Sumqayıtda Heydər
Əliyev Mərkəzinin yeni binasında şəhər
ictimaiyyətinin nümayəndələri ilə
görüş
Sentyabrın
27-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Sumqayıt şəhərinə səfəri
çərçivəsində Heydər Əliyev Mərkəzinin
yeni binasının açılışında iştirak
edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.
Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü ucaldılıb. Foyedə, həmçinin ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə gənclərə göstərdikləri yüksək diqqət və qayğını əks etdirən fotolardan ibarət guşələr yaradılıb.
Məlumat verildi ki, Heydər Əliyev parkında inşa olunan Mərkəzin binasının tikintisinə ötən ilin noyabrında başlanılıb. Üç mərtəbədən və mansarddan ibarət olan binanın ümumi sahəsi 5 min kvadratmetrdir. Mərkəzdə Ulu Öndərin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar nümayiş etdirilir. Ümummilli lider Heydər Əliyevin ölkəmizdə, o cümlədən Sumqayıtda müxtəlif obyektlərin açılışında iştirakının, ictimaiyyətin nümayəndələri ilə görüşlərinin əks olunduğu fotolar da böyük maraq doğurur. Heydər Əliyev Mərkəzində müxtəlif tədbirlərin keçirilməsi üçün 420 yerlik böyük konfrans zalı yaradılıb. Mərkəzdə kompyuter və digər ən müasir avadanlıqla təchiz olunan xidməti otaqlar var. Müxtəlif təyinatlı bölmələrdən ibarət olan mərkəzdə sərgi zalı, xalçaçılıq dərnəyi, 40 nəfərlik iclas zalı, smart sinif, rəsm və foto studiyaları, elektron kitabxana, kompyuter, rəqs, intellektual oyun dərnəkləri fəaliyyət göstərəcək. Son illər respublikamızda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili kimi xoşməramlı tədbirlər də keçirilir. Sumqayıtdakı Heydər Əliyev Mərkəzində də bu məqsədlə müvafiq şərait yaradılıb.
Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Mərkəzin iclas zalında şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Azərbaycan Prezidenti İlham Əliyevin
çıxışı
-Əziz sumqayıtlılar, əziz dostlar, mən sizin hamınızı ürəkdən salamlayıram. Mən yenidən Sumqayıtda olmağımdan çox məmnunam. Əvvəlki illərdə dəfələrlə Sumqayıtda olmuşam. Sumqayıtın inkişafı daim diqqət mərkəzindədir. Biz bu gün Sumqayıtda bir çox gözəl obyektlərin açılışını qeyd edirik. Onların arasında əlbəttə ki, öz əzəməti, möhtəşəmliyi ilə seçilən Heydər Əliyev Mərkəzidir. Bu Mərkəz həm memarlıq, həm də funksionallığı baxımından çox gözəl abidədir, Ulu Öndərin adına yaraşan bir Mərkəzdir.
Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir. Məhz onun rəhbərliyi ilə Azərbaycan inamla müstəqillik həyatına qədəm qoyub. Əgər 1991-ci ildə Heydər Əliyev hakimiyyətdə olsaydı, heç vaxt Azərbaycan problemlərlə üzləşməzdi, heç vaxt bizdə vətəndaş müharibəsi olmazdı, heç vaxt torpaqlarımız işğal altına düşməzdi. Bizim xoşbəxtliyimiz isə ondan ibarətdir ki, 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldi və ondan sonrakı müstəqillik dövrü sabitlik, tərəqqi və inkişaf dövrüdür. O ağır illərdə Azərbaycanda aparılan islahatlar, təhlükəsizliyin təmin edilməsi, neft kontraktının imzalanması, dövlətçiliyin möhkəmləndirilməsi, yeni Konstitusiyanın qəbulu ölkəmizin gələcək inkişafını müəyyən etmişdir. O vaxt ölkəmizin gələcək inkişafı ilə bağlı strateji seçim edilmişdir ki, Azərbaycan dövləti müstəqil həyatını qoruyacaq, ölkədə Azərbaycançılıq məfkurəsi təmin ediləcək, Azərbaycan öz beynəlxalq əlaqələrini qarşılıqlı hörmət əsasında quracaq, dərin iqtisadi-sosial islahatlar həyata keçiriləcək və Azərbaycan xarici investorlar üçün açıq qapılar siyasəti aparacaq. Bu strateji seçim özünü doğrultdu. Biz bu gün bunu bir daha əyani şəkildə görürük. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir. Bizimlə hesablaşırlar, bizim fikrimiz, rəyimiz nəinki regional müstəvidə, dünya miqyasında böyük önəm daşıyır.
Gələn ay biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik. Bu 25 ilin 23 ili inkişaf, tərəqqi və dirçəliş illəri olmuşdur. 1991-ci ildə Azərbaycan müstəqilliyə qovuşanda digər müttəfiq respublikalar da müstəqillik əldə etmişdi və ilk iki il xalqımız üçün, dövlətimiz üçün çox ağır, faciəvi illər olmuşdur. O vaxt hakimiyyəti zəbt edən antimilli qüvvələr ölkəmizi faktiki olaraq dağıdırdılar və Azərbaycan xalqı böyük əziyyət içində, narahatlıq içində yaşayırdı. Azərbaycan xalqı cəmi bir il AXC-Müsavat cütlüyünün hakimiyyətinə dözərək bu mənfur ünsürləri tarixin arxivinə göndərdi. Bu gün Azərbaycanda gedən proseslər, ölkəmizin inkişafı və dünən keçirilmiş referendum bir daha xalqımızın iradəsini göstərdi. Bir daha göstərdi ki, Azərbaycan xalqı aparılan siyasətə öz dəstəyini verir. Bir daha onu göstərdi ki, Azərbaycan xalqı təhlükəsizliyi, sabitliyi, inkişafı, ləyaqəti və müstəqilliyi seçir.
Dünən keçirilən referendum bir daha bizim siyasətimizə xalq tərəfindən böyük etimadın göstəricisidir. Bu etimad bizə güc verir. Bu etimad olmasaydı, ölkəmizin milli maraqlarını beynəlxalq müstəvidə müdafiə etmək çətin olardı. Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bizim siyasətimizin təməlində Azərbaycan xalqının maraqları, milli dəyərlər durur. Bu gün istənilən beynəlxalq forumda Azərbaycan öz sözünü deyir, öz yolu ilə gedir, müstəqillik, ləyaqət yolu ilə gedir, heç kimin qarşısında gözükölgəli deyil, heç kimin diktəsi ilə oturub-duran deyil. Bu siyasət xalq tərəfindən dəstəklənir, bəyənilir və beynəlxalq aləmdə bizə çox böyük şöhrət qazandırıb.
Dünən keçirilən referendum ölkəmizin gələcək inkişafını müəyyən edir. Azərbaycan xalqının mütləq əksəriyyəti referenduma birmənalı şəkildə “hə” deyib, bizim təkliflərimizi dəstəkləyib, bəyənib. Buna görə mən bir daha bütün Azərbaycan xalqına dərin minnətdarlığımı bildirmək istəyirəm.
Mən son 13 il ərzində çalışmışam ki, bu yüksək etimadı öz işimlə, fəaliyyətimlə doğruldum. Şadam ki, bu gün Azərbaycan doğrudan da dünyada seçilən ölkələrdəndir. Təhlükəsizlik təmin edilir, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır, beynəlxalq nüfuz artır, ordu quruculuğu uğurla gedir. Aprel döyüşləri bir daha Azərbaycan Ordusunun gücünü göstərdi. Baxmayaraq ki, dünyada iqtisadi böhran davam edir, Azərbaycan iqtisadi sahədə inamla inkişaf edir, bütün sosial layihələr icra olunur. Enerji siyasətimiz nəinki ölkəmiz üçün, regionumuz, dünya üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində lider dövlətdir. Biz nəhəng sənaye layihələrini icra edirik.
Bildiyiniz
kimi, Azərbaycanda bu il “Multikulturalizm ili” elan edilib. Ölkəmizdə
bütün xalqların, dinlərin nümayəndələri
bir ailə kimi yaşayırlar. Bax, budur bu gün Azərbaycan
reallıqları. Xalq bu reallıqları yüksək qiymətləndirir
və referendumun nəticələri məhz buna əsaslanır.
Bizə gələcəkdə kimsə xaricdən nə isə
diktə etmək istəyəndə iki dəfə fikirləşməlidir.
Birincisi, biz heç kimlə diktat dili ilə
danışmırıq. Bu yanaşmanı qəbul etmirik.
İkincisi və ən önəmlisi, biz heç kimdən
asılı deyilik. Bizim apardığımız siyasət bundan
ibarətdir ki, ancaq öz gücümüzə arxalanaq, nə
siyasi cəhətdən, nə maliyyə cəhətdən
heç kimdən asılı olmayaq, heç kimə borclu
olmayaq və öz taleyimizi özümüz həll edək.
Bu gün
Azərbaycan reallıqları göstərir ki, müstəqillik
illəri bizim üçün nə qədər qiymətlidir
və nə qədər böyük xeyir gətirir. Heç
vaxt tarixdə Azərbaycan indiki qədər güclü,
indiki qədər azad və müstəqil
olmamışdır. Biz tarixi yaxşı bilirik, müxtəlif
dövrlərdə Azərbaycan ərazisində dövlətlər,
müxtəlif ictimai idarəetmə formaları olub. Ancaq
bugünkü dövr əsl müstəqillik
dövrüdür. Heç kimdən asılı deyilik,
öz taleyimiz öz əlimizdədir, inamla irəliyə
gedirik və perspektivlər də çox açıqdır,
aydındır. Biz bilirik nə istəyirik. Cəmiyyətdə
Azərbaycanın inkişafı ilə bağlı fikir
ayrılığı yoxdur və dünənki referendum bunu
bir daha təsdiq etdi.
Azərbaycan
regionlarının inkişafı prioritet məsələ
olaraq qalır. Bu təşəbbüsü 2004-cü ildə
mən irəli sürmüşdüm və o gündən bu
günə qədər bütün şəhərlər,
rayonlar inkişaf edir, abadlaşır. Regional inkişaf proqramımız
bizə imkan verir ki, ölkəmiz həm iqtisadi, həm
coğrafi baxımdan çoxşaxəli şəkildə
inkişaf etsin.
Sumqayıtın
bu proqramın icrasında xüsusi yeri var. Sumqayıt
böyük sənaye şəhəridir. Sumqayıtın əhalisi
də kifayət qədər böyükdür. Sumqayıt
Bakıdan sonra Azərbaycanın ikinci şəhəridir.
Sumqayıtın inkişafına daim böyük diqqət
göstərilib. Əminəm ki, Sumqayıtın
bugünkü vəziyyəti, bugünkü görkəmi həm
şəhər sakinlərini, həm də bütün Azərbaycan
xalqını sevindirir. Son illər ərzində Sumqayıtda
çox böyük işlər görülüb. Bu gün
iştirak etdiyim açılışlar onu əyani şəkildə
göstərir. Cəmi 8-9 ay ərzində belə möhtəşəm
Heydər Əliyev Mərkəzi yaradılıb. Bu gün
Şahmat Məktəbinin, Uşaq İncəsənət Məktəbinin
açılışını qeyd etdik. Gözəl, əzəmətli
binalardır və bu binalarda uşaqlar oxuyur, dərs alır.
Sumqayıt bulvarı isə hesab edirəm ki, bir möcüzədir.
Sumqayıt bulvarının yaradılması ilə
bağlı mən hələ bir neçə il bundan əvvəl
şəhər rəhbərliyi qarşısında vəzifə
qoymuşdum. Sumqayıtlılar yəqin ki, xatırlayırlar,
hətta bir neçə il bundan əvvəl mənim
üçün təqdimat da keçirilmişdi.
Hər
zaman maraqlanırdım ki, işlər necə gedir. Məlumat
verilirdi ki, orada çətinlik, burada çətinlik var.
Ancaq bu gün Sumqayıt bulvarı artıq
açılıb. Bu bulvarın yaradılmasında şəhər
rəhbərliyinin xüsusi rolu, Sumqayıt sakinlərinin
böyük rolu var. Mən çox istəyirdim ki,
Sumqayıtda Bakı bulvarına bənzər bir bulvar olsun. Bu
gün biz buna nail olduq. Sumqayıt bulvarı cəmi bir il ərzində,
bəlkə də ondan da az bir vaxtda yaradılıb. Məsafəsi
dörd kilometrdən çox olan bu bulvar göz
oxşayır. Burada həm plyaj, həm də bulvar hissələri
var, yol çəkilib və bütün infrastruktur, istirahət
zonaları yaradılıb. Əminəm ki, bulvar Sumqayıt
sakinlərini və şəhərin qonaqlarını sevindirəcək.
Bu, nəyi göstərir? Bu, onu göstərir ki, biz Azərbaycanda
istənilən işi görə bilərik. Sumqayıt sovet
vaxtında kimya sənayesi mərkəzi idi. Kimin ağlına
gələ bilərdi ki, Sumqayıt belə gözəl,
ekoloji cəhətdən təmiz şəhərə
çevriləcək. İndi Sumqayıtın havası
çox təmizdir. Sumqayıtda ekoloji problemlər öz həllini
tapıb. Şəhərin abadlaşdırılması
işi böyük zövqlə və böyük məhəbbətlə
aparılır. Küçələr salınır,
Sumqayıta giriş küçəsində abadlıq işləri
aparılır, yaşıllıq zolaqları yaradılır,
ağaclar əkilir. Yəni, bunu ancaq öz şəhərini,
öz xalqını sevən insanlar edə bilər.
Mən
çox şadam ki, bizim siyasətimizdə qarşıya
qoyulan vəzifələr icra edilir. Bizim problemlərimizdən
biri də ondan ibarətdir ki, qarşıya qoyulan vəzifələr
bəzi hallarda icra edilmir, yaxud da ki səhlənkarlıq
edilir, yarımçıq icra olunur. Mən dövlət
işində işləyənləri məcbur edirəm ki, bu
işləri görsünlər. Ancaq Sumqayıtda siz
özünüz təşəbbüslər göstərirsiniz.
Özünüz istəyirsiniz ki, Sumqayıt daha da gözəl
şəhərə çevrilsin, daha da abadlaşsın.
Onu da qeyd
etməliyəm ki, mən dəfələrlə bəyan etmişəm
bizim paytaxtımız Bakı şəhəri dünyanın ən
gözəl şəhərlərindən biridir.
Çalışmaq lazımdır ki, bütün şəhərlər
Bakıya oxşasın. Yəni, memarlığa görə
yox, çünki hər bir şəhərin öz tarixi,
öz siması var. Ancaq abadlıq, rahatlıq, insanların
yaşayış səviyyəsi baxımından hər bir
şəhər çalışmalıdır ki, Bakıya
yaxınlaşsın. Hesab edirəm ki, Sumqayıt artıq
Bakının səviyyəsinə gəlib çatıb. Bu
münasibətlə mən sizi ürəkdən təbrik
edirəm.
Sumqayıtda
infrastruktur layihələri uğurla icra edilir. Mənə
verilən məlumata görə, qazlaşmanın səviyyəsi
təqribən 100 faizə yaxındır. Şəhər əhalisinin
80 faizini fasiləsiz içməli su təminatı əhatə
edir. Çalışmalıyıq ki, bu, 100 faizə
çatsın. Elektrik enerjisi ilə bağlı heç bir
problem yoxdur. Çünki mənim təşəbbüsümlə
birinci böyük elektrik stansiyası Sumqayıtda
tikilmişdir və biz onun açılışını
qeyd etdik. Gücü 525 meqavat olan bir stansiya o vaxt ona görə
tikildi ki, mən Sumqayıtın uğurlu inkişafını
görürdüm, buna əmin idim və bilirdim ki,
Sumqayıta daha böyük həcmdə elektrik enerjisi
lazım olacaq.
Sumqayıtda
yolların salınması işi gedir, sosial infrastruktur yeniləşir,
Olimpiya, Paralimpiya kompleksləri, “ASAN xidmət” mərkəzi
yaradılıb, xəstəxana təmir olunub. Yəni, şəhər
hərtərəfli inkişaf edir və bu, əlbəttə,
məni və əminəm ki, sizi çox sevindirir.
Sumqayıt
tarixən kimyaçılar şəhəri kimi
salınmışdır, Sovet İttifaqının kimya sənayesinin
mərkəzi olmuşdur. Bu gün isə Sumqayıt
müasir, dünya səviyyəli sənaye mərkəzinə
çevrilib. Qarşıya məhz belə vəzifə qoyulub
ki, Sumqayıtda ən müasir sənaye müəssisələri
yaradılmalıdır. Bu, bizim ümumi sənaye
potensialımızı gücləndirəcək, minlərlə,
on minlərlə yeni iş yeri yaradacaq. Mən çox
şadam ki, bu gün Sumqayıtda artıq icra edilmiş və
icrada olan sahələr bu məqsədi təmin edib.
Son illər
ərzində Sumqayıtın sənaye potensialı
böyük dərəcədə artıb və əsas məsələ
ondan ibarətdir ki, ekoloji məsələlərə çox
böyük diqqət göstərilir. Sumqayıt sovet
vaxtında həmişə ekoloji problemlərlə dolu bir
şəhər kimi təqdim edilirdi və xarici mətbuatda da
ekoloji cəhətdən çətin şəhərlərin
sırasına həmişə Sumqayıtı da
salırdılar. Müəyyən həqiqət var idi. Siz
sumqayıtlılar bunu yaxşı bilirsiniz. Amma bu gün
Sumqayıt dünya miqyasında ən ekoloji təmiz şəhərlərdən
biridir. Bu gün bulvarda, şəhərdə gəzərkən
həm gözəlliyi görürsən, həm də
görürsən ki, hava da çox təmizdir. Yəni,
Sumqayıtın havası kurort havasına
yaxınlaşır.
Əminəm
ki, Sumqayıtın gələcək inkişafında turizm
sektoru da öz rolunu oynayacaq. Bunu bir neçə il bundan əvvəl
təsəvvür etmək çətin idi ki, biz
Sumqayıtı, eyni zamanda, turizm mərkəzi kimi görmək
istəyirik. Bu gün bu, reallıqdır - gözəl sahil
zonası, plyaj, təmiz hava, parklar, ictimai zonalar, istirahət
zonaları. İndi Sumqayıt parklar şəhəridir. Mənə
bu gün məlumat verildi ki, yeni inşaat layihələri icra
ediləcək, bulvara yaxın yerdə yeni yaşayış
binaları, otellər tikiləcək. Ona görə,
Sumqayıt gələcəkdə Azərbaycanın turizm
zonası kimi də özünü göstərməlidir.
Yeni
inşa olunan sənaye müəssisələrində əsas
şərt ondan ibarətdir ki, ekologiyaya tam riayət edilsin və
ekoloji təmiz sənaye müəssisələri
yaradılsın.
Sumqayıtın
sənaye potensialı ölkəmizi gücləndirir.
Sumqayıt artıq bu gün nəinki Azərbaycanın, Cənubi
Qafqazın ikinci böyük sənaye mərkəzidir. Bu
gün çıxışlarda həm görülən, həm
də görüləcək işlər haqqında məruzələr
səslənəcək. Mən xüsusi göstəriş
vermişəm ki, bu məruzələrdə həm
sumqayıtlılara, həm də respublika əhalisinə
görülən və görüləcək işlər
haqqında hesabat verilsin. Çünki əlbəttə, siz
yaxşı bilirsiniz ki, şəhərinizdə hansı
işlər görülüb. Ancaq bu təqdimatlar bu gün
daha da geniş formada veriləcək. Hər kəs görəcək
ki, Sumqayıt bu gün əgər Cənubi Qafqazın ikinci sənaye
şəhəridirsə, bu şərəfli adı daim
daşıyacaq. Çünki Sumqayıtda təməlini
qoyduğumuz böyük sənaye layihələri, müəssisələr
dünya səviyyəli layihələrdir.
Sumqayıt
Texnologiyalar Parkı artıq neçə ildir ki, fəaliyyət
göstərir. Sumqayıtda Kimya Sənaye Parkı
yaradılır. Artıq müəssisələr fəaliyyətə
başlayıb, o cümlədən boru istehsalı müəssisələri
xaricə məhsul ixrac edir. Bu, bizim üçün
xüsusilə əhəmiyyətlidir. Çünki biz
ixracyönümlü məhsullar istehsal etməliyik.
Polimer
zavodu artıq inşa edilir. Onun təməlini şəxsən
mən qoymuşam. Təqribən 1 milyard manata yaxın sərmayə
qoyuluşu nəzərdə tutulub. Azot gübrələri
zavodu yaradılır. Bu da həm ölkə tələbatını
ödəyəcək, həm də böyük ixrac
potensialı yaradacaq. Yüngül sənaye ilə
bağlı olan müəssisələr fəaliyyət
göstərir. Qida sənayesi inkişaf edir. Yəni,
Sumqayıtın inkişafı hərtərəflidir, ilk
növbədə, şəhər infrastrukturu. Çünki
nəqliyyatla bağlı yeni layihələr var. Mənə
bu gün yeni avtobuslar göstərildi. Bu da çox vacib olan
sahədir. İnsanlar şəhər nəqliyyatından
razı olsunlar. Abadlıq işləri, ictimai zonalar, istirahət
mərkəzləri, sənaye potensialı, bax, budur, əsas vəzifələr.
Hər
bir ölkə, hər bir şəhər üçün əsas
vəzifələr bundan ibarətdir - iş yerləri olsun,
insanlar yaxşı maaş alsınlar, yaxşı məktəblər,
uşaq bağçaları, tibb xidməti olsun, təhlükəsizlik
təmin edilsin, şəhər nəqliyyatı yaxşı
işləsin, ədalət həmişə zəfər
çalsın. Bax, biz bu gün bu yolla gedirik və son illər
ölkəmizdə qazandığımız nailiyyətləri,
həyata keçirdiyimiz siyasəti Sumqayıtın
timsalında əyani şəkildə görürük.
Mən on
altıncı dəfədir ki, Sumqayıta gəlirəm və
bundan sonra da gələcəyəm. Sumqayıtın
inkişafı daim diqqət mərkəzində olacaq. Bu
gün isə sumqayıtlıları, şəhər rəhbərliyini
əldə edilmiş bütün uğurlar münasibətilə
bir daha təbrik etmək istəyirəm.
X X X
Sumqayıt
Şəhər İcra Hakimiyyətinin
başçısı Zakir FƏRƏCOV
çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident!
Hörmətli
qonaqlar!
Hər
bir sumqayıtlı yaxşı bilir ki, şəhərimizin
sosial-iqtisadi inkişafında, əhalinin
yaşayışının, güzəranının
yaxşılaşmasında ümummilli liderimiz Heydər
Əliyevin misilsiz xidmətləri var. Azərbaycana rəhbərliyi
dövründə 16 dəfə şəhərimizdə
olmuş Ulu Öndərin xeyir-duası ilə iri sənaye
müəssisələri, elm, təhsil, mədəniyyət,
səhiyyə və digər sosial obyektlər istifadəyə
verilib, yeni yaşayış məhəllələri və
mikrorayonları salınıb. Sumqayıtın müasir şəhər
kimi formalaşması və inkişafı məhz Ulu Öndərin
adı ilə bağlıdır.
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin şəhərimizə
olan həmin münasibəti bu gün, cənab Prezident, Sizin tərəfinizdən
də uğurla davam etdirilir. Siz Sumqayıtın əvvəlki
şöhrətinin özünə qaytarılmasında və
sosial problemlərin həllində bizə yüksək
qayğı göstərirsiniz. Qədirbilən Sumqayıt
sakinləri yaxşı dərk edirlər ki, şəhərdə
gedən quruculuq prosesləri məhz Sizin yüksək diqqətiniz
sayəsində həyata keçirilir.
Sizin rəhbərliyinizlə
müstəqil Azərbaycanımızın bütün
bölgələri kimi, Sumqayıt şəhəri də bu
gün öz dinamik inkişaf dövrünü yaşayır.
Görülmüş tədbirlər nəticəsində
şəhərimizin həyatı yüksək dərəcədə
canlanıb, insanların güzəranı
yaxşılaşıb, nikbinliyi artıb.
Sizin son
illərdə Sumqayıtda açılışını
etdiyiniz zavod və fabriklərin, yaratdığınız sənaye
parklarının hesabına minlərlə yeni iş yerləri
açılıb, təkcə son 6 ay ərzində 6 mindən
çox şəhər sakini işlə təmin edilib.
Möhtərəm
cənab Prezident, Sizin tapşırığınıza əsasən
şəhərin yeni, ümumi inkişaf konsepsiyası
hazırlanıb. Tapşırığınıza uyğun
olaraq, bütün abadlıq-quruculuq işləri şəhərin
Baş Planı və gələcək perspektivi nəzərə
alınmaqla aparılır. Məlumat vermək istəyirəm
ki, biz bu işlərə ilk olaraq şəhərin hər iki
tərəfdən olan giriş yollarından başladıq. Hər
iki istiqamətdə yollar genişləndirilərək yenidən
qurulub, yaşıllıq zolaqları salınıb, milli
memarlıq üslubunda qala divarları çəkilib.
Şəhərin
əsas giriş yolu olan Sülh küçəsi 4,2 kilometr məsafədə
hər iki tərəfə iki dəfədən artıq
genişləndirilib, mövcud yolun asfalt örtüyü 90
min kvadratmetrə çatdırılıb və nəqliyyatın
rahat hərəkətinə tam şərait yaradılıb.
Yolun hər iki tərəfində ümumi uzunluğu 7 kilometr
olan yağış sularının qəbuledicisi, su, kanalizasiya,
kommunikasiya xətləri, küvetlər çəkilib, 100
min kvadratmetr sahəyə yaşıl örtük
salınıb və təkcə bu ərazidə 120 mindən
çox ağac və dekorativ kollar əkilib. 16 min kvadratmetr
hasar çəkilib, gecə işıqlandırma sistemi, 110 ədəd
müasir işıq dirəkləri
quraşdırılıb. Yolun giriş hissəsində Bayraq
Meydanı tikilib.
Sumqayıtın
ikinci giriş yolu hesab olunan Sahil küçəsi də yenidən
qurulub, dəniz kənarı ilə Novxanı istiqamətində
7,5 kilometr uzunluğunda yol əsaslı təmir olunub. Yolun eni
iki dəfə genişləndirilərək 13 metrə
çatdırılıb, 112 min kvadratmetr sahəyə asfalt
döşənib. Yol boyu hər iki tərəfdə əhalinin
sərbəst hərəkəti üçün piyada yolu
çəkilib və 7000 kvadratmetr səki daşları
düzülüb. Elə bu küçədə kommunikasiya
xətləri çəkilib, bir çox yerlərdə istirahət
guşələri yaradılıb, dekorativ ağaclar, kollar,
güllər əkilib və yaşıllıqlar
salınıb. Yol boyu 5 kilometr uzunluğunda istinad divarları
çəkilib, hasarlar aqlay daşı ilə üzlənib,
yolkənarı obyektlər təmir olunub. Yolun Corat qəsəbəsindən
keçən hissəsində sakinlərin istirahəti
üçün parklar salınıb, işıqlandırma
sistemi quraşdırılıb.
Sizə məruzə
etmək istəyirəm ki, şəhərin
üçüncü giriş qapısı olan Metallurq
küçəsinin də abadlaşdırılması
işlərinə də başlamışıq. Sizin yüksək
diqqət və qayğınız sayəsində şəhərin
digər küçələrində də
genişmiqyaslı abadlıq işləri aparılıb.
Şəhərin mərkəzi yollarında, məhəllə
və mikrorayondaxili ərazilərdə, bağlar massivində
asfalt işləri görülüb. 1,5 milyon kvadratmetr əraziyə
asfalt döşənib ki, bu da 200 kilometrə bərabərdir.
Eyni zamanda, 50 min poqonmetr səki daşları dəyişdirilib,
30 kilometr yeni piyada yolları salınıb.
Tapşırığınıza uyğun olaraq, şəhərin
bütün məhəllə və mikrorayonlarında da
küçə və səkilərin, məhəllə
daxili ərazilərin abadlaşdırılmasını gələcəkdə
mərhələli şəkildə həyata keçirəcəyik.
Möhtərəm
cənab Prezident, 2011-ci ilin iyun ayında Siz Sumqayıt şəhərinə
növbəti gəlişiniz zamanı dəniz kənarında
müasir Bulvar kompleksinin mütləq yaradılmalı
olduğunu vurğulamışdınız. Məlumat verirəm
ki, bu gün artıq ümumi sahəsi 106 hektar, uzunluğu 4,2
kilometr olan ərazidə müasir Sumqayıt Bulvarı
yaradılıb.
Bulvar ərazisinin
səviyyəsi dəniz səviyyəsindən 2,5 metr
qaldırılıb, təkcə bu işlər
üçün 3 milyon kubmetrdən çox torpaq
daşınıb, 4,2 kilometr uzunluğunda, özülü 80
santimetr, yer səthindən 1,5 metr hündürlüyündə
istinad divarı tikilib. Bulvarda 55 hektar ərazidə
yaşıllıq zolağı salınıb, 160 mindən
çox ağac və dekorativ kol, 2 milyon ədəd gül və
çiçək əkilib, avtomat suvarma sistemi
yaradılıb. Həmçinin 76 hektar ərazidə
kommunikasiya xətləri çəkilib, 1500 ədəd
müxtəlif ölçülü işıq dirəkləri
və işıqlandırma sistemi quraşdırılıb.
İnsanların rahat istirahəti üçün 600-dən
çox oturacaq qoyulub, 50 kölgəlik yaradılıb, 5 ədəd
rəngli fontan inşa edilib.
Bulvarın
ərazisində velosipedçilər üçün
xüsusi hərəkət zolağı və 12 min poqonmetr
piyada yolu salınıb, 4,2 kilometr və ya 100 min kvadratmetr
asfalt işi görülüb, 30 hektar əraziyə daş
döşənib. Ərazidə Bayraq Meydanı tikilib,
hazırda isə gəzinti gəmilərinin yan alması
üçün dənizin içərisinə doğru 500
metr uzunluğunda tərsanənin tikintisi aparılır.
Möhtərəm
cənab Prezident, əhalinin asudə vaxtının səmərəli
təşkili, insanların rahat istirahət etmələri
üçün demək olar ki, şəhər ərazisində
olan bütün park və meydanlar yenidən qurulub. Şəhərdə
ekoloji mühitin sağlamlaşdırılması məqsədilə
250 mindən çox ağac, 2 milyona yaxın gül əkilib,
küçə və prospektlər boyunca yolların kənarlarına,
eləcə də park və xiyabanlara 400 min kvadratmetrdən
çox sahədə yaşıllıq zolağı
salınıb.
Ulu
Öndərimizin adını daşıyan parkda da yenidənqurma
işləri aparılıb, ərazisi 8 hektardan 10 hektara qədər
genişləndirilib. Parkda 200-dən çox müasir
işıq dirəkləri, oturacaqlar
quraşdırılıb, 5 mindən çox ağac, dekorativ
kol əkilib, 20 min kvadratmetrdən çox sahədə
yaşıllıq zolağı salınıb, 30 min kvadratmetr
daş döşənib, rəngli fontan kompleksi və Bayraq
Meydanı tikilib, uşaqlar üçün əyləncə
mərkəzi inşa olunub.
Cənab
Prezident, vaxtilə şəhərimiz barədə dediyiniz
“Sumqayıt bu gün parklar və bağlar şəhəridir”
sözləri həqiqətən də Sizin köməyinizlə
görülən işlərin hesabına reallığa
çevrilib.
Parkın
ərazisində ümumi sahəsi 5 min kvadratmetr olan 4 mərtəbəli,
hazırda toplaşdığımız Heydər Əliyev Mərkəzi
inşa edilib. Bu möhtəşəm Mərkəz gənclərimizin
daim toplaşacağı, öz maraqlarına uyğun məşğuliyyətlərini
tapacağı məkana çevriləcək. Eyni zamanda, bu Mərkəz
sumqayıtlı gənclərin vətənə sədaqət,
torpağa sonsuz məhəbbət və vətənpərvərlik
ruhunda tərbiyə olunmalarında müstəsna rol oynayacaq.
Mərkəzdə
Ümummilli Liderimizin həyat və fəaliyyətini əks
etdirən eksponatlardan ibarət muzey, 400 yerlik iclas, 50 yerlik
konfrans, rəqs, sərgi və kompyuter zalları, elektron
kitabxana, xalçaçılıq dərnəyi, rəsm və
linqafon otaqları, smart sinfi, foto və videostudiya, gənclər
üçün diskussiya zalları fəaliyyət göstərəcək.
Dərnəklərlə yanaşı, dördüncü mərtəbədə
nikah mərasimləri zalı fəaliyyət göstərəcək.
Burada ailə quran hər bir sumqayıtlı gənc
üçün Ulu Öndərin həyat və fəaliyyəti
bir örnək olacaq. Nikah və qeydiyyat idarəsi də bu
binada yerləşdirilib və nikah bağlanması
üçün bütün şərait yaradılıb.
Parkın
ərazisində müasir memarlıq üslubunda Şahmat Məktəbi
tikilib. Məktəbdə 25 qrup olmaqla, 550-600 şagirdin dərs
keçmələri, həmçinin müxtəlif
irimiqyaslı yarışların keçirilməsi
üçün lazımi şərait yaradılıb. Eyni
zamanda, parkın ərazisində Uşaq İncəsənət
Məktəbi inşa edilib. Məktəbdə 60 sinif
otağı fəaliyyət göstərəcək, 700-dən
çox şagird təhsil alacaq və 210 müəllim
çalışacaq.
Cənab
Prezident, Sumqayıt Dövlət Dram Teatrının təmiri
ilə bağlı tapşırığınıza uyğun
olaraq dərhal işlərə başlanılıb, dörd mərtəbəli,
3 min kvadratmetr sahəsi olan teatr zirzəmidən tutmuş
damınadək əsaslı təmir olunub, müasir
avadanlıqlarla təchiz edilib. 150 nəfərədək
personalı olan teatr binasında 500 yerlik tamaşa, 100 yerlik akt
zalları, bütün xidməti, dekorasiya, qrim, iş
otaqları əsaslı təmir edilib, işıqlandırma
sistemi müasir üslubda yenidən qurulub. Teatrın
qarşısındakı meydana 15 min kvadratmetr qranit daş
döşənib, iki fontan və monitor
quraşdırılıb.
Möhtərəm
cənab Prezident, Sizin hər zaman Sumqayıt və
sumqayıtlılara göstərdiyiniz köməyin nəticəsi
olaraq, ayrılmış vəsait hesabına 323 ədəd
çoxmənzilli yaşayış binalarının dam
örtükləri yenidən qurulub və hazırda bu işlər
davam etdirilir. 200 çoxmənzilli yaşayış
binasının isə liftləri dəyişdirilərək
yenisi ilə əvəz olunub. Yaşayış
binalarının memarlıq və dizayn baxımından
müasir görkəminin saxlanması məqsədi ilə 77
binanın fasadı yenidən qurulub, Azərbaycan prospektində
21 bina aqlay daşları ilə üzlənib.
Qarşımızda daha 400 binanın təmiri məsələsi
dayanır ki, bu işləri də davam etdirəcəyik.
250
çoxmənzilli yaşayış binasının istiliklə
təmin olunması üçün müvafiq işlər
görülüb, qazanxanalar mövsümə tam hazırlanıb.
Hazırda 18-ci mikrorayonda 20 yaşayış binasını
istiliklə təmin edəcək yeni qazanxananın tikintisi
işləri aparılır. Şəhərdə daha 600
yaşayış binasının istiliklə təchiz
olunması üçün də müvafiq tədbirlər
görüləcək.
Sizin
tapşırığınızla şəhərdaxili
avtomobillə sərnişindaşınma xidməti şəhər
icra hakimiyyətinin tabeliyinə verilib. Bu iş pilot layihə
olaraq əhaliyə nəqliyyat xidmətinin lazımi səviyyədə
qurulmasını təmin edəcək. Hazırda bu məqsədlə
növbəti il ərzində şəhərimizə 150 ədəd
müasir avtobusların gətirilməsi üçün tədbirlər
görülür.
Möhtərəm
cənab Prezident, şəhərdə məktəb, uşaq
bağçaları ilə bağlı problemlərin aradan
qaldırılması sahəsində də müəyyən
işlər görülüb. Belə ki, 56 uşaq
bağçasından 48-nin dam örtüyü dəyişdirilib,
istilik sistemi bərpa edilib, 8 uşaq bağçası əsaslı
təmir olunub, ərzaq təminatı məsələləri
tam qaydaya salınıb. Biz uşaq sıxlığını
nəzərə alaraq, Sizə söz veririk ki, növbəti
ildə daha 10 uşaq bağçasını tikib istifadəyə
verəcəyik.
Ümumtəhsil
məktəblərinin maddi-texniki bazasının
yaxşılaşdırılması istiqamətində şəhərdə
6 məktəb əsaslı təmir edilib. Qarşımıza
məqsəd qoymuşuq ki, şəhərin daxili imkanları
hesabına növbəti ildə məktəblərin təmirində
əsaslı dönüş yaradaq.
Şəhərin
səhiyyə ocaqları da diqqətdən kənarda
qalmayıb, cari ildə 5 xəstəxana və poliklinikada təmir
işləri aparılıb.
Cənab
Prezident, Sizin bilavasitə köməyiniz və dəstəyiniz
sayəsində Sumqayıt şəhərində xeyli işlər
görülüb. Ancaq qarşımızda hələ həlli
vacib olan bir çox məsələlər dayanır ki,
onları da ardıcıllıqla həll edəcəyik.
Planlaşdırmışıq
ki, əhalinin mənzil-məişət şəraitini
yaxşılaşdırmaq üçün yaxın dövrdə
Kimyaçılar və İnşaatçılar
yaşayış sahəsindəki ötən əsrin 40-50-ci
illərində tikilmiş, istismar müddətini başa
vurmuş, kommunal şəraiti olmayan və qəzalı vəziyyətdə
olan 100-ə yaxın taxta konstruksiyalı yaşayış
binalarının sökülməsi və əhalinin
köçürülərək yeni mənzillərə yerləşdirilməsi
məsələsini həll edək. Həmçinin mərhələli
şəkildə 100-dən çox yataqxana binasının əsaslı
təmiri, 120 kilometr uzunluğunda şəhərdaxili
yolların, 1,5 milyon kvadratmetr məhəllə və
mikrorayondaxili sahələrin yenidən qurulması, 40 minə
yaxın əhalinin yaşadığı ərazidən
keçən, əhalinin və sənaye müəssisələrinin
kanalizasiya xətti kimi istifadə etdiyi 7,5 kilometr uzunluğunda
Acı Dərə kanalının boruya alınması kimi
vacib işləri görməliyik.
Bundan əlavə,
sənaye zonasında yerləşən Superfosfat, Alüminium,
Kompressorlar zavodlarının, Xovlu İplik Fabrikinin fəaliyyətini
bərpa etmək, şəhərin perspektiv inkişafı və
genişləndirilməsi, sosial obyektlərin tikintisi
üçün şəhər ərazisində fəaliyyətsiz
qalmış 10-larla idarə və təşkilatların 100
hektarlarla torpaq sahələrindən səmərəli istifadə
etmək istəyirik. Sizi əmin edirik ki, bu işləri də
ardıcıllıqla yerinə yetirəcəyik.
Möhtərəm
cənab Prezident.
Dünən
Azərbaycanda ümumxalq səsverməsi - referendum
keçirildi. Bu referendumda insanlar Azərbaycanın
sabahına, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevə, ölkəmizin Sizinlə birlikdə
olan gələcəyinə, həyata keçirəcəyiniz
islahatlara səs verdilər. Onlar bir daha təsdiq etdilər ki,
Sizin ətrafınızda hamılıqla sıx birləşmişlər.
Müdrik
ölkə başçısı kimi, xalqımızın
xoşbəxtliyi naminə əzmkar fəaliyyətinizə,
insanlara sonsuz məhəbbətinizə cavab olaraq Sumqayıt
sakinləri də Sizə hər zaman yüksək məhəbbət
və sədaqətini nümayiş etdirəcək, əzmlə
çalışacaq və Sizin bizə göstərdiyiniz
yüksək diqqət və qayğıya öz əməli
fəaliyyətimizlə cavab verəcəyik.
Diqqətinizə
görə çox sağ olun.
X X X
İqtisadiyyat
naziri Şahin Mustafayev çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident.
Hörmətli
tədbir iştirakçıları.
Dünyada
mürəkkəb siyasi və iqtisadi proseslərin davam etdiyi
hazırkı şəraitdə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
iqtisadi strategiyası çərçivəsində qeyri-neft
sektorunun inkişafına yönəlmiş sistemli tədbirlər,
aparılan islahatlar ölkənin dayanıqlı
inkişafı baxımından strateji əhəmiyyət kəsb
edir.
Bu iqtisadi
strategiyanın əsas istiqamətlərindən biri rəqabətqabiliyyətli
qeyri-neft sənayesinin inkişaf etdirilməsidir. Ümummilli
lider Heydər Əliyevin rəhbərliyi dövründə
ölkəmizdə ciddi sənaye potensialı
formalaşdırılıb, Bakı ilə yanaşı,
Sumqayıt, Gəncə və Mingəçevir də sənaye
mərkəzlərinə çevrilib.
Prezident
İlham Əliyevin iqtisadi siyasətinin mühüm tərkib
hissəsi olan sənayeləşmənin həyata
keçirilməsi nəticəsində son illərdə
yüzlərlə müasir sənaye müəssisəsi fəaliyyətə
başlayıb, yeni sənaye sahələri yaradılıb, tələbatın
ödənilməsində yerli məhsulların payı əhəmiyyətli
dərəcədə artıb, idxaldan asılılıq
azalıb, ixrac potensialı yüksəlib və beləliklə,
sənaye yeni inkişaf mərhələsinə qədəm
qoyub. Ümumilikdə, görülən işlər nəticəsində
qeyri-neft sənayesində məhsul istehsalı 2014-cü ildə
6,9 faiz, 2015-ci ildə 8,4 faiz, cari ilin yanvar–avqust aylarında isə
3,3 faiz artıb.
2014-cü
ilin “Sənaye ili” elan edilməsi, sənayenin inkişafına
dair 2015-2020-ci illər üçün Dövlət
Proqramının qəbul edilməsi bu sahədə işlərin
kompleks şəkildə ardıcıllıqla
aparılmasını təmin edir. Proqramın icrası məqsədilə
biznes və investisiya mühitinin davamlı olaraq təkmilləşdirilməsi,
sənayenin rəqabət qabiliyyətinin
artırılması, sənaye sahəsində fəaliyyət
göstərən sahibkarlara dövlət dəstəyinin
göstərilməsi, bu sahəyə yerli və xarici
investisiyaların cəlb edilməsi və infrastruktur təminatının
yaxşılaşdırılması istiqamətlərində
tədbirlər həyata keçirilib.
Xüsusilə
də investisiya fəaliyyətinin genişləndirilməsi məqsədi
ilə investisiya təşviqi mexanizmi yaradılıb və
qısa müddətdə ümumi dəyəri təxminən
yarım milyard manat olan 58 layihəyə investisiya təşviqi
sənədi verilib. Qeyd olunan layihələr çərçivəsində
4000-dən çox yeni iş yerləri açılacaq.
Hazırda investisiya təşviqi sənədinin
alınması məqsədilə təqdim olunmuş ümumi
dəyəri 200 milyon manatdan çox olan investisiya layihələrinin
qiymətləndirilməsi aparılır. Bununla yanaşı,
istehsalı stimullaşdırmaq məqsədilə yerli
istehsalçılar tərəfindən təklif edilən mal
və xidmətlərə xarici istehsalçılarla
müqayisədə 20 faiz qiymət güzəşti tətbiq
edilib.
Qeyd etmək
lazımdır ki, dövlətimizin
başçısının sentyabrın 15-də
imzaladığı Fərmana əsasən, icra hakimiyyəti
orqanları və dövlət büdcəsindən maliyyələşən
təşkilatlar tərəfindən satınalmalar zamanı
idxal mallarının alınmasına yalnız zərurət
olduğu təqdirdə razılıq veriləcək ki, bu da
yerli məhsulların istehsalının artırılmasına
və müəssisələrin inkişafına əlavə
stimul verəcək.
Sənayenin
inkişafına yönəlmiş mexanizmlərdən biri də
sənaye parkları və sənaye məhəllələrinin
yaradılmasıdır. Son dövrlər ölkəmizdə
bu istiqamətdə real addımlar atılıb. Neftçala
rayonunda yaradılmış ilk sənaye məhəlləsində
bütün zəruri infrastruktur qurulub, 6 rezident qeydiyyatdan
keçib və bunlardan 3-ü ilin sonunadək, digərləri
isə gələn il fəaliyyətə başlayacaq. Layihələrin
icrası nəticəsində 40 milyondan yuxarı investisiya
qoyulacaq və 500-dən çox iş yeri açılacaq.
Növbəti
sənaye məhəlləsinin Masallı rayonunda
yaradılması istiqamətində işlər davam edir. Sənaye
məhəlləsində fəaliyyət göstərmək
istəyən sahibkarlar tərəfindən ümumi dəyəri
31 milyon manatdan çox olan 33 layihə təklifi daxil olub.
Sənaye
parklarının qurulmasına isə daha əvvəl
başlanılıb. Belə ki, tullantıların təkrar
emalı sahəsində ixtisaslaşan Balaxanı Sənaye
Parkında ümumi dəyəri 23 milyon manat olan və 300
iş yerinin açılmasını nəzərdə tutan
layihələrin icrası məqsədilə 5 rezident
qeydiyyatdan keçib. Gələn ilin ilk yarısında parkda
infrastruktur işlərinin tamamlanması və bütün
müəssisələrin fəaliyyətə başlaması
planlaşdırılır.
Gəmiqayırma
sahəsində ixtisaslaşan Qaradağ Sənaye Parkında həyata
keçirilən investisiya layihəsinin dəyəri 470 milyon
ABŞ dolları təşkil edir. Park 2000 nəfərin
işlə təmin olunmasına imkan verir.
Yeni
yaradılmış Pirallahı Sənaye Parkı əczaçılıq
məhsullarının istehsalının təşkili və
bu sahədə idxaldan asılılığın
azaldılması baxımından əhəmiyyətlidir.
Parkda Rusiya və İran şirkətləri ilə birgə həyata
keçiriləcək dərman vasitələrinin istehsalı
üzrə ilk iki layihə çərçivəsində 90
milyon dollara yaxın investisiya qoyulacaq və 300-dək iş
yeri yaradılacaq. Bu ilin sonunadək müəssisələrin
tikintisinə başlanacaq.
Bir
neçə gün əvvəl, dövlət
başçısının təməlqoyma mərasimində
iştirak etdiyi Mingəçevir Sənaye Parkında
yüngül sənaye məhsulları, o cümlədən
iplik, parça, ayaqqabı və geyim istehsalı üzrə
9 fabrikin yaradılması ilə 200 milyon dollardan çox
investisiya qoyuluşu və 5500-dən çox iş yerinin
açılması nəzərdə tutulur.
Vacib amillərdən
biri də odur ki, yaradılacaq müəssisələr əsasən
yerli xammalla təmin olunacaq. Pambıqçılığa
göstərilən dövlət dəstəyi istehsalın
xammala tələbatını ödəməklə, xammaldan
son məhsuladək sənaye klasterinin yaradılmasına xidmət
edir.
Məlum
olduğu kimi, Sumqayıt şəhərinin olduqca zəngin sənaye
ənənələri var. Təsadüfi deyildir ki, ilk sənaye
parkı da, cənab Prezident, Sizin Fərmanınızla 5 il əvvəl
məhz Sumqayıtda yaradılıb.
Sumqayıt
Kimya Sənaye Parkı ərazisinin genişliyinə, rezidentlərin
sayına, investisiya qoyuluşuna, istehsal ediləcək məhsulun
çeşidi və həcminə görə ölkədə
ən böyük sənaye parkıdır. Parkda yüksək
səviyyəli infrastruktur təminatı həyata
keçirilir. İlk növbədə buradan 1,9 milyon kubmetr
torpaq tullantı, o cümlədən 41 min kubmetr təhlükəli
tullantı çıxarılıb, parkın ərazisi ekoloji
tələblərə cavab verən vəziyyətə gətirilib.
Artıq
parkın 168 hektar ərazisində xarici elektrik verilişi və
bütün yeraltı kommunikasiya xətlərinin
tikinti-quraşdırma işləri tamamlanıb, 128 hektar ərazidə
isə söküntü və düzənlənmə işləri
başa çatdırılıb. Hazırda parkın daxili
avtomobil yollarının, Peşə Tədris Mərkəzinin,
ərazidaxili elektrik xətlərinin və
yarımstansiyanın tikinti-quraşdırma işləri davam
etdirilir.
Parkın
ilk rezidenti olan, boru və hidrotexniki avadanlıq
istehsalçısı “Azərtexnolayn” MMC-də 700 nəfər
işləyir. Müəssisədə cari ilin səkkiz
ayı ərzində istehsal edilmiş 55 milyon manatlıq məhsulun
85 faizi ixrac olunub.
Növbəti
rezident “SOCAR Polimer” MMC-nin istehsalı olan polipropilen və
yüksək sıxlıqlı polietilen ixrac olunmaqla
yanaşı, yerli müəssisələrin, kiçik və
orta sahibkarlığın xammala olan tələbatını
ödəyəcək və onların inkişafına stimul
verəcək. Nəticədə hazırda idxal olunan yüzlərlə
adda məhsul ölkə daxilində istehsal ediləcək.
“MST
Engineering” MMC tərəfindən yüksək təzyiqədavamlı
xortumların və fitinqlərin istehsalı layihəsi üzrə
40 nəfər daimi iş yeri ilə təmin olunacaq.
“Aqrokimya
Azərbaycan” MMC tərəfindən aqrokimyəvi məhsulların,
o cümlədən pestisidlərin istehsalı layihəsi
üzrə 100 nəfər daimi iş yeri ilə təmin ediləcək.
Layihənin icrası nəticəsində bu sahədə
idxaldan asılılıq aradan qaldırılacaq, ixrac
potensialı yaranacaq.
“Alco
Lubricant Company” MMC tərəfindən yüksək keyfiyyətli
sintetik və yarı-sintetik sürtkü yağlarının
istehsalı layihəsi üzrə 100 daimi iş yeri
açılacaq.
İsveçrənin
tanınmış “SİKA” şirkəti tərəfindən
müxtəlif tipli tikinti məhsullarının istehsalı
layihəsi üzrə (5,3 milyon manat) 60 nəfər daimi
iş yeri ilə təmin olunacaq.
Bu
dörd layihənin hamısı 2017-ci ildə fəaliyyətə
başlayacaq.
Bakı
ferroərintilər zavodu tərəfindən metallurgiya sənayesində
istifadə olunan ferroərintilərin istehsalı layihəsi
üzrə 70 daimi iş yeri yaradılacaq. Bu layihənin isə
2018-ci ildə fəaliyyətə başlaması nəzərdə
tutulur.
Parkın
digər rezidentləri “Azerbaijan Fibro Cement” MMC və “Azerfloat”
QSC tərəfindən müvafiq olaraq fibro-sement lövhələrin
və şüşə vərəqələrin istehsalı
planlaşdırılır.
Qeyd olunan
layihələrin icrası nəticəsində Parkın 9
rezidenti tərəfindən qoyulan investisiyaların həcminin
1,1 milyard ABŞ dollarını keçəcəyi və
2000-dən çox yeni iş yerinin açılacağı
gözlənilir.
Həmçinin
Sumqayıt Texnologiyalar Parkında emal sənayesinin müxtəlif
sahələri, o cümlədən elektrotexniki avadanlıqlar,
yüksək gərginlikli elektrik kabelləri, maşın və
avadanlıqlar, polietilen borular, alüminium və PVC profillər,
sendviç panellər və polikarbonat lövhələr
istehsalı üzrə 17 zavod fəaliyyət göstərir.
Bununla yanaşı, Karbamid zavodunun tikintisi davam edir.
Qeyd olunan
layihələrin icrası idxaldan asılılığın əhəmiyyətli
dərəcədə azaldılmasına və ixrac
potensialının artırılmasına xidmət edəcək.
Möhtərəm
cənab Prezident.
Qeyd
olunanlar Sizin rəhbərliyiniz altında həyata keçirilən
islahatlar kursunun qarşıdakı illərdə də
iqtisadiyyatın dayanıqlı və davamlı
inkişafının təminatçısı olduğunu bir
daha əyani şəkildə göstərir.
Diqqətinizə
görə minnətdaram.
X X X
“Azərikimya”
İstehsalat Birliyinin Müşahidə Şurasının sədri
Muxtar BABAYEV çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident.
Əsası
ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş yeni neft strategiyasının bu gün Sizin rəhbərliyinizlə
uğurla davam etdirilməsi ölkəmizdə neft-kimya sənayesinin
dinamik inkişafı üçün böyük perspektivlər
açıb. Sizin Azərbaycan neft-kimya sənayesinin tarixində
yeni bir mərhələ açmış 2010-cu il 2 aprel
tarixli Sərəncamınız kimya sənayesində
SOCAR-ın əsas fəaliyyət proqramıdır. Tövsiyə
və tapşırıqlarınıza uyğun olaraq, “Azərikimya”nın
SOCAR-ın tərkibinə verildiyi ilk gündən insan amili,
kimyaçıların və bütövlükdə
sumqayıtlıların sağlamlığı prioritet təşkil
edib, fiziki və mənəvi cəhətdən köhnəlmiş,
zərərli qurğular istismardan çıxarılıb,
istehsalat sahələrində əsaslı təmir və yenidənqurma
işləri aparılıb. Qeyd etmək lazımdır ki, “Azərikimya”nın
əsas istehsal sahəsi olan “EP-300” qurğusunun inşasına
1981-ci ildə başlanılmışdı. O dövrdə bu
istehsalat kompleksinin əhəmiyyətini və perspektivini
düzgün qiymətləndirən ulu öndər Heydər
Əliyevin rəhbər qətiyyəti və
prinsipiallığı sayəsində qurğunun Sumqayıtda
tikintisinə nail olundu. Əslində sovet rəhbərliyi bu
qurğunun tikintisini İttifaqın başqa bir şəhərində
planlaşdırmışdı.
Ötən
altı il ərzində etilen-polietilen zavodunda yeni azot-oksigen
kompleksi, susoyutma kompleksi, mütləqləşdirilmiş
izopropil spirti qurğusu, İstehsalata və keyfiyyətə nəzarət
laboratoriyası tikilib. Həmçinin ötən il
oktyabrın 25-də Sizin iştirakınızla propan-propilen
fraksiyasının təmizlənməsi və butan-butilen
fraksiyasının hidrogenləşməsi qurğuları
istismara verilib. Xüsusən qeyd etmək lazımdır ki, əgər
əvvəllər istehsalatlarımızda xammal kimi yalnız
naftadan istifadə olunurdusa, bu gün dörd növdə
xammaldan istifadə edilir və bunun üçün neft
emalı zavodundan ayrıca boru kəmərləri çəkilib.
Kimyaçılarımızın
iş və məişət şəraiti
yaxşılaşdırılıb, istehsalatda onların əməyinin
və sağlamlığının mühafizəsi sahəsində
də ciddi dəyişikliklərə nail olunub. Müasir tibbi
avadanlıqla təmin edilmiş “Kimyaçı”
poliklinikası və təcili yardım mərkəzi istifadəyə
verilib. SOCAR-ın tibbi sığorta proqramı çərçivəsində
hər bir kimyaçı sığortalanıb.
“Azərikimya”da
ixtisaslı gənc fəhlə kadrların hazırlanması
da diqqət mərkəzindədir. Sizin göstərişiniz əsasında
2012-ci ildə Sumqayıtda müasir tipli Təlim-Tədris Mərkəzi
yaradılıb. Mərkəz həm “Azərikimya”, həm də
SOCAR-ın digər zavodları üçün beynəlxalq təhsil
standartlarına uyğun yüksək ixtisaslı fəhlə
kadrları hazırlayır. Artıq Mərkəzi bitirmiş
500-ə yaxın gənc kadr SOCAR-ın müəssisələrində
işlə təmin olunub. Hər il burada 1000 nəfərə
yaxın əməkdaşımız müxtəlif kurs və
təlimlərdə iştirak edir.
Aparılmış
yenidənqurma işləri nəticəsində istehsal edilən
məhsullar üzrə göstəricilər xeyli
yaxşılaşıb və bütün sahələr
üzrə dinamik artım müşahidə olunmaqdadır.
Əmtəəlik məhsul istehsalı 2010-cu illə
müqayisədə 64 faiz artıb. Son altı il ərzində
orta aylıq əməkhaqqı 3 dəfədən çox
artaraq 205 manatdan 626 manata yüksəlib. “Azərikimya” Dövlət
Şirkətinin 2010-cu ilə qədər
yığılıb qalmış bütün yerli və
xarici kreditor borcları qısa zamanda tərəfimizdən
ödənilib. Müəssisəmiz 2013-cü ildən
başlayaraq mənfəətlə işləyir və bu
artan dinamika davam etməkdədir.
2015-ci ildə
istehsal edilən kimya məhsullarının 88 faizi ixrac olunub,
daxili bazar isə 12 faiz təşkil edib. İxracdan söz
düşmüşkən qeyd edim ki, Türkiyənin “Petkim”
şirkəti ilə inteqrasiya əlaqələrinin
qurulması nəticəsində istehsal etdiyimiz kimyəvi məhsulların
xarici bazarlarda, xüsusilə də Avropa ölkələrində
satış şəbəkəsi getdikcə genişlənməkdədir.
Bu məqsədlə son illərdə kimya məhsullarımızın
dünya bazarına əsas ixrac istiqamətlərindən biri
kimi Gürcüstanın Kulevi terminalından istifadə edilir.
Orada qaz məhsullarının gəmilərə yüklənməsi
üçün yeni terminal 2013-cü ildə istismara verilib.
Bakı-Tbilisi-Qars
dəmir yolu da neft-kimya məhsullarının Türkiyəyə,
oradan da Avropa və dünya bazarına
çıxarılmasında mühüm rol oynayacaq.
Neft
emalı və neft-kimya zavodlarında modernləşmə
işləri çərçivəsində 2015-2019-cu illər
ərzində önəmli layihələr həyata
keçiriləcək. Hədəfimiz mövcud istehsalat
gücünün artırılması, yeni bir neçə
qurğunun tikintisi, hazır məhsul parkının yenidən
qurulması və “EP-300” istehsalatının effektliliyinin
artırılmasıdır. Bu da imkan verəcək ki,
“SOCAR-Polimer” layihəsi çərçivəsində Kimya Sənaye
Parkında inşa olunan polipropilen və polietilen
zavodlarını lazım olan miqdarda yüksək keyfiyyətli
xammalla təmin edə bilək. Bu zavodlar “Azərikimya” tərəfindən
propilen, etilen, hidrogen, buxar və digər xammal ilə təmin
olunacaq.
Kimya Sənaye
Parkının 30 hektarlıq ərazisində həyata
keçirilən “SOCAR-Polimer” layihəsi öz növünə
və miqyasına görə son dövrdə Azərbaycanın
neft-kimya sənayesində həyata keçirilən ilk layihədir.
Bir məqama toxunum ki, bu qurğuların əvvəlcə “Azərikimya”nın
tərkibində tikilməsi nəzərdə tutulmuşdu.
Lakin Kimya Sənaye Parkının rezidenti statusu bu
qurğuların Parkın ərazisində inşa
olunmasını daha cəlbedici etdi. Hazırda layihə
üzrə tikinti işləri tam sürətlə gedir.
2018-ci ilin birinci rübündə polipropilen qurğusunun, son
rübündə isə polietilen qurğusunun istismara verilməsi
üçün bütün qüvvələr səfərbər
olunub.
EP
zavodunda icra olunan layihələrdən biri də 15 il bundan
öncə yapon texnologiyası ilə tikilib istifadəyə
verilmiş buxar-generator kompleksinin modernləşdirilməsidir.
Bu nadir qurğunun tikintisi də ulu öndər Heydər
Əliyevin adı ilə bağlıdır. Bu dahi insanın
uzaqgörənliyi sayəsində buxar-generator kompleksi nəinki
kimya sənayesini tənəzzüldən xilas edib, hətta
“Azərikimya”nın bu günü üçün etibarlı
enerji təminatının yaradılmasına bir vasitə olub.
Bu il isə SOCAR və Almaniyanın EON-UNIPER şirkətləri
arasında enerji və buxar istehsalı sahəsində fəaliyyət
göstərəcək birgə müəssisə
yaradılıb. Yeni buxar turbininin tikintisi nəticəsində
enerji istehsalının iki dəfə artırılması nəzərdə
tutulur.
Diqqətçəkən
layihələrdən biri də istehsalat tullantı
sularının təmizlənməsi qurğusunun tikintisidir. Xəzər
dənizinə atılan suların maksimal təmizlik həddi təmin
ediləcək və təmizlənmiş suyun bir hissəsi
suvarma sahəsində istifadə olunacaq. Qurğunun 2017-ci ildə
istifadəyə verilməsi planlaşdırılır.
Hazırda istehsalatda istismar olunan qurğular ekoloji tələblərə
cavab verir, zərərli tullantılar və havaya atılmalar
minimuma endirilib.
SOCAR-ın
Sumqayıtda icra etdiyi böyük layihələrdən biri də
karbamid zavodudur. Bu zavodun 2018-ci ildə istismara verilməsi nəzərdə
tutulur.
Möhtərəm
cənab Prezident, biz Sumqayıt kimyaçıları Sizin diqqət
və qayğınızı həmişə öz üzərimizdə
hiss etmişik. Keçən il Sizin xeyir-duanızla Sumqayıt
kimya sənayesinin 70 illik yubileyini təntənəli şəkildə
qeyd etdik. Uzun illər kimya sənayesində
çalışmış, səmərəli fəaliyyətləri
ilə kimya sənayesini şöhrətləndirmiş
insanlar Sizin sərəncamlarınızla müxtəlif
dövlət mükafatları ilə təltif olundular.
Siz,
sözün həqiqi mənasında, bu çətin və
şərəfli peşə sahiblərinə əsl bayram
sevinci yaşatdınız. İcazə verin, bütün
kimyaçılarımızın dərin minnətdarlığını,
sevgi və sayğılarını Sizə
çatdırım.
Möhtərəm
cənab Prezident, Sizin rəhbərliyiniz altında Sumqayıt
böyüyür və inkişaf edir, aparılan misli
görünməmiş abadlıq və quruculuq işləri
bizim gözlərimiz önündə icra olunur. SOCAR da bu
inkişafa töhfələrini verməklə bundan sonra da
Sumqayıtda perspektivli layihələr həyata keçirməkdə
davam edəcək. Şəhərimiz regionda aparıcı sənaye,
ələlxüsus kimya sənayesi mərkəzi olmaqla, ekoloji
cəhətdən təmiz və gözəl şəhərlərdən
birinə çevriləcək.
Diqqətinizə
görə minnətdaram.
X X X
“SOCAR
Polimer” MMC-nin direktoru Fərid CƏFƏROV
çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident.
Sumqayıtın
keçmiş Sovet İttifaqı məkanında
aparıcı sənaye mərkəzlərindən birinə
çevrilməsi ümummilli lider Heydər Əliyevin adı
və fəaliyyəti, müstəqil Azərbaycan
Sumqayıtının iri və müasir sənaye mərkəzinə
çevrilməsi isə Sizin uzaqgörən siyasətinizlə
bağlıdır. Sumqayıt Kimya Sənaye Parkı,
Sumqayıt Texnologiyalar Parkı, “SOCAR Polimer”, gübrə
zavodları və bu kimi digər iri və müasir sənaye
obyektlərinin yaradılması şəhərimizi daha
müasir sənaye mərkəzinə çevirəcək.
İcazənizlə,
“SOCAR Polimer” layihəsinin gedişi, layihə çərçivəsində
insan resurslarının inkişaf etdirilməsi, bu təşəbbüsün
ümumi məşğulluğa və gözlənilən
multiplikativ amilə təsiri haqqında məlumat vermək istəyirəm.
Bu günə
qədər “SOCAR Polimer” layihəsinin icrası qrafikə
uyğun və təsdiq olunmuş büdcə çərçivəsində
həyata keçirilir. Polipropilen zavodunun sınaq işlərinin
aparılması gələn ilin noyabrına və istismara
verilməsi isə 2018-ci ilin fevralına
planlaşdırılır. YSPE zavodunun istismara verilməsi isə
2018-ci ilin avqustuna nəzərdə tutulur. Bu zavodların
ümumi istehsal gücü ildə 300 min ton təşkil edəcək.
Layihənin
xammalla vaxtında təmin edilməsi çox əhəmiyyətlidir.
Hazırda neft emalı zavodunda və “Azərikimya”da
görülən modernləşmə işləri nəticəsində
“SOCAR Polimer” xammal ilə təmin ediləcək. Bunun sayəsində
ölkədə neft-kimya məhsullarının istehsalı təqribən
üç dəfə artacaq.
Qeyd etmək
istəyirəm ki, bu istehsal əsasən
ixracyönümlü olacaq və müəssisənin fəaliyyəti
nəticəsində ölkəyə ildə təqribən
400 milyon dollar həcmində valyuta axını təmin
olunacaq. Layihənin icra statusuna gəldikdə isə bildirmək
istərdim ki, nəzərdə tutulan 750 milyon dollar büdcənin
bu günə qədər 325 milyon dolları artıq
investisiya olunub. Bu məbləğin 197 milyon dolları kredit,
128 milyon dolları isə səhmdar kapitalından maliyyələşdirilib.
Xüsusi
olaraq vurğulamaq istərdik ki, bu layihə ölkəmizin
dövlət və özəl sektorlarının uğurlu əməkdaşlığı
əsasında icra olunur və özəl sektorun
investisiyaları ölkənin uzunmüddətli sənaye layihəsinə
yatırılır. Layihəyə cəlb olunmuş yerli səhmdarlarla
işbirliyi güclü müsbət təsir göstərir.
Layihə
çərçivəsində ən yüksək təhlükəsizlik
və sağlamlıq standartları tətbiq olunur.
Sentyabrın 15-də layihə çərçivəsində
istehsalat qəzası baş vermədən bir milyon
adam-saatını qeyd etdik. Bununla yanaşı, şirkətimiz
kollektiv üzvlərinin peşəkar potensialının
inkişaf etdirilməsinə böyük əhəmiyyət
verir.
Bu günə
qədər şirkətin işçiləri 3500 saatdan
çox müxtəlif beynəlxalq təlimlərdə
iştirak ediblər. Gələcək operator və texniklərin
50 faizindən çoxu artıq indidən işə
götürülüb və hazırda təlimlərini
SOCAR-ın Sumqayıtda və Qobustanda yerləşən təlim
mərkəzlərində keçirlər.
Əlavə
olaraq, istedadlı gənclərin layihəyə cəlb edilməsinə
və onların inkişafına böyük əhəmiyyət
veririk. Bu yay “SOCAR Polimer” 13 nəfərlik yay təcrübə
proqramını həyata keçirib. Proqram Azərbaycanda və
xaricdə təhsil alan tələbələr arasında
geniş marağa səbəb olub və nəticədə
ayrılmış hər bir yerə 24 namizəd sənəd
verib. Təcrübə proqramını keçmiş tələbələrin
böyük hissəsinin gələcəkdə işə və
gözlənilən layihələrə cəlb olunması nəzərdə
tutulur.
Hazırda
ümumi olaraq layihədə mindən çox insan
çalışır. Gələn ilin ikinci rübündə
bu rəqəmin 2500-ə çatması gözlənilir.
“SOCAR Polimer” şirkətinin hazırda 198 əməkdaşı
var. Layihə istismara verildikdən sonra bu müəssisədə
400 daimi iş yerinin yaradılması gözlənilir.
Layihənin
icrası ölkə iqtisadiyyatına güclü multiplikativ təsir
göstərəcək, eyni zamanda, polimer qranullarının
istehsalı çox sayda kiçik və orta miqyaslı
istehsalat müəssisəsinin yaradılmasına imkan verəcək.
Bu müəssisələr Sumqayıt Kimya Sənaye
Parkında yaradılmış əlverişli investisiya
mühitindən və müasir infrastrukturdan istifadə edəcək.
Artıq
indidən bizə polimer qranulları əsasında müxtəlif
növ plastik məhsulların istehsalçılarından
çox sayda müraciətlər gəlir. Bir daha qeyd etmək
istərdik ki, bu müəssisələrin
açılması böyük həcmdə yeni iş yerlərinin
yaradılmasına səbəb olacaq. Belə ki, “SOCAR Polimer”də
qranul istehsalı zamanı hər bir nəfərin cəlb
olunması plastik istehsal müəssisələrində 25 nəfərin
cəlb edilməsinə səbəb olacaq.
Diqqətinizə
görə təşəkkür edirəm.
X X X
“SOCAR
Karbamid” zavodunun direktoru Xəyal CƏFƏROV
çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident.
“SOCAR
Karbamid” zavodu layihəsi “Azərbaycan Respublikasında əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramı”nda və “Azərbaycan
Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər
üçün Dövlət Proqramı”nda əksini
tapıb.
Zavodun rəmzi
təməli 2011-ci ildə məhz Sizin tərəfinizdən
qoyulub və sonrakı illərdə həmişə bu layihənin
gedişi ali diqqətinizdə olub. Layihənin mühəndislik,
satınalma və tikinti podratçısı beynəlxalq
açıq tenderlərlə seçilib. Tender təkliflərinin
qiymətləndirilməsi nəticəsində 2013-cü il
martın 13-də açar təhvili şərti ilə Koreya
Respublikasının “Samsung Engineering” şirkəti ilə
müqavilə imzalanıb. Bundan sonra beynəlxalq nüfuzlu
ammonyak və karbamid texnologiya şirkətləri ilə
lisenziya müqavilələri bağlanıb, 2013-cü ildə
layihə üzrə işlər başlanıb. Zavodun
tikintisinin 2017-ci ilin sonunda yekunlaşması, 2018-ci ilin əvvəlində
istismara verilməsi planlaşdırılır.
Zavod
ammonyak, karbamid istehsalı və karbamidin qranulyasiyası sahələrindən
ibarət olacaq. Azot gübrələrinin istehsalı
üçün əsas xammal qismində təbii qazdan istifadə
ediləcək. Zavod gündəlik 1200 ton ammonyak və 2000 ton
karbamid istehsal edəcək. Bu layihənin icra edilməsi
dövlət iqtisadiyyatının əsas sektorlarından biri
olan kənd təsərrüfatına böyük dəstək
verəcək. Bununla yanaşı, zavodda istehsal edilən azot
gübrələri (illik təxminən 650 min ton) daxili tələbatı
tam ödəyəcək və izafi məhsul dəmir yolu
vasitəsilə Türkiyəyə, habelə Qara dəniz
limanları vasitəsilə dünya bazarlarına ixrac olunacaq.
Qeyd etmək
istəyirəm ki, layihənin həyata keçirilməsi
prosesində nəzərdə tutulmamış bir sıra əlavə
işlərlə qarşılaşmışıq. Layihənin
ümumi dəyəri 750 milyon avro təşkil edir. Layihənin
maliyyələşdirilməsi ilkin dövrdə dövlət
büdcəsindən ayrılan vəsaitlər hesabına həyata
keçirilib. Bu məqsədlə dövlət büdcəsindən
205 milyon manat vəsait ayrılıb. Daha sonra maliyyələşdirmə
mənbəyinin dəyişdirilməsi ilə bağlı qərar
qəbul edilib və beynəlxalq kommersiya bankları ilə
danışıqlar aparılaraq aralıq maliyyələşdirmənin
cəlb edilməsinə nail olunub. Layihənin uzunmüddətli
maliyyələşdirilməsi məqsədilə hazırda
Koreya Respublikasının İxrac-İdxal Bankı (KEXIM) və
Avropanın tanınmış və nüfuzlu üç beynəlxalq
bankı ilə aparılan danışıqlar artıq
tamamlanmaq üzrədir. 500 milyon avro məbləğində
maliyyələşdirmənin cəlb olunması layihənin
tamamlanmasını təmin edəcək.
Möhtərəm
cənab Prezident, bu gün artıq layihənin təxminən
80 faizi icra edilib. Əsaslı layihələndirmə və
satınalma işləri tamamlanıb, tikinti işlərinin 45
faizi həyata keçirilib. 2017-ci ilin ikinci yarısından
etibarən zavodda mərhələli surətdə
buraxılış-sınaq işlərinə başlanacaq.
Hazırda
zavodun tikinti işlərində 2200 nəfər
çalışır və tikintinin pik dövründə təxminən
3 min işçi cəlb ediləcək. Zavodun istismarı
dövründə isə 400 nəfər daimi iş yeri ilə
təmin olunacaq. Elə bu səbəbdən zavodun tikintisi
dövründən etibarən gələcək kadrların
hazırlığına və xüsusi treninq keçmələri
məsələsinə xüsusi önəm veririk.
Buraxılış-sazlama və sınaq dövründən
başlayaraq gələcək istismarçıların
iştirakının təmin edilməsi çox vacib şərtdir.
Bu məqsədlə SOCAR-ın təlim-tədris mərkəzlərində
artıq 80 nəfər ixtisaslı və texniki ingilis dilli fəhlə
kadr hazırlanaraq işə götürülüb. Növbəti
mərhələdə bu il təlim keçmiş 70 nəfərin
də işə qəbul edilməsi gözlənilir. Zavodda
işçilərin aylıq orta əməkhaqqı təxminən
650 manat təşkil edir.
Möhtərəm
cənab Prezident, Sizin rəhbərliyinizlə Azərbaycan
gündən-günə inkişaf edir, gözəlləşir,
iqtisadiyyatımız möhkəmlənir, ordumuz güclənir
və xalqımızın həyat şəraiti
yaxşılaşır. Biz Sumqayıt şəhərinin də
son zamanlar xüsusi zövqlə gözəlləşməsinin
və inkişafının canlı şahidləriyik. Sizi əmin
etmək istəyirəm ki, “Karbamid zavodu” layihəsi də
vaxtında və keyfiyyətlə istismara veriləcək,
Sumqayıtımızın və Azərbaycanımızın
uğurlarına uğur qatacaq.
Diqqətinizə
görə təşəkkür edirəm.
X X X
Sumqayıt
Texnologiyalar Parkının istehsalat üzrə icraçı
direktoru Sahib MUSAYEV çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident.
Hörmətli
görüş iştirakçıları.
Cənab
Prezident, Sumqayıt Texnologiyalar Parkı (STP) 2009-cu il
dekabrın 22-də Sizin iştirakınızla
açılıb. O vaxt Siz həm də yüksək gərginlikli
kabel qülləsinin təməlini qoydunuz.
Siz STP-yə
ikinci dəfə 2011-ci il iyulun 7-də, üçüncü
dəfə isə 2012-ci il aprelin 24-də gəldiniz və bizə
öz dəyərli tövsiyələrinizi verdiniz. Bu diqqət
və qayğıya görə Sizə kollektivimiz adından
minnətdarlığımızı bildiririk.
O vaxt
STP-nin ərazisi 38,4 hektar, ümumi örtülü istehsal sahələri
170 min kvadratmetr idi. Hazırda ərazi 200 hektaradək
genişlənib. Qapalı istehsal sahələri isə 500 min
kvadratmetrdən çoxdur. Ərazidə olan zavodların əksəriyyəti
genişləndirilib və onların istehsal etdikləri məhsulların
çeşidləri çoxaldılıb.
Hazırda
STP-nin 1750 nəfər daimi işçisi var. Müvəqqəti
əmək müqavilələri ilə isləyənlərin
sayı 250-350 nəfər arasında dəyişir.
Bütün işçilər sosial qayğı ilə əhatə
olunub, onlara isti günorta yeməyi verilir. İşçilərin
hamısı xüsusi geyimlə təmin olunub və onları
iş yerlərinə STP-nin nəqliyyat vasitələri
aparıb gətirir. Hər bir işçi bədbəxt hadisələrə
görə sığortalanıb. STP-də orta aylıq əməkhaqqı
565 manatdır.
Sumqayıt
Texnologiyalar Parkı Azərbaycan bazarını daim yeni məhsullarla
təmin etməkdə davam edir. Belə ki, Kabel zavodunda regionda
yeganə olan kabel istehsal qülləsi işə
salınıb. Bu texnoloji qüllədə ifrat yüksək
(220-500 kV-a qədər) gərginlikli plastmas XLPE izolyasiyalı
güc kabelləri istehsal olunur. 220 kV-luq kabellərimizdən
respublikamızın enerji təminatında geniş istifadə
edilir. Kabel zavodunda yeni məhsullar istehsal olunmağa
başlayıb. Bunlar nəzarət, idarəetmə, koaksial,
telefon, rabitə, şəbəkə LAN, optik və yüksək
temperatura davamlı (2 saat müddətində 1000 dərəcə
istiliyə tab gətirən) güc kabelləridir, gəmi və
neft quyularında istifadə olunur. Neft quyuları
üçün nəzərdə tutulan güc kabelləri
“Azneft” İstehsalat Birliyinin 37 quyusunda sınaqdan
çıxarılıb və müsbət nəticələr
alınıb.
Rusiyanin
“Navante Services Ltd” şirkətinin 1000 metrə qədər dərinliyi
olan neft quyularında da bu kabellərin sınağı
uğurla gedir.
STP-nin
ağır maşınqayırma zavodunda yük götürmə
qabiliyyəti 200 tona qədər olan elektrikli
körpülü kranlar istehsal olunmağa başlanıb və
bu məhsul istehsalına dair lisenziya yalnız ona məxsusdur.
Bu zavodda olan avadanlıqların köməyi ilə əlavə
sərmayə qoymadan istənilən texnika, o cümlədən
ağır tonnajlı xüsusi təyinatlı texnika, kənd
təsərrüfatı maşınları (o cümlədən
pambıqçılıqda istifadə olunan maşınlar),
suvarma qurğuları istehsal etmək mümkündür.
Elektron
cihazlar zavodunda “Smart” tipli elektron elektrik sayğaclarından
başqa, ödəniş terminallarının istehsalı təşkil
olunub. Sifarişçilər banklar, Dövlət
Gömrük Komitəsi, Milli Bank və digər qurumlardır.
Bu
yaxınlarda alüminium və mis profilləri zavodu işə
salınıb. Həmin zavodda Amerika Birləşmiş
Ştatlarının “Vaqstaf” firmasının
avadanlığı quraşdırılıb.
Elektrik
stansiyaları üçün xaricdən gətirilən
ehtiyat hissələrinin bir çoxu artıq STP-də istehsal
edilir və müvəffəqiyyətlə istismar
olunmaqdadır.
Sumqayıt
Texnologiyalar Parkı tikinti sektorunu, kənd təsərrüfatını,
yeni açılan texnoparkları elektrik avadanlıqları,
kabellər, sinklənmiş metal konstruksiyalar və başqa məmulatlarla
təmin etmək qabiliyyətinə malikdir.
STP bir
çox elm və təhsil müəssisələri ilə də
əməkdaşlıq edir. Hər il 1000-dən çox tələbə
burada təcrübə keçir.
Diqqətinizə
görə təşəkkür edirəm.
X X X
“Gilan
Tekstil Park” MMC-nin direktor müavini Nadir MƏHƏRRƏMOV
çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident.
Hörmətli
tədbir iştirakçıları.
Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafına
dair Dövlət proqramlarının uğurlu icrası nəticəsində
ölkəmizin regionlarında və əsas sənaye mərkəzlərindən
biri olan Sumqayıtda yüngül sənayenin inkişafı
üzrə önəmli tədbirlər
planlaşdırılaraq həyata keçirilib. Proqramın
icrası toxuculuq və tikiş sənayesinin inkişafına
müsbət təsir göstərib, regionlarda
çoxsaylı sənaye müəssisələri fəaliyyətə
başlayıb, bəzi müəssisələrin fəaliyyəti
yenidən qurulub.
Həmin
dövlət proqramları çərçivəsində
qısa müddət ərzində İqtisadiyyat Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
ayrılan güzəştli kredit və Gilan Holding
investisiyaları hesabına Sumqayıt şəhərində
Cənubi Qafqazın ən iri tekstil müəssisələrindən
biri - “Gilan Tekstil Park” inşa edilib və 2013-cü ilin may
ayında cənab Prezidentin iştirakı ilə
açılış mərasimi keçirilib.
İyirmi
hektar ərazidə inşa edilən “Gilan Tekstil Park”ı 7
fabrik və 3 istehsal xəttindən ibarətdir:
-
İplik fabriki (pambıq, pambıq-polyester ipliyin istehsalı,
illik istehsal gücü 4000 ton);
- Toxuma
fabriki (illik istehsal gücü 18 milyon metr xam parça);
- Boya
fabriki (illik gücü 15 milyon metr parçanın
boyanması);
-
Tikiş fabriki (illik gücü 600 min ədəd geyim dəsti);
- Trikotaj
fabriki (illik gücü 1200 ton məhsul);
- Dəsmal
və hamam dəstləri istehsalı fabriki (illik gücü 2
milyon 350 min ədəd);
-
Jakarlı toxuma fabriki (illik gücü 800 min metr);
- Trikotaj
məhsullarının boyanması fabriki (illik gücü 3000
ton).
Bunlardan əlavə,
Parkda tam avtomatlaşdırılmış yataq dəsti
istehsal xətti (illik gücü 600 min ədəd), yay və
qış yorğanları istehsal xətti (illik gücü
300 min ədəd), yastıq istehsalı xətti (illik
gücü 250 min ədəd) mövcuddur.
“Gilan
Tekstil Park”da yüksək keyfiyyətli Azərbaycan
pambığından ən müasir standartlara cavab verən
tekstil məhsulları istehsal edilir. Parka daxil olan fabriklərin
avadanlıqları ən son Avropa texnologiyası əsasında
qurulub. Hazırda burada müxtəlif növ parça, yataq və
hamam dəstləri, yorğan, yastıq, trikotaj məhsulları,
habelə müxtəlif təyinatlı odadavamlı,
sukeçirməz xüsusi formalar, hərbi və xəstəxana
geyimləri, idman geyimləri, otellər üçün hamam
və yataq dəstləri istehsal edilir. Bu məhsulların
istehsalında insan sağlamlığına zərər verəcək
heç bir kimyəvi maddədən istifadə olunmur.
“Gilan
Tekstil Park”da ümumi sahəsi 6 min kvadratmetr olan, ən son
texnoloji avadanlıqla təchiz edilmiş tikiş fabrikində
ayda 50 min kişi, qadın və uşaq üst geyimləri, həmçinin
NATO standartlarına uyğun hərbi və xüsusi geyimlər
istehsal olunur.
Parkda
parça toxuma, boyama və tikiş fabriklərinin kompleks
formada yaradılması və ən müasir texnologiyaların
tətbiq edilməsi yüksək keyfiyyət və rəqabət
qabiliyyətli parça və trikotaj məhsullarının
istehsalına imkan verir.
“Gilan Tekstil
Park” İSO 9001:2008, İSO 14001:2004, OHSAS 18001 standartlarına
cavab verir və müəssisənin qeyd olunan Beynəlxalq
Sertifikatları mövcuddur.
“Gilan
Tekstil Park”ın malik olduğu ən müasir dəzgah
parkının istehsal gücü ölkədaxili tələbatdan
artıq olduğu üçün fabriklərin tam
gücü ilə fəaliyyət göstərməsi məqsədilə
xarici bazara çıxmaq istiqamətində müxtəlif tədbirlər
görülür. Müəssisə beynəlxalq nüfuzunu
artırmaq, yeni tərəfdaşlar tapmaq üçün təkcə
2016-cı ildə ölkə xaricində bir neçə beynəlxalq
sərgilərdə iştirak edib. Həmin sərgilərdə
yeni ixracat müqavilələri imzaladıqdan sonra şirkətin
ixracat potensialı artıb. Artıq bu gün tekstil
istehsalçısı olan Türkiyə kimi ölkədə
müəssisənin məhsulları yüksək nüfuza
malikdir və onlara ciddi tələbat var. Ev tekstili və
parça satışı üzrə MDB ölkələri
ilə geniş ticarət münasibətləri mövcuddur.
Müəssisənin cari satışının 50 faizini ixrac
təşkil edir və bunun artırılması məqsədilə
iş aparılır.
Hazırda
“Gilan Tekstil Park”da 900 nəfərdən artıq işçi
çalışır. Onların əksəriyyəti
Sumqayıt şəhəri və ətraf qəsəbələrdə
yaşayan sakinlərdir. Park üzrə hazırda orta əmək
haqqı 350 manatdan çoxdur. Şirkət işçilərini
əvəzsiz olaraq keyfiyyətli nahar yeməyi, fərdi
mühafizə vasitələri və uniforma ilə təmin
edir, onların həyat və sağlamlığının
müdafiəsi üçün qanunvericilikdə nəzərdə
tutulmuş tədbirlər həyata keçirilir.
Xaricdən
dəvət olunan təcrübəli mütəxəssislərin
iştirakı ilə işçilərin peşə biliklərini
artırmaq məqsədilə daxili təlimlər
keçirilir. Bundan əlavə, tekstil sahəsində yerli
kadrların inkişafı üçün respublikada fəaliyyət
göstərən bir neçə ali təhsil müəssisələri
ilə davamlı olaraq tərəfdaşlıq edilir. Tələbələrin
istehsalatda təcrübə keçməsi onların inkişafında
əvəzolunmaz rol oynayır. Yalnız cari il ərzində
müəssisələrimizdə 18 tələbə təcrübə
proqramı keçib.
“Gilan
Tekstil Park” MMC qısamüddətli və uzunmüddətli
inkişaf strategiyalarına malikdir. O, Azərbaycanda və beynəlxalq
səviyyədə tekstil sahəsində nümunəvi
istehsalçı və ixracatçı şirkət kimi
tanınır.
Möhtərəm
cənab Prezident, respublikamızda yüngül sənaye sahəsinin
inkişafına göstərdiyiniz diqqət və
qayğınıza görə Sizə “Gilan Tekstil Park”ın
kollektivi və Sumqayıtda fəaliyyət göstərən
sənaye müəssisələrinin kollektivləri adından
dərin təşəkkürümüzü bildiririk.
X X X
Sumqayıt
Dövlət Dram Teatrının aktyoru, Əməkdar Artist
Namis ŞİRMƏMMƏDOV çıxış edərək
dedi:
- Möhtərəm
cənab Prezident,
İcazə
verin, sumqayıtlılar adından Sizə ulu öndərimiz
Heydər Əliyevin dostluq və həmrəylik şəhəri
adlandırdığı Sumqayıta “Xoş gəlmisiniz!”
deyim.
Cənab
Prezident, son dövrdə şəhərimizdə aparılan
abadlıq və quruculuq işləri elə yüksək səviyyədə
vüsət alıb ki, bunu sözlə ifadə edə bilmirəm.
Siması tanınmaz dərəcədə dəyişən
Sumqayıt parklar, xiyabanlar və yaşıllıqlar şəhərinə
çevrilib. Küçələr genişlənib, binalar
göz oxşayır, hər yerdə insanın ürəyini
açan təmizlik, səliqə-sahman var. Sumqayıtın
bugünkü mənzərəsi uşaqdan böyüyədək
hamımızın əhval-ruhiyyəsini yüksəldib, sabaha
olan inamımızı son dərəcə artırıb.
Bütün bunlara görə bilmirəm Sizə necə təşəkkür
edim. Bircə, onu bilirəm ki, bu inkişafa heyran qalan hər
bir sumqayıtlının qəlbindən keçən bir
alqış var – sağ olun, cənab Prezident.
Ulu
Öndərimiz Sumqayıta, onun zəhmətkeş
insanlarına daim xüsusi qayğı ilə yanaşır,
şəhərimizin inkişafına çox böyük diqqət
yetirirdi. Sumqayıtın müasir bir şəhər kimi
formalaşması, inkişafı məhz o böyük
insanın adı ilə bağlıdır. Ulu Öndərimizə
qədər şəhərimiz çox sönük idi. O
böyük şəxsiyyət Sumqayıtı
qurub-yaratdı. Sumqayıt ittifaq səviyyəli böyük
bir sənaye şəhərinə çevrildi. Onlarla fabrik,
zavod açıldı. Dram teatrının fəaliyyətə
başlaması, park və istirahət mərkəzlərinin
tikintisi şəhərin mədəni həyatında
xüsusi canlanma yaratdı. İnsanların rifah halı
durmadan yaxşılaşdı. Sumqayıt inamla sabaha
addımladı.
Sumqayıtın
ikinci inkişaf mərhələsi məhz Sizin adınızla
bağlıdır. Siz şəhərimizi möhtəşəm
zirvəyə çatdırdınız. Siz bizə həmrəylik,
dostluq, qardaşlıq şəhəri olan Sumqayıtı
qaytardınız.
Bütün
bunlara görə Sizə minnətdarıq, cənab Prezident.
Şəhərimizdə
Ulu Öndərin adına layiq möhtəşəm Heydər
Əliyev mərkəzi inşa edilib. Mərkəzdə gənc
nəslin elmi təfəkkürünün və bədii
zövqünün formalaşması məqsədilə
yaradılan dərnəklər, elektron kitabxana, tətbiqi sənət
emalatxanası, həmçinin yeni ailə quran gənclər
üçün nikah salonu fəaliyyət göstərir. O
cümlədən xüsusi istedadlı gənclər
üçün yeni üslubda inşa edilmiş şahmat və
musiqi məktəbləri fəaliyyətə başlayıb.
Məhz
Sizin diqqət və qayğınız nəticəsində
insanların sosial rifah halı yüksəlir, həyat tərzi
durmadan yaxşılaşır. Yeni müəssisələrin
yaradılması, minlərlə iş yerlərinin
açılması insanlarda xoş ovqat və sabaha inam
yaradır.
Cənab
Prezident, sumqayıtlılar həmişə bir şirin arzunun
xəyalı ilə yaşayıblar: nə vaxtsa bizim də dəniz
sahilində bulvarımız olacaq, müxtəlif istiqamətlərə
gəmilər işləyəcək, gözəl bir istirahət
mərkəzi qazanacağıq. Bu gün
sumqayıtlıların arzusu Sizin göstərdiyiniz diqqət
və qayğı nəticəsində çin olub. Dəniz
sahili boyunca nəhəng və möhtəşəm bulvar
kompleksi salınıb. Bir vaxt bərbad vəziyyətdə
olan sahil zonası indi Sumqayıt sakinlərinin ən çox
istirahət etdikləri məkandır.
Məşhur
bir şeirdə deyildiyi kimi:
-Canlanır
hər qarış çöl Sumqayıtda,
Xariqələr
yaradır el Sumqayıtda.
Cənab
Prezident, həqiqətən də bu gün Sumqayıtda həyat
qaynayır. Şəhərin hər tərəfində
tikinti, quruculuq, abadlıq işləri gedir. Demək olar ki,
yeni bir Sumqayıt salınır və bu Sumqayıtın
memarı Sizsiniz.
Otuz ildən
artıqdır ki, mən Sumqayıt Dövlət Dram
Teatrında aktyor kimi çalışıram.
Çalışdığım bu bina 1957-ci ildə inşa
edilib. Açıq deyim ki, inşa olunduğu gündən
yaxın vaxtlara qədər əsaslı təmir
olunmamışdı. Uzun müddət baxımsız qalan
binanın dam örtüyü
sınıb-dağılmış, döşəmələri
tamamilə çürüyüb sıradan çıxmışdı.
Heç bir istilik və hava tənzimləmə sistemi olmayan
bu binada aktyorlar uçuq damdan tökülən
yağış, qar suları altında məşqlər edib,
200-dən çox tamaşa hazırlayıblar. Qısa bir
zaman kəsiyində bu binanın müasir standartlara cavab verən
nəfis və estetik baxımdan gözəl təmir edilməsi
Sumqayıt Dövlət Dram Teatrının kollektivinə, həmçinin
şəhər ictimaiyyətinə müqayisəyə gəlməyən
ən böyük bir hədiyyədir.
Biz
yaxşı başa düşürük ki, bundan sonra
teatrımızın yaradıcı kollektivi bədii cəhətdən
elə yüksək tamaşalar hazırlamalıdır ki, bu
binanın gözəlliyi fonunda solğun görünməsin.
Teatrımızın
150-yə yaxın işçisi var. Hər birinin adından, cənab
Prezident, Sizə təşəkkürümüzü, dərin
minnətdarlığımızı bildiririk.
Dünən
ölkəmizdə mühüm bir hadisə - ümumxalq
referendumu keçirildi. Hər bir Azərbaycan vətəndaşı
kimi, sumqayıtlılar da xüsusi fəallıq
nümayiş etdirərək, referendumda yekdilliklə
iştirak edib, Sizə olan sədaqətini, sevgisini göstərib.
Sumqayıtlılar hər zaman Sizin yanınızdadır və
Sizi daimi olaraq Prezident görmək arzusundadır.
Bir daha
Sizi bütün Sumqayıt sakinləri və mədəniyyət
ictimaiyyəti adından salamlayıram, bizə göstərdiyiniz
diqqət və qayğıya, heç vaxt sönməyən
məhəbbətinizə görə hər birinin adından
dərin minnətdarlığımı və təşəkkürümü
bildirirəm. Azərbaycanımızın çiçəklənməsində
Sizinlə bərabər çalışan, təhsilimizə,
mədəniyyətimizə müstəsna xidmət göstərən
hörmətli Mehriban xanıma, ailə üzvlərinizin hər
birinə möhkəm cansağlığı, uzun
ömür, xoşbəxtlik arzulayıram.
Hər
arzumuz, istəyimiz səninlədir,
Sənə
olan sevgi dəniz, səninlədir,
Şərəfimiz,
şöhrətimiz, torpağımız səninlədir,
Ucalarda
dalğalanan bayrağımız səninlədir.
Uğrunda
tökülən qan, verilən can -
Əbədiyaşar
Azərbaycan səninlədir!
Səninlədir
Azərbaycan, səninlədir!
Tanrı
Sizi qorusun, cənab Prezident.
X X X
Görüşə
yekun vuran Prezident İlham ƏLİYEV dedi:
- Xoş
sözlərə görə çox sağ olun. Bu gün
Sumqayıtın həyatında çox əlamətdar bir
gündür. Bir daha demək istəyirəm ki, belə
möhtəşəm Heydər Əliyev Mərkəzinin
istifadəyə verilməsi çox gözəl tarixi hadisədir.
Sumqayıtın zəngin mədəni həyatı var.
Dövlət Dram Teatrı binasının əsaslı təmirdən
sonra açılışı da Sumqayıtın mədəni
həyatına yeni bir töhfədir. Hamımız
yaxşı bilirik ki, Sumqayıt kimyaçılar, gənclər
şəhəri kimi salınmışdır. Ona görə
gənclər şəhəri ki, Sumqayıtın
qurulmasında daha çox gənclər iştirak edirdi. Bu
gün Sumqayıt, eyni zamanda, ziyalılar, fəhlələr,
mütəxəssislər şəhəridir, müasir sənaye
mərkəzidir.
Bir daha
qeyd etmək istəyirəm ki, bu gün gördüyüm
Sumqayıt bulvarı doğrudan da, məndə ən xoş təəssüratlar
yaratdı. Çünki bir daha gördüm ki, qarşıya
qoyulan vəzifələr düzgün icra edildikdə
doğrudan da möcüzələr yaratmaq
mümkündür. Sumqayıt bulvarı əvvəlki
Bakı bulvarından məsafə baxımından daha uzundur.
Çünki ənənəvi Bakı bulvarının
uzunluğu 3,5 kilometr idi. Sonra biz onu böyütdük,
uzatdıq, indi 16 kilometrə çatır. Ancaq o 3,5 kilometri
çar Rusiyası vaxtında bir neçə il ərzində
yaradıblar. Siz isə Sumqayıt bulvarını cəmi bir
il, ondan da az vaxtda yaratmısınız.
Bu,
doğrudan da bir daha onu göstərir ki, bugünkü Azərbaycan
güclü dövlətdir. Baxmayaraq ki, indi dünyada müəyyən
iqtisadi çətinliklər var və o, bizdən də yan
keçməyib, biz sosial layihələrə, insanların
rahatlığına ayrılan vəsaiti təmin edirik.
Bütün sosial layihələr 2017-ci ildə də icra ediləcək,
ölkəmizdə yeni xəstəxanalar, məktəblər,
ictimai yerlər yaradılacaq.
Bu gün
burada səslənən məruzələrdə Sumqayıtda
görülmüş və görüləcək işlər
haqqında məlumat verildi. Bu gün burada
çıxış edənlər Sumqayıtın sənaye
potensialının əsas seqmentlərini təmsil edirlər.
Ancaq Sumqayıtın sənayesi əlbəttə ki, daha da
böyükdür. Burada onlarla, yüzlərlə müəssisə
fəaliyyət göstərir. Ancaq bugünkü məruzələrdə
həm görülmüş, həm də görüləcək
işlər sizin diqqətinizə çatdırıldı. Həm
Sumqayıt, həm də ölkə üçün əsas
iki böyük sənaye layihəsi 2018-ci ildə işə
düşəcək. Bunlar “SOCAR Polimer” və “SOCAR Karbamid”
zavodlarıdır. Burada da qeyd edildi, bu müəssisələrin
işə düşməsi nəticəsində minlərlə
iş yeri yaradılacaq, eyni zamanda, bizim ixrac
potensialımız artacaq. Çünki biz “SOCAR Polimer”
zavodunda istehsal olunacaq məhsulun bir hissəsini ixrac edəcəyik,
bir hissəsini isə daxili bazara çıxaracağıq ki,
kiçik və orta sahibkarlar o xam məhsuldan istifadə edib
öz müəssisələrini qursunlar. Plastik məmulatlar
istehsal olunacaq, idxaldan asılılıq azalacaq və biz daxili
tələbatı təmin edəcəyik.
Bu gün burada məruzə edilmiş məsələlər Sumqayıtın böyük potensialını göstərir. Növbəti illərdə Sumqayıtda bu potensial artacaq, həm sənayedə, həm xidmət sektorunda, ictimai işlər sahəsində minlərlə yeni iş yeri yaradılacaq. Böyük istirahət zonaları yaradılır. O zonalarda da xidmət göstəriləcək. Beləliklə, Sumqayıtda işsizlik həmişə çox aşağı səviyyədə olmalıdır.
Əminəm ki, növbəti illərdə yeni layihələr icra ediləcək. Həm dövlət şirkətləri, eyni zamanda, özəl sektor da buna böyük maraq göstərir. Biz “SOCAR Polimer” zavodunun timsalında dövlət-özəl sektor tərəfdaşlığını da görürük. Bu da ölkəmiz üçün bir yenilikdir. Bu, çox mütərəqqi bir yanaşmadır, həm özəl sektor, həm də dövlət öz sərmayəsini qoyur və yeni gözəl müəssisələr yaradılır.
Sumqayıt şəhərinin gələcək inkişafı ilə bağlı təkliflər var. Burada istifadə olunmayan, köhnədən qalmış sənaye sahələri var. Əgər onların istifadəsi nəzərdə tutulmayacaqsa, biz onları da şəhər fonduna əlavə etməliyik ki, orada ictimai yerlər salınsın, yeni yaşayış zonaları yaradılsın. Bir sözlə, sahibkarlığın, sənayenin, xidmət sektorunun inkişafı Sumqayıtda çox uğurla gedir və əminəm ki, bundan sonra da uğurla gedəcək.
Bugünkü Sumqayıt müasir şəhərdir, Azərbaycanın gözəl guşələrindən biridir. Mən çox şadam ki, sumqayıtlılar da bu işlərdə çox fəal iştirak edirlər. Sumqayıtlılar öz şəhərinə çox bağlıdırlar. Bu gün Sumqayıtla fəxr etmək üçün bütün əsaslar var. Təsadüfi deyil ki, referendumdan bir gün sonra mənim ilk səfərim də məhz Sumqayıtadır. Mən sumqayıtlıları, onların fədakarlığını, dövlətə, dövlətçiliyimizə, müstəqilliyimizə bağlılıqlarını, ümumi işimizə verdikləri töhfələri yüksək qiymətləndirirəm. Əminəm ki, bizim görüşlərimiz bundan sonra çox olacaq. Çünki Sumqayıtda bundan sonra da açılışlar olacaq. Sizə uğurlar və cansağlığı arzulayıram. Qoy, həmişə Sumqayıt belə gözəl, abad şəhər olsun. Sağ olun.
Azərbaycan.-2016.-28 sentyabr.- S.4-7.