Görkəmli
şərqşünas Aida
İmanquliyevanın xatirəsi anılıb
Sentyabrın
19-u XX əsrdə Azərbaycanın dünya elminə bəxş
etdiyi görkəmli simalardan biri - şərqşünas alim,
pedaqoq, filologiya elmləri doktoru, professor Aida
İmanquliyevanın xatirə günüdür.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivləri II Fəxri xiyabanda görkəmli şərqşünas alim Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı önünə əklillər qoyub, gül dəstələri düzüblər.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, anma mərasimində Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 24 il öncə dünyasını dəyişmiş böyük alimin keçdiyi həyat yolundan, zəngin və dəyərli elmi fəaliyyətindən danışıbar. G.Baxşəliyeva Aida xanım İmanquliyevanın həm bir alim kimi dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini, həm də bir qadın, ana kimi Azərbaycan qadınına örnək bir ömür yaşadığını qeyd edib. Aida xanımın elmi fəaliyyətinin müxtəlif istiqamətlərini xatırladan G.Baxşəliyeva onun müasir ərəb ədəbiyyatının tədqiqində yeni səhifə açdığını, yeni bir məktəbin əsasını qoyduğunu söyləyib.
Böyük alimin qoyduğu
zəngin elmi irslə yanaşı, elmi kadrların hazırlanmasında göstərdiyi
xidmətlərdən söz açan G.Baxşəliyeva onun
Şərqşünaslıq İnstitutuna
rəhbərlik etdiyi dövrdə
bacarıqlı bir təşkilatçı
kimi özünü
göstərdiyini, Aida
İmanquliyevanın itkisinin bütövlükdə
Azərbaycan elminin böyük
itkisi olduğunu
vurğulayıb.
Azərbaycan.- 2016.- 20 sentyabr.- S. 4.