2016-cı il
pambıqçılığın inkişafı
üçün həlledici il olacaq
İlham Əliyev: "Bu, bir
başlanğıcdır və əminəm ki, bundan sonra
pambıqçılıq Azərbaycanda sürətlə
inkişaf edəcək, geniş vüsət alacaq"
Prezident İlham Əliyevin yekun
nitqi
-
Bugünkü müşavirədə 6 rayonun icra hakimiyyətinin
başçısı çıxış etmişdir. O
rayonlar ən çox pambıq əkən rayonlardır.
İki şirkətin nümayəndəsi
çıxış etmişdir. Səslənən məruzələrdə
artıq görülən işlər haqqında kifayət qədər
dolğun məlumat verildi. Hesab edirəm ki, görülən
işlər təqdirəlayiqdir və biz bu işləri davam
etdirməliyik. İndi yığımın əsas mərhələsi
başlayır. Yığım vaxtı bütün lazımi
tədbirlər görülməlidir. Bu gün mən öz
fikirlərimi bildirəcəyəm və
tapşırıqlarımı verəcəyəm. Amma əvvəlcə
istərdim ki, bəzi statistik göstəricilər haqqında
sizi məlumatlandırım.
Ulu
öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər
seçiləndə respublikada pambığın istehsalı
300 min ton idi, 1981-ci ildə isə bir milyon 15 min tona
çatmışdır. Yəni, 10 il ərzində pambıq
istehsalı 3 dəfədən çox artdı. Heydər
Əliyev Azərbaycandan Moskvaya gedəndən sonra hər sahədə
olduğu kimi, pambıqçılıq sahəsində də
tənəzzül dövrü başlamışdır və
bu, statistikada özünü göstərir. Artıq 1985-ci
ildə Azərbaycanda pambıq istehsalı 1 milyon tondan 780 min
tona düşmüşdür. Ondan sonra tənəzzül
daha da sürətlə getmişdir. Qeyd etdiyim kimi, nəticədə,
keçən il cəmi 35 min ton pambıq
yığılmışdır ki, bu da ən
aşağı göstəricidir.
Bu il
görülən tədbirlər nəticəsində biz ən
azı 100 min ton pambıq tədarükünü gözləyirik,
əgər məhsuldarlıq 20 sentner ətrafında olarsa.
Burada çıxışlarda digər rəqəmlər də
səsləndi. Biz bəzi yerlərdə 20 sentner, bəzi yerlərdə
ondan da çox məhsuldarlıq əldə edə bilərik.
Ona görə, bu rəqəmlər təbii ki, şərtidir.
Biz mövsümün sonunda bu məsələlərlə
bağlı tam dolğun mənzərə hasil edəcəyik.
Gələn
il üçün daha da böyük istehsal gözlənilir,
əgər məhsuldarlıq 20 sentner səviyyəsində
olarsa. Mən hesab edirəm ki, daha da çox olmalıdır.
Gələn il 200 min tondan çox pambıq istehsal ediləcək.
Mən heç bir rəqəm səsləndirmək istəmirəm.
Heç bir xüsusi göstəriş vermək istəmirəm,
onu həyat göstərər. Amma biz bilməliyik ki,
pambığın istehsalını hansı
ardıcıllıqla artırmalıyıq. Hesab edirəm ki,
2017-ci ildə əgər bütün tapşırıqlar
yerinə yetirilərsə, - belə də olmalıdır, -
biz 250 min, hətta 300 min ton pambıq istehsal edə bilərik.
Pambığın
məhsuldarlığı ilə bağlı rəqəmlər
də artıq hər şeyi özlüyündə göstərir.
1970-ci ildə hektardan məhsuldarlıq 17 sentner, 1981-ci ildə
təxminən 36 sentner idi. Bu gün isə bu, 18,8 sentnerə
bərabərdir. Kənd təsərrüfatı bitkilərinin
əkin sahəsinin strukturunda pambığın payı da
çox maraqlı statistikadır. Beləliklə, bu pay 1970-ci
ildə 16 faiz təşkil edirdi, 1982-ci ildə 22 faiz, 2015-ci
ildə isə 1,2 faiz. Mən deyəndə ki,
pambıqçılıq Azərbaycanda batır, bax, bunu nəzərdə
tuturam.
Azərbaycanda
1970-ci ildə 190 min hektar, 1982-ci ildə isə 305 min hektar sahədə
pambıq əkilmişdir. Keçən il ən
aşağı səviyyəyə
düşmüşdür - 18 min 700 hektar. Bu il 52 min hektar əkilib.
Gələn il hədəf 128 min hektardır. Əgər biz
indiki səviyyəni götürsək, qeyd etdiyim kimi, 128 min
hektar torpağın əkilməsi ən azı 250 min ton
pambıq deməkdir. Ancaq yenə də deyirəm, biz hədəfi
300 min ton götürməliyik.
Rayonlar
üzrə pambıq əkininin statistikası belədir: bu il ən
çox Saatlı rayonunda əkilibdir - 8 min 100 hektar. Ondan sonra
Sabirabad - 6 min 100 hektar. Daha sonra Biləsuvar - 6 min hektar,
İmişli - 5 min hektar, Beyləqan - təxminən 4 min
hektar, Ağcabədi 3 min 600 hektar, Bərdə 3 min hektar və
sair. Beləliklə, 24 rayonda pambıq əkilib.
Gələn
ilin hədəfləri isə bundan ibarətdir: yenə də
birinci yerdə Saatlı rayonudur - 17 min hektar. Ondan sonra Sabirabad
- 15 min hektar, Biləsuvar - 10 min 500 hektar, Neftçala - 10 min
hektar, - bu il cəmi 1500 hektar, yəni, Neftçala rayonunda yəqin
ki, ən sürətli artım gözlənilir, -
İmişli - 10 min hektar, Beyləqan - 8 min 500 hektar, Bərdə
- 8 min 500 hektar, Ağcabədi - 8 min hektar, Salyan - 7 min hektar.
Salyan rayonunda ancaq bu il pambıq əkilib - 2180 hektar sahədə.
Keçən il əkilməmişdir. Gələn il 7 min
hektarda əkin gözlənilir. Yəni, bu da çox sürətli
inkişaf dinamikasıdır. Xüsusilə nəzərə
alsaq ki, Salyan rayonunda artıq neçə ildir ki, pambıq,
ümumiyyətlə, əkilmirdi. Goranboy rayonunda 5 min hektar,
Kürdəmirdə 4 min hektar, Yevlax, Ağdaş, Tərtər,
Zərdab, Ağdamda 3 min hektar, Ağsu və Ucarda 2500 hektar,
Füzulidə 1500 hektar, Hacıqabulda 1200 hektar,
Göyçayda 1000 hektar, Samuxda 500 hektar, Cəlilabadda 500
hektar, Cəbrayılda 60 hektar. Bu statistika bizə hər
şeyi göstərir. Həm vəziyyəti, həm də ki
bizim hədəflərimizi göstərir. Bir daha demək istəyirəm,
əminəm ki, biz istədiyimizə nail olacağıq.
İndiki
dövr üçün vəzifələr nədən ibarətdir?!
İlk növbədə pambığın
yığımı vaxtında və itkisiz təmin edilməlidir.
Yerli icra orqanları, mərkəzi icra orqanları, sahibkarlar
bu vəzifələri icra etməlidirlər. Artıq burada səsləndi,
bu il 100 min tondan çox məhsul gözlənilir. Bu, ən
sürətli dinamikadır. Biz pambığın
istehsalını 35 min tondan 100 min tona
çatdıracağıq. Bir il ərzində biz üç
dəfə istehsalı artıracağıq. Nəzərə
alsaq ki, biz bu işlərlə bir neçə ay ərzində
məşğul olmağa başlamışıq, göstəricilər
doğrudan da təsiredicidir. Pambığın qəbul məntəqələrinə
və emal zavodlarına daşınması üçün
magistral yollarda təhlükəsiz hərəkət təmin
edilməlidir. Daxili İşlər Nazirliyi və yerli icra
orqanları bu işlərlə ciddi məşğul
olmalıdırlar. Yanğından mühafizə tədbirləri
görülməlidir. Pambığın tədarükü və
emalı dövründə emal zavodları və qəbul məntəqələri
fasiləsiz elektrik enerjisi ilə təmin edilməlidir. Bu,
çox vacib məsələdir və “Azərişıq”
şirkəti bu məsələni icra etməlidir.
Mən
bunu artıq qeyd etdim, pambığın alış qiyməti
40 qəpikdən 50 qəpiyə qaldırıldı. Əlbəttə
ki, çox ciddi artımdır. Ancaq baxmaq lazımdır ki, bu
işlərlə məşğul olaraq alış qiymətini
bir daha qaldıraq. Burada əlbəttə ki, insanların gəlirləri
xüsusi diqqət mərkəzində olmalıdır. Eyni
zamanda, bu işin iqtisadi səmərəliliyi təmin edilməlidir.
Giriş sözümdə qeyd etdiyim kimi, biz kəndliləri
stimullaşdırmalıyıq ki, özləri də bu işə
geniş şəkildə qoşulsunlar.
Tədarükçü
şirkətlər fermerlərin pulunu ləngitmədən və
dəqiq verməlidirlər. Burada artıq səsləndi və
hesab edirəm ki, bu məsələ ilə bağlı
heç bir şikayət yoxdur. Əgər olarsa, mənim
bundan xəbərim olmalıdır. Bu il 60 mindən çox
insan bu işlərə cəlb edilib. Bu, yaxşı göstəricidir.
Ancaq biz çalışmalıyıq ki,
pambıqçılıqla məşğul olanların
sayı artsın. Çünki bu, eyni zamanda, sosial məsələdir,
iş yerlərinin yaradılmasıdır. Burada iri şirkətlər
sosial məsələləri də nəzərə
almalıdırlar. Əlbəttə, hər bir şirkət
çalışır ki, öz işini
optimallaşdırsın.
İndi
dünyanın inkişaf etmiş ölkələrində
müasir texnologiyalara keçid əlbəttə ki, əmək
qüvvəsinə tələbatı azaldır. Bu, təbiidir,
bu, texnoloji tərəqqidir. Ancaq bizim şirkətlər əlbəttə
ki, sosial məsuliyyəti də hiss etməlidirlər. Ona
görə, optimallaşma ilə paralel olaraq mütləq bu
sosial məsələ diqqətdən kənarda qalmamalıdır.
Əlbəttə ki, nə qədər çox insan bu işlərə
cəlb edilərsə, o qədər də yaxşı olar. Mənə
bəzi rəqəmlər təqdim olunur. Hesablamalar
aparılıb ki, hər hektarda orta hesabla iki nəfər
işləyə bilər. Bəziləri deyirlər ki, bu,
çoxdur. Ancaq mən hesab edirəm ki, ilk növbədə
burada sosial məsələ ön planda olmalıdır. Gələn
il pambıqçılıq 100 mindən çox iş yerinin
yaradılmasına gətirib çıxaracaq. Biz əkin sahələrini
genişləndirdikcə bu rəqəm daha da artacaq. Əgər
biz gələcəkdə 200 min hektarda pambıq əkəcəyiksə,
bu, təqribən 350-400 min insanın işlə təmin edilməsi
deməkdir.
Pambıq
tarlalarında işləyənlər üçün
yaxşı şərait yaradılmalıdır. Əlbəttə
ki, hər yerdə tarla düşərgəsi
olmalıdır. Orada lazımi ərzaq təminatı,
içməli su təşkil edilməlidir ki, işləyənlərin
şəraiti yaxşı olsun, çünki
pambıqçılıq ağır sahədir. Biz
hamımız bunları yaxşı bilirik və insanlara
maksimum dərəcədə qayğı, diqqət göstərilməlidir.
Həm tədarükçü şirkətlər, həm iri
şirkətlər, eyni zamanda, yerli icra hakimiyyəti
orqanları bu məsələni daim diqqət mərkəzində
saxlamalıdırlar.
Bu il
pambıqçılığın sürətli
inkişafı üçün 3700 kənd təsərrüfatı
texnikası alınmışdır. Onlardan 100-dən
çoxu pambıqyığan kombayndır. Əlavə 100-dən
çox kombayn oktyabr ayının birinci yarısında
ölkəmizə gətirilməlidir. Gələn il isə
60 kombayn gətiriləcək. Burada bəzi
çıxışlarda səsləndi ki, texnika ilə təminat
daha da yaxşı olmalıdır. Bütün bu işlər
nəzərə alınıb və giriş sözümdə
də qeyd etdiyim kimi, dövlət büdcəsindən bu məqsədlər
üçün kifayət qədər böyük maliyyə
vəsaiti, özü də valyutada olan maliyyə vəsaiti
ayrılıb.
Biz
artıq pambıqçılığın inkişafı ilə
bağlı uzunmüddətli strategiya üzərində
işləyirik. İlkin rəqəmlər var. Əlbəttə,
onlar dəqiqləşdirilməlidir ki, biz burada səhvə
yol verməyək. Ancaq ilkin hesablamalar onu göstərir ki, əgər
biz bu yolla getsək, - əlbəttə, gedəcəyik, - və
lazımi maliyyə təminatı olarsa, 2020-ci ildə təqribən
200 min hektarda pambıq əkə bilərik. Yəni, biz bunu əsas
hədəf kimi götürərək bütün lazımi
işləri bu istiqamətdə aparmalıyıq.
Gözlənilən
məhsuldarlıqla bağlı yəqin ki, bu gün
danışmaq bir qədər tezdir. Ancaq bu hesablamalar da
aparılmalıdır və onlar görüləcək tədbirlər
üzərində qurulmalıdır. Çünki indi burada
qeyd olunduğu kimi, yeni texnologiyalar mövcuddur, xüsusilə
suvarma sahəsində pilot sistemi artıq tətbiq edilir. Pilot
sistemi ilə məhsuldarlıq 35-45 sentner səviyyəsində
mümkündür. Açıq suvarma yolu ilə 20-30 sentner
məhsul götürmək olar. Biz
çalışmalıyıq ki, pilot sistemini Azərbaycanda
maksimum dərəcədə tətbiq edək. Əgər
2020-ci ildə 200 min hektarda pambıq əkiləcəksə
bunun minimum üçdəbir hissəsi pilot sistemi ilə təmin
edilməlidir. Belə olan halda biz məhsuldarlığı
böyük dərəcədə artıra bilərik. Bu,
insanların da gəlirlərinə müsbət təsir
göstərəcək, eyni sahədə onlar indikindən təxminən
iki dəfə çox qazanc götürə bilərlər.
Çalışmalıyıq ki, biz orta məhsuldarlığı
1980-81-ci illərdə ən pik nöqtədə olan məhsuldarlığın
səviyyəsinə qaldıraq - təqribən 35 sentnerə.
Əgər orta məhsuldarlıq olarsa, 200 min hektardan 700 min
ton pambıq yığılacaq. Bu da
pambıqçılığın faktiki olaraq tam bərpası,
özü də müasir səviyyədə bərpası
demək olacaq.
Bu
işləri bundan sonra da səmərəli təşkil etmək
üçün burada çox ciddi koordinasiya olmalıdır.
Bu il biz buna qısa müddət ərzində nail ola
bilmişik. Ümumi koordinasiya işlərini Prezident
Administrasiyası öz üzərinə götürüb.
Zeynal Nağdəliyev bu işlərlə şəxsən məşğuldur.
Yerli icra başçıları qeyd etdiyim kimi, fəal
işləyiblər. Bütün dövlət qurumları - Kənd
Təsərrüfatı,
İqtisadiyyat, Daxili İşlər, Fövqəladə
Hallar nazirlikləri, yerli icra orqanları, “Meliorasiya və Su Təsərrüfatı”,
“Azərişıq”, “Azəravtoyol” şirkətləri
arasında çox ciddi koordinasiya işləri
aparılmalıdır. Bir daha demək istəyirəm, əvvəlki
illərin təcrübəsi onu göstərir ki, əgər
biz pambıqçılığın inkişafını
ancaq biznes qurumlarının öhdəsinə buraxsaq,
pambıqçılığı itirərik, necə ki,
itiririk. Ona görə, çox ciddi dövlət siyasəti
aparılmalıdır və dövlət burada əsas rol
oynayır. Dövlətin rolu təkcə
koordinasiya işlərinin təşkili ilə məhdudlaşmır.
Dövlət vəsait xərcləyir, texnika gətirir,
meliorativ tədbirlər görür, yarımstansiyalar
yaradır, elektrik xətləri çəkir. Biz bütün
bunları dövlət hesabına edirik ki, fermerlər, fəhlələr
daha yaxşı yaşasınlar, daha çox pul
qazansınlar.
Bir
daha qeyd etmək istəyirəm ki, pambıqçılıq
özündə bir çox önəmli amili birləşdirir.
Bu, kənd təsərrüfatının sürətli
inkişafı, yüz minlərlə iş yerinin
yaradılması, ixrac potensialımızın inkişafı
deməkdir və dövlətin özəl sektora praktiki diqqətinin,
dəstəyinin təzahürüdür. Ona görə də
koordinasiya mütləq olmalıdır və bütün işlər
vahid mərkəzdən idarə edilməlidir. Biz ancaq bu təqdirdə
istədiyimizə nail ola bilərik.
Torpaqların
münbitliyi ilə bağlı tədbirlər görülməlidir.
Münbitliyin və məhsuldarlığın
artırılması üçün növbəli əkin
sisteminə keçməliyik - pambıq, yonca, taxıl. Bunu kənd
təsərrüfatı mütəxəssisləri
yaxşı bilirlər. Növbəli əkin sisteminə
keçmək üçün əlbəttə ki, həm
mövcud torpaq fondu, həm də gələcək torpaq fondu
dəqiqliklə müəyyən edilməlidir. Çünki
gələcəkdə torpaq fondu böyük dərəcədə
artacaq. Bu, bəzi çıxışlarda səsləndi. Mən
bu təklifləri dəstəkləyirəm ki, növbəti
mövsümdə biz əkin sahəsinə görə deyil,
yığılan məhsula görə subsidiya verməliyik.
Aidiyyəti qurumlar indidən bu məsələni işləsinlər,
hazırlasınlar, təkliflər versinlər. Bu, daha da məqsədəuyğun
və ədalətli olacaq.
Azərbaycanda
sahibkarlığın inkişafı sürətlə gedir.
Son illər ərzində dövlət xətti ilə
sahibkarlara güzəştli şərtlərlə,
aşağı faizlə bir milyard manatdan çox kreditlər
verilmişdir. Bu kreditlər hesabına yüzlərlə, minlərlə
kənd təsərrüfatı müəssisəsi, emal
müəssisələri yaradılmışdır. Biz ərzaq
təhlükəsizliyimizi böyük dərəcədə
bu kreditlər hesabına təmin edə bilmişik.
Çünki fermerlər və sahibkarlar üçün bu
kreditlər xüsusi əhəmiyyət daşıyır.
Onlar həm güzəştli vəsait əldə edirlər,
həm dövlətlə ünsiyyətdə olurlar. Bilirlər
ki, dövlət bəzi hallarda tənbeh etsə də
onları həmişə dəstəkləyəcək. Bəzən
sahibkarlar ödənişləri vaxtında edə bilmirlər.
Əgər hər hansı kommersiya bankı ilə onların əlaqələri
olarsa, - əlbəttə bu da lazımdır, - orada çox sərt
cəza tədbirləri ola bilər. Dövlət isə əlbəttə
ki, burada sahibkarlar üçün ən yaxşı tərəfdaşdır.
Verilmiş
kreditlərin böyük əksəriyyəti
qaytarılır. Misal üçün, bu il yenə güzəştli
kreditlər verilmişdir. Onların böyük əksəriyyəti
əvvəlcə verilmiş və qaytarılmış kreditlər
hesabına verilmişdir. Yəni, bir milyard dəyərində
kredit şəklində verilmiş bu vəsait artıq
dövriyyədədir və özlüyündə bir canlanma
gətirir. Bu müsbət təcrübəni nəzərə
alaraq biz pambıqçılığın inkişafına
da güzəştli kreditlər verməliyik. Əvvəllər
bu, olmayıb. Yəni, bu ildən İqtisadiyyat Nazirliyi bunu nəzərə
alsın və sonra mənə ayrıca məruzə edəcək
ki, ayrılmış kreditlərin neçə faizi
pambıqçılığın inkişafına gedəcək.
Bir
daha qeyd etmək istəyirəm ki, biz torpaqlardan çox səmərəli
şəkildə istifadə etməliyik. Bizim çox
böyük torpaq sahələrimiz yoxdur. Biz ancaq yeni
texnologiyalar, meliorativ tədbirlər nəticəsində yeni,
böyük torpaq sahələrini dövriyyəyə cəlb
edə bilərik. Misal üçün, bu yaxınlarda Salyan
rayonunda olarkən pambıq tarlalarında pambıqçılarla
görüşlər əsnasında gördüm ki, orada
vaxtilə şoranlaşmış torpaqlarda böyük
pambıq sahələri yaradılıb. Bu,
mümkündür və belə şoranlaşmış
torpaqlar bizdə kifayət qədər çoxdur. Yəni, kənd
təsərrüfatı üçün yararsız torpaqlar
kifayət qədər çoxdur. Ancaq orada da məhsul
yetişdirmək olar. Mən Salyandan Bakıya qayıdarkən
fikir verdim ki, Qaradağ rayonuna qədər yol boyu sağ, sol,
hər tərəf boş torpaqlardır. Orada heç nə əkilmir,
heç nə bitmir. Onları da əkin dövriyyəsinə
cəlb etmək olar. Sadəcə olaraq yeni texnologiyalar gətirilməlidir,
suvarma sistemi qurulmalıdır, digər tədbirlər
görülməlidir. Çünki bizim əsas məqsədimiz
torpaqlardan səmərəli şəkildə istifadə etməkdir.
İndi mövcud torpaq fondunun nə qədər olduğu bəllidir.
Qeyd etdiyim kimi, istifadəsiz torpaqlar dövriyyəyə
qaytarılmalıdır. Torpağı icarəyə
götürən mütləq torpaqda işləməlidir,
onu əmanət kimi saxlamamalıdır. Eyni zamanda,
rayonlaşma getməlidir, hansı rayonda hansı məhsullar
daha çox gəlir gətirir, daha çox sərfəlidir.
Biz buna da baxmalıyıq, müvafiq göstərişlər
verilib. Hesab edirəm ki, biz subsidiyalarla bağlı da artıq
rayonlaşma sisteminə keçməliyik. Mən bu
yaxınlarda Masallı rayonunda idim. Orada icra
başçısından soruşdum ki, sizdə indi
taxılçılıqda məhsuldarlıq nə qədərdir,
dedi hektardan 20 sentner. Bizdə ölkə üzrə bu
göstərici 30 sentnerdir. Amma elə təsərrüfatlar
var ki, yeni texnologiyalara və iqlim şəraitinə görə
hektardan 40-50 sentner taxıl götürülür. Ona görə,
bəlkə də Masallıda taxılçılığa
subsidiya vermək lazım deyil, tərəvəzçiliyə,
çayçılığa vermək lazımdır. Ona
görə, bu göstərişlər verilib. Mən bu barədə
dəfələrlə danışmışam və son
vaxtlar konkret tapşırıqlar verilib, indi təkliflər
verilməlidir. Regionlar üzrə subsidiyalaşma təmin
edilməlidir və bu, özlüyündə kənd təsərrüfatının
stimullaşdırılmasına gətirib çıxaracaq.
Xoşbəxtlikdən elə gözəl ölkədə
yaşayırıq ki, bizim doqquz təbii iqlimimiz var. Biz hər
şeyi yetişdirə bilərik, çaydan tutmuş
pambığa qədər, üzümdən tutmuş meyvə-tərəvəzə
qədər. Qeyd etdiyim kimi, şimal-qərb zonasında böyük
fındıq bağları salınacaq. Yəni, ancaq səmərəli
yanaşma olmalıdır və fermerlərə çox ciddi
kömək göstərilməlidir.
Bir
daha qayıdıram bu məsələyə, bazar
iqtisadiyyatı çox məsələləri həll edir və
həll edib. Amma bütün məsələləri həll
edə bilməz. Biz əgər öz işimizi ancaq bazar
iqtisadiyyatı prinsipləri əsasında qursaydıq,
heç bir sosial yönümlü layihəyə pul
ayırmazdıq. Görün, Azərbaycanda dövlət
büdcəsi hesabına nə qədər böyük sosial
yönümlü layihələr icra edilir. Yollar, içməli
su, kanalizasiya layihələri, məktəblərin, xəstəxanaların
tikintisi, yeni iş yerlərinin yaradılması - bütün
bunlar sosial xarakterli işlərdir. O cümlədən mən
iqtisadi inkişafla bağlı həmişə demişəm
ki, bizim iqtisadiyyatımız sosial yönümlü
olmalıdır. Çünki insanlar siyasətimizin mərkəzindədir.
Nəyi ediriksə Azərbaycan vətəndaşları
üçün edirik. Pambıqçılığı
inkişaf etdiririk ki, insanlar daha da yaxşı
yaşasınlar, daha da yaxşı pul qazansınlar. Ona
görə, bu sosial sfera mütləq və mütləq
prioritet olmalıdır. Amma bazar iqtisadiyyatı şəraitində
yaşayan ölkələrdə bu, belə deyil. Orada da zəlzələlər
olur, dövlət zərərçəkənlərə bir
manat və ya bir dollar pul verirmi? Yox. Bizdə zəlzələ
olub, minlərlə ev dövlət hesabına bərpa edilib,
özü də əvvəlkindən on dəfə
yaxşı şərait yaradılıb. Bunu dövlət
edir. Ona görə, iqtisadi inkişafla bağlı da biz sosial
məsələləri mütləq diqqətdə
saxlamalıyıq. Ona görə, dövlətin iqtisadi
inkişafdakı rolu əvəzolunmazdır. Əgər bazar
iqtisadiyyatına qalsaydı, 2004-cü ildə birinci regional
proqram qəbul olunmasaydı, indi bizim vəziyyətimiz necə
olacaqdı? O vaxtkı vəziyyətimizi yadınıza
salım, nə işıq, nə qaz, nə su var idi. Yol yox
idi, iş yerləri yox idi. Bu bölgələrdə
yaşayan insanlar bunu yaxşı xatırlayırlar. Biz o
proqramı qəbul etdik, maliyyə resursları cəlb etdik,
investisiya qoyduq, canlanma getdi. Bizim bütün bölgələrimiz
çiçəklənir, şəhərlərimizin
siması yaxşılaşır, iş yerləri
yaradılır. Dünyada gedən xaos, böhran, anarxiya,
toqquşmalar, tənəzzül bizə ən az təsir edir.
Nəyə görə? Çünki biz düzgün siyasət
aparırıq. Siyasətimizin mərkəzində Azərbaycan
vətəndaşı durur. Ölkəmizi inkişaf etdiririk,
ölkəmizin maraqları hər şeydən
üstündür.
Kənd
təsərrüfatının inkişafı bizim gələcəyimizdir.
Hər bir ölkə nəyin hesabına yaşayır?
İxrac hesabına. Ölkə ixrac etməsə yaşaya bilməz.
İnkişaf etmiş ölkələr nəyi ixrac edir?
Ağlı, zəkanı, texnologiyanı ixrac edir.
Maşınlar, mexanizmlər, dəzgahlar, müasir
texnologiyalar ixrac olunur və o ölkələr bununla da
çox inkişaf edir. Biz nə ixrac edə bilərik? Hələ
ki biz texnologiya ixrac edə bilmirik və yəqin ki, edə bilməyəcəyik.
O böyük dövlətlərlə ayaqlaşmaq
mümkün deyil. Onların texnoloji inkişafla, tərəqqi
ilə bağlı minlərlə beyin mərkəzləri
var. Ən mütərəqqi, qabaqcıl alimlər, Nobel
mükafatı laureatları işləyir. Biz ixrac edə bilərikmi?
Əgər açıq danışsaq, əlbəttə ki,
yox. Ona görə, bizim kimi gənc müstəqil dövlət,
- hansı ki, böyük problemlərlə üzləşmişdir,
- əvvəlcə təbii imkanlarının hesabına
yaşamalıdır, ilk addım kimi. Ona görə, biz Ulu
Öndərin uzaqgörənliyi ilə neft
strategiyasını həyata keçirmişik və
böyük maliyyə vəsaiti əldə etmişik.
İndi
Azərbaycanda sənayeləşmə prosesi gedir. Biz indi sənaye
müəssisələri yaradılması istiqamətində
böyük işlər görürük. Emal sənayesi, kənd
təsərrüfatı inkişaf etdirilir. Biz kənd təsərrüfatı
məhsullarının ixracı üçün yeni bazarlara
çıxmalıyıq və çıxırıq. Halbuki
bu, o qədər də asan məsələ deyil. İndi
dünyada bazarlar uğrunda mübarizə gedir. Avropa
bazarlarına çıxmaq üçün çox problemlər
var. Məncə bu gün bu, çox çətin məsələdir.
Biz regional bazarlara çıxırıq. Amma Azərbaycanda elə
məhsul istehsal edilməlidir ki, bazarlardan asılı
olmasın. Bax, pambıq o məhsullardandır. Çünki
dünya birjalarında satılır. Pambığın
hansısa birbaşa alıcısı yoxdur, dünya
birjasında satılır. Biz yaxın vaxtlarda böyük poladtökmə-metallurgiya
komplekslərinin yaradılmasına start verəcəyik.
Daşkəsən filiz yataqlarının istismarı və
qurulacaq bir neçə zavodun fəaliyyəti sayəsində
yüz milyonlarla dollar ixrac potensialımız yaradılacaq.
İndi biz Sumqayıtda Kimya Sənaye Parkını yaradırıq
və 2018-ci ildə polimer zavodu fəaliyyətə
başlayacaq. O da təqribən 100 milyonlarla dollar ixrac
potensialı yaradacaq. Sumqayıtda gübrə zavodu tikilir. Biz
özümüzü gübrə ilə 2018-ci ildən sonra
tam təmin edəcəyik və bu, kənd təsərrüfatının
inkişafına da müsbət təsir göstərəcək.
Çünki daha idxaldan asılı olmayacağıq və məhsul
ixrac edəcəyik. Ona görə, pambıqçılıq
bu sıradan olan məhsuldur. Biz
çalışmalıyıq ki, daha çox məhsul
yetişdirək, xarici bazarlara sataq, həm mahlıc, həm də
hazır məhsul formasında. Mən bir qədər sonra bu
barədə də fikirlərimi bildirəcəyəm.
Pambıqçılığın
inkişafı, ümumiyyətlə, bizdə sənayenin
inkişafına çox müsbət təsir göstərəcək.
Yaxın gələcəkdə Mingəçevir şəhərində
yeni sənaye komplekslərinin təməlini qoyacağıq.
Mingəçevir sənaye şəhəridir və Mingəçevirin
inkişafı ilə bağlı bizim konkret planlarımız
var. Hesab edirəm ki, Mingəçevir Azərbaycanın sənaye
mərkəzlərindən birinə çevrilməlidir. Necə
ki bu gün Bakı, Sumqayıt nəinki Azərbaycanın, Cənubi
Qafqazın ən böyük sənaye şəhərləridir.
Gəncə şəhərində sənayeləşmə
prosesi sürətlə gedir. Hesab edirəm ki, Mingəçevirdə
yüngül sənayenin inkişafı prioritet olaraq
qalmalıdır. Yaxın illərdə Mingəçevirdə
bir neçə zavod və fabrikin yaradılması nəzərdə
tutulur. Oraya qoyulacaq sərmayənin həcmi yüz milyon
dollardan çox olmalıdır. İnşaat zamanı minlərlə
insan işləyəcək. Zavodların fəaliyyətini təmin
etmək üçün birinci mərhələdə 2 min,
sonrakı mərhələdə isə 7 min iş yeri
yaradılacaq. Orada pambıq-iplik, yun-iplik fabrikləri, digər
fabriklər yaradılacaq. O fabriklərin əsas xammal
bazası pambıqçılıq olacaq.
Ona
görə, biz buna da hazır olmalıyıq. Eyni zamanda, nəzərə
alsaq ki, biz pambığın istehsalının çox
sürətli şəkildə artırılmasını
planlaşdırırıq, yəqin, - burada
çıxışların birində bu, səsləndi, - əlavə
emal zavodlarının da tikintisi nəzərdə
tutulmalıdır. Bizim aidiyyəti qurumlar - Prezident
Administrasiyası, nazirliklər indidən müəyyən etməlidirlər
ki, harada, neçə dənə, hansı istehsal gücü
ilə, hətta müasir texnologiyalarla işləyən
müəssisələr yaradılmalıdır. O müəssisələrin
fəaliyyətə başlaması da
pambıqçılığın inkişafı ilə
uzlaşmalıdır ki, biz istədiyimiz hədəfə
çatanda artıq həmin müəssisələr də
hazır olsun.
Mən
bəzi statistik göstəriciləri diqqətinizə
çatdıranda əlbəttə, istərdim sizdə və
bütün Azərbaycan ictimaiyyətində dolğun fikir
olsun ki, biz harada idik, hara düşmüşük və
haraya qalxmaq istəyirik. Eyni zamanda, bir məqsədim də var
idi göstərim ki, hansı rayonlarda işlər necə
gedir.
Vaxtilə
rayonlararası rəqabət mexanizmləri də var idi. Hesab edirəm
ki, biz bunu təbii yolla bərpa etməliyik. Biz bunu necə bərpa
edə bilərik ictimaiyyət bilsin ki, hansı rayonda nə qədər
əkin sahələri var, hansı rayonda nə qədər
pambıq yığılır, hansı rayonda məhsuldarlıq
nə qədərdir. Hesab edirəm ki, rayonlar, bax, bu 3 parametr
üzrə də bir-biri ilə yarışa
çıxmalıdır. Əlbəttə ki, bu, sağlam rəqabət
olmalıdır. Hesab edirəm ki, bu rəqabət rayon rəhbərlərini
də, pambıqçıları da stimullaşdıracaq.
Çünki yadımdadır, vaxtilə belə bir məlumat
mütəmadi qaydada Azərbaycan mətbuatında dərc
edilirdi. 1970-ci illərdə bizim mərkəzi qəzetlərdə
pambığın, üzümün tədarükü ilə
bağlı belə bir cədvəl verilirdi ki, hansı rayon nə
qədər istehsal edib. Rayon əhalisi də baxırdı,
qabaqda olanlar sevinirdi. Ondan sonra mükafatlandırma
aparılırdı. Əfsuslar olsun ki, bu çox müsbət
prinsiplər ya yaddan çıxır, ya tarixdən silinir. Biz
buna bir daha baxmalıyıq, onları bərpa etməliyik.
Eyni
zamanda, mən hesab edirəm ki, Azərbaycanda yeni bir orden təsis
edilməlidir. Son vaxtlar mənim sərəncamımla bir
neçə yeni orden təsis edilib. Ən böyük
ordenimiz “Heydər Əliyev” ordenidir. Ondan sonra mənim sərəncamımla
“Şərəf” ordeni, “Dostluq” ordeni təsis edilmişdir.
Hesab edirəm ki, biz “Əmək” ordeni də təsis etməliyik.
Müxtəlif sahələrdə - istər özəl, istər
dövlət, fərqi yoxdur, yaxşı göstəricilər
nümayiş etdirən insanları biz ordenlərlə,
medallarla təltif etməliyik. Hesab edirəm ki, biz bu ənənəni
bərpa etməliyik. Göstəriş verirəm, Prezident
Administrasiyası bu məsələ ilə bağlı öz
təkliflərini mənə təqdim etsin. “Əmək”
ordeninin bir neçə dərəcəsi ola bilər. Əgər
yaxşı nəticələr olsa, birinci ordeni biz
pambıqçılara təqdim edə bilərik.
Bir
sözlə, hesab edirəm ki, bugünkü müşavirənin
çox böyük əhəmiyyəti var. Bu, bizim gözəl
tariximizə qayıdışdır. Qeyd etdiyim kimi, şadam
ki, biz Sabirabadda toplaşmışıq. Növbəti
müşavirələrdə yəqin ki, digər yerlərdə
görüşəcəyik. Bu gün doğrudan da müasir
ölkəmizin tarixində əlamətdar gün kimi qalacaq.
Çünki biz bu gün pambıqçılığın
şöhrətini bərpa edirik. Görülən
bütün işlərə, çəkilən zəhmətə
görə sizə minnətdarlığımı bildirmək
istəyirəm. İndi fəal dövr - yığım
dövrü başlayır. Sizə uğurlar arzulayıram.
Sağ olun.
***
Dövlət
başçısının yekun nitqindən sonra əmək
veteranı, Cəbrayıl rayonundan məcburi
köçkün Kamilxan Rüstəmova və Sosialist Əməyi
Qəhrəmanı Fatma Hüseynova çıxış
üçün söz istədilər.
Çıxış
edən Kamilxan RÜSTƏMOVA dedi:
- Mən
bu gün çox şadam. Mən Heydər Əliyev məktəbini
qurtarmışam, diplomum Heydər Əliyev məktəbinin
diplomudur. 1963-cü ildə əmək fəaliyyətinə
başlamışam. “Lenin” ordeni, “Şərəf” ordeni,
“Qırmızı Əmək Bayrağı” ordeni
almışam. 1976-cı ildə Heydər Əliyev də, mən
də “Lenin” ordeni almışıq. Dedi ki, ikimiz də eyni
orden aldığımıza görə sənə bir dənə
maşın mükafat verirəm.
Mənim
bu xalqa, bu camaatımıza, Azərbaycana tövsiyəm var.
İndi biz məcburi köçkünük,
torpaqlarımızın bir hissəsi işğal
altındadır. Hörmətli İlham müəllim, mən
14 ton pambığı əl ilə yığıb “Lenin”
ordeni almışam. İki hektar 70 sot yerim var idi. İndiki
Heydər Əliyev Sarayının
açılışında mənim bir pambıq kolumu Cəbrayıldakı
“26 Bakı komissarı” kolxozundan götürüb gətirdilər,
sarayın qarşısında göstərdilər. O kolun
üstündə 138 sağlam qoza var idi.
Mən
əməklə ucalmışam. İndi icra
başçılarından pul istəyənlərə, şəraiti
olmayanlara, bir iş bacarmayanlara tövsiyəm budur ki, pul
pambıqdadır, baramadadır, üzümdədir. Nə qədər
sağlamlıq var, bundadır. Dörd hektar üzüm becərmişəm.
1963-cü ildə əmək fəaliyyətinə
başlamışam. Hörmətli İlham müəllim,
1993-cü ildə ermənilərin hücumu zamanı elə
sahədən baş götürüb qaçmışam.
Bir o qədər qazancımın hamısı qaldı...
Allah
ulu öndərə rəhmət eləsin. Ömrümüz
boyu ailəm də, nəvəm də, özüm də ona
minnətdarıq. Ruhuna dualar, Quran oxuduram. Mənim birinci
problemim məcburi köçkünlük problemidir. Biz cəbrayıllıyıq,
qonaqpərvərik. Biz baramaçı,
üzümçü, sağıcı, pambıqçı
idik. İndi vəziyyət belə alınıb. Allaha dua edirəm,
elin duasını Allah eşidər, inşallah, İlham
Əliyevin rəhbərliyi ilə Qarabağı
alacağıq. Prezidentimiz gecə-gündüz dincəlmir,
xaricdə hara gedirsə öz sözünü deyir, hamını
yerinə oturdur. Mən Sizə minnətdaram. Mən Heydər
Əliyev ailəsindən başqa dövlət
başçısı görmürəm, görmək istəmirəm.
Yaşım 70-ə çatıb, bəlkə əcəl
macal vermədi. Arzum budur ki, İlham Əliyev bu ölkəni
daha da çiçəkləndirsin, 90 il Prezident olsun, balaca Heydəri
Prezident seçək.
Diqqətinizə
görə minnətdaram. Hamınızı öpürəm.
Fatma
HÜSEYNOVA çıxış edərək dedi:
-
Hörmətli müşavirə iştirakçıları.
Mən
Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsüyəm.
Bu “Qızıl ulduz”u mənim yaxama sancana Allah-Təala qəni-qəni
rəhmət eləsin. 1969-cu ildə ulu öndər hakimiyyətə
gəldi. 1973-cü ildə bizim sahələri gəzərkən
briqadirin yerini alaqlı görüb məni oraya briqadir təyin
etdi. O vaxtdan bu vaxtadək hələ də işləyirəm.
Deyirlər ki, qadının yaşını, kişinin pulunu
soruşmazlar. İndi yaşım neçədir,
özünüz nə qədər bilsəniz, verərsiniz. O
vaxtdan indiyədək işləyirəm. Allahın köməyi
ilə yorulmamışam. Canımda nə qədər can var, əlim
işdən, ayağım köçdən qalana qədər
öz Vətənimə sadiqəm. Öz Vətənim
üçün işləyəcəyəm, nə qədər
ömrüm var öz xalqım üçün işləyəcəyəm.
İlham
Əliyev həm mənim Prezidentimdir, həm rəhbərimdir,
həm də mənim qardaşımdır. Çünki ulu
öndər heç vaxt mənim adımı deməyib. Həmişə
mənə “qızım” deyib, alnımdan öpüb. O, mənim
atamı soruşanda kövrəldim. Atam müharibədən əlil
qayıdaraq burada 42 yaşında rəhmətə getmişdi. Ulu öndər mənim
boynumu qucaqlayıb alnımdan öpdü, mənə
“qızım” dedi. Dedi, kim xəbər alsa, deyəcəyəm
ki, mənim iki qızım, bir oğlum var. Ona görə, mən
o ailəyə ömrüm boyu minnətdaram. O gün olsun,
Allah mənə ömür versin ki, balaca Heydəri prezident
görüm. Mən onu Heydər Əliyev deyib
çağıranda bəlkə də yaşım azalacaq.
Vicdan haqqı, ürəkdən deyirəm.
İlham
müəllim, Sizin ailənizi, özünüzü
öpürəm, bir bacı kimi bağrıma basıram. Allah
Sizə ömür versin, Allah Sizi nəzərdən qorusun.
Çünki Sizin daxildə və xaricdə
gördüyünüz işlər bütün ölkələrdə,
Yer üzündə deyilir.
Mən
Mehriban xanımı da Sizdən ayırmıram. O, Sizin cinah
yoldaşınızdır, sirdaşınızdır. O, Sizinlə
birgə işləyir. Mehriban xanımın əməyi Sizinlə
birgədir. Ona da öz təşəkkürümü
bildirirəm. Xahiş edirəm, mənim təşəkkürümü
ona çatdırın.
Diqqətinizə
görə çox sağ olun. Danışmağa
sözüm çoxdur, amma sizi yormaq istəmirəm.
* * *
Sonda
xatirə şəkli çəkdirildi.
AZƏRTAC
Azərbaycan.- 2016.- 18 sentyabr.- S. 5,
6.