Etimad referendumu

Xalq Prezidentin və onun siyasi kursunun alternativsizliyini növbəti dəfə bəyan etdi

 

Azərbaycan dövləti və xalqı demokratiya yolu ilə inamla irəlilədiyini bu günlərdə başa çatan ümumxalq səsverməsi ilə bir daha bütün dünyaya nümayiş etdirdi. Konstitusiyaya təklif olunan dəyişikliklərlə bağlı keçirilən bu referendum bütün parametrləri ilə Azərbaycanın tarixinə növbəti demokratik, şəffaf, ədalətli və azad siyasi hadisə kimi düşdü.

Azərbaycan xalqı özünün tarixi və ən doğru addımını ataraq Prezidentinonun siyasi kursunun alternativsizliyini növbəti dəfə bəyan etdi.

Referendum Azərbaycan Respublikasının seçki qanunvericiliyinə və beynəlxalq standartlara uyğun hazırlanaraq keçirildi. Uğurla başa çatan səsvermənin yekunları beynəlxalq siyasi dairələr tərəfindən müsbət dəyərləndirildi. Ayrı-ayrı xarici təşkilatları və müxtəlif dövlətləri təmsil edən beynəlxalq və yerli müşahidəçilər verdikləri açıqlamalarda referendumöncəsi dövrdə heç bir qanun pozuntusunun olmadığını, təşviqat qrupları üçün bütün imkanların yaradıldığını, o cümlədən səsvermənin şəffaf və seçicilərin yüksək fəallığı şəraitində keçdiyini, bir sözlə, Azərbaycanın demokratiya yolu ilə inkişaf etməsinin şahidi olduqlarını birmənalı şəkildə bəyan etdilər. “Exit-poll”ların nəticələri isə ilkin rəsmi nəticələrlə üst-üstə düşdü. Referendumu izləmək üçün ölkəmizdə akkreditə olunan xarici kütləvi-informasiya vasitələri də ümumxalq səsverməsinə geniş yer ayırmaqla onun azad və ədalətli keçirildiyini bütün dünyaya yaydılar. Televiziya kanallarında, qəzetlərdə və xəbər saytlarında verilən materiallarda referendum yüksək qiymətləndirildi.

Xaricdən idarə olunan “5-ci kolon” faktları təhrif etməklə seçkilərin guya saxtalaşdırıldığı barədə ictimai rəy formalaşdırmağa cəhd göstərsə də, heç bir əsası olmayan qərəzli xəbərlər, dezinformasiya yaysa da, onun iddiaları bütün müşahidə missiyalarının bəyanatları fonunda ifşa olundu. Bu mənada ümumxalq səsverməsinin uğurla baş tutması ölkəmizdə demokratik ənənələrin daha da möhkəmlənməsi baxımından əlamətdardır.

Təklif edilən Referendum Aktına əsasən Azərbaycan Konstitusiyasının 23 maddəsində dəyişiklik edildi, eyni zamanda, 6 maddə əlavə olundu. Bu dəyişiklik və əlavələr əsasən insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi, siyasi idarəçilik təsisatlarının fəaliyyətinin artırılması kimi məsələləri əhatə edirdi. Xüsusilə qeyd etməliyik ki, 23 dəyişikliyin 16-sı, yəni, dörddən üçü insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi ilə əlaqədardır. Elə bu faktın özü Konstitusiya islahatlarının mahiyyətini dəqiq ifadə edir.

Referendumun nəticələri - seçicilərin 70 faizinin səsvermədə iştirakı və mütləq əksəriyyətin əlavə və dəyişikliklərə müsbət münasibət bildirməsi bir daha Prezident İlham Əliyevə cəmiyyətimizdə olan böyük inamın təsdiqi oldu.

Başqa cür ifadə etsək, Konstitusiya islahatı təşəbbüsünə ölkə vətəndaşlarının “hə” cavabı növbəti dəfə İlham Əliyevə ümumxalq dəstəyinin nümayişinə çevrildi. Onu görə bu, xalqımızın öz Prezidentinə və iqtidarına etimadını bir daha müəyyənləşdirən tarixi səsvermə idi.

Sentyabrın 27-də Sumqayıt şəhərində Heydər Əliyev Mərkəzinin yeni binasının açılışı zamanı çıxışında bu mövzuya toxunan Prezident İlham Əliyev referendumun həyata keçirilən siyasətə xalqın etimadının göstəricisi olduğunu bildirib: “Referendum bir daha bizim siyasətimizə xalq tərəfindən böyük etimadın göstəricisidir. Bu etimad bizə güc verir. Bu etimad olmasaydı, ölkəmizin milli maraqlarını beynəlxalq müstəvidə müdafiə etmək çətin olardı. Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bizim siyasətimizin təməlində Azərbaycan xalqının maraqları, milli dəyərlər durur. Bu gün istənilən beynəlxalq forumda Azərbaycan öz sözünü deyir, öz yolu ilə gedir, müstəqillik, ləyaqət yolu ilə gedir, heç kimin qarşısında gözükölgəli deyil, heç kimin diktəsi ilə oturub-duran deyil. Bu siyasət xalq tərəfindən dəstəklənir, bəyənilir və beynəlxalq aləmdə bizə çox böyük şöhrət qazandırıb. Dünən keçirilən referendum ölkəmizin gələcək inkişafını müəyyən edir. Azərbaycan xalqının mütləq əksəriyyəti referenduma birmənalı şəkildə “hə” deyib, bizim təkliflərimizi dəstəkləyib, bəyənib. Buna görə mən bir daha bütün Azərbaycan xalqına dərin minnətdarlığımı bildirmək istəyirəm”.

Bəli, bu referendum 2016-cı ilin əvvəlindən islahatlar kursunu bəyan edən və gələcəyə daha çevik, modern, səmərəli idarəçilik modeli ilə addımlayan Prezident İlham Əliyevin siyasətinin xalq tərəfindən dəstəkləndiyini təsdiq edən ümummilli rəy sorğusu idi. Azərbaycan hazırkı dövrün reallıqlarından irəli gələrək yeni iqtisadi islahatlar həyata keçirir. Ölkə rəhbərliyinin siyasi kursu xalqa daha effektiv xidmət göstərilməsinə, ölkəmizin milli maraqlarının ən yüksək səviyyədə təmin olunmasına hədəflənib. Konstitusiyaya edilən dəyişikliklər isə Prezident

İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən iqtisadisiyasi islahatların hüquqi bazasının etibarlı mexanizminin yaradılması məqsədi daşıyır. Bu mənada referendumun nəticələri Azərbaycan xalqının və dövlətinin gələcək inkişafı baxımından olduqca əhəmiyyətlidir. Çünki ümumxalq səsverməsi ilə Konstitusiyaya edilən əlavə və dəyişikliklər nəticə etibarilə dövlət idarəçiliyinin daha da təkmilləşməsinə, yeni modelə əsaslanan inzibati institutların formalaşmasına, sosial-iqtisadi inkişafın davamlılığına, insan hüquq və azadlıqlarının daha etibarlı təminatına mühüm töhfə olacaq. Elə bu səbəbdən də referendumun nəticələri bütövlükdə Azərbaycan cəmiyyətinin daha sürətli inkişafında yeni mühüm mərhələ açır.

Beləliklə, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Konstitusiyasına dəyişikliklərlə əlaqədar sentyabrın 26-da keçirilən referendum yüksək səviyyədə baş tutdu. Azərbaycan vətəndaşları referenduma kifayət qədər ciddi və məsuliyyətlə yanaşdılar, Konstitusiyaya təklif olunan dəyişikliklərə biganə qalmadıqlarını göstərərək demokratik şəkildə öz fikirlərini ifadə etdilər. Konstitusiyaya dəyişikliklərlə əlaqədar referendumun nəticələri Azərbaycan xalqının öz Prezidentinə etimadının göstəricisi olmaqla yanaşı, həm də ölkəmizdə demokratiyanın təntənəsi kimi tarixə düşdü.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2016.- 29 sentyabr.- S.1-3.