ədəd kənd təsərrüfatı
texnikası var. Lakin pambıq əkini sahələrinin
artırılması ilə əlaqədar “Aqrolizinq” xətti
ilə əlavə olaraq 245 ədəd yeni, müasir, müxtəlif
kənd təsərrüfatı texnikaları da alınaraq
fermerlərin istifadəsinə verilib.
Cənab
Prezident, Sizin Salyan rayonuna səfəriniz çərçivəsində
pambıq sahəsində istehsalçılar ilə
görüş keçirməyiniz və ilk məhsulu dərməyiniz
bu sahədə çalışan bütün insanlarda ruh
yüksəkliyi, pambıqçılığın
inkişafına möhkəm inam yaratmaqla yanaşı,
2016-cı ilin pambıq tədarükünə
başlanmasına start kimi qəbul olunub. Elə
həmin gündən pambıq yığımına,
saxlanılmasına və emalına başlanılıb.
Cəmiyyət tərəfindən bugünədək
535 tondan yuxarı xam pambıq tədarük edilib.
2016-cı
il mövsümü üzrə “CTS AGRO” MMC-nin zavod və məntəqələrində
aparılmış bioloji məhsuldarlıq göstəricisinə
əsasən, təxminən 35 min ton xam pambığın tədarük
edilməsi və nəticədə pambıq emalından əldə
olunan mahlıc və digər məhsulların
satışından ölkəyə təxminən 23 milyon
ABŞ dolları həcmində valyuta daxil olması gözlənilir.
Rayonlar içərisində ən böyük əkin
sahəsi məhz Sabirabad rayonunun payına düşür.
Belə ki, 3556 hektar sahədə pambıq əkilib
və 6600 ton pambıq tədarükü gözlənilir.
“Qeyri-neft məhsullarının ixracının təşviqi
ilə bağlı əlavə tədbirlər haqqında” fərmanınıza
əsasən, qeyri-neft məhsullarının ixracı ilə
məşğul olan şəxslərə dövlət
büdcəsinin vəsaiti hesabına ixrac-gömrük bəyannaməsində
nəzərdə tutulan gömrük dəyərinin
üç faizi məbləğində ixrac təşviqi
ödənilməsi nəzərdə tutulur. Əvvəllər buğda
və çəltik məhsullarının
istehsalçılarına əkin sahəsinin becərilməsində
istifadə etdiyi yanacaq və motor yağlarına tətbiq edilən
subsidiyalar hazırda pambıq istehsalçılarına da
şamil edilib. Bundan başqa, kənd təsərrüfatı
məhsullarının istehsalçıları bütün
vergilərdən (torpaq vergisi istisna olmaqla) azaddırlar, eyni
zamanda onlara subsidiyalar verilir. Lizinq qaydasında güzəştli
şərtlərlə və uzun müddətə texnikalar
icarəyə götürülür, gübrələrin
alınması və s. məqsədlər üçün
güzəştli şərtlərlə kreditlər verilir
ki, bu da pambıqçılığın inkişafına əlavə
stimul yaradır.
“CTS AGRO”
MMC-nin əhatə etdiyi 18 rayonda pambığın ilkin
istehsalı və emalı ilə 36 minə yaxın adam məşğul olur. 2017-ci mövsüm
ilində iş yerlərinin ən azı 70-80 faiz
artacağı planlaşdırılır. Növbəti
ildə MMC tərəfindən respublikanın
pambıqçılıq rayonlarında 30 min hektarda pambıq
əkini nəzərdə tutulur. Bu məqsədlə
artıq indidən pambıq əkini sahələrinin
artırılması istiqamətində lazımi işlər
aparılır.
Möhtərəm cənab Prezident, Sizin dəstəyiniz
olmadan bu işlərin uğurla həyata keçirilməsi
mümkün olmazdı. Buna görə “CTS AGRO” MMC-nin
işçiləri və bizimlə əməkdaşlıq
edən bütün fermerlər adından Sizə bir daha dərin
təşəkkürümüzü bildiririk.
2016-cı
il mövsümünü uğurla başa
vurmaq, əməktutumlu sahə olan və ölkəyə
valyuta gətirən pambıqçılığın daha da
inkişaf etdirilməsi qarşımızda duran mühüm vəzifədir.
Bu məqsədə çatmaq üçün
üzərimizə düşən öhdəliklərin
layiqincə yerinə yetirilməsi istiqamətində var
gücümüzlə çalışacaq, “ağ
qızıl”ın şöhrətinin özünə
qaytarılması üçün səylərimizi əsirgəməyəcəyik.
Diqqətinizə görə təşəkkür edirəm.
* * *
Bərdə
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İSAYEV
çıxış edərək dedi
- Möhtərəm
cənab Prezident.
Ulu öndər Heydər Əliyev 1979-cu ildə
pambıqçılıqla əlaqədar Bərdədə
keçirilən zona müşavirəsində demişdi ki,
“Pambıqçılıq respublikamızın əsas sərvətlərindəndir,
xalqımızın şərəfidir, şöhrətidir”.
Cənab
Prezident, Bərdə respublikamızın ən böyük kənd
təsərrüfatı, xüsusilə
pambıqçılıqda böyük ənənəsi olan
rayonlardan biridir. Bildiyiniz kimi, ulu öndərin rəhbərliyi
ilə Bərdənin inkişafı, rayon əhalisinin
rifahı birbaşa pambıqçılıqla bağlı
olub.
Qədirbilən
bərdəlilər bu gün də ümummilli lider Heydər
Əliyevə minnətdarlıq hissi ilə qeyd edirlər ki, məhz
onun diqqət və qayğısı sayəsində
pambıqçılığın inkişafı hesabına
çiy kərpicdən olan evlərimiz daş evlərə
çevrildi, evlərimiz bahalı mebel, rəngli televizor,
kondisioner, soyuducu gördü, hər iki
pambıqçıdan, suçudan ən azı biri avtomobil
sahibi oldu, firavan gün-güzəran qurdu, kəndlərimizin
siması dəyişdi. Ulu öndərin 70-ci illərdə
milli memarlığını saxlamaqla təməlini
qoyduğu və bu gün Sizin diqqət və
qayğınızla quruculuğu davam etdirilən müasir Bərdə
şəhəri yarandı. Məhz o zaman el
arasında “ağ qızıl” adlandırılan pambıq,
doğrudan da, hər bir bərdəli ailəsi
üçün qızıla bərabər olduğunun təsdiqini
tapdı.
Bərdə pambıqçılıq rayonu kimi təkcə
respublikamızda deyil, keçmiş SSRİ-də
böyük şan-şöhrət qazanmışdı. 1981-ci ildə
rayonda 28 min hektar pambıq əkilmiş, 126 min ton pambıq tədarük
edilmişdi. Bərdəlilər bunu unutmur və bu
gün Sizin qeyri-neft sektoru kimi kənd təsərrüfatının,
xüsusilə pambıqçılığın
inkişafına verdiyiniz önəm, dövlətin göstərdiyi
diqqət və qayğı digər
pambıqçılıq rayonlarının əhalisi kimi, bərdəlilər
tərəfindən də minnətdarlıqla
qarşılanıb.
Cari ildə Sizin tapşırığınızla kənd
təsərrüfatının digər sahələri ilə
yanaşı, rayonda baramaçılıq və
pambıqçılığın inkişafı ilə
bağlı ciddi addımlar atılıb. Prezident
Administrasiyasının tapşırıq və tövsiyəsi
ilə dərhal işə başlanılıb, bu məqsədlə
fermerlərin, sahibkarların, təcrübəli
pambıqçıların iştirakı ilə rayonda
geniş müşavirə keçirilib, rayon qərargahı
yaradılıb, əhali arasında geniş maarifləndirmə
işi aparılıb. Qısa müddətdə
2015-ci ilə nisbətən üç dəfə çox, yəni
3003 hektar sahədə pambıq əkilib. Əkinlər
su təminatı olan sahələrdə aparılıb.
Cənab
Prezident, əkinlərin aqrotexniki qaydada kompleks becərilməsi
üçün rayonun bütün imkanları, pambıq
emalı zavodlarının, aidiyyəti qurumların qüvvələri
səfərbər edilib, ümumi işin nəticəsi olaraq
sahələrdə yüksək məhsul yetişdirilib. Artıq bir neçə gündür ki, əllə
pambıq yığımına başlanılıb. 600 hektardan çox sahə defalyasiya olunaraq,
maşınla yığım üçün
hazırlanıb.
Bu il pambıq əkininin nisbətən gecikməsinə
baxmayaraq, hər hektardan 30 sentner məhsul götürülməsi
gözlənilir. 2016-cı ildə rayonda
pambıqçılığın inkişafı bu sahədə
3400 yeni iş yerinin yaradılmasına şərait
yaradıb.
Cənab
Prezident, yeri gəlmişkən bildirim ki, son 5 ildə Sizin
müvafiq sərəncamlarınızla rayonda 108 yeni subartezian
quyusunun qazılması, on illər boyu işləməyən
142 quyunun yenidən işlək vəziyyətə
qaytarılması, istismar müddəti başa
çatmış 15 nasos stansiyasının əsaslı bərpa
olunması, mövcud arxların və dren kanalların lildən
təmizlənməsi pambıq sahələrinin optimal müddətdə
suvarılmasına kömək etməklə yanaşı,
ümumilikdə 6 min hektar əkin sahəsinin dövriyyəyə
qaytarılmasına imkan verib.
Bu
yaxınlarda Sizin ipəkçiliyin
inkişafına dövlət dəstəyi haqqında
verdiyiniz sərəncam kənd adamları tərəfindən
böyük rəğbətlə qarşılanıb və
ipəkçiliyə marağı birə-beş
artırıb. İpəkçilikdə
olduğu kimi, pambıqçılıqda da subsidiyaların
son məhsula görə verilməsi əkinçilərə
böyük stimul verərdi.
Aparılan
iqtisadi təhlillərə, pambıqçılığa
olan marağa və rayonun mövcud potensialına əsaslanaraq,
növbəti ildə 8,5 min hektar sahədə
pambıq əkilməsi nəzərdə tutulub. Bu məqsədlə indidən hazırlıq işləri
başlayıb, torpaq sahibləri, icarədarlar və
sahibkarlarla maarifləndirmə işləri aparılıb.
Əkiləcək pambıq sahələri
müəyyənləşdirilib və monitorinq keçirilib,
həmin torpaqların suvarma suyu ilə təminatının
yaxşılaşdırılması yönümündə
işlərə başlanılıb. İlin
sonunadək rayonda daha 20 ədəd yeni subartezian quyusu
qazılması gözlənilir. Növbəti
ildə pambıq əkini sahələrinin üç dəfə
artırılması ilə əlaqədar suvarma suyunda və
pambıq emalı zavodlarının maddi-texniki bazasında
yaranacaq problemlərlə əlaqədar təkliflər
Administrasiyaya və aidiyyəti qurumlara təqdim edilib.
Zati-aliləri, müşavirə öncəsi bir daha
rayonun pambıqçıları ilə
görüşdüm və onların bir hissəsi bu zalda əyləşib. Mən onların bir fikrini Sizin ali diqqətinizə çatdırmaq istəyirəm.
Bərdəlilər ulu öndərin rəhbərliyi
dövründə pambıqçılıqda
qazandıqları şan-şöhrəti məhz bu gün Sizin rəhbərliyinizlə yenidən geri
qaytarmaq əzmindədirlər və bunun üçün əllərindən
gələni əsirgəməyəcəklər.
Diqqətinizə görə sağ olun.
* * *
Biləsuvar
Rayon İcra Hakimiyyətinin başçısı Mahir QULİYEV
çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident.
Sizin müdrik siyasətiniz nəticəsində
günü-gündən çiçəklənən,
qüdrətli dövlətə çevrilən Azərbaycanın
hər bir bölgəsi kimi, Biləsuvar rayonu da böyük
inkişaf yolundadır. Biləsuvarlılar hələ də Sizin
rayonumuza yaxın günlərdəki tarixi səfərinizin,
rayon ictimaiyyəti ilə səmimi
görüşünüzün təsiri altındadırlar.
Qədirbilən biləsuvarlılar
xalqımızın xoşbəxtliyi naminə yorulmaz fəaliyyətinizi,
o cümlədən Biləsuvar rayonuna olan diqqət və
qayğınızı çox yüksək qiymətləndirirlər.
Möhtərəm cənab Prezident, Sizin qeyri-neft
sektorunun inkişafı istiqamətində verdiyiniz
tapşırıqlara uyğun olaraq görülən işlər
ölkəmizin hər yerində olduğu kimi, Biləsuvar
rayonunda da öz bəhrəsini verməkdədir.
Biləsuvar həmişə respublikamızın
aparıcı aqrar rayonlarından biri olub, daha çox
pambıqçılıq ənənələrinin
inkişafına görə tanınıb. Ötən əsrin
70-80-ci illərində, ulu öndər Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi dövrdə rayonumuzda pambıq
istehsalı ən yüksək səviyyəyə
çatmış, bu sahə Biləsuvara və biləsuvarlılara
firavanlıq, şöhrət gətirmişdi. Pambıqçılığın
inkişafını daim diqqətdə saxlayan ulu öndər
dörd dəfə Biləsuvar rayonunda olmuş və
pambıq tarlalarında əmək adamları ilə
görüşmüşdü. O illərdə Biləsuvarda
14 min hektar sahədə pambıq əkilir, hər il 35-40 min ton pambıq istehsal edilirdi. İstehsal olunan pambığın rayonun ümumi məhsulunda
həcmi 20 faiz təşkil edirdi və 15 min nəfərə
yaxın sakinin məşğulluğu təmin olunmuşdu.
Nəzərə almaq lazımdır ki, həmin illərdə
rayonun əhalisi 56 min nəfər, əmək qabiliyyətli əhalinin
sayı 37 min nəfər idi.
Cənab
Prezident, indi isə rayon əhalisinin sayı 100 min nəfəri
keçib, əmək qabiliyyətli əhalinin sayı isə
67 min nəfərdir.
Aqrar sahənin, xüsusən də
pambıqçılığın inkişafı ilə əlaqədar
qəbul etdiyiniz qərarlar rayonumuzda bu sahəyə
marağı daha da artırıb. Tapşırığınızın
icrası olaraq torpaqlardan daha da səmərəli istifadə
etmək üçün 5435 hektar qış otlaq sahəsi
istifadəçilərdən geri alınıb. Görülmüş təşkilati işlər nəticəsində
qısa müddət ərzində kənd icra nümayəndələri,
bələdiyyələr, fermerlər, fiziki şəxslər
pambıq şirkətləri ilə əlaqələr
yaradaraq müqavilələr bağlayıblar. Bunun nəticəsidir ki, yaz aylarında havaların əlverişsiz
keçməsinə baxmayaraq, əvvəlki illə müqayisədə
iki dəfə çox - 6040 hektar pambıq əkilib. Əkin sahələri sututarlarında yerləşdiyi
üçün suvarma suyu ilə təminatda, bitkilərə
aqrotexniki qulluq edilməsində
pambıqçılarımız elə bir problemlə
rastlaşmayıblar. Həmin sahələrdən
14 min tona yaxın məhsul gözlənilir ki, bu da hektara 22-24
sentner edir.
Bu gün pambıq tarlalarında 12 min nəfərdən
çox sakin işlə təmin olunub. İstehsal ediləcək
pambığın rayonun ümumi məhsul istehsalında həcminin
təqribən 3,4 faiz, kənd təsərrüfatında
isə 6,7 faiz təşkil edəcəyi gözlənilir. Əlbəttə, bu mövcud imkanların
qarşısında çox kiçik rəqəmdir. Bütün bunlar bir daha göstərir ki, bizim bu
istiqamətdə görəcəyimiz işlər hələ
də çoxdur.
Möhtərəm cənab Prezident, Sizin yerli icra hakimiyyəti
orqanları qarşısında qoyduğunuz çox
mühüm vəzifələrin məsuliyyətini dərk edərək
işləri davam etdiririk. Rayonun iqtisadi
potensialının təhlil edilməsi, imkanların müəyyənləşdirilməsi
və reallaşdırılması istiqamətində tədbirlər
həyata keçirilməkdədir.
Pambıqçılığın
inkişafı rayonumuzun əhalisi üçün yeni iş
yerləri, təminatlı həyat, sabaha inam deməkdir. Fürsətdən istifadə edərək rayonumuz
üçün geniş iqtisadi, sosial, mədəni imkanlar
açacaq fəaliyyət istiqaməti müəyyən
etdiyinizə, bizə ən düzgün yolu göstərdiyinizə
görə bütün biləsuvarlılar adından Sizə
öz dərin minnətdarlığımızı bildirmək
istəyirəm.
Biləsuvar
rayonunda növbəti ildə 10,5 min hektar
suvarılan ərazidə pambıq əkiləcək. Bunun da
150 hektarı bələdiyyə, 1717 hektarı dövlət,
8633 hektarı isə vətəndaşların pay
torpaqlarıdır. Bu da bizə imkan verəcək
ki, 20 mindən çox sakini işlə təmin edək.
Eyni zamanda 9356 hektar qış otlaq sahəsinin təyinatını
dəyişmək və suvarma suyu ilə təmin etməklə,
əkin dövriyyəsinə cəlb etməyi nəzərdə
tuturuq. Bununla əlaqədar təkliflərimizi Azərbaycan
Respublikası Prezidenti Administrasiyasına təqdim etmişik.
Bu gün istifadəsiz qalan həmin ərazilərdə
vaxtilə pambıq əkini üçün lazımi
infrastrukturlar mövcud olub və min tonlarla pambıq istehsal
edilib. Təsadüfi deyil ki, rayonun
pambıqçılıq üzrə əmək
qabaqcılları həmin əkin sahələrində
yüksək nəticələr əldə ediblər.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi
dövründə Qızqayıt Həsənova, Ərəstun
Məmmədov kimi pambıqçılar Sosialist Əməyi
Qəhrəmanı adına layiq
görülüblər. Həmin dövrün əmək
qabaqcıllarından olan və hazırda bu zalda əyləşən
81 yaşlı Lətif Cəfərov ulu öndərin əlindən
mükafat olaraq “QAZ-24” markalı avtomaşının
açarlarını alıb. O, yaşının bu
çağında yenə də pambıqçılıq ənənələrinə
sadiqlik göstərərək bu sahə ilə məşğul
olur. Lətif Cəfərov kimi qabaqcıl təsərrüfat
adamları kolxoz təsərrüfatı dağıldıqdan
sonra da rayonda illərlə formalaşmış
pambıqçılıq ənənələrini qoruyub
saxlayıblar.
Cənab
Prezident, əmin ola bilərsiniz ki, Biləsuvar
zəhmətkeşləri bundan sonra da əzmlə
çalışacaq, mövcud təcrübə və yeni
texnologiyalardan istifadə etməklə rayonumuzun pambıq istehsalı
sahəsində əvvəlki şöhrətini bərpa edəcəklər.
Möhtərəm
cənab Prezident, icazə verin, Sizi bir daha əmin edim ki,
müdrik ölkə başçısı kimi Azərbaycanın
xoşbəxtliyi naminə əzmkar fəaliyyətinizə,
xalqa sonsuz məhəbbətinizə cavab olaraq, Biləsuvarın
zəhmətkeş əhalisi də Sizə yüksək məhəbbət
və sədaqətini həmişə nümayiş etdirəcək,
vətənimizin tərəqqisinə öz layiqli töhfələrini
verəcək.
Diqqətinizə görə sağ olun.
Azərbaycan.- 2016.- 18 sentyabr.- S. 2,
3, 4.