Paralimpiyaçılarımızın Rio zəfəri

 

Dünyanın böyük maraqla izlədiyi daha bir mötəbər idman yarışı - XV Yay Paralimpiya Oyunları başa çatdı. Sentyabrın 7-18-də Braziliyanın Rio-de-Janeyro şəhəri dünyanın 170 ölkəsindən 4 mindən çox idmançının mübarizə apardığı bu idman festivalına evsahibliyi etdi. Azərbaycan da daxil olmaqla 82 ölkənin idmançıları mükafatçılar sırasına düşdü.

Son 5 paralimpiadada uğurlu nəticələr göstərən atletlərimiz növbəti  dəfə etimadı doğrultdular. Rioya 24 nəfərlə qatılan yığmamız  idmanın 6 növü üzrə (cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma) mübarizə apardı. Atletlərimiz Rioda uğurlu nəticə göstərərək 1 qızıl, 8 gümüş və 2 bürünc olmaqla ümumilikdə 11 medal qazandılar.

Ölkəmizin hesabına qızıl medalı cüdoçumuz Ramil Qasımov yazdırdı. Digər cüdoçularımız Bayram Mustafayev gümüş,  Rövşən Səfərov  isə bürünc mükafat qazandılar.

Yüngül atletika idman növündə mübarizə aparan Yelena Çebanu 2 gümüş və 1 bürünc, Kamil Əliyevlə İradə Əliyeva isə gümüş medala layiq görülüblər. Üzgüçülük yarışlarında  isə Azərbaycanın medal hesabına daha 3 gümüş mükafat əlavə olunub. Bunlar Dimitri ( 2) və Roman Saley (1) qardaşlarıdır.

Azərbaycan Paralimpiya yığmasının Rioda göstərdiyi ümumi nəticə belədir:

Paralimpiya yığmamız medalların ümumi sayına görə iştirakçı ölkələr arasında 33-cü, Avropa ölkələri arasında 16-cı, müsəlman ölkələri sırasında 6-cı, MDB ölkələri arasında 3-cü yerdə qərarlaşıb.

London Paralimpiya Oyunlarında 7 idmançımız mükafatçılar sırasına düşmüşdüsə, Rioda  8 atletimiz bayrağımızı qaldırdı.

Rioda  ilk dəfə olaraq 5 qadın idmançımız iştirak edərək ümumilikdə 4 medal qazandı.

İradə Əliyeva nizəatma yarışında (42.58 m) Paralimpiya rekordunu, Yelena Çebanu isə 100 metr məsafəyə qaçışda (11.71) Avropa rekordunu yeniləyib.

Son 6 Paralimpiadada qazanılan medalların sayı 38-dir (9 qızıl, 18 gümüş, 11 bürünc).

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2016.- 20 sentyabr.- S. 8.