Prezident İlham
Əliyev Mingəçevir Sənaye Parkının təməlqoyma
mərasimində iştirak edib
Sentyabrın
21-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Mingəçevir Sənaye Parkının təməlqoyma
mərasimində iştirak edib.
Azərbaycan Prezidentinin Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində sənaye zonalarının təşkil olunması ilə bağlı irəli sürdüyü təşəbbüsün mahiyyətində dayanan mühüm amillərdən biri də sənaye parklarının yaradılmasıdır. Bunu Prezident İlham Əliyevin 2015-ci ilin fevralında Mingəçevir Sənaye Parkının yaradılması və bu parkın fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncamlar da təsdiqləyir. Bununla da əsas diqqət ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsinə, sahibkarlığın dəstəklənməsinə, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkilinə və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına yönəlib.
Mingəçevir Sənaye Parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış “Sumqayıt Kimya Sənaye Parkı” MMC-yə həvalə olunub. Sənaye Parkının fəaliyyətinin təmin edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan “Mingəçevir-Toxucu” ASC ləğv edilib və onun 15 hektara yaxın torpaq sahəsi icarə hüququ ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin daimi istifadəsinə verilib.
Dövlətimizin başçısı Sənaye Parkının baş planını, burada yaradılacaq müəssisələrlə bağlı məlumatları əks etdirən stendlərə baxdı.
İqtisadiyyat naziri Şahin Mustafayev məlumat verdi ki, Mingəçevir Sənaye Parkının tikinti sahəsi 120 min kvadratmetr təşkil edəcək. İnşaat işlərinə 60 milyon manatdan artıq, avadanlıq və dəzgahların alınmasına 150 milyon dollardan çox investisiya qoyulması nəzərdə tutulub. Parkda ilkin mərhələdə 2 min, sonra 5500-dən artıq yeni iş yerinin açılması nəzərdə tutulub.
Layihə rəhbəri Mehriban Axundova bildirdi ki, Mingəçevir Sənaye Parkının nəzdində 9 müəssisə inşa ediləcək. Pambıq ipliyi istehsalı müəssisəsində ilkin mərhələdə ildə 10 min ton, növbəti mərhələdə isə 20 min ton iplik istehsalı nəzərdə tutulub. Azərbaycanda böyük tələbat olan akril ipliyi istehsalı müəssisəsində ilkin mərhələdə il ərzində 3 min ton məhsul hazırlanacaq. Bu, idxaldan asılılığı qismən aradan qaldıracaq. Yun ipliyi istehsalı müəssisəsində ildə 3 min ton məhsul istehsal ediləcək.
Diqqətə çatdırıldı ki, corab istehsalı müəssisəsinin tikintisi ilə ilkin mərhələdə Azərbaycanın corab məhsullarına tələbatının 50 faiz ödənilməsi, illik 35 milyon, növbəti mərhələdə isə 70 milyon cüt corabın istehsalı nəzərdə tutulub. Ayaqqabı istehsalı müəssisəsində illik 1,5 milyon cüt dəri ayaqqabı istehsal ediləcək.
Qabaqcıl texnologiyaların tətbiq olunacağı bu müəssisələrdən başqa Sənaye Parkında tibbi kosmetika məhsulları istehsalı müəssisəsinin yaradılması da planlaşdırılıb. Müəssisədə pambıq mahlıcının və ipliyin tullantılarının təkrar emalı nəzərdə tutulub. Tullantılardan sterilləşdirilmiş pambıq, tibbi sarğı bezləri və bandajları, qulaqtəmizləyən çöplər və makiyaj bezləri istehsal olunacaq.
Diqqətə çatdırıldı ki, toxuculuq müəssisəsində pambıq parçalar istehsal ediləcək. Azərbaycanda növbəti 5 il ərzində xam pambığın istehsalının 700 min tona çatdırılacağını nəzərə alsaq, o zaman Sənaye Parkının nəzdində fəaliyyət göstərəcək pambıq ipliyi istehsalı müəssisəsinin əhəmiyyəti aydın görünür. İllik istehsal gücü 15 milyon metr təşkil edəcək müəssisə müasir avadanlıqla təchiz olunacaq. Bununla yanaşı, hazırlanacaq xam parçanın boyanması üçün parkın nəzdində illik gücü 15 milyon metr olan boyama müəssisəsi inşa ediləcək.
Ölkədə hazır geyim məhsullarına olan tələbatı ödəmək və idxaldan asılılığı azaltmaq məqsədilə Azərbaycanın və bütövlükdə Qafqazın ən nəhəng tikiş müəssisəsi də Mingəçevir Sənaye Parkında inşa ediləcək. Müəssisədə iki minə yaxın yeni iş yeri açılacaq.
Sonra dövlətimizin başçısı Mingəçevir Sənaye Parkının təməlini qoydu.
Daha sonra Azərbaycan Prezidenti Mingəçevir şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
- Əziz dostlar, əziz mingəçevirlilər, mən sizi ürəkdən salamlayıram. Bu gün Mingəçevir şəhərinin həyatında, ümumiyyətlə, ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün Mingəçevir Sənaye Parkının təməl daşı qoyulub. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, doğrudan da çox əlamətdar tarixi bir hadisədir. Bu hadisə onu göstərir ki, Azərbaycan uğurla inkişaf edir, bütün regionlar, iqtisadiyyatımız, sənayemiz inkişaf edir. Bu, onu göstərir ki, bizim planlarımız və qəbul etdiyimiz qərarlar həyatda öz əksini tapır. Mən keçən il Mingəçevir Sənaye Parkının yaradılması ilə bağlı Fərman imzalamışam. Müəyyən vəsait ayrılıb ki, bu ərazidə təmizlik işləri aparılsın. Artıq bütün hazırlıq işləri görülüb və bu gün biz bu böyük, genişmiqyaslı layihəyə start veririk.
Bu parkın yaradılması Mingəçevir üçün çox böyük əhəmiyyət daşıyır. Deyə bilərəm ki, bu gündən Mingəçevirin yeni inkişaf dövrü başlayır. Bu Sənaye Parkında görüləcək işlər bizim ümumi iqtisadi potensialımızı gücləndirəcək. Burada 9 fabrik yaradılacaq. Bu fabriklərdə işləyənlərin sayı 5-6 minə çatacaq. Bu sənaye parkında görüləcək işlərin həcmi təqribən 150-200 milyon dollar səviyyəsindədir. Yəni, bu, çox böyük investisiya layihəsidir. Bu layihəni icra etdikcə, əminəm ki, yeni təşəbbüslər də ortaya çıxacaq. Çünki bu layihənin şəhərin inkişafına, iş yerlərinin yaradılmasına, ümumiyyətlə, kənd təsərrüfatımızın, sənaye potensialımızın inkişafına çox böyük xeyri olacaq.
Mingəçevir sənaye şəhəridir. Mingəçevir energetiklər şəhəridir. Bundan sonra isə, eyni zamanda, Mingəçevir nəinki Azərbaycanın, ümumiyyətlə, Cənubi Qafqazın yüngül sənaye mərkəzlərindən birinə, bəlkə də birincisinə çevriləcək. Mən ölkəmizin sənaye inkişafı ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm. Biz bütün planlarımızı yerinə yetiririk. Ölkəmizin hər bir yerində, hər bir rayonda sənaye zonaları yaradılmalıdır və artıq bu istiqamətdə işlər gedir. Eyni zamanda, Bakı ilə birlikdə ölkəmizin 4 əsas sənaye mərkəzi olmalıdır. Bu mərkəzlərdə işlər daha da sürətlə getməlidir. Sumqayıt Cənubi Qafqazda sənaye potensialına görə ikinci mərkəzdir. Gəncə və Mingəçevir şəhərlərində ən müasir standartlara cavab verən, ən son texnologiya ilə işləyən yeni müəssisələr yaradılır və yaradılacaq. Bu Sənaye Parkı Bakıda da, başqa yerdə də yaradıla bilərdi. Ancaq mən qərara gəldim ki, bu, mütləq Mingəçevirdə olmalıdır. Çünki Mingəçevir böyük şəhərdir. Şəhərin əhalisi artır. Mingəçevirdə kənd təsərrüfatı sahəsi demək olar ki, yoxdur. Eyni zamanda, şəhər əhalisi həm hazırlıqlıdır, peşəkardır, həm də Mingəçevirdə kifayət qədər böyük əmək qüvvəsi var. Baxmayaraq biz ölkə miqyasında işsizliyi böyük dərəcədə aşağı sala bilmişik, ümumi rəqəm təqribən 5 faiz ətrafındadır, Mingəçevirdə işsizlik problemi var. Burada yaradılacaq yeni müəssisələr bu problemi də aradan qaldıracaq. Beş-altı min iş yerinin yaradılması, özü də qısa müddət ərzində yaradılması özlüyündə gözəl göstəricidir.
Bu Sənaye Parkında fəaliyyət göstərəcək müəssisələr ixracyönümlü müəssisələrdir. Bizim qarşımızda duran əsas vəzifələrdən biri də ondan ibarətdir. Son illərdə gördüyümüz işlər bu məqsədi güdür ki, Azərbaycanın qeyri-neft potensialını artıraq və ixracyönümlü məhsullar istehsal edək. Bu müəssisələrdə istehsal olunacaq pambıq ipliyi, yun ipliyi, dəri məmulatları, akril ipliyi ixracyönümlü məhsullardır. Xüsusilə pambıq və yun ipliyi müəssisələrində istehsal olunacaq məhsullar üçün bazar axtarmağa ehtiyac yoxdur. Çünki bu məhsullar dünya birjalarında satılır. Bu Sənaye Parkının üstünlüyü ondan ibarətdir ki, ölkəmizə böyük həcmdə xarici valyuta gətirəcək. Bu Sənaye Parkının digər üstünlüyü ondan ibarətdir ki, burada fəaliyyət göstərəcək müəssisələrin əksəriyyətində yerli xammaldan istifadə olunacaq.
Yaxşı bilirsiniz ki, son müddət ərzində Azərbaycanda pambıqçılığın inkişafına böyük təkan verildi. Qısa müddət ərzində görülmüş tədbirlər nəticəsində biz əkin sahələrini təxminən 3 dəfə artıra bilmişik. Gözlənilən məhsul isə bu il keçən ilə nisbətən 3 dəfə artıq olacaq. Gələn il isə bu ilə nisbətən 8-10 dəfə artıq olacaq və pambıq ipliyi fabrikinin xammal bazası Azərbaycan pambığıdır.
Bütün bu məsələlər bir-biri ilə uzlaşmalıdır və müvafiq qurumlar bu işlərlə məşğul olurlar. Bizim pambıq istehsalımız artdıqca burada emal olunan məhsul da təbii ki, artacaq. Eyni zamanda, mən artıq Sabirabadda pambıqçılıqla bağlı müşavirədə qeyd etdim, bir daha demək istəyirəm ki, biz yaxın illərdə yeni pambıqtəmizləmə zavodlarını işə salmalıyıq. Çünki mövcud pambıqtəmizləmə zavodlarımızın istehsal gücü təqribən 300-350 min tondur. Biz isə pambıqçılığı tam bərpa edərək, əlbəttə ki, bundan qat-qat çox məhsul yetişdirəcəyik. Bu fabriklərin fəaliyyəti, eyni zamanda, yun tədarükünə də müsbət təsir göstərəcək. Əfsuslar olsun ki, bu sahə Azərbaycanda tənəzzülə uğrayıb. Halbuki bunun çox böyük potensialı var. Sovet vaxtında bu sahə bizim respublikamıza çox böyük gəlir gətirirdi. Ona görə, yun tədarükü yun ipliyi fabriki ilə uzlaşma səviyyəsində fəaliyyət göstərməlidir.
Burada ayaqqabı fabriki yaradılacaq. Azərbaycanda
dəri istehsalı artmalıdır. Biz əksər hallarda dəridən
çox səmərəsiz istifadə edirik. Demək olar ki,
ya xammal kimi xarici ölkələrə aşağı qiymətlə
satılır, ya da ki, məhv edilir, yandırılır və
beləliklə, biz böyük gəlir itiririk. Hər bir sahə
inkişaf etdikcə, onun digər sahəyə də
böyük təsiri olacaq. Sevindirici hal ondan ibarətdir ki,
Mingəçevir Sənaye Parkının xammal
bazasının əsas hissəsi Azərbaycanda yaradılacaq.
Beləliklə, bu fabriklərin fəaliyyəti kənd təsərrüfatına
da çox güclü dəstək olacaq. Bizim əsas məqsədimiz
bu gün kənd təsərrüfatının, sənayenin
inkişafına nail olmaq və bu inkişafı daha da sürətləndirməkdir.
Ona görə, bu Sənaye Parkında
görüləcək işlər həm kənd təsərrüfatı
sahəsini, həm də sənaye istehsalı sahəsini birləşdirir.
Əslində, bu park bizim siyasətimizi özündə əks
etdirir. Çünki bizim siyasətimiz qeyri-neft sektorunun
inkişafıdır. Bax bu gün biz bunu
görürük. Bizim siyasətimiz investisiyaları cəlb
etməkdir. Biz görürük ki, buraya çox böyük
həcmdə sərmayə qoyulacaq. Mənə verilən məlumata
görə, avadanlığın alınmasına 150 milyon və
inşaat işlərinə 60 milyon dollar sərmayə
qoyulacaq. Yəni, bu, onu göstərir ki, - mən bunu həmişə
demişəm, - ölkəmiz investisiyalar üçün
çox cəlbedici ölkədir. Bu, onu göstərir ki, hətta
böhranlı illərdə Azərbaycan iqtisadiyyatına
böyük həcmdə sərmayə qoyulur. Ən sevindirici hal ondan ibarətdir
ki, bu, qeyri-neft sektoruna qoyulur. Biz neft-qaz sektoruna
qoyulan sərmayələrə öyrəşmişik, bu, təbiidir.
Çünki bu, çox böyük gəlir gətirən
sahədir və xarici investorlar özləri maraq göstərirlər
və bizə müraciət edirlər. Qeyri-neft
sektoruna isə investorları biz özümüz cəlb etməliyik.
Həm dövlət orqanları, həm yerli icra
orqanları, investorlar, sahibkarlar - biz burada bir nöqtəyə
vurmalıyıq. Ona görə,
investisiyaların təşkili və böyük həcmdə
buraya gətirilməsi bizim siyasətimizin təzahürüdür.
Bu Sənaye Parkı Mingəçevirdə
yaradılır. Bizim regional inkişaf proqramımız
orada öz əksini tapır. 2004-cü ildə
birinci regional inkişaf proqramı qəbul olunmuşdur.
O gündən bu günə qədər on minlərlə yeni
müəssisə, bir milyondan çox yeni iş yeri
yaradılmışdır. Bölgələrimiz
inkişaf edir, şəhərlərimiz abadlaşır,
infrastruktur layihələri icra edilir, sahibkarlığın
inkişafı, dövlət-özəl sektor tərəfdaşlığı
burada özünü göstərir. Mən
Prezident kimi parkın yaradılması ilə bağlı Fərman
imzalamışam. İlkin vəsait
ayrılıb ki, infrastruktur işləri görülsün.
İnvestorlar isə, öz növbəsində,
bütün qalan işləri görəcək və
yaxın illərdə Mingəçevirdə ən müasir
standartlara cavab verən sənaye müəssisələri
zonası - klasteri yaradılacaq. Bu, bir daha
onu göstərir ki, Azərbaycan düzgün istiqamətdə
inkişaf edir. Baxmayaraq ki, gəlirlərimiz
azalıb, dünyada iqtisadi və maliyyə çətinlikləri
davam edir, biz öz yolumuzla gedirik. Çünki
bizim yolumuz milli maraqlar əsasında qoyulub. Biz inkişaf yolu ilə gedirik. Biz
ölkəmiz üçün bütün lazımi tədbirləri
görürük ki, ölkəmiz daha da sürətlə
inkişaf etsin, inkişaf dayanıqlı olsun. Neftdən asılılıq minimum səviyyəyə
düşsün və bizim ixrac potensialımız artsın.
Ona görə, bu gün böyük və
kiçik sənaye müəssisələri yaradılır,
kənd təsərrüfatına böyük təkan verilib.
Aparılan islahatlar, ilk növbədə, idarəetmə,
kənd təsərrüfatının, ixracın təşviqi
ilə bağlı atılan addımlar artıq öz bəhrəsini
verir. Təsadüfi
deyil ki, Mingəçevirdə bu Sənaye Parkının təməlini
biz məhz bu il qoyuruq. Çünki bu il bütün dünya üçün bəlkə
də son onilliklər ərzində iqtisadi cəhətdən ən
gərgin illərdən biridir. Biz isə öz
yolumuzla gedirik. Bütün çətinliklərə
baxmayaraq, Azərbaycan inkişafdadır, bölgələrimiz
inkişaf edir, ölkəmiz uğurla irəliyə gedir və
inkişaf dayanıqlı olmalıdır.
Bu parkın özəlliyi ondan ibarətdir ki, bundan sonra
onilliklər ərzində bu, həm insanlara, həm Mingəçevir
şəhərinə, həm ölkəmizə böyük
xeyir gətirəcək. Burada çox böyük tikiş fabriki
yaradılacaq. Təkcə tikiş fabrikində 2 min
iş yeri açılacaq. Tikiş fabriklərində
adətən qadınlar işləyir. Bu, onu deməyə
əsas verir ki, indi qadınlar üçün də yeni
iş yerləri yaradılır. Biz
çalışmalıyıq ki, ailədə hər iki
valideyn işlə təmin edilsin. Bu fabriklərin
yaradılması əlbəttə ki, Mingəçevirin
inkişafına böyük təkan verəcək.
Mingəçevirin inkişafı daim diqqət mərkəzindədir. Son illər ərzində
şəhərdə gedən quruculuq-abadlıq işləri
hamımızı sevindirir. Bu, mənim
Mingəçevirə altıncı səfərimdir. Əvvəlki illərdə bir çox işlər
görülüb. Mingəçevirin
infrastrukturu ilə bağlı önəmli layihələr
icra edilib. İndi Bakı-Mingəçevir
avtomobil yolu ən yüksək standartlara cavab verir, çox
gözəl, hamar yoldur. Mingəçevirdə
digər yol layihələri də icra edilmişdir.
Qazlaşdırmanın səviyyəsi 96 faizdir. Çox
yaxşı göstəricidir. İçməli
su, kanalizasiya layihəsi icra edilir. Çox güman ki, bu
layihə gələn il başa
çatacaq. Hələ ki, içməli su ilə
bağlı problemlər var və onlar aradan
qaldırılacaq. Elektrik enerjisinə gəldikdə,
Mingəçevir özü ölkəmizin böyük hissəsini
elektrik enerjisi ilə qidalandırır. Burada
da heç bir problem yoxdur. Sosial
infrastrukturun yaradılması istiqamətində işlər
gedir. Keçən il şəhər
xəstəxanası əsaslı təmir edilmişdir. Köçkünlər üçün
böyük şəhərcik salınmışdır və
artıq köçkünlər o evlərə yerləşiblər.
Mingəçevir Dram Teatrının binası təmir
edildi. Mingəçevir Dövlət
Universitetinin yaradılması ilə bağlı Sərəncam
imzalanmışdır. Biz Kür
avarçəkmə bazasını yenidən qurduq. Mən xatırlayıram, ilk dəfə 2000-ci illərin
əvvəllərində Milli Olimpiya Komitəsinin prezidenti
kimi bazaya baş çəkmişdim. Əlbəttə,
indiki mənzərə o vaxtkından müqayisəedilməz
dərəcədə fərqlənir. O vaxt o bazadan demək
olar ki, əsər-əlamət qalmamışdı,
köçkünlər orada yerləşmişdi. Biz onların da problemlərini həll etdik. Onlara da gözəl şərait yaratdıq və
bazanı yenidən qurduq. Gözəl otel,
məşq zalları fəaliyyət göstərir. Avarçəkmə ilə məşğul olmaq
üçün bütün imkanlar var. Siz mingəçevirlilər
yaxşı bilirsiniz ki, bu bazanın çox böyük əhəmiyyəti
var. Sovet İttifaqında və postsovet məkanında bu,
bütün mövsümlərdə istifadə edilə biləcək
yeganə avarçəkmə bazasıdır. Buraya xaricdən də idmançılar gəlirlər,
məşq edirlər. Bu da
özlüyündə şəhərin inkişafına bir
töhfədir.
Mingəçevirin gözəl turizm potensialı var.
Artıq burada bir neçə otel fəaliyyətə
başlayır. Hesab edirəm ki, həm şəhər rəhbərliyi
və ümumiyyətlə bizim turizmlə bağlı olan
qurumlar Mingəçevirə daha çox turist cəlb etməlidir.
Çünki bu gün turizmin inkişafı
prioritetlər sırasındadır. Vizalarla bağlı
dəyişikliklər bu il turizmin
inkişafına çox böyük təkan verdi. Xarici turistlər də Mingəçeviri
tanımalıdır. Çünki Mingəçevirin
gözəl təbiəti, təmiz havası var. Kür
çayının ən gözəl və təmiz hissəsi
də bax Mingəçevirdədir. Kür
çayı böyük çaydır. Suyun rəngi də,
keyfiyyəti də bir az fərqlidir. Kür çayı burada tərtəmiz, gözəl,
gözoxşayan rəngdədir. Burada
çox gözəl təbii şərait, infrastruktur var. Gəncə
və Qəbələ Beynəlxalq aeroportları da
yaxınlıqdadır. İndi Bakıdan
buraya gəlmək üçün gözəl imkanlar var. Ona
görə, gələcəkdə burada turizm potensialı
inkişaf etməlidir.
Mingəçevir energetiklər şəhəri, Cənubi
Qafqazın yüngül sənaye mərkəzi və
müasir, abad şəhər kimi, əlbəttə ki, bundan
sonra da sürətlə inkişaf edəcək. Bu gün
tarixi bir gündür, əlamətdar bir gündür.
Bu gün çox böyük layihəyə start verildi. Hazırda ölkəmizdə bir neçə sənaye
parkı var. Onlardan ikisi Sumqayıtdadır. Sumqayıt Texnologiya Parkı fəaliyyət göstərir.
Sumqayıt Kimya Sənayesi Parkı isə fəaliyyətə
başlayır. Üçüncü
böyük sənaye parkı Mingəçevirdə
yaradılacaq. Bu gözəl hadisə
münasibətilə sizi ürəkdən təbrik edirəm,
sizə yeni uğurlar arzulayıram.
X X X
Layihənin
rəhbəri Mehriban AXUNDOVA çıxış edərək
dedi:
-Möhtərəm
cənab Prezident.
Hörmətli qonaqlar.
Böyük qürur hissi ilə bildirmək istəyirik
ki, bu gün Mingəçevir şəhəri və Azərbaycan
Respublikasının yüngül sənaye sahəsi
üçün tarixi və əlamətdar bir gündür. Bu gün Mingəçevir
Toxuculuq Kombinatının ərazisində cənab Prezident
İlham Əliyevin iştirakı ilə Mingəçevir Sənaye
Parkının təməli qoyulur.
Keçmiş SSRİ dövrünün tarixçəsinə
diqqət yetirsək görərik ki, Mingəçevir
Toxuculuq Kombinatı 1960-cı ildə fəaliyyətə
başlayıb. 1980-ci illərdə ümummilli liderimiz
Heydər Əliyevin kənd təsərrüfatı və
yüngül sənaye sahəsinə göstərdiyi
xüsusi diqqəti və səyləri nəticəsində həmin
kombinat ən böyük inkişaf illərini yaşayıb.
Həmin illərdə Mingəçevir Toxuculuq Kombinatı
gündəlik 55 ton pambıq iplik, 220 min metr parça istehsal
edir, Azərbaycanın bütün trikotaj istehsalı müəssisələrini
ipliklə təmin edirdi. Kombinatda 4 min nəfərdən
çox işçi çalışırdı.
Bu gün həmin tarixi ərazidə təməli qoyulan
Mingəçevir Sənaye Parkı Azərbaycanın və
Zaqafqaziyanın ən nəhəng müəssisəsi
Parkı olacaq.
Sənaye Parkının nəzdində 9 fabrik - pambıq iplik,
akril iplik, yun iplik, corab məhsulları, ayaqqabı
istehsalı, toxuma, parça boyama, tikiş və tibbi kosmetika
fabrikləri inşa edilib istifadəyə veriləcək.
Mingəçevir Sənaye Parkı nəzdində
açılacaq Pambıq İplik Fabrikində ilkin mərhələdə
illik 10 min ton, növbəti mərhələdə isə 20
min ton pambıq iplik istehsalı nəzərdə tutulur. Hazırda Azərbaycanda
ildə 17 min ton pambıq iplik istehsal olunur. Sənaye Parkı nəzdində açılacaq yeni
iplik fabriki Azərbaycanda pambıq iplik üzrə istehsalı
115 faiz artırmaqla yanaşı, idxaldan
asılılığı tam aradan qaldıracaq və
böyük ixrac imkanları yaradacaq. İstehsal
olunan 10 min tona qədər iplik ixrac edilməklə ölkəmizə
ildə 25 milyon ABŞ dollarından çox xarici valyuta gətirəcək.
Bu fabrikdə 460 yeni iş yeri açılacaq. Fabrik
Avropa və Yaponiya ölkələrinin qabaqcıl
texnologiyaları əsasında tam
avtomatlaşdırılmış müasir avadanlıqlarla təchiz
olunacaq.
Sənaye Parkı nəzdində pambıq ipliklə
yanaşı, Azərbaycanda böyük tələbat olan
akril iplik və yun iplik fabrikləri də inşa ediləcək. Akril İplik
Fabrikinin ilkin mərhələdə istehsal gücü 3 min
ton olacaq və bu fabrik fəaliyyətə başladıqdan sonra
akril iplik üzrə idxaldan asılılıq tam aradan
qaldırılacaq. Fabrikin Avropanın
qabaqcıl texnologiyaları - Fransanın NSC Schlumberger,
Almaniyanın Zinser, İtaliyanın Savio şirkətlərinin
ən müasir avadanlığı ilə təchiz
olunması nəzərdə tutulub.
Yun İplik Fabrikinin illik istehsal gücü 3 min ton nəzərdə
tutulub. Yunun ilkin emalı Azərbaycanın Aran bölgəsində,
emal olunmuş yundan iplik istehsalı isə Mingəçevir Sənaye
Parkının Yun İpik Fabrikində həyata keçiriləcək.
Akril və yun iplik fabriklərində 800-dən çox iş yerinin açılması nəzərdə
tutulur.
Mingəçevir
Sənaye Parkı nəzdində inşa ediləcək Corab Məhsulları
Fabriki ilkin mərhələdə Azərbaycanın corab məhsulları
üzrə tələbatın 50 faizini təmin edəcək,
burada ildə 35 milyon cüt corab istehsal olunacaq. 533
toxuma dəzgahı quraşdırılacaq həmin fabrikdə
Avropanın ən qabaqcıl texnologiyaları tətbiq
olunmaqla, dünyada yeganə tikişsiz corab hörgü
avadanlığının istehsalçısı
İtaliyanın Lonatti və Technopea şirkətlərinin dəzgahları
quraşdırılacaq. İlkin mərhələdə
500 corab hörgü dəzgahı gətiriləcək,
növbəti mərhələdə isə dəzgahların
sayı ikiqat artırılaraq minə çatdırılmaqla
illik 70 milyon cüt corab istehsal olunacaq. Bu sahə üzrə
idxaldan asılılıq tam aradan qaldırılacaq, Corab Məhsulları
Fabrikində 650 yeni iş yeri açılacaq.
Park nəzdində
inşa ediləcək Ayaqqabı Fabriki illik 1,5
milyon cüt dəri ayaqqabı və xüsusi təyinatlı
işçi ayaqqabıları istehsal edərək, idxaldan
asılılığı qismən azaldacaq. Fabrikdə
ayaqqabı istehsalında ən yeni texnologiyalar tətbiq
olunmaqla, Avropanın qabaqcıl şirkətlərinin
avadanlığı quraşdırılacaq. Fabrikə 300 işçinin işə qəbul edilməsi
nəzərdə tutulub.
Mingəçevir Sənaye Parkı nəzdində
inşa ediləcək Tibbi Kosmetika Fabrikində iplik fabrikinin
pambıq mahlıcı və iplik tullantıları təkrar
emal edilərək steril pambıq, tibbi sarğı bezləri
və bandajları, qulaq təmizləmə çöpləri
və makiyaj bezləri istehsal olunacaq. Fabrikdə illik 55
milyon ədəd hazır məhsul buraxılacaq. Burada
270 yeni iş yerinin açılması
planlaşdırılır.
Azərbaycanda
növbəti 5 il ərzində xam pambıq istehsalının
700 min tona çatdırılması nəzərə
alınaraq Sənaye Parkı nəzdində fəaliyyət
göstərəcək İplik Fabrikində istehsal olunan
pambıq ipliyin hazır məhsula çevrilib dəyərinin
artırılması məqsədilə müxtəlif təyinatlı
və geniş çeşidli 100 faiz pambıq toxuma məhsulları
istehsal ediləcək. Fabrikin illik istehsal
gücü 15 milyon metr toxuma məhsulları təşkil edəcək.
Toxuma Fabrikində Avropanın aparıcı
şirkətlərinin çözgü və toxuma
avadanlığı quraşdırılacaq. Fabrikdə
450 yeni iş yerinin açılması nəzərdə
tutulub.
İstehsal olunan xam parçanın boyanması məqsədilə
Sənaye Parkının nəzdində, həmçinin
Parça Boyama Fabriki istifadəyə veriləcək. Fabrik tam fəaliyyətə
başladıqdan sonra Azərbaycanda boyalı toxuma məhsulları
üzrə ümumi istehsal həcmi 100 faiz artırmaqla
yanaşı, idxaldan asılılıq tam aradan qalxacaq və
böyük ixracat imkanları yaranacaq. İldə
10 milyon metrə qədər toxuma məhsulları MDB ölkələri
və Türkiyə Respublikasına ixrac edilməklə
ölkəyə ixracatdan və satışdan xarici valyuta cəlb
olunacaq. Parça Boyama Fabrikində 260 yeni iş yerinin
açılması gözlənilir.
Sənaye Parkı nəzdində ölkəmizdə
hazır geyim məhsullarına olan tələbatı ödəmək
və idxaldan olan asılılığı azaltmaq məqsədilə
Azərbaycanın və bütövlükdə Qafqazın ən
nəhəng Tikiş Fabriki yaradılacaq. Fabrikdə
Almaniya və Yaponiya istehsalı olan müasir tikiş
avadanlıqları quraşdırılacaq və ildə 2
milyon ədəddən çox geniş çeşidli və
müxtəlif təyinatlı geyim və tekstil məhsulları
istehsal olunacaq. Bununla da hazır tekstil məhsulları
və geyim üzrə idxaldan asılılıq ən azı
30 faiz azalacaq. Tikiş Fabrikində 2 mindən çox
yeni iş yeri açılacaq.
Beləliklə,
Mingəçevir Sənaye Parkı Azərbaycan
Respublikasının yüngül sənaye sahəsində
idxaldan asılılığın aradan
qaldırılmasında və ixrac potensialının
artırılmasında, milli tekstil brendlərin
yaradılmasında, ixtisaslı kadrların
hazırlanmasında və yeni iş yerlərinin
açılmasında əhəmiyyətli rol oynayacaq. Mingəçevir
Sənaye Parkında ilkin mərhələdə 2 min yeni
iş yeri yaradılacaq. Park tam gücü ilə fəaliyyətə
başladıqdan sonra isə iş yerlərinin sayı
ümumilikdə, 5,5 minə
çatdırılacaq. Park üzrə orta əmək
haqqı 450 manat - fəhlə heyəti üçün 350
manat, operator heyəti və ustalar üçün 450 manat,
sahə rəhbərləri üçün 800 manat, istehsalat
rəhbərləri üçün 1500 manat orta əmək
haqları nəzərdə tutulur. Professional və
ixtisaslı kadrların hazırlanması məqsədilə
park nəzdində müasir tədris-təlim mərkəzi
açılacaq və xaricdən dəvət olunacaq təcrübəli
mütəxəssislərin iştirakı ilə yeni
müasir istehsal texnologiyaları və prosesləri üzrə
yerli peşəkar gənc kadrların hazırlanması
üçün bütün şərait yaradılacaq.
Gənc kadrlarla yanaşı, vaxtilə Toxuculuq Kombinatında
çalışan ixtisaslı kadrlar üçün də
iş imkanları yaranacaq. Mingəçevir Sənaye
Parkı işçilərini pulsuz keyfiyyətli nahar yeməyi,
fərdi mühafizə vasitələri ilə təmin etməklə
yanaşı, onların həyat və
sağlamlığının müdafiəsi
üçün yüksək səviyyədə
sığorta xidmətləri də təşkil edəcək.
Mingəçevir Sənaye Parkı Azərbaycanın
yüngül sənayesinin inkişafında əvəzolunmaz
rol oynayacaq və ölkəmizi dünyaya parkın nəzdində
fəaliyyət göstərəcək fabriklərdə
quraşdırılan qabaqcıl texnologiyalar vasitəsilə
istehsal ediləcək məhsulları ilə tanıdacaq.
Cənab
Prezidentə respublikamızda yüngül sənaye sahəsinin
inkişafı üçün göstərdiyi diqqət və
qayğıya görə böyük təşəkkürümüzü
bildirir və bu əlamətdar hadisə münasibətilə
hamını təbrik edirik!
X X X
Mingəçevirlilərin
dövlətimizin başçısına minnətdarlığını
çatdıran şəhər sakini Arif MAHMUDOV dedi:
-Möhtərəm
cənab Prezident!
Sizi Mingəçevir şəhərinin sakinləri
adından salamlayıram.
Bildiyiniz kimi, qədim yaşayış məskəni
olan Mingəçevir ötən əsrin 50-ci illərində
Su Elektrik Stansiyasının tikintisi ilə əlaqədar
salınmağa başlayıb, 1948-ci ildə şəhər
statusu alıb.
Lakin Mingəçevirin böyük sənaye
şəhəri kimi formalaşması, xüsusən də
ölkənin energetika mərkəzinə çevrilməsi
bilavasitə ulu öndərimiz Heydər Əliyevin adı ilə
bağlıdır. Məhz onun Azərbaycana
rəhbərlik etdiyi dövrdə Mingəçevir sürətlə
inkişaf edərək respublikanın dördüncü sənaye
şəhəri səviyyəsinə yüksəlib. O
illərdə burada tikilən iri sənaye müəssisələrində
yüksək ixtisaslı mütəxəssislər ordusu
çalışırdı. Onların
arasında gənclər xüsusilə üstünlük təşkil
edirdi. Ölkəmizin müxtəlif
bölgələrindən insanlar axışaraq bu şəhərə
işləməyə gəlirdi. Bu müəssisələrdə
çalışanlar təkcə özlərinə iş
tapmırdı, eyni zamanda şəhər həyatına,
şəhər mühitinə uyğunlaşırdı, həmçinin
burada yeni nəsil formalaşırdı.
Mən
özüm ali təhsil aldıqdan sonra,
1984-cü ildə təyinatla bu gün Sənaye
Parkının təməli qoyulan ərazidə yerləşən
Toxuculuq Kombinatına işləməyə gəlmişəm.
31 il fasiləsiz
çalışdığım həmin müəssisədə
usta köməkçisindən direktor vəzifəsinə qədər
yüksəlmişəm. Bu müəssisisə
o dövrdə şəhərin həyatında xüsusi yer
tuturdu. Kombinatda 4 mindən çox
işçi çalışırdı. Burada istehsal olunan məhsullar keçmiş
SSRİ-nin müxtəlif şəhərlərinə göndərilirdi.
1981-ci ildə ulu öndərimiz Heydər Əliyev Mingəçevir şəhərinə səfəri zamanı Toxuculuq Kombinatında da olmuş, əmək kollektivi ilə görüşmüşdü. Ulu Öndərin səfərindən sonra kombinatın işçilərində yüksək əhval-ruhiyyə və coşqunluq yaranmışdı. Məhz həmin illərdə Mingəçevir səhəri sənaye sahəsində ən yüksək nəticələr əldə etmişdi.
Sovetlər birliyi dağılanda digər ittifaq tabeli müəssisələr kimi Toxuculuq Kombinatı da bağlandı və minlərlə insan işsiz qaldı.
Cənab Prezident, Sizin müəllifi olduğunuz regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində şəhərimizin yeni yüksəliş dövrü başladı. Siz də Mingəçeviri sənaye şəhəri kimi inkişaf etdirərək əsası Ulu Öndərimiz tərəfindən qoyulan həmin ənənəni davam etdirdiniz. Şəhərimizdə yeni-yeni müəssisələr yaradıldı, bir çox mövcud müəssisələrin fəaliyyəti bərpa olundu.
Bu gün biz çox böyük sevinc hissləri yaşayırıq, çünki Siz mingəçevirlilərin çoxdankı arzusunu reallaşdırırsınız. Böyük bir Sənaye Parkının təməlini qoydunuz. Bu Parkda 9 yeni müəssisə yaradılacaq, minlərlə yeni iş yeri açılacaq. Belə bir nəhəng kompleksin bizim şəhərdə tikilməsi ağlımıza belə gəlməzdi. Bu sevinci bizə Siz bəxş etdiniz, cənab Prezident. Burada yaradılacaq müəssisələrin fəaliyyətə başlaması şəhərimizdə işsizlik problemini tamamilə aradan qaldıracaq. Bu müəssisələr həmçinin şəhərimizin sənaye potensialının artırılmasına və onun çoxşaxəli inkişafına xidmət edəcək. Sənaye Parkında yaradılan müəssisələrdə minlərlə işçi çalışacaq ki, bu da eyni zamanda onların ailələrinin maddi rifahının yüksəlməsi deməkdir. Bütün bunlara görə, şəhərimizə göstərdiyiniz böyük diqqət və qayğıya görə mingəçevirlilər adından Sizə dərin minnətdarlığımızı bildiririk.
Cənab Prezident!
Bir neçə kəlmə də şəhərimiz haqqında danışmaq və ictimaiyyətin fikirlərini Sizə çatdırmaq istəyirəm.
Son illər Azərbaycanın bütün bölgələri kimi, Mingəçevir şəhəri də Sizin xüsusi diqqətiniz sayəsində günbəgün inkişaf edir, gözəlləşir, abadlaşır, küçə və meydanlarımız, park və xiyabanlarımız əsaslı şəkildə yenidən qurulur. İnsanların rahat yaşaması və istirahəti üçün hər cür şərait yaradılır, bir sözlə, şəhər öz əvvəlki ahənginə qovuşur. Təsadüfi deyil ki, son dövrlər şəhərdə çoxlu sayda xarici turistlərə rast gəlirik. Onlar söhbət zamanı şəhərimizin necə gözəl, yaraşıqlı olduğunu etiraf edirlər. Biz bundan qürur hissi keçirir və bilirik ki, bu şəraiti bizim üçün Siz yaradırsınız.
Cənab Prezident,
Bizə göstərdiyiniz diqqət və qayğıya görə bütün mingəçevirlilər adından Sizə bir daha dərin minnətdarlığımızı bildirir, xalqımızın və dövlətimizin gələcəyi naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Diqqətinizə görə çox sağ olun.
X X X
Sonda xatirə şəkli çəkdirildi.
AZƏRTAC
Azərbaycan.- 2016.- 22 sentyabr.- S. 3,
4, 5.