Azərbaycan
sülh, əməkdaşlıq, qarşılıqlı
anlaşma məkanıdır
V Bakı Beynəlxalq
Humanitar Forumu
Sentyabrın
29-da Heydər Əliyev Mərkəzində V Bakı Beynəlxalq
Humanitar Forumu işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak ediblər.
Bakı beşinci dəfə Beynəlxalq Humanitar Foruma ev sahibliyi edir. Bu Forum bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir. Humanitar Forumun gündəliyi bu dəfə də aktual məsələlərdən ibarətdir. Budəfəki Forumun mövzuları da son dərəcə maraqlıdır. “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru”, “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi”, “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər” Forumun müzakirə mövzuları olacaq. Bundan əlavə, “Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları” mövzusu da ekspertlər tərəfindən müzakirəyə cəlb ediləcək.
Dövlətimizin başçısı Forumun açılışında nitq söylədi.
Azərbaycan Prezidenti
İlham Əliyevin nitqi
Azərbaycan Prezidenti İlham Əliyevin
nitqi
-Hörmətli xanımlar və cənablar.
Hörmətli qonaqlar.
Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayır. Bu Forumda iştirak etmək üçün ölkəmizə gəlmiş bütün qonaqları səmimiyyətlə salamlayıram, Azərbaycana “xoş gəlmisiniz” deyirəm.
Builki Forumda 80-ə yaxın ölkədən 400-dən çox nümayəndə iştirak edir. Bu, özlüyündə bir göstəricidir. Forum son illər ərzində beynəlxalq aləmdə böyük hörmət qazanıb. Bu Forumun beynəlxalq mötəbər tədbirlər arasında xüsusi yeri var. Azərbaycan beynəlxalq humanitar əməkdaşlığa həmişə çox böyük diqqət verib. Biz hesab edirik ki, dünyada müsbət meyillər güclənməlidir. Beynəlxalq əməkdaşlıq ölkələrarası əlaqələrin inkişafı üçün xüsusi rol oynayır. Son illər ərzində biz bu məqsədlə ölkəmizdə bir çox beynəlxalq tədbirlər keçirmişik. Onların arasında əlbəttə ki, Bakı Beynəlxalq Humanitar Forumu xüsusi yer tutur. İki ildən bir ölkəmizdə Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bir neçə il bundan əvvəl Bakıda Dünya dinləri liderlərinin Zirvə görüşü keçirilmişdir. Bu il isə BMT-nin Sivilizasiyalararası Alyansının VII Qlobal Forumu keçirilmişdir. Bütün bu mötəbər tədbirlər çərçivəsində beynəlxalq humanitar əməkdaşlığa, multikulturalizmə və digər önəmli məsələlərə dair geniş diskussiyalar, müzakirələr aparılmışdır.
Eyni zamanda, Azərbaycan son illər ərzində mötəbər idman yarışlarına da ev sahibliyi edib. Təkcə bu il Bakıda ilk dəfə olaraq “Formula-1” yarışı və Ümumdünya Şahmat Olimpiadası keçirilmişdir. Keçən il isə tarixdə ilk dəfə olaraq Bakıda birinci Avropa Oyunları keçirilmişdir. Bu, özlüyündə bir göstəricidir. Çünki ilk Avropa Oyunları müsəlman ölkəsində keçirilmişdir və bu, Azərbaycanın dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsinə töhfəsi kimi qiymətləndirilə bilər. Gələn il isə Bakıda IV İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Yəni, bir şəhərdə cəmi iki il ərzində həm Avropa Oyunları keçirilib, həm də İslam Oyunları keçiriləcəkdir. Bugünkü Azərbaycan, bax, bu yolla gedir.
Bu beynəlxalq tədbirləri ölkəmizdə keçirməyimizdə bir çox məqsədlər var. İlk növbədə, bu, bizim ölkəmizə lazımdır. Çünki Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda bütün dinlərin, xalqların nümayəndələri bir ailə kimi yaşayır. Eyni zamanda, bu beynəlxalq, siyasi və humanitar tədbirlər dünyaya da bir siqnal göndərir ki, dünyanın mütərəqqi nümayəndələri səylərini daha da sıx birləşdirməlidirlər. Çünki bu gün əfsuslar olsun ki, dünyada xoşagəlməz meyillər üstünlük təşkil edir. Qanlı toqquşmalar, müxtəlif bölgələrdə müharibələr gedir, dini, milli zəmində qan tökülür. Beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi müəyyən dərəcədə bu mənfi meyillərin qarşısını ala və müsbət meyilləri gücləndirə bilər.
Azərbaycan Avropa Şurasının və İslam Əməkdaşlıq Təşkilatının üzvüdür, hər iki təşkilatda fəal rol oynayır. Hər iki təşkilat Azərbaycanın təşəbbüsü ilə bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ədalətli və beynəlxalq hüquqa əsaslanan qətnamələr qəbul edib və bu qətnamələrdə Ermənistan işğalçı dövlət kimi göstərilib. Biz bu iki təşkilatda fəaliyyətimizi uğurla davam etdiririk. Bu iki təşkilatda dünyanın 100-dən çox ölkəsi birləşir. Biz bir neçə il bundan əvvəl fikirləşdik ki, yaxşı olar, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı arasında bir əlaqə yaradılsın. Bu məqsədlə 2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilmiş toplantısına biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət etmişdik və birgə sessiya keçirilmişdi. Bu, dünyada çox böyük əks-səda yaratmışdı. Bizim bu sahədəki fəaliyyətimiz yüksək qiymətə layiq görüldü və bu görüşə, bu təşəbbüsə “Bakı prosesi” adı verilmişdir. 2009-cu ildə isə biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini qəbul etdik və bu görüşə Avropadan mədəniyyət nazirlərini də dəvət etdik. Beləliklə, bizim təşəbbüsümüzlə çox önəmli yeni bir proses başlamışdır. Biz əlbəttə, çox fəxr edirik ki, bu təşəbbüsə “Bakı prosesi” adı verilmişdir.
Biz çalışırıq və çalışacağıq ki, bundan sonra da humanitar sahədə dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsinə öz töhfəmizi verək. Çünki bizim siyasətimiz bundan ibarətdir, eyni zamanda, bizim tariximiz multikulturalizm əsasında qurulubdur. Düzdür, multikulturalizm bir anlayış olaraq yeni bir ifadədir, ancaq bu həmişə Azərbaycanda olub. İctimai-siyasi quruluşdan asılı olmayaraq Azərbaycan bütün dövrlərdə sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma məkanı olmuşdur və biz bu ənənələri yaşadırıq. Bu gün biz müstəqil dövlət kimi belə tədbirlərin keçirilməsi ilə multikulturalizmin inkişafına öz töhfəmizi veririk və Azərbaycanda aparılan siyasət bu müsbət meyilləri gündəlik həyatda gücləndirir.
Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi sülh, mehribanlıq şəraitində yaşayır, heç vaxt ölkəmizdə dini-milli zəmində heç bir qarşıdurma, yaxud da anlaşılmazlıq olmamışdır. Bu, bizim böyük sərvətimizdir. Bütün dinlərin tarixi dini abidələri dövlət tərəfindən qorunur, eyni zamanda, dövlət öz vəsaiti hesabına bu abidələrin bərpasını təmin edir. Azərbaycanda məscidlər, kilsələr, sinaqoqlar tikilir, təmir edilir. Biz bütün dini bayramlarımızı birlikdə qeyd edirik. Bütün dini icmalar bunu birlikdə qeyd edir. Biz tariximizlə, mədəniyyətimizlə fəxr edirik. Bu gün dünyanın ən qədim məscidlərindən biri Azərbaycanda, Şamaxı şəhərində yerləşir. Şamaxı məscidi 743-cü ildə tikilmişdir və bərpa edilərək bu gün fəaliyyət göstərir. Eyni zamanda, Şəki şəhərinin yaxınlığında Qafqazın ən qədim kilsələrindən biri – Qafqaz Albaniyası kilsəsi bir tarixi abidə kimi yaşayır. O tarixi abidə də bərpa edilərək bu gün xidmət göstərir və çoxlu turistləri cəlb edir. Bakının yaxınlığında qədim zərdüştlük, atəşpərəstlik məbədi bu gün qorunub saxlanılır. Bu, bizim tariximizdir. Müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələri tarix boyu Azərbaycanda yaşamışlar və yəqin, təsadüfi deyil ki, məhz Azərbaycanı birgəyaşayış üçün seçmişlər. Çünki bizim ölkəmizdə, bizim diyarda bu meyillər həmişə üstünlük təşkil edib. Bu gün də bu, dövlət siyasətidir və biz bu siyasəti bundan sonra da aparacağıq.
Bu dövlət siyasəti ölkə daxilində
böyük rəğbət qazanır. Eyni zamanda, bu, cəmiyyətin
də əhval-ruhiyyəsidir. Çünki dövlət siyasəti
o zaman uğurlu icra edilə bilər ki, cəmiyyət də
buna müsbət cavab verir. Cəmiyyətdə mövcud olan
xoş əhval-ruhiyyə, multikulturalizmlə bağlı
meyillər bizim dövlət siyasətimizi daha da gücləndirir.
Təsadüfi deyil ki,
Azərbaycanda bu il “Multikulturalizm ili” elan
edilmişdir. Bakıda Beynəlxalq Multikulturalizm
Mərkəzi yaradılmışdır. Dövlət
Bayrağı Meydanının, - bu bayraq dövlətçiliyimizin
rəmzidir, - yaxınlığında multikulturalizmə abidə
ucaldılmışdır.
Biz hesab edirik ki, bu məsələ daim diqqət mərkəzində
olmalıdır. Beynəlxalq təşkilatlar,
ayrı-ayrı ölkələr bu məsələ ilə
bağlı öz mövqeyini bildirməlidirlər. Çünki bu gün əfsuslar olsun ki,
dünyanın müxtəlif yerlərində multikulturalizmlə
bağlı fərqli, bədbin fikirlər səslənir.
Bəziləri hesab edir ki, multikulturalizm iflasa
uğrayıb, bəziləri, ümumiyyətlə, hesab edir
ki, belə bir meylə yol vermək olmaz, bu, zərərlidir.
Bu, çox təhlükəli fikirlərdir,
yanaşmalardır. Çünki gəlin
baxaq, multikulturalizmə alternativ nədir, varmı bu alternativ?
Əlbəttə ki, var, amma necə alternativdir?
Mən hesab edirəm ki, multikulturalizmin alternativi
ksenofobiyadır, ayrı-seçkilikdir, irqçilikdir,
islamofobiyadır, antisemitizmdir. Bunlar
çox təhlükəli meyillərdir. Biz
tarixdə bir necə dəfə görmüşük ki, bu
meyillərin güclənməsi hansı böyük fəlakətlərə
yol açır. Ona görə,
bütün mütərəqqi bəşəriyyət
multikulturalizm ideyaları, idealları ətrafında birləşməlidir.
Burada birmənalı mövqe nümayiş
etdirilməlidir. Biz öz növbəmizdə,
öz fəaliyyətimizlə, səylərimizlə ölkəmizdə
mövcud olan ab-havanı dünyaya təqdim edərək
göstəririk ki, bu, mümkündür. Multikulturalizmin dünyada bir çox ünvanları
var, onlardan biri Azərbaycandır. Biz bundan
sonra da çalışacağıq ki, həm beynəlxalq aləmdə,
həm ölkə daxilində, regionda bu müsbət meyilləri
gücləndirək.
Əfsuslar olsun ki, dünyada təhlükələr
artır. Biz birinci Bakı Beynəlxalq Humanitar Forumunu təşkil
edəndə bu gün mövcud olan təhlükələr
yox idi. Son bir neçə il ərzində
dünyada - həm bizim bölgədə, Yaxın Şərqdə,
Avropada, digər yerlərdə çox təhlükəli,
narahatedici hadisələr baş verib və baş verir. Qanlı toqquşmalar, müharibələr, bəzi
ölkələr tamamilə dağıdılıb, yüz
minlərlə günahsız insan həlak olub, milyonlarla, on
milyonlarla insan qaçqın-köçkün vəziyyətinə
düşüb. Bu, öz növbəsində
bundan əziyyət çəkən ölkələrdə
radikalizm meyillərini gücləndirir. Həmçinin
bu ölkələr dağılandan sonra, - mən Yaxın
Şərqi nəzərdə tuturam, - insanlar öz
canlarını qurtarmaq üçün Avropaya üz
tutmağa başlamışlar. Miqrantlara
qarşı çox alçaldıcı hərəkətlərə
yol verilmişdir, eyni zamanda, antimiqrant meyillər güclənmişdir.
Bu, Avropada radikal qüvvələrin xeyrinə
işləyir. Bəzi Avropa ölkələrində
son seçkilərə nəzər salsaq görərik ki,
radikal qüvvələr daha böyük dəstək
alır. Nəyə görə? Çünki onlar bu vəziyyətdən istifadə
edərək daha böyük siyasi çəkiyə malik
olurlar. Bu da Avropada radikallaşmaya yol
açır. Bu, çox təhlükəli
meyildir.
Biz indi sivilizasiyalararası dialoqdan
danışırıq, ancaq reallıqda sivilizasiyalararası
toqquşmanın ilk təzahürlərini görürük. Əgər bu
meyillərin qarşısı alınmasa çox böyük
fəlakətə gətirib çıxaracaq. Bütün ölkələr ağır vəziyyətə
düşə bilər. Ona görə,
indiki zamanda daha çox bu məsələlər gündəlikdə
olmalıdır, müsbət meyillər üstünlük təşkil
etməlidir. Bizi narahat edən məsələlər
haqqında açıq danışmalıyıq. Bakı Forumunun məqsədi bundan ibarətdir.
Misal üçün, islamofobiya bütün
İslam aləmini narahat edir, incidir. Çünki
həm bəzi kütləvi informasiya vasitələri, həm
də bəzi qeyri-hökumət təşkilatları, bəzi
siyasətçilər qəsdən İslam haqqında,
dinimiz haqqında mənfi rəy formalaşdırırlar.
İslamı terrorla eyniləşdirirlər.
Halbuki terrordan ən çox əziyyət
çəkən elə müsəlman ölkələridir.
Bəzi Avropa ölkələrinin rəhbərləri
“stop İslam” deyirlər. Bəziləri
deyir ki, biz miqrantları qəbul etməyə hazırıq,
ancaq müsəlman miqrantları yox. Bu, nədir?
Bu, XXI əsrdə Avropada yenidənmi faşizmin
baş qaldırmasıdır? Əfsuslar
olsun ki, buna nə beynəlxalq təşkilatlar, nə
ayrı-ayrı ölkələr reaksiya verir, sanki bu, belə
də olmalıdır. Çox təhlükəli
meyillərdir və biz mütləq bu barədə
danışmalıyıq. Müsəlman
aləmində gedən radikallaşma, radikal qüvvələrin
daha böyük dəstək qazanması da narahatedici amillərdir.
Ona görə, hesab edirəm ki, biz bu məsələləri
açıq şəkildə müzakirə etməliyik.
Bakı Beynəlxalq Humanitar Forumunda tanınmış
dövlət xadimləri, ictimai xadimlər, tanınmış
alimlər, - onların arasında 13 Nobel mükafatı
laureatı var, - jurnalistlər, qeyri-hökumət təşkilatlarının
nümayəndələri, digər dəyərli qonaqlar iştirak
edirlər. Ona görə, bu, açıq diskussiyalar, tövsiyələr,
hərəkət üçün çox gözəl bir
formatdır.
Qeyd etdiyim kimi, Azərbaycan humanitar əməkdaşlığa
həmişə böyük diqqət yetirib. Ancaq onu da istəyirəm
qonaqlar bilsinlər ki, bizim ölkəmiz və xalqımız
özü böyük humanitar fəlakətlə üzləşmişdir.
1990-cı illərin əvvəllərində
Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində
torpaqlarımızın 20 faizi işğal altına
düşüb. Bu işğal və etnik
təmizləmə siyasəti nəticəsində bir milyondan
artıq azərbaycanlı öz doğma torpağında
qaçqın-köçkün vəziyyətinə
düşmüşdür. Bizim tarixi əzəli
torpağımız Dağlıq Qarabağ və onun ətrafında
yerləşən yeddi rayon Ermənistan tərəfindən
işğal edilib, günahsız insanlar qətlə yetirilib,
xalqımıza qarşı hərbi cinayət, Xocalı
soyqırımı törədilib. Xocalı
şəhərində soyqırımı nəticəsində
613 dinc insan qətlə yetirilib. Onlardan
106-sı qadın, 63-ü uşaqdır. Bütün
bu erməni vəhşilikləri sənədləşdirilib,
videomateriallar, fotomateriallar, şahidlərin ifadələri
var. Artıq dünyanın on ölkəsi Xocalı soyqırımını
soyqırımı kimi tanıyıb.
İşğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimiz
ermənilər tərəfindən dağıdılıb. Bu barədə
də faktlar var. ATƏT işğal edilmiş torpaqlara iki dəfə
faktaraşdırıcı missiya göndərib və
onların məruzələrində bu, açıq şəkildə
göstərilir. Bütün şəhərlər
yerlə-yeksan edilib, infrastruktur, qəbirlər
dağıdılıb. Onlar qəbirlərimizin
üstünə buldozer salmışlar,
dağıtmışlar. Məscidlərimiz
dağıdılıb. Bakının mərkəzində
erməni kilsəsi var. Biz o kilsəni bərpa etmişik.
İndi o kilsədə erməni dilində 5 mindən
çox kitab saxlanılır. Onlar isə
bizim məscidlərimizi yerlə-yeksan ediblər. Fərq bundan ibarətdir. Erməni
faşizmi böyük fəlakət törədib və
günahsız insanlar bu gün də erməni siyasətindən
əziyyət çəkirlər.
Bütün beynəlxalq təşkilatlar bizim
mövqeyimizi birmənalı şəkildə dəstəkləyir. Xüsusilə
dünyanın birinci və ən ali beynəlxalq
qurumu olan BMT, onun Baş Məclisi dəfələrlə qətnamələr
qəbul etmişdir. BMT Təhlükəsizlik
Şurası dörd qətnamə qəbul etmişdir ki, orada
erməni silahlı qüvvələrinin işğal
edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal
çıxarılması nəzərdə tutulur. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə
məhəl qoymur və bu qətnamələrin icra edilməsi
mexanizmi yoxdur. Bu da böyük ədalətsizlikdir.
Biz bunu ikili standartlar siyasəti kimi qəbul
edirik. Çünki bəzi hallarda BMT Təhlükəsizlik
Şurasının qətnamələri, - yaxın tarix bunu
göstərir, - günlər ərzində, bəlkə də
saatlar ərzində icra edilir və təcavüzkar cəzalandırılır.
Bizə gəldikdə, bu qətnamələrin
qəbul edilməsindən 20 ildən çox vaxt keçib və
onlar icra edilmir. Bu qətnamələri qəbul
edənlər onların icrasını tələb etmirlər.
Digər beynəlxalq təşkilatlar oxşar qərar və
qətnamələr qəbul etmişlər. İslam Əməkdaşlıq
Təşkilatı, Avropa Şurası Parlament Assambleyası,
Avropa Parlamenti, Qoşulmama Hərəkatı, ATƏT, yəni,
bütün beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyir.
Dağlıq Qarabağ Azərbaycanın
ayrılmaz tarixi hissəsidir. Eyni zamanda,
beynəlxalq hüquq baxımından da ayrılmaz hissəsidir.
Ölkəmizin ərazi bütövlüyü
bərpa edilməlidir. Ölkəmizin ərazi
bütövlüyü heç bir başqa ölkənin ərazi
bütövlüyündən az əhəmiyyət
kəsb etmir və beynəlxalq hüquq təmin edilməlidir.
Bu problemə baxmayaraq, ölkəmiz inamla inkişaf edir,
biz güclənirik. Gələn ay biz müstəqilliyimizin bərpasının
25 illiyini qeyd edəcəyik. Bu 25 ilin əksər
illəri inkişaf və tərəqqi illəri olmuşdur.
Azərbaycan bu gün dünya miqyasında
böyük nüfuza malikdir. Bir neçə il bundan əvvəl dünyanın 155 ölkəsi
böyük etimad göstərərək bizi BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçmişdir.
Ölkəmizdə humanitar məsələlər öz
həllini tapır. Biz bu məsələlərə çox
böyük diqqət göstəririk. Son 13 il ərzində Azərbaycanda 3 mindən
çox məktəb, 600-dən çox xəstəxana, tibb
mərkəzi tikilib, təmir edilib. Məcburi
köçkünlərin problemləri həllini tapır.
Doxsandan çox qəsəbə
salınmışdır və 250 mindən çox
köçkünə yeni evlər, mənzillər
verilmişdir.
Ölkə iqtisadiyyatı inkişaf edir. Son 13 il ərzində
ümumi daxili məhsul üç dəfə
artmışdır. Bizim böyük valyuta
ehtiyatlarımız var və onlar ümumi daxili məhsulumuza bərabərdir.
İşsizliyin, yoxsulluğun azaldılması
ilə bağlı çox ciddi addımlar
atılmışdır. Bu gün həm işsizlik, həm
yoxsulluq ölkəmizdə təxminən beş
faiz səviyyəsindədir. Savadlılıq təxminən
100 faizdir. Azərbaycan
iqtisadiyyatının böyük bir hissəsi təbii
resurslarla bağlıdır. Neftin qiymətinin kəskin
düşməsinə baxmayaraq, Azərbaycan bu böhrandan
çox az itkilərlə
çıxır və bu gün dinamik inkişaf davam edir. Dünən mənə məlumat verildi ki, Davos
Dünya İqtisadi Forumu ölkələrin rəqabət
qabiliyyətliyinə görə Azərbaycanı 37-ci yerə
layiq görüb. Dünya miqyasında rəqabət
qabiliyyətliyinə görə 37-ci yeri tutmaq hesab edirəm
ki, gənc dövlət üçün böyük nailiyyətdir.
Nəzərə alsaq ki, bizim müstəqilliyimizin
ilk illəri çox ağır keçirdi, çox dərin
siyasi böhran, iqtisadi böhran yaşanırdı. Qaçqınların, köçkünlərin
adambaşına düşən sayına görə Azərbaycan
dünyada ilk yerlərdədir. Bu, çox
acı statistikadır, amma bu, belədir. Bu
da əlbəttə ki, bizim maliyyə resurslarımızı
cəlb edib. Bütün bunlara baxmayaraq
düzgün iqtisadi siyasət, cəmiyyətdəki əmin-amanlıq,
sabitlik, qonşularımızla yaxşı münasibətlər,
beynəlxalq təşəbbüslərimiz bu gün Azərbaycanı
dünyada sabitlik və inkişaf məkanı kimi təqdim
edir.
Biz fəxr
edirik ki, 25 il müstəqil dövlət
kimi yaşayırıq, öz hesabımıza
yaşayırıq, heç kimə borclu deyilik, heç kimdən
asılı deyilik, müstəqilliyi hər şeydən
üstün tuturuq, xalqımız azaddır, taleyimiz öz əlimizdədir.
Gözəl ölkə qurmuşuq və bundan
da gözəl olacaq. İstəyirik ki,
ümumi işimizə daha böyük töhfə verək.
Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi
də bu niyyətin bir hissəsidir.
Mən bütün qonaqlara ölkəmizə gəldikləri
üçün bir daha minnətdarlığımı bildirmək
istəyirəm. Foruma uğurlar arzulayıram. Sağ
olun.
X X X
Rusiya
Federasiyası Hökuməti sədrinin müavini Olqa QOLODETS
Prezident Vladimir Putinin Forum iştirakçılarına təbrik
məktubunu oxudu və çıxış etdi:
-Hörmətli
cənab Prezident, əziz həmkarlar.
İcazə
verin, Rusiya Federasiyası Prezidenti Vladimir Putinin təbrikini
oxuyum:
“V
Bakı Beynəlxalq Humanitar Forumunun
iştirakçılarına və qonaqlarına
Hörmətli
xanımlar və cənablar!
V Bakı Beynəlxalq Humanitar Forumunun
açılışı münasibətilə sizi təbrik
edirəm. Sizin Forum nisbətən qısa müddətdə
dünyada geniş tanınıb, ən aktual problemlərin
müzakirəsi üçün tələbat duyulan məkana
çevrilib.
Bu gün
Azərbaycan paytaxtı növbəti dəfə, aralarında
məşhur siyasətçilər və ictimai xadimlər,
müxtəlif sahələr üzrə Nobel Mükafatı
laureatları, bir sıra dövlətlərin elmi və
yaradıcı ziyalılarının nümayəndələri
olan ali qonaqları qəbul edir. Forumun zəngin gündəliyi müasir beynəlxalq
münasibətlər üçün humanitar əməkdaşlığın
get-gedə artan əhəmiyyətini əks etdirir. Siz qiymətli təcrübə mübadiləsi
aparacaq, mədəniyyət, elm və təhsil, ətraf
mühitin qorunması sahələrində ikitərəfli və
çoxtərəfli əlaqələrin daha da genişləndirilməsi
perspektivlərini müzakirə edəcəksiniz. Əminəm ki, sizin ünsiyyətiniz maraqlı və
səmərəli olacaq, müxtəlif ölkələrin və
qitələrin xalqları arasında etimadın və
qarşılıqlı anlaşmanın möhkəmlənməsinə
xidmət edəcək.
Forumun iştirakçılarına ürəkdən
uğurlar diləyir, ən xoş arzularımı bildirirəm.
Rusiya
Federasiyasının Prezidenti Vladimir Putin”.
X X X
Çıxışına
davam edən O.Qolodets dedi:
-Əziz dostlar, icazə verin mən də öz
adımdan, Rusiya Federasiyası Hökuməti adından Forum
iştirakçılarının ünvanına bir neçə
söz deyim. Bu gün bu qədər müasir, bu qədər
dinamik inkişaf edən Azərbaycanda olmaq mənim
üçün böyük şərəfdir. Əlbəttə, Azərbaycan Prezidentinin
qarşıya qoyduğu bütün məsələlər və
bu gün haqqında sizin danışacağınız məsələlər
bütün bəşəriyyət üçün
xüsusi əhəmiyyət kəsb edir. Biz
oxuyanda, böyüyəndə demək olar aksiom idi ki,
humanitar əməkdaşlıq elmi, texniki inkişafı həmişə
müşayiət edir. Bu, demək olar ki,
aksiom idi. Biz heç vaxt fikirləşmirdik
ki, nə üçün belə olur. Bu, az
qala ictimai qanun idi.
1990-cı illərdə biz heyrətamiz bir həqiqəti
kəşf etdik ki, elmi tərəqqi heç də həmişə
layiqli humanitar və ictimai inkişafla müşayiət
olunmur. Bu həqiqət bizim hamımızı mürəkkəb
vəziyyətə saldı. Həqiqətən
bu gün bütün dünyada gah bir, gah başqa yerlərdə
milli münaqişələr, hərbi münaqişələr
alovlanır, alimlərin, mütəxəssislərin səylərini,
bütün iqtisadi firavanlığı heçə endirir.
Ona görə ki, insan üçün
qarşılıqlı anlaşmadan və dostluqdan daha əhəmiyyətli
heç nə yoxdur. Bu mənada, xalqlar
arasında bütün səviyyələrdə əlaqələrin
möhkəmləndirilməsi xüsusi vəzifədir, bu,
bütün siyasətçilərin, bütün ölkələrin
missiyasıdır.
Bununla əlaqədar, Azərbaycan Respublikası Prezidentinin
və Rusiya Federasiyası Prezidentinin rolunu xüsusi qeyd etmək
istərdim. Ona görə ki, bu insanların müdrikliyi bizim
uzunmüddətli siyasət qurmağımıza, nəticə
etibarilə münaqişələrin tənzimlənməsinə
gətirib çıxaran uğurlu danışıqlar
aparmağımıza imkan verir. Ümidvaram
ki, belə insanlar hətta ən mürəkkəb vəziyyətlərdə
də yer üzündə bütün insanların gözlədiyi
sülhü və ədaləti bərpa etmək
üçün dünyaya nümunə göstərəcəklər.
Bizim üçün çox vacibdir ki, dünya siyasətçilərinin
müəyyən etdiyi ahəng bütün səviyyələrdə
təmin olunmuş mexanizmlərə transformasiya olunsun. Bu günə
qədər Rusiya ilə Azərbaycan arasında müxtəlif
sahələrdə 90-dan çox saziş imzalanıb. Fikrimcə, bu əməkdaşlıq davam edəcəkdir.
Bizim üçün çox vacibdir ki, bu
gün burada olan peşəkarlar, mütəxəssislər
arasında əməkdaşlıq ilə əlaqədar həqiqətən
təhsil, səhiyyə və digər sahələrdə
yüksək səviyyədə reallaşan şəxsi əlaqələr
də yaransın. Mən fəxr edirəm
ki, dostlarım arasında Azərbaycandan, Bakıdan olan adamlar
çoxdur. Mənim tanışlarım
arasında onların dostluq etdikləri insanlarla şəxsi əlaqələr,
fərdi münasibətlər var. Bizi birləşdirən
bizim mədəniyyətimizdir. Zənnimcə,
bizim missiyamız bu mədəniyyəti gənclərə,
böyüməkdə olan nəslə ötürməkdir.
Mən ilk növbədə mədəniyyət
sahəsində əlaqələrin genişlənəcəyinə
ümid edirəm. Bizim gələcəyimiz,
xalqlarımız arasında qarşılıqlı
anlaşmanın gələcəyi bu əlaqələrdən
asılıdır.
Əziz
Forum iştirakçıları, sizin üzərinizə
çox böyük məsuliyyət düşür –
insanların sülh və həmrəylik şəraitində
yaşamasına, Yer üzündə bütün insanlar
üçün əlyetərli ola biləcək
elm və texnika nailiyyətlərindən istifadə etməyə
imkan verəcək yanaşmalar hazırlamalısınız.
Sizə uğurlar, Azərbaycana isə firavanlıq arzu
edirəm.
X X X
BMT baş katibinin müavini xanım Cihan SULTANOĞLU təşkilatın
baş katibi Pan Gi Munun Forum iştirakçılarına
müraciətini oxudu və çıxış etdi. Cihan Sultanoğlu dedi:
-Zati-aliləri
cənab Prezident.
Möhtərəm Azərbaycan Respublikasının
birinci xanımı.
Hörmətli xanımlar və cənablar.
Bu gün
burada olmaqdan böyük şərəf hissi duyuram və V
Bakı Beynəlxalq Humanitar Forumuna BMT-nin baş katibi Pan Gi
Munun müraciətini oxumaq istərdim:
“Bakı Beynəlxalq Humanitar Forumuna və tədbiri qəbul
edən Zati-aliləri Prezident İlham Əliyevə səmimi
salamlarımı çatdırıram. Mən may ayında
İstanbulda keçirilmiş Dünya Humanitar Sammitində
Prezident Əliyevin şəxsi iştirakını yüksək
dəyərləndirirəm.
Bu, bir sıra mühüm mövzulara həsr olunmuş
aktual tədbirdir. Miqrant və qaçqınların insan
kapitalı ilə bağlı “dəyirmi masa”da olduqca
mühüm məsələ müzakirə olunacaq. Bütün dünyada münaqişə və
zorakılıq nəticəsində yurd-yuvasından didərgin
düşmüş insanların sayı hazırda 65 milyona
yaxınlaşır. Bu, İkinci Dünya
müharibəsindən sonra ən yüksək rəqəmdir.
Bundan başqa, təbii fəlakətlər və iqlim dəyişikliyi
nəticəsində hər il 25 milyon insan
öz yurdundan didərgin düşür. Ümidvaram
ki, bu “dəyirmi masa” Dünya Humanitar Sammitinin nəticələrinin,
miqrantlar və qaçqınlar haqqında Nyu-York Bəyannaməsinin
icrasına töhfə vermək üçün regional və
qlobal iştirakçılar üçün fürsət
olacaq.
Davamlı inkişaf, müxtəliflik və
inklüzivlik, eləcə də mədəniyyətlərarası
dialoqda media ilə bağlı aparacağınız
müzakirələr bu məqsədlərin icrasına dəyərli
töhfə verməlidir. İqlim dəyişikliyi,
əhali artımı, zəif siyasi və iqtisadi sistemlər
bu regionda və dünyada insanları təbii və texnogen təhlükələr
riski qarşısında qoymaqda davam edir. Əgər
biz Dünya Humanitar Sammitində və bəşəriyyət
üçün onun gündəliyindəki öhdəlikləri
yerinə yetirmək istəyiriksə, onda davamlı
inkişafa, fövqəladə hallara hazırlıq və
cavab tədbirlərinə daha böyük sərmayələr
qoymalıyıq. Dünyada təxminən
130 milyon insanın humanitar yardıma ehtiyacı var. Həmin
insanları ağır əzab-əziyyətlərə
düçar etmiş böhranların həlli sadə məsələ
deyil və vaxt tələb edir. Lakin bizim
hamımız mərhəmət nümayiş etdirə bilərik,
ədalətsizliyə qarşı səsimizi ucalda və dəyişiklik
naminə çalışa bilərik”.
X X X
Çıxışına
davam edən Cihan Sultanoğlu dedi:
-İndi isə mən böyük şərəf hissi
ilə BMT-nin İnkişaf Proqramı adından sizin
qarşınızda çıxış etmək istərdim. Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri cənab İlham
Əliyevə bizi Bakı Beynəlxalq Humanitar Forumuna dəvət
etdiyinə və bu tədbiri qəbul etdiyinə görə
minnətdarlığımı bildirirəm.
Prezident İlham Əliyevin təşəbbüsü ilə
keçirilən Bakı Beynəlxalq Humanitar Forumu
mühüm platformaya çevrilib. Burada bir sıra
görkəmli alimlər, tanınmış ziyalılar və
şəxsiyyətlər bir araya gələrək mədəniyyətlərarası
dialoqun, tolerantlığın və insanlar arasında
qarşılıqlı anlaşmanın daha da genişləndirilməsi
məqsədilə toplaşırlar. Bu baxımdan onlar
artıq 2030-cu il üçün
davamlı inkişaf gündəliyində olan məqsədlərin
icrasına öz töhfələrini vermək əzmindədirlər.
Bu ilin əvvəlində Azərbaycanda BMT-nin
Sivilizasiyalar Alyansının VII Qlobal Forumu da uğurla
keçirilib.
Əlbəttə,
bu il, həmçinin Azərbaycan
üçün xüsusi bir ildir. Azərbaycan
öz müstəqilliyinin 25-ci ildönümünü qeyd edəcək.
Yaranmış fürsətdən istifadə edərək
sizin hamınızı Azərbaycanın qazandığı
gözəl nailiyyətlər münasibətilə təbrik
etmək istəyirəm.
Azərbaycan 1991-ci ildən müstəqilliyini bərpa
etdikdən sonra planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına
keçib və ötən müddətdə çox gözəl
iqtisadi artım templəri nümayiş etdirib. Burada
xüsusi sosial proqramları, pensiya islahatlarını, “ASAN
xidmət”in yaradılmasını qeyd etmək olar. Azərbaycan bu gün həyata keçirdiyi
islahatlara görə regionun aparıcı dövlətinə
çevrilib.
2010-cu ildən etibarən Azərbaycan insan
inkişafı reytinqi üzrə BMT-nin İnkişaf
Proqramında ən öncül yerlərdən birini tutur. Təbii ki,
bütün bu nailiyyətlər, Azərbaycanda əldə
edilmiş yüksək nəticələr Avrasiya, Avropa və
Orta Şərq regionlarında humanitar məsələlərin
həllinə töhfə verib. Azərbaycanın
qlobal və regional böhranların həllinə verdiyi
töhfəyə gəldikdə isə bu yardımın
böyük olduğunu çox yaxşı bilirik. Azərbaycan sülhməramlı qüvvələrin
tərkibində iştirak edir, BMT Təhlükəsizlik
Şurasının üzvü olub. ECOSOC-da
da Azərbaycanın namizədliyi qəbul edilib, təşkilata
üzv seçilib. Azərbaycan Beynəlxalq
İnkişafa Yardım Agentliyi - AIDA adlı agentlik yaradıb
və öz humanitar yardımını əsirgəmir. Dünyadakı zəif dövlətlərin
inkişafına öz töhfəsini verməkdədir.
Əminik ki, 2030-cu ilə olan davamlı inkişaf
gündəliyində qoyulmuş məqsədlər Azərbaycan
tərəfindən də icra olunacaq. Bu məqsədlər
Nyu-Yorkda 103 üzv dövlət tərəfindən qəbul
edilib.
Azərbaycan, həmçinin insan kapitalının
inkişafı sahəsində də böyük addımlar
atır ki, bu da Forumun mövzularından biridir. Biz BMT-də və
BMT İnkişaf Proqramı çərçivəsində
belə bir fikirdəyik ki, Azərbaycan məhz davamlı
inkişaf məqsədlərinin daha da irəli
aparılmasında fəal iştirak edəcək.
Çıxışımın yekununda Azərbaycan
hökumətinə bu mühüm tədbiri keçirdiyinə
görə bir daha minnətdarlığımı bildirirəm. Əminəm
ki, Forum uğurla davam edəcək, burada müxtəlif
mövzularda müzakirələr aparılacaq, əməkdaşlıq
qurulacaq, sülh yolları araşdırılacaq.
Sizə
uğurlu müzakirələr arzulayır və bildirmək
istəyirəm ki, sabah keçiriləcək
“dəyirmi masa”larda mən də iştirak edəcəyəm.
Diqqətinizə görə sağ olun.
X X X
ISESCO-nun
baş direktoru Əbdüləziz Osman əl-TUVEYCRİ
çıxış edərək dedi:
-Zati-aliləri
cənab Prezident İlham Əliyev.
Zati-aliləri Azərbaycan Respublikasının birinci
xanımı, ISESCO-nun və UNESCO-nun xoşməramlı səfiri,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva.
Hörmətli xanımlar və cənablar.
Dialoqun və dünyada sülhün təşviq edilməsi
istiqamətində göstərilən beynəlxalq səylərin
mühüm rəmzinə çevrilmiş V Bakı Beynəlxalq
Humanitar Forumunda çıxış etməkdən məmnunam. Təbii ki, ədalət,
sülh və bərabərlik ideyalarını yayan insanlar
üçün bu Forum mühüm bir tədbirdir. Mən buna görə Prezident İlham Əliyevə
dərin təşəkkürümü bildirmək istəyirəm.
Səmimi qəlbdən ona “Çox sağ
olun” deyirəm. Çünki onun böyük səyləri
və mühüm təşəbbüsləri sayəsində
sülh, insanlar arasında qarşılıqlı anlaşma,
dinlər və mədəniyyətlər arasında
yaxınlaşma meyilləri artır və Azərbaycan da bu
yolla gedir. Azərbaycan dinamik inkişaf edən
dövlətə çevrilib.
Mən həmçinin cənab Prezidentə İslam
Əməkdaşlıq Təşkilatına və ISESCO-ya
verdiyi dəstəyə görə minnətdaram. Bakıda bu təşkilatların
bir sıra mühüm beynəlxalq tədbirləri
keçirilib. Məhz onun təşəbbüsü
ilə sülh, dialoq, insanlar və xalqlar arasında anlaşma
daha da dərinləşib. Cənab Prezident
öz çıxışında belə gözəl bir
paytaxtda, belə əhəmiyyətli bir ölkədə
keçirilən beynəlxalq tədbirləri qeyd etdi.
Cənab
Prezident, xanımlar və cənablar, bugünkü Forum
dünyada sülh və təhlükəsizlik
üçün görünməmiş təhdidlərlə
səciyyələnən mürəkkəb qlobal şəraitdə
keçirilir. Bütün bunlar müharibələrin və
onların cəmiyyətlərə sarsıdıcı təsirinin,
ciddi siyasi münaqişələrin, sabitliyi təhlükə
altına alan geniş yayılmış
etnik toqquşmaların, dərin humanitar böhranların,
irqçilik tendensiyalarının, qarşısı
alınmayan düşmənçilik hərəkətləri
nəticəsində beynəlxalq hüququn kobud şəkildə
pozulması hallarının azaldılması üçün
beynəlxalq ictimaiyyətdən daha effektiv əməkdaşlıq
tələb edir. Bu gün dünyanın
qarşılaşdığı həssas və çətin
vəziyyət bizdən - siyasətçilərdən, akademik
və intellektual elitadan, azad humanist düşüncə
carçıları, mühüm mədəni dəyərlərin
və ali humanitar prinsiplərin
keşikçiləri kimi mənəvi məsuliyyəti
üzərimizə götürməyi tələb edir.
Bu baxımdan qeyd etmək lazımdır ki, dünyada
sülh və təhlükəsizliyin qorunub
saxlanılmasında siyasi öhdəliklərin böyük
güclər tərəfindən yerinə yetirilməməsi
nəticəsində, həmçinin ağır fəsadlara
gətirib çıxaran səhv hesablamalar səbəbindən
yaranmış vəziyyət beynəlxalq münasibətlərdə
tarazlığı alt-üst edə biləcək,
dünyanı böyük çəkişmələrə
sürükləyə biləcək təhlükələrə
meyillidir. Əslində qloballaşmanı öz humanitar məzmunundan
uzaqlaşdıran və beləliklə, bir çox səviyyələrdə
beynəlxalq vəziyyəti ağırlaşdırmaq təhlükəsi
yarada biləcək hazırkı qlobal sivilizasiya
böhranı yuxarıda qeyd edilən məqamlardan irəli gəlir.
Həmin ciddi çağırışlara və
onları müşayiət edən sülh və təhlükəsizliyə
təhdidlərə gəldikdə, geniş şəkildə
yayılan qloballaşma baxımından təxirəsalınmaz
işlər görülməlidir. Mənim fikrimcə, Fələstində,
Dağlıq Qarabağda, Suriyada, İraqda, Əfqanıstanda,
Somalidə və bir çox digər münaqişələr
olan yerlərdə BMT Təhlükəsizlik Şurası daha
fəal iştirak etməlidir. Çünki
insanlar, bütün dünya böyük güclərin hərəkətə
keçməməsindən əziyyət çəkir.
Biz bunu edə bilmərik, çünki əlimizdə
belə imkanlar yoxdur. Ona görə də
bu işi Təhlükəsizlik Şurasında əyləşən
mühüm və daimi üzv dövlətlər görməlidirlər.
Bütün bunlar qarşıya ciddi
çağırışlar qoyur. Bu məsələlərlə
bağlı düzgün qərarın qəbul edilməsində
hər hansı yubanma və ya tərəddüd müxtəlif
səviyyələrdə dialoqu təşviq edən beynəlxalq
hərəkata mənfi təsir göstərəcək.
Dialoq müdriklərin seçimidir. Bununla humanizmə,
onun amallarına xidmət etmiş oluruq. Eləcə
də beynəlxalq hüquqa əsaslanan yeni dünya
nizamının qurulması üçün düzgün
yanaşmanı, mədəniyyətlərin prinsiplərini və
sivilizasiyaların, dinlərin universal dəyərlərini tətbiq
etmiş oluruq. Buna görə də
böyük güclər yubanmadan və tərəddüd etmədən
lazımi qərarlar qəbul etməlidirlər. Əgər belə olmasa, dünya bir cəngəlliyə
çevrilər. Dünyada, ümumiyyətlə,
asayiş tam pozular və hüquqa hörmət qoyulmaz. Odur ki, gəlin, səylərimizi birləşdirək.
Mən burada ISESCO adından bildirmək istəyirəm
ki, biz öz dəyərlərimizi qoruyacağıq. Biz Azərbaycanın
işğal altındakı ərazilərinin azad
olunmasında onu dəstəkləməkdə davam edəcəyik.
Diqqətinizə görə sağ olun.
X X X
UNESCO-nun
baş direktorunun müavini Qetaçyu ENQİDA
çıxış edərək dedi:
-Zati-aliləri
cənab Prezident.
Çox hörmətli birinci xanım, UNESCO-nun xoşməramlı
səfiri.
Xanımlar və cənablar, əziz dostlar.
Biz ayrıca sosial transformasiyalar və faciələrdən
qurtulmağa çalışan insanların yerdəyişməsi
ilə səciyyələnən, sülhə yeni təhdidlər
gətirən qloballaşma dövründə
yaşayırıq. Yoxsulluq davamlı olaraq qalır, bərabərsizlik
dərinləşir. Dünya zəmanəmizin
ən ağır qaçqın və məcburi
köçkün böhranları ilə üzləşməkdədir.
Bütün bunlar milyonlarla qadın və kişini
böyük əzablara düçar edən, ən çox
ağrı-acısını gənclərin çəkdiyi
radikallaşma və zorakı ekstremizm mühitindən
qaynaqlanan “mədəni təmizləmə” ilə fərqlənən
və daha tez-tez baş verən münaqişələrin
birbaşa fəsadlarıdır.
2030-cu ilə qədər davamlı inkişaf gündəliyi
BMT-nin dəyərləri və prinsiplərindən ilhamlanan
qlobal tədbirlərə yeni sadiqliyi, eləcə də
üzləşdiyimiz mədəni, sosial-iqtisadi və ekoloji
çağırışlara vahid cavabımızı
nümayiş etdirir. 2016-cı ilin mayında BMT-nin
İstanbulda keçirilmiş Humanitar Sammitində UNESCO-nun bəyan
edilmiş şüarı böhrana məruz qalmış
uşaqlar və gənclər üçün təhsil
uğrunda mübarizə mövzusuna həsr olunmuş
bugünkü müzakirələrimizlə tam üst-üstə
düşür. Bu səbəbdən əgər
biz ekoloji baxımdan davamlı və inklüziv cəmiyyətləri
indiki və gələcək nəsillər üçün
təmin etmək istəyiriksə, 2030-cu ilədək yeni
gündəliyin qəbul edilməsi tək variant kimi qəbul
oluna bilməz. Bu mövqe UNESCO-nun sentyabr ayında təqdim
etdiyi 2016-cı il üzrə qlobal təsir
monitorinqi hesabatında əks olunub və biz həmin
mövqeyi təşkilatın bütün fəaliyyət sahələrində
tətbiq edirik.
Zorakı ekstremizmin qarşısını almaq naminə
təhsil sahəsində işləmək vəzifə
borcumuzdur. BMT-nin jurnalistlərin təhlükəsizliyinə
yönəlmiş tədbirlər planının icrası və
cəzasızlıq məsələsinin həlli yolu ilə
onların müdafiəsinin təkmilləşdirilməsi
işimizin bir hissəsidir. Bu, 2016-cı
ilin yanvarında BMT-nin baş katibi tərəfindən irəli
sürülmüş zorakı ekstremizmin
qarşısının alınması üzrə tədbirlər
planına uyğundur. Bu baxımdan
UNESCO-nun silahlı münaqişələr zamanı mədəniyyətin
qorunması və mədəni plüralizmin təşviqi
strategiyası son dərəcə məqsədəmüvafiqdir.
Strategiyada aşağıdakılar nəzərdə tutulur: Mədəni irsin itirilməsinin qarşısının alınması, təhdidin aradan qaldırılması, mədəni irsin bərpasında üzv dövlətlərin imkanlarının gücləndirilməsi və mədəniyyətin qorunması məsələsinin humanitar fəaliyyətə, təhlükəsizlik strategiyalarına və sülhyaratma proseslərinə daxil edilməsinin təmin olunması. Bu, fərqli mədəniyyətlərə, dinlərə malik insanların bir-birinə daha da yaxınlaşdığı dünyada olduqca vacibdir. Biz bu məqsədə çox ağır nəticələri olan dini, mədəni və sosial dözümsüzlük mesajlarına, ədavət çağırışlarına qarşı çıxaraq nail oluruq. Biz bu məqsədə sosial, mədəni və iqtisadi inkişafın vasitəsi kimi götürülən davamlı inkişafa hədə kimi deyil, fürsət kimi qəbul edilən qaçqın və miqrantların yeni tarixçəsi ilə nail oluruq. Biz bu məqsədə dialoq, mədəniyyətlərarası biliklər və mədəni savad üçün yeni imkanlar açan möhkəm zəminlər yaradaraq nail oluruq. Bu, sülh mədəniyyətinin, mədəniyyətlər və dinlərarası dialoqun təşviqi üzrə gündəliyin icrası məqsədilə BMT adından UNESCO-nun həyata keçirdiyi 2013-2022-ci illər üçün mədəniyyətlərin yaxınlaşması üzrə beynəlxalq onillik sənədinin məqsədidir. Bu, həmçinin UNESCO-nun əsas tərəfdaşı olan Azərbaycan hökumətinin başlatdığı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ruhuna uyğundur. Gələn il keçiriləcək növbəti, dördüncü Forum akademik biliklərin ifadə edilməsi, xüsusən də yerlərdə konkret tədbirlərin müəyyən olunması üçün yeni imkanlar açacaq.
Cənab Prezident, hörmətli birinci xanım, xanımlar və cənablar, əziz dostlar.
Yekun olaraq, sərhədləri dəf edərək yeni yolların müəyyən edilməsində hökumətlər, vətəndaş cəmiyyəti və özəl sektor arasında yeni tərəfdaşlığın vacibliyini vurğulayıram. Bu, təhsil, elm, mədəniyyət və ünsiyyət vasitəsilə vəzifə borcumuzu nümayiş etdirir və beləliklə, sülh naminə uzunmüddətli planların tərtib edilməsinə, insan hüquqlarının və ləyaqətin, ədalət və çiçəklənmənin təmin olunmasına, eləcə də davamlı inkişaf məqsədlərində qeyd edildiyi kimi, planetimizin qorunması işinə sadiqliyimizi gücləndirir.
Qarşılıqlı anlaşmanın olmaması tarix boyu xalqlar arasında etimadsızlıq yaradıb və nəticədə baş verən ixtilaflar tez-tez müharibələrə gətirib çıxarıb. Savadsızlığa, etimadsızlığa qarşı mübarizə mütəmadi olaraq aparılmalıdır. Sülhsüz davamlı inkişaf, davamlı inkişaf olmadan isə sülh qeyri-mümkündür.
Diqqətinizə görə minnətdaram. Foruma uğurlar arzulayıram.
X X X
Bununla da V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimi başa çatdı.
Forum işini plenar iclasla və “dəyirmi masa”
rəhbərlərinin çıxışları ilə
davam etdirib.
Azərbaycan.-2016.- 30 sentyabr.- S.2-3.