Türkiyə mətbuatı:
“Referendum Azərbaycan xalqının demokratik iradəsini tam əks
etdirdi”
Qardaş dövlətin KİV-i ölkəmizdəki
ümumxalq səsverməsinə böyük diqqət
ayırıb
Azərbaycanda keçirilən ümumxalq səsverməsi (referendum) ölkə mediası ilə yanaşı, dünya mətbuatının diqqət mərkəzində oldu. Qonşu ölkələrin elektron informasiya vasitələri və televiziya kanallarında gün ərzində referendumla bağlı xəbərlərə, reportajlara yer verildi. Qardaş Türkiyə Respublikasının kütləvi informasiya vasitələri isə ümumxalq səsverməsini geniş işıqlandırdı.
“NTV.com.tr” saytında yer alan “Azerbaycan anayasa değişikliği için sandık başında” başlıqlı məqalədə Türkdillli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq Müşahidəçilər Qrupunun, Türkiyə - Azərbaycan Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin açıqlamalarına geniş yer verilib. İşçi qrupunun rəhbəri Necdet Ünüvar bildirib ki, Azərbaycanda referendum xalqın demokratik iradəsini tam əks etdirir. Türkiyəli digər deputat Harun Karaca isə “Sandık başlarında hər partiyanın təmsilçisinin müşahidəçisini gördük. Bu, çox müsbət haldır. İnsanlar aktiv şəkildə səsverməyə qatıldılar”- deyə qeyd edib.
“Ensonhaber.com” saytında “Azerbaycan anayasa değişikliği referandumuna gidiyor” başlıqlı yazı yer alıb. Yazıda bildirilir ki, Azərbaycanda keçirilən referendumu 53 mindən çox yerli, 117 beynəlxalq müşahidəçi izləyib.
“Karar.com” saytı da ölkəmizdə keçirilən ümumxalq səsverməsinə yer ayırıb. Yazıda Prezident İlham Əliyev tərəfindən Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər haqqında geniş məlumat verilib.
“Yeni Şafak” qəzetində “Azerbaycan sandık başında” başlıqlı yazıda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun açıqlaması yer alıb. Bildirilir ki, ölkədən kənarda yaşayan azərbaycanlı vətəndaşlar üçün 38 nöqtədə seçki mərkəzləri yaradılıb.
“Parstoday.com” saytı da
referendumu diqqətdən
kənarda qoymayıb. Belə ki,
saytda dövlət başçısı tərəfindən
Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər
haqqında geniş məlumat verilib.
Referendum Aktında yer
alan müddəaların
izahı verilən yazıda bildirilir ki, layihəyə əsasən, Azərbaycanda Milli Məclisə üzvlük
yaşı 18-ə endirilib.
Məqalədə həmçinin 29 maddəyə nəzərdə
tutulan dəyişikliklər
də yer alıb.
Qonşu ölkənin “Yenidunyagundemi.com”, “Admiral.news” saytlarında da referendumla bağlı yazılara rast gəlmək mümkündür. Bu yazılarda
Türkdilli Dövlətlərin
Parlament Assambleyasının
(TürkPA) Beynəlxalq
Müşahidəçilər Qrupunun üzvü, Türkiyə Böyük
Millət Məclisinin
deputatı Haluk İpəyin fikirlərinə
yer verilib. Türkdilli ölkələrdə
keçirilən seçkilərdə
ənənəvi olaraq
iştirak etdiklərini
deyən Haluk İpək bildirib ki, Azərbaycanda izlədikləri səsvermə
prosesi nizamlı şəkildə qurulub:
“Bu referendumla Azərbaycan
irəliyə addım
atır. Ümid edirik ki, bu səsvermə Azərbaycan və onun xalqı üçün xeyirli olacaq”- deyə türkiyəli deputat bildirib.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.-2016.-27 sentyabr.- S.5.