Qətiyyətin
və cəsarətin İLHAM ƏLİYEV örnəyi
Azərbaycan Prezidenti Avropa
Parlamentinin timsalında bütün dünyaya mesaj verdi: Xarici
dövlətlərlə və beynəlxalq təşkilatlarla
ikitərəfli münasibətlərdə şərtləri
yalnız rəsmi Bakı müəyyənləşdirəcək
Liderliyin əsas keyfiyyətləri barədə əsrlərdir müxtəlif fikirlər söylənilir, araşdırmalar aparılır. Xarizma, idarəçilik istedadı, birləşdiricilik bacarığı, prosesləri nəzarətə almaq qabiliyyəti və digər bu kimi göstəricilər liderin əsas dəyərləri kimi qəbul edilir. Əslində, zaman, yaxud da ölkəsinin məngənəsində olduğu böhran liderdən tələb olunan şərtləri də dəyişir. Amma bütün dövrlərdə tarixin əsl liderdən bir dəyişməz tələbi olub: qətiyyət və cəsarət. Məhz hansısa bir təlatümdə nümayiş etdirdikləri qətiyyət və cəsarət sayəsində adi fərdlər liderə, sıradan əsgərlər cahangirlərə çevriliblər.
Bu gün İlham Əliyevin şəxsində, demək olar ki, hər gün gördüyümüz qətiyyət və cəsarət isə indi yalnız bir insanın və liderin deyil, artıq bütöv bir millətin və dövlətin səciyyəvi xüsusiyyətidir.
İlham Əliyev Azərbaycan adından ittiham mətnini oxudu
“Lider təmsil etdiyi xalqın və ölkənin nüfuzunu müəyyənləşdirir” qənaətinin müzakirəyə ehtiyacı yoxdur, bu, dəqiq yanaşmadır. Azərbaycanın son illərdə beynəlxalq imicinin dəfələrlə yüksəlməsi, respublikamızın ən ali səviyyəli tədbirlərdə ön cərgədə iştirakı, ya da ona evsahibliyi etməsi, qlobal miqyasda daim ölkəmizin rəyi ilə hesablaşılması və digər belə qürurverici olaylar, əlbəttə ki, hansısa təbii proseslərin nəticəsi deyil.
Bu nailiyyətlər birbaşa olaraq Liderin - İlham Əliyevin fövqəladə fəaliyyətinin, nümayiş etdirdiyi qeyri-adi əzmkarlığın, səmərəli rəhbərlik qabiliyyətinin, yüksək diplomatik bacarığının, əsasən də qətiyyət və cəsarətinin məntiqi yekunudur.
Bu həqiqətləri yazarkən Ermənistandakı olaylar, bu respublikada vətəndaşların öz liderlərindən utanmaları, onu qorxaq, rəzil saymaları kimi hadisələri xatırlamamaq olmur. Şübhəsiz, bütün müqayisələr qüsurludur. Bu baxımdan Azərbaycan Prezidentini kiminləsə, o da ola erməni rəhbəri ilə müqayisə etməyi, hansısa təhlili qənaəti ortaya qoymağı nə liderimizə, nə də özümüzə yaraşdırırıq.
Fəqət erməni mətbuatının “Niyə bütün dünya İlham Əliyevə hörmət edir, amma Sarkisyanı saymır?” manşetləri ilə çıxmasını, sosial şəbəkələrdə isə “Sarkisyan nə vaxtadək İlham Əliyevin qarşısından qaçacaq?”, yaxud da “belə qorxaq və cəsarətsiz rəhbər Ermənistanın üzqarasıdır” fikirlərinin minlərlə dəfə paylaşılmasını görməzdən gəlmək də mümkün deyil.
Azərbaycan mediasına, sosial şəbəkələrə, burada Prezidentlə bağlı aparılan müzakirələrə nəzər salaq. On minlərlə insan, xüsusən də gənclər Prezidentin fəaliyyətini təhlil edir, açıq mövqelərini bildirir, fəal diskussiya açırlar. Hər sətirdə milli qürur, hər fikirdə vətəndaş iftixarı, hər münasibətdə Liderlə duyulan fəxr...
Yox, əsla, müqayisə aparmırıq... Sadəcə bu günlərin çox müzakirə edilən bir hadisəsini - Liderimizin növbəti qətiyyət və cəsarət nümunəsini də xatırlayırıq. Erməni rəhbərinin MDB sammitində cılız və düşük mahiyyətini yenə də ortaya qoyaraq boşboğazlıqla məşğul olmasına Azərbaycan Lideri elə sərt reaksiya verdi ki, Sarkisyanın düşdüyü rəzil durumun əks-sədası Bişkekdən Yerevanadək, Bakıdan dünya erməniliyinin bütün mərkəzlərinə qədər yayıldı.
Prezidentin təkrar çıxış üçün söz istəməsi, MDB rəhbərlərinin qatıldığı olduqca mötəbər bir çevrədə bu nitqə öncədən hazırlaşmadan mahir diplomatik üslubuyla hücuma keçməsi nə qədər ani olaraq qəbul edilən qərar, yaxud çıxış olsa da, bütün bunlar, əslində, İlham Əliyevin liderlik keyfiyyətlərinin ən bariz təcəssümü idi.
İlham Əliyev Azərbaycan adından Sarkisyanın və Ermənistanın yalanını, işğalını, terrorunu ifşa etdi, erməni mətbuatının yazdığı kimi, onları sillələyərək rəzil duruma saldı!
İlham Əliyev Azərbaycan adından Sarkisyana və Ermənistana ittiham mətnini oxudu!
İlham Əliyev Azərbaycan adından Sarkisyanın və Ermənistanın ağzından vuraraq onların müvazinətlərini pozdu, kürsülərindən saldı!
İlham Əliyevin məğrur duruşunun fonunda MDB liderlərinin gülümsər və razı simalarını görmək hər birimizə qürur verdi!
İlham Əliyevin Azərbaycan adından Avropa Parlamentinin deputatlarının üzlərinə qarşı səsləndirdiyi sərt ittihamlar, onların real faktlarla tam ifşası isə ayrı bir Liderlik nümunəsi, yeni diplomatiya dərsi, növbəti qətiyyət və cəsarət örnəyi idi!..
Prezidentin qapısına üzrxahlığa gələn elçilər
Günümüzün acı gerçəkliyidir: Avropa Parlamenti mənsub olduğu qitənin sərhədlərini aşaraq artıq dünyada yeni hegemon siyasi gücə çevrilib. O da bir təzadlı reallıqdır ki, elə Azərbaycanın yaxın münasibətdə olduğu onlarca ölkə üçün Avropa Parlamentinin rəyi və tələbləri o dövlətlərin Konstitusiya normalarından, vətənlərinin mənafeyindən, xalqlarının maraqlarından üstün və fövqəldir!
Prezidentliyinin ilk dövrlərindən etibarən Azərbaycanın balanslaşdırılmış siyasətdən imtina edərək tam müstəqil siyasətə keçdiyini bəyan edən İlham Əliyev və onun şəxsində Azərbaycan üçün isə belə rəylər, tələblər əhəmiyyətsiz çığır-bağırlardır!
Azərbaycanın Avropa İttifaqı ilə səmərəli əməkdaşlığı var və bu nüfuzlu qurumun üzvü olan 9 ölkə ilə münasibətlər “strateji tərəfdaşlıq” formatında, yəni ən yüksək səviyyədədir. Təşkilatın “Şərq Tərəfdaşlığı” proqramı ilə səmərəli əlaqələr mövcuddur və ölkəmiz 5 il öncə bu proqramın parlament qanadı kimi yaranan AVRONEST-in təsisçilərindən olub. Lakin Avropa Parlamenti daim bu əməkdaşlığın sağlamlaşdırılmasına məqsədli şəkildə maneə yaradıb, aşkar ermənipərəst təəssübünü gizlətməyərək Azərbaycana qarşı Ermənistanın rəsmi mövqeyindən fərqlənməyən münasibət sərgiləyib.
“Erməni soyqırımı”nı tanımaqla kifayətlənməyərək azad KİV-in fəaliyyətinin qadağan olunduğu, müxalifət təmsilçilərinin güllələndiyi, həbsə atıldığı, siyasi məhbuslarının sayının min nəfəri keçdiyi Ermənistanı himayəyə götürən, onu “demokratiya adası” hesab edən Avropa Parlamenti Azərbaycana qarşı açıq qərəz və böhtan kampaniyası yürüdüb. Zaman-zaman ölkəmiz barədə həqiqəti təhrif edən qətnamələr qəbul edən bu təsisat ötən ilin sentyabrında əndazəni aşaraq antiazərbaycan fəaliyyətinin ən böyük məkrinə imza atdı. Yalanların, şərin, əsassız fikirlərin əks olunduğu qətnaməni qəbul etməklə Azərbaycanın nüfuzuna zərbə vurmağa, beynəlxalq miqyasda dalana dirənmiş Ermənistana isə “süni nəfəs” verməyə çalışdı.
Amma Azərbaycanın cavab addımı gecikmədi və sərtliyi ilə Avropa Parlamentini çaş-baş saldı. Milli Məclis AVRONEST-də təmsilçiliyini dayandırdı, bu qurumla əlaqələr tam donduruldu. Prezidentin şəxsində rəsmi Bakının mövqeyi qəti idi: Simasını dəyişmiş, dünya erməniliyinin oyuncağına çevrilmiş Avropa Parlamenti səhvlərini etiraf etməyənədək, özləri üzrxahlığa gəlməyənədək bu təşkilatla əməkdaşlıqdan söhbət gedə bilməz. Çünki Azərbaycan Avropa Parlamenti, hətta Avropa İttifaqı olmadan da mövcudluğunu yüksək inkişafla davam etdirə bilər. Amma onlara Azərbaycansız çətin olacaq...
Və cəmi bir il keçdi - Prezidentin qənaəti özünü həmişəki kimi doğrultdu. Özünü “hegemon”, “arbitr” sayan Avropa Parlamentinin yüksək səviyyəli elçiləri - deputatlar üzrxahlıq üçün İlham Əliyevin qəbuluna növbəyə yazıldılar...
İlham Əliyevin liderlik
manifesti
Yaranmış yeni situasiya İlham Əliyevin məğrur görkəminə əlavə qalib çalarları da qatmışdı. Prezident əvvəla, mövcud duruma görə yalnız bir günahkarın olduğunu elə bu günahkarın təmsilçilərinin üzünə qarşı söylədi və başladı...
İlham Əliyev Azərbaycana qarşı Avropa Parlamentinin irəli sürdüyü “ittihamları” bənd-bənd təhlil etdi. Faktlarla onların yalan olduğunu isbatladı. Avropa Parlamentinin məqsədli şəkildə antiazərbaycan isterikasına qoşulduğunu arqumentlərlə sübut etdi. Bu qurumun dünya erməniliyinin marionetinə çevrildiyini konkret izahlarla təsdiqlədi.
İlham Əliyevin sərt üslubunda öldürücü ironiya vardı!
İlham Əliyevin gerçək dəlillərində biabırçı ifşa vardı!
İlham Əliyevin ittihamlarında haqlı Azərbaycanla haqsız Avropa Parlamentinin tam müqayisəsi vardı!
Avropalı parlamentarilər Prezidentin sərt nitqini diqqətlə dinlədilər. Və sonda
bu nitqi - İlham Əliyevin Avropa Parlamentinə qarşı ittihamlarını
“açıq, səmimi,
konstruktiv çıxış”
kimi qəbul etdilər. Diplomatik qaydalara görə,
yəni ittihamları haqlı saydılar, qəbul etdilər və üzrxahlıqlarını
bildirdilər. Ötən
il ölkəmizə
qarşı demokratiya
məsələsi ilə
bağlı səsləndirdikləri
yalanları isə “Azərbaycan müsbət nümunəyə çevrilib”
həqiqəti ilə
təkzib etdilər.
İlham Əliyev mahir diplomatdır. Düzdür, günümüzdə mahir diplomatlar çoxdur. Amma İlham Əliyevi onlardan fərqləndirən,
üstün edən bir mühüm məqam var: o, həm də diplomatiya elminin tarixi araşdırmaçısı,
müəllimi və alimidir!
İlham Əliyevin avropalı parlamentarilərlə görüşündəki
çıxışını əlahiddə edən mətləblər yalnız
Azərbaycanla bağlı
deyil. Bu, daha
geniş diplomatik arealı əks etdirir. Prezidentin çıxışının
stenoqramı, əslində,
diplomatiya tarixində ikili standartlara qarşı mübarizədə
səmərəli faktoloji
vasitə kimi gələcəkdə çoxlarının
gərəyi olacaq.
Belə
nitqi səsləndirməyə
çox ölkənin
səbəbi var. Amma
o ölkələrin bunu
dilə gətirməyə
cəsarəti və qətiyyəti çatacaq
lideri yoxdur!
BMT-nin Baş katibi Pan Gi Munun
ötən gün bir qədər çəkinərək söylədiyi
“Bir neçə dövlətin öz gücündən istifadə
edərək dünyanı
girov saxlaması qanunidirmi? Bütün bunlar yolverilməzdir!” fikrinin qarşılığını
ötən həftə
İlham Əliyev çəkinmədən bütün
dünyaya bəyan etmişdi: “Bizə təzyiqlər ona görə artır ki, biz öz yolumuzla gedirik, heç kimin qarşısında baş
əymirik, özümüzü
ləyaqətlə aparırıq,
milli maraqlarımızı
qoruyuruq, Azərbaycan xalqının maraqlarını
hər şeydən üstün tuturuq və bu siyasət
davam etdirilməlidir. Bu gün bu siyasət var, bu siyasəti mən aparıram və heç bir qüvvə məni bu yoldan
döndərə bilməz”.
Prezidentin
Avropa Parlamentinin timsalında bütün dünyaya ötəngünkü
mesajı isə daha konkret idi:
Xarici dövlətlər
və beynəlxalq təşkilatlarla ikitərəfli
münasibətlərdə şərtləri yalnız
rəsmi Bakı müəyyənləşdirəcək! Burada nə istisna dövlət, nə də təşkilat olacaq!
Hər kəs yerini və yerimizi bilməlidir!
Budur qətiyyət, budur cəsarət!
Budur İlham
Əliyevin fəaliyyət məramı və liderlik
manifesti!
İxtiyar HÜSEYNLİ,
Azərbaycan.- 2016.- 22 sentyabr.- S. 1.