Bölgələrdə referendumun azad, ədalətli və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılmışdır

 

NAXÇIVAN

Naxçıvan şəhərində ümumxalq səsverməsi ruh yüksəkliyi və seçici fəallığı şəraitində keçirilirdi. AZƏRTAC-ın məlumatına görə, 4 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə 37 məntəqədə, ümumilikdə 44 min 304 seçici var ki, bunlardan da 615 nəfəri ilk dəfə səsvermədə iştirak etmək hüququ qazanıb. Seçki məntəqələrinin hamısı müasir binalarda yerləşir. Dairənin 5 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində yerləşən 9 saylı məntəqə seçki komissiyasının sədri Namiq Novruzov komissiya üzvləri qarşısında şəffaf qutuların möhürlənməsini həyata keçirdi. Həm daşınan qutu, həm də məntəqədə yerləşən şəffaf qutular ayrı-ayrılıqda möhürləndi. Referendumun ilk saatlarından başlayaraq artıq məntəqəyə seçicilərin axını müşahidə edilirdi. Məntəqədə ilk səs verən Hikmət Muxtarovla həmsöhbət oluruq. O deyir: “Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin ümumxalq səsverməsinə çıxarılması böyük əhəmiyyətə malikdir. Ona görə də səhər ilk işim seçki məntəqəsinə gələrək səsvermə hüququmdan istifadə etməklə vətəndaşlıq mövqeyimi bildirməyim oldu. Burada səsvermənin şəffaf və azad keçirilməsi üçün hər cür şərait yaradılıb. Referendumun uğurla başa çatacağına və ölkəmizin gələcəyi üçün faydalı olacağına əminəm”.

Müşahidələrimizi Naxçıvan şəhərindəki 17 nömrəli tam orta məktəbdə yerləşən 36 saylı seçki məntəqəsində davam etdiririk. Məntəqənin yerləşdiyi binaya yaxınlaşarkən burada seçicilərin çoxluğu və yüksək əhvali-ruhiyyə ilə referendumda iştirak etmələri diqqətimizi cəlb etdi. 26 sentyabr - referendum günü həm də ad gününü qeyd edən Arif Qurbanovla rastlaşdıq. O bildirdi ki, bu gün həyatının ən yaddaqalan günü olacaq: “Ad günümün ümumxalq səsverməsinin keçirildiyi günə təsadüf etməsi məni hədsiz dərəcədə sevindirdi. Çünki bu gün muxtar respublikamızda insanlar bayram əhvali-ruhiyyəsindədirlər və bu tarix ölkəmizin ictimai-siyasi həyatında əlamətdar gün kimi qalacaq. Həm də bu gün mən ilk dəfə səsvermə hüququmdan istifadə etdim. Yəni mən də bir vətəndaş kimi mövqeyimi səsvermə yolu ilə bildirdim. Bu mənada 26 sentyabr mənim üçün ikiqat bayramdır”.

36 saylı məntəqə seçki komissiyasının sədri İsa Məhərrəmovun sözlərinə görə, 1495 seçicinin qeydiyyatda olduğu məntəqədə 24 nəfər ilk dəfə səsvermə hüququndan istifadə edən seçici var. Bu gün onlar fəallıqları ilə seçiliblər.

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin inzibati binasında yerləşən 37 saylı seçki məntəqəsində də gənclərin fəallığı diqqətimizi cəlb etdi. Məntəqə seçki komissiyasının sədri Həsən Əliyevdən öyrəndik ki, məntəqədə qeydiyyatda olan 1494 seçicidən 18 nəfəri ilk dəfə səs verən vətəndaşlardır. Seçicilərin hamısı səsvermə prosesində fəallıq nümayiş etdirirlər. Məntəqədə səs verən Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədr müavini Sultan İsmayılov söhbətində hər bir vətəndaşın səsvermədə şəffaf və demokratik şəkildə öz iradəsini bildirməsi üçün yüksək səviyyədə şəraitin yaradıldığını qeyd etdi.

Veb-kamera ilə təchiz olunmuş 28 saylı seçki məntəqəsində də olduq. Bu məntəqə Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə yerləşir. Məntəqə seçki komissiyasının sədri Arzu Abdullayevdən aldığımız məlumata görə, 1494 seçicinin qeydiyyatda olduğu məntəqədə 18 nəfər ilk dəfə səs vermək hüququna malikdir. Səsvermədə bütün seçicilər həvəslə iştirak edirdilər.

28 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edən əslən ukraynalı olan Azərbaycan Respublikasının vətəndaşı Zoya Seyidova qeyd etdi ki, həqiqətən də muxtar respublikada hər seçkidə seçicilərin yüksək fəallığını müşahidə edib. 1983-cü ildən Naxçıvan şəhərində yaşayan Zoya Seyidova dedi: “Bu gün məntəqəyə gələndə seçicilərin fəallığını müşahidə etdim. Bunun əsas səbəbi muxtar respublikada yaradılan demokratik şəraitdir. Digər tərəfdən seçicilərin fəallığı onların siyasi proseslərdən məlumatlı olduğunu göstərir. Mən də yaradılan bu şəraitdən bəhrələnərək Azərbaycan Respublikasının vətəndaşı kimi səsvermə hüququmdan istifadə etdim. Mən məntəqə seçki komissiyasının üzvlərinin biz vətəndaşlara necə hörmətlə yanaşdığını, lazım gələndə qanunvericilik çərçivəsində bizə hər cür köməklik göstərdiklərini gördüm. Bu, çox müsbət haldır”.

Müşahidə apardığımız növbəti ünvan “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin binasında təşkil edilən 17 saylı seçki məntəqəsi oldu. Burada da məntəqə seçki komissiyasının işində Yeni Azərbaycan Partiyasının, Böyük Quruluş Partiyasının, Ana Vətən Partiyasının təmsilçiləri və bitərəflər iştirak edirdilər. Bu məntəqədə 1376 seçici qeydiyyatdadır. Səsvermə prosesinə start verildikdən qısa zaman sonra artıq 300-dən çox seçici səsvermə hüququndan istifadə etmişdi.

Məntəqə seçki komissiyasında Ana Vətən Partiyasının təmsilçisi olan Aytac Vəlizadə bildirdi ki, komissiya üzvü olduğu 17 saylı seçki məntəqəsində vətəndaşların sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb: “Səsvermənin gedişatından razıyıq, proses normal qaydada keçir. Seçici fəallığını xüsusilə qeyd etməliyəm. İnsanlar məntəqəyə gəlir və heç bir müdaxilə olmadan səs verirlər”.

1496 nəfər seçicinin qeydiyyatda olduğu Naxçıvan şəhərindəki 8 nömrəli uşaq bağçasının binasında yerləşən 4-20 saylı seçki məntəqəsində seçkilərdə 28 nəfər ilk dəfə səsvermə hüququndan istifadə edib. İlk dəfə səsvermə hüququndan istifadə edən Tahir Gülmalıyev seçki məntəqəsində ona lazımi köməkliyin göstərildiyini və sərbəst şəkildə səsvermədə iştirak etdiyini bildirdi.

GƏNCƏ

Müstəqil Azərbaycan dövlətinin tarixinə mühüm hadisə kimi daxil olacaq referendumda gəncəlilər də fəallıq nümayiş etdirmiş, seçki məntəqələrinə gələrək Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan dəyişikliklərə öz münasibətlərini bildirmişlər.

Havanın mülayim keçməsi insanların seçki əhvali-ruhiyyəsinə xoş ovqat gətirmişdi. Seçki məntəqələrinə gələn şəhər sakinləri öz iradələrini sərbəst şəkildə ifadə edirdilər. Əvvəlcə 37 saylı Nizami I (Gəncə) seçki dairəsində olduq. Dairənin sədri Faiq Hacıyev dedi ki, bütün məntəqələrdə bu siyasi kampaniyaya yüksək hazırlıq işləri görülüb: “24 məntəqədən 10-da veb-kamera quraşdırılıb. Bu da səsvermənin şəffaf və demokratik keçirilməsinə zəmin yaradır. Sürətli internet şəbəkəsinə qoşulan məntəqələr lazım olan bütün avadanlıqlarla təmin edilib. 333 nəfər müşahidəçi qeydiyyatdan keçib və onların seçki prosesini rahatlıqla müşahidə etməsi üçün hər bir şərait yaradılıb”.

Bunu dairənin 9 saylı seçki məntəqəsində olarkən də müşahidə etdik. Səsvermə prosedurundan keçdikdən sonra bülleteni səsvermə qutusuna salan 75 yaşlı Solmaz Bağırova ilə söhbət etdik. 30 ilə yaxın orta məktəbdə müəllim işləyən, indi isə təqaüddə olan S.Bağırova dedi ki, səsvermə şəffaf və demokratik keçir. Bütün seçicilər heç bir təzyiq olmadan Konstitusiyaya təklif olunan dəyişikliklərə sərbəst şəkildə münasibətlərini bildirirlər.

38 saylı Nizami II (Gəncə) seçki dairəsinin 10 saylı məntəqəsində səsverməyə gələnlərin növbəsi ilə qarşılaşdıq. Məntəqənin sədri Telman Musayev dedi ki, 1054 seçicimiz var: “Onlardan 12 nəfəri ilk dəfə səs verəndir. Qeydiyyatdan keçmiş 10 nəfər müşahidəçi səsvermənin gedişini izləyir. Məntəqədə veb-kamera quraşdırılıb”.

Öz təşəbbüsü ilə müşahidəçilik missiyasını üzərinə götürən Babək Salmanov dedi ki, səsvermə çox şəffaf və demokratik keçir. Heç bir qanun pozuntusu qeydə alınmayıb.

Dairənin 19 saylı seçki məntəqəsində isə unudulmaz anlar yaşanıb. 1905-ci ildə anadan olmuş Zəhra Əhmədova məntəqəyə gələrək səsvermədə iştirak edib. 111 yaşlı seçici səs verdikdən sonra “Bu mənim vətəndaşlıq borcumdur” - deyib.

39 saylı Kəpəz I (Gəncə) seçki dairəsinin sədri Elbar Əhmədovun məlumatına görə, Konstitusiyaya təklif olunan dəyişikliklərlə bağlı hazırlıq işləri yüksək səviyyədə həyata keçirilib: “Dairəni əhatə edən 29 məntəqədə aparılan hazırlıq işlərinin nəticəsidir ki, bu siyasi kampaniya indi qanunauyğun şəkildə gedir. Bütün hazırlıq işləri təlimata uyğun aparılıb. Məntəqələr zəruru avadanlıqlarla, texniki vasitələrlə, xüsusilə etibarlı rabitə sistemi və elektrik generatoru ilə təmin edilib. Hər bir seçiciyə Konstitusiyaya ediləcək dəyişikliyin müqayisəli təhlili və bildiriş təqdim olunmuş, xəstələrin səsverməsini təmin etmək üçün onların siyahısı dəqiqləşdirilmiş, daşınan qutu və səyyar briqada yaradılmışdır”.

40 saylı Kəpəz II (Gəncə) seçki dairəsinin 8 və 9 saylı məntəqələrində də izdiham yaşanırdı. Burada da müşahidəçilərlə yanaşı, müxtəlif partiyaların nümayəndələri səsvermənin gedişini izləyirdilər. Səsvermə prosesinin gedişi ilə bağlı 9 saylı məntəqədə müşahidə aparan Vətəndaş Həmrəyliyi Partiyasının nümayəndəsi Lalə Cəfərova ilə söhbət etdik. Dedi ki, heç bir narazılığa əsas yoxdur, səsvermə mütəşəkkil və şəffaf keçir. Qeyri-hökumət təşkilatının müşahidəçisi Elxan Əliyev də dedi ki, mən də o qənaətdəyəm.

Dairənin 8 saylı seçki məntəqəsində səs verən 78 yaşlı İmamqulu Bayramovla söhbətimiz də maraqlı alındı. O dedi ki, Konstitusiya bizim həyat kitabımızdır: “Ölkəmiz onunla idarə olunur. İndi 21-ci əsrdir. Dünya gündən-günə inkişaf gedir. Biz də bu inkişafdan geri qala bilmərik. Ona görə həyat kitabımıza edilən dəyişiklikləri mən də bəyənirəm. Odur ki, gənclərə nümunə göstərmək üçün səhər tezdən gəlib səs vermişəm”.

Seçki məntəqələrində səsvermə prosesi ilə bağlı müşahidələr, ayrı-ayrı partiyaların nümayəndələri, eləcə də müşahidəçilərlə apardığımız söhbətlər deməyə əsas verirdi ki, Gəncədə səsvermə demokratik və şəffaf keçmişdir. Əhalinin fəallığı onu göstərirdi ki, vətəndaşlarımızın böyük əksəri ölkəmizdə aparılan islahatları bəyənir, onu dəstəkləyirlər.

ABŞERON

45 saylı Abşeron dairə seçki komissiyası 36 məntəqəni birləşdirir. DSK sədri Dilşad Abbasova bizimlə söhbətində bildirdi ki, 45 saylı DSK üzrə seçicilərin sayı 46607 nəfərdir. Məntəqələr texniki avadanlıqlarla təmin olunub. D.Abbasova onu da vurğuladı ki, 12 məntəqədə quraşdırılan veb-kameralar vasitəsilə səsvermənin gedişini birbaşa izləmək mümkündür. Səsvermədə 402 müşahidəçi isə səsverməni canlı izləmişdir.

23 saylı seçki məntəqəsi Masazır qəsəbəsindəki Milli Qəhrəman Ə. Əliyev adına Qubadlı rayon tam orta məktəbində təşkil olunub. Məntəqə üzrə seçicilərin sayı 1456 nəfərdir. Məntəqə seçki komissiyasının sədri Sərvər Azadəliyev bildirdi ki, məntəqə Masazır qəsəbəsinin çox hissəsini əhatə edir: “Səsverməni 9 müşahidəçi izləyir. Məntəqə seçki komissiyasının katibləri Yusif Nəcəfov, Bayram Muradov, üzvləri Zaur Qəhrəmanov, Məhbubə Tahirova, İradə Hacıyeva seçicilərə adlarını siyahıda tapmaqda kömək edirlər. Məntəqədə ilk dəfə səs verənlərin sayı 7 nəfərdir. Yaşı 80-ni adlamış seçicilər isə 10 nəfərdir”.

Xırdalan şəhər 1 saylı məktəbin binasında yerləşən 4 saylı məntəqə seçki komissiyasının sədri Nailə Əzizova bizimlə söhbətində bildirdi ki, vətəndaşlar səsvermə hüququndan fəal istifadə edirlər. Məntəqədə seçicilərin sayı 1378 nəfərdir. İlk dəfə səsverən 1, yaşlı seçicilər isə 77 nəfərdir. Seçicilər Səkinə Salmanova, Təranə Məhərrəmova, Şəfi Qələndərli və digərləri seçkinin gedişatından razı qaldıqlarını bildirdilər. Mahirə Hüseynova səsverməyə ailə üzvləri ilə gəldiyini qeyd etdi. Bildirdi ki, ölkəmiz daim inkişafdadır. Biz bir vətəndaş olaraq bütün irəliyə atılan addımları dəstəkləyirik. Bu, hər şeydən əvvəl ölkə vətəndaşlarının gələcəyinə hesablanır. Artıq ötən illər bunu bizə yaxşı mənada diktə edib.

Məntəqədə keçirilən seçkiyə 18 nəfər müşahidəçi nəzarət edir. Onlar keçən zaman ərzində heç bir qanun pozuntusu ilə rastlaşmadıqlarını bildirdilər.

Xırdalan şəhər Gənclər evində 5 saylı seçki məntəqəsi yerləşir. Məntəqə seçki komissiyasının sədri Səbinə Abbasovadan öyrənirik ki, seçicilərin sayı 1411 nəfərdir. Məntəqə açılandan seçicilər ümumxalq səsverməsində fəal iştirak edirlər. Müşahidəçilər seçkiyə start veriləndən bəri heç bir qanun pozuntusuna yol verilmədiyini bildirdilər.

SUMQAYIT

Əhalisinin sayı ilbəil artan Sumqayıt sakinləri bütün seçkilərdə fəal iştirak edib. Referendum günündə də belə idi.

42 saylı Sumqayıt ikinci dairə seçki komissiyasının tərkibində 38 məntəqə var. Məntəqələr üzrə 10 veb-kamera quraşdırılıb. 5,8,12,15,30,32 və digər məntəqələrdə səsvermənin gedişatı virtual olaraq izlənirdi. 42584 seçicinin iştirak etdiyi DSK-da müşahidəçilərin sayı 500 nəfərdən çox idi. Ümumilikdə bu dairə üzrə ilk dəfə səsverənlər 79, yaşı 100-dən yuxarı olan isə bir nəfərdir. DSK sədri Ruslan Hacıyev bizimlə söhbətində bildirdi ki, səsvermə başlayan zaman yaşı 100-ü adlamış Pərişan nənənin dalınca maşın da göndərmişik.

28 saylı məntəqə Sumqayıt şəhər 45 saylı uşaq bağçası və körpələr evində formalaşıb. Məntəqədə səsverənlərin sayı 1247 nəfərdir. Məntəqə seçki komissiyasının sədri Nazilə Ağayeva bizimlə söhbətində seçici fəallığının yüksək olduğunu bildirdi. 10 müşahidəçinin nəzarətində olan məntəqədə hər şey qanuna uyğun aparılır. Məntəqədə veb-kamera quraşdırılıb. Müşahidəçi Xalidə Əfəndiyeva seçkinin gedişatından razı qaldığını bildirdi. Seçicilər Zinyət Əliyeva, Şərif Şərifov, Adilə Aslanova, Yusif Aslanov, Amilə Sadıqova və digərləri Konstitusiya Aktına dəyişikliklərə öz münasibətlərini bildirdiklərini qeyd etdilər.

41 saylı Sumqayıt birinci dairə seçki komissiyasının şəhər 28 nömrəli orta məktəbin binasında yerləşən 1 saylı seçki məntəqəsinin sədri Mehdi Ağayev prosesin kifayət qədər şəffaf keçdiyini və səsverməyə gələnlərin heç bir problemlə qarşılaşmadığını söylədi. 1399 nəfər seçicisi olan bu məntəqədə səsvermə üçün bütün şərait yaradılmışdır. Onun sözlərinə görə, məntəqədə heç bir ciddi qanun pozuntusu qeydə alınmamış, vətəndaşlar sərbəst şəkildə səs verirlər.

Məntəqə seçki komissiyasının katibləri Şəfiqə Nəsibova, Nuranə Aslanova, üzvlər Şöhrət Balayev, Akif Cabbarov seçicilərə adlarını seçici siyahılarında tapmaqda kömək edirdilər. Məntəqədə ilk dəfə səsverənlərin sayı 11 nəfərdir. Səsverməyə gələn Həsən İsmayılov, Ləman Baxışova, Əli Qarayev, Fidan İsayeva və digərləri məntəqədə təşkil edilən şəraitdən razı qaldıqlarını bildirdilər.

41 saylı Sumqayıt birinci dairə seçki komissiyasının 10 saylı məntəqəsi 30 nömrəli Sumqayıt şəhər tam orta məktəbin binasında yerləşir. Məntəqə seçki komissiyasının sədri Elmira Əliyeva bizimlə söhbətində vurğuladı ki, məntəqə üzrə seçicilərin sayı 1150 nəfərdir. E.Əliyeva səhər seçkiyə start veriləndə ilk səsverənlərin gənclər olduğunu qeyd etdi. Əliheydər Məmmədzadə, Nurlan Mustafayeva ölkəmizdəki demokratiyanı dəstəklədiklərini bildirdilər.

Ölkəmizdə Konstitusiya Aktına dəyişikliklərlə bağlı keçirilən səsvermədə Sumqayıtda məskunlaşan məcburi köçkünlər də böyük fəallıqla iştirak etmişlər. 125 saylı Zəngilan-Qubadlı dairə seçki komissiyasının 36 saylı seçki məntəqəsi Sumqayıt şəhər İnşaatçılar qəsəbəsində İşıqlı kənd tam orta məktəbinin binasında təşkil edilib. 36 saylı seçki məntəqəsi Qubadlı rayonunun Yuxarı Mollu, Xanlıq, Muradxanlı, Dəmirçilər, Dondarlı və digər kəndlərinin sakinlərini əhatə edir. 36 saylı seçki məntəqəsinin sədri F.Yusifov vurğuladı ki, səsvermədə gənclər fəallıq göstərirlər.

36 saylı seçki məntəqəsinin sədri Fərhad Yusifov bizimlə söhbətində bildirdi ki, məntəqə üzrə səs verəcək seçicilərin sayı 1116 nəfərdir. Səsvermə başlayandan məntəqə seçki komissiyasının üzvləri Sabir Bağırov, Səməd Qasımov, Vəfa Behbudova siyahı üzrə seçicilərin adlarını tapmaqda kömək edirdilər.

Məntəqənin qarşısında elə oradaca məskunlaşan qubadlılılarla görüşürük. Qubadlının Xanlıq kəndindən olan Zaman Balaca oğlu Yusifov ilə tanış oluruq. Ağsaqqal bizimlə söhbətində bildirdi ki, ölkəmizin iqtisadi yüksəlişi onların da qaçqın həyatında yeniliklərə imza atıb. Bu ilin aprelində düşmənə güclü cavab da verdik. Oğullarımızın doğma torpaqlarımızı işğaldan azad edəcəkləri günü səbirsizliklə gözləyirik. O günə az qalıb.

“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsində təklif olunan dəyişikliklərin ümumxalq səsverməsində Sumqayıtda məskunlaşan zəngilanlılar da yaxından iştirak edirlər.

Şəhərin 3-cü mikrorayonunda yerləşən 23 nömrəli Zəngilan tam orta məktəbin binasında təşkil olunan 125 saylı Zəngilan-Qubadlı dairə seçki komissiyasının 19 saylı məntəqəsində də referendum günü böyük canlanma vardı. Məntəqə seçki komissiyasının sədri R.Qulamov bildirdi ki, 1492 seçici qeydiyyatdan keçib. Səhər səsvermə başlayandan zəngilanlı məcburi köçkünlər məntəqəyə gələrək öz vətəndaşlıq mövqelərini bildirirlər. Komissiya üzvləri Nazilə Bayramova, Saməddin Sayılov, Osman Hüseynov, Faiq Əsgərov seçicilərə adlarını seçici siyahısında tapmaqda kömək edirlər. R.Qulamov bizimlə söhbətində 19 saylı seçki məntəqəsinin müasir texniki avadanlıqlarla təminatından söz açdı. Dedi ki, yaranacaq hər hansı xoşagəlməz hala qarşı öncədən tədbirlər görülüb. Seçki məntəqəsi generatorla, müxtəlif texniki avadanlıqlarla tam təmin edilib. Məntəqədə veb-kamera quraşdırılıb.

Səsverməyə gələn Əlövsət Səlimov, Oktay Əliyev, Nurxanım Nəcəfova səsvermənin gedişatından razı qaldıqlarını bildirdilər.

Sumqayıtda məskunlaşan ağdamlılar da ümumxalq səsverməsində yaxından iştirak etdilər. 97 saylı Goranboy-Ağdam-Tərtər dairə seçki komissiyasının 48 saylı seçki məntəqəsinin sədri Şakir Səfərov bildirdi ki, 779 seçicinin səs verəcəyi məntəqədə seçki qanunlarına uyğun şərait yaradılıb. Məntəqənin katibləri Dilşad Bayramova və Akif Hüseynov seçicilərə seçki siyahılarında adlarını tapmaqda kömək edirdilər. Seçicilərdən Rabil Məmmədov, Sarvan Səfərov, Coşqun Hüseynov bildirdi ki, vətənimizin gələcəyini müəyyənləşdirmək bizim hər birimizdən asılıdır. Biz ağdamlılar bütün dəyişikliklərdə öndə getməliyik.

AĞDAM

Rayon mərkəzinə çevrilmiş Quzanlı qəsəbəsində 26 sentyabr səhəri adi günlərdən fərqlənirdi. Bu payız səhərində küçələrdə gediş-gəliş daha sıxdır. Hazırlıq mərhələsində aparılmış təbliğat və təşviqat işi bu cəbhə bölgəsinin sakinlərində referendumda fəal iştirak etmək, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər və əlavələr edilməsində öz vətəndaş mövqeyini bildirmək istəyi yaratmışdır.

İndi adamlar seçki məntəqələrinə tələsir. Səhər-səhər səs verib sonra öz iş-güclərinin arxasınca getmək fikrindədirlər. Uca boyu, iri cüssəsi ilə diqqəti çəkən Sədrəddin Ələsgərovu xeyli aralıdan tanıyıram. Köhnə tanışlar kimi görüşürük. Zarafatından qalmır:

- Bəlkə fikrindən keçirirsən ki, qoca kişisən, arxayın gedib səs verərsən də...

Vallah, ay oğul, mənim xasiyyətim başqadır. Bir işi görməliyəmsə, onu birinci eləməsəm, rahat ola bilmirəm. Neçə vaxtdı bu günü gözləyirəm. Ordumuzun qüdrətinə, Prezident İlham Əliyevin müdrik siyasətinə səs verəcəyəm. Aprel ayındakı döyüşlərdə əsgərlərimizin hünəri camaatımızda əsl bayram ab-havası yaratmışdı. Biz ağdamlılar dövlətimizin qayğısını hər gün üzərimizdə hiss edirik. Yeni qəsəbələri, rahat mənzilləri, fasiləsiz suyu, işığı, qazı bu hökümət verir bizə. Sinəmdəki bu “Qızıl Ulduz” (o, Sosialist Əməyi Qəhrəmanıdır) ulu öndər Heydər Əliyevdən yadıgardır. Mən də, elə bütün ağdamlılar da Heydər Əliyev siyasətinə həmişə sadiq olmuşuq. Mövqeyimiz bu gün də dəyişməzdir.

Ağdam rayonu Ağsaqqallar Şurasının sədri Sədrəddin kişiyə uğurlar arzulayıb ayrılırıq.

119 saylı Ağdam kənd seçki dairəsi Quzanlıda yerləşir. Dairə seçki komissiyasının sədri Rövşən Şükürovdan öyrənirik ki, seçki dairəsi 42 məntəqəni əhatə edir. Bundan əlavə daha 2 qapalı məntəqə fəaliyyət göstərir. Seçicilərin ümumi sayı 43942 nəfərdir. Səsvermədə 611 nəfər gənc ilk dəfə iştirak edəcək. Saat 10-a qədər referendumda iştirak edənlərin sayı 5628 olmuşdur. Bütün seçki məntəqələrində normal şərait yaradılmışdır. Seçicilər öz iradələrini sərbəst şəkildə, heç bir maneyə olmadan həyata keçirirlər.

QƏBƏLƏ

Qəbələdə seçki fəallığı daha yüksək olması ilə seçilir. Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı təyin edilən referendumun keçirilməsi ilə bağlı məlumat verən 116 saylı Qəbələ dairə seçki komissiyasının sədri Ramiz Əsədov bildirdi ki, saat 17:00 radələrinə rayon üzrə ümumi səsvermə 67,9 faiz təşkil edib. Konkret olaraq 1 saylı şəhər seçki məntəqəsində qeydiyyatdan keçmiş 1492 seçicidən 1017 nəfər, 3 saylı şəhər seçki məntəqəsindən 1394 seçicinin 956 nəfəri, 5 saylı seçki məntəqəsindən isə 1419 nəfər səs verib.

Ramiz Əsədov həmçinin dedi ki, DSK-nın tərkibində 54 məntəqə seçki komissiyası var və seçici sayı 43 min 394 nəfər təşkil edir. Bunlardan da ilk dəfə səs verənlər 1335 nəfərdir. Onların da 77 nəfəri tələbə olduqları yerdə səs vermək üçün qeydiyyatdan çıxma vəsiqəsi alıblar.

Məntəqə seçki komissiyalarında təmsil olunan üzvlər arasında Azərbaycan Demokratik İslahatlar Partiyası, Bütöv Xalq Cəbhəsi Partiyası və Vətəndaş Həmrəyliyi Partiyası var.

Seçki prosesinin izlənməsi isə 556 yerli müşahidəçi tərəfindən reallaşdırılır. Bu da hər məntəqəyə təxminən 10 müşahidəçi deməkdir.

Eyni zamanda rayon sakinlərinin bir hissəsi 117 saylı Oğuz-Qəbələ seçki dairəsinin məntəqələrində səs verəcəklər. Bu dairədə Qəbələyə aid 24 məntəqə seçki komissiyası fəaliyyət göstərir. Beləliklə iki DSK üzrə Qəbələdə ümumi seçici sayı 63 min 783 nəfərdir.

Müsahibimiz seçki öncəsi keçirilən maarifləndirmə tədbirlərindən də söz saldı. Bildirdi ki, ümumilikdə 324 nəfər treninqlərdə iştirak edib.

Mühüm amillərdən biri də dairə və məntəqə seçki komissiyalarında təmsil olunanlarla yanaşı əhalinin də Konstitusiyada olan dəyişikliklərlə ətraflı məlumatlandırılması və fərqli tərəflərinin onlara anlaşılan dildə şərh edilməsidir. Beləliklə də, 62 min 380 nəfərə bildiriş paylanıb və hər ailəyə dəyişikliklərin müqayisəli şəkildə əks olunduğu Referendum Aktının layihəsi təqdim edilib.

Dairə seçki komissiyasının sədri dedi ki, səs verən insanlardan 783 nəfər yaşı 80-100 yaş arasında olan seçicilərdir. 6 nəfər isə 100 yaşdan yuxarı olanlardır. Ümumilikdə isə 916 nəfər seçicinin məntəqə seçki komissiyasına səsverməyə gəlməsində çətinlik olduğu nəzərə alınıb. Bundan başqa, hərəkəti məhdud olanlar 580 nəfərdir. Bütün müvafiq amillər nəzərdə saxlanılmaqla hər bir vətəndaşın seçkidə iştirakı üçün lazımi şərait yaradılıb.

LƏNKƏRAN

Lənkəranda 4 seçki dairəsi 116 seçki məntəqəsini birləşdirir. Rayonda yaşayan 224 min nəfər əhalinin 115 min 625 nəfəri səsvermə hüququna malikdir. 1571 nəfər ilk dəfə səs verir. Referendumda iştirak edən vətəndaşlardan 1489 nəfəri 80-100 yaşlı, 3 nəfər isə 100 yaşdan yuxarı olanlardır. Referendumun gedişini birbaşa müşahidə etmək üçün 4 dairə üzrə 22 məntəqədə veb-kamera quraşdırılmışdır.

73 saylı Lənkəran şəhər seçki dairəsinin 4 nömrəli məktəb-liseyində yerləşən 17 saylı seçki məntəqəsində elektorat axınını müşahidə etdik. Səsvermə qutusuna ilk olaraq Lənkəran şəhər sakini, 90 yaşlı Şöhüb Kazımov yaxınlaşdı. O, səs verdikdən sonra dedi:

- Mən ölkədə keçirilən seçkilərdə həmişə fəal iştirak edirəm. Hər dəfə də səsvermələrin siyasi fəallıq şəraitində keçdiyinin şahidiyəm. Bu gün də referenduma gələnlərin sayının çoxluğunu görəndə ürəyim qürur hissi ilə doldu. Heç bir şübhə yoxdur ki, lənkəranlılar həmişə olduğu kimi, bu dəfə də mütəşəkkillik nümayiş etdirəcək, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı fikirlərini bildirəcəklər.

74 saylı Lənkəran kənd seçki dairəsinin məntəqələrində də elektoratın fəallığı hiss olunurdu. Gərmətük qəsəbə tam orta məktəbində yerləşən 2 saylı seçki məntəqəsinin sədri Beytulla Cəfərov təəssüratlarını bizimlə bölüşdü:

- Məntəqəmizdə səsvermənin normal gedişi üçün maksimum şərait yaradılıb. Siyahı üzrə - 1063 nəfər seçici qeydiyyatdadır. Komissiyanın üzvləri səsvermənin lazımi qaydada, qanunun tələblərinə uyğun keçməsi üçün səylərini əsirgəmirlər. Elə buna görə də indiyədək heç bir qanun pozuntusu baş verməyib və buna yol verilməyəcək.

Liman şəhər 1 saylı tam orta məktəbində yerləşən 4 saylı məntəqədə də istər yerli, istərsə də beynəlxalq müşahidəçilərin rəylərinə əsasən, ümumxalq səsverməsinin tam demokratik şəkildə davam etdiyini, heç bir qanun pozuntusuna yol verilmədiyini öyrəndik.

Səsvermə günü 76 saylı Lənkəran-Astara seçki dairəsinin Lənkəranda əhatə etdiyi daha bir neçə məntəqəyə baş çəkdik. Dairənin 13 saylı Xolmili kənd seçki məntəqəsində səsvermə zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədiyinin, vətəndaşların Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı fikirlərini ifadə etmək üçün sərbəst şəraitin yaradıldığının şahidi olduq. Müşahidəçilər də səsvermənin gedişini izləyir, yaradılan normal şəraitlə bağlı öz razılıqlarını diqqətə çatdırırdılar. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının müşahidəçisi Akif Abbasov:

- Mən səsvermə başlayandan buradayam. Əhalinin məntəqəyə necə həvəslə gəldiyinin şahidiyəm. Səsvermədə heç bir qanun pozuntusuna yol verilməyib. Öz müşahidələrim əsasında qətiyyətlə deyə bilərəm ki, referendum tam demokratik və obyektiv şəraitdə keçir. Səsvermə hüququna malik vətəndaşlar heç bir kənar təsir, müdaxilə olmadan sərbəst şəkildə səsvermədə iştirak edirlər.

BƏRDƏ

Çox haqlı olaraq Azərbaycan Respublikasının Konstitusiyasını ümummilli lider Heydər Əliyevin “Şah əsəri” adlandırırlar. Dünyanın ən demokratik dəyərlərindən qaynaqlanan Əsas Qanunumuz əsrin beşdə birindən çox zaman kəsiyində çətin, ağrılı-acılı, eyni zamanda şərəfli yolda nurlu mayaka çevrilib, uğurlu bələdçimiz olub. Bu yol bizi tərəqqiyə, inkişafa qovuşdurub. Bu illər ərzində dövlətimizin iqtisadi gücü müqayisəedilməz dərəcədə artıb, ordumuz bütün Qafqazın ən güclü modern ordusuna çevrilib, xalqımızın firavan həyatı təmin olunub. Dəyişən, yeniləşən zaman bütün sahələrdə olduğu kimi, Əsas Qanunda da dəyişikliklər edilməsini zərurət kimi qarşıya qoymuşdur. Bu gün ölkəmizdə ümumxalq səsverməsinə çıxarılan Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr məhz zamanın hökmü kimi qəbul edilməlidir.

Respublikamızın hər yerində olduğu kimi, Bərdədə də səsvermə tamamilə demokratik prinsiplər əsasında, şəffaf və ədalətli keçirildi. Rayon ərazisində bu mühüm siyasi kampaniyanı 93 və 94 saylı seçki dairələri gerçəkləşdirir. 93 saylı dairədə 50 məntəqə, 94 saylı dairədə isə 54 məntəqə fəaliyyət göstərir. Hər iki dairə üzrə seçicilərin sayı 88437 nəfərdir. Seçici fəallığı bütün məntəqələrdə aydın hiss olunur. Səsvermə prosesini mindən çox müşahidəçi izləyir. Müstəqil Araşdırmalar Mərkəzi (“ELS”) rayonda bir neçə seçki mənətəqəsində “exit-poll” həyata keçirir. Şəhər 3 nömrəli məktəbdə yerləşən 5 saylı məntəqədəki nəzarətçi Aynur Babazadə dedi ki, hələlik heç bir qanun pozuntusuyla rastlaşmayıblar. Bu məntəqədə seçici fəallığı da yüksəkdir. Saat 10-a kimi 200 nəfərə yaxın seçici səs vermişdir.

8 saylı məntəqə şəhər Mədəniyyət evində yerləşir. Burada seçici siyahılarına daxil edilənlərin sayı 1369 nəfərdir. 6 nəfər isə ilk dəfə səs verənlərdir. Bərdə şəhərinin mərkəzində yerləşən bu məntəqə demək olar ki, bütün seçki kampaniyalarında işin nümunəvi təşkili ilə fərqlənir. Burada seçicilərin öz iradəsini sərbəst şəkildə, heç bir maneə olmadan həyata keçirmələri üçün ideal şərait yaradılmışdır. Səhər-səhər səsvermə qutularının ətrafında əməlli-başlı növbə yaranmışdı. Rayonda peşəkarlığı ilə yaxşı tanınan həkim Mehman Abdullayevlə seçki məntəqəsinin qarşısında görüşürük. O, öz təəssüratlarını bizimlə həvəslə bölüşür:

- Səsverməyə həyat yoldaşım Mənsumə ilə birlikdə gəlmişik. O da həkimdir. Heç bir tərəddüd etmədən bülletendə əlavə və dəyişikliklərlə bağlı yer alan təkliflərə “hə” işarəsi qoyduq. Düşünürəm ki, biz bununla Heydər Əliyev siyasi kursuna sədaqətimizi bildirdik. Zamanın bütün sınaqlarından həmişə qalib çıxan bu kurs bir dövlət olaraq sosial-iqtisadi inkişafımızın təminatında, müdafiə qabiliyyətimizin güclənməsində, xalqın xoş güzəranında, firavan həyatında əsas qaynaqdır. Bu yolun bizi sabah daha böyük uğurlara qovuşduracağına inanırıq. Bunlara inandığımıza görə də səs veririk.

Seçici Rauf Həsənovun dedikləri:

- Mən müəlliməm. Ölkəmizdə gedən ictimai-siyasi proseslərdən, dinamik iqtisadi inkişafdan halıyam. Bərdə gözümüzün qarşısında dövlətin qayğısı ilə inkişaf edib, son illər müasir şəhərə çevrilib. Ən başlıcası odur ki, ölkəmizdə ictimai-siyasi sabitlik çox güclüdür. Dövlət öz vətəndaşlarının təhlükəsizliyini ən yüksək səviyyədə qoruyur. Dörd bir tərəfimizdəki qonşu dövlətlərdə hər gün terror, qan-qada, fəlakətlər baş verir. Biz isə əmin-amanlıq şəraitində yaşayırıq. Buna dəyər vermək lazımdır. Bunun ən doğru yolu dövlətimizin yeritdiyi siyasəti dəstəkləmək, zəruri məqamlarda Prezidentin yanında olmaqdır. Biz ziyalılar Konstitusiyaya əlavə və dəyişikliklərə “hə” deməklə öz fəal vətəndaş mövqeyimizi ortaya qoyuruq.

Qədim dövlətçilik ənənəsi olan Bərdə tarixi günlərini yaşayır. Bu bölgədə uşaqdan böyüyə hər kəs xalqımızın ümummilli lideri Heydər Əliyev ideyalarına hər zaman sədaqət nümayiş etdirir. Bu gün ümumxalq səsverməsində fəal iştirak etmək üçün səsvermə hüququ olan hər bir seçici könlünün hökmü ilə seçki məntəqələrinə həvəslə gedir, əsl vətəndaş mövqeyini ortaya qoyur, öz iradəsini sərbəst şəkildə ifadə edir.

ŞƏKİ

Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-na təyin edilən referendum Şəkidə də coşqu ilə keçirildi. Burada 3 dairə seçki komissiyasına aid 114 məntəqə seçki komissiyası fəaliyyət göstərir. 29 məntəqədə veb-kamera quraşdırılıb. Səsverənlərin sayı 111 min 694 nəfərdir. Bunlar 113 saylı Şəki şəhər, 114 saylı Şəki kənd birinci və 115 saylı Şəki kənd ikinci seçki dairələrindən ibarətdir.

113 saylı Şəki şəhər dairə seçki komissiyasının sədri Rəhman Qədirzadə məlumat verdi ki, səsvermə arzuolunan səviyyədə keçirilir. İnsanlar səhər tezdən rahat şəkildə məntəqələrə gəlirlər. DSK-nın tərkibində olan 29 məntəqə seçki komissiyasının hamısı lazımi texniki vasitələrlə təmin olunub. Qeydiyyatdan keçmiş 36 min 868 nəfərin təxminən 40 faizi günün birinci yarısında səs verib. 15 məntəqədə veb-kameraların quraşdırılması isə səsvermə zamanı baş verə biləcək qanun pozuntusu ehtimalını sıfıra endirir. Prosesin izlənməsi 302 nəfər yerli müşahidəçi tərəfindən reallaşdırılır.

Dairə seçki komissiyasının sədri səsverənlər arasında təbliğat və təşviqat işinin yüksək səviyyədə keçirilməsinin də seçki fəallığına müsbət təsirini qeyd etdi.

Qeyd olundu ki, səsverməyə 5 gün qalmış şəhərdə yaradılmış Şəki penitensiar xidmət müəssisəsində məntəqə yaradılıb. Orada da 1000-ə yaxın seçici səsvermə hüququndan istifadə edir.

115 saylı Şəki kənd ikinci seçki dairəsinin 35 saylı məntəqəsində də vəziyyət yaxşı idi. Məntəqə veb-kamera ilə təmin olunmuşdu. Məntəqə seçki komissiyasının sədri Rafiq Rəhimov məlumat verdi ki, səsverənlərin fəallığı aşkar şəkildə hiss olunur. İnsanların Konstitusiyamıza nəzərdə tutulan əlavə və dəyişikliklərdən gözləntiləri böyükdür.

Həmin məntəqəyə səs verməyə gələn Məmməd Baxışov referendumun keçirilməsinə münasibətini bildirdi: “Şübhəsiz, hər bir xalqın müqəddəratının həll olunmasında onun Konstitusiyası böyük əhəmiyyətə malikdir. Əsas Qanuna dəyişiklik və ya əlavələr edilməsi hər zaman baş verə bilməz. Əgər bu zərurət yaranıbsa, biz də vətəndaş olaraq reallığı düzgün qiymətləndirir və həmin dəyişiklikləri öz səsimizlə təsdiqləyirik. Təki, xalqımız üçün böyük uğurlara vəsilə olsun”.

FÜZULİ

Respublikanın digər bölgələrində olduğu kimi, cəbhə bölgəsində də sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi uğurla keçirildi.

Füzuli rayonunda da seçicilərin hüquqlarından istifadə etməsi üçün hər bir şərait yaradılıb. Səsvermə başlanan ilk saatlardan seçicilərin fəallığı diqqət çəkirdi, hər kəs öz seçimini etmək, ölkənin uğurlu gələcəyinə və inkişafına dəstək olmaq üçün məntəqələrə yollanırdı. Eyni zamanda seçki məntəqələrində səsvermənin şəffaf və demokratik keçirilməsi üçün hər bir şərait yaradılmışdı.

Baş çəkdiyimiz 84 saylı Füzuli seçki dairəsi üzrə 71 seçki məntəqəsi seçicilərin ixtiyarında idi. Seçki məntəqələrinin 46-sı rayonun işğaldan azad edilmiş ərazisində, 25-i isə respublikanın digər şəhər və rayonlarında yerləşir. Seçicilərin ümumi sayı 45 min 301 nəfərdir. Onlardan 404 nəfəri bu il ilk dəfə səsvermə hüququ əldə edib. 7 məntəqədə referendumun gedişini veb-kamera vasitəsilə onlayn izləmək mümkün olub. Səsvermə prosesini müxtəlif siyasi partiyaları və qeyri-hökumət təşkilatlarını təmsil edən 505 müşahidəçi izləyib.

Eyni zamanda bir müştərək - 83 saylı Ağcabədi-Füzuli seçki dairəsində də Füzulidən olan seçicilərin bir qisminin səsverməsi üçün lazımi imkanlar yaradılıb. 83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin seçki komissiyasının sədri Mübahir Nəsirov bildirdi ki, dairənin əhatə etdiyi 42 məntəqədə 38619 seçici səs verməlidir. Səsvermə prosesini 415 müşahidəçi izləyir. 1, 2, 21, 23 saylı məntəqələrdə veb-kamera quraşdırılıb. Səsvermə seçicilərin fəallığı şəraitində keçir.

ŞƏMKİR

Dövlətimizin və millətimizin gələcək inkişaf hədəflərinə istiqamətlənən konstitusiya islahatları ölkəmizin ictimai-siyası həyatında mühüm hadisədir. Bunu yaxşı başa düşən şəmkirlilər sentyabrın 26-da seçki məntəqələrinə gedərək bu dəyişikliklərə öz münasibətlərini bildirmişlər. Həmin gün respublikamızın hər yerində olduğu kimi, Şəmkirdəki 98 saylı Şəmkir şəhər, 99 saylı Şəmkir kənd və 100 saylı Şəmkir-Daşkəsən seçki dairələrində ümumxalq səsverməsi vətəndaş fəallığı ilə müşayiət olunmuşdur.

98 saylı Şəmkir şəhər dairə seçki komissiyasının sədri Nürəddin Əliyev deyir ki, 33 seçki məntəqəsi üzrə 34 min 980 nəfər seçici qeydiyyata alınmış, 12 seçki məntəqəsində veb-kamera quraşdırılmışdır. 267 nəfər gənc ilk dəfə səsvermədə iştirak etmişdir. 342 nəfər yerli müşahidəçi səsvermənin gedişini izləmişdir. Səsvermənin şəffaf və demokratik şəraitdə keçirilməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılmışdır.

Sentyabrın 26-da 99 saylı Şəmkir kənd dairə seçki komissiyasının məntəqələrində insanlar öz istəklərinə uyğun ümumxalq səsverməsində fəallıq göstərmişlər.

Bu dairə üzrə 40 seçki məntəqəsi fəaliyyət göstərir. 41 min 866 seçicinin qeydiyyata alındığı dairəni əhatə edən məntəqələrdən 5-də veb-kamera quraşdırılıb. Dairə seçki komissiyasının sədri Rafiq Məmmədov demişdir ki, məntəqələrdə səsvermənin gedişini müxtəlif siyasi partiyalar və qeyri-hökumət təşkilatlarını təmsil edən 401 yerli müşahidəçi izləmişdir. Onlardan biri, Azərbaycan Kommunist Partiyasının müşahidəçisi Nürəddin Həsənov deyir ki, seçki çox şəffaf və demokratik şəraitdə keçdi. Heç bir qanun pozuntusu qeydə alınmadı.

100 saylı Şəmkir-Daşkəsən dairə seçki komissiyasında 31 min 179 nəfər seçici qeydiyyata alınmış, 43 məntəqədən 8-də veb-kamera quraşdırılmışdır. Məntəqələrdə ilk dəfə səs verən 223 gəncə, eləcə də yaşı 80-ni keçmiş 992 nəfər ahıl səsverənə xüsusi diqqət və qayğı göstərilmişdir. Qeydiyyatdan keçmiş 441 müşahidəçi səsvermə prosesini izləmişdir. Şəffaf və demokratik şəraitdə keçən səsvermə zamanı heç bir qanun pozuntusu qeydə alınmamışdır.

İSMAYILLI

Yağmurlu hava şəraiti sentyabrın 26-da tamamilə fərqli idi. Sübh tezdən üfüqdən doğan günəşin şüaları təbiətdə bir canlanma yaratmışdı. Qeyri-iş günü olmasına baxmayaraq İsmayıllı rayonunun küçələrində bir canlanma müşahidə edilirdi. Axın edən insanların əsas yönləri məntəqə seçki komissiyalarına, oradan da geri istiqamətdə idi. Məqsəd Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı təyin edilən referendumda iştirak etmək, vətəndaşlıq borcunu yerinə yetirərək səs vermək idi.

İlk olaraq mərkəzdə rayonun ziyalılarından Məhərrəm Əhmədovla görüşürük. O, fikrini belə ifadə etdi: “İsmayıllı əhalisi bütün seçkilərdə hər zaman vətəndaş mövqeyini fəal şəkildə ifadə edib. Onlar Konstitusiyamıza edilən əlavə və dəyişikliklərlə bağlı keçirilən bu referendumda da ruh yüksəkliyi ilə iştirak edir. Seçkinin başlamasından təxminən yarım saat keçməsinə baxmayaraq burada xeyli sayda insan səsini verib”.

Əvvəlcə İsmayıllı Olimpiya İdman Kompleksində yerləşən 59 saylı məntəqə seçki komissiyasinda olduq. Burada seçici fəallığı var idi. İsmayıllı Peşə Tədris Mərkəzində təşkil edilmiş 86 saylı İsmayıllı dairə seçki komissiyasının 60 saylı məntəqəsində bunun şahidi olduq.

Təqaüdçü Rizvan Orucov səsvermədə iştirak etdikdən sonra dedi: “Mən çox sayda seçkilərdə iştirak etmişəm. Bu referendumun keçirilməsinin də tərəfdarıyam. Çünki Azərbaycan gənc dövlət olmasına baxmayaraq davamlı inkişafda olan ölkədir. Hesab edirəm ki, belədə də Əsas Qanunda dəyişikliyə ehtiyac yaranır. Dəyişikliyə təqdim olunan 29 maddənin əksər hissəsi ilə tanışam. Mövcud vəziyyətdə fəaliyyətdə olan müəyyən qanunlar var ki, onlar dövrün tələbləri ilə üst-üstə düşmür. Referendumdan sonra isə qanunvericilikdə olan həmin boşluqların doldurulmasına lazımi şərait yaranacaq və ölkəmizin daha da qüdrətlənməsinə təsir göstərəcək”.

Heydər Əliyev adına parkın ərazisindəki Gənclər Mərkəzində yerləşən 3 saylı İsmayıllı şəhər məntəqə seçki komissiyasının sədri Xalıq Xalıqov: “Treninqlər, maarifləndirmə tədbirləri müsbət effekt verib. Vətəndaşların referendumda iştirak fəallığı gözlənildiyindən artıqdır. 1332 nəfər seçicidən saat 10 radələrinə kimi 100 nəfərə yaxın səsvermədə iştirak edib”.

Rayon Ağsaqqallar Şurasının sədri İnqilab Həsənov: “Yaşım səksəni haqlayıb. Konstitusiyada ediləcək dəyişiklərin müqayisəli şəkildə hazırlanaraq vətəndaşlara paylanması yaxşı haldır. Hər bir kəs əvvəlcədən seçki məntəqəsinə nə üçün getdiyini və nəyə səs verdiyini bilir. Mən bütün dəyişiklikləri dəstəkləyir və xalqımız üçün xeyirli, uğurlu olacaq deyirəm”.

GORANBOY

Goranboyda iki dairə - 96 saylı Goranboy-Naftalan və 97 saylı Goranboy-Ağdam-Tərtər dairə seçki komissiyaları fəaliyyət göstərir.

96 saylı Goranboy-Naftalan dairə seçki komissiyasını əhatə edən 49 məntəqənin 5-i Naftalanda, 44-ü isə Goranboyda yerləşir. Məntəqələrin 7-də veb-kamera quraşdırılmışdır. 478 nəfər gənc ilk dəfə səsvermədə iştirak etmişdir.

Dairənin Dəliməmmədli şəhərindəki orta məktəbdə yerləşən 16 saylı məntəqəsində böyük canlanma var idi. Məntəqə seçki komissiyasının sədri Qabil Məmmədov bunun səbəbini görülən hazırlıq işlərinin nəticəsi kimi dəyərləndirdi. Dedi ki, məntəqədə 1279 səsverən qeydiyyata alınmışdır.

97 saylı Goranboy-Ağdam-Tərtər dairə seçki komissiyasında da Konstiusiyaya ediləcək dəyişikliklərlə bağlı keçirilən referendum seçicilərin fəallığı ilə müşayiət olunmuşdur. Dairə seçki komissiyasının sədri Faiq Məhərrəmovun verdiyi məlumata görə, Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsində heç bir qanun pozuntusuna yol verilməmişdir. Səhər saatlarından etibarən məntəqələrə gələn rayon sakinləri sərbəst şəkildə öz iradələri ilə dəyişikliklərə münasibətlərini bildirmişlər.

Qeyd olunmuşdur ki, dairəni əhatə edən 56 seçki məntəqəsində səsvermənin şəffaf və mütəşəkkil keçirilməsi üçün yüksək səviyyəli hazırlıq işləri görülmüşdür ki, bunun da nəticəsində səsvermə prosesi uğurla həyata keçirilmişdir. Seçkiləri 494 müşahidəci, o cümlədən Vətəndaş Həmrəyliyi, Bütöv Azərbaycan, Xalq, Böyük Quruluş, Ana Vətən və Sosial Rifah partiyalarının nümayəndələri izləmişlər. 110 nəfərdən artıq 80 yaşlı, iki nəfər isə 101 yaşlı seçici səsvermədə iştirak etmişdir.

GÖYGÖL

“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərin edilməsi haqqında” Referendum Aktının layihəsində təklif olunan dəyişikliklərlə bağlı sentyabrın 26-da keçirilən səsvermədə göygöllülər də fəal iştirak etmişlər. Bu barədə məlumat verən 101 saylı Göygöl-Daşkəsən dairə seçki komissiyasının sədri Abbas Zalov demişdir ki, səsvermə prosesi zamanı heç bir qanun pozuntusu qeydə alınmamışdır. Bunun da əsas səbəblərindən biri səsverməyə yüksək səviyyədə görülən hazırlıq işləridir. Dairəni əhatə edən 81 seçki məntəqəsinin hamısında bütün hazırlıq işləri plana uyğun aparılmışdır. Buna görə də insanlar mütəşəkkil qaydada məntəqələrə gəlmiş, təklif olunan dəyişikliklərə sərbəst şəkildə öz münasibətlərini bildirmişlər.

Rayon mədəniyyət evində fəaliyyət göstərən 1 saylı seçki məntəqəsində qeydə alınan səsverənlər daha çox fəallıq göstərmişlər. Məntəqə seçki komissiyasının sədri Vaqif Hacıyev demişdir ki, burada quraşdırılan veb-kamera səsvermənin demokratik və şəffaf keçirilməsinə imkan yaratmışdır.

MİNGƏÇEVİR

Energetiklər şəhərinin sakinləri müxtəlif siyasi kampaniyalarda həmişə fəal iştirak ediblər. Budəfəki referenduma isə onlar Prezident İlham Əliyevin tarixi səfərinin yaratdığı xoş ovqatla gəlirdilər. Bu da təsadüfi deyil.

Bir neçə gün əvvəl Mingəçevirə səfər edən ölkə rəhbəri burada müasir Sənaye Parkının təməlini qoymuş, nur şəhərinin yeni inkişaf dövrünün başlandığını bildirmişdi. Odur ki, Mingəçevir üçün, onun qədirbilən sakinləri üçün taleyüklü əhəmiyyət daşıyan bu tarixi səfərin yaratdığı xoş ovqat, yüksək əhvali ruhiyyə könüllərdə yuva qurduğu bir zamanda gündəmə referendumun gəlməsi bu siyasi kampaniyaya əlavə rəng qatmışdı. Seçki məntəqələrindəki mütəşəkkillik, diqqətçəkən siyasi fəallıq bu fikirləri söyləməyə əsas verirdi.

47 saylı Mingəçevir seçki dairəsi özündə 30 məntəqəni birləşdirir. Seçicilərin ümumi sayı 37347 nəfərdir. Günün birinci yarısınadək seçicilərin 30 faizdən çoxu səs vermişdi. 17 saylı məntəqə seçki komissiyasının sədri Ədalət Quliyeva dedi ki, səsvermə prosesi veb-kamera vasitəsilə izlənir. Seçki fəallığı normaldır. Heç bir qanun pozuntusuna yol verilmir, aşkarlıq, şəffaflıq təmin edilmişdir.

CƏLİLABAD

Cəlilabad əhalisinin sayına, ərazisinə görə respublikamızın ən böyük rayonlarındandır. Burada yaşayan, çalışan insanlar dövlətçiliyə, ümummilli liderin ideya-siyasi xəttinə həmişə sadiqdirlər. Onlar ölkəmizin iqtisadi qüdrətinin gücləndirilməsi, məhsul bolluğu yaradılması, iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı dövlətin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi üçün əllərindən gələni edirlər. Odur ki, cari ildə də rayonda taxıl, kartof, üzüm, heyvandarlıq məhsulları istehsalı sahəsində uğurlu nəticələr qazanılmışdır. Kənd təsərrüfatı işləri indi də səylə davam etdirilir.

Cəlilabadlılar ümumxalq səsverməsində (referendumda) yaxından iştirak etdilər. Qeyd edək ki, 3 dairə seçki komissiyası üzrə 88 məntəqə vardır. Həmin məntəqələrin əhatə etdiyi şəhər, qəsəbə və kəndlərdə seçicilərin ümumi sayı 98 min 899 nəfərdir. 67 saylı DSK-da 12, 68 saylı DSK-da 5 və 69 saylı DSK-da 3 məntəqədə veb-kamera quraşdırılmışdı.

Bir sözlə, dairə, məntəqələr üzrə ümumxalq səsverməsinə ciddi hazırlıq görülmüşdü. Səsvermənin keçirilməsinə məsul olan şəxslər üçün treninqlər keçirilmiş, onlara lazımi bilgilər verilmişdir. Hər bir məntəqə bütün zəruri avadanlıqlarla təchiz edilmişdir. Bildiriş, Konstitusiyaya edilən dəyişiklik və əlavələr barədə layihə vaxtında hər bir seçiciyə çatdırılmışdı.

Referendum günü səhər saatlarında məntəqələrdə olarkən bunun şahidi olduq. Səhər çiskin yağış yağmasına baxmayaraq, seçicilər tək-tək, iki-bir, üç-bir məntəqələrə gəlirdilər. 67 saylı DSK-nın 18 saylı məntəqəsində seçici fəallığı daha aydın görünürdü. Səs verib məntəqənin həyətində söhbət edən adamlara yaxınlaşdıq. Seçici Aydın Mustafayev dedi ki, mən ölkəmizin daha da çiçəklənməsinə, sülhə, əmin-amanlığa səs verdim. Konstitusiyada edilən dəyişikliklər, məncə, hamının ürəyincədir. Axı, sabitlik inkişafın başlıca şərtidir. Şükürlər olsun ki, Azərbaycan hazırda dünyanın ən sakit, dinc ölkəsidir. İnsanlar işləyir, azad şəraitdə yaşayır, qurub-yaradır, ömür sürürlər.

AĞCABƏDİ

Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsi məqsədilə keçirilən ümumxalq səsverməsində ağcabədili seçicilər də fəal iştirak edirdilər. Təsərrüfat işlərinin zərbəçi ahəng aldığı bir zamanda rayon sakinləri öz vətəndaş mövqelərini ortaya qoyur, səsverməyə çıxarılan məsələlərə münasibətlərini bildirirdilər.

Əvvəlcə 82 saylı Ağcabədi seçki dairəsinin sədri Nadir Qürbətovla həmsöhbət olduq. Komissiya sədri dedi ki, dairə üzrə seçici siyahılarına 45601 nəfər seçki hüququ olan vətəndaşların adı daxil edilmişdir. Onlardan 653 nəfər gənc ilk dəfə səs verənlərdir.

Baş çəkdiyimiz məntəqələrdə səsvermə qanunun tələblərinə əməl olunur, şəffaflıq təmin edilirdi, yeddi seçki məntəqəsinə quraşdırılmış veb-kamera seçki prosesini yaxından izləməyə imkan verirdi. Dairəyə daxil olan 46 məntəqənin hər birində səsvermənin gedişini çoxsaylı müşahidəçi izləyirdi. Bütövlükdə müşahidəçilərin sayı 470 nəfər idi. Səsvermə prosesində heç bir qanun pozuntusu qeydə alınmışdır.

QUBA

52 saylı Quba dairə seçki komissiyası üzrə seçicilərin sayı 44258 nəfərdir. Dairə üzrə seçki məntəqələri seçki qanunlarına uyğun olaraq bütün texniki avadanlıqlarla təmin edilib. Rayon üzrə fəaliyyət göstərən 72 seçki məntəqəsinin 10-da kameralar quraşdırılıb. 7 kamera rayon mərkəzini, 3-ü isə Vəlvələ, Dağlı və Qəçrəş kəndlərindəki məntəqələri əhatə edir.

Dairə üzrə 726 nəfər müşahidəçi qeydə alınıb.

53 saylı Quba - Qusar dairə seçki komissiyası 76 məntəqəni əhatə edir. Məntəqələrin 61-i Qubada, 15-i isə Qusarda yerləşir. Səsvermədə 40229 Quba, 7260 nəfər Qusar sakininin adı seçici siyahısına daxil edilib. 10 seçki məntəqəsində veb-kamera quraşdırılıb.

DSK-nın sədri Mübariz Abasov bildirdi ki, ilk dəfə səs verən gənclərin sayı 217 nəfərdir. İstər rayon mərkəzi, istərsə də kəndlərdə gənclər öz seçki fəallıqları ilə seçilirlər. 72 məntəqəmizin hər birində seçicilər seçki qanun və təlimatlarına uyğun şəkildə səs veriblər.

ZAQATALA

Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-na təyin edilən referendumla bağlı səsvermə prosesi Zaqatala rayonunda da yüksək səviyyədə keçib və seçki fəallığı bütün məntəqələrdə müşahidə olunub.

Rayon ərazisində 76 məntəqə seçki komissiyası fəaliyyət göstərir. Bunlardan 47-si 110 saylı, 29-u isə 111 saylı dairə seçki komissiyalarına aiddir. Dairənin tərkibinə daxil olan bu məntəqələr üzrə ümumilikdə 75 min 950 nəfər seçici qeydə alınıb.

DSK sədri Fikrət Mustafayevlə söhbət zamanı o bildirdi ki, günün birinci yarısı ilə müqayisədə fəallıq ikinci yarıda daha da artıb. İnsanlar seçki prosesində əsl vətəndaş təəssübkeşliyi nümayiş etdiriblər. Referenduma hazırlıq çərçivəsində aparılan söhbətlər, maarifləndirici məlumatlarla təminat da buna təsirsiz ötüşməyib, o cümlədən seçki məntəqələrinin zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik generatorları, rabitə şəbəkəsi və təhlükəsizlik avadanlıqları ilə təmin olunub.

111 saylı dairə seçki komissiyasının 5 saylı şəhər məntəqə seçki komissiyasında olduğumuz zaman burada həqiqətən də seçkiyə hazırlığın tələblər səviyyəsində olduğunu müşahidə etdik. Məntəqə seçki komissiyasının sədri Səfər Razıyev bildirdi ki, ümumilikdə seçki məntəqəsinə gələn bütün insanların vətəndaş hüquqlarını tamamilə uyğun şəkildə yerinə yetirmələri üçün çətinlik olmadı. Üstün tərəflərdən biri də o idi ki, hər bir seçici səs verdikdən sonra buranı xoş ovqatla tərk edirdi.

XAÇMAZ

Xaçmaz rayonunda iki seçki dairəsi fəaliyyət göstərir. 55 saylı Xaçmaz şəhər dairə seçki komissiyası rayon mərkəzində yerləşir. DSK-nın sədri Bəhram Ömərov bizimlə söhbətində bildirdi ki, 453 yerli müşahidəçinin izlədiyi səsvermə yüksək fəallıqla keçir.

Ümumiyyətlə, bu seçki dairəsində seçicilərin sayı 43823 nəfərdir. Dairə üzrə 42 məntəqə var. İlk dəfə səs verənlərin sayı 461, 80-100 yaşlı seçicilər 750 nəfərdir. 12 məntəqədə veb-kamera quraşdırılıb.

Səhər məntəqələr açılandan seçicilər bir-bir, iki-iki öz vətəndaşlıq borclarını yerinə yetirməyə gəlirdilər. Xaçmaz rayon Zərifə Əliyeva adına məktəb-liseydə fəaliyyət göstərən 1 saylı seçki məntəqəsinə baş çəkdik. Seçici siyahısında 1261 nəfər sakinin adı qeyd olunub. Məntəqədə seçkini 7 yerli müşahidəçi izləyirdi. Məntəqə üzrə ilk dəfə səs verənlərin sayı 4 nəfərdir, 2 xəstə qeydiyyata götürülüb. Onların da səs verməsini təmin etmək üçün xüsusi maşın və daşınan qutu ayrılıb. Məntəqədə səsvermənin gedişi quraşdırılan veb-kamera ilə izlənir.

Seçici Məhbubə Seyidəliyeva, Südabə Qoçabəyova, Kəmalə Niftəliyeva və digərləri bildirdilər ki, hər bir xaçmazlı ölkədə gedən proseslərdə yaxından iştirak edir, demokratiyanın inkişafına öz töfhəsini verir.

QAX

Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçirilən referendumda Qax rayonunun sakinləri fəal iştirak ediblər. 112 saylı Qax dairə seçki komissiyasının sədri Abdulkərim Rəsulovla söhbət zamanı bildirdi ki, rayonda 58 məntəqə seçki komissiyası var və seçici sayı 42 min 80 nəfər təşkil edir. Bunlardan 942 nəfəri ilk dəfə səs verənlərdir.

Bütün məntəqələrin seçkiyə hazır olması seçicilərin rahatlığına xidmət edib. 8 məntəqədə veb-kamera quraşdırılıb. Bunlardan 5-i şəhərdə, biri 16 saylı Qax-İngiloy məntəqəsində, digərləri 23 saylı Bum və 27 saylı Ləkit məntəqə seçki komissiyasında quraşdırılıb. Bütün məntəqələrin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün generatorlarla təminat həyata keçirilib. Məntəqələrdə təmsil olunan 6 üzvdən 3 nəfəri YAP və seçicilərin təşəbbüs qrupundan olan bitərəflər, digərlərində Böyük Quruluş, Azərbaycan Demokratik İslahatlar və Vətəndaş Həmrəyliyi partiyaları təmsil olunmuşlar.

Təbliğat və təşviqat kampaniyaları üçün xüsusi yerlərin ayrılması da seçici fəallığına müsbət təsir edib. Bundan başqa, məntəqə seçki komissiyalarının üzvlərinə daxili treninqlər keçirilib. Məşğələ xarakterli tədbirlər 348 üzvü əhatə edib. Bundan əvvəl DSK və məntəqə sədrləri üçün də lazımi tədbirlər keçirilib. Bütün insanların maarifləndirilməsi təmin olunub.

Nəticə referendum günü özünü göstərib.

NEFTÇALA

61 saylı Neftçala DSK-nın sədri Şaiq Məmmədovdan öyrəndik ki, dairə üzrə 41 səsvermə məntəqəsi və 41 min 565 nəfər səsverən var. 5 məntəqədə veb-kamera quraşdırılıb. Qeydə alınmış 126 nəfər müşahidəçinin səsvermənin gedişini izləməsi üçün hər cür şərait yaradılıb.

Bir neçə məntəqədə olduq. 3 saylı seçki məntəqəsi rayon mədəniyyət sarayında yerləşir. Burada 1123 nəfər səsverən var. Onlar üçün burada tam azad mühit yaradılıb. Məntəqədə veb-kamera quraşdırılıb və 10 müşahidəçi səsverməni izləyir. Səs verən Gülxanım Abdulhüseynova öz təəssüratını belə ifadə edir: “Ali təhsilim var. Başa düşürəm ki, Konstitusiyaya edilən dəyişikliklər və əlavələr zamanın tələblərindən irəli gəlir. Həyat bir yerdə dayanıb durmur. Ölkəmiz müstəqilliyinin son 15 ilində görün nə qədər inkişaf edib. Buna görə belə bir referendumun keçirilməsini labüd hesab edirəm. Onu da bildirmək istəyirəm ki, bütün bu məsələlər beynəlxalq təcrübədə, bir çox ölkələrin “Ana Qanun”unda vardır”.

Məntəqə üzvü, Sosial Rifah Partiyasının təmsilçisi Əlihadi Ağayevdən səsvermənin necə keçirildiyini soruşuruq. “Atalar: “Görünən dağa nə bələdçi?!”- deyiblər. Özünüz əyani olaraq görürsünüz. Hər bir səsverən üçün öz münasibətini azad, şəffaf, demokratik şəkildə ifadə etməyə şərait vardır. Məntəqəmizdə xəstə səsverənlər də diqqət mərkəzindədir. Məntəqə üzvləri daşınan qutularla onlara baş çəkirlər”.

7 saylı məntəqədə də qələbəlikdir. Məntəqə üzrə 1276 nəfər səsverən, 10 nəfər müşahidəçi var. Səsvermədən qayıdan Tapdıq Yadigarlıdan səsvermə haqqında fikrini soruşuruq. “Səsverməyə böyük həvəslə, ümidlə gəlmişəm. Arzum budur ki, Vətənimizdə hər şey yaxşı olsun. Torpaqlarımız ermənilərdən alınsın, güzəranımız daha xoş keçsin. Bunlarla bağlı gümanımız, inamımız indiki iqtidaradır”. DSK-nın katibi, Bütöv Xalq Cəbhəsi Partiyasının təmsilçisi Ramal Kərimov isə məntəqədə səsvermənin azad, şəffaf, demokratik keçdiyini bildirdi.

QUSAR

51 saylı Qusar dairə seçki komissiyasının sədri Cəlil İbrahimov bizimlə söhbətində bildirdi ki, dairə üzrə səsverənlərin sayı 45878 nəfərdir. 62 məntəqə daimi, biri isə səsvermə günü yaradılıb. Prosesi izləyəcək müşahidəçilərin sayı 616 nəfərdir. DSK üzrə 817 nəfər ilk dəfə səs verəcək. Yaşı 80-ni adlamış seçicilərin sayı 1286 nəfərdir.

51 saylı Qusar dairə seçki komissiyasının 1 saylı məntəqəsi Bəhruz Ağaverdiyev adına 1 saylı məktəbdə formalaşıb. Məntəqə seçki komissiyasının sədri Kamran Cavadov bildirdi ki, səsvermədə 1059 nəfər seçici iştirak etməlidir. Səhər səsvermə başlayandan məntəqənin heyəti Roza Əlibabayeva, Elnur Əsgərov, Təranə Salmanova, Raniyə Nəzərova və Zemfira Salmanova seçicilərə adlarını siyahıda tapmaqda kömək edirlər.

Öyrənirik ki, məntəqədə ilk dəfə səs verən 18 nəfər gənc artıq birinci olaraq öz vətəndaşlıq borcunu yerinə yetirib. Pakizə Əlirzayeva, Sabir Ağabəyov və başqaları seçkinin demokratik şəkildə keçirildiyini bildirdilər.

LERİK

Lerik şəhəri yuxudan erkən oyanmışdı. Dağların arxasından boylanan payız günəşinin şəfəqləri yaşıl yamaclara, barlı-bəhrəli alma bağlarına düşmüşdü. Geyinib-keçinmiş ağsaqqallar, cavanlar iki-bir, üç-bir söhbət edə-edə şəhərdəki seçki məntəqələrinə üz tuturdular.

Ulu öndərin adını daşıyan meydan ilə irəlilədikcə son illərin tikinti-quruculuq işləri görünür. Burada kənd təsərrüfatı idarəsinin üçmərtəbəli binası yenicə istifadəyə verilib. Heydər Əliyev Fondunun dəstəyi ilə ucalan uşaq bağçası qapılarını yaxın günlərdə körpələrin üzünə açacaq. Zuvand çayından şəhərə su kəməri çəkilib, fəvvarələr tikilib. İlk dəfə səs verməyə gələn gənclər əvvəlcə ulu öndərin abidəsi önünə gül qoydular.

Şəhərdəki üç seçki məntəqəsindən biri 3 saylı şəhər tam orta məktəbində yerləşir. Burada veb-kamera quraşdırılıb. Seçicilər növbə ilə içəri daxil olurlar. İkinci Dünya müharibəsinin veteranı, 91 yaşı tamam olmuş Daşdəmir Paşayev komissiya üzvlərinin əyləşdiyi masaya yaxınlaşıb şəxsiyyət vəsiqəsini təqdim edir. Səsvermə siyahısında adı qarşısında imza atıb bülleteni alır. Kabinaya keçib vətəndaşlıq borcunu yerinə yetirir. Onun tay-tuşlarından Vəliağa Şahpələngov, Beytulla Şıxəliyev, Tofiq Bədəlov Konstitusiyada dəyişikliklərə və əlavələrə birincilər sırasında səs verirlər. Komissiya sədri ilk dəfə səs verən Zahidə Quliyevaya gül dəstəsi verib ad günü münasibətilə təbrik edir.

Günün axırında 78 saylı Lerik dairə seçki komissiyasının sədri İdris Şıxəliyevdən öyrəndik ki, 108 seçki məntəqəsinin hər birində səsvermə belə yüksək fəallıq şəraitində keçmiş, qayda-qanuna tam əməl olunmuşdur.

TƏRTƏR

Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsi ilə əlaqədar ümumxalq səsverməsi cəbhə bölgəsi olan Tərtərdə də demokratik prinsiplər əsasında həyata keçirilir. Vətənin müdafiəsində, təsərrüfat, abadlıq-quruculuq işlərində hər zaman fəal olan tərtərlilər yenə də nikbindirlər. 95 saylı dairə seçki komissiyasının əhatə etdiyi şəhərdə, kənd və qəsəbələrdə səsvermə demokratik prinsiplərə uyğun qaydada həyata keçirilir. Dairə seçki komissiyasının sədri Həmid Mehdiyevin dedikləri:

- Dairənin əhatə etdiyi seçki məntəqələrinin 8-i şəhərdə, 30-u isə kəndlərdədir. Səsvermə hər yerdə qanunvericiliyə uyğun qaydada davam edir. Hələ ki dairə seçki komissiyasına heç bir şikayət daxil olmamışdır. Məntəqələrdə 383 nəfər səsvermənin gedişinə nəzarət edir. Ümumi seçici sayı 37880 nəfərdir. Bunun 528 nəfəri 18 yaşı yenicə tamam olub ilk dəfə səsvermə hüququ qazanan gənclərdir.

Öyrənirik ki, səsvermədə şəfafflığı təmin etmək məqsədilə 6 şəhər, 2 kənd məntəqəsində veb-kameralar quraşdırılmışdır. 1, 3, 5, 6 saylı şəhər, 31 saylı Qaradağlı, 25 saylı Hacıqərvənd, 27 saylı Seydimli, 23 saylı Sarıcalı seçki məntəqələrində seçki fəallığı daha üstündür.

Tərtər həm də uzunömürlülər diyarıdır. Ümumxalq səsverməsində seçici siyahılarına yaşı 80-100 arasında olan 1074 nəfərin adı daxil edilmişdir. Bunlardan 23 nəfərin yaşı 100-dən yuxarıdır. Soylan kənd sakini Qədimova Bənövşə Mürsəl qızı ömrünün 104 ilini arxada qoysa da, gümrahdır. Deyir ki, firavan yaşamalı dövran indidir. Bu hökumət adamların qayğısına yaxşı qalır. Mən bu hökumətin möhkəmlənməsinə səs verirəm. Qoy ordumuz güclü olsun. Güclü olsun ki, torpaqlarımızı işğalçılardan azad edək, erməni kafirlərindən şəhidlərimizin qisasını alaq.

SALYAN

Referendum xalqın iradəsini, arzu və istəyini əks etdirir. Bu mənada 26 sentyabr tarixdə keçirilən ümumxalq səsverməsi müstəsna əhəmiyyətə malikdir. Əsas Qanunumuz olan Azərbaycan Respublikası Konstitusiyasına edilən dəyişikliklər və əlavələr ölkəmizin inkişafında mühüm rol oynayacaqdır. Buna görə də salyanlı səsverənlər bu tədbirdə fəal iştirak etməyi özlərinə borc bilirdilər. 59 saylı Salyan DSK üzrə 40 məntəqə və 38 min 422 nəfər səsverən var. Mühüm əhəmiyyətli bu ictimai-siyasi kampaniya ilə əlaqədar rayonda ciddi hazırlıq işləri aparılmışdır. Dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər keçirilmiş, təşviqat qrupları Salyanda olmuş, RİH başçısının sərəncamı ilə ayrılan qapalı və açıq yerlərdə səsverənlərlə söhbətlər aparılmışdır. Seçicilər Konstitusiyaya ediləcək dəyişiklik və əlavələr barədə qabaqcadan ətraflı məlumat almışlar. Məntəqələrdə bütün hazırlıq işləri yüksək səviyyədə yerinə yetirilmişdir.

7 saylı məntəqə şəhid Azər Səfərov adına inteqrasiya təlimli internat tipli gimnaziyanın binasında yerləşir. Yol boyu məntəqəyə gedən və qayıdanlar bir-biri ilə qarşılaşırlar. Məntəqənin qapısından bayıra çıxan bir qadından - Xuraman Kərimovadan necə səs verdiyini soruşuram. O dedi: “Ali təhsilli neftçiyəm. Səsvermə şəffaf və demokratik keçir. Bülleten alıb kabinaya keçdim, göstərilən dəyişiklik və əlavələrə öz münasibətimi bildirdim. Əminəm ki, bunlar xalqımız üçün xeyirli olacaq”.

60 saylı Salyan-Neftçala dairəsi üzrə 39 məntəqə vardır ki, bunun da 35-i Salyan, 4-ü isə Neftçala rayonunun ərazisindədir. Səsverənlərin 33 min 663 nəfəri Salyan, 4 min 798 nəfəri isə Neftçalanın payına düşür. Dairə üzrə 402 müşahidəçi qeydə alınmış, məntəqələrdə 5 veb-kamera quraşdırılmışdır. Dairənin 11 saylı məntəqəsi Qarabağlı kəndində yerləşir. Adamlar dəstə-dəstə məntəqəyə gəlib səsvermədə iştirak edirlər. Kəmənd Rüstəmova yaxınlaşıb səsvermənin keçirilməsi barədə fikrini öyrənirik. “Mən sahibkaram. Bizim üçün dövlət hər cür şərait yaradıb. Heç kəs bizə dəyib-dolaşmır. Halal zəhmətlə ailəmizi firavan dolandırırıq. Mən bu hökumətə, onun nəzərdə tutduğu işlərin həyata keçirilməsinə səs verdim”- deyir.

SAMUX

Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumun şəffaf və demokratik keçirilməsi üçün 102 saylı Samux-Şəmkir dairə seçki komissiyasının məntəqələrində yüksək səviyyədə hazırlıq işləri görülmüşdür.

Dairədə 51 məntəqə fəaliyyət göstərir ki, onlardan 44-ü Samuxda, 7-si Şəmkir rayonundadır. 45 min 388 seçicinin 38 min 610-u Samuxda, 6 min 778-i Şəmkirdə qeydə alınmışdır. Söhbət zamanı dairə seçki komissiyasının sədri Bayram Qasımov dedi ki, 9 məntəqədə veb-kamera quraşdırılmış, hər bir seçiciyə bildiriş təqdim olunmuşdur: “Səsvermənin mütəşəkkil keçirilməsi üçün seçici siyahıları dəqiqləşdirilmişdir. Məntəqələrin rabitə xətlərinin yüksək səviyyədə işləməsi diqqətdə saxlanılır. Referendum Aktının layihəsinə uyğun olaraq Azərbaycan Respublikası Konstitusiyasının ümumxalq səsverməsinə çıxarılan hissələrinin müqayisəli təqdimatı seçiçilərə paylanmışdır ki, bu da səsvermə zamanı ləngimələrə yol verilməyəcək. Seçkiləri müşahidə etmək üçün 565 nəfər qeydiyyatdan keçmişdir”.

1 saylı seçki məntəqəsində olduq. Digər məntəqələrdə olduğu kimi, burada da yüksək səviyyədə hazırlıq işləri görülmüşdü. Məntəqənin sədri Rəna Həsənova dedi ki, məntəqədə 1430 seçici Konstitusiyaya ediləcək dəyişikliklərə öz münasibətini bildirməlidir. Səsvermənin şəffaf keçirilməsi üçün məntəqədə veb-kamera quraşdırılıb, müşahidəçilər qeydə alınıb.

Ümumiyyətlə, 102 saylı Samux-Şəmkir seçki dairəsinin bütün məntəqələrində seçkilərin şəffaf və demokratik keçirilməsi üçün bütün şərait yaradılmışdır. Bunu səsvermə günü hər bir seçici hiss etdi və onlar Azərbaycan xalqının həyatında önəmli rol oynayacaq bu referendumda fəallıq göstərdilər.

MASALLI

Referenduma yaxşı hazırlığın nəticəsi idi ki, Masallıda da seçicilər məntəqələrə böyük həvəslə gəlirdilər. 70 saylı Masallı şəhər DSK-nın sədri İlkin Hüseynov bu faktı xüsusi vurğuladı. O qeyd etdi ki, 43 seçki məntəqəsinin hamısında lazımi hazırlıq işləri əvvəlcədən görülüb. Dairə üzrə 39 min 628 seçici qeydə alınıb. 11 məntəqədə veb-kameralar quraşdırılmışdır. İlk dəfə səs verənlərin sayı 786 nəfərdir. 521 müşahidəçi qeydiyyatdan keçib.

Qasımlı kəndindəki 36 nömrəli seçki məntəqəsinə də baş çəkdik. Burada da fəallıq var idi. Kənd ağsaqqalı Ələkbər Rufullayev: “Konstitusiyaya edilən dəyişikliklər zamanın tələbidir”. Gənc seçici Azad Rzayev: “Bu dəyişikliklər ölkəmizin inkişafına, dövlətimizin qorunmasına hesablanmışdır”.

38 nömrəli seçki məntəqəsinə səs verməyə gələn təqaüddə olan müəllim Eyvaz Məcidov: “Azərbaycan demokratik inkişaf yolu seçmiş ölkədir. Odur ki, insan amilini daim uca tutur. Konstitusiyaya ediləcək dəyişikliklərin əksəriyyəti də bu amillə bağlıdır”.

71 saylı DSK üzrə isə 42 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərin ümumi sayı 34 min 67 nəfərdir. Seçicilərdən 100 yaşdan yuxarısı 3 nəfər, 80-100 yaş arası 724 nəfərdir. İlk dəfə səs verənlər 786 nəfərdir. Seçki dairəsinin Ərkivan qəsəbəsində yerləşən 38 nömrəli seçki məntəqəsində əsl coşqunluğun şahidi oluruq. Məntəqənin müdiri Akif Ağayev dedi ki, 727 nəfər seçicimiz var. Sonra o, səs verən seçicilərdən 80 yaşlı şəhid atası Seyidağa Əliyev, 83 yaşlı Şərbət Əzimov, Alçagül Əzizova, Mirkərim Əliyev və 74 yaşlı Xanlar Xəlilovla bizi tanış etdi. Onlar ailəlikcə - övladları, nəvələri ilə birlikdə səsvermədə iştirak edirdilər.

QAZAX

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər edilməsi məqsədilə keçirilən ümumxalq səsverməsi seçici fəallığı ilə müşayiət olunmuşdur.

107 saylı Qazax dairə seçki komissiyasının sədri Xəyyam Salehovun verdiyi məlumata görə, seçicilər səhər tezdən məntəqələrə gələrək müstəqil Azərbaycanın gələcəyi naminə keçirilən referendumda iştirak etməklə öz vətəndaşlıq borclarını yerinə yetirmişlər.

Seçki dairəsi 38 məntəqəni özündə birləşdirir ki, bu məntəqələrdə də 45 min 985 seçici qeydiyyatdan keçmişdir. Mərkəzi Seçki Komissiyasının təqvim planına uyğun olaraq bütün məntəqələrdə seçkilərə hazırlıq işi yüksək səviyyədə həyata keçirilmiş, rabitə, elektrik enerjisi və s. avadanlıqlarla vaxtında təmin edilmişdir. Hər bir seçici bildirişlərlə, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının ümumxalq səsverməsinə çıxarılan hissələrinin müqayisəli təqdimatı, eləcə də Referendum Aktının layihəsi bütün seçicilərə qabaqcadan paylanmışdır.

Seçkilərdə 80-100 yaş arası 1424 nəfər, yaşı 100-dən yuxarı olan isə 8 nəfər iştirak etmişdir. İlk dəfə səs verənlərin sayında da artım olmuşdur. Keçən seçkilərdən fərqli olaraq 543 nəfər gənc ilk dəfə seçkilərdə iştirak etmişdir.

384 nəfər müxtəlif partiyaların və qeyri-hökumət təşkilatlarının nümayəndəsi seçkilərin gedişini izləmiş və heç bir qanun pozuntusu qeydə almamışlar. Beləliklə, qazaxlılar ümumxalq səsverməsində fəallıqla iştirak edərək, öz vətəndaşlıq borclarını fəallıqla yerinə yetirmişlər.

ASTARA

Saat 11:00-da Astara rayonunda seçici fəallığı daha çox hiss olunurdu. Bunu şəhər 1 saylı seçki məntəqəsinin qarşısında toplaşanların üzündən də görmək olardı. Rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev ilk səsverənlərdən idi. O dedi:

- Bu gün hər bir seçici aydın dərk edir ki, ümumxalq səsverməsində iştirak etmək onun konstitusiya hüququdur. Ona görə də biz bugünkü referenduma böyük həvəslə gəlmişik. Məni sevindirən odur ki, bu dəfə də fəallıq və mütəşəkkillik çoxdur. Hamı başa düşür ki, ölkənin siyasi həyatında fəal iştirak etmək lazımdır. Ölkədə və rayonumuzda son illər baş verən əsaslı dəyişikliklər, aparılan tikinti və quruculuq işləri, sosial problemlərin həlli məqsədilə həyata keçirilən nəhəng proqramlar hər bir azərbaycanlıda sonsuz fərəh və minnətdarlıq duyğuları yaratmışdır. Seçicilərin fəallığını mən bunda görürəm.

İlk dəfə səs verən Aytən Kərimzadə isə sevincini bölüşərək dedi ki, dövlətimiz və xalqımız üçün olduqca önəmli olan bu mühüm siyasi kampaniyada iştirak etməkdən, belə azad, demokratik bir ölkədə yaşamağımdan böyük məmnunluq hissi keçirirəm.

Rayonda referendumun şəffaf, ədalətli və tam obyektiv keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Bunu referendum ərəfəsində və səsvermə günü məntəqələrdə müşahidəçi kimi iştirak edən həm müxalifət, həm də qeyri-hökumət təşkilatlarının nümayəndələri açıq etiraf edirlər. Vətəndaş Həmrəyliyi Partiyası rayon təşkilatının sədri Səfərəli Teymurzadə dedi ki, hər yerdə olduğu kimi, 21 saylı Seləkəran kənd seçki məntəqəsində də seçki qanunvericiliyinin tələblərinə ciddi əməl olunur. Seçicilər tam şəffaf, azad şəkildə səsvermədə iştirak edir, heç bir qanunsuzluq halları ilə rastlaşmırlar.

ŞABRAN

54 saylı Şabran-Siyəzən dairə seçki komissiyası üzrə seçicilərin sayı 50226 nəfərdir. 70 məntəqənin 46-sı Şabranın, 24-ü isə Siyəzənin payına düşür. DSK üzrə müşahidəçilərin sayı 500-ə yaxındır. Dairə üzrə ilk dəfə səs verənlərin sayı 501, yaşı 80-100 arası olanlar 667 nəfərdir.

DSK sədri Saleh Təhməzov bildirdi ki, əvvəlki seçkilərdə məntəqələrimizin çox az hissəsində veb-kameralar vardı: “Bu səsvermədə isə 10 məntəqədə kameralar quraşdırılıb. Şabran 1, 2, 3 və Siyəzən 46, 47, 49, 50 saylı və digər məntəqələrdə quraşdırılan kameralar vasitəsilə seçkinin gedişatını birbaşa izləmək mümkün olmuşdur”.

Səsvermə günü olduğumuz 48 saylı seçki məntəqəsində böyük canlanma var idi. Məntəqənin sədri R. Yarıyev bildirdi ki, referendumda iştirak edən 1429 nəfərin 14-ü ilk dəfə səs verənlərdir.

Məntəqədə həmsöhbət olduğumuz Xəyyam Musayev, Yaqub Balayev, Anaxanım Dəmirova, Leyla Əhmədova və daha bir neçə seçici səsvermənin gedişindən razı qaldıqlarını bildirdilər.

YARDIMLI

72 saylı Yardımlı-Masallı DSK 82 məntəqəni əhatə edir. Onların 68-i Yardımlıda, 14-ü Masallı rayonundadır. Referendumda DSK üzrə 40 min 225 seçicinin səs verməsi nəzərdə tutularaq hamısının ünvanlarına bildirişlər göndərilib. 644 nəfər ilk dəfə, yaşı 100-dən yuxarı olan 4 nəfər bu referendumda iştirak sevinci yaşayırdı.

Buludlu hava referendum günü günəşli hava ilə əvəz olunmuşdu. Sanki təbiət də yardımlıların iradəsinə dəstək vermək üçün dəyişmişdi. İnsanlar həvəslə seçki məntəqələrinə gəlib öz iradələrini ifadə edirdilər.

Yardımlı şəhər 1 saylı məntəqədə səs verən təqaüdçü Rita Məmmədova söhbət zamanı dedi: “Konstitusiya islahatının ölkəmizin inkşafında yeni dövrün başlanğıcı olacağına inanıram. Təklif olunan dəyişiklikləri zəruri sayıram. Ölkə inkişaf etdikcə onun idarəedilməsində yeni mexanizmin ortaya çıxması təbiidir. Onun zamanın nəbzinə uyğun mükəmməl qanunları olmalıdır. Ona görə də Referendum Aktını dəstəkləyərək səs verdim”.

Elə həmin məntəqədə öz təşəbbüsü ilə müşahidə aparan Kərəm Şabiyev isə seçkilərin gedişi barədə bildirdi ki, heç kəsin iradəsinə zidd hal müşahidə etməyib.

72 saylı Yardımlı-Masallı DSK-nın sədri Qabil Canaliyev isə bildirdi ki, seçkiləri 868 müşahidəçi izləyib. Hər məntəqəyə 10 nəfərdən çox müşahidəçi düşür. Onlar, əsasən, Yeni Azərbaycan, bələdiyyələr və “Vətəndaş Cəmiyyəti” təşəbbüs qruplarını təmsil edirdilər. Seçkilərin gedişi ilə əlaqədar hər hansı bir qanun pozuntusuna dair müraciətin daxil olmaması o deməkdir ki, Yardımlıda seçkilər azad və demokratik keçirilib.

BİLƏSUVAR

66 saylı Biləsuvar dairə seçki komissiyası 44 seçki məntəqəsini əhatə edir. DSK-nın sədri Əzizağa Hətəmov söhbət zamanı dedi:

- Dairə üzrə 48 min 16 nəfər seçici var. 4 seçicinin yaşı 100-dən yuxarıdır, 347 nəfər isə səsvermədə ilk dəfə iştirak edir. 10 məntəqədə veb-kamera quraşdırılıb. Təşviqat kampaniyası dövründə Konstitusiyanın ümumxalq səsverməsinə çıxarılan maddələrinin müqayisəli təqdimatı, habelə Əsas Qanunumuza edilən əlavələr haqqında məlumat seçicilərə paylanıb. 536 yerli müşahidəçi qeydiyyatdan keçib və hazırda onlar seçkilərin gedişini təyin olunduqları məntəqələrdə izləyirlər.

1 saylı seçki məntəqəsinin qarşısında Biləsuvar şəhər sakini, təqaüddə olan 75 yaşlı ziyalı Qəhrəman Şahbazovla görüşüb təəssüratlarını dinlədik. O, son 13 ildə qazanılan uğurlardan, ölkəmizin dünya miqyasında artan nüfuzundan, bütün sahələrdə baş verən sürətli tərəqqidən, regionların inkişafı fonunda Biləsuvarın bugünkü simasından söz açıb axırda dedi: “Mən də gələcək firavanlığımız naminə bütün ailə üzvlərimlə birlikdə səsvermədə iştirak etməyə gəlmişəm”.

Şəhər 3 saylı seçki məntəqəsinin qarşısında dayanan gənclər də diqqətimizi çəkdi. Məntəqənin qarşısındakı seçici siyahısında adlarını axtaran 18 yaşı tamam olmuş gənclərdən birinə yaxınlaşdıq:

- Əmrah Bayramov, - deyə özünü təqdim etdi. - 1998-ci il təvəllüdlüyəm. Səsvermə hüququmdan birinci dəfədir istifadə edirəm. Çox sevincliyəm. Axı referendumda irəli sürülən müddəalara mən də münasibət bildirəcəyəm.

21 saylı Nəsimi kənd seçki məntəqəsində isə Böyük Quruluş Partiyasının təmsilçisi Ağamirzə Babayev söhbət zamanı dedi: “Seçicilərin fəallığı yüksəkdir. Səsvermə şəffaf, ədalətli, demokratik şəraitdə keçir. Heç bir qanun pozuntusu müşahidə edilməmişdir. Əminik ki, səsvermə bu minvalla başa çatacaq”.

HACIQABUL

58 saylı Hacıqabul seçki dairəsi 49 məntəqəni (bunlardan 48-i Hacıqabul ərazisindədir) əhatə edir. Səsverənlərin ümumi sayı 44 min 343 nəfərdir.

Bütün seçki məntəqələrində normal iş şəraiti yaradılmış, 8 məntəqədə veb-kamera quraşdırılmışdır. Səsvermə dairəsi üzrə 652 nəfər müşahidəçi qeydə alınmışdır. Bunlardan 147 nəfəri YAP, bələdiyyə və “Vətəndaş Cəmiyyəti” təşviqat qruplarının payına düşür.

1 saylı seçki məntəqəsində “Vətəndaş Cəmiyyəti” referendum təşviqat qrupunun müşahidəçisi Aynurə Pənahova dedi: “Hər hansı qanun pozuntusu olmayıb. Səsvermə obyektiv və şəffaf keçir. İnsanlar səsvermədə ruh yüksəkliyi ilə iştirak edirlər”.

Bələdiyyə referendum təşviqat qrupunun müşahidəçisi Mail Nuriyev bildirdi: “Səsvermə zamanı fəallıq müşahidə olunur. Qanun pozuntusu və Seçki Məcəlləsinin tələblərinin pozulması halları baş verməmişdir”.

Səsverən Həbibova Göyçək isə dedi: “1 saylı seçki məntəqəsində səsvermədə iştirak edirəm. Konstitusiyaya dəyişiklik zamanın tələbindən irəli gəlir və bunu müsbət hal kimi qiymətləndirirəm, demokratiyaya səs verdiyimi bilirəm”.

XIZI

44 saylı Sumqayıt - Xızı dairə seçki komissiyasının 32 saylı seçki məntəqəsi Sitalçay kəndindəki Nicat Allahverdiyev adına tam orta məktəbdə fəaliyyət göstərir.

Məntəqə seçki komissiyasının sədri Xanımzadə Hətəmova bizimlə söhbətində bildirdi ki, səhər səsverməyə start veriləndən seçicilər məntəqəyə gəlir və sərbəst şəkildə səs verirlər. Məntəqədə seçicilərin sayı 1349 nəfərdir. 32 saylı məntəqənin əməkdaşları Səidə Məmmədova, Mübariz Ələkbərov, üzvləri İradə Əliyeva və Gülnar Əbilova seçicilərə adlarını siyahıda tapmaqda kömək edirlər. X.Hətəmova bildirir ki, məntəqədə ilk dəfə səs verənlər 5 nəfərdir. Nərgiz Nuriyeva, Rüfət Məlikov və digər gənclər ilk dəfə səs verməklərinin referendumla bağlı olduğundan məmnun olduqlarını deyirlər.

Biz məntəqədə olan zaman “N” saylı hərbi hissənin zabit və əsgərləri də səs verirdilər. Vətənin müdafiəçiləri inkişafa, sabitliyə, torpaqlarımızın tezliklə azad ediləcəyinə səs verdiklərini bildirdilər.

OĞUZ

Oğuz rayonu da ümumxalq səsverməsində fəal iştirakı ilə seçildi. Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-na təyin edilən referendum Oğuz sakinləri tərəfindən də təqdir olunur. Onlar bunu seçki məntəqələrinə gələrək öz səslərini verməklə isbatladılar.

117 saylı Oğuz-Qəbələ dairə seçki komissiyasının sədri Rəsul Cəfərov söhbət zamanı bildirdi ki, seçki dairəsi 61 məntəqə seçki komissiyasından ibarətdir. Bunlardan 24-ü Qəbələ rayonu ərazisindədir. 46 min 622 nəfər səsverən Oğuz rayonundadır. İlk dəfə səs verənlər isə 280 nəfərdir. Onlardan 1 nəfəri Qəbələ rayonunun Mıxlıqovaq kəndindəndir ki, onun da 18 yaşı səsvermə günü tamam olub. Ona görə də Mərkəzi Seçki Komissiyası tərəfindən həmin insana şəxsiyyət vəsiqəsi səsvermə günü təqdim olunub.

Səsverməyə hazırlıq yüksək səviyyədə olub. 22 sentyabrda büllüten və protokollar təhlükəsizlik təmin olunmaqla bütün məntəqələrə paylanıb. Sentyabrın 28-dək də bu qəbildən olan təhlükəsizlik tədbirləri davam etdiriləcək. Səsverməni izləyən müşahidəçi sayı isə 646 nəfərdir.

Məntəqə seçki komissiyaları YAP, Böyük Quruluş, Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası və Ana Vətən partiyasının üzvləri ilə təmsil olunurlar. 100 yaşdan yuxarı iki nəfər səsverənlər arasında olub. Onlardan Astraxanovka kəndinin sakini Zeynəb Kərimovanın 115 yaşı var.

Məntəqələrin lazımi avadanlıqla təmin edildiyini deyən DSK sədri rayonda yerli imkanlar hesabına 3 yeni məntəqənin inşa olunaraq Mərkəzi Seçki Komissiyasının balansına verildiyini də nəzərə çatdırdı.

SİYƏZƏN

54 saylı Şabran-Siyəzən dairə seçki komissiyasının Siyəzəndə yerləşən 49 saylı məntəqəsində də böyük canlanma var idi. Siyəzən rayon 6 nömrəli məktəbdə təşkil olunan məntəqənin sədri İmamcan Əliyev bildirdi ki, 1390 nəfərin 23-ü ilk dəfə səs verənlərdir.

Məntəqə üzvləri Seyidxanım Rzayeva, Abgül Məmmədov, Alim Əlizadə və Vəfa Qasımova gənclərə seçici siyahılarında adlarını tapmaqda kömək edirdi. Məntəqədəki canlanma insana xoş duyğular oyadırdı. İçəri başdan-başa gül-çiçəklə dolu idi.

54 saylı Şabran-Siyəzən dairə seçki komissiyasının 46 saylı seçki məntəqəsi də bayram libasında idi. Məntəqənin sədri Nəcməddin Mürvətov bildirdi ki, 1469 nəfər seçicinin 46-sı ilk dəfə səs verənlərdir. Onların çoxu elə bu məktəbin məzunlarıdır. Əmralı Abışov, Murad Əlhəmdə, Sakit Muradov səslərini birincilər sırasında vermişlər.

Məntəqədə yaşlı əhali də nəzərə alınaraq 19 nəfər ahıl seçici üçün xüsusi səsvermə qutusu və maşın ayrılmışdı.

Seçkiyə nəvəsi ilə gələn Hüsniyyə Quliyeva ömrünün 90-cı baharını yaşayır. Vaxtilə rayonun ictimai işlərində yaxından iştirak edən Hüsniyyə nənə bu səsvermədən çox şey gözlədiyini bildirdi.

Azərbaycan.-2016.-27 sentyabr.- S.12-15.