Azərbaycan
müstəqil ölkə kimi daim yüksək zirvələrdə
olacaq
İlham
ƏLİYEV: “Hər bir ölkənin gücünü əks
etdirən həm də onun idman potensialıdır, idman nailiyyətidir”
Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış etdi.
Prezident İlham
Əliyevin çıxışı
-Bir neçə gün bundan əvvəl Rioda Paralimpiya Oyunları başa çatıb. Bizim komandamız Vətənə qayıdıb. Bu gün mən sizi dəvət etmişəm ki, sizi təbrik edim. Komandamız çox yaxşı çıxış edib. Biz bu Oyunlarda 24 idmançı ilə təmsil olunmuşuq və 11 medal qazanmışıq. Onlardan biri qızıl, səkkizi gümüş, ikisi isə bürünc medaldır. Bu, çox yaxşı göstəricidir. Bu, bir daha onu göstərir ki, bizim paralimpiyaçılarımız güclü komandalar sırasındadır.
Bildiyiniz kimi, sizdən əvvəl bizim Olimpiya komandamız da Rioda çox yaxşı nəticələr göstərmişdir, 18 medal qazanmışdır. Olimpiya və Paralimpiya Oyunlarında Azərbaycan idmançıları 29 medal qazanmışlar. Bu, bir daha onu göstərir ki, Azərbaycan güclü idman dövlətidir. İdman Azərbaycanda sürətlə inkişaf edir və hər bir mötəbər beynəlxalq yarışda idmançılarımız bizi sevindirir.
Bildiyiniz kimi, idmanın inkişafına
böyük diqqət göstərilir. Bu, bizim siyasətimizin əsas
prioritetlərindən biridir. Hər bir ölkənin
gücünü əks etdirən həm də onun idman
potensialıdır, idman nailiyyətidir. Azərbaycanda
hər sahədə olduğu kimi, idmanda da böyük
inkişaf var. Şadam ki, idmanla məşğul olmaq istəyənlərin
sayı artır. İdmançılar Azərbaycanda
böyük hörmətə layiqdirlər və ictimaiyyət
tərəfindən onların fəaliyyətinə yüksək
qiymət verilir.
Dövlət idmançıları həmişə
qayğı ilə əhatə edir və bizim
idmançılarımız həm idman
yarışlarında, eyni zamanda, məişətdə də
nümunəvi davranış qaydaları göstərirlər. Çünki
idman elə bir fəaliyyət növüdür ki, burada
güclü qalib gəlməlidir, burada daim ədalət zəfər
çalmalıdır. Bəzən biz
görürük ki, bəzi yarışlarda ədalətsiz qərarlar
qəbul edilir, o cümlədən bizim idmançılara
qarşı. Əlbəttə ki, bu, bizi
çox narahat edir və incidir. Ancaq bütün
bunlara baxmayaraq, Azərbaycan artıq dəfələrlə
müxtəlif beynəlxalq yarışlarda sübut edib ki, biz
doğrudan da güclü idman dövlətiyik, bizim
güclü idmançılarımız var və
idmançılar Azərbaycanın şöhrətini daim
yüksəklərdə saxlayırlar.
İdmanın inkişafı ilə bağlı kompleks tədbirlər
görülür. Məhz bunun nəticəsidir ki, bu gün
biz Avropa, dünya çempionatlarında, Olimpiya və
Paralimpiya Oyunlarında yüksək nəticələr
göstəririk. Həm təlim-məşq
prosesi düzgün təşkil edilir, həm də idman
infrastrukturu yaradılır. Bizim bölgələrimizdə
40-dan çox regional Olimpiya Mərkəzi fəaliyyət
göstərir. Bir neçə Olimpiya Mərkəzində
tikinti işləri gedir və gələn il
bu işlər davam etdiriləcək. 2008-ci ildə
paralimpiyaçılar üçün xüsusi Olimpiya
İdman Mərkəzi yaradılmışdır və orada
bizim idmançılarımız məşq edirlər. Digər infrastruktur yaradılır. Bakıda ən
yüksək beynəlxalq yarışları qəbul edə
biləcək idman obyektləri var. Keçən il Avropa Oyunlarının keçirilməsi
zamanı bütün dünya bunu gördü. Yeri gəlmişkən,
ötən il Avropa Oyunlarının keçirilməsi
də bizim idman potensialımızı əks etdirir. Çünki bu qərarın qəbul edilməsində
Avropa Olimpiya Komitəsi eyni zamanda bizim idman
potensialımızı da nəzərə almışdır.
Əlbəttə, bizim ölkəmiz də,
Bakı şəhəri də bu Oyunların keçirilməsinə
hazırlıqlı idi və bütün qonaqlar, Azərbaycana
gələn minlərlə idmançı bunu gördülər.
Əlbəttə, bu, Azərbaycanda idman sahəsində
əldə edilmiş uğurların da nəticəsi idi.
Bizim komandamız tarixi qələbə qazanaraq
50 milli olimpiya komandası arasında ikinci yerə layiq
görülmüşdür, o cümlədən
paralimpiyaçılar da bizi sevindirmişlər.
Bütövlükdə ölkəmizin inkişafı ilə
bağlı lazımi addımlar atılır. Bu inkişafla
bilavasitə bağlı olan əlbəttə ki, ölkəmizin
dünyaya tanıdılmasıdır və burada idmanın
xüsusi yeri var. Misal üçün, Avropa Oyunları
bütün Avropanın diqqətini Azərbaycana cəlb
etmişdir. Bu il keçirilmiş
“Formula-1” yarışının auditoriyası 500 milyon
insandır. Bu 500 milyon insan gördü ki,
Bakı şəhəri bu yarışı keçirməyə
qadirdir. Eyni zamanda, onlar Bakının
gözəlliyini, abadlığını, şəhərimizin,
sakinlərimizin həyatını gördü və əlbəttə
ki, bu, bir çoxları üçün sürpriz idi. Təsəvvür edə bilmirdilər ki, Azərbaycan
bu dərəcədə inkişaf edib, Bakı şəhəri
dünya miqyasında ən gözəl şəhərlərdən
birinə çevrilib.
Bu il, eyni zamanda, Ümumdünya Şahmat
Olimpiadası Bakıda keçirilmişdir. İştirak
edən komandaların sayına görə bu, rekord nəticə
idi. Beynəlxalq Şahmat
Federasiyasının rəhbərlərinin fikrinə görə,
bu, ən yaxşı təşkil edilmiş Ümumdünya
Şahmat Olimpiadası idi. Yəni, bizim bu
sahədə gözəl təcrübəmiz var, bütün
təşkilati işlər yüksək səviyyədə həll
olunur və bu gün Azərbaycan dünya miqyasında
güclü dövlət, güclü idman dövləti kimi
tanınır. İdmançılar əldə
etdikləri medallarla idman şöhrətimizi ucaldırlar.
Bakıda keçirilən beynəlxalq
yarışlar bütün dünyaya Azərbaycanı gözəl,
inkişaf etmiş, mütərəqqi ölkə kimi təqdim
edir.
Ölkəmizdə beynəlxalq yarışların
keçirilməsi davam edir. Gələn il
İslam Həmrəyliyi Oyunları keçiriləcək.
Əgər keçən il biz Avropa
idmançılarını Azərbaycana
yığmışdıqsa, gələn il müsəlman
idmançılarını Bakıda bir yerə
toplayacağıq. Bu, ölkəmizin
inkişafını, bizim niyyətimizi göstərir. Mən əminəm ki, idman xalqlararası, dinlərarası
əlaqələrin inkişafına çox əhəmiyyətli
töhfə verir. Bizim ölkə idman
yarışlarının keçirilməsi ilə, eyni
zamanda, bu məqsədi də güdür.
İdmanın cəmiyyətə çox böyük
müsbət təsiri var. Gənc nəslin vətənpərvərlik
ruhunda tərbiyə olunması üçün idmanın
çox böyük rolu var. Gənc nəslimiz - uşaqlar,
yeniyetmələr sizə baxıb nümunə
götürürlər ki, siz dövlətimizi necə ləyaqətlə
təmsil edirsiniz, bayrağımızı yüksəklərə
qaldırırsınız. Bizim
paralimpiyaçılarımız Rioda
bayrağımızı 11 dəfə qaldırmışlar.
Gənc nəsil həm bilikli, peşəkar,
eyni zamanda, mütləq vətənpərvər
olmalıdır. Çünki vətənpərvərlik
dövlətçiliyimizin əsasıdır.
Biz bu il müstəqilliyimizin bərpasının 25
illiyini qeyd edəcəyik. Bu illərin mütləq
əksəriyyəti şanlı-şöhrətli illərdir.
Fəxr edirik ki, bu gün bu səviyyəyə
qalxmışıq. Gənc nəsil bu dəyərləri
mütləq gələcəkdə yaşatmalıdır ki,
inkişafımız dayanıqlı olsun, Azərbaycan daim
müstəqil ölkə kimi yüksək zirvələrdə
olsun. Ona görə, sizin Rioda gözəl
çıxışınız, eyni zamanda, gənclərə
də gözəl bir nümunədir. Əminəm
ki, bu yarışlardan - Olimpiya, Paralimpiya Oyunlarından sonra
bizim idman bölmələrimizə müşahidə olunan
axın daha da güclənəcək.
Mən bu gün sizi bir daha ürəkdən təbrik
edirəm, sizə öz minnətdarlığımı bildirmək
istəyirəm. Oyunlarda fərqlənən
idmançılar dövlət mükafatları ilə təltif
olunmuşlar. İndi isə təltifetmə
mərasiminə keçək.
X X X
Sonra təltifetmə mərasimi oldu.
Prezident İlham Əliyevin Azərbaycan milli paralimpiya
komandasının üzvlərinin təltif olunması ilə
bağlı sərəncamları elan edildi.
Dövlətimizin
başçısı Azərbaycan idmanının
inkişafındakı xidmətlərinə və XV Yay
Paralimpiya Oyunlarında göstərdikləri yüksək
nailiyyətlərə görə təltif edilmiş
idmançılara və onların məşqçilərinə
“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu, “Tərəqqi”
medallarını, “Vətənə xidmətə görə”
və “Şöhrət” ordenlərini təqdim etdi, onlara bir
daha uğurlar arzuladı.
Cüdo
üzrə ikiqat Paralimpiya, ikiqat dünya, beşqat Avropa
çempionu, birinci Avropa Oyunlarının qalibi İlham
ZƏKİYEV çıxış edərək dedi:
-
Çox sağ olun, cənab Prezident. Allah Sizin köməyiniz olsun. Sizə
bir daha minnətdaram.
Mən kapitan və bayraqdar olduğuma görə
Paralimpiya Oyunlarının açılışında bizim
komandanın rəhbərliyi qərara aldı ki, mən arenaya
milli geyimdə çıxım. Bu da hamının
xoşuna gəldi. Bir kapitan kimi mən də
çıxışımla bağlı demək istəyirəm
ki, cənab Prezident, səhhətimdə bir az
problemlər oldu. Təzyiqim
düşmüşdü, qızdırmam da var idi. Amma Azərbaycan əsgəri heç vaxt təslim
olmur. Mən axıra qədər
döyüşdüm.
Allah Sizin köməyiniz olsun. Siz mənə həmişə
belə yüksək diqqət və qayğı göstərirsiniz.
Siz idmançılarımızı
mükafatlara layiq görəndə biz hələ Rioda idik.
Bu böyük qiymətə görə Sizə
minnətdaram.
Siz Bişkekdə o yalançı Sarkisyanı
susdurdunuz. Allah Sizi qorusun. Biz Sizinlə fəxr
edirik. Var olsun, Azərbaycan Prezidenti. Allah Sizin köməyiniz olsun.
Prezident
İlham ƏLİYEV: Çox sağ ol. İlham bizim fəxrimizdir. İki
dəfə Paralimpiya çempionudur, Avropa Oyunlarının
qalibidir. Mən çox şadam ki, bu
gün biz İlhamı burada təbrik edirik və fəxri
diplom da təqdim olunur.
“Rio-2016”da nizəatma yarışlarının
gümüş medalçısı İradə
ƏLİYEVA təltifə görə dövlətimizin
başçısına təşəkkür etdi.
Prezident
İlham ƏLİYEV: Yaxşı çıxış
etdiniz. Biz sizə azarkeşlik edirdik. Bu gənc yaşda yüksək mükafat münasibətilə
sizi təbrik edirik.
İradə
ƏLİYEVA: Qazanılan bütün 11 medaldan beşi
atletikanın payına düşür və 4 medalı
qızlar qazanıb. Dəstəyinizə görə çox sağ olun.
Prezident
İlham ƏLİYEV: Afərin! Bizim qızlar
mübarizdirlər. Siz ikiniz 4 medal
qazanmısınız. Afərin!
İradə
ƏLİYEVA: Yelena Çebanu üç növdə medal
qazanıb. Mənim bir medalım var.
Prezident
İlham ƏLİYEV: Çox yaxşı. Bu
uğur münasibətilə sizi təbrik edirəm.
Cüdo
komandasının baş məşqçisi İbrahim
İBRAHİMOV çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident, bu gün bizi qəbul etdiyinizə görə
Sizə minnətdarlığımı bildirirəm. Biz cüdo komandası olaraq, bu Oyunlarda üç
medal qazandıq - bir qızıl, bir gümüş və bir
bürünc. Bunların hər biri idmanın
inkişafına Sizin göstərdiyiniz
diqqət və qayğının nəticəsidir. Buna görə, Sizə minnətdarıq. Bu
gün idman sahəsində lider dövlət olan Azərbaycanın
Sizin kimi Prezidenti var. Digər ölkələrin
idmançıları bizə həsəd apararaq deyirlər
ki, sizə kömək göstərən, sizin
qayğınıza qalan Prezidentiniz var. Biz həmişə
Sizinləyik, Sizin siyasətinizi dəstəkləyirik.
Prezident
İlham ƏLİYEV: Çox sağ olun.
Təltifə
görə dövlətimizin başçısına minnətdarlığını
bildirən XV Yay Paralimpiya Oyunlarının qızıl
medalçısı Ramil QASIMOV dedi:
-
Çox sağ olun, cənab Prezident. Bizə göstərdiniz yüksək diqqətə
görə Sizə çox minnətdaram. Mən
Gəncə şəhərindənəm. Gəncə şəhərinə ikinci qızıl
medalı aparıram. Çox minnətdaram
ki, şəhərimizi də o cür
abadlaşdırmısınız. Fəxr
edirik ki, bizim Prezidentimiz Sizsiniz. Çox
minnətdaram, sağ olun.
X X X
Paralimpiyaçıları
bir daha təbrik edən Prezident İlham ƏLİYEV dedi:
- Əziz dostlar, sizi bir daha ürəkdən təbrik
edirəm. Doğrudan da bu, böyük qələbədir.
Siz xalqımızı bir daha sevindirmisiniz.
Gələcəkdə yeni yarışlar, yeni
döyüşlər olacaq. Əminəm
ki, siz bütün yarışlarda xalqımızı, millətimizi,
dövlətimizi ləyaqətlə təmsil edəcəksiniz,
bizi sevindirəcəksiniz.
Növbəti böyük yarışlar dörd ildən
sonra Tokioda keçiriləcək. Ondan əvvəl də
yarışlar olacaq. Əsas odur ki, bizim
komandamız həmişə belə gözəl, vətənpərvər
komanda olsun. Siz həmişə
çalışasınız, dövlətimizi,
xalqımızı sevindirəsiniz və bir daha bütün
dünyada göstərəsiniz ki, Azərbaycan qüdrətli
dövlətdir. Bizim gücümüz
xalqımızın gücünə əsaslanır. İdman yarışlarında, bütün digər
sahələrdə Azərbaycan yalnız qabağa gedəcək.
Sizi bir daha təbrik edirəm.
X X X
Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan.-2016.-24 sentyabr.- S.1-2.