Yol infrastrukturu
təzələnir, ölkənin siması müasirləşir
“Yol
həm mədəniyyətdir, həm rahatlıqdır, həm
müasirlikdir, həm də ölkənin səviyyəsini
göstərir”
İlham ƏLİYEV
Artıq on ildən çoxdur ki, ölkədə yol-nəqliyyat infrastrukturu təzələnir, Azərbaycanın siması dəyişir və müasirləşir. Xüsusən də ölkədə başdan-başa həyata keçirilmiş layihələr ürək açır. Əsas qürur doğuran odur ki, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin yol inşaatçıları “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının Dövlət Proqramı”na uyğun olaraq götürdükləri öhdəlikləri, qarşıya qoyulan vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirirlər. Onlar Azərbaycanın regionlarında, paytaxt Bakıda yol-nəqliyyat infrastrukturunu təzələyir, müasirləşdirir, avtomobil yolları şəbəkəsini yenidən qururlar. Yolötürücüləri, körpülər, tunellər, yerüstü və yeraltı piyada keçidləri inşa edilir. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar ölkədə yol infrastrukturunun təzələnməsinə daha da güclü təkan verir. Artıq neçə illərdir ki, Bakı-Ələt-Qazax, Gürcüstan Respublikası dövlət sərhədi, Bakı-Astara-İran İslam Respublikası və Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yollarında rahatlıq və təhlükəsizlik yüksək səviyyədə təmin edilir. Eyni zamanda beynəlxalq əhəmiyyətli bu yollar gündəlik olaraq “Azəravtoyol” ASC-nin ciddi nəzarətindədir. Yol inşaatçıları regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində təkcə beynəlxalq əhəmiyyətli yolları deyil, ölkənin rayonlarındakı kəndlərarası yolların da bir çoxunu yenidən qururlar. Artıq regionlarda yaşayan əhalinin gediş-gəlişi asanlaşır və yetişdirdikləri məhsulun rayon mərkəzinə daşınmasına əlverişli imkan yaranır. Həmin yollar hesabına bütün regionun iqtisadi potensialı da yüksəlir.
“Azəravtoyol” ASC-nin kollektivi təbii fəlakət, aramsız yağan yağışlar və sel suları nəticəsində qəzalı vəziyyətə düşmüş yollara xüsusilə diqqət yetirir. Belə ki, yol inşaatçıları sentyabrın əvvəllərində var qüvvələrini Quba-Xınalıq yolunun 29 və 36-cı kilometrlik hissəsində cəmləşdirmişlər. Qudyalçay öz məcrasından çıxaraq bu yolu və körpüləri dağıtmış, nəticədə avtonəqliyyat vasitələrinin hərəkəti tam dayanmışdı. “Azəravtoyol”un tikinti işçiləri qısa zamanda avtonəqliyyat vasitələrinin hərəkətini bərpa etmiş, Qudyalçayı öz məcrasına qaytarmışlar. Onlar hazırda Quba-Xınalıq yolu boyunca bərpa işlərini davam etdirir və apardıqları betonlama işləri ilə körpüləri möhkəmləndirirlər. Ağır zəhmətə qatlaşan “Azəravtoyol” ASC-nin yol inşaatçıları bir qayda olaraq ölkədə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi istiqamətində gündən-günə uğurlu addımlar atır, fəallıqlarını artırırlar. Onlar Bakının Qaradağ rayonunda istismar müddəti başa çatmış, həmçinin ağır tonnajlı yük maşınlarının intensiv hərəkəti nəticəsində qəzalı vəziyyətə düşmüş iki körpünü yenidən bərpa etmişlər. İndi nəqliyyat vasitələri Səngəçal-Umbakı avtomobil yolunun 13-cü və 24-cü kilometrliklərində yenidən qurulmuş həmin körpülərdən çox rahatlıqla istifadə edirlər. Bu körpülərin uzunluğu 39 metr, eni isə 8,5 metrdir. Hər iki körpü 56 il bundan əvvəl inşa edilib.
Yol-tikinti işçiləri ölkənin əsas yollarından avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz geriyə dönməsini təmin etmək məqsədilə yeni yol hissələrinin inşasını da davam etdirirlər. Hazırda böyük “İpək Yolu”nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun 115-ci kilometrliyində bir hissə istifadəyə verilmişdir. Ərazidən Bakı şəhəri istiqamətinə doğru hərəkətdə olan avtonəqliyyat vasitələrinin geri dönməsi üçün 14 metr uzunluğunda və 9 metr enində, əks istiqamətdən gələn avtonəqliyyat vasitələri üçün isə 87 metr uzunluğunda və 6 metr enində yeni yol hissələri inşa edilmişdir. Ümumilikdə yeni yol hissələrinin salınması ilə bağlı 5 min kvadratmetrdən çox sahədə əsaslı tikinti işləri həyata keçirilmişdir. Bu zaman yeni hərəkət zolaqlarının kənarında 1,5 metr enində çiyinlər yaradılmışdır. Yoldan suyun kənarlaşdırılması üçün 20 metr uzunluğunda 2 ədəd suötürücü boru inşa edilmişdir. Yeni yol hissələrinin salınması ilk növbədə avtonəqliyyat vasitələrinin təhlükəsizliyinə xidmət edir.
“Azəravtoyol” ASC-nin tikinti işçiləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq Salyan rayonunun 5 yaşayış məntəqəsini birləşdirən Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun inşasını davam etdirirlər. Yolun tikintisində texnoloji ardıcıllığa riayət olunur. Bu yol iki hərəkət zolağı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq qurulur. Həmin avtomobil yolunun uzunluğu 19 kilometrdir. Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolu torpaq və çınqıl örtüklü olduğu üçün xüsusən də payız-qış mövsümündə vətəndaşların gediş-gəlişində çox ciddi problemlər yaşanırdı. Hazırda bu problemin aradan qaldırılması istiqamətində texnoloji ardıcıllığa riayət olunmaqla tikinti işləri sürətləndirilir. Avtomobil yolu iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılmışdır. Bunun əvəzinə karbonat materialı tökülərək yenidən kipləşdirilmişdir. Hazırda qum-çınqıl qarışığı və optimal qırmadaş qarışığından ibarət yol geyiminin əsasının tikintisi işləri aparılır. Buna paralel olaraq yola ikiqat olmaqla asfalt-beton örtüyü döşənir. Ümumilikdə 115 min kvadratmetr ərazinin asfaltlanması nəzərdə tutulur. Layihəyə uyğun olaraq yol yatağının eni 10 metr təşkil edir. Bura 6 metr yolun hərəkət hissəsi və hər bir istiqamət üzrə 2 metr olmaqla çiyinlər daxildir. Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə suötürücü boruların tikintisi də aparılır. Bütün bu işlər qrafikə uyğun və yüksək keyfiyyətlə görülür. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunmuşdur. Tikinti işləri başa çatdıqdan sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq. Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq.
“Azəravtoyol” ASC-nin inşa etdiyi, yenidən qurduğu və abadlaşdırdığı yolların sayı çoxdur. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, elə bu yaxınlarda Xaçmaz rayonunun 28 min əhalisinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 24 kilometr olan Xudat-Yalama-Zuxuloba, Qusar rayonunun 12 min nəfər əhalisinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 24,7 kilometr olan Qusar-İmamqulukənd-Quxuroba, Cəlilabad rayonunun 20 min əhalisinin yaşadığı 23 kəndi birləşdirən, uzunluğu 20,5 kilometr olan Cəlilabad-Astanlı-Cəngan-Soltankənd, Biləsuvar rayonunda uzunluğu 16 kilometr olan Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad və 10 min nəfər əhalinin yaşadığı, uzunluğu 6 kilometr olan Əskərabad-Muğan-Çaylı avtomobil yolları istismara verilmişdir. Cəlilabad rayonunun Cəngan kənd sakini Şakir Əliyev deyir:
- Cəlilabad-Astanlı-Cəngan-Soltankənd yolu sovet dönəmindən salınmışdı. Gediş-gəlişimiz çox çətin idi. Əziyyət çəkirdik. İnkişaf yox idi. Prezident İlham Əliyev bizə yeni bir həyat bəxş etdi. Təzə çəkilmiş bu yolların həyati əhəmiyyəti çox böyükdür. Buna görə bizim kəndlə yanaşı qonşu kəndlərin ziyalısı da, fəhləsi də, bir sözlə, hamı Prezident İlham Əliyevə minnətdardır.
ASC-nin yol inşaatçıları bu ilin sentyabr ayında beynəlxalq əhəmiyyətli Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 23,4 kilometrlik hissəsini də istifadəyə vermişlər. Həmin günlərdə Babazanan yaşayış massivini Salyan şəhərinin mərkəzi ilə birləşdirən, Kür çayı üzərində uzunluğu 201 metr, eni isə 14,5 metr olan yeni tipli müasir körpü salyanlılara hədiyyə edilmişdir. Əsaslı şəkildə yenidən qurulmuş həmin körpü və yolların açılışı mərasimlərində Prezident İlham Əliyev iştirak etmiş, tapşırıq və tövsiyələrini vermişdir. Dövlət başçısının iştirak etdiyi daha bir açılış sentyabrın 21-də Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun Kürdəmir-Ucar-Yevlax hissəsi olmuşdur. Birinci texniki dərəcəyə uyğunlaşdırılmış bu yolun 196-283,8-ci kilometrlik Kürdəmir-Ucar-Yevlax hissəsinə iki hərəkət zolağı əlavə edilmişdir. Beynəlxalq əhəmiyyətli yol hissəsinin uzunluğu 87,8 kilometrdir. Layihə çərçivəsində dörd yol qovşağı və beş körpü inşa edilmişdir. Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolu Şərq-Qərb istiqamətində beynəlxalq avtomobil yükdaşımaları dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində həmin istiqamətdə regionların əlaqələrinin inkişafında mühüm rol oynayır.
Tikintisi başa çatdırılmış iri layihələrdən fərəhlə danışan “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov deyir:
- Cəmiyyətimizin bir qrup yol inşaatçısı paytaxt Bakıda 20 Yanvar dairəsi istiqamətinə gedən yolu genişləndirmiş, Bakı Avtovağzalının qarşısındakı yeni avtomobil yolunu sürücülərin ixtiyarına vermişdir. Biz indi Bakı-Sumqayıt magistralı-Binəqədi qəsəbəsi avtomobil yolunun tikintisini davam etdiririk. Sıradan çıxmış bu yolun uzunluğu 6,3 metr, eni isə 16 metrdir. Layihəyə uyğun olaraq bu yol iki gediş, iki gəliş olmaqla dörd hərəkət zolağından ibarət olacaq. Hərəkətin intensiv təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi və yol göstəricisi xətləri çəkiləcək, 12 yerdə yeni avtobus dayanacağı inşa ediləcək. Bununla da 87 min nəfər əhalinin gediş-gəlişi xeyli asanlaşacaq və avtonəqliyyat vasitələrinin şəhərə daxil olmadan Quba, Şamaxı, Qazax və Astara şəhərləri istiqamətlərinə və əksinə çıxışları təmin ediləcək. Nardaran qəsəbəsində Abşeron və Nəsrulla Əsgərov küçələrini, Maştağa-Bilgəh, Ramana-Maştağa, Binəqədi-Novxanı-Corat, Lökbatan-Qobu avtomobil yollarını da yenidən qurmuşuq. Hazırda Suraxanı rayonunda Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisini yekunlaşdırmaq üzrəyik. Bununla yanaşı, Nizami və Pirallahı rayonlarında daxili avtomobil yollarının yenidən qurulmasına başlamışıq. Eyni zamanda paytaxtımızın Füzuli meydanında və Təzə pir məscidi ətrafında əsaslı şəkildə təmir işlərini davam etdirir, Bakı şəhəri üzrə yeni layihələri həyata keçiririk. Belə ki, həmin layihələrə uyğun olaraq Zığ-Hövsan-Türkan-Qala-Pirallahı avtomobil yolunda yenidənqurma işlərini sürətləndiririk. Var qüvvəsini səfərbərliyə alan kollektivimiz Pirallahı avtomobil yolu və körpüsünün tikintisini, Həsən Əliyev küçəsinin ikinci hissəsinin və “Ağ şəhər” layihəsi çərçivəsində yolların, habelə yeraltı keçidin tikintisini yaxın müddətdə başa çatdıracaq.
Ölkədə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması, avtomobil yollarının abadlaşdırılması göz oxşayır. Bu gün Azərbaycanın yollar şəbəkəsi Avropanın yollarından qətiyyən geridə qalmır. Müasir günümüzdə Azərbaycanın siması dəyişdikcə, ölkənin səviyyəsi yüksəldikcə “Azəravtoyol” ASC kollektivinin bu işlərdə zəhmətini təqdir etməyə bilmirsən. “Azəravtoyol” ASC və onun xariqələr yaradan cəsur yol inşaatçıları Azərbaycanın sosial-iqtisadi inkişafına yeni-yeni töhfələr verirlər.
Məhərrəm
SƏFƏRLİ,
Azərbaycan.-2016.- 29 sentyabr.- S.7.