ABŞ Azərbaycanda
keçirilən referendumun nəticələrini
tanıyır
Antiazərbaycançı
şəbəkəyə ən layiqli cavabı beynəlxalq
müşahidəçilər verdi
Sentyabrın 26-da Azərbaycan xalqı ölkə tarixinin növbəti uğur səhifəsinə səs verdi. Ölkəmizdə yüksək seçici fəallığı şəraitində artıq üçüncü referendum keçirildi. Seçkilərlə yanaşı, referendum əhalinin iradəsini ortaya qoymaq imkanı verən ən möhtəşəm demokratiya vasitəsidir. Əhalinin səsvermədə nümayiş etdirdiyi fəallıq bu mənada mühüm əhəmiyyət kəsb edir və xüsusi qeyd edilməyə layiqdir. Respublikamızın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayan referendum beynəlxalq seçki qanunvericiliyinə uyğun şəkildə uğurla başa çatdı və xalq azad, şəffaf, demokratik şəraitdə iradəsini ortaya qoydu. Referendumun nəticələri vətəndaşların ölkə iqtidarına dərin inamını bir daha əyani şəkildə nümayiş etdirdi. Bu həm də Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi siyasətin ölkə vətəndaşları tərəfindən birmənalı dəstəkləndiyini təsdiqlədi.
5-ci kolonun məkrli niyyəti bu dəfə də baş tutmadı
Ölkə seçiciləri yüksək fəallıqla bu referendumda iştirak edərək Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərə müsbət münasibət bildirdilər. Konstitusiya islahatları cəmiyyətin sosial sifarişi olaraq ciddi bir zərurət kimi meydana çıxmışdı. Həyata keçirilən demokratikləşmə strategiyasında xalq-hakimiyyət birliyi əsas aparıcı qüvvə olmaqla vətəndaş cəmiyyəti quruculuğu prosesinə daim öz müsbət töhfəsini verir. Belə ki, demokratik prinsiplərə sadiqliyi ilə diqqət çəkən Azərbaycanda bu istiqamətdə həyata keçirilən islahatların uğurlu nəticələri artıq göz qabağındadır.
Ancaq bu uğurları həzm edə bilməyən qüvvələr yenə də məkrli planlarını həyata keçirmək üçün müxtəlif vasitələrlə ölkəmizə qarşı hücuma keçiblər. Referendumdan öncə başlanan bu çirkin kampaniya ümumxalq səsverməsindən sonra da davam edir. Bəllidir ki, bu, bütün zamanlarda bir mərkəzdən idarə olunan kampaniyanın tərkib hissəsidir. Azərbaycan istənilən beynəlxalq toplantı, seçkilər, əhəmiyyətli ictimai-siyasi hadisə ərəfəsində olarkən antiazərbaycançı şəbəkə həm xaricdən, həm də daxildən 5-ci kolonun əli ilə bu proseslərə kölgə salmağa can atır. Referendum ərəfəsində isə bir daha bəlli oldu ki, müxtəlif bəhanələrlə müstəqil ölkələrin daxili işlərinə müdaxilə edən, sabit cəmiyyətlərdə xaos yaratmağa can atan, hakimiyyət çevrilişləri ssenarilərini həyata keçirən qüvvələr yenə Azərbaycanı hədəf seçiblər. ABŞ-da və Qərbi Avropa ölkələrində erməni lobbisinin təsiri altında olan bəzi siyasi dairələr bu seçki kampaniyasına kölgə salmaq cəhdlərini bir qədər də artırdılar. Çünki yaxşı bilirdilər ki, konstitusiya islahatları Azərbaycan dövlətinin möhkəmlənməsinə, xalqın rifahının daha da yüksəlməsinə xidmət edir və ölkə əhalisi tərəfindən dəstəkləndikdən sonra yenilənmiş Əsas Qanun dövlətin həyata keçirdiyi müstəqil, praqmatik, rasional siyasətini daha da effektli edəcək.
Ermənipərəst Kris Smit yenə öz ampulasındadır
Son bir neçə həftə ərzində Avropa Şurasının Venesiya Komissiyasının qərəz dolu rəyi, BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forstun reallıqdan kənar, siyasi sifarişli hesabatı, daim ermənipərəst mövqedə olan Freedom House təşkilatının uydurma bəyanatı ölkəmizdəki ictimai-siyasi sabitliyə zərrə qədər də təsir edə bilmədi. Eləcə də bu cür qurumların buyruq quluna çevrilmiş qondarma milli şuranın, Əli Kərimlinin başçılıq etdiyi AXCP-nin boykot çağırışı ölkə ictimaiyyəti tərəfindən rədd edildi. Xaricdən idarə olunan 5-ci kolonun nümayəndələrinin faktları təhrif etməklə səsvermənin guya saxtalaşdırıldığı barədə ictimai rəy formalaşdırmağa cəhd göstərmələri, heç bir əsası olmayan qərəzli xəbərlər, dezinformasiya yaymaları sonda özlərinin ifşası ilə nəticələndi.
Bu hücumlar təbii ki, Azərbaycan hakimiyyətinin siyasi mövqeyinə, xalqın iradəsinə təsir göstərmək məqsədi daşıyan aşkar sifarişli kampaniya idi və o da bəlli idi ki, referendumdan sonra da onlar tərəfindən yenə iftiralar, yalan dolu hesabatlar hazırlanacaq. Çünki bütün hallarda onların mövqeyi dəyişməzdir, seçkilərin hansı formada keçirilməsindən asılı olmayaraq ağalarının tapşırıqlarını icra etməlidirlər.
Referendumdan iki gün sonra
eyni ssenarinin davamı başlandı. Freedom House təşkilatı ənənəsinə
sadiq qalaraq erməni lobbisinin sözünü təkrarladı.
ABŞ-ın Helsinki Komissiyasının həmsədri,
ermənipərəst Kris Smit
də öz ənənəsinə sadiqliyini
nümayiş etdirdi.
Yaydığı bəyanatda
Smit iddia etdi ki, guya
Azərbaycan hökuməti
bu mühüm dəyişiklikləri tələsik
səsverməyə çıxarmaqla
xalqını bu məsələlər barədə
azad debat aparmaq kimi təməl
haqqından uzaqlaşdırıb.
Bu şəxs guya bilmirmi ki,
Prezident İlham Əliyev ölkədə
konstitusiya islahatlarının
keçirilməsi ilə
bağlı nə zaman sərəncam imzalayıb? Əlbəttə
bilir və ona yaxşı məlumdur ki, ölkəmizdə iki ay Konstitusiyaya ediləcək
əlavə və dəyişikliklərlə bağlı
vətəndaşlara azad
debat aparmaq imkanı yaradılıb. Bu səbəbdən də Smitin gətirdiyi arqumentlər boş və mənasızdır. Bir müddət
öncə Azərbaycanda
demokratiya aktı adlı qanun layihəsi hazırlayan bu şəxsi artıq Azərbaycan xalqı yaxşı tanıyır. Hər kəs
bilir ki, onun məqsəd və amalı yalnız erməni lobbisinə canla-başla xidmət etməkdir.
Konqresmen ABŞ-ın
erməni soyqırımını tanımasının
ən aktiv tərəfdarlarındandır. Son
10 ildə Smit qondarma soyqırımın
tanınması ilə
bağlı onlarla bəyanat səsləndirib.
Ötən il
bu şəxs bununla bağlı beş bəyanat hazırlayıb. Elə bu səbəbdən
də Ermənistan mətbuatının manşetlərindən
düşmür. Bu cür çirkin oyunlarla məşğul olan şəxsdən Azərbaycanda keçirilən
ümumxalq səsverməsi
ilə bağlı müsbət fikir gözləmək, əlbəttə
ki, sadəlövhlük
olardı.
ABŞ Dövlət Departamenti milli şura və antiazərbaycançı
şəbəkəyə ağır
zərbə vurdu
Dünən həm ermənipərəst Kris Smitə, həm Freedom House təşkilatına, həm də milli şuraya referendumla bağlı layiqli cavab ABŞ Dövlət Departamentindən gəldi. Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner keçirdiyi brifinqdə bəyan etdi ki, ABŞ Azərbaycanda keçirilən referendumun nəticələrini tanıyır və dövlət başçısının səlahiyyət müddəti ilə bağlı məsələyə müdaxilə etmək fikrində deyil. Onun sözlərinə görə, ABŞ demokratiyanın möhkəmləndirilməsi məsələsində Azərbaycanla işin davam etdirilməsinə sadiqdir: Azərbaycandakı referendum təhlükəsizlik sahəsində hər hansı insident olmadan keçdi. Biz əvvəlki kimi, azərbaycanlılara daha güclü demokratiya qurmağa, ölkə daxilində dialoqun təşkili və siyasi şəffaflığa yardım etməyə sadiqik. M.Toner əlavə edib ki, ABŞ diqqətini demokratik proseslərin yaxşılaşdırılması üçün Azərbaycan xalqı və hökuməti ilə işləməyə cəmləyib.
Bu, antiazərbaycançı şəbəkəyə ən layiqli cavabdır. Eyni zamanda beynəlxalq müşahidəçilərin fikirləri də Azərbaycan əleyhinə çirkin kampaniya aparanlara tutarlı zərbələr vurdu. AŞPA, ASMA, MDB PA, TürkPA-nın müşahidə missiyaları, Böyük Britaniya, İtaliya, Türkiyə, Fransa, Avstraliya, Malta və digər dövlətlərin parlamentariləri, xarici ölkələrin ali seçki qurumlarının nümayəndə heyətləri və s. daxil olmaqla 18 beynəlxalq qurumdan 117 beynəlxalq müşahidəçi referendumun azad, demokratik və beynəlxalq standartlara uyğun şəkildə keçirildiyini vurğuladılar.
Ölkəmizdə keçirilən ümumxalq səsverməsi və müasir Azərbaycan reallıqları göstərir ki, artıq bu dövlətə ləkə yaxmaq, onu təhdid etmək qeyri-mümkündür. Çünki bu gün xalq-iqtidar arasında sarsılmaz birlik mövcuddur və istənilən məkrli niyyət, çirkin kampaniya bu birlik qarşısında iflasa uğrayır. Müstəqil və qüdrətli Azərbaycan öz siyasətini məhz bu möhkəm təməllər üzərində qurub. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, Azərbaycan cəmiyyəti çox möhkəm, milli, mənəvi dayaqlar əsasında inkişaf edir. Bəzi xarici dairələrin niyyəti Azərbaycan kimi qüdrətli ölkədən öz məqsədləri üçün istifadə etməkdir. Lakin buna imkan verilməyəcək: Biz öz yolumuzla gedirik, heç kimin qarşısında baş əymirik, özümüzü ləyaqətlə aparırıq, milli maraqlarımızı qoruyuruq, Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tuturuq və bu siyasət davam etdirilməlidir. Bu gün bu siyasət var, bu siyasəti mən aparıram və heç bir qüvvə məni bu yoldan döndərə bilməz.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.-2016.- 29 sentyabr.- S.1-3.