Azərbaycan-Bolqarıstan
ikitərəfli əlaqələri uğurla
inkişaf edir
Marqarita Popova: “Beynəlxalq aləmdə
mövcud olan gərginlik fonunda belə tədbirin keçirilməsi
əhəmiyyətlidir”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Bolqarıstanın vitse-prezidenti Marqarita Popovanı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan-Bolqarıstan ikitərəfli əlaqələrinin uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın dostluq münasibətlərinə əsaslandığını bildirdi. Bolqarıstanın vitse-prezidenti Marqarita Popovanın ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin müzakirəsi üçün yaxşı imkan yaratdığını qeyd edən Prezident İlham Əliyev qonağın V Bakı Beynəlxalq Humanitar Forumunun işində iştirakının önəmini vurğuladı. İki ölkə arasında humanitar sahədə əməkdaşlığın da uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı bu yaxınlarda Bolqarıstanın Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə mühüm bir tədbirin keçirildiyini qeyd edərək Bolqarıstan hökuməti, Baş naziri və digər rəsmi şəxslər tərəfindən göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev bu tədbirin ölkələrimiz arasında mövcud olan sıx əlaqələrin göstəricisi olduğunu və yaxın tərəfdaşlığı davam etdirmək niyyətini nümayiş etdirdiyini vurğuladı.
Bolqarıstanın vitse-prezidenti Marqarita Popova Prezident İlham Əliyevin rəhbərliyi və Azərbaycan
hökumətinin təşkilatçılığı ilə
keçirilən V Bakı Beynəlxalq Humanitar
Forumuna dəvətə görə minnətdarlığını
ifadə edərək səfərinin uğurlu
keçəcəyinə ümidvar olduğunu bildirdi. Qonaq indiki dövrdə beynəlxalq aləmdə mövcud olan gərginlik fonunda Azərbaycanda belə bir
tədbirin keçirilməsinin əhəmiyyətini qeyd etdi. Ölkəmizin
artıq bir neçə ildir
ki, təşkil etdiyi
Ümumdünya Mədəniyyətlərarası
Forum, Humanitar Forum kimi beynəlxalq tədbirlərin
böyük önəm
daşıdığını deyən Bolqarıstanın vitse-prezidenti bu tədbirlərin
getdikcə daha çox
siyasi əhəmiyyət qazandığını
vurğuladı.
Azərbaycan.-2016.- 29 sentyabr.- S.1.