Paytaxt sakinləri referendumda yüksək fəallıq göstərdilər

 

BİNƏQƏDİ

26 sentyabr təqvimi müstəqilliyinin 25 illiyi ərəfəsində olan Azərbaycan dövlətinin tarixinə yeni sətirlərlə yazıldı. Ölkə ictimaiyyəti ümumxalq səsverməsində konstitusion hüququndan istifadə edərək Əsas Qanuna təklif olunan dəyişiklik və əlavələrə öz münasibətini bildirdi. Məntəqələrdə apardığımız müşahidələrə, beynəlxalq təşkilatların nümayəndələrinin fikirlərinə əsaslanaraq deyə bilərik ki, yüksək seçki mədəniyyətinin formalaşdığı Azərbaycanda referendum demokratik, şəffaf və seçicilərin fəallığı şəraitində keçirildi.

Paytaxtın Binəqədi rayonunda seçki günü bayram əhvali-ruhiyyəsi vardı. Seçici sayı 48799 nəfər olan 9 saylı Binəqədi ikinci seçki dairəsinin bir neçə məntəqəsində apardığımız müşahidələr zamanı isə maraqlı anların şahidi olduq. Yaşlı nəslin nümayəndələri, ilk dəfə səs verənlər və hətta görmə qabiliyyətini itirən seçicilər də ümumxalq səsverməsində aktiv iştirak edirdilər.

DSK sədri Həsən Bayramovdan aldığımız məlumata görə, dairə üzrə 585 nəfər gənc ilk dəfə səsvermə hüququndan istifadə edib. 16-26 sentyabr tarixlərində 28 gəncin 18 yaşı tamam olub. Seçki günü isə 2 nəfər doğum gününü qeyd edib. Səsverənlərin 638 nəfəri isə 80-100 yaşlı seçicilərdir. 38 məntəqə seçki komissiyasının (MnSK) 10-u veb-kamera quraşdırılan məntəqələrdir.

Öncə 10 və 11 saylı məntəqə seçki komissiyalarında səsvermənin gedişatı ilə tanış olduq. 1395 seçicisi olan 10 saylı MnSK-nın sədri Vaqif Ələsgərov bildirdi ki, məntəqədə seçki qanunvericiliyinin tələblərinə uyğun hər cür şərait yaradılıb. Məntəqədə referendum üzrə “Yeni Azərbaycan”, “Vətəndaş Cəmiyyəti”, “Bələdiyyə” təşviqat qrupları və öz təşəbbüsü ilə ümumxalq səsverməsində müşahidəçi kimi iştirak edən şəxslər səsvermə prosesini diqqətlə izləyirdilər.

11 saylı MnSK-nın sədri Məryəm Məmmədova isə dedi ki, məntəqədə bütün zəruri texniki avadanlıqlar - veb-kameralar da quraşdırılıb. Seçicilərin maarifləndirilməsi və referenduma çıxarılan məsələlərin vətəndaşlara dolğun çatdırılması yönümündə seçki öncəsi aparılmış işlər öz bəhrəsini verir. Vətəndaşlar yaradılmış demokratik mühitdən razılıqlarını bildirir və öz mövqelərini sərbəst ifadə edirlər. Məntəqədə öz təşəbbüsü ilə müşahidəçi qismində iştirak edən Pəhlivan Vəliyev qeydiyyat və səsvermə prosesini diqqətlə izlədiyini deyərək heç bir pozuntuya rast gəlmədiyini söylədi.

5 saylı məntəqə seçki komissiyasında da seçici aktivliyi müşahidə olunurdu. 1418 nəfər seçicisi olan veb-kameralı məntəqədə vətəndaşlar çox rahat şəkildə səsvermə hüquqlarından istifadə edirdilər. Məntəqə seçki komissiyasının sədri Gülnarə Məmmədova qeyd etdi ki, müşahidəçilərə hər cür şərait yaradılıb və onlar səsvermə prosesini diqqətlə izləyirlər. Həm qeydiyyat, həm də səsvermə prosesi ilə bağlı heç bir narazılıq yoxdur. Seçici siyahısında adları göstərilən seçicilər şəxsiyyət vəsiqələrini təqdim etdikdən sonra bülletenlərini alaraq səsvermə kabinələrinə keçirdilər. Seçki məntəqəsində olan müşahidəçi Təvəkkül Nəsibov bildirdi ki, səhər tezdən müşahidəçilərin iştirakı ilə səsvermə qutuları yoxlanılıb və möhürlənib.

Konstitusion hüququndan istifadə edən seçici Firəngiz İsmaylova bizimlə söhbətində səsvermənin şəffaf keçdiyini və hər hansı xoşagəlməz halla rastlaşmadığını bildirdi: “Referendumdan öncə aparılan təşviqat kampaniyasında Konstitusiyaya təklif edilən əlavələr və dəyişikliklər barədə müfəssəl məlumat əldə etdik. Səsverməyə gələndə artıq mövqelərimizi tam aydınlaşdırmışdıq. Hesab edirəm ki, hər kəs atacağı addımı əvvəlcədən müəyyənləşdirməli və ölkəmizin daha parlaq gələcəyi üçün mövqeyini ortaya qoymalıdır”.

6 saylı məntəqədə də aktivlik müşahidə olunurdu. Səsvermədə seçicilərin yüksək fəallığı onu deməyə əsas verirdi ki, aparılan təşviqat kampaniyası vətəndaşların referenduma marağının daha da artması və seçici fəallığının təmin olunması ilə nəticələnib. Yəni bütün bunlar aparılan uğurlu təşviqat kampaniyasının məntiqi nəticəsidir.

1422 nəfər seçicisi olan məntəqənin sədri Ziyafət Əliyeva səsvermə prosesinin qanunvericiliyə uyğun həyata keçirildiyini və qanun pozuntusuna rast gəlmədiyini bildirdi. Onun sözlərinə görə, səs verən vətəndaşların Konstitusiyaya nəzərdə tutulan əlavələr və dəyişikliklər barədə lazımi qədər məlumatları var və sərbəst şəkildə mövqelərini bildirirlər. Məntəqədə “Yeni Azərbaycan”, “Vətəndaş Cəmiyyəti”, “Bələdiyyə” təşviqat qruplarının və öz təşəbbüsü ilə referendumda müşahidəçi kimi iştirak edən şəxslərin heç bir narazılığı, etirazı yoxdur.

Ziyafət Əliyeva onu da diqqətimizə çatdırdı ki, ərazidə yaşayan 90 yaşlı Solmaz Əliyevaya və gözdən əlil olan gənc Orxan Nuriyevə daşınan seçki qutusu təklif olunsa da, bu şəxslər etiraz ediblər və səsvermə günü məntəqəyə gəlib Əsas Qanuna təklif olunan əlavə və dəyişikliklərə öz münasibətlərini bildiriblər. 90 yaşlı Solmaz Əliyeva bütün seçkilərdə aktivlik nümayiş etdirərək səsvermə prosesində iştirak edir.

Məntəqədə olarkən tarixi hadisənin şahidi olduq. 26 sentyabr tarixini doğum günü kimi qeyd edən Pəri Sadıqova ilk dəfə səsvermə hüququndan yararlandı. Əsas Qanuna təklif olunan dəyişikliklərə səs verdikdən sonra onunla həmsöhbət olduq. 26 sentyabr tarixinin özü üçün ikiqat bayram olduğunu deyən Pəri Sadıqova bildirdi ki, səsvermə günündən bir neçə gün öncə DSK-ya dəvət olunub və ilk dəfə səs verməsi ilə bağlı seçici vəsiqəsi ona təqdim edilib: “Bu gün çox sevincliyəm. Həm doğum günümdür, həm də ölkəmizdə ümumxalq səsverməsi günüdür. Bu günü həyatımda ən yaddaqalan gün kimi hər zaman xatırlayacağam. Bir Azərbaycan gənci kimi müasir dövlətimizin daha da qüdrətli olması naminə səs verdim. Konstitusiyaya ediləcək dəyişiklik və əlavələrlə tanış olmuşdum. Bu dəyişikliklər həm də gənclər üçün uğurlu karyera yolu açır. Gənclər sabahın qurucularıdır. Dövlətimizin savadlı, bilikli, bacarıqlı gənclərə ehtiyacı var və hesab edirəm ki, bu dəyişikliklər dövlətin gənclərə göstərdiyi diqqətin təzahürüdür. Mən də Azərbaycan gəncliyinin işıqlı sabahı üçün “hə” dedim”.

Günün ikinci yarısı DSK sədri Həsən Bayramovla bir daha əlaqə saxladıq. H.Bayramov bildirdi ki, dairə üzrə seçkilərə kölgə sala biləcək hər hansı qanun pozuntusu ilə bağlı müraciət daxil olmayıb. 9 məntəqədə “Rəy” Monitorinq Mərkəzi, “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi, Fransa Respublikasının “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə “exit-poll” keçirilib.

Referendumu müşahidə etmək üçün akkreditə olunan beynəlxalq müşahidəçilər də məntəqələrdə səsvermə prosesini izləyiblər. AŞPA müşahidə missiyasının üzvləri Yanaki Stoilov, Dominik Tarczynski, Qırğızıstan Mərkəzi, Seçki Komissiyasının müşahidəçisi Kairat Osmonaliyev və Maltanın ASMA təşkilatının üzvləri Agius Decelis Anthony, Debono Grech Joseph məntəqələrdə monitorinqlər apararaq MnSK-ların tərkibi ilə maraqlanıb, səsvermə kabinələri, seçici siyahıları ilə tanış olublar.

 

NƏRİMANOV

19 saylı Nərimanov 1 və 15 saylı seçki məntəqələrində də xoş ovqatın şahidi olduq. Məntəqə Hacı Məmmədov küçəsi 7 ünvanında yerləşir. Zövqlə geyinmiş gənclər, döşü orden və medallı veteranlar, orta yaşlı insanlar - kimi ailəli, kimi də tək məntəqəyə daxil olur, səsvermə siyahısında adlarını müəyyən edirlər. Sonra şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etdikdən sonra komissiya üzvü onların sol əlinin baş barmağının əvvəl mürəkkəblə işarələnib-işarələnmədiyini ultrabənövşəyi lampa vasitəsilə yoxlayırdı. Bundan sonra vətəndaş məntəqə səsvermə komissiyası üzvlərinin əyləşdiyi və üzərində səsverənlərin siyahısı olan masaya yaxınlaşırdı. Bülleteni aldıqdan sonra siyahıda “Seçicinin seçki bülleteni alması haqqında imza” sütununda adının qarşısında imza etdikdən sonra pərdə arxasına keçib referenduma münasibət bildirirdi.

M.Məmmədzadə küçəsi 10, bina 2 ünvanında yaşayan seçici Nurəddin Həsənovla məntəqənin girişində rastlaşdıq. O, səsverməyə qızı - Azərbaycan Dövlət Xarici Dillər Universitetinin məzunu Aysel, oğlu - Bakı Dövlət Universitetinin tələbəsi Həsən və həyat yoldaşı Əfşanla gəlmişdi. Söhbət zaman N.Həsənov dedi:

- Bu gün mənim və ailə üzvlərimin yaddaşında həmişə yaşayacaq tarixi bir gündür. Ölkəmiz gündən-günə inkişaf edir, iqtisadi cəhətdən güclənir. Bundan fərəh hissi keçiririk. Ailəlikcə biz də bu fikirdəyik ki, Konstitusiyamıza ediləcək əlavə və dəyişikliklərdə başlıca məqsəd dövlət idarəetmə sistemini daha da təkmilləşdirmək, mərkəzi icra hakimiyyətinin səmərəli fəaliyyətini təmin etmək, iqtisadi sahədə islahatlar kursuna uyğun effektiv idarəetmə mexanizmi formalaşdırmaqdır. Dəyişikliklərin böyük qismi insan hüquq və azadlıqlarının genişləndirilməsinə yönəldilib. Bütün bunlar bizi sevindirir.

M.Məmmədzadə küçəsi 15 a, mənzil 29-da yaşayan 18 yaşlı Bəsti Orucova isə ürək sözlərini belə ifadə etdi: “Bu referendum mənim üçün xüsusilə əlamətdardır. İlk dəfə olaraq səs verir və bundan qürur duyuram. Mənimlə bərabər bir neçə həmyaşıdım da bu səsvermədə həvəslə iştirak edirlər”.

Biz məntəqədə olarkən müşahidə qrupunun müxtəlif partiyalardan olan nümayəndələri, o cümlədən Vətəndaş Həmrəyliyi Partiyasının üzvü Bəxtiyar Qasımov bildirdi ki, səsvermə prosesində heç bir qanun pozuntusuna yol verilməyib. Tərcüməçi vasitəsilə tanış olduğumuz Belçikadan olan beynəlxalq müşahidəçi Racimaa Villiam Fredericin fikirləri də bizə maraqlı göründü:

- Bundan əvvəl Şəhriyar adına 193 saylı tam orta məktəbdə yerləşən 16 saylı səsvermə məntəqəsində olmuşam. Orada və bu məntəqədə səsverməyə gələnlər üçün olduqca əlverişli şərait yaradılıb. Gənclərin, ziyalı insanların, necə deyərlər, sənətindən, peşəsindən və siyasi əqidəsindən asılı olmayaraq, insanların böyük həvəslə referendumda iştirakı onların dövlətə və dövlətçiliyə inamlarının, ehtiramlarının göstəricisidir. Səsvermə qanunauyğun və rahat şəraitdə keçir. Onu da deyim ki, qanun pozuntusu ilə rastlaşmamışam.

“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendumda - ümumxalq səsverməsində rayonun 110 min 469 nəfər əhalisi iştirak etmişdir. Onların yaşadıqları əraziyə yaxın məntəqələrdə səsvermə şəffaf və sakinlərin fəallığı ilə başa çatmışdır.

 

XƏZƏR

Azərbaycan Konstitusiyasına dəyişikliklərlə əlaqədar referendum kampaniyası dünən özünün ən mühüm fazasına daxil oldu. Ölkə üzrə 125 seçki dairəsinin 5547 seçki məntəqəsində keçirilən səsvermədə ölkə vətəndaşları “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Referendum Aktı” layihəsində nəzərdə tutulan dəyişikliklərə səs verdilər.

Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi ölkənin hər yerində olduğu kimi, Xəzər rayonunun əsas hissəsini əhatə edən 14 saylı seçki dairəsində də yüksək səviyyədə baş tutdu. Gün ərzində bu seçki dairəsində səsvermənin gedişi seçicilərin fəallığı ilə müşayiət olundu.

Xatırladaq ki, 14 saylı seçki dairəsində bütün hazırlıqlar kifayət qədər demokratikliyi, referendumun keçirilməsi üçün lazımi şəraitin yaradılması ilə səciyyələnirdi. DSK-nın sədri İmran Qəmbərov bildirdi ki, seçki dairəsində bu siyasi kampaniyanın bütün mərhələləri ilk gündən başlayaraq qanunvericiliyə və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi Təqvim Planına uyğun həyata keçirilib. Təşəbbüs qruplarının təbliğat və təşviqatla məşğul olması üçün hər cür şərait yaradılmışdı.

Bu seçki dairəsi 36 seçki məntəqəsini əhatə edir. Daha 5 seçki məntəqəsi isə seçkiyə 5 gün qalmış fəaliyyətə başlamışdı. Bütün səsvermə məntəqələri hələ bir neçə il əvvəl təmir olunaraq hazır vəziyyətə gətirilmişdi. Mərkəzi Seçki Komissiyası tərəfindən bütün seçki məntəqələri referenduma aid olan zəruri əşyalarla - seçki kabinələri, qutular, seyf, ultrabənövşəyi lampalar, stol, stul, kreslo, dövlət rəmzləri olan bayraq və gerblə təchiz olunub. Referendumla əlaqədar bütün seçki məntəqələrinə bir daha baxış keçirilib. Səsvermə günü fasiləsiz telefonlaşdırma və elektrik enerjisi ilə təmin olunmaları üçün müvafiq tədbirlər görülüb.

DSK sədrindən öyrəndik ki, dairə üzrə seçici siyahılarının dəqiqləşdirilməsi işi də vaxtında yekunlaşıb. Son hesablamaya görə, seçki dairəsi üzrə 49 min 374 nəfər secici qeydiyyatdadır. Onlardan 514 nəfəri ilk dəfə səs verəcək vətəndaşlar idi.

Azərbaycanda seçkilərin müşahidə edilməsi qanunvericiliklə ən yüksək səviyyədə təmin olunur. Bütün bu deyilənləri 14 saylı seçki dairəsinin timsalında aydın müşahidə etdik. Belə ki, dairə üzrə 568 nəfər müşahidəçi qeydə alınıb. Onların referendumu müşahidə etmələri üçün seçki məntəqələrində hər bir şərait yaradılmışdı.

Şəffaflığın yüksək səviyyədə təmin olunması üçün informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə olunmuş nailiyyətlərdən geniş istifadə olunur ki, bu da səsverməni izləməyə, geniş və hərtərəfli müşahidə aparmağa, beləliklə, aşkarlığın daha dolğun təminatına şərait yaradır. Ölkəmizdə keçirilən seçkilərdə 2008-ci ildən başlayaraq tətbiq olunan və internet vasitəsilə səsvermə prosesini canlı izləməyə imkan verən veb-kameralardan istifadə təcrübəsi referendumda da davam etdirildi. 14 saylı seçki dairəsinin 1, 3, 7, 13, 16, 20, 22, 26, 27 və 35 saylı seçki məntəqələrində də veb-kameralar quraşdırılmışdı və referendum günü səsvermənin gedişini internetdən canlı izləmək mümkün idi. Seçki məntəqələrində “exit-poll”un keçirilməsi də təmin olunmuşdu.

Gün ərzində bu seçki dairəsinin əhatə etdiyi Şüvəlan, Zirə, Türkan və Binə qəsəbələrində yerləşən seçki məntəqələrinin fəaliyyətində heç bir problem yaşanmayıb. Seçki məntəqələri saat 8-də səsverməyə açıq elan olunub, 19:00-da isə bağlanıb. Referendum üzrə səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə məlumatlar gün ərzində 5 dəfə MSK Katibliyinin “Seçkilər” İnformasiya Mərkəzinə ötürülüb. Müşahidəçilərlə söhbətimiz zamanı məlum oldu ki, heç bir qanun pozuntusuna rast gəlinməyib. Referendum tam demokratik, şəffaf və qanunvericiliyə uyğun keçirilib.

Seçkilər və referendum hər bir demokratik ölkənin siyasi həyatında mühüm hadisələrdən sayılır. Bu siyasi kampaniyanın demokratik, azad və ədalətli keçirilməsi isə bütün məziyyətləri ilə yanaşı, mütərəqqi inkişafın əsasını təşkil edir. Bu mənada 14 saylı seçki dairəsinin seçki məntəqələrində səsvermənin gedişi ilə tanışlığımız referendumun demokratik, ədalətli və şəffaf keçirildiyini təsdiq etdi. Ən əsası isə, seçki dairəsi referendumu, seçkilərdə olduğu kimi, seçici fəallığı şəraitində başa vurdu.

 

YASAMAL

15 saylı Yasamal birinci seçki dairəsinin 9, 14 və 15 saylı seçki məntəqlərində apardığımız müşahidələr zamanı prosesdə iştirak edənlərin fəallğının yüksək olması bir daha göstərdi ki, Azərbaycanda vətəndaşların siyasi şüuru və seçki mədəniyyəti kifayət qədər artıb.

9 saylı məntəqə seçki komissiyasının sədri Nüşabə Novruzovadan aldığımız məlumata görə, məntəqə üzrə 1488 seçici var. Fəallıq çox yüksəkdir və vətəndaşlar səsvermə hüquqlarından sərbəst şəkildə istifadə edirlər. Məntəqə üzrə 16 nəfər yerli müşahidəçi prosesin gedişini izləyirdi. Məntəqədə ailəlikcə səs verən İlkin Quliyev və Aynur Quliyevadan münasibət öyrəndik. Bildirdilər ki, ötən seçkilərdə olduğu kimi, bu dəfə də vətəndaşların sərbəst şəkildə səs vermələri üçün tam demokratik şərait yaradılıb. Konstitusiyaya edilən əlavə və dəyişikliklərin ölkəmizin demokratik inkişafına, hüquqi islahatların daha da təkmilləşdirilməsinə xidmət edəcəyini bildirdilər.

İxtisasca həkim olan İlham Hüseynov da bu referendumun ölkəmizin gələcək inkişafı baxımından çox böyük əhəmiyyət kəsb etdiyini bildirdi. Əsas Qanunda nəzərdə tutulan əlavə və dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının daha yüksək səviyyədə təmini məqsədinə xidmət edəcək, demokratikləşmə prosesinə yeni nəfəs verəcək.

14 saylı seçki məntəqəsindən aldığımız məlumata görə, seçici siyahısı üzrə 1122 nəfər səsvermədə iştirak edəcək. Bu məntəqədə də sesverənlərin fəallığı aydın müşahidə edilirdi. Məntəqədə səsvermə prosesini izləyən müşahidəçilərin mövqeyini öyrəndik.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasını (BAXCP) təmsil edən Kamilə Dilbazi bildirdi ki, seçki məntəqəsində səsvermənin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün lazımi şərait yaradılıb. Vətəndaşlar Əsas Qanunda nəzərdə tutulan əlavə və dəyişikliklərə sərbəst şəkildə münasibət bildirirlər. Müşahidə apardığımız müddətdə heç bir qanun pozuntusuna rast gəlməmişik.

Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) nümayəndəsi Səadət Quliyeva bildirdi ki, səhər saatlarından vətəndaşların fəallığını müşahidə edib. Səsverməyə gələnlər Konstitusiyaya edilən əlavə və dəyişikliklərlə bağlı tam məlumatlıdırlar. Seçkilər Seçki Məcəlləsinin tələbləri səviyyəsində, demokratik şəraitdə keçirilir.

Səsvermədə iştirak edən İntiqam Məmmədov və Dərya Məmmədovanın bacı-qardaş olduqlarını və ilk dəfə referenduma qatıldıqların öyrəndik. Gənclər çox sevincli görünürdülər. İntiqam bildirdi ki, Konstitusiyanın 56-cı maddəsinə əsasən 18 yaşına çatmış hər bir Azərbaycan vətəndaşı (fəaliyyət qabiliyyətsizliyi təsdiq edilmiş şəxslərdən başqa) deputat seçilə bilər. Bu yenilik aktiv və passiv seçki hüquqları üçün nəzərdə tutulan yaş senzinin bərabərləşdirilməsinə, beləliklə, hüquqi ədalətsizliyin aradan qaldırılmasına xidmət edir. Əlbəttə, deputat seçilməsi üçün şəxsin 25 yaşında olması deyil, onun kifayət qədər savada, intellektə, dünyagörüşünə malik olması əsas götürülməlidir. Dərya isə bildirdi ki, yeni müddəalarda seçkili orqanlarda və idarəetmədə təmsil olunmaq üçün yaş məhdudiyyəti aradan qaldırılır. Bu zərurət həm də uzun illərin dövlət qayğısı nəticəsində ölkəmizdə yeni intellektual gənc nəslin yetişməsi, onların potensialından milli və dövlət maraqları üçün istifadə olunması məqsədəuyğunluğu ilə şərtlənir.

15 saylı Yasamal birinci seçki dairəsinin 15 saylı seçki məntəqəsində seçici siyahısı üzrə 1401 nəfər var idi. Bu seçki məntəqəsində 12 nəfər yerli müşahidəçi prosesi izləyirdi. Yerli müşahidəçilərdən BAXCP-ni təmsil edən Məlahət Rəvanova qeyd etdi ki, səsverməyə gələnlər Əsas Qanunda əlavə və dəyişkiliklərin mahiyyətini dərk edirlər. Bu dəyişikliklərə müsbət münasibətin şahidi olduq. Referendum ölkə qanunvericiliyinin tələblərinə uyğun keçirilir və qanun pozuntusuna rast gəlmədik.

Seçki məntəqəsində öz təşəbbüsü ilə müşahidə aparan Zemfira Ağayeva Azərbaycanda demokratik seçki ənənələrinin formalaşdığını bildirdi. Ümumxalq səsverməsi - referendumun da ədalətli, obyektiv keçirilməsi bu baxımdan əlamətdardır. Hesab edirəm ki, insanlarda seçki mədəniyyəti formalaşıb və bu gün səsvermədə yüksək fəallğın olması buna əyani misaldır.

 

NƏSİMİ

 

Paytaxtın digər rayonlarında olduğu kimi, Nəsimi rayonunda da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi məqsədilə keçirilən ümumxalq səsverməsində vətəndaşlar fəal iştirak etdilər. Səsvermə başlanan ilk saatlardan seçicilərin fəallığı diqqət çəkdi. Seçki məntəqələrində isə səsvermənin şəffaf və demokratik keçirilməsi üçün hər bir şərait yaradılmışdı.

Ümumilikdə Nəsimi rayonunda 3 dairə fəaliyyət göstərirdi. Onlar 21 saylı Nəsimi birinci, 22 saylı Nəsimi ikinci və bir müştərək - 23 saylı Nəsimi-Səbail seçki dairələridir. Bu dairələrin tərkibində 88 seçki məntəqəsi var və həmin məntəqələr üzrə 106 236 seçici qeydə alınmışdı.

İlk baş çəkdiyimiz seçki məntəqəsi 21 saylı Nəsimi birinci seçki dairəsinin 6 saylı seçki məntəqəsi oldu. Məntəqə 54 saylı orta məktəbin binasında yerləşirdi. Əraziyə yaxınlaşan kimi məktəbin girişi, ətrafı və səsvermə üçün ayrılan yerlərin səliqə-sahmanı, eyni zamanda təhlükəsizliyin yüksək təşkili nəzərə çarpırdı. Seçicilər bir-bir, iki-iki gəlib rahat şəkildə ölkənin Əsas Qanununa təklif olunan dəyişiklik və əlavələrə münasibətlərini bildirirdilər.

Seçki məntəqəsinin sədri Sahibə Abbasova səsvermənin normal keçdiyini və şəffaflığın qorunmasına ciddi nəzarət olunduğunu bildirdi: “Məntəqədə vətəndaşların səsvermə hüququndan istifadə etməsi və sərbəst səs vermələri üçün hər bir şərait yaradılıb. Sözsüz, belə bir imkan seçicilərin referendum prosesinə yüksək həvəslə qatılmasına ciddi təsir edir”.

Məntəqədə müşahidəçi qismində iştirak edən Zərifə Quliyeva qeyd etdi ki, səsvermə normal keçir: “Heç bir qayda pozuntusu müşahidə edilməyib. Hər kəs sərbəst və maneəsiz səs verir”. Müxtəlif siyasi partiyaları və qeyri-hökumət təşkilatlarını təmsil edən müşahidəçilər də səsvermənin gedişində hansısa qanun pozuntusu ilə rastlaşmadıqlarını bildirdilər.

Həmin DSK-nın baş çəkdiyimiz digər, həmçinin 22 saylı Nəsimi ikinci seçki dairəsi və 23 saylı Nəsimi-Səbail seçki dairəsinin bir sıra məntəqələrində də eyni vəziyyəti müşahidə etdik. Məntəqələrin hər birində seçicilər sərbəst şəkildə öz hüquqlarından istifadə edirdilər.

Səsvermədə gənclər daha çox gözə dəyirdilər. Onlar təəssüratlarını, Əsas Qanunda olan yeniliklərin gələcək həyatlarında və ölkəmizin taleyində necə müsbət rol oynayacağını bizimlə bölüşdülər. Seçici Sadiq Musayev bildirdi ki, müstəqil Azərbaycanda indiyə qədər referendum yolu ilə Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər dövrün tələblərindən irəli gələn bir sıra yeniliklərə konstitusion təminat yaratmış, insanların hüquq və vəzifələrini daha səmərəli, dolğun realizə etməsinə əlavə imkanlar açmışdır: “Sonrakı illərdə bu islahatların ümumxalq maraqları baxımından nə dərəcədə vacib və aktual olduğu, sosial tələbatdan irəli gəldiyi bir daha təsdiqini tapmışdır”. Seçici əlavə etdi ki, Prezidentin imzaladığı Referendum Aktı və bu gün hər bir Azərbaycan vətəndaşının Konstitusiyada olunan əlavə və dəyişikliklərdə birbaşa iştirak etməsi ilk növbədə dövlətin idarə edilməsində xalqın iştirak imkanlarının genişlənməsinə xidmət edir.

 

SƏBAİL

 

Respublikanın bütün vətəndaşları kimi, paytaxtın Səbail rayonunun sakinləri də dünən keçirilmiş ümumxalq səsverməsində (referendum) fəal iştirak etdilər. Səhər saat 8:00-da bütün məntəqələr açıldı. Hər bir demokratik ölkənin siyasi həyatında mühüm hadisələrdən sayılan referendumda iştirak etmək üçün sakinlər seçki məntəqələrinə üz tutdular. Məlumat üçün qeyd edək ki, Səbail rayonu ərazisində 23 saylı Nəsimi-Səbail və 29 saylı Səbail seçki dairələri fəaliyyət göstərir. Bu seçki dairələri müvafiq olaraq 31 və 30 seçki məntəqəsini əhatə edir.

Məntəqələrdə hər iki dairə üzrə ümumilikdə 73 min 657 nəfər səs hüququna malik seçicinin səs verməsi üçün hər cür şərait yaradılmışdı. Baş çəkdiyimiz məntəqələrdə bunun əyanı şahidi olduq. Müşahidə apardığımız 29 saylı seçki dairəsinin 4, 5 və 13 saylı, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 28 saylı seçki məntəqələrində proses öz ahəngində gedirdi.

Əvvəlcə 134 saylı orta məktəbdə yerləşən 4 saylı seçki məntəqəsində səsvermənin gedişini izlədik. Burada hər şey göz oxşayır, həyətdə, dəhlizlərdə səliqə-sahman dərhal nəzərə çarpırdı. Vətəndaşların səsvermə hüququndan istifadə etməsi üçün hər cür şərait yaradılmışdı. Məntəqə seçki komissiyasının sədri Lalə Əliyevadan aldığımız məlumata əsasən, məntəqə üzrə 1011 seçici səsvermədə iştirak etməlidir. Məntəqədə olduğumuz müddətdə bir neçə xarici müşahidəçi ilə də söhbət etdik. Onlar da 4 saylı məntəqədəki şəraitdən və şəffaflıqdan razılıq etdilər, rayonun ərazisində olan məntəqələrdə qanun pozuntusu ilə rastlaşmadıqlarını bildirdilər.

Seçici Fəxrəddin Qəhrəmanov qeyd etdi ki, ölkəmizdə keçirilən hər səsvermə müstəqil dövlətimizin seçki təcrübəsində mühüm irəliləyişlərlə səciyyəvidir: “Referendum Azərbaycanda demokratik inkişaf istiqamətində atılmış növbəti mühüm addımdır. Ümumxalq səsverməsində hər bir vətəndaşın fəal iştirakı, bu dəyişikliklərə səs verməsi çox vacibdir. Çünki bu dəyişikliklərə münasibət bildirməklə biz müstəqilliyimizə və dövlətçiliyimizə, onların daha da möhkəmlənməsinə səs vermiş oluruq”.

Daha sonra 29 saylı seçki dairəsinin 5 saylı seçki məntəqəsinə yollandıq. 2 saylı şəhər poliklinikasında yerləşən məntəqədə səsvermə sakit və mütəşəkkil qaydada gedirdi. Seçkiyə ailəliklə gələn də kifayət qədər idi. Məntəqə seçki komissiyasının sədri Solmaz Həsənova bildirdi ki, məntəqə üzrə 1018 nəfər seçici qeydiyyatdadır. Hər kəs azad və müstəqil şəkildə öz səsvermə hüququndan istifadə edir: “Hamı sərbəst şəkildə səsvermədə iştirak edir. Dünyanın bir çox ölkələrində seçkilərə yüksək şərait yaradılmır, hər hansı bir hadisəyə görə qabaqlayıcı tədbir görülmür. Burada isə hər iş yüksək səviyyədədir”.

29 saylı seçki dairəsinin 13 saylı seçki məntəqəsində isə seçicilərin siyasi proseslərdən məlumatlı olduğunun, təbliğat və təşviqat işlərinin yüksək səviyyədə aparıldığının şahidi olduq. Bibiheybətdə yerləşən seçki məntəqəsində söhbət etdiyimiz müşahidəçilər seçkilərin şəffaf, demokratik, seçki qanunvericiliyinə uyğun keçirildiyini təsdiq etdilər. Məntəqə seçki komissiyasının sədri Elşən Budaqov bizimlə söhbət zamanı bildirdi ki, 1184 nəfər səsvermədə iştirak edir: “Səsvermə qanunauyğun keçirilir. Heç bir qayda pozuntusu müşahidə edilməyib. Hər kəs sərbəst və maneəsiz şəkildə öz səsvermə hüququnu yerinə yetirir”.

Seçki məntəqəsində gənclər də təəssüratlarını, səsvermə haqda fikirlərini bizimlə bölüşdülər. Ən çox diqqətimizi çəkən isə ilk dəfə səs verən 6 nəfər idi. Onlardan ikisi - İlkin Məmmədov və Aygün Məmmədli səsvermənin gedişatından məmnun olduqlarını bildirdilər.

23 saylı Nəsimi-Səbail seçki dairəsinin 28 saylı seçki məntəqəsində də səsvermə normal gedirdi. Seçicilər öz seçimlərini etmək üçün İqtisad Universitetində yerləşən məntəqəyə gəlirdilər.

Məntəqə seçki komissiyasının sədri Nigar Əkbərova qeyd etdi ki, bütün seçki məntəqələri qanunvericiliklə nəzərdə tutulmuş vaxtda açıq elan olunub: “Saat 11:00-a olan məlumata əsasən, 1285 nəfər seçicidən 320-si artıq səsvermədə iştirak edib. Seçicilərdən hər hansı bir şikayət daxil olmayıb. İndi hər kəs öz mövqeyini bildirməyə can atır. Şəffaf və ədalətli seçkilər ölkəmizi işıqlı sabaha aparır. Seçicilərimiz çox fəaldır”.

Məntəqədə söhbət etdiyimiz seçicilər səs vermək üçün yaradılmış şəraitdən razılıq etdilər. Seçici Samirə Novruzova dedi ki, məntəqədə yaradılan demokratik mühit və şəffaflıq onda xoş ovqat yaratdı: “Səs verdik ki, qoy Azərbaycanda abadlıq, quruculuq və iqtisadi tərəqqi bundan sonra daha da sürətlə davam etsin”.

Məntəqənin çıxış qapısında isə “exit-poll” keçirilirdi.

 

SURAXANI

 

Səsvermə prosesini yaxından izləmək üçün səhər saatlarında Bakının Suraxanı rayonuna yollandıq. Baş çəkdiyimiz bütün seçki məntəqələrində seçicilərin böyük axını müşahidə olunurdu. Seçki qanunvericiliyinin, müvafiq təlimatların və Mərkəzi Seçki Komissiyasının tədbirlər planının pozulması halları ilə qarşılaşmadıq.

Müşahidəyə ilk olaraq 32 saylı Suraxanı üçüncü seçki dairəsinin 8 saylı seçki məntəqəsindən başladıq. Rayonun Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 43 ünvanında, 48 saylı Tərbiyə İşi Mərkəzində yerləşən məntəqə seçki komissiyasının sədri Natiq Əhmədov bildirdi ki, seçici siyahılarının dəqiqləşdirilməsi vaxtında başa çatdırılıb. Məntəqə lazımi avadanlıqlarla təchiz olunub.

Məntəqədə olarkən Suraxanı sakinlərinin referendum səsverməsində də aktiv olduqlarını gördük. Onlar yüksək əhvali-ruhiyyə ilə məntəqəyə gəlib, müvafiq prosedurdan keçdikdən sonra səsvermə guşəsinə yaxınlaşırdılar. Bəziləri ilə söhbət zamanı məlum oldu ki, onlar referendumun mahiyyətini dərk edir və Konstitusiyamıza edilən dəyişiklikləri müsbət qiymətləndirirlər. Qeydiyyatda olduqları seçki dairələri tərəfindən müxtəlif məlumatlar əvvəlcədən bukletlər şəklində sakinlərə paylanılıb. Ona görə də məntəqəyə üz tutan seçici heç bir çətinlik çəkmədən və ona hər hansı bir müdaxilə olmadan dəyişikliklərə münasibətini bildirirdi. Latın əlifbasını bilməyən bəzi yaşlı seçicilərə isə lazımi kömək göstərilirdi.

Müxtəlif partiyaları təmsil edən müşahidəçilər də səsvermənin şəffaf və obyektiv şəkildə keçirildiyini bildirdilər. Müstəqil müşahidəçi Ruslan Əliyev gün ərzində heç bir qayda pozuntusunun qeydə alınmadığını dedi: “Vətəndaşlar aktiv şəkildə məntəqələrə gəlir, baş barmaqlarına şəffaf maddə vurulur və sənədləri yoxlanıldıqdan sonra öz səslərini verirlər. İstər məntəqə əməkdaşları, istərsə də seçicilər tərəfindən hər hansı bir qeyri-etik davranış qeydə alınmayıb. Hər iş qayda-qanuna uyğun şəkildə davam edir”.

Yeni Azərbaycan Partiyasını təmsil edən digər müşahidəçilər Aynur Əsgərova və Ruhiyyə İbadova da seçkilərin şəffaf şəkildə aparıldığını dedilər. Bildirildi ki, səsvermənin yüksək səviyyədə keçirilməsi üçün məntəqədə hər cür şərait yaradılıb.

Sonra 32 saylı üçüncü seçki dairəsinin 26 saylı seçki məntəqəsində olduq. Məntəqə Yeni Suraxanı qəsəbəsindəki 85 saylı orta məktəbdə yerləşir. Burada da seçici aktivliyini gördük. Məntəqədə seçki prosesi ilə bağlı qaydalar, eləcə də seçici siyahıları lövhələrdə əks olunmuşdu. Məntəqə seçki komissiyasının sədri Maqsud Əhmədovun sözlərinə görə, səsvermənin gedişatı göstərir ki, günün sonuna kimi seçicilərin böyük əksəriyyəti səsvermədə iştirak edəcək: “Seçicilərin hər biri referendum barədə əvvəlcədən məlumatlandırılıb. Ona görə də səsvermə zamanı onlar heç bir çətinlik çəkmirlər. Hər kəs istədiyi vaxt məntəqəyə gəlib səs verə bilir. Məntəqə bütün lazımi avadanlıqlarla, eyni zamanda fasiləsiz elektrik enerjisi və rabitə ilə təchiz edilib”.

Səsvermədə iştirak edən Suraxanı rayon sakini Şəhla Məmmədova referendumla bağlı təəssüratlarını bizimlə bölüşdü: “Mən həmişə dövlətimə bağlı adam olmuşam. Bu gün ölkə miqyasında keçirilən ümumxalq səsverməsi də səbəbsiz deyil. Güman edirəm ki, baş verəcək bütün dəyişikliklər ölkəmizin inkişafına, gələcəyinin sağlam təminatına yönəlib. Ona görə də, hamı kimi, mən də gələcək inkişafa, güclü dövlətə səs verəcəyəm. İstərdim ki, indiki gənclərimiz də yaşadıqları, sərvətlərindən bəhrələndikləri ölkəyə bağlı olsunlar, bu cür gərəkli təbirlərdə aktiv iştirak etsinlər. Çünki gələcək onların əlindədir”.

Suraxanı rayonunda yerləşən digər seçki dairələrinin məntəqələrində də seçicilər üçün hər bir şərait yaradılmışdı. Belə ki, bütün seçki məntəqələri telefonlaşdırılıb, səsvermə günü fasiləsiz elektrik enerjisi ilə təmin olunmaları üçün müvafiq tədbirlər görülüb. Suraxanı rayonunda 30 saylı birinci, 31 saylı ikinci və 32 saylı üçüncü seçki dairələri üzrə 89 seçki məntəqəsi fəaliyyət göstərib.

Ümumxalq səsverməsi - referendum hər bir xalqın tarixində mühüm rol oynayan, onun gələcək inkişaf yolunu müəyyənləşdirən mühüm siyasi proses kimi xarakterizə olunur. Bu prosesin məntiqi yekunu olaraq hər bir xalq öz taleyini inandığı, etibar etdiyi dövlətə bağlayır. Digər seçkilərdə olduğu kimi, bu dəfə də aktivlik göstərən Suraxanı sakinləri dövlətə, onun inkişaf strategiyasına necə bağlı olduqlarını bir daha nümayiş etdirdilər.

 

XƏTAİ

 

Səhər saat 8-dir. 18 yaşdan yuxarı Xətai rayonunun sakinləri də “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi haqqında” Referendum Aktının layihəsində təklif olunan əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsində fəal iştirak etmək üçün seçki məntəqələrinə doğru axışırdılar. Aparılan uğurlu siyasət nəticəsində ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitlik seçkilərin də yüksək səviyyədə və demokratık şəraitdə keçirilməsinə hərtərəfli şərait yaradıb. Ölkəmizdə seçki praktikası xeyli təkmilləşib, beynəlxalq təcrübəyə söykənən mütərəqqi hüquqi baza yaradılıb. Məntəqələrin əksəriyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından bacarıqla istifadə olunub ki, bu da seçki prosesini əvvəldən axıradək diqqətlə izləməyə, geniş və hərtərəfli müşahidə aparmağa, beləliklə də aşkarlığın daha dolğun təminatına şərait yaradır. Məntəqələrin hamısı telefonlaşdırılıb. Seyf, alternativ enerji mənbəyi olan generator, kifayət qədər daşınmaz və daşınan səsvermə qutuları ilə təchiz olunub. Səsvermənin gedişini müşahidə etmək və lentə köçürmək üçün məntəqələrin bir çoxunda veb-kameralar quraşdırılıb. Rayonda səsvermənin gedişini izləmək üçün 400 nəfərə yaxın müşahidəçi qeydə alınıb.

Onların arasında siyasi partiyaların üzvləri də var, qeyri-hökumət təşkilatlarının nümayəndələri də. Məntəqə seçki komissiyalarının üzvləri arasında iş bölgüsü yaradılıb, növbətçilik cədvəlləri tərtib olunub. Seçki dairəsi ilə MSK arasında dayanıqlı rabitə təmin edilib. Dairə seçki komissiyası səhər saat 10-dan etibarən hər iki saatdan bir seçkilərin gedişi ilə bağlı məntəqələrdən aldığı bütün məlumatları MSK-nın Seçkilər İnformasiya Mərkəzinə ötürür.

Seçicilər anlayırlar ki, Əsas Qanuna 29 əlavə və dəyişiklik ölkəmizdə insan hüquqlarının və azadlıqlarının mükəmməl qorunmasına, respublikamızın demokratiya və nüquqi dövlət quruculuğu istiqamətində inamla irəliləməsinə, torpaq mülkiyyətində və aqrar sahədə olan fundamental problemlərin həllinin sürətlənməsinə, iqtisadiyyatın gücləndirilməsinə, xalqın yaşayış səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edəcəkdir.

33 saylı Xətai seçki dairəsinin 95 nömrəli tam orta məktəbdə yerləşən 14 saylı seçki məntəqəsində çoxsaylı seçicilərlə qarşılaşdıq. Onlar 25 illiyini deyd edəcəyimiz müstəqilliyin xalqımıza bəxş etdiyi misilsiz nailiyyətlərdən, xüsusən son 13 ildə həyatın bütün sahələrində qazanılmış uğurlardan, respublikada gedən abadlıq və quruculuq işlərindən, əhalinin sosial vəziyyətinin xeyli yaxşılaşmasından, dövlətimizin dünya miqyasında sürətlə artan nüfuzundan iftixarla danışırdılar.

Seçicilərdən birinə yaxınlaşıb soyadını soruşduq.

- İslam Haqverdiyev, - deyə cavab verdi. Bildirdi ki, Prezidentin 5 illik müddətə sığmayan fəaliyyətinin, digər ölkələrdə olduğu kimi, 7 ilə qaldırılmasını biz ürəkdən alqışlayırıq. Çünki Prezidentliyin 7 il müddətinə olması ölkə rəhbərinin gələcək üçün bəyan etdiyi strateji vəzifələrin, ölkənin iqtisadi tərəqqisi və vətəndaşların sosial rifah halının yaxşılaşdırılması proqramlarının, beynəlxalq əhəmiyyətli layihələrin vaxtında və tam həcmdə icrasına təminat verəcəyinə əminlik yaradır. Vitse- prezidentlik institutunun yaradılmasına gəldikdə isə, o, prezident üsuli-idarəsinin daha da təkmilləşdirilməsindən, onun müasir çağırışlara adekvatlığından və dövlət idarəçiliyi mexanizminin hər vəziyyətdə daim optimal fəaliyyət göstərməsini təmin etmək məqsədindən irəli gəlir ki, biz bunu da təqdir edirik.

Əli Mənsimov adlı gənc bir seçiciyə yaxınlaşırıq. O, seçki orqanlarında iştirakla bağlı yaş senzinin götürülməsindən böyük məhəbbətlə söz açdı, bunu ölkə rəhbərinin Azərbaycan gənclərinə olan böyük etimadının göstəricisi kimi qiymətləndirdiyini bildirdi. Qeyd etdi ki, istər ölkəmizdə, istərsə də xaricdə təhsil alan gənclərimiz arasında ayrı-ayrı məsul vəzifələrə layiq, yüksək ağıl potensialına malik savadlı oğul və qızlarımız kifayət qədərdir.

Rayon ərazisində yerləşən 138, 31, 15 nömrəli məntəqələrdə, həmçinin Qubadlı və Zəngilan seçki məntəqələrində də əhalinin seçkilərdə fəal iştirakının şahidi olduq.

Bolqarıstandan, Qırğızıstandan, Rumıniyadan dəvət olunmuş beynəlxalq müşahidəçilər də seçki məntəqələrində fəaliyyət göstərənlərin peşəkarlığından, seçicilərin bu mühüm siyasi kampaniyada fəal iştirakından, bütün prosedurlara düzgün və dəqiq riayət olunduğundan məmnun qaldıqlarını, həmçinin vətəndaşların öz iradələrini sərbəst şəkildə ifadə etmələrinin onlarda xoş təəssürat yaratdığını bildirdilər.

 

NİZAMİ

 

Bakının Nizami rayonunun 24 nömrəli və 25 nömrəli dairə seçki komissiyaları üzrə 76 məntəqənin hamısında əsl canlanma müşahidə olunurdu. Bu siyasi kampaniya Nizami rayonunda da yüksək səviyyədə baş tutdu. Sanki hamı böyük arzularla yeni payız səhərini - referendum gününü çoxdan gözləyirmiş.

24 nömrəli Nizami 1-ci dairə seçki komissiyasının sədri Niyazi Nəcəfov deyir: - İnanıram ki, konstitusiya islahatları cəmiyyətimizə təzə nəfəs, yeni ab-hava gətirəcək. Əsas Qanunumuza olan dəyişikliklərdən sonra ölkəmiz daha yüksək inkişafa nail olacaq, qüdrətlənəcək və demokratik dəyərlərin artmasına xidmət edəcəkdir. Bu gün 24 nömrəli Nizami 1-ci dairə seçki komissiyası üzrə 345 nəfər müşahidəçi səsverməyə nəzarət edir. Dairə üzrə 36 seçki məntəqəsi fəaliyyət göstərir. 10 məntəqədə veb-kameralar quraşdırılıb. Seçicilərin sayı isə 44 min 426 nəfərdir ki, bunun da 229 nəfəri ilk dəfə səsvermədə iştirak edir. Səsvermədə seçicilərin özlərinin iradəsi ilə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Referendum Aktı” layihəsinin həyata keçirilməsi prosesində fəal iştirak etməsi bizi çox sevindirir.

İlk dəfə səs verən İlahə Səttarova, Habil Hüseynov, Mətanət Həsənli, Əziz Abdullayev və başqa gənclər fərəh hissi keçirdiklərini bildirdilər. 11 nömrəli seçki məntəqəsində isə ilk dəfə səs verən Səbinə Səfərovanı dinləyirik. S.Səfərova Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsidir. O deyir: - Mən böyük bir ümidlə Azərbaycanın firavan gələcəyinə, konstitusiya quruluşunun möhkəmlənməsinə, ölkənin yüksəlişinə səs verirəm. İnanıram ki, Prezident İlham Əliyev ölkəmizi daha irəli aparacaq.

Nizami rayonunun bütün seçki məntəqələrində seçki qanunvericiliyinin tələbləri yerinə yetirilirdi. Rayonda seçicilərin referendumda fəal iştirakı üçün hər cür şərait yaradılmışdı. İstər 24 nömrəli, istərsə də 25 nömrəli dairə seçki komissiyaları üzrə bütün seçki məntəqələrində referendumla bağlı hazırlıq işləri yüksək səviyyədə başa çatmışdı. Hamı ümumxalq səsverməsi günü fəallığını büruzə verir, yeni arzu və ümidlə məntəqəyə tələsirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Konstitusiyamıza əlavə və dəyişikliklərlə bağlı təşəbbüsünə səs verir, münasibətlərini sərbəst şəkildə bildirirdilər. 24 nömrəli dairə seçki komissiyasının 17 saylı seçki məntəqəsində “exit-poll” fəaliyyət göstərir. Burada beynəlxalq müşahidəçi İqor Jidenko ilə görüşürük. İ.Jidenko deyir: - Ukrayna Mərkəzi Seçki Komissiyası tərəfindən Azərbaycana ezam olunmuşam. Bir qrup beynəlxalq müşahidəçi ilə səhər saat 08:00-dan etibarən məntəqələri gəzirik. Hələ ki heç bir seçki pozuntusuna rast gəlməmişik. Bu, onu göstərir ki, Azərbaycan bu sahədə müsbət təcrübə və uğur qazanmışdır.

17 saylı məntəqə seçki komissiyasının sədri Bayram Heydərov da beynəlxalq müşahidəçi İ.Jidenkoya dəstək verir: - Doğrudan da, heç bir pozuntunun olmaması onu göstərir ki, artıq bizdə seçki ənənələri formalaşmışdır.

24 nömrəli və 25 nömrəli dairə seçki komissiyaları üzrə hər bir seçki məntəqəsində 12-13 nəfərlik yerli müşahidəçi qrupları səsverməni izləyirdilər. Onlar müxtəlif partiyaları, “Bələdiyyə”, “Vətəndaş Cəmiyyəti” təşəbbüs qruplarını təmsil edirlər. Yeni Azərbaycan Partiyasından olan müşahidəçi Jalə Şükürova da səsvermənin Seçki Məcəlləsinə uyğun olaraq normal keçdiyini, nöqsanların baş vermədiyini vurğulayır.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış Əsas Qanunumuz - Azərbaycan Respublikasının Konstitusiyası təklif edilən əlavə və dəyişikliklərdən sonra müasir dövlətimiz daha da möhkəmlənəcək. Bu, həm də zamanın tələbi və seçdiyimiz inkişaf yoludur.

 

QARADAĞ

 

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin sədri Qəşəm Əhmədzadə bildirdi ki, dairə üzrə 37 seçki məntəqəsi fəaliyyət göstərir: “12 məntəqədə veb-kameralar quraşdırılıb. Həmin məntəqələrdə referendumun gedişini internetlə dünyanın istənilən yerindən müşahidə etmək olur. Bununla yanaşı, Mərkəzi Seçki Komissiyası və yerli icra orqanları tərəfindən bütün məntəqələr səsvermənin şəffaf keçirilməsi üçün digər texniki vasitələrlə də təchiz edilib”.

Dairə üzrə 351 müşahidəçi referendumun gedişini müşahidə etmişdir. Ümumxalq səsverməsində qanun pozuntularının qarşısını almaq üçün səsverənlərin barmaqları gözəgörünməyən mürəkkəblə rənglənirdi.

Dairənin 2 saylı seçki məntəqəsində referendumun şəffaf keçirilməsi üçün veb-kamera və digər texniki avadanlıqlar quraşdırılmışdır. Məntəqədə müxtəlif siyasi partiyaların, vətəndaş birliklərinin nümayəndələri müşahidəçi qismində referendumun keçirilməsini izləmişlər. Öz təşəbbüsü ilə ümumxalq səsverməsinə müşahidəçi kimi qatılan Adil Vəliyev bildirdi ki, məntəqədə vətəndaşlara öz konstitusiya hüququndan istifadə etmək üçün hər cür şərait yaradılmış, səsverənlərdən heç bir şikayət daxil olmamışdır.

Səsverən Taleh Xəlilli dedi ki, referendumun idarəetmənin təkmilləşməsinə, vətəndaşların hüquqlarının daha yaxşı qorunmasına xidmət etdiyini dərk etdiyinə görə bu ümumxalq səsverməsinə qatılaraq vətəndaşlıq borcunu yerinə yetirib. Sənubər Sadıqova və Əfqan Xəlilov da referendumun keçirilməsində şəffaflığın təmin olunduğunu bildirdilər. Bunun üçün məntəqədə vətəndaşlara hər cür şəraitin yaradıldığını bildirərək referendumun ölkədə demokratiyanın inkişafına, dövlətçiliyin möhkəmlənməsinə xidmət edəcəklərinə əmin olduqlarını bildirdilər.

 

SABUNÇU

 

26 saylı birinci, 27 saylı ikinci və 28 saylı üçüncü secki dairələri Sabunçu rayonunu əhatə edir. Dairələr üzrə ümumilikdə 102 seçki məntəqəsi fəaliyyət göstərir.

26 saylı Sabunçu birinci seçki dairəsinin Bakıxanov qəsəbəsindəki 24 və 10 saylı seçki məntəqələrində qələbəlik idi - vətəndaşlarla yanaşı hərbi hissələrdən gətirilən əsgərlər də intizamla, hissə-hissə referendumda səs verirdilər. Komissiya ahəngdar işləyir, seçicilər rahat şəraitdə səsvermə kabinələrində iradələrini ifadə edirdilər. 24 saylı məntəqədə müşahidəçilərdən Gilə Süleymanzadə, Elza Cəbiyeva, Vüsalə Qarayeva, eləcə də 10 saylı məntəqənin müşahidəçisi Aygün Şirinova referendumda səsvermənin azad və şəffaf keçdiyini, qanunazidd heç bir hal müşahidə etmədiklərini bildirdilər. 24 saylı məntəqənin önündə “ELS” Müstəqli Araşdırmalar Mərkəzinin həyata keçirdiyi “exit-poll”un əməkdaşları İsmayıl İsmayılov və Orxan Hacıyev rəylərini öyrəndikləri seçicilərin referendumun təşkilindən razı qaldıqlarını ifadə etdilər.

28 saylı Sabunçu 3-cü seçki dairəsinin Maştağa qəsəbəsindəki 1 saylı seçki məntəqəsində səsverməyə gələn çox idi. Səsvermə prosesi nizamla gedirdi. Komissiya üzvü Günel Əliyeva referenduma gələnlərin qanunvericiliyin tələblərinə uyğun səs vermələri üçün münasib şərait yaradıldığını, işin rəvan getdiyini, məntəqədə heç bir insidentin yaşanmadığını bildirdi. Müstəqil müşahidəçilər də bunu təsdiqləyərək məntəqədə qanun pozuntusu qeydə almadıqlarını söylədilər. Referendum iştirakçılarından birinə yaxınlaşıb səsvermənin təşkilinə və gedişinə münasibətini soruşduq. Aybəniz Pənahova yaradılan şəraitdən məmnunluğunu ifadə edərək sərbəst, heç bir müdaxilə olmadan səs verdiyini dedi.

Maştağadakı 2 saylı seçki mətəqəsində də seçici aktivliyi müşahidə olunurdu. Müxtəlif yaş qruplarına aid vətəndaşlar referendumda həvəslə iştirak edirdilər. Aralarında ilk dəfə səsverməyə gələnlər də vardı. Ağahüseyn Fəttahov belə gənclərdən idi. Həyəcanlıydı. Səsvermə hüququndan ilk dəfə referendumda istifadə etmişdi. Təəssüratını bizimlə bölüşməsini istədik. O, konstitusiya islahatlarının vacibliyini vurğulayaraq, bu prosesdə hər bir Azərbaycan vətəndaşının, xüsusilə də gənclərin aktiv iştirak etməli olduğunun vacibliyini söylədi. Bu səbəbdən irəli sürülən dəyişiklik və əlavələri maddə-maddə öyrəndiyini, gəldiyi qənaətə əsasən iradəsini ifadə etdiyini bildirdi. Yenilikləri dəstəklədiyini də gizlətmədi.

Bu məntəqədəki müşahidəçilərdən Aynur Ağasıyeva qəsəbə sakinlərinin fəal olduğunu, səsvermənin azad və şəffaf keçdiyini, müşahidə dövründə qanunsuzluqla rastlaşmadıqlarını dedi.

Son dövrlər tanınmaz dərəcədə abadlaşan Nardaran qəsəbəsində də referendum rəvan keçirdi. Buradakı 24 saylı məntəqənin müşahidəçiləri Könül Mansurova, Sahibə Novruzova, Səkinə Quliyeva referendumun gedişini yüksək qiymətləndirdilər. Onlar səsvermə zamanı hər hansı neqavit hal müşahidə etmədiklərini söylədilər.

Nardarandakı 14 saylı məntəqənin müşahidəçisi Ramin Təhməzov və Gülmirə Atakişiyeva da qəsəbə sakinlərinin referendumda iştirakı zamanı qanunvericiliyin bütün tələblərinə riayət olunduğunu qeyd etdilər.

Məntəqə önündə səsvermədən çıxan Nardaran sakinlərinə müraciət edərək referenduma (səsvermənin gedişinə) münasibət bildirmələrini istədik. Samir Feyzullayev səsvermənin azad keçirildiyini, komissiyanın işindən razı qaldığını, sərbəst şəkildə səs verdiyini bildirdi. Digər nardaranlılar da bu fikirdə idilər.

Sabunçu rayonunun digər yaşayış məntəqələrində də - Bilgəhdə, Balaxanıda, Ramanada, Zabratda, Pirşağıda və Kürdəxanıda da referendum uğurla keçirildi.

Azərbaycan.-2016.-27 sentyabr.- S.10-11.