İndi Mərəzə o Mərəzə deyil...

 

Yeni infrastruktur layihələri bu yerlərin simasını yaxşı mənada dəyişib

 

Mərəzə qəsəbəsinin yeni yaranan Qobustan rayonunun mərkəzinə çevrilməsinə qərar veriləndə heç kəs qısa bir zamanda burada böyük uğurlara imza atılacağına inanmır, verilən proqnozlara da şübhə ilə yanaşırdı. Lakin burada az vaxt ərzində yaxşı mənada böyük dəyişikliklər oldu.

Xüsusilə, son 5 ildə Qobustanda həyata keçirilən layihələr rayonun simasını köklü şəkildə dəyişib. Rayonda gedən sosial-iqtisadi inkişaf, yolların çəkilməsi, təbii qaz, elektrik enerjisi və içməli su təminatının yaxşılaşdırılması, yaşıllıqların salınması rayonun demoqrafik göstəricilərinə də müsbət təsir edib. Rayondan köçüb gedənlərin sayı kəskin şəkildə aşağı düşüb, gələnlərin sayında isə artım müşahidə olunub. 

Hazırda şəhərdə təbii qazla təmin olunmayan 50-yə yaxın evin və Şıxzahırlı kəndinin qazlaşdırılması məsələsi qarşıda duran ən mühüm vəzifələrdəndir. Bundan sonra rayonun təbii qazla təminatı 100 faizə çatacaq.

Burada elektrik enerjisi təchizatına da xüsusi diqqət yetirilir. Rayon üzrə 120-yə yaxın yararsız dayaq metal dayaqlarla əvəz edilib və 20 kilometrdən artıq naqil dəyişdirilib. Qobustan şəhəri, Ərəbşalbaş, Təklə, Poladlı kəndlərində SİP naqillər üçün dayaq basdırılıb. SİP kabellərin çəkilməsi, elektron tipli sayğacların quraşdırılması da görülən işlərə daxildir. Rayon üzrə alınan elektrik enerjisinin təxminən 18 faizi Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzində istehsal olunur.

“Rayonda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır” - deyən Qobustan Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Məzahir Əliyev dedi ki, hazırda 15 min sakini olan 6 yaşayış məntəqəsini birləşdirən 17 kilometrdən artıq Təklə-Sündü-Xilmilli yolunda son tamamlama işləri aparılır.  Daxili imkanlar hesabına Nabur kəndində 12 kilometrdən artıq yol çınqıl və qara örtüklü əsasla düzəldilib. Cəyirli kəndində isə bir kilometrə yaxın  qara örtüklü yol çəkilib.

Hazırda rayon əhalisinin 69 faizi asfalt yollardan istifadə edir. Bununla belə, qeyd etmək lazımdır ki, keçən ilin may ayından “Azərsu” ASC tərəfindən rayonun su və kanalizasiya xətlərinin çəkilməsinə başlanıb. Bu da heç şübhəsiz ki rayonun yol infrastrukturunun dağılmasına təsirsiz ötüşə bilməzdi. Artıq həmin işlər yekunlaşıb və şəhərdaxili yolların asfaltlaşma işlərinə başlanılıb. Əsas işlər əvvəllər Nərimankənd adlanan, hazırda isə şəhər ərazisinə daxil olan sahədə aparılır. İcraçılar qrafik üzrə nəzərdə tutulan tədbirləri vaxtında başa çatdırmağa çalışırlar.

Rayon ərazisində “Polad” Yol Yapı Şirkəti tərəfindən Bakı-Şamaxı yolunun 4 zolağa genişləndirilməsi istiqamətində də mühüm işlər görülür. Yolun Qobustan şəhərinədək olan hissəsində işlər demək olar ki, başa çatmaq üzrədir.  Prezident İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi, bu möhtəşəm layihənin reallaşdırılması Qobustan və Bakı şəhərini zaman baxımından daha da yaxınlaşdıracaq. Paralel olaraq rayonun iqtisadi, sosial və mədəni inkişafına öz töhfəsini verəcək.

Rayonda digər istiqamətlər üzrə aparılan tikinti-quruculuq və abadlıq işlərindən danışan M.Əliyev vurğuladı ki, dövlət başçısının sərəncamı ilə tikintisinə başlanmış rayon mərkəzi xəstəxanasında da işlər davam etdirilir. Qobustan şəhərində Heydər  Əliyev Fondunun hesabına tikilən 100 yerlik uşaq bağçası-körpələr evində son tamamlama işləri aparılır. Həmçinin cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslər üçün tikilmiş 50 yerlik adaptasiya mərkəzinin yaxın aylarda istifadəyə verilməsi gözlənilir.

Qobustan şəhərində bir Qarabağ müharibəsi əlili və bir şəhid ailəsi üçün, Sündü kəndində isə bir Qarabağ müharibəsi əlilinə fərdi yaşayış evlərinin tikintisi aparılıb. 1-ci qrup hərbi xidmət əlili Tural Zahidovun evinin təmirinə kömək göstərilib.

Prezident İlham Əliyevin çoxmənzilli binaların təmiri üçün ayırdığı vəsait hesabına işlər də davam etdirilir. Artıq bir çoxmənzilli binanın fasadı, 5 binanın dam örtüyü tamamilə dəyişdirilib. Təmir işləri hələ sona çatmayıb. Şəhərdəki 3 saylı məktəbin də sökülərək tamamilə yenidən tikilməsi nəzərdə tutulur.

Necə deyərlər, görünən dağa nə bələdçi?! Qobustanda görülən işlər sakinlərin gözü qabağındadır, qonaqlar da yenilikləri dərhal hiss edirlər. 

 

Əli SƏLİMOV

 

Azərbaycan.- 2016.- 25 sentyabr.- S.4.