Antiazərbaycançı
dairələrin məkrli fəaliyyəti iflasa
məhkumdur
Azərbaycanın
yürütdüyü müstəqil siyasəti və milli
maraqları heç bir halda kənar diktəyə məruz
qalmayacaq
Beynəlxalq münasibətlər sisteminin reallıqlarından biri də dövlətlərin heç də hamısının müstəqil xarici siyasət yürüdə bilməməsidir. Bu fakt yaxın qonşularımızın, bir sıra postsovet ölkələrinin timsalında dəfələrlə öz təsdiqini tapıb. Azərbaycanın nümunəsində öz təsdiqini tapan və həm də beynəlxalq səviyyədə etiraf olunan fakt isə onun nəinki postsovet məkanının, ümumiyyətlə, dünyanın ən azsaylı müstəqil siyasətə malik dövlətlərindən biri olmasıdır.
Avropa Parlamenti Azərbaycanın ayağına gəldi
Ulu öndər Heydər Əliyevin qurduğu müasir Azərbaycanı Prezident İlham Əliyev daha da möhkəmləndirib, inkişaf etdirib. Dövlət rəhbəri hər cür xarici təsirə, çirkin kampaniyaya, qarayaxmaya sinə gərib, milli maraqlara toxunan məsələlərdə heç zaman güzəştə getməyib. Prezident dəfələrlə bəyan edib ki, yürütdüyü müstəqil siyasət və dövlətimizin milli maraqları heç bir halda kənar diktəyə məruz qalmayacaq. Hansı siyasi cəbhədə yer almaq isə Azərbaycanın müstəqil dövlət olaraq öz seçimidir və bu, müzakirə predmeti ola bilməz.
Sentyabrın 20-də Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüşdə də Prezident İlham Əliyev Azərbaycanın bundan sonra da öz milli maraqlarına uyğun inkişaf yolu ilə gedəcəyini, hansısa qərəzli qətnamələrin isə ölkəmiz üçün kağız parçasından başqa bir şey olmadığını bir daha bəyan etdi. Bəli, bu, həmin Avropa İttifaqıdır ki, onun parlamenti (AP) dəfələrlə Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edib. AP-nin 2015-ci ilin sentyabrında qəbul etdiyi qətnamə isə bu parlament təşkilatında ölkəmizə qarşı sistemli və davamlı şəkildə aparılan qərəzli qarayaxma kampaniyasının son dərəcə təhqiramiz xarakter aldığını göstərdi. Bu dəfə insan hüquqları bəhanəsi altında Azərbaycanda xalq tərəfindən dəstəklənən siyasi hakimiyyətə şər və böhtan atıldı, ölkəmizlə Aİ arasında inkişaf edən tərəfdaşlıq münasibətlərini sarsıtmağa, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirərək onu dünyaya inteqrasiya prosesindən təcrid etməyə uğursuz cəhd göstərildi.
Ümumiyyətlə isə, AP 2014-cü ilin iyul ayında yeni tərkibdə fəaliyyətə başladığı gündən bu qurumun rəhbərliyinin mövqeyi üzündən onunla Azərbaycan arasında heç bir rəsmi dialoq baş tutmayıb və qarşılıqlı səfərlər həyata keçirilməyib. Nə qədər qəribə olsa da, AP-nin rəhbərliyi tərəfindən deputatların Azərbaycana rəsmi və qeyri-rəsmi səfərlərinə qadağa qoyulub. Beləliklə, AP-də müəyyən qüvvələr parlamentlərarası dialoqu Azərbaycana qarşı yönələn təhqiramiz siyasətlə əvəz etmək üçün ardıcıl addımlar atıblar. Bunun da nəticəsi olaraq Azərbaycan Milli Məclisi 14 sentyabr 2015-ci il tarixində müvafiq qərar qəbul edib. Qərara əsasən, Milli Məclisin Avronestdə iştirakı dayandırılıb. Həmçinin ölkəmizin Aİ-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin mövcud formatda fəaliyyətində iştirakına son qoyulub.
Azərbaycan Prezidentinin dediyi kimi, müstəqil siyasətin alternativi yoxdur və gec-tez hər kəs bu siyasətlə hesablaşacaq. Budur, bir il sonra Azərbaycanın iştirakını dayandırdığı Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti özü Bakıya gələrək Prezident İlham Əliyevin qəbuluna düşdü. Beləliklə, təsdiq olundu ki, Azərbaycan Avropanı itirməkdən qorxmur, amma Avropa Azərbaycanı itirdiyindən peşmançılıq hissi keçirir. Azərbaycana qarşı daim qeyri-səmimi olan AP-nin özü indi Azərbaycana elçilərini göndərərək əməkdaşlığı bərpa etmək istədiyini bildirdi. Prezident İlham Əliyev isə AP təmsilçiləri ilə açıq və konkret danışdı. AP-nin Azərbaycana qarşı qərəzini, ikili standartlardan çıxış etdiyini, erməni lobbisinin əlində siyasi alətə çevrildiyini başa saldı. Ən əsası, Prezident
İlham Əliyev Azərbaycanın AP-nə qarşı məlum mövqeyi ilə tam müstəqil siyasət yeritdiyini, öz milli maraqlarını heç nəyə güzəştə getməyəcəyini bəyan etdi.
Venesiya Komissiyası antiazərbaycançı şəbəkənin aləti rolunda
Müstəqilliyimizdən qürurla bəhrələnməyimizin, ölkəmizdə yadellilərin at oynadıb bizə göz dağı vermək müsibətindən uzaq olmağımızın mahiyyətində məhz Azərbaycan Prezidentinin fədakarlığı dayanır. Lakin o da məlumdur ki, Azərbaycanın davamlı inkişafı, onun beynəlxalq nüfuzunun yüksəlməsi, ölkədə təhlükəsizlik və sabitlik ABŞ və digər Qərb ölkələrinin antiazərbaycançı dairələrini narahat edir. Uğurlarımızı gözü götürməyən Qərb dairələri, erməni təəssübkeşləri, ölkəmizdə maraqlarını gerçəkləşdirə bilməyən mərkəzlər, Azərbaycanı geostrateji ambisiyalarına cəlb etməyə çalışanlar respublikamıza qarşı “qara piar” aparırlar. Belə çirkin kampaniyalar Azərbaycanın hansısa beynəlxalq uğuru və ya ölkəmizdə keçiriləcək beynəlxalq tədbirlər zamanı aktivləşdirilir, köhnə ssenarilər yenidən dövriyyəyə buraxılır. Bu mənada referendum ərəfəsində də Azərbaycana qarşı hansısa qarayaxma kampaniyasının olacağı gözlənilən idi.
İki gündən sonra Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi keçiriləcək. Konstitusiya islahatları son illər siyasi, sosial-iqtisadi və hüquqi sahələrdə baş vermiş intensiv yenilikləri əks etdirir. Referendum Aktının layihəsində nəzərdə tutulan təkliflər də onu deməyə əsas verir ki, 2016-cı ilin əvvəllərindən başlanan və əsasən sosial-iqtisadi sferanı əhatə edən islahatlar hüquqi-siyasi istiqamətdə də həyata keçiriləcək. Əlavə və dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşməsinə, insan hüquq və azadlıqlarının qorunması üçün daha geniş bazanın yaradılmasına, həyata keçirilən islahatların dərinləşməsinə və səmərəliyinin təmin olunmasına yönəlib.
Lakin Avropa Şurasının Venesiya Komissiyasının davranışı onu deməyə əsas verir ki, hər dəfə xalqımız üçün mühüm əhəmiyyət kəsb edən hadisələr ərəfəsində fəallaşan və ölkəmizi hədəfə götürən qüvvələr bu dəfə də Azərbaycana xüsusi münasibətlərini büruzə verirlər.
Azərbaycan hökuməti hər zaman Venesiya Komissiyası ilə çox səmərəli əməkdaşlıq edib. Bu əməkdaşlıq qarşılıqlı hörmətə əsaslanıb. Venesiya Komissiyasının hər hansı bir məsələ ilə bağlı üç aydan tez rəy verməsi hələ olmayıb. Çünki komissiya tələsik şəkildə hər hansı qanun layihəsinə rəy yazmır və qarşı tərəfin də mövqeyini öyrənir.
Lakin bu dəfə Venesiya Komissiyası AŞ PA sədrinin referendumla bağlı sentyabrın 6-da göndərdiyi sorğusu əsasında cəmi iki həftə ərzində rəy hazırlayıb. Belə məsələlərdə hər dəfə Azərbaycan tərəfinin mövqeyini öyrənən komissiya nədənsə bu dəfə bütün prosedurları pozub və ölkəmizin dinlənilmə hüququna məhəl qoymayıb. Bununla da Azərbaycan tərəfi öz mövqeyini bildirmək hüququndan məhrum edilib.
Referendum Aktının layihəsi ilk dəfə iyulun 18-də dərc edilib və eyni vaxtda Konstitusiya Məhkəməsinə təqdim olunub. İyulun 18-dən 26-dək hamının - Azərbaycan Respublikasının hər bir vətəndaşının, hər bir təşkilatın layihəyə dair irad və təklif vermək hüququ olub. Lakin AŞ PA sədrinin sorğusu nə həmin müddətdə, nə də avqustda deyil, referenduma cəmi 20 gün qalmış Venesiya Komissiyasına ünvanlanıb. Referenduma 20 gün qalmış Venesiya Komissiyasına bununla bağlı sorğunun göndərilməsi və iki həftə ərzində belə şübhəli rəyin hazırlanması yalnız siyasi sifariş kimi izah oluna bilər.
M.Forstun hesabatı ölkəmizə qarşı Qərbin çirkin kampaniyasının tərkib hissəsidir
Qeyd etdiyimiz kimi, ABŞ və Qərbin antiazərbaycançı dairələri hər dəfə Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən hadisələr ərəfəsində fəallaşır, demokratiya adı altında müxtəlif QHT şəbəkəsi və media vasitəsilə ölkəmizə qarşı çirkin kampaniya təşkil edirlər. Venesiya Komissiyasından dərhal sonra BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forst qurumun hesabatını açıqlayaraq Azərbaycanı hədəfə götürüb. Bu hesabat da ölkəmizə qarşı Qərbin çirkin kampaniyasının tərkib hissəsidir.
Hər bir beynəlxalq təşkilatın hesabatı dəqiq və yoxlanılmış faktlara əsaslanmalıdır. Söhbət BMT kimi ali qurumdan gedirsə, tələblərə daha məsuliyyətlə yanaşılmalıdır. Lakin Mişel Forstun məruzəsində bu, gözlənilməyib, irəli sürülən iddialar, xüsusilə həbslər, KİV və QHT-lərlə bağlı “faktlar” araşdırılmayıb, Azərbaycan hakimiyyətinin mövqeyi öyrənilməyib və nəzərə alınmayıb. “Freedom House” kimi Azərbaycana qarşı mənfi münasibət bəsləyən xarici QHT-lərin “hesabatlarında” əksini tapmış mülahizələr olduğu kimi həmin sənədə köçürülüb.
Xatırladaq ki, BMT rəsmisi mətbuat konfransında jurnalistlərə qarşı da sayğısızlıq nümayiş etdirib. O, jurnalistlər arasında ayrı-seçkilik edərək yalnız müxalifyönümlü media qurumlarının nümayəndələrinə sual verməyə şərait yaradıb. Onun bu hərəkəti mətbuat konfransında iştirak edən jurnalistlərin ciddi narazılığına səbəb olub. Etirazlarını bildirən jurnalistlər Mişel Forsta irad tutaraq vurğulayıblar ki, sözügedən hesabat hazırlanarkən yalnız müxalifyönümlü QHT-lərin, partiyaların və media qurumlarının mövqeyi dinlənilib.
İnsan hüquqlarından danışarkən xüsusi məruzəçi Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasını nəzərə almalı və sənədə daxil etməli idi. Lakin ölkəmiz üçün taleyüklü məsələ hesab edilən qaçqın-köçkün problemi diqqətdən kənarda saxlanılıb. Bu da məruzəçinin Azərbaycana qarşı münasibətinin və ermənipərəst mövqeyinin açıq göstəricisidir.
Bütün bunlara görə BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forstun hesabatı Azərbaycan reallığını əks etdirmir. Bu hesabat “Freedom House”, “Human Rights Watch”, “Amnesty İnternational” və s. təşkilatların ölkəmizlə bağlı qətnamələri kimi qərəzli və sifariş xarakterlidir.
Referendumdan sonra da başqa təşkilatların və məlum xarici QHT şəbəkəsinin hansısa bəyanatlar verməsi və ya hesabat açıqlaması mümkündür. Azərbaycanın imicinə zərbə vurmaq niyyəti ilə Qərb ölkələrinin media orqanlarında sifarişli yazılar dərc edilə, telesüjetlər hazırlana bilər. Antiazərbaycançı şəbəkənin hədəfi Azərbaycanın dövlətçiliyi, müstəqil siyasəti və bunların təminatçısı olan rəhbəridir. Lakin Azərbaycanı öz yolundan döndərmək, inkişafdan dayandırmaq, antimilli maraqların qurbanına çevirmək cəhdləri əbəsdir. Odur ki, antiazərbaycançı dairələrin referendum ərəfəsində həyata keçirdiyi məkrli fəaliyyət də heç bir nəticə verməyəcək.
Rəşad CƏFƏRLİ,
Azərbaycan.-2016.- 24 sentyabr.- S.4.