Bakıda 22-ci Azərbaycan Beynəlxalq səhiyyə sərgisi açılıb

 

Sentyabrın 19-da Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi, “İteca Caspian” və “İTE Group PLC” şirkətlərinin birgə təşkilatçılığı ilə tibb sahəsində regionun ən iri ixtisaslaşdırılmış tədbiri olan 22-ci Azərbaycan Beynəlxalq səhiyyə sərgisi (“BIHE-2016”) açılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Stomatoloji Assosiasiyasının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) da təşkilati dəstək göstərdikləri sərginin açılış mərasimində səhiyyə nazirinin müavini Elsevər Ağayev çıxış edərək ölkəmizdə səhiyyə sahəsində əldə olunmuş uğurlardan danışıb. Nazir müavini bildirib ki, sərgidə iştirak edən ölkələrin sayının ildən-ilə artması Azərbaycan səhiyyəsində inkişafın, o cümlədən ölkəmizdə hökm sürən ictimai-siyasi sabitliyin əyani sübutudur. O qeyd edib ki, 22-ci dəfə keçirilən beynəlxalq səhiyyə sərgisi Azərbaycanın daima artan iqtisadi qüdrətinin bariz nümunəsidir.

Nazir müavini məlumat verib ki, bu il sərgidə 20 ölkədən 121 şirkət iştirak edir. Bu şirkətlər arasında Azərbaycan, Almaniya, Belarus, Çin, İtaliya, Rusiya, Türkiyə, Çexiya, Ukrayna və digər ölkələrin təmsilçiləri var. Sərgidə xarici istehsalçılarla yanaşı, dünyanın nəhəng istehsalçıları ilə tərəfdaşlıq edən yerli tibbi avadanlıq distribütörləri də iştirak edirlər.

Belarus səhiyyə nazirinin müavini Valeriy Şevçuk, Azərbaycan Stomatoloji Assosiasiyasının sədri Rəna Əliyeva, sərgilər direktoru (TÜRSAB) Sevinc Özkan Divrikli, “İteca Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədov çıxış edərək sərginin işinə uğurlar arzulayıblar. Çıxışlarda belə bir böyük tədbirin keçirilməsinə verdiyi dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlıq ifadə olunub.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

“BIHE-2016” sərgisində tibbilaboratoriya avadanlıqları, istehlak məhsulları, dərman preparatları, tibbi alətlər və farmakoloji avadanlıqlar kimi sektorlar təqdim olunur. Builki sərginin fərqləndirici cəhətlərindən birifarmakologiya sektorunun inkişaf etməsidir. Şirkətlər bu sektor çərçivəsində farmakologiya üzrə avadanlıq və texnologiyaları, eləcə də dərman zavodlarının istifadəyə hazır şəkildə tikintisini təqdim edəcəklər. Xaricdə müalicənin təşkili ilə məşğul olan 20-dən artıq klinika və şirkəti bir araya gətirən “Tibbi turizmsektoru da maraq doğurur. Bu klinika və şirkətlər arasında Belarus, Almaniya, Latviya, Türkiyə və Çexiyanın klinika, sanatoriya və müalicə ocaqları yer alır. Artıq ardıcıl olaraq ikinci ildir ki, “Tibbi turizmsektoru Türkiyə Turizm Agentlikləri Assosiasiyası (TURSAB) tərəfindən dəstəklənir.

“BIHE-2016” sərgisi ilə paralel daha iki tədbir - 11-ci Azərbaycan Beynəlxalq stomatologiya sərgisi (“Stomatology Azerbaijan-2016”) və 10-cu Yubiley Azərbaycan Beynəlxalq gözəllik və estetik tibb sərgisi (“Beauty Azerbaijan-2016”) keçirilir.

Beynəlxalq stomatologiya sərgisi regionun yeganə ixtisaslaşdırılmış tədbiridir. Sərgi stomatologiya mütəxəssislərinin ənənəvi görüş yeri, eləcə də tibbi məhsul və xidmət bazarında əldə edilmiş nailiyyətlərin nümayiş olunduğu məkandır. Sərginin iştirakçıları yeni stomatologiya avadanlıqlarını, istifadə materiallarını, implantasiyadadiş ağardılmasında yeni texnologiyalarını, ağız boşluğunun gigiyenasında vasitələrini təqdim edəcəklər.

Beynəlxalq gözəllik və estetik tibb sərgisi keçirildiyi on il ərzində gözəllik sənayesinin peşəkarlarını və bu sektorun məhsul və xidmət istehlakçılarını hər il bir arada toplayan peşəkar foruma çevrilib. Keçirildiyi illər ərzində sərgidə ümumilikdə 250 şirkət iştirak edib ki, bu şirkətlər arasında da salon biznesinin müxtəlif istiqamətləri üzrə yerli, eləcə də xarici istehsalçı və distribütörlər yer alıblar. Bu il yubiley sərgidə Azərbaycan, Almaniya, İtaliya, Koreya, RusiyaUkrayna kimi ümumilikdə 11 ölkəni təmsil edən 35 şirkət bir araya gələcək. Bu şirkətlər peşəkar kosmetologiya məhsulları, gözəllik salonları üçün avadanlıqların geniş çeşidi, kosmetologiya aparatları və bir sıra digər məhsulları təqdim edirlər. Həmçinin bu il İtaliyanın kosmetologiya şirkətləri böyük qrup şəklində sərgidə iştirak edir. Builki sərginin yenilikləri arasında Almaniyadan salon ləvazimatları, YaponiyaKoreyadan Asiya kosmetikası və digər məhsullar var. İlk dəfə sərgidə Taylandı təmsil edən şirkətlər də təmsil olunacaq. Bu şirkətlər dekorativ kosmetika, saç və dırnaqlara qulluq vasitələri, eləcə də SPA məhsulları ilə ziyarətçilərin diqqətini cəlb edəcək. Şirkətlərin stendlərində təqdimat və ustad dərslərinin keçirilməsi də planlaşdırılır. Beləliklə, üç gün ərzində sərgilər köhnə tərəfdaşların və həkimlərin görüş yerinə çevrilməklə yanaşı, yeni əməkdaşlıq əlaqələrinin qurulmasına, habelə bazarın qiymətləndirilməsi, perspektiv müqavilələrin imzalanması və sərmayələrin yatırılmasına kömək edəcək. Eyni zamanda, Azərbaycanın hər bir bölgəsindən gələn mütəxəssislər xariciyerli şirkətlərin məhsulları ilə şəxsən tanış olmaqyeni təklifləri qiymətləndirmək imkanı əldə edəcəklər.

Hər üç sərgi öz işini sentyabrın 21-də yekunlaşdıracaq.

 

Azərbaycan.- 2016.- 20 sentyabr.- S. 7.