Azərbaycan
keçmiş postsovet və Şərqi Avropa məkanında
ən azad ölkədir
Yeni Azərbaycan Partiyası (YAP) icra
katibinin müavini, Milli Məclisin İctimai birliklər və
dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun müsahibəsi
- Azərbaycanda
referendumun keçirilməsinə bir neçə gün
qalıb. Ölkədə referendumqabağı vəziyyəti
necə dəyərləndirirsiniz?
- Vəziyyəti
çox yüksək dəyərləndiririk. İlk növbədə
qanunvericilik bazamız var və buna uyğun olaraq referendumun
keçirilməsi üçün tam şərait
yaradılıb. Dünyanın az ölkəsində bizim kimi
dairə seçki məntəqələrinə hər yerdə
xüsusi binalar tikilib. O cümlədən məntəqələrin
hər biri tam hazırdır. Yerlərdə xeyli
görüş keçirilib. İndiyədək YAP təşviqat
qrupu 1100-dən artıq görüş keçirib və bu,
qanunvericiliyin icazə verdiyi müddətə qədər
davam edir. Bu görüşlər, internet, proşürlar
vasitəsi ilə əhali məlumatlandırılıb. Eyni
zamanda Mərkəzi Seçki Komissiyası da məlumatlandırma
sahəsində tədbirlər görür. Səsverməyə
çıxarılacaq hər bir maddə və dəyişiklik
barədə əhali artıq xəbərdardır. Referendumla
bağlı insanlar arasında xeyli ruh yüksəkliyi var.
Çünki orada qoyulan məsələlər insanların
xeyrinədir. Bu məsələlər insan hüquq və
azadlıqlarının qorunmasının daha da möhkəmləndirilməsi,
dövlət strukturunun daha da təkmilləşdirilməsi, vətəndaşların
müraciətlərinə baxılması və digər bu
kimi sahələri əhatə edir.
-
Referendumla bağlı müxalif düşərgədən
heç bir təşviqat qrupunun qeydə alınmaması fərqli
fikirlərə səbəb oldu. Bu barədə nə deyə
bilərsiniz?
- Təşviqat
qruplarının yaranması üçün həm
Seçki Məcəlləsində və MSK tərəfindən
qəbul olunmuş təlimatlarda göstərilən müddəalara
uyğun olaraq, bir dairə ərazisində təşviqat
aparmaq istəyən hər hansı təşkilat və ya
partiya təxminən 500 nəfəri toplamalıdır.
Ölkə üzrə isə təxminən 2000-dən
çox toplanmalıdır ki, belə bir təşəbbüs
qrupu yaratsın. Bundan sonra təşəbbüs qrupu
müvafiq sənədləri MSK-ya təqdim edir və oradan
onlara imza vərəqələri verilir. Bu imza vərəqələri
ümumrespublika miqyasında təşviqat qrupu yaratmaq üçün
40000-dən çox imza tələb olunur. Azərbaycanda 5
milyona yaxın seçici var. 40 min seçici 5 milyon
seçicinin heç 0,1 faizi etmir. Bu qədər az imzanı
belə toplaya bilməyən təşkilatın cəmiyyətdə
sosial bazasının olmaması açıq
görünür.
Bəzən
görürsən ki, “Facebook”da, ümumiyyətlə internetdə
bir yazını izləyənlərin sayı 200 minə
çatır. Məsələn, hansısa müğənni
haqqında yazılan xəbəri azı 40 min nəfər izləyir.
Amma müxalifətin bir liderini bundan dəfələrlə az
izləyirlər, bəzən heç izləyən yoxdur. Yəni
müxalifətin hər hansı fikri müğənni ilə
bağlı xəbər qədər belə cəmiyyətə
maraqlı deyil. Onlar imza toplaya bilmirlərsə, bu, onların
problemidir. Buna görə iqtidarda, cəmiyyətdə problem
axtarmaq lazım deyil. Heç bir müxalif partiyada bu gün
buna yetəcək elektorat yoxdur.
Müxtəlif
bəhanələr gətirirlər. Guya yerlərdə onlara
imkan verilməyib, şərait yaradılmayıb və sair.
Bakıda nə qədər böyük binalar var və burada
icra başçısı, yaxud kimsə gəlib binanın
qapısında durmayıb ki, buna mane olsun. Bütün
bunların hamısı bəhanədir. Vətəndaşlar
bu insanları qəbul etmir, imza vermir. Xalq görür ki,
bunlar xarici təşkilatlara qulluq edirlər, Azərbaycanın
dövlət müstəqilliyinin əleyhinə gedirlər,
ordu quruculuğuna zidd gedirlər, ölkədə ictimai-siyasi
sabitliyi pozmaq istəyirlər və sair. Bu gün dünyada ən
önəmli şərtlərdən biri ictimai-siyasi
sabitlikdir. Ətrafımızda nələrin baş verdiyini
görürük. Qardaş Türkiyədə hər gün
ya əsgər şəhid olur, ya terror hadisəsi baş
verir. Türkiyə 80 milyonluq ölkədir və min ildən
artıq tarixi var. 500 il də imperiya olub. Yaxud xalq görür
ki, bu gün yollar çəkilir, məktəblər tikilir, xəstəxanalar
istifadəyə verilir və sair. Bu baxımdan da artıq xalq
sözə yox, görülən əmələ dəstək
verir. Məsələn, o gün mitinqdə “Azadlıq!”
qışqırırlar. Biz azad deyilik? 90-cı illərin
havası bunların başında qalıb. Bu gün Azərbaycan
keçmiş postsovet ölkələri arasında, Şərqi
Avropa ölkələri arasında ən azad ölkədir.
Ən müstəqil siyasət yürüdən ölkələrdən
biriyik. Baxmayaraq ki, ərazisi və əhalisi o böyük
dövlətlərdən azdır, onların hamısı ilə
bərabər və qarşılıqlı münasibətlər
yaradıb. Məsələn, bu yaxınlarda MDB-nin tədbirində
cənab Prezidentin Ermənistan prezidentinə verdiyi cavabı
götürək. Görün, dövlətlərin
qarşısında Azərbaycanın maraqlarını necə
təmsil etdi. Amma görək, müxalifətdəkilərdən
hansısa biri adi bir erməniyə qarşı bu cür
çıxış edib? Xeyr. Yaxud, bu günlərdə
Avropa Parlamenti nümayəndə heyətinə cənab
Prezidentin verdiyi cavabları götürək. Bütün
bunların hamısının altından xalq xətt çəkir
və dəstəkləyir. Fəxr edir ki, Azərbaycanın
bu cür lideri var. Bilirsiniz, bir var Prezident, bir də var eyni
zamanda lider olmaq. Prezident İlham Əliyev bu gün həm də
Azərbaycan xalqının lideridir. Azərbaycanı irəli
aparır. Bütün bunlarla müqayisəyə görə
həmən müxalifətin xalq arasında heç bir sosial
bazası yoxdur və imza toplaya bilmir.
- Milli
Şura və Müsavat Partiyası mitinqlər keçirdi.
Mitinqlə bağlı açıqlamanızda bunların
qanunsuz olduğunu bildirdiniz. Halbuki aksiyalar Bakı Şəhər
İcra Hakimiyyətinin razılığı ilə
keçirilib. Belə çıxır ki, BŞİH
qanunsuzluğa yol verib?
- Xeyr.
Burada məsələ nədən ibarətdir. Referendumla
bağlı hər hansı bir aksiya keçirmək istəyirlərsə
bu, Seçki Məcəlləsinin tələblərinə
uyğun olmalıdır. Yəni öncə təşviqat
qrupu yaradılmalıdır. Bundan sonra istər lehinə, istərsə,
əleyhinə təbliğat apara bilərlər. Bu gün isə
3 təşviqat qrupu MSK tərəfindən qeydə
alınıb: “Yeni Azərbaycan”, Bələdiyyələr və
bir də vətəndaş cəmiyyəti. Qalan təşkilatların
təbliğat-təşviqat kampaniyası dövründə
(3-24 sentyabr) referendumla bağlı hər hansı fikir irəli
sürməyə ixtiyarı yoxdur. Bu, Seçki Məcəlləsinin
tələbidir. İstəyirdilərsə, təşviqat
qrupu yaradıb bunu edəydilər. Bunlar nəinki yarada bilmədilər,
heç yaratmağa cəhd də göstərmədilər.
Çünki anlayırdılar ki, bunun üçün elektorat
yoxdur.
Digər
bir məsələ var ki, “Sərbəst toplaşmaq
azadlığı haqqında” qanuna əsasən, istənilən
partiya, təşkilat, dərnək, şura sərbəst
toplaşmaq hüquqlarından istifadə edə bilər.
Bunlar keçirə bilərlər. Amma bunun şərtləri
var. Birincisi, orada referendumla bağlı bir kəlmə
söyləyə bilməzlər, çünki təşviqat
qrupu deyil. İkincisi, orada milli, irqi, dini ayrı-seçkilik
salıblarsa, şəxsiyyətin şərəf və ləyaqətini
təhqir ediblərsə, onda mitinq qanunsuzdur və dərhal
dayandırılmalıdır. Bu, qanunun tələbidir. Bizim
“Sərbəst toplaşmaq azadlığı haqqında”
qanunumuz Venesiya Komissiyasının əsas sənədlərindən
biridir və digər ölkələrə də tövsiyə
olunub.
Təşkilatçılar
mitinqlə bağlı BŞİH-ə müraciət ediblər
ki, sərbəst toplaşma azadlığı ilə
bağlı tədbir keçirirlər. BŞİH də
bunları nəzərə alır, yer ayırır və
hüquq-mühafizə orqanlarından onların təhlükəsizliyini
təmin etməyi xahiş edir. Lakin bunlar vəziyyətdən
sui-istifadə edərək, iki qanunu da pozublar - həm
Seçki Məcəlləsi, həm də “Sərbəst
toplaşmaq azadlığı haqqında” qanunu. Mitinqlərdə
bütün çıxışlarda həm referendumla
bağlı fikirlər söylənildi, referendum əleyhinə
çağırışlar oldu, həm də dini, milli
ayrı-seçkilik salındı və dövlət nümayəndələrinə
qarşı təhqirlər səsləndirildi. Buna görə
də mütləq hüquq-mühafizə orqanları mitinqə
imza ataraq cavabdeh olan şəxsləri məsuliyyətə cəlb
etməlidir. Bunu etməlidirlər, çünki qanunun tələbidir.
Bundan
başqa, mitinqlərdə bunlar qarşıdurma yaratmaq istəyirdilər.
Yəni bu cür qadağan olunmuş ifadələri işlədəndə
hüquq-mühafizə orqanları gərək mitinqi
dağıdaydı. Amma hüquq-mühafizə orqanları
çox böyük səbir nümayiş etdirdi.
Dağıtmadılar. Çünki müdaxilə etsəydi
qarşıdurma yaranacaqdı və mitinqin təşkilatçılarının
da istəyi elə bu idi. Avropaya, ayrı-ayrı təşkilatlara
müraciət etsinlər ki, Azərbaycanda sərbəst
toplaşmaq azadlığı pozulur. Hətta onlar
çalışırdılar ki, orada ölüm hadisəsi
də olsun. Bunlara belə daha çox sərf edir. Nə qədər
çox qan tökülsə bunlar üçün bir o qədər
uğurdur. Amma hüquq-mühafizə orqanları çox səbir
nümayiş etdirərək buna imkan vermədilər. Amma
onların o mitinqdəki çağırışları
birbaşa qanun pozuntusu idi və cinayət məsuliyyəti
yaradır.
- Milli
Şuranın mitinqində dindarların da iştirakı
müşahidə olundu və bu, birmənalı
qarşılanmadı. Bu barədə nə deyə bilərsiniz
?
- Bu barədə
Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Dini Komitə
ilə birgə bu sahə üzrə MM-in komitəsi kimi biz də
bəyan edirik ki, dinlə bağlı heç bir problem yoxdur.
Bütün dini icmaların azad fəaliyyət göstərməsi
üçün “Dini etiqad azadlığı haqqında” qanun
var. Qanunun tələblərinə uyğun olaraq, rəsmi
qeydiyyatdan keçmiş bütün dini icmalar fəaliyyət
göstərə bilər. Azərbaycanda qeydiyyatdan
keçmiş 3 minə qədər dini icma var. 2 mindən
çox məscid fəaliyyət göstərir. İstər
ulu öndər Heydər Əliyev tərəfindən, istər
hazırda cənab Prezident İlham Əliyev tərəfindən,
istərsə də Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım tərəfindən bütün ibadətgahlar, ziyarətgahlar,
dini abidələr qorunur, təmir olunur, saxlanılır.
Qafqazın ən böyük məscidi - Heydər məscidi məhz
Azərbaycandadır. Məsələn, dindarlar qəsəbəsi
kimi götürsək, təkcə Nardarana Prezidentin Ehtiyat
Fondundan 20 milyon manatdan çox pul ayrılıb. Bu, bir rayonun
büdcəsi deməkdir. Yəni dinə diqqət
böyükdür.
Bir də
var dini ekstremizm. Bu nədir? Bununla bağlı “Dini ekstremizmə
qarşı mübarizə haqqında” qanunumuz da var. Bunlar
müxtəlif ölkələrin təsirinə düşən,
din adı altında Azərbaycanın dövlət
quruluşunu, Konstitusiyanı dəyişməyə və yeni
dini quruluş yaratmağa cəhd edən qüvvələrdir.
Məhz o mitinqdə də o cür düşünən və
cinayət məsuliyyətinə cəlb olunan insanların
qohum-əqrəbası iştirak edirdi. Azərbaycanın
dövlət quruluşu Konstitusiyamız ilə müəyyənləşib,
unitar, dünyəvi dövlətdir. Dövlətdən
ayrı olmağına baxmayaraq, həmişə dinə ciddi
şəkildə diqqət və qayğı göstərilib.
Xaricdə
təhsil alanlar, oranın kəşfiyyat orqanları ilə təmasda
olanlar, təsir altına düşənlər və bir də
ayrı-ayrı silahlı birləşmələrdə din
adı altında vuruşanlar var. Oraya da toplaşanlar
bunların ətrafı idi. Mitinqə kənardan bir də
baxaq: bu tərəfdə şüar yazır ki, Avropa Birliyi
ilə müqavilə imzalanmalıdır, Avropaya girməliyik,
o biri tərəfdə də “Allahu Əkbər!”
qışqırırlar, şüar qaldırırlar. Deməli,
bunlarda məqsəd odur ki, kim olur-olsun, ora
toplamalıdırlar, təki dövlətin əleyhinə
olsun. Yəni əqidə birliyindən, partiya
silahdaşlığından söhbət gedə bilməz.
-
“Müsavat” Partiyası və Milli Şura birgə mitinq
keçirməyə qərar versə də, bu baş
tutmadı...
- Bu dəqiqə
bir-birilərinə qarşı təhqir yağdırır,
bir-birilərini bəyənmirlər. Aralarında yarış
gedir. Yarış nədən ibarətdir? Xarici təşkilatlara
göstərmək istəyirlər ki, daha çox müxalifətdir.
Bu da sadə məsələ deyil. Bunun hamısının
arxasında pul dayanır. Yəni hansı təşkilatdan kim
daha çox pul alacaq. Dava yorğan davasıdır.
Erməni
lobbisi, xaricdən dəstəklənən dini ekstremistlər,
FETÖ-çülər və digərləri Azərbaycanda
ictimai sabitliyi pozmaq üçün vəsait ayırır.
Bunlar bu vəsaitin üstündə dalaşırlar. İndi
də görünür ki, pulu bölmək üçün
razılaşa bilmədilər və birlikləri
alınmadı.
Ümumiyyətlə,
“Müsavat” ilə AXCP arasında heç vaxt birlik olmayıb
və olmayacaq. Vaxtı ilə Əbülfəz Elçibəy
xahiş elədi ki, onu vahid namizəd kimi qəbul eləsinlər,
“Müsavat”ın o vaxtkı başqanı İsa Qəmbər
imtina elədi. Amma indi deyirlər, “Elçibəy
atamızdı, Elçibəy liderimizdir, yolumuz ELçibəy
yoludur” və sair. Yəni bunlarda daxili iddia, hakimiyyət hərisliyi,
vəzifə hərisliyi o qədər çoxdur ki, bunlar
heç vaxt birgə ola bilməyəcək.
Çünki
onları maliyyələşdirənlərin
ayırdığı pulu bölə bilmirlər.
- Konkret
kimlərdir və yaxud hansı ölkələrdir onları
maliyyələşdirənlər?
- Əsasən
ölkələrdir. Ad çəkməyəcəyəm, ona
görə ki, o ölkələr ilə rəsmi münasibətlərə
hörmət etməliyəm. Amma biləsiniz ki, digər yerlərdə
dini ekstremistlərdən istifadə edənlər burada da
maliyyələşdirirlər.
-
YAP-ın referendumla bağlı mitinqlər keçirməməsinin
səbəbi nədir?
- YAP
referendumla bağlı görüşlər, açıq və
qapalı tədbirlər keçirir. Bizim ən xırda
görüşlərimizdə belə müxalifətin
toplaşıb bir yerdə yığdıqları adamlardan iki
dəfə çox adam olur. Adi bir rayonda, hətta onların
ölkə üzrə yığdığından daha
çox adam yığırıq. Bakının
rayonlarında, Gəncədə mütəmadi tədbirlər
keçirilir. Hazırda şimal bölgəsində davam edir.
Hər bölgədə belə görüşlər olur.
Bölgələrdən o insanları yığıb
toplamaqdansa, biz onların yanına gedirik, izah edirik. Məsələn,
müxalifətin mitinq keçirdiyi yer Yasamal rayonu ərazisindədir.
Orada 24 min üzvümüz var. Ailə üzvlərini saysaq,
onların ölkə üzrə yığdığından
10 dəfə çox edər.
- Azərbaycan
Prezidentinin Bakıda səfərdə olan Avropa Parlamentinin
nümayəndə heyəti ilə görüşündə
dedikləri ictimaiyyətdə geniş maraqla
qarşılandı. Sizcə, bundan sonra Avropa Parlamentinin Azərbaycana
münasibətində hansı dəyişikliklər olacaq?
- Hesab
edirəm ki, addımları artıq Avropa Parlamenti
atmalıdır. Cənab Prezident o qədər konkret, dəqiq,
düzgün danışdı və onların ədalətsiz
addımları nümayəndə heyətini elə fakt
qarşısında qoydu ki, yer ayrılmalı idi, xəcalətdən
yerə girsinlər. Çünki bu qədər ədalətsizlik,
Azərbaycana qarşı bu qədər kin olmaz.
Məsələn,
bütün Azərbaycan şahiddir ki, jurnalist Rasim Əliyevin
öldürülməsi hadisəsinə dövlət necə
diqqətlə yanaşdı. Bu hadisəyə görə 7 nəfərə
70 ildən çox həbs cəzası verilib. Məhkəmə
də çox açıq keçdi. Yaxud Azərbaycanda
ATƏT-in ofisinin bağlanması ilə əlaqədar baş
verənlər. Bütün bunları cənab Prezident bir-bir
onlara sadaladı. İndi onlar bu sadalanan faktlara görə
etdikləri ədalətsizlikdən nəticə
çıxarmalıdırlar. 20 ildən çoxdur ki, “Freedom
House” və digər bu qəbildən olanlar Azərbaycanla
bağlı eyni şeyi deyirlər. Çevir tatı, vur
tatı. O tərəfdə bəyan edir ki, Əfqanıstanda
demokratik seçkilər keçirilib. Əfqanıstanda
parlamentin 90 faizi heç yazıb oxumağı bacarmır.
Amma Azərbaycana əksini deyirlər. Baxmayaraq ki, Azərbaycan
nəinki indi, 100 il əvvəl Şərqdə ilk
respublikanı, operanı yaradıb. Azərbaycanda hazırda əhalinin
tam əksəriyyəti təhsilli, ali təhsillidir. Bu qədər
ədalətsiz müqayisə olmaz ki, onlar edirlər. Təbii
ki, Azərbaycanın sərvətlərini mənimsəmək,
nəsə əldə etmək istəyirlər.
Ötən
il bizdə Avropa Oyunları, bu il Braziliyada olimpiada
keçirildi. Bizdəki təşkilatlanma, oyunlar zamanı təhlükəsizliyə
fikir verin, bu il Braziliyada baş verənlərə baxın.
Braziliyada küçədə soyulmayan, döyülməyən
turist qalmadı. Hətta bizdə keçirilən Avropa
Oyunlarının təşkilatçılıq səviyyəsi
dünyada nümunə kimi götürüldü. Amma Avropa
Parlamenti belə bir oyunları keçirdiyimiz zaman
götürüb bir qərar qəbul elədi ki, Azərbaycana
heç kim getməsin. Birincisi, BMT-nin müvafiq qətnaməsi
var ki, idman siyasətdən ayrıdır. İkincisi, gəlin
iştirak edin, baxın, görün. Axı bu, idmandır.
İdman sülh yaradır, ayrı-seçkilik yox.
Xatırlayırsınızsa,
Böyük Vətən müharibəsi zamanı Ukrayna
SSRİ-nin “Dinamo” (Kiyev) futbol klubunun üzvlərini almanlar əsir
götürmüşdü. Almanlar öz klublarının
onlarla yoldaşlıq görüşünü təşkil
edib, oyun zamanı müharibəni bir kənara qoydular. O hara,
Azərbaycana oyunlar zamanı göstərilən münasibət
hara? Ötən il Avropa Parlamentində də bu qərarın
verilməsinə kim rəhbərlik etdi? Milliyyətcə alman
olan Şults! Buna deyən lazımdır ki, sən get öz
dövlətçilik tarixinə bax, sonra gəl bizlə ədalətdən
dəm vur. Sənin dövlətin Almaniya bəşəriyyətin
başına iki dünya müharibəsini gətirib. Holokost
kimi soyqırımına “imza atıb”. 40 milyondan çox
insanın qanı onların əlinə bulaşıb. Onlardan
biri də elə mənim babamdır. Öldürdülər,
qəbrini də tapa bilmədik ki, gedib bir gül qoyam. Buna
görə almanlardan çox yanıqlıyam! Və yaxud,
Türkiyəni 1915-ci ildə guya ermənilərə
qarşı soyqırımı törətməkdə ittiham
edirlər. Bunlar unudurlar ki, həmin vaxt Almaniya Türkiyə
ilə müttəfiq idi və əgər elə
soyqırımı olubsa, deməli, burada Almaniyanın da əli
var. İndi bu dövlət bizə haqq-ədalətdən dərs
keçir. Bilirsiniz, hər şeyə ədalətli
yanaşmaq lazımdır.
- Milli Məclisdə
rəhbərlik etdiyiniz komitənin gündəmində ötən
sessiya dini etiqadla bağlı qanuna edilən dəyişiklikdən
irəli gələrək dini ekstremizmə qarşı
mübarizə, ictimai yerlərdə dini təbliğat və əcnəbilərin
dini təbliğatı ilə bağlı Cinayət və İnzibati
Xətalar məcəllələrinə sanksiyaların əlavə
edilməsi var. Bu, nə vaxt müzakirəyə
çıxarılacaq? Bəzi hallarda bunun əleyhinə
fikirlər səslənir...
-
Payız sessiyasında bunu müzakirəyə
çıxarıb, qəbul edəcəyik. Bu,
olmalıdır, çünki ötən il qanuna dəyişiklik
edilib və ondan irəli gələrək sanksiyalar müəyyənləşməlidir.
Bir məsələyə aydınlıq gətirim ki, qanun
geriyə şamil olunmur. Çoxu qorxur ki, xaricdə təhsil
alıb gəlib və qanun qüvvəyə minib deyə,
problem yaranacaq. Xeyr. Bu sanksiyalar qüvvəyə minəndən
sonra gələcəkdə kim xaricdə təhsil alacaqsa və
yaxud digər əməlləri edəcəksə, ona tətbiq
olunacaq. Bu dəyişikliyi niyə etdik, çünki xeyli səbəb
yaranmışdı.
Əvvəla,
xaricdə dini təhsil alanlar orada 7-8 il qalırlar. Din
mövzusunun həssaslığını nəzərə
alsaq, bu müddətdə həmin şəxsin
dünyagörüşü, düşüncəsi tamam dəyişir,
həmin ölkənin baxışlarına uyğun
formalaşır. İkincisi, illərdir Azərbaycanda
formalaşmış dini etiqada haradansa gəlmiş yeni
yanaşmalar tətbiq olunmur, tətbiq etmək alınmır.
Üçüncüsü, dünyada biri demokratiya adı
altında, biri din adı altında öz agenturasını
yaradır, yerləşdirir. İstəmirik ki, bu cür hallar
Azərbaycanda kök atsın. İstəmirik ki, Azərbaycanda
ümummilli lider Heydər Əliyev tərəfindən əsası
qoyulmuş ictimai-siyasi sabitlik pozulsun. Məsələn,
qardaş Türkiyədə iyulun 15-də bunun nümunəsini
gördük. Həmin FETÖ-çülər din adı
altında hansı addımları atdılar. Başqa ölkələrdə
dini zəmində baş verən qarşıdurmaları misal
göstərmək olar. Məsələn, vaxtı ilə
dünyanın harada qulduru, oğrusu vardı din adı
altında Rusiyada Şimali Qafqaz bölgəsinə
yığışıb, silahlı dəstələr
yaratmışdı. Nəyə görə vətəndaşımız
Azərbaycanda təhsil almasın, haradasa təhsil alıb gəlsin,
oranın psixologiyasını tətbiq etsin. Elə
özümüz o təhsili verək də...
- Azərbaycanda
dini təhsili tam olaraq verə biləcək baza var?
- Deyərdim
ki, var. Bakı İslam Universiteti var, Bakı Dövlət
Universitetində ilahiyyat fakültəsi var. Bundan başqa,
şərqşünaslıq fakültəsini bitirən də
bu tədrisi apara bilər. Adi orta məktəb müəlliminin
dini biliklərini bir az artırsaq, o da bu ritualı həyata
keçirə bilər. Baza var.
-
Ümumiyyətlə, Azərbaycanda dini kəsimlə
bağlı narahatlıq nədən ibarətdir?
-
Narahatlıq tək Azərbaycanda deyil. Daha doğrusu, kənardan,
müxtəlif yerlərdən qidalanır. Məsələn,
günün günorta çağı ən müasir
silahlarla 60 minlik İŞİD ordusu ortaya çıxdı.
İŞİD-i araşdırsaq, bu ordunun cəmi 20 faizi
müsəlmandır. Ordunun düz 10 min nəfəri təkcə
Avropa Birliyinə daxil olan ölkələrdəndir. Xeyli hissəsi
Amerika qitəsi ölkələrindən gəlib. Bir hissəsi
də vaxtı ilə Yaxın Şərqdə əməliyyat
aparan ABŞ ordusunun keçmiş hərbçiləridir.
Amma adını “İslam ordusu” qoyublar. Azərbaycanda təxminən
750-1100 arası adam orada ayrı-ayrı silahlı birləşmələrə
qoşulub. Ya Əsəd, ya əks tərəfdən
vuruşur, ya da İŞİD-in tərkibindədir. Onlar Azərbaycana
qayıdanda həmin psixologiyanı özləri ilə gətirirlər.
Burada həmin qruplaşmanı yaratmağa cəhd edirlər.
Mən müharibə veteranıyam. Bilirəm,
döyüş nə deməkdir. Araşdırma
aparmışam. Ora gedənlərin heç biri əsgərlikdə
olmayıb, silah görməyib. O zaman bunu aparan səbəb nədir?
Məlum oldu ki, səbəb pula şirnikləndirmə, talan
edilmiş qənimətlər və sair. Bəziləri də
kölə edilmiş qadınların fikri ilə gedib. Bunlar
hansı psixologiya ilə qayıdırlar? Fəaliyyətlərini
davam etdirib, ətrafına adamlar yığacaqlar. Təhlilləri
aparıb gördük ki, nə qədər qorxulu tendensiya ilə
üz-üzəyik. Ona görə də bunun
qarşısını almaq üçün qanunvericilikdə
məlum dəyişikliyi edirik, hətta vətəndaşlıqdan
çıxarmaya qədər gedirik.
APA
Azərbaycan.-2016.- 24 sentyabr.- S.5.