Mingəçevir Cənubi Qafqazın
əsas sənaye mərkəzlərindən
olacaq
Xalqımızın ümummilli
lideri Heydər Əliyevin siyasi kursu dövlətçiliyimizin
uğur missiyası, təkmil inkişaf konsepsiyasıdır. Ulu öndərin müəyyən etdiyi yol ölkəmizi tarixin ağır sınaqlarından
çıxarıb hər zaman yüksəlişə,
tərəqqiyə, xalqımızı firavan
həyata, xoş güzərana qovuşdurub.
Energetika şəhəri Mingəçevirə də Heydər Əliyev həmişə fərqli, xüsusi qayğı və diqqət göstərib. Onun bu şəhər haqqında fikirləri indi də çox aktual səslənir: “Mingəçevirin tikilməsində, qurulmasında inkişaf etməsində vaxtilə mən çox zəhmət çəkmişəm. İndi mən buraya gəlib bu hündür binaları, gözəl küçələri, gözəl meydanları, gözəl yaşıllıqları görəndə sevinirəm. Çünki 30 il bundan öncə mən Azərbaycanda rəhbərliyə başlayarkən biz Azərbaycanın hər bir yerində quruculuq işləri aparırdıq. Ancaq Mingəçevir gənc şəhər olduğuna görə, energetiklər şəhəri olduğuna görə buraya xüsusi fikir verirdik”.
Varislik missiyasını bütün istiqamətlərdə böyük məharətlə həyata keçirən Prezident İlham Əliyev də ölkəyə rəhbərlik etdiyi dövrdə hər zaman Mingəçevirə isti və doğma münasibət sərgiləyib. Dövlət başçısının energetiklər şəhərinə artıq altıncı səfəri reallaşıb. Söz yox ki, Prezident İlham Əliyevin bölgəyə hər səfəri Mingəçevirin ictimai-siyasi, sosial-iqtisadi həyatında dərin izlər qoyur, şəhərin inkişafında, quruculuğunda yeni mərhələ kimi tarixə çevrilir, unudulmaz şirin xatirələr kimi şəhər sakinlərinin yaddaşına həkk olur.
Dövlət başçısının Mingəçevirə növbəti səfəri sentyabrın 21-nə, payızın ilk gününə təsadüf edirdi. Prezident bu gəlişi ilə Mingəçevirin sosial-iqtisadi həyatında yeni dövrün başladığı, şəhər sakinlərinin firavan dolanışığı üçün minlərlə yeni iş yeri açılacağı müjdəsini gətirmişdi.
İlk öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsinin önünə gül dəstəsi qoyan Prezident İlham Əliyev sonra şəhərdə aparılan abadlıq, quruculuq işləri ilə tanış oldu. Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində iştirak edən dövlət başçısı burada şəhər ictimaiyyətinin nümayəndələri qarşısında çıxış etdi. Mingəçevirin yüksəlişinə, şəhər sakinlərinin firavan həyatını təmin etməyə hesablanan möhtəşəm bir layihəsinə start verildi. Prezident çıxışında dedi: “Bu parkın yaradılması Mingəçevir üçün çox böyük əhəmiyyət daşıyır. Deyə bilərəm ki, bu gündən Mingəçevirin yeni inkişaf dövrü başlayır. Bu Sənaye Parkında görüləcək işlər bizim ümumi iqtisadi potensialımızı gücləndirəcək. Burada 9 fabrik yaradılacaq. Bu fabriklərdə işləyənlərin sayı 5-6 minə çatacaq. Bu Sənaye Parkında görüləcək işlərin həcmi təqribən 150-200 milyon dollar səviyyəsindədir. Yəni bu, böyük investisiya layihəsidir. Bu layihəni icra etdikcə, əminəm ki, yeni təşəbbüslər də ortaya çıxacaq. Çünki bu layihənin şəhərin inkişafına, iş yerlərinin yaradılmasına, ümumiyyətlə, kənd təsərrüfatımızın, sənaye potensialımızın inkişafına çox böyük xeyri olacaq.
Mingəçevir sənaye şəhəridir. Mingəçevir energetiklər şəhəridir. Bundan sonra isə eyni zamanda Mingəçevir nəinki Azərbaycanın, ümumiyyətlə, Cənubi Qafqazın yüngül sənaye mərkəzlərindən birinə, bəlkə də birincisinə çevriləcək”.
Beləcə, yeni inkişaf dövrünə qədəm qoyan Mingəçevir sakinlərinin yaddaşına daha bir tarixi görüşün unudulmaz anları yazıldı. İndi nur şəhərində xoş ovqat yaşanır. Dövlətin öz vətəndaşına sahib çıxması, onun yaxşı yaşaması, xoş güzəran keçirməsi üçün belə möhtəşəm layihəni reallaşdırmasını hər bir şəhər sakini minnətdarlıqla qarşılayıb.
Dövlət başçısının bölgəyə səfərinin şəhər sakinlərində yaratdığı təəssürat da çox yüksəkdir.
İlham MAYILOV, Mingəçevir şəhər xəstəxanasının baş həkiminin müavini:
- Prezident İlham Əliyevin bölgəyə hər səfəri bizim üçün dəyərli töhfələrlə yadda qalır. Regionda böyük inam qazanan Mingəçevir şəhər xəstəxanası uzun illərdən bəri qeyri-normal şəraitdə fəaliyyət göstərirdi. Səhiyyənin maddi-texniki bazası son dərəcə zəif idi. Müasir avadanlıqlarla işləməyi çox arzulayırdıq. Həkimlər gileyli, xəstələr narazı idilər. Dövlət başçısının təşəbbüsü ilə Mingəçevir səhiyyəsini müasir tələblər səviyyəsinə qaldırmaq mümkün oldu. Şəhər xəstəxanası əsaslı şəkildə təmir edilib bölgə sakinlərinin istifadəsinə verildi. Minnətdarlıqla, həm də qürurla deyə bilərik ki, indi bizim xəstəxanada yaradılmış mövcud şərait Avropa ölkələrindəki şəraitdən geri qalmır.
Natiq
ABBASOV, Kür Olimpiya tədris idman mərkəzi MMC-nin direktoru:
- Energetiklər şəhəri
kimi şöhrət qazanmış Mingəçevir
bu gün həm də idmançılar şəhəridir.
Prezident
İlham Əliyevin böyük qayğı və diqqəti sayəsində şəhər başdan-başa
yenidən qurulmuş,
sözün həqiqi
mənasında, gözəlliklər
diyarına çevrilmişdir. Ölkə rəhbəri
olmamışdan əvvəl
- 2000-ci ildə də
Mingəçevirə gəlmişdi.
Kür avarçəkmə
bazasının acınacaqlı
vəziyyətdə olduğunu
görüb, təcili
tədbirlərə qərar
verdi. O vaxt
bazada Ermənistan silahlı qüvvələri
tərəfindən işğal
olunmuş ərazilərdən
qaçmağa məcbur
edilmiş məcburi köçkünlər yaşayırdılar.
Bazanın adından başqa,
demək olar ki, heç nə qalmamışdı.
Dövlətin qayğısı ilə şəhərdə
yeni qəsəbə salındı. Köçkün soydaşlarımız rahat
mənzillərə köçürüldü.
Bundan sonra bazada yeni
quruculuq dövrü başladı. Baza əsaslı
şəkildə yenidən
quruldu. Məhz Prezident İlham
Əliyevin qayğısı
ilə Kür avarçəkmə bazası
dünyanın müasir
idman kompleksləri sırasında yer aldı. Bizim bazanın üstünlüyü
ondadır ki, ilin bütün fəsillərində fəaliyyət
göstərir. Artıq xarici
idmançılar da gəlib burada məşq edirlər.
2015-ci il I Avropa Oyunları çərçivəsində avarçəkmə yarışları
Mingəçevirdə keçirildi.
Şəhərimizə çox sayda
idmançılar və
əcnəbi qonaqlar gəlmişdi. Bazada yaradılmış
şərait onların
çox xoşuna gəldi. Qayğıya, qonaqpərvərliyə görə hədsiz minnətdarlıqlar eşitdik.
Bütün bunlar Mingəçevirin
idman həyatında əsl bayram oldu, bizim üçün
qürurverici hadisəyə
çevrildi. Üzümüzü
ağ edən,
bazanı müasir tələblər səviyyəsində
quran, Azərbaycanı,
eləcə də Mingəçeviri bütün
dünyaya tanıdan Prezident İlham Əliyevin uzaqgörən
müdrik siyasəti idi. Dövlətin nur şəhərinə
qayğısı indi
daha geniş müstəvidə davam edir. Biz bu
səfərdən çox
məmnunuq. Bu gün Mingəçevirdə
yaşamaq və işləmək çox
xoşdur. İnanırıq
ki, dövlətin davamlı qayğısından
güc alan
nur şəhərinin
sabahı daha işıqlı olacaq.
Tahir
ƏZİZLİ, şəhər mədəniyyət və
turizm şöbəsinin
müdiri:
- Bu dəfəki səfəri
ilə Mingəçevirin
inkişafında yeni səhifələr açan
Prezident İlham Əliyev şəhər ictimaiyyətinin nümayəndələri
ilə görüşdə
iqtisadi potensialı gücləndirməklə yanaşı,
turizmi inkişaf etdirməyə də böyük önəm verərək dedi ki, xarici turistlər
də Mingəçeviri
tanımalıdır. Çünki Mingəçevirin gözəl
təbiəti, təmiz
havası var. Kür çayının ən gözəl və təmiz hissəsi də Mingəçevirdədir.
Kür çayı böyük çaydır. Suyun rəngi də, keyfiyyəti də bir az fərqlidir. Kür çayı burada
tərtəmiz, gözəl,
gözoxşayan rəngdədir.
Burada çox gözəl təbii şərait, infrastruktur var. Gəncə
və Qəbələ
beynəlxalq aeroportları
da yaxınlıqdadır.
İndi Bakıdan buraya gəlmək üçün
gözəl imkanlar
var. Ona görə gələcəkdə burada
turizm potensialı inkişaf etməlidir.
Dövlət başçısının bu fikirləri bizim gələcək fəaliyyətimizə istiqamət
verir. Bölgədə turistlərin marağına
səbəb olacaq çox şey var. Mingəçevirin qədim
yaşayış məskəni
olduğunu sübut edən nümunələr
görənlərdə maraq
doğurur. Burada tarixi
mədəniyyət abidələri
də diqqət çəkir. Bu yerlərin təbiəti, iqlimi, Kürün füsunkar mənzərəsi,
gəzinti qonaqları
heyran edir. Biz dövlət başçısının
tapşırıqlarını icra etmək üçün bütün
qüvvəmizi səfərbər
edəcəyik ki, Mingəçevir ən yaxın zamanda respublikanın əsas turizm mərkəzlərindən
birinə çevrilsin.
Dövlət başçısının Mingəçevirə bu səfəri də artıq tarixə çevrilmişdir. Ancaq bu səfər məzmun və mahiyyəti baxımından xeyli fərqlidir. Əsas hədəf qeyri-neft sektorunun potensialını əhəmiyyətli dərəcədə artırmaqdır. Prezident qeyri-neft sektorunu inkişaf etdirməyin prioritet vəzifə olduğunu dəfələrlə bəyan etmiş, bu istiqamətdə bir çox uğurlu layihələr həyata keçirmişdir. Bir neçə gün əvvəl isə Sabirabadda pambıqçılığın inkişafına həsr edilmiş müşavirədə də Prezident İlham Əliyev strateji məhsul olan pambıqçılığı inkişaf etdirməklə, ölkəyə valyuta axınının artacağını, əkin dövriyyəsini genişləndirməklə 10 minlərlə yeni iş yeri açılması hesabına kəndlilərin güzəranının yaxşılaşacağını diqqətə çatdırıb. Mingəçevirdə qurulan yeni Sənaye Parkının xammalla təmin edilməsi aqrar sektorun inkişafı ilə qırılmaz şəkildə bağlıdır. Sənaye Parkının nəzdində 9 fabrik-pambıq iplik, akril iplik, yun iplik, corab məhsulları, ayaqqabı istehsalı, toxuma, parçaboyama, tikiş və tibbi komsetika fabriklərinin inşa edilməsi nəzərdə tutulub. Pambıq iplik fabrikində birinci mərhələdə ildə 10 min ton, sonrakı mərhələdə isə 20 min ton pambıq iplik istehsalı proqnozlaşdırılır. Məqsəd dünya bazarına xam pambıq yox, pambıqdan hazırlanmış məhsullar çıxarmaqdır. Bu baxımdan aqrar sektorla paralel olaraq ölkədə yüngül sənayeni inkişaf etdirmək zərurəti yaranır. Dövlət başçısının təməlini qoyduğu Mingəçevir Sənaye Parkı da son illərin ən möhtəşəm layihələrindən biridir. Sənaye Parkının fəaliyyəti ölkədə yunun ilkin emalı zavodlarının yaradılmasını da labüd edəcəkdir. Sənaye Parkı işləyəndə yuna, dəriyə xammal kimi ciddi ehtiyac duyulacaqdır. Heyvandarları narahat edən bir sıra problemlər də öz uğurlu həllini tapacaqdır.
Prezident İlham Əliyev bölgəyə
səfərinin ertəsi günü
imzaladığı sərəncamla Mingəçevirdə
abadlıq işlərinin davam etdirilməsi
üçün 5 milyon
manat vəsait ayırdı. Nur şəhəri sakinlərinin xoş ovqatına yeni sevinc qatıldı. Hər könüldə
razılıq, hər ürəkdə minnətdarlıq
hədsizdir.
Lazım QULİYEV
Azərbaycan.- 2016.- 25
sentyabr.- S.3.