Prezident İlham
Əliyev MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik
və xüsusi xidmət orqanları rəhbərləri
Şurasının Bakıda keçirilən iclasının
iştirakçılarını qəbul edib
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edib.
Qonaqları
salamlayan Prezident İlham ƏLİYEV dedi:
-Sabah
Bakıda təhlükəsizlik və xüsusi xidmət
orqanları rəhbərləri Şurasının iclası
işə başlayır. Mən qonaqlarımızı – dost
dövlətlərin təhlükəsizlik orqanlarının
rəhbərlərini salamlayıram, sizə yaxşı və
səmərəli iş arzu edirəm. Əminəm
ki, sabahkı iclas ölkələrimizin təhlükəsizlik
orqanları arasında qarşılıqlı əlaqələrin
gücləndirilməsi işinə xidmət edəcək.
Mənə məlumdur ki, sizin gündəliyiniz yetərincə
genişdir, olduqca çoxsaylı məsələlər
müzakirə olunacaq. Təbii ki, bütün bu məsələlər
əməkdaşlıq, qarşılıqlı anlaşma və
dəstək ruhunda müzakirə olunacaq. Biz
Şuranın fəaliyyətinə böyük əhəmiyyət
veririk, hesab edirik ki, o çox səmərəli, gərəklidir,
üzv ölkələr arasında əməkdaşlığın,
habelə ölkələrimizdə təhlükəsizlik
sisteminin möhkəmlənməsinə kömək edir.
Azərbaycan Şuranın üzvləri ilə
həm ikitərəfli, həm də çoxtərəfli
formatda fəal əməkdaşlıq edir. Biz öz regionumuzda və keçmiş SSRİ məkanında
təhlükəsizliyin möhkəmləndirilməsi işinə
öz töhfəmizi verməyə
çalışırıq.
Bu gün dünyada mövcud vəziyyət
hamımıza yaxşı məlumdur. Təəssüf
ki, təhlükələr get-gedə artır. Mövcud ənənəvi təhdidlərlə
yanaşı, yeni gərginlik ocaqları, münaqişələr,
praktiki olaraq bütün qitələri əhatə etmiş
terror xarakterli təhdidlər yaranır. Mən
yüksək beynəlxalq tribunalardan da dəfələrlə
demişəm və həyat da bunu təsdiq edir, bu cür
düşünən təkcə mən deyiləm ki,
heç bir ölkənin təhlükəsizliyini təkbaşına
təmin etmək mümkün deyil. Əməkdaşlıq,
qarşılıqlı fəaliyyət olmadan, terrorizmə,
radikalizmə, ekstremizmə qarşı mübarizədə səyləri
birləşdirmədən təhlükəsizliyi təmin etmək
çox çətindir. Həmçinin
düşünürəm ki, artıq indi dünyada bu cür
tezisləri dəstəkləyənlər getdikcə
çoxalır ki, terrorçuların yaxşısı olmur,
terrorçuları sənin ölkənə qarşı və
ya sənin rəqibin, yaxud düşmənin olan ölkəyə
qarşı çıxış edənlərə bölmək
olmaz. Terrorizmə qarşı mübarizə
qlobal xarakter daşımalıdır. Bu gün təəssüf
ki, həm bizim regionda, həm MDB məkanında, həm
dünyada, həm Avropada müşahidə etdiyimiz hadisələr
belə bir tezisi təsdiq edir ki, təhdidlərin
qarşısını almaq üçün bütün
ölkələrin xüsusi xidmətləri arasında səylərin
birləşdirilməsi, informasiya mübadiləsi, səmimi əməkdaşlıq
zəruridir.
Sizin başçılıq etdiyiniz orqanların fəaliyyəti
spesifikdir. O,
cəmiyyətin üzvlərinin böyük əksəriyyətinin
gözünə görünmür. Sizin fəaliyyətinizi
mövcud şəraitdə qiymətləndirmək
lazımdır. Əgər hər yerdə
sakitlikdirsə, təhlükə yoxdursa, deməli, təhlükəsizlik
orqanları yaxşı işləyir. Sizin
peşə uğurlarınız çox vaxt ictimai diqqətdən
kənarda qalır. Çünki sizin fəaliyyətiniz
spesifikdir. Son illərdə ölkələrimizin
təhlükəsizlik orqanlarının qazandığı
uğurlar bəzən məlum olmur. Lakin vətəndaşlar
bir şeyi bilirlər ki, təhlükəsizlik orqanları
öz işini hər gün yerinə yetirir, istirahət
günləri olmadan qanunun və təhlükəsizliyin
keşiyində dayanırlar. Buna görə də əlbəttə
ki, bir daha demək istəyirəm, artıq böyük tarixə
malik olan Şura, – sabah Şuranın 41-ci
iclası olacaq, siz dəfələrlə
görüşmüsünüz, - özünün səmərəliliyini
artıq sübut edib. Xüsusən indiki şəraitdə,
səylərin daha artıq birləşdirilməsi, fəaliyyətin
əlaqələndirilməsi və əlbəttə,
vaxtında informasiya mübadiləsinin zəruri olduğu
şəraitdə bu, çox vacibdir. Potensial
təhdidlər barədə informasiya mübadiləsinə gəldikdə
isə burada söhbət nəinki günlərdən, hətta
saatlardan gedir.
Buna görə də biz çalışırıq və
bundan sonra da çalışacağıq ki, tərəfdaş
ölkələrlə qarşılıqlı fəaliyyəti
gücləndirək. Biz hamımız mürəkkəb
regionda yaşayırıq, dünya dəyişir, təhlükələr
artır. Terrorçu təşkilatlar
olduqca təhlükəli silah növlərinə,
texnologiyalara yol tapırlar və bütün bunlar, əlbəttə
ki, böyük təhlükə doğurur. Yaxın Şərqdə praktiki olaraq nəzarətdən
çıxmış hadisələr, Avropa paytaxtlarında,
Yer kürəsinin digər regionlarında terror
hücumları, gərginliyin artması – bütün bunlar
günümüzün reallıqlarıdır. Biz real aləmdə yaşayırıq və təhlükələrə
adekvat reaksiya verməli, onları qabaqlamalıyıq. Buna görə də hər bir ölkə, əlbəttə
ki, xüsusi xidmətlərin fəaliyyətindən
ötrü zəruri şərait yaratmaq üçün
öz potensialından maksimum istifadə etməyə
çalışır. Biz Azərbaycanda
bu sahəyə çox böyük diqqət yetiririk. Bizim xüsusi xidmətlərimiz müasir texnika ilə,
avadanlıqla təchiz olunub, onların peşəkarlığı
və səmərəliliyi artır. Əlbəttə,
öz tərəfimizdən biz həmişə tərəfdaş
ölkələrlə sıx əlaqədə işləyəcəyik.
Bu ölkələrlə bizi vahid dövlətin
tərkibində birgə yaşadığımız uzun
tarixi dövr birləşdirir və son 25 ildə artıq
müstəqil ölkələr kimi öz münasibətlərimizi
tarixi dostluq və qarşılıqlı dəstək ənənələri
əsasında qururuq. Buna görə bir
daha demək istəyirəm, biz sabahkı iclasa xüsusi əhəmiyyət
veririk. Mən şadam ki, həmin iclas
bizim ölkəmizdə keçiriləcək. Azərbaycan müstəqillik illərində, son illərdə
istənilən təhdidlərə davam gətirmək qabiliyyətini
dəfələrlə sübut edib.
Toxunmaq istədiyim daha bir mühüm mövzu barədə
mən bu yaxınlarda MDB dövlət
başçıları şurasının Bişkekdə
keçirilmiş Sammitində də danışmışam. Mən
çıxışımda terrorizmə qarşı
mübarizədə səylərin birləşdirilməsi məsələsinə
də toxunmuşdum və bildirmişdim ki, MDB ölkələrini
birləşdirən təkcə ümumi tarix deyil, həm də
əməkdaşlığı möhkəmlətmək zərurətini
hamının başa düşməsidir. Mənim fikrimcə, bu gün MDB ölkələri
müxtəlif tarixə, mədəniyyətə, ənənələrə,
dinlərə mənsub olan xalqların
qarşılıqlı fəaliyyətinə dair çox
mühüm təcrübəni bölüşə bilər.
Bu, bizim böyük sərvətimizdir. Əvvəlki illərdə biz belə məsələləri
bəlkə də bu dərəcədə kəskin qəbul
etmirdik. Bizə elə gəlirdi ki, bu elə
belə də olmalıdır. Doğrudan
da belə olmalıdır. Lakin heç də
hər yerdə belə deyil. Təəssüf
ki, son vaxtlar konfessiyalararası, etnoslararası zəmində gərginlik
artır, qarşıdurmalar çoxalır. Bu, bütün dünya və bizim ölkələr
üçün böyük təhlükədir. Ölkələrimizin hamısı çoxmillətli
və çoxkonfessiyalı ölkələrdir. Bizim ölkələrin hamısında sülh və
bizim ərazidə yaşayan bütün xalqlar arasında qarşılıqlı
anlaşma var. Hesab edirəm ki, bu, xalqlarımızın və
əlbəttə, bu istiqamətdə düzgün siyasət
yürüdən rəhbərliyin çox böyük xidmətidir.
Biz öz nümunəmizlə həm siyasi sahədə,
həm də iqtisadi, sosial, mədəni sahələrdə, təhlükəsizlik
sahəsində əməkdaşlıq nümayiş etdiririk.
Biz göstəririk ki, bəzi dairələrin
buna necə yanaşmalarından asılı olmayaraq
multikulturalizm prinsipləri yaşayır və qalib gəlir.
Deməliyəm
ki, bu il Azərbaycanda “Multikulturalizm ili”
elan edilib. Biz BMT-nin Sivilizasiyalar Alyansının
Qlobal Forumunu keçirmişik, iki gündən sonra V Beynəlxalq
Bakı Humanitar Forumu keçiriləcək. Əvvəlki illərdə biz dinlərarası
dialoqla bağlı çoxlu tədbirlər
keçirmişik və bu gün bizim
topladığımız təcrübə çox ölkələr
üçün böyük maraq doğurur. Eyni sözləri sizin təmsil etdiyiniz ölkələr
barədə də deyə bilərəm. Çünki
mən təbii ki, bizim regionda, postsovet məkanında və
bütövlükdə dünyada baş verən hadisələri
izləyirəm və müsbət dinamika müşahidə
edirəm.
Beləliklə, bütün bu məsələlər
qarşılıqlı əlaqəlidir. Təhsilin səviyyəsi
ilə bağlı məsələlər təhlükəsizliklə
birbaşa bağlıdır. Çünki
beyinlərin “yuyulması”, radikal ideologiya o yerdə
özünə zəmin tapır ki, orada təhsilə
lazımınca əhəmiyyət verilmir. Bizə sovet keçmişindən miras qalmış
üstünlüklərdən biri məhz təhsil və
savaddır. Bizim ölkələrimizdə
savadlılıq mütləq həddədir. Biz bu nailiyyəti qoruyub saxlayırıq və
saxlamalıyıq. Ölkələrimizin vətəndaşları
arasında, xüsusən gənclər arasında müxtəlif
səviyyələrdə mövcud olan əlaqələr də
təhlükəsizliyin möhkəmləndirilməsi
işində mühüm amildir. Ona görə
ki, gənclər bir-birini tanıyacaq, bir-birinə qonaq gedəcək,
ünsiyyət saxlayacaq, dostluq edəcək. Əlbəttə
ki, bir-birini dost və tərəfdaş kimi qəbul edəcəklər.
Odur ki, təhlükəsizlik orqanlarının
fəaliyyəti dövlətin siyasətindən ayrı
mümkün deyil. Biz Azərbaycanda məhz
əməkdaşlığın, qarşılıqlı
anlaşmanın möhkəmlənməsinə,
qarşılıqlı həmrəyliyə,
çoxkonfessiyalı dünyaya yönəlmiş
ardıcıl siyasət yürüdürük və
çoxmillətli dövlət olaraq öz ölkəmizin
bütün vətəndaşları ilə fəxr edirik.
Düşünürəm ki, bu, təhlükəsizliyin
möhkəmləndirilməsi, iqtisadi, sosial məsələlərin
həlli və ölkənin inkişafı baxımından Azərbaycanın
uğurlu inkişafının başlıca təməlidir.
Buna
görə də sabah sizi böyük
iş gözləyir. Bununla bağlı bəzi
mülahizələrimi sizə çatdırmaq, sizə
uğurlar arzulamaq və təşəkkür etmək istəyirdim.
Siz mühüm məsələlərin
müzakirəsi üçün Bakıya gəlmisiniz.
Güman edirəm ki, Azərbaycanın reallıqları ilə
bir daha tanış olmaq, sabahkı
günü həm işdə keçirmək, həm də
yaxşı istirahət etmək imkanınız olacaq. Bir daha xoş gəlmisiniz.
X X X
İclasın
Bakıda keçirilməsinə yaradılan imkana görə
Prezident İlham Əliyevə minnətdarlığını
bildirən MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik
və xüsusi xidmət orqanları rəhbərləri
Şurasının sədri, Rusiya Federasiyası Federal Təhlükəsizlik
Xidmətinin direktoru Aleksandr BORTNİKOV dedi:
-Biz
artıq birinci dəfə deyil ki, bu tədbiri dost Azərbaycanın
ərazisində keçiririk. Bizi həmişə
çox qonaqpərvərliklə, mehribanlıqla qəbul edirlər.
Demək istəyirəm ki, hər dəfə Azərbaycana
gələndə sözün yaxşı mənasında
burada baş verənlərə heyrətlənməyə
bilmirik. Azərbaycan inkişaf edir,
böyüyür. Bu, dostlar, yoldaşlar
kimi həm gözümüzü oxşayır, həm də
qəlbimizi sevindirir.
A.Bortnikov Azərbaycan Konstitusiyasına dəyişikliklər
və əlavələr edilməsi ilə bağlı
referendumun uğurla keçirilməsi münasibətilə
dövlətimizin başçısını təbrik edərək
ümumxalq səsverməsinin qələbə ilə başa
çatmasını qeyd etdi. Şuranın sədri
vurğuladı: “Hesab edirəm ki, bu, həqiqətən belədir.
Həm Sizə, həm də Azərbaycan xalqına uğurlar
və firavanlıq arzu etmək istəyirəm. Bu,
çox vacibdir. Hesab edirəm ki, vətəndaşlar
öz iradəsini bu şəkildə ifadə etməklə
ölkə rəhbərliyini dəstəkləyir və gələcəyə
yol seçir”.
A.Bortnikov Birlik ölkələrinin sərhədləri ətrafında yaranmış mürəkkəb vəziyyətə toxunaraq xüsusi qeyd etdi ki, təhlükələr ilk növbədə terrorizmlə bağlıdır. O bildirib ki, dünya birliyinin səylərinə baxmayaraq vəziyyət dəyişmir və mürəkkəb olaraq qalmaqda davam edir. Şuranın sədri qabaqlayıcı iş aparmağın, informasiya mübadiləsinin, təhdidlərə vaxtında reaksiya verilməsinin zəruriliyini vurğulayaraq bildirdi ki, sabahkı iclasda müzakirə ediləcək əsas problem bizim ölkələrə qarşı kənardan yaranan təhlükələrin qiymətləndirilməsi və onlara qarşı mübarizə tədbirlərinin işlənib hazırlanması olacaq. O deyib:
-Siz son zamanlar bu və ya digər şəkildə dünyada özünü qabarıq büruzə verən və bütövlükdə vəziyyətə təsir göstərən konfessiyalararası münasibətlərdən danışdınız. Düşmənlərimiz bundan fəal istifadə edirlər. Buna görə də biz baş verən prosesləri fəal izləməyə diqqət yetirəcəyik, çünki özlüyündə konfessiyalararası münasibətlərin xarakteri son nəticədə cəmiyyətdə vəziyyətin sağlamlaşmasına təsir göstərir.
A.Bortnikov radikalizmə, mütəşəkkil cinayətkarlığa, ekstremizmə qarşı mübarizənin də vacibliyini qeyd edərək vurğuladı ki, MDB-nin üzvü olan ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanlarının əməkdaşlığı təhdidlərə qarşı səmərəli mübarizə aparmağa və konkret həllər hazırlamağa kömək edir. O dedi:
-Güman edirəm ki, Təhlükəsizlik Orqanları Rəhbərləri Şurasında yaranmış və mövcud münasibətlərin xarakteri bizim sələflərimiz tərəfindən əsası qoyulmuş ənənələri dəstəkləməyə kömək edir, toplanmış təcrübəni reallaşdırmağa, xüsusi xidmətlərdən hər birinin malik olduğu bilik və vərdişləri təkmilləşdirməyə çalışmaq imkanı verir.
A.Bortnikov vurğuladı ki, MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları Birlik məkanında sülh və əmin-amanlıq üçün ümumi səylər göstərəcək, bir-birini hərtərəfli dəstəkləyəcəklər. O, ümidvar olduğunu diqqətə çatdırdı ki, Bakıda keçirilən iclas perspektivdə fəaliyyət istiqamətlərinin müəyyən edilməsi baxımından faydalı və səmərəli olacaq.
X X X
Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan.-2016.- 28 sentyabr.- S.9.