Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ:
Məxəzlərdən oxunmuş tarix” kitabı italyan dilində
çap olunub
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən
oxunmuş tarix” kitabı İtaliyanın “Eurasian Books” nəşriyyatında
italyan dilində çap olunub.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinə
həsr edilən kitabda problemin yaranma səbəbləri, bu
bölgənin tarixən mövcud olan Azərbaycan dövlətlərinə
məxsusluğunu əks etdirən müxtəlif qiymətli mənbələr
yer alıb. Bundan başqa, kitabda
bölgədə ermənilərin xeyrinə həyata
keçirilən demoqrafik dəyişikliklərdən,
Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun Ermənistan
silahlı qüvvələri tərəfindən işğal olunmasından, münaqişənin
həlli istiqamətində ATƏT-in Minsk
qrupunun vasitəçiliyi ilə həyata keçirilən
danışıqlar prosesinin vəziyyətindən,
beynəlxalq təşkilatların bu məsələdə
tutduğu mövqedən, xüsusilə təcavüzkar
Ermənistanın BMT Təhlükəsizlik
Şurasının münaqişəyə dair
qəbul etdiyi qətnamələri yerinə
yetirməməsindən, eləcə də
münaqişənin beynəlxalq hüququn
norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın
beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədləri
və ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyindən
bəhs edilir. Əsərdə zəngin tarixi faktlar əsasında
mühüm elmi-nəzəri ümumiləşdirmələr
aparılmaqla yanaşı, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
həllinə mane olmaq
üçün məqsədyönlü
şəkildə törədilən süni
əngəllərə də münasibət bildirilir. Müəllif
çoxsaylı mənbələr və elmi
ədəbiyyat əsasında, ilk növbədə,
xarici dillərdə və erməni dilində
nəşr olunmuş mənbələrdəki
faktlara istinad edərək
Dağlıq Qarabağın ən qədim dövrlərdən
Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu sübuta yetirir.
Bu fundamental
elmi əsərin italyan
dilində nəşri oxucu
auditoriyasının genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Kitab Dağlıq Qarabağın
tarixinə, münaqişənin başvermə səbəblərinə,
onun doğurduğu
acı nəticələrə dair obyektiv və səhih məlumatlar əldə
etmək istəyən italyandilli oxucular üçün dəyərli
mənbə rolunu oynayacaq.
Azərbaycan.-2016.- 24 sentyabr.- S.3.