Azərbaycan və
Belarus Müdafiə nazirlikləri
arasında 2017-ci il üçün
əməkdaşlıq planı imzalanıb
Sentyabrın 28-də Azərbaycanın və Belarusun Müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planı imzalanıb.
Sənəd Belarusun müdafiə naziri, general-leytenant Andrey Ravkov ilə Müdafiə Nazirliyində keçirilən görüş çərçivəsində imzalanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdən əvvəl qonaq Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn nümayəndə heyəti ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Qonaqlar Silahlı Qüvvələrin Baş Qərargahının binasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzeylə tanış olublar.
Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin inkişafında dövlətlərimizin başçılarının görüşlərinin mühüm rol oynadığını vurğulayan müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belarusun müxtəlif beynəlxalq təşkilatlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın prinsipial mövqeyini daim dəstəklədiyini diqqətə çatdırıb.
Söhbət zamanı Belarus müdafiə nazirinin “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün böyük nümayəndə heyəti ilə Bakıya səfərinin önəmi qeyd olunub. Bunun ölkələrimiz arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın daha da inkişafına yeni təkan verəcəyi bildirilib.
General-leytenant A.Ravkov ölkələrimiz arasındakı əlaqələrin möhkəm dostluq münasibətlərinə əsaslandığını, Belarusun Azərbaycanın vacib tərəfdaşı olduğunu vurğulayıb. Qonaq belə görüşlərin ikitərəfli münasibətlərin, eləcə də hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından zəruriliyini xüsusi qeyd edib.
Sonra hərbi sahədə əməkdaşlığın
mövcud vəziyyəti, bir
sıra istiqamətlərdə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib. Söhbət zamanı beynəlxalq
və regional təhlükəsizlik
problemləri, təcrübə mübadiləsi məqsədilə
mütəxəssislərdən, ekspertlərdən ibarət
heyətlərin qarşılıqlı səfərlərinin
təşkili, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər
barədə də geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2016.-29 sentyabr.- S.5.