Sumqayıt Dövlət
Dram Teatrının binası yenidən qurulub
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də əsaslı təmir
olunaraq yenidən qurulan Sumqayıt Dövlət Dram
Teatrının binasında yaradılan şəraitlə
tanış olub.
Dövlət
başçısına məlumat verildi ki, bina 1956-cı ildə
istifadəyə verilib. Burada yenidənqurma işlərinə
ötən ilin dekabrında başlanılıb. Əsaslı
təmir və yenidənqurma tədbirləri zamanı
binanın bütün mühəndis-texniki qurğuları
tamamilə yenidən qurulub. Binanın 500 yerlik tamaşa və
100 yerlik akt salonu ən müasir avadanlıqla təchiz olunub.
Burada tamaşaları bədii və texniki cəhətdən
yüksək səviyyədə təqdim etmək
üçün 360 dərəcə hərəkət edən
səhnə, müasir akustika və işıqlandırma
sistemləri və digər avadanlıqlar
quraşdırılıb.
Teatrın
interyerinin daha cəlbedici görünməsi üçün
milli memarlıq ənənələrindən geniş istifadə
edilib. Binanın bütün xidməti, dekorasiya və qrim
otaqları müasir üslubda tərtib olunub, mebellər tətbiqi
sənətin qədim növü olan oyma üsulu ilə işlənib.
Teatrın köhnə parket döşəməsi
sökülərək monolit dəmir-beton plitələrlə
əvəzlənib, binadakı sütunlar isə mərmərlə
üzlənib.
Qeyd
olundu ki, binanın müasir üslubda yenidən qurulması
sakinlərin teatra marağının artmasına, şəhərin
mədəni həyatının daha da canlanmasına təkan
verəcək. Teatrın qarşısındakı meydanda 15
min kvadratmetr sahəyə mərmər döşənib, iki
yeni fəvvarə və monitor quraşdırılıb.
Yenidənqurma
işləri Sumqayıt Dövlət Dram Teatrının 150 nəfərlik
kollektivinə işlərini günün tələbləri səviyyəsində
qurmaq üçün maksimum şərait yaradır.
Ümumilikdə, teatrın binasının əsaslı təmiri
və yenidən qurulması Azərbaycan dövlətinin mədəniyyət
sahəsinin inkişafına göstərdiyi diqqət və
qayğını təcəssüm etdirir. Bu layihənin
icrası son dövrdə Sumqayıtda gedən sürətli
sosial-iqtisadi inkişafa təkan verməklə yanaşı,
şəhərin ümumi görünüşünə də
əlavə çalarlar qatır.
AZƏRTAC
Azərbaycan.-2016.- 28 sentyabr.- S.2.