Prezident İlham
Əliyev Kürdəmir-Ucar-Yevlax avtomobil yolunun yenidənqurmadan sonra
açılışında iştirak edib
Sentyabrın
21-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Mingəçevirə səfərə gedərkən
yolüstü Bakı-Ələt-Qazax-Gürcüstan dövlət
sərhədi avtomobil yolunun Kürdəmir-Ucar-Yevlax hissəsinin
açılışında iştirak edib.
AZƏRTAC
xəbər verir ki, istər şərq-qərb, istərsə
də şimal-cənub istiqamətlərində beynəlxalq
yükdaşımaları dəhlizi üzərində yerləşən
avtomobil yollarının Prezident İlham Əliyevin tövsiyə
və tapşırıqlarına əsasən müasir səviyyədə
yenidən qurulması və bu istiqamətdə aparılan
uğurlu islahatlar nəticəsində son illər birinci
texniki dərəcəli yolların uzunluğu 500 kilometrə
qədər artıb.
Beynəlxalq
miqyaslı böyük İpək Yolunun tərkib hissəsi olan
Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi
avtomobil yolunun uzunluğu 503 kilometrdir. Magistralın
Bakı-Ələt, Ələt-Hacıqabul,
Hacıqabul-Kürdəmir, Kürdəmir-Ucar-Yevlax, Yevlax-Gəncə
hissələrinin birinci texniki dərəcəyə təkmilləşdirilməsi
işləri yekunlaşdırılıb. Yolun
Hacıqabul-Kürdəmir, Kürdəmir-Ucar-Yevlax hissələrində
yenidənqurma tədbirləri avtonəqliyyat vasitələrinin
hərəkəti dayandırılmadan yerinə yetirilib,
bütün işlər beynəlxalq tikinti normalarının
tələblərinə uyğun keyfiyyətlə
aparılaraq həmin hissələr istismara hazır vəziyyətə
gətirilib. Yaxın gələcəkdə isə
magistralın Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi
hissəsinin də yenidən qurulmasına
başlanılması planlaşdırılır. Layihə tam
reallaşdırılandan sonra şərqdən qərbə və
əks istiqamətdə böyük İpək Yolunun Azərbaycandan
keçən hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan
dövlət sərhədi avtomobil yolu Avropa ilə Asiya
arasında avtomobillə beynəlxalq və daxili
yükdaşımaların artmasında önəmli rol
oynayacaq.
“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən reallaşdırılan Kürdəmir-Ucar-Yevlax–Tərtər avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 87,8 kilometr uzunluğunda olan yolun Kürdəmir-Ucar-Yevlax hissəsi iki zolaq əlavə edilməklə birinci texniki dərəcəyə təkmilləşdirilib. Layihəyə əsasən yolun bir istiqamət üzrə hərəkət hissəsinin eni 13,75 metr olmaqla, ümumi eni 27,5 metrdir. Hər birinin eni 3,75 metr olmaqla 4-6 hərəkət zolağından ibarət yolun örtüyü polimer asfalt-betondur. Yol yatağının qalınlığı hamarlayıcı qat 30 santimetr, əsasın alt layı 25 santimetr, əsas lay 20 santimetr olmaqla, ümumilikdə 75 santimetrdir. Asfalt-beton örtüyü isə üç qat olmaqla, qalınlığı 25 santimetr təşkil edir.
Layihə çərçivəsində 4 yol qovşağı və su üzərində 5 hidravlik körpü inşa olunub. Bundan başqa, yolda 25 yeraltı keçid, 39 düzbucaqlı drenaj qurğusu, 124 suötürücü boru və 16 avtobus dayanacağı tikilib.
Dövlətimizin başçısı yolun rəmzi açılışını
bildirən lenti kəsdi.
Azərbaycan.- 2016.- 22 sentyabr.- S. 3.