Xarici siyasətin dəyişməz
prioritetləri
Azərbaycanın davamlı inkişafı,
onun beynəlxalq nüfuzunun yüksəlməsi,
ölkədə təhlükəsizlik
və sabitlik ABŞ və Qərbin ermənipərəst və
islamofob dairələrini
narahat edir
Azərbaycanın regionda siyasi və iqtisadi baxımdan güclənməsi,
inkişafını daxili
imkanları hesabına
təmin edən yeganə ölkəyə
çevrilməsi, Avropanın
enerji təhlükəsizliyində
mühüm rol oynaması antiazərbaycançı
dairələri ciddi narahat edir. Son illər bəzi dövlətlərin və
nüfuzlu təşkilatların
beynəlxalq hüquq normalarına münasibətdə
siyasi avantürizm sərgiləmələri də
belə bir qənaətin formalaşmasına
gətirib çıxarıb
ki, Avropa məkanında əsl demokratik dəyərlərə
“ikili standart” yanaşma getdikcə artır. Bir sıra Qərb
dövlətlərinin insan
hüquqlarının müdafiəsi
bəhanəsi ilə
öz maraqlarını
gerçəkləşdirmək cəhdlərinin tez-tez şahidi oluruq.
ABŞ və Qərbin
anti-Azərbaycan dairələri
hər dəfə Azərbaycan üçün
mühüm əhəmiyyət
kəsb edən hadisələr ərəfəsində
fəallaşır, demokratiya
adı altında müxtəlif QHT şəbəkəsi
və media vasitəsilə
ölkəmizə qarşı
çirkin kampaniya təşkil edirlər.
Bu gün ABŞ və
onun Avropadakı müttəfiqləri müxtəlif
bəhanələrlə müstəqil
ölkələrin daxili
işlərinə müdaxilə
edir, sabit cəmiyyətlərdə xaos
yaradır, hakimiyyət
çevrilişləri ssenariləri
həyata keçirir.
Ölkəmizə qarşı əsassız
ittihamlar, təzyiq cəhdləri ilə zaman-zaman üzləşmişik. Azərbaycanın Cənubi Qafqazın qüdrətli dövlətinə
çevrilməsindən narahat
olan bəzi dövlətlər, xüsusən
də Ermənistanı
açıq şəkildə
müdafiə edən
antiazərbaycançı şəbəkə
ölkəmizə qarşı
qarayaxma kampaniyası aparırlar. Azərbaycan əleyhinə
ənənəvi çirkin
kampaniyaya Avropa və dünya miqyasında müəyyən
nüfuza malik təşkilatların da qoşulması təəssüf
doğurur. Erməni lobbisinin
təsiri altında olan bir sıra
qeyri-hökumət təşkilatları
ilə yanaşı, Avropa İttifaqının
da Azərbaycan əleyhinə qərəzli
kampaniyalarda iştirakı
ölkə ictimaiyyətinin
haqlı narazılığına
səbəb olur.
Müxtəlif vaxtlarda adıçəkilən
təşkilat “insan haqları”nın müdafiəçisi pərdəsi
altında gizlənərək
öz maraqlarını
gerçəkləşdirmək niyyəti güdüb və hər dəfə də iflasa uğrayıb.
“Eurovision-2012” kimi məşhur
musiqi yarışması,
I Avropa Oyunları ərəfəsində də
eyni ssenari, eyni “oyunçu”lar,
eyni dəsti-xətt və eyni “pərdəarxası
əllərin” şahidi
olduq. 2015-ci il
mayın 12-də Avropa
Parlamentində “Bakı
oyunları: İnsan haqları uğrunda mübarizə” adlı tədbir keçirildi. Tədbirdə iştirak edən
bəzi parlamentarilər
Avropa liderlərini ilk
Avropa Oyunlarının
açılış mərasiminə
getməməyə çağırışlar
etdilər. Lakin Azərbaycan
dövləti I Avropa Oyunlarına yüksək səviyyədə evsahibliyi
etməklə bu dairələrin məkrli planlarını alt-üst
etdi. Həmin ərəfədə bəzi
xarici KİV, “Amnesty İnternational”,
“Fredoom House”, “Article-19”, “Human Rights Watch”,
“Sərhədsiz Reportyorlar”,
Transparency International təşkilatının
Almaniya bölməsi və digər bu kimi təşkilatlar
vasitəsilə Azərbaycanın
guya qeyri-demokratik ölkə olduğu, söz və məlumat azadlığının
məhdudlaşdırıldığı,
jurnalistlərin və
QHT nümayəndələrinin guya peşə fəaliyyətinə görə
“həbs edildikləri”
ilə bağlı yalan, subyektiv mülahizələrdən ibarət
dezinformasiya xarakterli məlumatlar da dövriyyəyə buraxılmışdı.
Həmin
vaxt Avropa Parlamenti (AP) konkret cinayət əməllərinə
görə həbs olunmuş şəxslərin
“dərhal, qeyd-şərtsiz
azad olunması” tələbini irəli sürmüş və müvafiq sənəd qəbul etmişdi. Bu fakt həmin
sənədi qəbul
edənlərin məkrli
simasını açıq
göstərdi.
Ötən il Avropa Parlamentində Azərbaycanda insan haqları və demokratiyanın vəziyyəti
ilə bağlı qərəzli qətnamənin
qəbul olunması da bu baxımdan
diqqət cəlb edir. Qətnamədə Azərbaycana qarşı ədalətsizlik, onun beynəlxalq nüfuzuna ləkə yaxmaq niyyəti, dövlət strukturlarına, hüquq mühafizə sisteminə
hörmətsizlik, daxili
ictimai-siyasi vəziyyəti
gərginləşdirmək cəhdi açıq şəkildə özünü
büruzə verdi. 2015-ci ilin
noyabrında Azərbaycanda
keçirilən parlament
seçkilərini müşahidə
etmək üçün
Avropa Parlamentinin missiya göndərməkdən
imtina etməsi isə bu qurumun
müəyyən dairələrin
əlində oyuncağa
çevrildiyini təsdiqlədi.
Prezident İlham Əliyev sentyabrın 20-də
Avropa İttifaqı Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin
nümayəndə heyətini
qəbul edən zaman avropalı parlamentarilərə bu məsələ ilə bağlı qətiyyətli
mövqeyini bildirdi: “Avropa Parlamentinin iştirak etməməsi heç nəyi dəyişmədi, nəticələrə
və müsbət rəyə təsir etmədi”.
Bu gün Avropa ölkələrinin əksəriyyəti insan hüquq və azadlıqlarının təminatı ilə bağlı ciddi problemlər yaşayır. Onların bir çoxunda iqtisadi böhranla əlaqədar insanların sosial və mülki hüquqlarının təminatına qarşı yönələn tədbirlər həyata keçirilir. İnsanlar iş yerlərini itirir, dövlət qulluqçularının maaşları azaldılır, pensiya yaşı yüksəldilir, inflyasiya artır. Bütün bunların fonunda Azərbaycanın demokratik yolla inkişafı görünür, Avropada müəyyən dövlətləri əməlli-başlı qayğılandırır. Azərbaycanda siyasi və hüquqi azadlıqların təmini istiqamətində ardıcıl, sistemli addımlar atılır. Bir çox Şərq ölkələrindən fərqli olaraq, Azərbaycanda iqtisadi inkişaf və demokratikləşmə prosesləri bir-birini tamamlayır. İnsanların konstitusion hüquq və azadlıqlarının təminatı ilə bağlı heç bir problem yoxdur. Əlbəttə, keçid dövrünü uğurla başa vuran ölkəmizin qarşıda həll etməli olacağı problemləri də var və bunu ölkə iqtidarı açıq etiraf edir. Cəmiyyəti qayğılandıran problemlər də tədricən həllini tapır, ölkə rəhbərinin siyasi iradəsi ilə korrupsiya, rüşvətxorluq, inhisarçılıq meyillərinə qarşı mübarizə gücləndirilir.
Prezident İlham Əliyev avropalı parlamentarilər ilə görüşü zamanı Azərbaycana qarşı qərəzli mövqe tutan, onun güclü, qüdrətli dövlətə çevrilməsi ilə barışmayan müəyyən xarici qüvvələrə, o cümlədən QHT-lərə də münasibət bildirib. Dövlət başçısı deyib ki, “Freedom House” ermənipərəst mövqe tutduğuna və Azərbaycana davamlı hücumlar etdiyinə görə, ölkəmizin onunla heç bir əlaqəsi yoxdur. Uzun illər “Freedom House”un rəhbəri müxtəlif səbəblər üzündən Dövlət Departamentindən qovulmuş və Azərbaycanın ən fəal tənqidçilərindən birinə çevrilmiş Kramer olub. Ölkə rəhbəri qeyd edib ki, “Freedom House”un hesabatlarının bizim üçün heç bir əsası yoxdur və təşkilatın bu sənəddə qeyd olunması məndə təəccüb doğurur. Bu, qeyri-hökumət təşkilatıdır, yüzlərlə belə təşkilat müxtəlif hesabatlar dərc edir. Avrasiyada ən böyük geriləmənin Azərbaycanda olduğunu deməsi bu təşkilatın və Avropa Parlamentinin Azərbaycana münasibətini nümayiş etdirir.
Dövlət başçısı Avropa Parlamenti ilə münasibətlərdə böhran vəziyyətinin əmələ gəlməsinə baxmayaraq, Avropa İttifaqı ilə əlaqələrin qarşılıqlı maraq əsasında uğurla inkişaf etdiyini bildirib.
Azərbaycan-Avropa İttifaqı əlaqələrinin geniş gündəliyinin olduğunu deyən dövlət başçısı bunun təhlükəsizlik, energetika, nəqliyyat, elm, təhsil və digər sahələri əhatə etdiyini, Avropa İttifaqının artıq 9 üzv dövləti ilə strateji tərəfdaşlıq barədə bəyannamənin imzalandığını diqqətə çatdırıb. Zəngin tarixə və milli dəyərlərə sadiq olan Azərbaycanın müstəqil siyasət həyata keçirərək öz inkişaf yolunu seçdiyini deyən dövlət başçısı ölkəmizin siyasi, iqtisadi, sosial və bütün digər sahələrdə sürətli inkişafa nail olduğunu bildirdi. Respublikamızda ictimai-siyasi sabitliyin hökm sürdüyünü, söz, mətbuat, həmçinin sərbəst toplaşma və digər azadlıqların təmin edildiyini, azad internetin olduğunu, demokratik inkişaf yolunda mühüm addımların atıldığını diqqətə çatdırdı.
Avropalı parlamentarilər səfər çərçivəsində Milli Məclisdə də mühüm görüşlər keçiriblər. Görüşlərdə Avropa İttifaqı-Azərbaycan, Avropa Parlamenti-Milli Məclis münasibətləri barədə konstruktiv fikir mübadiləsi aparılıb. Tərəflər münasibətlərin bərpası üçün göstərilən səyləri yüksək dəyərləndirib, Avropa Parlamenti tərəfindən müəyyən siyasi qrupların mənafelərinə xidmət edən qərəzli sənədlərin qəbul edilməsinin münasibətlərimizə xələl gətirdiyini vurğulayıb, bunun gələcəkdə baş verməməsi üçün Avropa Parlamenti tərəfindən lazımi addımların atılmasının vacibliyini qeyd ediblər.
Avropalı deputatlar Milli Məclis nümayəndələrinin bundan sonra Avropa Parlamentinin bütün qurumlarında iştirak etmələri üçün lazımi şərait yaradacaqlarını vəd ediblər. Milli Məclisin Avronest Parlament Assambleyasında fəaliyyətini bərpa etmək üçün tərəflər avropalı parlamentarilərin göstərdiyi son cəhdləri təqdirəlayiq hesab edib, bu məqsədin reallaşması üçün təşkilatın gərəkli addımlar atmasının vacibliyini vurğulayıblar. Səfərin nəticəsi kimi Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi tərəfindən birgə bəyanat imzalanıb.
Azərbaycan Avropa üçün alternativ enerji mənbəyi olmaqla yanaşı, onun iqtisadi müstəqilliyinin və enerji təhlükəsizliyinin mühüm komponentlərindən biri kimi çıxış edir. Eyni zamanda Azərbaycan Avropaya inteqrasiya yolunu tutan və hər zaman öz öhdəliklərinə sadiq qalan bir ölkədir. Belə bir ölkəyə dar siyasi maraqlardan çıxış edərək qərəzli münasibətin göstərilməsi ən azı təəssüf hissi doğurur.
ABŞ və Qərb ölkələrində insan hüquqlarının pozulması, korrupsiya, ksenofobiya və faşizm geniş vüsət almışdır. ABŞ-da qara dərililərə qarşı olan münasibət, Avropada qaçqın böhranı bunu əyani şəkildə təsdiq edir.
ABŞ bütün dünyaya mesaj verir ki, həqiqət güclünün tərəfindədir. Vaşinqtonun imper siyasəti göstərir ki, bu gün beynəlxalq hüquq işləmir, diktat siyasəti bütün dünyaya hakim kəsilib.
Bütün bunlara baxmayaraq, antiazərbaycan qüvvələrin Azərbaycana qarşı həyata keçirdiyi məkrli siyasət heç bir nəticə verməyəcək.
Elnur HACALIYEV,
Azərbaycan.- 2016.- 23
sentyabr.- S. 1, 2.