İlham Əliyev
Avropa Parlamentinin antiazərbaycan fəaliyyətini, qərəzli
və böhtançı əməllərini real faktlarla
ifşa etdi
Azərbaycan
Prezidentinin əsaslandırılmış ittihamlarını
səmimi, konstruktiv çıxış kimi dəyərləndirən
və tam qəbul edən avropalı deputatlar uğurlu
islahatlar nəticəsində ölkəmizin artıq nümunəyə
çevrildiyini bildirdilər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev nümayəndə heyətini salamlayaraq bu səfərin maraqlı keçəcəyinə ümidvar olduğunu və ölkəmiz, reallıqlarımız, planlarımız haqqında daha çox məlumat əldə etmək üçün yaxşı fürsət yaratdığını bildirdi.
Avropa Parlamentinin Böyük Britaniyadan olan deputatı, mühafizəkarlar və islahatçılar qrupunun təmsilçisi Sayyad Kərim Bakıda yüksək səviyyədə qarşılandıqlarını bildirdi. O, Bakıda keçirilən görüşlərin səmərəli və konstruktiv olacağına əminliyini ifadə etdi.
Azərbaycan
Prezidenti İlham Əliyev dedi:
-Təşəkkür
edirəm. Ümidvaram ki, Azərbaycanda
yaxşı vaxt keçirəcəksiniz. Düşünürəm
ki, bu gün burada aparılacaq və sonra həmkarlarınızla
keçiriləcək müzakirələr əməkdaşlığımızın
gələcək inkişafına daha çox aydınlıq
gətirəcək. Lakin ilk növbədə mən bir il bundan əvvəl baş verənləri və
niyə bu gün bizim əlaqələrin bir növ bərpası
ilə bağlı danışmalı olduğumuzu qeyd etmək
istəyirəm. Bu gün yəqin ki, bir
çox məsələlərə aydınlıq gətirmək
və gələcək işlərimizi planlaşdırmaq
üçün çox açıq müzakirələrin
aparılması baxımından yaxşı imkan olacaq.
Çünki təəssüf ki, Avropa Parlamentinin bir il bundan əvvəl qəbul etdiyi qətnamə
bizim münasibətlərimizdə ciddi geriləmə
yaratdı. Bu, çox böyük təəccüb
doğurdu. Biz Azərbaycanda bunu çox
düşməncəsinə, qeyri-düzgün, səhv
informasiya və qərəzə əsaslanan addım və
ölkəmizin reputasiyasına zərər vermək cəhdi
kimi qəbul edirik. Buna aydınlıq gətirmədən
irəliləmək və gələcək işlərimizi
planlaşdırmaq çətin olacaq. Məndə
bununla bağlı sənəd var. Bilmirəm sizin hamınız
bu barədə məlumatlısınız yoxsa yox, yəqin
ki, məlumatlısınız. Lakin mən
bəzi məsələləri qeyd etmək istərdim. Burada çox məsələ var, lakin
düşünürəm ki, bəzilərini qeyd etməyə
dəyər. Yəqin ki, sizin
üçün mənim bununla bağlı şərhlərimi
öyrənmək yaxşı olar.
Burada deyilir ki, son bir neçə ildə ümumilikdə
Azərbaycanda insan haqları ilə bağlı vəziyyət
pisləşib. Bu, doğru deyil. Azərbaycanda
insan haqları ilə bağlı vəziyyət
yaxşılaşır. Ölkəmiz
demokratik inkişafa və insan haqlarının qorunması
işinə sadiqdir. Düşünürəm
ki, burada insan haqlarının qorunması ilə bağlı vəziyyət
daha müsbət qiymətləndirmə tələb edir.
Burada bilmirəm qəsdən və ya
yanlışlıqla səhv informasiyaya əsaslanan bir
neçə məsələ var. Onlardan biri odur ki, jurnalistlər
və vətəndaş cəmiyyəti nümayəndələri
davamlı hədə və təqiblərə məruz
qalırlar. Onların arasında Meydan
TV-nin direktoru Emin Milli ölümlə hədələnib.
Bu, səhvdir və yalandır. O, heç
vaxt ölümlə hədələnməyib. Bilmirəm
niyə burada belə yazılıb. Ola
bilsin ki, bu, yenə də Azərbaycan əleyhinə
kampaniyanın bir hissəsidir. Hüquq
müdafiəçisi Emin Hüseynov saxta ittihamlarla üzləşəndən
sonra İsveçrədən sığınacaq istəyib və
Azərbaycan vətəndaşlığından məhrum
edilib. Bu da səhv informasiyaya əsaslanır.
Bu şəxs mənə məktub yazaraq onu vətəndaşlıqdan
məhrum etməyi xahiş edib. Bu, Azərbaycan
qanunvericiliyinə əsasən edilib. Onu
bir neçə ay səfirliyində gizləndiyi
İsveçrənin xarici işlər naziri buraya gələrək
öz təyyarəsi ilə İsveçrəyə
aparıb. Bununla bağlı Azərbaycan
Xarici İşlər Nazirliyi və İsveçrə Xarici
İşlər Nazirliyi arasında razılıq əldə
olunub. Sənədlər var, cənab Hüseynovun məktubu
var. Heç kim onu vətəndaşlıqdan
çıxarmayıb. Bu, yenə də daha bir
yalandır.
Bildirilir
ki, 2006-cı ildən bu yana dinc
nümayişçilərə Bakının mərkəzində
nümayişlər keçirmək qadağan olunub. Yalandır. Nümayişlər
qadağan olunmayıb. Sərbəst
toplaşma azadlığı ölkəmizdə tam şəkildə
təmin olunur. 2006-cı ildən bu yana,
2006-cı ildən əvvəl və indi Bakının mərkəzində
müxalifət azad şəkildə mitinqlər keçirib.
Onlar bir neçə yüz adam
toplayıblar. İnsanların niyə bu
nümayişlərə getməməsi ayrı məsələdir.
Lakin onlar dinc, azad olub və hər kəs, o
cümlədən səfirlik bunu sübut edə bilər.
Beləliklə, daha bir yalan.
Daha bir məsələ, guya jurnalist Rasim Əliyev sosial
şəbəkələr vasitəsilə Prezident Əliyevi
tənqid etdiyinə görə davamlı hədə və təhdidlər
alandan sonra amansızcasına döyülərək Bakıda
xəstəxanada dünyasını dəyişib. Bu, məni
cinayət törətməkdə birbaşa ittiham etməkdir.
Mən bunu yazanları məhkəməyə
verə bilərəm. Təəssüf ki,
idman xəbərlərindən yazan jurnalist Rasim Əliyev faciə
nəticəsində dünyasını dəyişib.
O, bəzi hərəkətlərinə görə tənqid
etdiyi bir futbolçunun qohumları və fanatları tərəfindən
döyülüb. Onlar onu döyüblər və
bu bədbəxt hadisə olub. Bunun bizimlə
heç bir əlaqəsi yoxdur. O, heç vaxt tənqid
etməyib və hətta heç kim bu
şəxsi tanımırdı. Bu, qəsdən
manipulyasiya, mənim bununla əlaqəmin olmasına dair
ittihamdır.
Burada
deyilir ki, Azərbaycan strateji tərəfdaşlığı
hədəfləyərək Avropa İttifaqı ilə əlaqələrini
genişləndirməyə və dərinləşdirməyə
can atır. Təkcə biz deyil, Avropa
İttifaqı da bizimlə münasibətləri dərinləşdirməyə
çalışır. Ona görə də
düşünürəm ki, bu mətn bizim əməkdaşlığımızın
əsl məğzini əks etdirmir. Bizim
Avropa İttifaqı ilə əməkdaşlığımız
qarşılıqlı maraqlar və qarşılıqlı
hörmətə əsaslanır. Yeri gəlmişkən,
ümumiyyətlə, bizim Avropa İttifaqı ilə çox
yaxşı münasibətlərimiz var. Biz Avropa
İttifaqına 9 üzv ölkə ilə strateji tərəfdaşlıqla
bağlı bəyannamə imzalamışıq. Ona görə də bizim Avropa İttifaqı,
üzv ölkələr və Avropa Parlamenti ilə münasibətlərimiz
arasında böyük fərq var.
Burada o da deyilir ki, ATƏT-in Bakıdakı ofisi Azərbaycan
hökuməti ilə ATƏT arasındakı anlaşma
memorandumuna xitam verməklə bağlı Azərbaycan
hökumətinin qərarı ilə 2015-ci ilin iyulunda
bağlanıb. Bəli, buna xitam verilib, lakin məlumat
üçün deyim ki, bunun səbəbi olub. ATƏT ofisinin yerli nümayəndəsi Azərbaycan
əsilli Fransa vətəndaşı, Fransanın Xarici
İşlər Nazirliyində çalışan yeganə azərbaycanlı
idi. O, çox məşhur bir ailənin nümayəndəsidir.
Onun mənsub olduğu nəslin nümayəndələri
1918-ci ildə müsəlman Şərqində ilk demokratik
respublika olan Azərbaycan Demokratik Respublikasının
yaradıcılarından olub. Bu ailəyə
Azərbaycanda çox hörmətlə yanaşılır.
Bu şəxs Azərbaycanda cəmi bir il fəaliyyət
göstərəndən sonra iş otağında mənimlə
fotosu olduğuna görə onu daimi komitənin iclasında
günahlandıran ABŞ-ın ATƏT-dəki səfiri Baerin
ciddi müdaxiləsi nəticəsində işdən azad
olunub. Məndə olan məlumata görə,
onlar Fransa hökumətinə təzyiq göstəriblər və
ATƏT-in buradakı nümayəndəsi Şahtaxtinskiyə
heç bir izahat verilmədən o, işdən azad olunub.
Onun karyerasına son qoyuldu, o, Fransa Xarici
İşlər Nazirliyindən çıxarıldı.
Sadəcə mənimlə fotosu olduğuna
görə. Əgər ABŞ-ın
ATƏT-dəki nümayəndəsinin fikrincə mənimlə
şəkil çəkdirmək cinayətdirsə biz nədən
danışa bilərik?! Mən nə dedim? Mən dedim
ki, əgər Şahtaxtinski işdən azad olunsa ofis
bağlanacaq. Mən onlara xəbərdarlıq
etdim, onlar qulaq asmadılar və biz bunu etdik. İndi onlar ofisin fəaliyyətini bərpa etmək
istəyirlər. Mən şərt qoydum.
Şahtaxtinskini geri qaytarın, ədaləti,
onun karyerasını bərpa edin və o zaman biz ofisi yenidən
açarıq. Bütün bunların
arxasında duran məsələ bundan ibarətdir.
Buradakı bir cümlədə isə deyilir ki, biz
heç bir izahat vermədən ofisi bağlamışıq. “Freedom House”
Azərbaycanın azad olmadığını, internetin qismən
azad olduğunu, son 10 ildə bütün Avrasiyada demokratik idarəetmədə
ən çox geridə Azərbaycanın
qaldığını hesab edir. Təsəvvür
edirsiniz? Bu, tamamilə gülüncdür
və yəqin ki, şərh etməyə dəyməz.
“Freedom House”a gəlincə. “Freedom House” isə ermənipərəst
mövqe tutduğuna və Azərbaycana davamlı hücumlar
etdiyinə görə ölkəmizin onunla heç bir əlaqəsi
olmayan təşkilatdır. Uzun illər “Freedom House”un rəhbəri müxtəlif səbəblər
üzündən Dövlət Departamentindən qovulmuş və
Azərbaycanın ən fəal tənqidçilərindən
birinə çevrilmiş Kramer olub. Deyim ki, “Freedom House”un hesabatlarının bizim üçün
heç bir əsası yoxdur və bu təşkilatın bu sənəddə
qeyd olunması məndə təəccüb doğurur. Bu, qeyri-hökumət təşkilatıdır,
yüzlərlə belə təşkilat müxtəlif
hesabatlar dərc edir. Avrasiyada ən
böyük geriləmənin Azərbaycanda olduğunu deməsi
bu təşkilatın və Avropa Parlamentinin Azərbaycana
münasibətini nümayiş etdirir.
Burada deyilir ki, 2015-ci ilin noyabrında Azərbaycanda
parlament seçkiləri keçiriləcək. Avropa Parlamenti
seçkiləri müşahidə etmək üçün
missiya göndərməkdən imtina edib. Siz
imtina etdiniz, digərləri isə etmədi. Avropa
Şurası Parlament Assambleyası gəldi, seçkiləri
müşahidə etdi və çox müsbət bəyanat verdi. Beləliklə, Avropa
Parlamentinin iştirak etməməsi heç nəyi dəyişmədi,
nəticələrə və müsbət rəyə təsir
etmədi. Həmçinin bir çox başqa məsələlər...
Bundan sonra parlamentimiz qətnamə qəbul etdi.
Mən bunu tam oxuya bilərəm, lakin
düşünürəm ki, siz bununla bağlı məlumatlısınız.
Ona görə də ona toxunmayacağam. İndi vəziyyət belədir. Faktiki olaraq bir ildir heç bir əlaqəmiz yoxdur.
Bu, bizim ucbatımızdan baş verməyib.
Biz digər Avropa təsisatları - Avropa
İttifaqı, Avropa Şurası, ATƏT-lə işləməyə
davam edirik. Lakin Avropa Parlamenti Azərbaycanla
bağlı bu mövqeyi tutmağı qərara aldı.
Bizdə olan məlumata görə, bu sənəd
qurumun rəhbərləri, xüsusilə də bilmirəm
hansı səbəbdən Azərbaycana nifrət edən və
hər dəfə bizim nüfuzumuza xələl gətirməyə
çalışan Şults və Lunaçek tərəfindən
təşkil olunub. Bizdə olan məlumata
görə, bu qətnamə Avropa Parlamentinin prosedurlarına
zidd olaraq qəbul edilib. Avropa Parlamentinin bəzi
üzvləri bunu etməməklə bağlı xəbərdarlıq
ediblər. Mən onlardan birinin “Biz Azərbaycanı
itirəcəyik” dediyini eşitmişəm, yəqin ki, o,
haqlı idi. Avropa Komissiyasının
komissarı da danışıb, xəbərdarlıq edib,
lakin onları dinləməyiblər və nəticədə
nə oldu? Heç bir münasibət,
heç bir əlaqə yoxdur. Biz
parlamentimizdə işçi qrupu yaratmadıq. Biz Avronestdəki fəaliyyətimizə xitam verdik.
Vəziyyət belədir. Biz
heç nə olmamış kimi davrana bilmərik. Biz buna aydınlıq gətirməliyik. Biz bunu aradan qaldırmaq üçün nə edə
biləcəyimizə nəzər salmalıyıq. Əgər bu, belə qalsa və heç nə
baş verməsə biz nə barədə danışa bilərik?
x x x
Avropa Parlamentinin Böyük Britaniyadan olan deputatı,
mühafizəkarlar və islahatçılar qrupunun təmsilçisi
Sayyad Kərim Prezident İlham Əliyevə açıq və
konstruktiv çıxışına görə minnətdarlıq
etdi. O, ötən
il qəbul olunan sənədlə
bağlı yaranan çətinliklərin dəf ediləcəyinə
və əlaqələrimizin irəliyə
aparılacağına ümidvar olduğunu bildirdi. Hazırda Azərbaycanla əhatəli müqavilə
üzərində işə böyük önəm
verildiyini diqqətə çatdırdı. “Azərbaycan bizim üçün mühüm
ölkədir. Biz bütün
mümkün imkanlardan istifadə edərək Azərbaycanla əlaqələrin
genişləndirilməsində maraqlıyıq”, - deyən
Sayyad Kərim ölkəmizlə “Cənub” qaz dəhlizi ilə
bağlı əməkdaşlıq işinə sadiq
olduqlarını bildirdi. Sayyad Kərim
Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünü
və suverenliyini dəstəklədiyini bildirdi.
Avropa Parlamentinin Finlandiyadan olan deputatı,
Yaşıllar qrupunun təmsilçisi Heydi Hautala Prezident
İlham Əliyevə səmimi və konstruktiv
çıxışına görə minnətdarlıq etdi. O, Azərbaycan ilə əlaqələrin
möhkəmləndirilməsində maraqlı
olduqlarını bildirdi. Azərbaycanda dünyəvi
cəmiyyətin qurulduğunu və bunun çox mühüm
hal olduğunu, Azərbaycanın İslam aləmində
mühüm dünyəvi ölkələrdən birinə
çevrildiyini deyən Heydi Hautala Avropa və Azərbaycan vətəndaşları
arasında təmasların genişləndirilməsinin əhəmiyyətli
olduğunu vurğuladı.
Avropa Parlamentinin Rumıniyadan olan deputatı, Avropa Xalq Partiyasının təmsilçisi və xarici ölkələr komitəsinin üzvü olan Ramona Manesku dedi ki, dünyəvi cəmiyyətin qurulması, uğurlu islahatların həyata keçirilməsi baxımından Azərbaycan müsəlman ölkələri içərisində bir nümunədir. Ölkəmizin müdrik xarici siyasət yürütdüyünü deyən Ramona Manesku bu siyasət nəticəsində Azərbaycanın uğurlu balans əldə etdiyini bildirdi. Daha sonra o, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini vurğuladı və bu siyasəti davam etdirəcəklərini qeyd etdi.
Prezident İlham Əliyev Avropa Parlamenti ilə münasibətlərdə böhran vəziyyətinin əmələ gəlməsinə baxmayaraq, Avropa İttifaqı ilə əlaqələrin qarşılıqlı maraq əsasında uğurla inkişaf etdiyini dedi. Azərbaycan-Avropa İttifaqı əlaqələrinin geniş gündəliyinin olduğunu deyən dövlətimizin başçısı bunun təhlükəsizlik, energetika, nəqliyyat, elm, təhsil və digər sahələri əhatə etdiyini bildirdi, Avropa İttifaqının artıq 9 üzv dövləti ilə strateji tərəfdaşlıq barədə bəyannamənin imzalandığını dedi. Zəngin tarixə və milli dəyərlərə sadiq olan Azərbaycanın müstəqil siyasət həyata keçirərək öz inkişaf yolunu seçdiyini deyən dövlətimizin başçısı ölkəmizin siyasi, iqtisadi, sosial və bütün digər sahələrdə sürətli inkişafa nail olduğunu bildirdi və respublikamızda ictimai-siyasi sabitliyin hökm sürdüyünü, söz, mətbuat, həmçinin sərbəst toplaşma və digər azadlıqların təmin edildiyini, azad internetin olduğunu, demokratik inkişaf yolunda mühüm addımların atıldığını diqqətə çatdırdı. Daha sonra Prezident İlham Əliyev qeyd etdi ki, Avropa Parlamentinin ötənilki qətnaməsində Azərbaycanda demokratiya ilə bağlı heç bir əsası olmayan və qərəzli mövqe nümayiş etdirildiyi halda Avropa Parlamenti Ermənistandakı demokratiyanın bərbad vəziyyəti və boğulması ilə bağlı hər hansı bir reaksiya verməyib. Dövlətimizin başçısı Azərbaycanın Avropa ölkələri ilə əlaqələrə böyük önəm verdiyini deyərək Azərbaycanın da Avropa ölkələrinin inkişafına mühüm töhfə verə biləcəyini vurğuladı. Prezident İlham Əliyev bəzi Avropa ölkələrində genişlənən islamofobiya hallarına qarşı mübarizə aparılmasının önəmini bildirdi. Dövlətimizin başçısı Avropada yüksək səviyyəli rəsmi şəxslərin bu məsələlərlə bağlı yolverilməz ifadələrinə Avropa strukturlarında hər hansı bir reaksiya verilməməsinin də bir müsəlman xalqı kimi Azərbaycan xalqını da narahat etdiyini vurğuladı. Prezident İlham Əliyev Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsini Azərbaycan tərəfinin yüksək qiymətləndirdiyini bildirdi. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq Ermənistanın təcavüzkar və qeyri-konstruktiv siyasətinin bu münaqişənin həllinə mane olduğunu diqqətə çatdırdı.
Görüşdə korrupsiya halları ilə mübarizənin önəmi qeyd edildi, avropalı qonaqlar bu sahədə Azərbaycanda həyata keçirilən tədbirlərə, o cümlədən “ASAN xidmət”in fəaliyyətinə böyük maraq göstərdiklərini dedilər.
Prezident İlham Əliyev ölkəmizdə korrupsiya ilə mübarizə istiqamətində qətiyyətli addımların atıldığını, gömrük, vergi və digər sahələrdə səmərəli islahatların artıq öz bəhrəsini verdiyini dedi, bu sahədə “ASAN xidmət”in fəaliyyətinin səmərəli olduğunu vurğuladı.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan.- 2016.- 21 sentyabr.- S. 1,
2.