Erməni mətbuatı: “Niyə bütün dünya İlham Əliyevə hörmət edir, Sarkisyanı isə saymır?”

 

Azərbaycan Prezidenti tərəfindən hər dəfə ifşa, pərt və rəzil edilən rəhbərlərinə görə xəcalət çəkdiklərini deyən erməni vətəndaşlarıSarkisyanın simasında bütün Ermənistanın bir daha şillələndiyini düşünürlər

 

Cəfəng yalanları həmişə başına bəla olan, beynəlxalq tribunalarda hər zaman gülünc duruma düşən Ermənistan prezidenti Serj Sarkisyan hələ də bütün bunlardan özü üçün lazımi dərs çıxarmayıb. Elə buna görədir ki, Sarkisyanın böhtan xarakterli çıxışları ilə özünü tez-tez biabırçı duruma salması hətta Ermənistanın özündə belə istehza və kütləvi etiraz predmetinə çevrilib. Bunun növbəti təsdiqi Serj Sarkisyanın MDB Dövlət Başçıları Şurasının sentyabrın 16-da Bişkekdə keçirilən iclasında Azərbaycanla bağlı etdiyi və hansısa arqumentə söykənməyən çıxışı zamanı da özünü göstərdi.

 

Bizim prezident niyə həmişə İlham Əliyevin qarşısından qaçır?”

 

Əslində, tədbir iştirakçıları da Sarkisyanın bu təxribat xarakterli çıxışına sadəcə etika xatirinə qulaq asdılar. Ermənistan prezidentinin cari ilin aprelində baş verən döyüşlərdən “şikayətlənərkən” yenə qərəzli, əsassız danışdığını da yaxşı bilirdilər. Amma Sarkisyanın bu həyasızlığına cavab vermək lazım idi və sərt formada verildi də.

Prezident İlham Əliyevin Ermənistan dövlətinin başçısına konkret arqumentlərə söykənən sərt cavabı Sarkisyanı növbəti dəfə pərt duruma saldı: “Təsəvvür edirsinizmi, vəziyyət kifayət qədər paradoksaldır: Ermənistan suveren dövlətin ərazisini işğal edir, onun ərazi bütövlüyünü pozur, Dağlıq Qarabağdanona bitişik yeddi rayondan yerli azərbaycanlı əhalini qovur, bir milyon insanı qaçqın və məcburi köçkün vəziyyətinə salır, işğal edilmiş ərazilərdə hər şeyi, o cümlədən tarixi, dini, mədəni abidələrimizi, bütün infrastrukturu dağıdır, - bu, ATƏT-in iki missiyasının məruzələri ilə təsdiq edilib, - sonra isə 20 ildən artıq müddətdə danışıqlar prosesini imitasiya etməklə məşğul olur. Eyni zamanda bu prosesin sonsuz olması üçün vaxtaşırı müxtəlif təxribatlara əl atır və onlardan biri məhz bu ilin aprelində oldu. Azərbaycanın dinc sakinlərinin beş yüzdən çox evi erməni ordusu tərəfindən artilleriya atəşinə məruz qaldı, yüzdən çox ev dağıdıldı, aralarında uşaqlar da olmaqla, təxminən on dinc vətəndaş qətlə yetirildi, həlak oldu”.

Azərbaycan Prezidenti açıq şəkildə bir daha diqqətə çatdırdı ki, Ermənistan beynəlxalq qurumların, o cümlədən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə məhəl qoymurkeçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərini süni şəkildə dəyişdirməklə, həmin ərazini qanunsuz məskunlaşdırmaqla yeni reallıqlar yaratmağa çalışır: “Bu, tamamilə qanunsuzdur, cinayətdir və bu cinayət indiyə qədər davam edir”.

Bütün bunların fonunda Sarkisyanın hansısa cavab verməyə iqtidarı da olmadı və bunun üçün heç ona şərait də yaradılmadı. Çıxılmaz vəziyyətə düşən Sarkisyan susmaq məcburiyyətində qaldı. Serj Sarkisyanın bu şəkildə susdurulması erməni ictimaiyyətində böyük əks-səda yaradıb.

Sosial şəbəkələrdə, KİV-də erməni prezidentinin susdurulması “Ermənistana növbəti zərbə” kimi dəyərləndirilir və S.Sarkisyanın fərsizliyi, bacarıqsızlığı həm lağa qoyulur, həm də kəskin tənqid edilir. “Bizim prezident niyə həmişə Azərbaycan Prezidentinin qarşısından qaçır”, “S.Sarkisyan niyə hər dəfə İlham Əliyev tərəfindən pərt edilirkimi suallar feyzbuk və tvitterdə yüzlərlə istifadəçi tərəfindən təkrar-təkrar paylaşılır. Bu mövzu erməni mediasında da geniş müzakirə olunur.

 

“Ermənistan niyə qorxaq Sarkisyana dözməlidir”

 

Məsələn, “armenaianreport” saytında Qraçya Qalustyan imzası ilə yayılan məqalədə Sarkisyanın qorxaq olduğu qeyd edilir: “Kədərli paralellik aparmaq istəyirəm. BMT Təhlükəsizlik Şurasının fövqəladə toplantısında Rusiyanın Suriyadakı addımları tənqid olunur. ABŞ nümayəndəsi Samanta Pauer Rusiya haqqında çıxış etdi. Rusiya nümayəndəsi Çurkin etiraz əlaməti olaraq iclası tərk etdi. Əfsuslar olsun ki, İlham Əliyevin qarşısında alçalan Sarkisyan bu dəfə də növbəti alçaldılmaqla barışdı. Serj Sarkisyan Bişkek iclasında aprel hadisələrinə toxunaraq Azərbaycanın ünvanına tənqidlər səsləndirdi. O, yavaş-yavaş, yeknəsək, darıxdırıcı və bəzən səhvlər buraxaraq kağızdan oxuyurdu. Onun nitqi hamının əsnəməsinə səbəb oldu. Artıq bu, birinci biabırçı fakt idi. Çünki bizim ölkəni savadsız təqdim edir, onun çıxışına həmkarları diqqət etmirdi. Həm də bunu gizlətmirlər belə. Axı, birinci dəfə deyil. Hətta Vladimir Putin belə Sarkisyana hörmət göstərmədiyini nümayiş etdirdi. Ermənistan prezidentinə hörmət qoyulmadığı daha sonra açıq şəkildə ortaya çıxdı. Belə ki, əlifba sırası ilə Belarus prezidenti Aleksandr Lukaşenko çıxış etməli idi. Lakin İlham Əliyev Lukaşenkodan çıxış üçün icazə istədi. O rədd edə bilərdi, amma kimə görə, Serj Sarkisyana görəmi? Lukaşenko Əliyevə Sarkisyanı alçaltmağa şərait yaratdı”.

Müəllif daha sonra Serj Sarkisyanın İlham Əliyev qarşısında necə əzildiyini qeyd edir: “İlham Əliyev: “Ermənistan tərəfi şikayətləri ilə artıq bütün beynəlxalq təşkilatları bezdirib” deyə bildirdi. Bu, açıq şəkildə Sarkisyanı, onun simasında ümumiyyətlə, Ermənistanı şillələmək idi. Özübu şillə medianın və prezidentlərin önündə gəldi. Hər kəs Əliyevə hörmətlə qulaq asdı. Sarkisyan isə canını yazıq fraza ilə qurtarmağa çalışdı: “Yalana cavab vermək mənasızdır”. Dərhal Əliyevdən növbəti zərbə gəldi: “Mən artıq yalana cavab verdim”. Bu nədir? Alçalmaq deyilmi? Biz nə qədər alçalmağa dözəcəyik? Diplomatiyanı və mübahisə etməyi bacarmayan, müzakirələrdən qaçan bu qorxaq adama niyə dözməliyik?”…

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2016.- 21 sentyabr.- S. 1, 9.