Sumqayıtda Uşaq İncəsənət məktəbinin
açılışı olub
Sentyabrın
27-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Səid Rüstəmov adına Sumqayıt şəhər
3 saylı Uşaq İncəsənət məktəbinin
açılışında iştirak edib.
Dövlət başçısı məktəb
binasının rəmzi açılışını bildirən
lenti kəsdi.
Prezident
İlham Əliyev məktəblə tanış oldu.
Bildirildi
ki, məktəb əvvəllər doqquzmərtəbəli
yaşayış binasının birinci mərtəbəsində
və əlavə tikilmiş qeyri-yaşayış sahəsində
yerləşirdi. Məktəbdənkənar tədris
üçün uyğunlaşdırılmış binada fəaliyyət
göstərən məktəbin zamanın tələbinə
uyğun daha müasir və geniş binada yerləşdirilməsi
yüksək səviyyədə həyata keçirilib. Yeni
binanın inşasına keçən ilin noyabrında
başlanılıb. Tikinti işləri bu ilin sentyabrında
başa çatdırılıb.
Binanın
foyesində ulu öndər Heydər Əliyevin və Prezident
İlham Əliyevin Sumqayıta səfərlərini əks
etdirən fotoguşələr yaradılıb. Ümumi sahəsi
2950 kvadratmetr olan bina üçmərtəbəlidir.
Buradakı 27 sinif otağının hamısı müasir
avadanlıqla, təlim-tədris ləvazimatları ilə təchiz
olunub. Yüz iyirmi yerlik akt zalında müxtəlif tədbirlərin
keçirilməsi üçün hər cür şərait
yaradılıb. Kitabxana, rəsm otağı və
emalatxanalarda dərslərin keçirilməsi
üçün bütün imkanlar nəzərə
alınıb. Hazırda Uşaq İncəsənət məktəbində
730 şagird təhsil alır. Onların təlim-tərbiyəsi
ilə 217 müəllim məşğuldur.
Prezident
İlham Əliyev məktəbin xor kollektivinin ifasını
dinlədi.
Sonra xatirə şəkli
çəkdirildi.
AZƏRTAC
Azərbaycan.-2016.- 28 sentyabr.- S.3.