Yollar, körpülər
Yollar
rişə-rişə, damar-damardır,
Yollarda
qoşadır xeyir ilə şər.
Yollar
dağ-dərəli, düzdür, hamardır,
Onlar
körpülərdə gəlib birləşər.
Yollar
örkən kimi uzanıb gedər,
Düzdə
nəfəs alıb dağda tövşüyər.
Haraya
baş alıb getsələr belə
Körpü-doğanaqdan
gəlib keçərlər.
Həyatda
hər şeyin mənası, adı-
Aranda
istinin, dağda da qarın.
Körpülər
olmasa, salınmasaydı,
Yarıda
qalardı ömrü yolların.
El
üçün görülən ən xoş əməllər,
Dildə
qanad açıb, uçub, yayılıb.
Müqəddəs
işlərin meyarı kimi,
Körpü
tikmək özü savab sayılıb.
Körpülər
yollarla verib əl-ələ,
Neçə
kənd-şəhəri qohum edərlər.
Bir
oğul evlənsə, bir gəlin köçsə,
Körpülər
toy günü yallı gedərlər.
“Cəngi”
yayılanda arana, dağa,
Atılar
meydana igidlər, ərlər.
Uşaqlar
toy günü nəmər almağa,
Körpünün
üstünü hədəf seçərlər.
Dirəklər
qaldırıb başının üstə,
Yetirər
sahildən-sahilə onu.
Dərədən
keçəndə, çaydan keçəndə,
Dirəklər
göstərər körpü boyunu.
Günəş
xislətində yaşar körpülər,
Yaxşılıq
etməkdən usanmaz, doymaz.
Deyirəm,
bəlkə də buna görədir,
Heç
vaxt körpülərə qapı qoyulmaz.
Sinəsi
qürurdan qabarar onun,
Çiynində
həm sevinc, kədər daşıyar.
Mənası,
məqsədi, məramı aydın,
Körpülər
ömrünü belə yaşayar.
Seyran CAVADOV
Azərbaycan.- 2016.- 25 sentyabr.- S.8.