Azərbaycan-Türkiyə
münasibətlərinin inkişafında gənclərimizin
üzərinə böyük məsuliyyət
düşür
Sentyabrın 23-də “ADA” Universitetinin və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə ölkəmizin müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə bağlı Azərbaycan-Türkiyə gənclər forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi 25 il ərzində sürətlə inkişaf edən Azərbaycan-Türkiyə münasibətlərinə, mühüm tarixi hadisələrə nəzər salmaq, ölkələrimizin strateji tərəfdaşlığını daha da gücləndirmək, yeni imkanlardan istifadə etmək, ümumi çağırışlara cavab yollarını birgə araşdırmaqdır.
Forumda çıxış edən “ADA” Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev 25 illik tarixi mərhələdə yetişən gənclərin uğurla qət edilən müstəqillik yolunun bəhrəsini gördüklərini deyib. Vurğulayıb ki, rəhbərlik etdiyi ali təhsil ocağı öz növbəsində gənclərin daha keyfiyyətli təhsil almaları, müxtəlif ixtisasların sirlərinə dərindən yiyələnmələri və ölkəmizin parlaq gələcəyi naminə uğurla fəaliyyət göstərmələri üçün səylə çalışır.
Azərbaycan ilə Türkiyə arasında dostluğa, qardaşlığa əsaslanan, çoxtərəfli və sürətlə genişlənən münasibətlərə toxunan rektor iki ölkənin təhsil sahəsindəki əlaqələrinin inkişafı üçün olduqca geniş potensialın mövcudluğunu bildirib. Qeyd edilib ki, “ADA” Universitetinin həyata keçirdiyi mübadilə proqramlarında iştirak edən Türkiyənin təhsil ocaqlarının sayının artırılması əhəmiyyətlidir.
Qardaş ölkələrimiz arasında münasibətlərinin inkişaf tarixindən danışan Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan səfiri İsmail Alper Coşkun bu əlaqələrin möhkəm təməl üzərində qurulduğunu söyləyib. O, ölkələrimizin hər zaman bir-birinin yanında olduğunu, xalqlarımız arasında tarixi dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib. Ümummilli lider Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamını xatırladan diplomat deyib: “Münasibətlərimizin bundan sonra da inkişaf etdirilməsində gənclərimizin üzərinə böyük məsuliyyət düşür”.
Ölkəmizdəki fəaliyyətindən məmnunluğunu ifadə edən İsmail Alper Coşkun ötən müddətdə Azərbaycanın gündən-günə dinamik inkişafının, sürətli müsbət dəyişikliklərin şahidi olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycanın həyata keçirdiyi irimiqyaslı layihələr bu ölkənin dünyada mövqeyinin möhkəmlənməsinə, güclü tərəfdaş kimi seçilməsinə yol açır.
Sonra panel iclaslarla
işini davam etdirən
forumda ölkələrimizin
qardaşlıq münasibətlərinin inkişafına xidmət
edən təhsil sahəsindəki əməkdaşlığın
genişləndirilməsi məsələləri ilə
bağlı təkliflər səsləndirilib, müvafiq mövzu ilə
bağlı fikir mübadiləsi
aparılıb.
Azərbaycan.-2016.- 24 sentyabr.- S.3.