Prezident İlham
Əliyev Sumqayıtda Dənizkənarı bulvarın və
şəhər çimərliyinin
açılışında iştirak edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
27-də Sumqayıtda Dənizkənarı bulvarın və
şəhər çimərliyinin
açılışında iştirak edib.
Bu
gün ölkəmizdə həyata keçirilən
sosial-iqtisadi layihələrin tərkib hissələrindən
biri də yeni istirahət guşələrinin, park və
xiyabanların yaradılmasıdır. Son dövrlərdə
Prezident İlham Əliyevin tapşırığına əsasən,
Bakı ilə yanaşı, bütün şəhər və
rayonlarda yeni parkların, xiyabanların, istirahət guşələrinin
yaradılması, mövcudlarının isə əsaslı
şəkildə yenidən qurulması istiqamətində
olduqca mühüm layihələr icra edilir. Bu məsələyə
Sumqayıtda da xüsusi diqqətlə yanaşılır.
Burada həmin istiqamətdə reallaşdırılan ən
mühüm layihələrdən biri də Sumqayıtda Dənizkənarı
bulvarın və şəhər çimərliyinin
yaradılmasıdır. Bu kompleksdəki şərait sübut
edir ki, Azərbaycan dövləti vətəndaşların
istirahətlərini mənalı təşkil etmək, asudə
vaxtlarını səmərəli keçirmək
üçün bütün zəruri addımları
atır. Bu, həm də dünyada hökm sürən iqtisadi
böhran dövründə ölkəmizdə sosial layihələrin
ardıcıl və məqsədyönlü şəkildə
həyata keçirildiyini nümayiş etdirir. Xəzərin
sahilindəki bu kompleks Sumqayıt şəhərinin
simasının daha da gözəlləşdirilməsi
baxımından da olduqca əhəmiyyətlidir. Bu cür
layihələrin icrası bir daha sübut edir ki,
Sumqayıtın abadlaşdırılması istiqamətində
görülən işlər davamlıdır, onlar yüksək
keyfiyyətlə və vaxtında yerinə yetirilir. Bir
sözlə, müasir üslubda, orijinal dizaynda yaradılan həmin
istirahət məkanı Sumqayıtın görməli yerlərinə
daha bir ünvanın da əlavə edilməsi deməkdir.
Dövlət
başçısı Dənizkənarı bulvarın və
şəhər çimərliyinin rəmzi
açılışını bildirən lenti kəsdi.
Məlumat
verildi ki, Xəzər dənizinin sahili boyunca 4 kilometr
uzunluğu olan bulvar kompleksinin ümumi sahəsi 106
hektardır. Bu istirahət məkanının tikintisinə
ötən ilin oktyabrında başlanılıb.
Dövlət
başçısı elektromobillə bulvarın ərazisini
gəzdi.
Sumqayıt
bulvarı və dənizkənarı parkı həm ərazisinə,
həm də landşaftına görə ölkəmizdə
mövcud olan əksər parklardan seçilir. Bu parkın
çimərliyə birbaşa
çıxışının olması onu digər
bulvarlardan fərqləndirir. Sahəsi 12 hektar olan çimərlik
zonasında şəhər sakinlərinin və qonaqların
istirahəti üçün zəruri şərait var.
Bulvarda Bayraq Meydanı inşa olunub. Azərbaycan Respublikasının
dövlət bayrağı
meydanda 42 metr hündürlüyündəki bayraq dirəyi üzərində dalğalanır. Bildirildi ki, burada 100 min ağac, 500 mindən çox müxtəlif gül kolu əkilib,
60 min kvadratmetr sahədə
çəmənlik salınıb,
işıqlandırma sistemi
qurulub. Park-bulvar kompleksində 10 min oturacaq
qoyulub. Beş yerdə böyük fəvvarə kompleksi tikilib, su təchizatı
və kanalizasiya şəbəkəsi yaradılıb.
Kompleks boyunca 12 min poqonmetr uzunluğunda piyada yolu salınıb,
mühafizə kameraları,
monitorlar quraşdırılıb.
Qeyd olundu
ki, bulvarda kiçik ölçülü gəzinti
avtobusları və avtomobil yolu ilə yanaşı, velosiped
idmanı ilə məşğul olmaq istəyənlər
üçün də 3 metr enində xüsusi hərəkət
zolağı salınıb. Bununla yanaşı, 3 kafe-çay
evi, istirahət obyektləri, attraksionlar, kinoteatr, tennis kortu,
futbol meydançaları, yay musiqi səhnəsi, ticarət və
uşaqlar üçün əyləncə mərkəzləri
yaradılıb.
Ərazidə
2 yay uşaq-əyləncə mərkəzi tikilib, balacalar
üçün 10 attraksion quraşdırılıb.
Diqqətə
çatdırıldı ki, sahil hissədə estakada qurulub və
şəhərin akvatoriyasında gəzinti gəmilərinin
hərəkətinin təmin olunması üçün
işlər aparılır. Burada 500-dən çox yeni iş
yeri açılacaq. Bulvarın ərazisində 4,2 kilometr
uzunluğunda yeni yol çəkilib.
Prezident
İlham Əliyev yolun rəmzi
açılışını bildirən lenti kəsdi.
Bulvar boyunca salınan yeni asfalt yolun
eni 16 metrdir. Bundan başqa, 4,2 kilometr uzunluğunda istinad divarı tikilib, mərmərlə üzlənib. Müasir səviyyədə salınan
yolda işıqlandırma
sistemi də quraşdırılıb.
Sonra dövlət başçısına
bulvar ərazisində
inşa edilən
“Kristal Abşeron” yaşayış
kompleksi barədə də məlumat verildi. Bildirildi ki, bu kompleksdə
ehtiyacı olan sakinlər mənzilləri
20 illik ipoteka yolu ilə də ala bilərlər.
Beləliklə, kompleks
sürətlə dəyişən
Sumqayıtda əhalinin
mənzil probleminin həllində mühüm
rol oynayacaq.
AZƏRTAC
Azərbaycan.-2016.- 28 sentyabr.- S.3.