“Made in Azerbaijan” brendi xarici
bazarlarda artıq etimad qazanır
İqtisadiyyatın
bütün sahələrinin davamlı inkişaf etdirilməsi
həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və
maliyyə təhlükəsizliyinin təmini baxımından
vacib əhəmiyyət kəsb edir. Müasir
çağırışlar və yeni təşəbbüslər
nəzərə alınmaqla sənayenin modernləşdirilməsi
və qeyri-neft sənayesinin şaxələndirilməsi, yeni
istehsal sahələrinin, sənaye parklarının
yaradılması, regionlarda sənaye potensialının
gücləndirilməsi qarşıda dayanan prioritet vəzifələrdəndir.
Azərbaycanın
iqtisadi cəhətdən inkişafında, yeni iş yerlərinin
açılmasında, ölkənin ixrac potensialının
gücləndirilməsi və idxaldan
asılılığının azaldılmasında sənaye
potensialının əhəmiyyəti xüsusi
vurğulanmalıdır. Yeni iqtisadi şəraitə uyğun
olaraq, makroiqtisadi göstəricilərin
davamlığının təmin edilməsi həm də
rentabelli və elmtutumlu sənaye müəssisələrinin
yaradılmasından asılıdır. Respublikanın bu sahədə
sovet dövründə mövcud olmuş potensialının bərpası,
ayrı-ayrı sənaye sahələri üzrə
ixtisaslaşmış istehsal müəssisələrinin
müasirləşdirilməsi, texnoloji parkların
yaradılması son illər qarşıda ciddi vəzifələr
kimi müəyyənləşdirilmişdir.
Sənayenin
inkişafının müasir innovasiyalar əsasında təmin
olunması, texnoparkların sənayeləşmədə əsas
strateji layihələr kimi yer alması “Azərbaycan-2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasında da əksini
tapmışdır. Sənəddə 2020-ci ilədək
respublikanın tarixi ənənələri olan iri şəhər
və rayonlarında yeni sənaye istehsalı müəssisələrinin
yaradılması və həmin müəssisələrdə
innovasiyayönümlü texnologiyaların tətbiqinin stimullaşdırılması,
ixtisaslaşmış və ümumi təyinatlı sənaye
şəhərciklərinin yaradılması qarşıya məqsəd
qoyulmuşdur. Konsepsiyanın əhatə etdiyi dövrdə
xüsusi iqtisadi zonaların yaradılması və iqtisadi
potensial nəzərə alınmaqla Sumqayıtda neft-kimya,
Balaxanıda məişət tullantılarının
emalı, Gəncədə metal (alüminium) məmulatların
istehsalı üzrə sənaye şəhərciklərinin
qurulması nəzərdə tutulmuşdur.
Sənayenin
inkişafının mühüm məsələ kimi gündəliyə
gəlməsi bir sıra obyektiv səbəblərlə şərtlənir.
Bu zərurət ilk növbədə Azərbaycanın hələ
sovetlər birliyi dövründən güclü sənaye-aqrar
respublikası kimi formalaşması, burada güclü sənaye
müəssisələrinin fəaliyyət göstərməsi
ilə bağlıdır. Ötən əsrin 70-80-ci illərində
sənayenin inkişaf səviyyəsinə görə
respublikanın bütün bölgələrinin proporsional
inkişafı yönümündə ardıcıl
addımlar atılmış, istehsalla bilavasitə
bağlı elmi-tədqiqat sahələrinin inkişafında
kompleks tədbirlər görülmüşdür. Elmi-texniki
tərəqqinin nailiyyətlərinin, mütərəqqi
texnologiyaların istehsalata tətbiqi Azərbaycanın
SSRİ-də qabaqcıl mövqelərə
çıxmasına, ölkənin sosial-iqtisadi həyatında
yüksəlişə rəvac vermişdir. Ulu öndər
Heydər Əliyevin təkidi və qətiyyəti
qarşısında keçmiş ittifaq rəhbərliyi
respublikamızda iri müasir maşınqayırma, kimya, neft kimyası,
elektron sənayesi, əlvan və qara metallurgiya, tekstil, yeyinti,
emal müəssisələrinin tikintisinə razılıq
vermiş, paralel olaraq energetika və nəqliyyat kompleksi
inkişaf etmişdir. 1970-1980-ci illərdə respublikada 125
yeni dövlət sənaye müəssisəsi, o cümlədən
1970-1975-ci illərdə 64, 1976-1980-ci illərdə isə 61
dövlət sənaye müəssisəsi tikilib istifadəyə
verilmişdir. Sənayenin inkişafı ulu öndərin
müstəqil Azərbaycana rəhbərliyi illərində də
xüsusi diqqət mərkəzində olmuş, bu sahənin
problemlərinin həlli ilə bağlı xüsusi strategiya
hazırlanaraq icra olunmuşdur. Sənaye potensialının
ölkə iqtisadiyyatında milli gəlir baxımından əhəmiyyətli
yer tutmasına uzunömürlü baza yaradan iqtisadi islahatlara
start verilmiş, 1995-ci ildən başlayaraq sənayedə inkişaf
sürəti qeydə alınmışdır.
Qeyri-neft
sektorunun inkişafını prioritet istiqamətlərdən
biri elan etmiş Prezident İlham Əliyev haqlı olaraq
vurğulayır ki, hər bir ölkənin sabit iqtisadi
inkişafında sənaye potensialının rolu
böyükdür. Azərbaycan hazırda inkişafının
elə mərhələsindədir ki, qazanılan makroiqtisadi
nailiyyətlər ilk növbədə bu sahəyə diqqətin
artırılmasını aktual məsələ kimi gündəmə
gətirir. Sənayenin inkişafı üçün ölkədə
müvafiq qanunverici bazanın formalaşdırılması da
diqqət mərkəzində saxlanılır. 2009-cu il 14 aprel
tarixli “Xüsusi iqtisadi zonalar haqqında” qanun ölkədə
sənayeləşmə prosesinin sürətlənməsinə
yeni təkan vermişdir. Dünya təcrübəsi göstərir
ki, ölkənin qeyri-neft sektorunun inkişafına xarici kapital
axınını, habelə beynəlxalq inteqrasiyanı sürətləndirmək
baxımından xüsusi iqtisadi zonaların yaradılması
zəruridir. Bu cür iqtisadi zonalar xüsusi əlverişli
hüquqi rejimə malik müstəqil ərazi təsərrüfat
kompleksi olmaqla yanaşı, ölkədə beynəlxalq
iqtisadi əlaqələr sisteminə açılan səmərəli
dəhlizdir. Bu dəhliz vasitəsilə ölkə
iqtisadiyyatına, qeyri-neft sektorunun inkişafına xarici
kapital, qabaqcıl texnologiya, mütərəqqi idarəetmə
üsulları cəlb edilir. “Azərbaycan Respublikasında sənayenin
inkişafına dair 2015-2020-ci illər üçün
Dövlət Proqramı”nda sənayenin perspektivli təmayüllərinin
inkişafı xüsusi diqqət mərkəzində
saxlanılacaq.
Azərbaycan
sənayeləşmənin əsas mərkəzi rayonları
kimi Bakı və Sumqayıtda güclü texnopark kompleksləri
şəbəkəsini genişləndirməyi əsas hədəf
seçmişdir. Hazırda onlarca adda və çox qiymətli,
yüksək keyfiyyətli sənaye məhsullarını
dünyanın 30-dan artıq ölkəsinə ixrac etməklə
beynəlxalq bazarda özünə layiqli yer tutmuş Azərbaycanın
neft-kimya kompleksinin ən müasir texnologiyalar və yüksək
məhsuldarlıqlı avadanlıqlar əsasında yenidən
qurulması, tələbatın daha yüksək olduğu yeni
sənaye və kimya məhsullarının istehsalına
başlanılması istiqamətində aparılan
genişmiqyaslı işlər yaxın gələcəkdə
ölkəmizin sənaye məhsullarının istehsal həcmi
və keyfiyyəti baxımından dünyanın
aparıcı dövlətlərindən birinə çevriləcəyini
proqnozlaşdırmağa imkan verir. Hökumət sənayenin
inkişafını stimullaşdıracaq tədbirləri də
diqqət mərkəzində saxlayır. Orta və uzunmüddətli
perspektivdə texnoparkların inkişafını
stimullaşdırmaq üçün ölkənin vergi
qanunvericiliyində sənaye və texnologiyalar parklarında
çalışan fiziki və hüquqi şəxslərə,
eləcə də parkların idarəedici təşkilat və
operatorlarına gəlir, mənfəət, ƏDV, əmlak və
torpaq vergiləri üzrə 7 illik vergi güzəştləri
nəzərdə tutulmuşdur. 2013-cü il yanvarın 1-dən
qüvvəyə minmiş Vergi Məcəlləsinə
texnoparklarla bağlı edilmiş əlavə və dəyişikliklər
iqtisadiyyatın inkişafına müsbət təsir göstərməklə
bu sahəyə investorların cəlb olunmasına, yüksək
texnologiyalar əsasında rəqabətqabiliyyətli, elmtutumlu
sənaye məhsullarının istehsalına, yeni iş yerlərinin
açılmasına imkan verir. Qeyd edək ki, qeyri-neft sənayesi
2,4, kənd təsərrüfatı isə 3,1 faiz artıb.
Dövlət
başçısının 24 aprel 2013-cü il tarixli fərmanı
ilə “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin
təsdiq edilməsi ilə sənaye parklarının
yaradılması, idarə edilməsi, habelə onlarda
sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin
hüquqi bazası formalaşdırılmışdır. Həyata
keçirilən tədbirlər ölkədə
sahibkarlıq fəaliyyətinin genişlənməsinə, iqtisadiyyatın
ixrac və rəqabətqabiliyyətliyinin, idxalı əvəz
edən məhsul istehsalının, məşğulluğun səviyyəsinin
artırılmasına və sənaye sahələrinin şaxələnməsinə
xidmət edir.
Prezident
İlham Əliyev cari ilin birinci yarısının
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunan
iclasında bu məsələlərə geniş toxunub: “Sənaye
istehsalı ilə bağlı həm iri layihələr icra
edilir və eyni zamanda orta və kiçik
sahibkarlığın inkişafı sənaye
potensialımızı daha da gücləndirəcəkdir. Mən
iri layihələr arasında, əlbəttə ki, Sumqayıt
Kimya Sənaye Parkında həyata keçirilən layihələri
qeyd etmək istəyirəm. Onların arasında SOCAR Polimer
kompleksinin tikintisi xüsusi yer tutur. Buraya böyük
investisiya - təqribən 700 milyon dollardan çox sərmayə
qoyulur. İki ildən sonra artıq bu müəssisə
hazır məhsul istehsal edəcək. İdxaldan
asılılıq tamamilə aradan götürüləcək
və böyük ixrac potensialı yaranacaq. Gələcək
fəaliyyətimiz üçün bu, əsas istiqamət,
prioritet olmalıdır. İdxaldan maksimum dərəcədə
asılılığımızı aradan götürmək,
ixrac potensialımızı artırmaq və bununla paralel
olaraq ixrac bazarlarının araşdırılması və
müəyyən edilməsi istiqamətində də ciddi
işlər aparılmalıdır. Əlbəttə, birjada
satılan məhsullar üçün bazar axtarmağa ehtiyac
yoxdur. Ancaq digər məhsullar üçün biz indi gərək
rəqabətə girək. Çünki indi dünyada ixrac
bazarları uğrunda böyük rəqabət
aparılır. Böyük dövlətlər, böyük
firmalar artıq bazarları böyük dərəcədə
bölüblər. Ona görə bu bazarlara öz məhsulumuzla
girmək üçün gərək böyük səylər
göstərək”.
Hazırda
Sumqayıt Kimya Sənaye, Balaxanı, Mingəçevir və
Qaradağ sənaye parklarında, Pirallahı və Mingəçevir
Yüksək Texnologiyalar parklarında, Neftçala Sənaye Məhəlləsində
müvafiq işlərin görülməsi davam etdirilir. Yerli
potensial nəzərə alınmaqla digər regionlarda da sənaye
parkları və məhəllələrinin yaradılması
imkanları araşdırılır. Sumqayıt Kimya Sənaye
Parkının yaradılmasından qısa zaman keçməsinə
baxmayaraq, hazırda 7 şirkətə rezident statusu
verilmişdir. Tullantıların təkrar emalı sahəsində
regionda ilk sənaye parkı olan və ölkəmizdə
“yaşıl biznes”in inkişafında əhəmiyyətli
rola malik Balaxanı Sənaye Parkında işlənmiş
mühərrik yağlarının, plastik qabların, avtomobil
şinlərinin, çap-poliqrafiya məhsullarının
emalı sahələri üzrə artıq 4 rezident qeydiyyata
alınmışdır.
Qaradağ
Sənaye Parkının rezidenti Bakı Gəmiqayırma
Zavodunda dəyəri 40 mln. dollar olan ilk sifariş yerinə
yetirilib və hazırda dəyəri 400 mln. dollardan yuxarı
olan sualtı tikinti və üç sərnişin gəmisinin
tikintisi aparılır. “Şahdəniz-2” layihəsinin
sualtı qurğularını quraşdırmaq
üçün layihələndirilən “Xankəndi”
sualtı tikinti gəmisi artıq Bakı Gəmiqayırma
Zavodunun yanalma körpüsündə suya endirilib. Gəminin
tikintisi üzrə işlərin 80 faizdən çox hissəsi
başa çatdırılıb. Bütövlükdə isə
gəminin inşası 2017-ci ilin aprel ayında “Şahdəniz”
yatağının işlənməsinin ikinci mərhələsi
üzrə sualtı quraşdırma işlərinin
başlanacağı vaxtadək başa
çatdırılacaq.
Mingəçevir
Sənaye Parkı tekstil sahəsində fəaliyyət
göstərəcək və hazırda parkın təşkili
işləri davam etdirilir. Tikintisi başa çatmaqda olan
Neftçala Sənaye Məhəlləsi iqtisadiyyatın
prioritet istiqamətlərindən olan kiçik və orta
sahibkarlığın inkişafı baxımından əhəmiyyətlidir.
Masallıda Azərbaycanda sayca ikinci olan sənaye zonası yaradılır.
Hazırda iqtisadiyyatın davamlı inkişafı və rəqabət
qabiliyyətinin artırılması, Azərbaycanın
logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin
gücləndirilməsi, ölkəmizin çoxşaxəli
nəqliyyat infrastrukturunun yaradılması məqsədilə
dövlət başçısının müvafiq sərəncamına
uyğun olaraq Qaradağ rayonunun Ələt qəsəbəsində
yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi
daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi
zonanın təşkili istiqamətində işlər
görülür.
Prezident
İlham Əliyev qeyri-neft məhsullarının
ixracının stimullaşdırılması, rəqabətqabiliyyətli
qeyri-neft məhsullarının istehsalı və
ixracının, ənənəvi və yeni bazarlara
çıxış imkanlarının artırılması,
bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi
məqsədilə 18 yanvar 2016-cı il tarixində “Qeyri-neft məhsullarının
ixracının stimullaşdırılması ilə
bağlı əlavə tədbirlər haqqında” sərəncam
imzalayıb. “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə,
yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə
sertifikat və patentlərin alınmasına, ixracla əlaqəli
tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən
xərclərin dövlət büdcəsi hesabına ödənilən
hissəsi və ödənilmə mexanizmi, potensial ixrac
bazarları ölkələrində logistika mərkəzlərinin
yaradılması ilə bağlı işlər həyata
keçirilir. Həmçinin ixrac məlumat bazasının
(elektron portal) formalaşdırılması da nəzərdə
tutulub.
Ölkə
başçısının “Qeyri-neft məhsullarının
ixracının stimullaşdırılması ilə
bağlı əlavə tədbirlər haqqında” sərəncamı
rəqabətqabiliyyətli qeyri-neft məhsullarının
istehsalı və ixracının artırılmasına imkan
yaradacaq və daha böyük iqtisadi dividendlərin əldə
olunmasına gətirib çıxaracaq. Azərbaycanda
dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın
modernləşməsinə dəstək verən siyasətin
aparılması qeyri-neft sektorunun sürətlə
inkişafına stimul verəcək.
Elnur HACALIYEV,
Azərbaycan.- 2016.- 18 sentyabr.- S. 6.