“Beynəlxalq iqtisadi və inzibati
perspektivlər: yeni regional
vizyonlar” mövzusunda
beynəlxalq konfrans keçirilir
Sentyabrın
28-də Azərbaycan Dövlət İqtisad Universitetində
(UNEC) dövlət müstəqilliyinin bərpasının 25
illiyinə həsr olunan “Beynəlxalq iqtisadi və inzibati
perspektivlər: yeni regional vizyonlar” mövzusunda beynəlxalq
konfrans öz işinə başlayıb.
UNEC-in və Türkiyənin Süleyman Dəmirəl Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransa Türkiyə ilə yanaşı, 12 ölkədən 187 nümayəndə qatılıb.
UNEC-in rektoru, professor Ədalət Muradov dövlət müstəqilliyinin bərpasının 25 illik tarixinə qısa nəzər salıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkənin iqtisadi siyasətinə uyğun olaraq, ciddi uğurlara imza atılıb. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Rektor vurğulayıb ki, ölkənin gələcək iqtisadi inkişafı qeyri-neft sektoru ilə bağlıdır: “Qeyri-neft ixracını artırmaq üçün regional qlobal bazarların təsirləri nəzərə alınmalı, ölkənin real istehsal gücü əsas götürülməlidir”.
Konfransın əhəmiyyətindən danışan rektor qeyd edib ki, bu gün ölkənin inkişafı ilə bağlı olan sahələri əhatə edən məsələlər, eləcə də dünya iqtisadiyyatında baş verən problemlər müzakirəyə çıxarılacaq.
Rektor bildirib ki, mövcud problemlərin həlli təkcə iqtisadçılardan deyil, müxtəlif elm sahələrini əhatə edən alimlərin əməkdaşlığından keçir.
Ə.Muradov konfransın universitetlər arasında əlaqələrin dərinləşdirilməsində mühüm rol oynayacağını iştirakçıların diqqətinə çatdırıb, onları Türk Dünyası İqtisadçıları Birliyi ilə sıx əməkdaşlığa çağırıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə konfransın əhəmiyyətindən, ötən 25 ildə ölkə iqtisadiyyatının inkişafı istiqamətində görülən işlərdən və qazanılan uğurlardan danışıb. Konfransın dünyanın aparıcı universitetləri ilə əlaqələrinin möhkəmlənməsində əhəmiyyətini vurğulayan akademik bildirib ki, belə bir möhtəşəm konfransın UNEC-də keçirilməsi ölkənin ali təhsil sistemində əldə etdiyi uğurların nəticəsidir. Dünyanın 54 universitetinin nümayəndələrinin burada toplaşması ölkənin milli maraqları ilə yanaşı, beynəlxalq maraqlara da cavab verir.
AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru Nazim İmanov məzunu olduğu universitetin dünyanın nüfuzlu beynəlxalq elmi konfransına evsahibliyi etməsini yüksək qiymətləndirib.
Türk Dünyası Araşdırmaları Vəqfinin rəhbəri Közhan Yazgan Azərbaycan-Türkiyə münasibətlərinin sürətli və hərtərəfli inkişafında iqtisadi əlaqələrin əhəmiyyətini vurğulayıb. Hər iki ölkə arasında qardaşlıq, dostluq münasibətlərindən söhbət açaraq, bu əlaqələrin gündən-günə daha da sürətlə inkişaf etdiyini söyləyib. K.Yazgan müstəqillik əldə etmiş Azərbaycanın qısa zaman kəsiyində belə yüksək uğur qazanmasını ölkənin iqtisadi, siyasi strategiyasının düzgün aparılması ilə əlaqələndirib.
Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Cemal Yangın iş adamlarının universitetlərlə sıx əməkdaşlıq etməsinin vacibliyindən danışıb.
Tədbir çərçivəsində Azərbaycan Dövlət İqtisad Universiteti ilə Türkiyənin Süleyman Dəmirəl Universiteti arasında magistratura pilləsində biznesin təşkili və idarəolunması ixtisası üzrə ikili diplom proqramları müzakirə edilib və bu sahədə birgə müqavilə imzalanıb.
Konfransın Elm
komitəsi tərəfindən seçilmiş
elmi işlərin məruzəsi və
müzakirəsi panel və seksiyalarda davam edir. 30-dan artıq seksiyada
200-ə yaxın elmi məqalənin məruzəsi
və müzakirəsinin keçiriləcəyi nəzərdə
tutulub. Tədbirdə bir çox nüfuzlu elmi
konfransların UNEC-də keçirilməsi təklifi irəli
sürülüb. Tədbir sentyabrın 30-na kimi davam edəcək.
Azərbaycan.-2016.- 29 sentyabr.- S.6.