Sumqayıtdakı Sülh küçəsi əsaslı təmir
və yenidənqurmadan sonra istifadəyə
verilib
Sentyabrın
27-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Sumqayıt şəhərinə əsas giriş
yolunda - Sülh küçəsində əsaslı təmir
və yenidənqurmadan sonra yaradılan şəraitlə
tanış olub.
Prezident
İlham Əliyev görülən işləri əks etdirən
stendə baxıb.
Məlumat
verildi ki, bu ilin fevralında başlanılan yenidənqurma
işləri sentyabrın əvvəlində yekunlaşıb.
Bakı-Quba avtomobil yolundan başlayaraq şəhərdəki
“Göyərçin” abidəsinə qədər bu
küçənin uzunluğu 5,2 kilometrdir.
Diqqətə
çatdırıldı ki, yenidənqurmadan əvvəl
burada səki yox idi. Tikinti işləri zamanı yeni səkilər
salınıb, yolun hər iki tərəfində
yağış sularını axıdan kanalizasiya xətti
çəkilib. Yol boyunca yaşıllıqlar salınıb,
ağac və gül kolları əkilib, avtomatik suvarma sistemi
qurulub. Yeni işıqlandırma sistemi də müasirliyi ilə
diqqəti çəkir. Küçə boyunca dekorativ istinad
divarları tikilib.
Bildirildi
ki, küçəyə 15 santimetr qalınlığında
polimer asfalt örtüyü döşənib. Müasir
texnologiya əsasında hazırlanan bu asfaltın özəlliyi
yükgötürmə qabiliyyətinin yüksəkliyində,
elastikliyinin etibarlılığında və uzun müddət
davamlı olmasındadır. Eni 14 metr olan küçənin
hərəkət hissəsi yenidənqurmadan sonra 22 metrə
çatdırılıb. Sülh küçəsinin əsaslı
təmiri və yenidən qurulması Bakıdan Sumqayıta və
əks istiqamətə nəqliyyatın rahat və maneəsiz
hərəkətinə hərtərəfli imkan yaradır.
AZƏRTAC
Azərbaycan.-2016.- 28 sentyabr.- S.2.