Referendumun şəffaf keçirilməsi üçün bütün lazımi şərait yaradılıb

İlyas Umaxanov: "Səsvermə yüksək standartlara uyğun şəkildə təşkil olunub"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini, MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının rəhbəri İlyas Umaxanovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, İlyas Umaxanov Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasını və Dövlət Dumasını, eləcə də altı ölkəni təmsil edən nümayəndə heyəti ilə ölkəmizə səfər etdiyini vurğuladı. İlyas Umaxanov başçılıq etdiyi missiyanın Azərbaycanın müxtəlif regionlarında müşahidələr aparacağını dedi. O, referendumun yüksək standartlara uyğun şəkildə təşkil olunmasından məmnunluğunu ifadə etdi.

Prezident İlham Əliyev Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanovun rəhbərliyi ilə MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının ölkəmizə səfərinin önəmini vurğuladı. Dövlətimizin başçısı referendumun şəffaf keçirilməsi üçün bütün lazımi şəraitin yaradıldığını bildirdi.

Görüşdə əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan.-2016.-27 sentyabr.- S.3.