Ölkələrimiz
bütün məsələlərdə
bir-birinə dəstək verir
Şukurcon Zuxurov: “Xalqlarımız
arasında münasibətlərin möhkəmləndirilməsi
işinə verdiyi töhfəyə görə şəxsən
Prezident İlham Əliyevə minnətdarıq “
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
28-də Tacikistan Respublikası Ali Məclisinin nümayəndələr
palatasının sədri Şukurcon Zuxurovun
başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib.
AZƏRTAC
xəbər verir ki, dövlətimizin başçısı
Tacikistan Respublikası Ali Məclisinin nümayəndələr
palatasının sədri Şukurcon Zuxurovun böyük
nümayəndə heyəti ilə ölkəmizə səfərinin
uğurlu olacağına və uzun illər davam edən əlaqələrimizin
gələcəkdə də inkişaf edəcəyinə əminliyini
bildirdi. Prezident İlham Əliyev bu yaxınlarda Bişkekdə
Tacikistan Prezidenti Emoməli Rəhmonla
görüşünü və bir sıra məsələlərlə
bağlı fikir mübadiləsi apardıqlarını məmnunluqla
xatırladı. Azərbaycan ilə Tacikistan arasında ikitərəfli
əlaqələrin çox yaxşı dostluq və
qardaşlıq münasibətlərinə əsaslandığını
bildirən dövlətimizin başçısı ölkələrimizin
bütün məsələlərdə bir-birinə dəstək
verdiklərini vurğuladı. Azərbaycan ilə
Tacikistanın uğurla əməkdaşlıq etdiyini deyən
Prezident İlham Əliyev əlaqələrimizin möhkəmləndirilməsində
yüksək səviyyəli qarşılıqlı səfərlərin
önəmini qeyd etdi. İkitərəfli münasibətlərimizin
müxtəlif istiqamətlərdə, o cümlədən
parlamentlərarası əlaqələr sahəsində də
inkişaf etdiyini vurğulayan dövlətimizin
başçısı qarşılıqlı səfərlərin
əhəmiyyətini diqqətə çatdırdı.
Tacikistan
Respublikası Ali Məclisinin Nümayəndələr
Palatasının sədri Şukurcon Zuxurov Prezident Emoməli Rəhmonun
salamlarını dövlətimizin başçısına
çatdırdı. O, ümumi tarixi və mənəvi dəyərlərə
əsaslanan Tacikistan-Azərbaycan ikitərəfli əlaqələrinin,
əsrlər boyu dostluq və qardaşlıq telləri ilə
bir-birinə bağlı olan xalqlarımız arasında
münasibətlərin möhkəmləndirilməsi işinə
verdiyi töhfəyə görə şəxsən Prezident
İlham Əliyevə minnətdarlığını bildirdi.
Ölkəmizə həm də rəsmi səfərə gəldiyini
vurğulayan Şukurcon Zuxurov Azərbaycan Prezidentinin şəxsi
təşəbbüsü ilə reallaşan V Bakı Beynəlxalq
Humanitar Forumunda iştirakından məmnunluğunu ifadə
etdi.
Görüşdə
ölkələrimiz arasında ikitərəfli münasibətlərin
müxtəlif sahələrdə, o cümlədən iqtisadi
sahədə daha da genişləndirilməsi ilə
bağlı məsələlər ətrafında fikir
mübadiləsi aparıldı.
Dövlətimizin
başçısı Tacikistan Respublikasının Prezidenti
Emoməli Rəhmonun salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Tacikistanın dövlət
başçısına çatdırmağı xahiş
etdi.
Azərbaycan.-2016.- 29 sentyabr.- S.1.