Azərbaycan Heydər Əliyev Fondunun
dəstəyi ilə
Parisdə “Beynəlxalq Qastronomiya
şəhərciyi”ndə
təmsil olunur
Parisdə, Sena çayının
sahilində 5 qitədən 38 ölkənin iştirakı ilə
“Beynəlxalq Qastronomiya şəhərciyi” keçirilir. Heydər
Əliyev Fondunun dəstəyi ilə Azərbaycan “Beynəlxalq
Qastronomiya şəhərciyi”ndə təmsil olunur. Şəhərcikdə
Azərbaycan milli mətbəxinin nümunələri, müxtəlif
növ şirniyyatlar ölkəmizin mədəniyyətini bir
daha təbliğ edir.
Qastronomiya
şəhərciyində təmsil olunan hər bir ölkə
milli adət-ənənələrinə uyğun bəzədilmiş
məkanda musiqi və milli rəqslərlə müşayiət
olunan mühit yaradaraq milli mətbəx nümunələrini
təqdim edir.
Şəhərciyin
açılışında Paris şəhər merinin və
7-ci rayon merinin birinci müavinləri, eləcə də
iştirakçı ölkələrin səfirləri
iştirak ediblər. Artıq 6-cı ildir təşkil olunan
“Beynəlxalq Qastronomiya şəhərciyi” haqqında ətraflı
məlumat verilib.
Bildirilib
ki, “Beynəlxalq Qastronomiya şəhərciyi” bütün
ölkələr arasında mədəni, iqtisadi və turizm
sahələrində mübadilə üçün geniş
imkan yaradır. Hər bir ölkənin öz milli mətbəx
nümunələrini - xörəkləri,
şirniyyatları, ədviyyat və müxtəlif təamlarını
hazırlayıb təqdim etmək, zəngin mədəni
irsini layiqincə təbliğ etmək imkanı olur.
Tədbirdə
xörəklərin və içkilərin dequstasiyası və
satışı ilə yanaşı, süfrə mədəniyyəti,
milli sənətkarlıq nümunələri, geyim və bəzək
əşyaları nümayiş olunur və musiqilər səsləndirilir.
Sentyabrın
25-dək davam edəcək şəhərcikdə müxtəlif
ölkələrdən gələn məşhur aşpazlar
ustad dərsləri təşkil edəcək, ləziz təamların
hazırlanması qaydaları nümayiş olunacaq.
Azərbaycan.- 2016.- 25 sentyabr.- S.6.